Ovçu pişik
Hekayə
...Hadisədən sonrakı günlərdə də
müstəntiq İnqilab Hacıyev həmin həyətə
gedir, hadisə yerinə baş çəkirdi. Gördükləri,
müşahidə etdikləri hələlik onda dumanlı bir
təsəvvür yaratmışdı, qəti qərara gələ
bilmirdi. Prokuror isə onu tələsdirirdi. Cinayət işi
qaldırılmışdı. İstintaqı ləngitmək
olmazdı. Yekunlaşdırmalı, ittihamnamə yazmalı
idi.
Ancaq bu ölümə görə kimi təqsirləndirməli,
ittiham etməli idi? O, bir müstəntiq kimi hər şeydən
əvvəl onu əhatə edən mühitə açıq
gözlə nəzər saldı. Burada çox şey əvvəlki
kimi idi. Bircə ovçu pişiyin gəlişindən
başqa. Onu da sahibi bir neçə gün əvvəl
alıb gətirmişdi. Lakin bu məsələdə
çox şeyləri sirr kimi saxlayırdı. Əsasən də
pişiyi kimdən, neçəyə, hansı qiymətə
almasını... Bu səbəbdən də pişiklə əlaqədar
kənddə şayiələr baş alıb getməkdə
idi. Əslində pişik də adi pişik deyildi. Pələng,
ya vaşaq cinsindən olan bu pişik əsl ovçu idi. Bir
göz qırpımındaca ora-bura şığıyar,
oğrun-oğrun hərəkət edər, sonra da hansı
hündürlüyə hoppanmazdı?!. Səslər eşidilərdi:
- Əla tullanmağı var.
- Görürsən də...
- Sıçrayır ha...
- Turacı, göyərçini, başqa
quşları da beləcə tutur...
- Qırqovulu tutanda öz gözlərimlə
görmüşəm...
Ovçu pişiyin gəlişindən sonra Səmədin
ağzı dada gəlmişdi. Bolluca quş əti yeyirdilər.
Hətta arada qohum-qonşunun toyuq-cücəsini də
çırpışdırdığı olmuşdu. Ancaq
qızının vaxtsız ölümü hər şeyi
korladı.
Bu səbəbdən qanıqara idi.
Üz-gözünü saqqal basmışdı. Müstəntiqlə
rastlaşanda kefi yox idi. Heysiz halda əlini ona uzatdı:
- Salam...
- Sabahınız xeyir...
- Deyirlər ki, bu, turac da tutur?
- Hə...
- Bir yoxlayaq da...
Pişik isə başa düşübmüş kimi
onu qanlı-qanlı süzməkdə idi. Hətta arada
ağız-burnunu, sallaq bığlarını yalamağa
başladı:
- Təmizkar pişiyə oxşayır.
- Belə də...
- Bunu haradan tapmısan?
- Rayona gedəndə yolda gördüm... Evə gətirdim.
- Deyirsən ki, orada birisinin olub? Sonra azdırıb?
Sahibini tapsaydıq, çox yaxşı olardı.
- Bəlkə, elə yolla keçəndə
maşından tullanıb, ya da atıblar.
- Ovçulardan da qala bilər.
- Olar...
Bu an birdən pişik cəld irəli cumub, sonra
ehtiyatla irəli yeridi... Lap sürünə-sürünə...
Marıtlamışdı... Nəsə gözünə dəymişdi.
Pıçıldaşdılar:
- Yəqin sərçə görüb...
- Sığırçın da ola bilər...
Ancaq bu sıçrayış, ov heç bir nəticə
vermədi. Geri qayıdırdılar ki, yenə də eyni mənzərə,
eyni hərəkətlər...
Pıçıldaşdılar:
- Deyəsən, bildirçin görüb...
- Hə... Oxşayır...
Elə bu an pişik qırğı tək irəli
tullanaraq, havaya qalxmaq istəyən bildirçini bir həmlədəcə
yerə salıb tutdu...
Səsləndilər:
- Əhsən!..
- Əsl ovçudu!..
- Bunun bir beləsini mənə də tapsaydın, pis
olmazdı.
- Xoşuna gəlir, apar da...
- Lap pulunu verərəm...
- ...
- Nə qədər istəsəniz...
Dərdli ata dilləndi:
- Bilirəm... Onsuz da mənə inanmayacaqsınız.
Yəqin çoxları kimi siz də hesab edirsiniz ki, mən
onu haradansa almışam. Yox... İnanın... Dedim də...
- Yaxşı-yaxşı... İndi bu bildirçini
neyləyək?..
- Yaralıdır... Buraxaq getsin, sağalar...
Bildirçinə baxanda hər ikisinin əli onun
qanına batdı, quşu xeyli sığalladılar,
oxşadılar:
- Xoşbəxt quşdur...
- İndi yox...
- Əlbəttə ki...
- ...
- Müqəddəs kitabımızda onun adı
çəkilər. Özü də bir neçə yerdə...
- Hə... Mən də oxumuşam. Tərcüməsində.
- Elə mən də...
- Yaxşısını mollalar, axundlar bilər.
İzahı verilir də.
- O vaxtlar belə işlər olanda çox da əziyyət
çəkməyə, araşdırmağa ehtiyac
qalmırmış. Allah məhkəməsi varmış.
Şübhəli şəxsə and içdirirlərmiş,
o da həqiqəti deyirmiş.
Səməd heyrətləndi:
- Birdən əsl həqiqəti demədi? Hamı bir
deyil ki. İmansız olanlar da var.
- Onda bu, ən böyük günah hesab edilirmiş.
Belələrini ən ağır cəza gözləyirmiş.
Şaqqalamaq, odda yandırmaq, suya atmaq...
Ev sahibi gülümsədi:
- İndi siz də məndən şübhələnirsiniz,
hə?
- Şübhələnmək deyəndə ki, buna
az-çox özünüz şərait
yaratmısınız.
Həyətdə bir qədər əyləşib,
ikilikdə söhbət etdilər. Arada ata qızının
öldüyü yeri ona göstərdi. Bura ayaqyolu ilə evin
arası idi. Hər iki tərəfdə dəmir tor vardı. Toyuqların
keçməməsi üçün. Müstəntiq bir
anlığa düşündü: "Həmin gün hava
küləkli idi. Elektrik naqili toxuna, qısaqapanma ola bilər..."
Lakin ətrafı nə qədər gəzib dolansa da, buna
şərait yaradan elə bir mənzərə görmədi,
diqqətini cəlb etmədi.
Müstəntiq iydə ağacının kölgəsində
gəzindi. Onun çiçəklərindən dərib
qoxladı: "Deyirlər ki, bunun tərkibində efir
yağı var..." Şahid ifadəsində də bu barədə
deyilirdi. Qızın əlində həmin güldən
varmış. Başqa bir şahidin ifadəsi onun
üçün xüsusilə əhəmiyyətli idi:
"Mən həyətə çatanda qızı gətirdiklərini
gördüm..." Sual doğurdu: "Haradan gətirəndə
gördün?" Həmin adam tutulub qalmış, aydın
bir söz deyə bilməmişdi. Düşündü:
"Bəlkə, qız başqa bir yerdə
dünyasını dəyişib?"
Odur ki, soruşdu:
- Qızınız harada tələf olmuşdu?
- Elə burada...
- Vəfat etmişdi?
- Hə...
- Ölmüşdümü?!
- Mən lap haldan çıxarırsınız ey. Bu
mənasız suallar nəyə lazımdı?
- İstintaq araşdırmasında mənasız
suallar olmur. Hər məsələyə aydınlıq gətirilməlidir.
Bağda əyləşərkən də bu barədə
söhbətləri oldu. Hətta müstəntiq həmin
qonşuları, şahidləri
çağırtdırdı. Onları bir-bir dindirəcəkdi.
Özü isə öz-özündən soruşurdu: "Bəs
sənin... Sənin daxili inamın necədi?
Düşündüklərinə inanırsanmı?"
Onun üçün süfrə də
açdılar. Bu arada pişik müstəntiqdən əl
çəkmirdi. O da elə hey pişiyə diqqət göstərirdi.
Atdığı çörək, ət, kolbasa, pendir tikələrini
pişik elə həvəslə yeyirdi ki! Müstəntiq
gülümsədi:
- Pis pişik deyil... İştahadan da
yaxşıdı.
- Nə versən, yeyir... Daşdan yumşaq.
Müstəntiq lap ağ elədi:
- Bu koladan da ona verək. İçsə, deməli,
imkanlı adamların əhatəsində olub.
- Verək də...
Pişik nəinki kola, hətta fanta da içdi. Kefqom
pişik idi. Yeyib-içəndən sonra ağız-burnunu,
üz-gözünü elə yalayırdı ki, adam lap mat-məəttəl
qalırdı. Özü də elə qorxulu vücudu, vahiməli
baxışı vardı ki... Qəhvəyi-kül rəngində
idi, torpaqdan seçilmirdi. Sanki hərdən gözəgörünməz
olur, adamın diqqətini cəlb etmirdi.
Səmədin həyat yoldaşı Güldəstə
bayaqdan için-için ağlamaqda idi. Onun
ağlamağını eşitdiyi üçün müstəntiq
iştaha ilə çörək yeyə bilmədi. Birdən
qadının birdən yanıqlı səsini eşitdi:
- Qızımı öldürdülər... Mənim
onu heç kimə vermək fikrim yox idi... Bir də ki, nə
yaşı vardı axı... Hələ orta məktəbdə
oxuyurdu...
Müstəntiq soruşdu:
- Bu nə sözlərdi deyir?
- Anadı da... Elçiliyə gələnlər
vardı. Vermirdik.
Qonşuların gəlişi bu söhbətə son
qoydu. Müstəntiq onlarla əl verib görüşəndən
sonra dedi:
- Qonaq olun...
- Yox... Çox sağ olun...
- Onda su için...
- Hə... Su içərik...
Bir azdan süfrə
yığışdırıldı. Müstəntiq
şahidləri bir-bir dindirəsi oldu:
- Bax, vətəndaş, siz... - deyə müstəntiq
yaşlı kişinin ifadəsini onun üçün oxudu. -
Göstərmisiniz ki, qızı ayaqyoluna tərəf gedəndə
əlində gül görmüsünüz... Özü də
iydə çiçəyi... Qoxulaya-qoxulaya həyətdə
gəzinirmiş...
Kişi sözlərini danmaq yolunu tutdu:
- Mən elə sözlər deməmişəm...
Yazıblar da...
Müstəntiq ciddiləşdi:
- A kişi, daha bu qədər yox da...
- Demişəm, deməmiş olum...
- Bu hərəkət məsuliyyət yaradır, cəzalandırılır...
İkinci şahid, orta yaşlı qadın da şahid
ifadəsini danmağa çalışdı:
- Dedilər, biz də təsdiq elədik də.
Demişik, deməmiş olaq. Dünya dağılmayacaq ki. Niyə
heç nədən ortalığa qanqaraçılıq
düşsün? Od qonşusuyuq. Neçə ildi, bir
küçədə, məhəllədə
yaşayırıq.
Müstəntiq hirsindən güldü:
- Ay anam, bacım... Sizə nə deyən var ki? Bundan
da yaxın, mehriban olun. Söhbətin məğzini dəyişməyin
e! Olan şeylərdən danışın. Bu işdə siz
şahid qismində keçirsiniz. İfadənizdə
yazmısınızki...
Qadın o an dilləndi:
- Mən heç nə yazmamışam...
- Yaxşı, siz demisiniz, yazıblar... Axırı bu
sözləri demisiniz... Demisiniz ki, qızı ayaqyolu tərəfdən
gətirdiklərini gördünüz?
- Yox...
Müstəntiq dilxor halda başını tutaraq üçüncü şahidi
dindirəsi oldu. Cavan olsa da, onun qulağı ağır
eşidirdi. Hey soruşurdu:
- Nə deyirsiniz?!.
- Danış... Müstəntiqə verdiyin ifadəni
təkrar elə.
- Mən heç nə deməmişəm.
- Bəs bu yazılanlar?! Qol çəkmisən,
imzalamısan axı!..
- Xəbərim yoxdur...
- Belə deməklədi bəyəm? Qanun-qayda var
axı! Araşdırılacaq! Yalan deyirsənsə, cəzalandırılacaqsan!
İstintaqın gedişində müstəntiq dəyişmək
belədir də. Prokuror bu məsələdə ciddi səhvə
yol vermişdi. Müstəntiq Aydın Əliyev işin
çoxluğunu bəhanə gətirib bu işdən imtina
edəndə, buna yol verməyəydi gərək. İndi odur
ki, çətin vəziyyətdə qalan o idi. İş
düyün düşmüşdü. Şahidlərin beləcə
ifadələrindən imtina etməsi səbəbsiz deyildi. Bu
işə görə üç cavan oğlan
saxlanılmışdı. Üçü də vaxtında
Gülpəri, Könül üçün elçi göndərən
oğlanlar idi.
Şahidlər gedəndən sonra müstəntiq həyətdə
tək qaldı. Səməd həyat yoldaşı
özünü pis hiss etdiyi üçün onun yanına
qalxmışdı. Bir azdan Vəli mal-qaranı həyətə
gətirdi. Camışların iri buynuzlarına, inəklərin
yaraşığına, qoyunların quzularına baxmaq
müstəntiqə xoş gəldi. Vəlidən soruşdu:
- Səmədin oğlusan da?
- Hə...
- Neçənci sinifdə oxuyursan?
- Beşinci.
- Necə oxuyursan?
- Əla...
- Çox gözəl.
Bu müddətdə pişik ondan əl çəkmirdi.
Axşama qalmaqda məqsədi hadisə yerinin gecə mənzərəsini
seyr etmək, baxmaq istəyirdi. Hələlik hava alatoranlıq
idi.
- Ata, ay ata... - deyə oğlan evə tərəf gedəndən
sonra müstəntiq fürsət ikən ayaqyoluna keçmək
istədi. İstəmirdi ki, onun bura keçdiyini görən
olsun. Nəinki indi, elə uşaqlıqdan onda adətidi bu:
ayaqyoluna keçəndə utanıb-sıxılar,
başqalarının gözündən ayınmağa
çalışardı. İndi də tez-tələsik
içəri keçib qapını bağladı. Bu
ölüm işi ilə əlaqədar dərin
düşüncələrə dalmışdı ki, qapı
çöldən hiddətlə cırmaqlandı... Qəfləti
bu hərəkətdən diksinib soruşdu:
- Kimdir?!- ...
Sualı cavabsız qaldı, amma bir an sonra qapı yenə
cırmaqlandı. Tez-tələsik şalvarının
düyməsini bağlayıb ayaqyolundan çıxan kimihay
qaldırdı:
- Tapdım! Qatili tapdım!...
Səs-küyə gələn Səməd soruşdu:
- Nəyi tapdınız?
- Qızın... Könülün qatilin... Sizin gizlətməyinizlə
deyil ki... O, elə ayaqyolunda olanda, pişik buranı bax beləcə
cırmaqlayıb, qızın qorxudan üryi...
Bütün bu fikirlər məhkəmə-tibb
ekspertiziyasının rəyi ilə də üst-üstə
düşürdü. Ayaqyolunun üstündəki köhnə,
palçıqlı dırnaq izi yerləri də bunu təsdiq
edirdi. Müstəntiq dedi:
- Qonşulardan iki nəfər hal şahidi
çağırın...
Özü isə təhqiqatçını, sahə
müvəkkilini də çağırası oldu... Sonra nə
fikirləşdisə, prokuroru da... Prokuror gələndə
müstəntiq həmin yeri ona göstərərək dedi:
- Cənab prokuror, bir baxın... Bu, təzə, bunlar
isə köhnə izlərdi... Özü də o gün hava
yağışlı, yer palçıqlı olmuşdu
axı... Hamısı bilinir burada...
- Düzdür... Gəldiyin yekun nəticə nədir?..
- İstintaqın belə düyün düşməsinin
əsasən bir səbəbi var: qızın ayaqyolunda
dünyasını dəyişməsini bildirmək istəməyiblə.
- Bilinsəydi, dünya dağılacaqdı ki?!. Gizlətməkdə
düzgün etməyiblər də. Bu sözləri eşitcək
qızın anası da, atası da birağızdan
hönkürdü... Başqaları da onlara qoşuldular. Məsələ
aydınlaşmış, həqiqət bəlli olmuşdu:
günahkar ovçu pişik idi. Bunu hiss edibmiş kimi,
gözdən itmişdi.
Soruşurdular:
- İndi kim cəzalandırılacaq?
- Ovçu pişikmi?
- Bədbəxt hadisədi də...
Prokurorla müstəntiq də sonuncunun sözlərini
təsdiq etdilər. Kimsə səsləndi:
- Rədd eləyin onu, getsin. Ayağı düşərli
olmadı...
Əlisəfa AZAYEV
525-ci qəzet .- 2024.- 11 iyul,№120.-S.15.