Milli istiqlal mücadiləsi "Bakı rüzgarı"nda

İSMAYIL SARYALIN XATİRƏ-ROMANI HAQQINDA QEYDLƏR

 

 

(Əvvəli ötən sayımızda)

 

1931-ci ildə Pəri Həsənova o zaman xalq təsərrüfatı sahəsində yüksək vəzifələrə çata bilib, daha sonra Xalq Yüngül Sənaye komissarı (naziri) və SSRİ Ali Sovetinin deputatı seçilmiş İsgəndər Əliyevlə ailə qurub. Bundan sonra onun soyadı Əliyevaya dəyişdirilib. Onların Rəna, Arif və Fuad adlı üç uşağı anadan olub. 1930-cu illərdə Pəri xanım "Şərq qadını" jurnalının məsul katibi vəzifəsində işləmiş, ancaq bu illər çox sürməmişdi. Belə ki, 1937-ci ildə Az.SSR K(b)P katibi Mir Cəfər Bağırov SSRİ Ali Sovetinin deputatlarını ifşa edə biləcək materialların və imzasız (anonim) məktubların yığılmasına dair gizli sərəncam verdi. Bu sərəncamı yerinə yetirən şəxslər ona bildiriblər ki, İ.Əliyevin həyat yoldaşı bolseviklər tərəfindən 1927-ci ildə güllələnmiş Müsavat partiyası gizli fəaliyyət göstərən təşkilatının sədri D.Həsənovun bacısıdır. Beləliklə də, ərinin həbs olunmasına zəmin yaradılmış, D.Həsənovun ailəsi ilə qohumluğu İ.Əliyevin təqib olunmasının səbəblərindən biri olmuşdu. 1938-ci ildə əri əksinqilabi fəaliyyətdə təqsirli bilinib həbs ediləndən sonra Pəri xanımın yenə ağır həyatı başlamış, evi və əmlakı müsadirə edilmişdi. Bu zaman o "xalq düşmənlərinin" həm bacısı, həm də həyat yoldaşı kimi damğalanmış, ona görə də redaksiyadakı işini tərk etməli olmuşdu. Ancaq "Şərq qadını" redaksiyasında işləyən zaman onun tanınmış ziyalılarla tanışlığı olduğundan onlar ona bu çətin illərdə kömək edib, Bakının Teatr muzeyinə işə düzəldə bilmişlər. Orada o, hətta bir müddət müdir vəzifəsini də icra etmişdi. Ancaq 1942-ci ildə təqiblərdən qorunmaq üçün Pəri xanım üç azyaşlı uşağı ilə Bakıdan Bərdəyə köçmüş, 1953-cü ilə qədər orada yaşayıb orta məktəb müəlliməsi olmuş, yalnız M.C.Bağırovun vəzifədən çıxarılmasından sonra Bakıya qayıda bilmişdi. Bakıya qayıtdıqda isə, oğlu Fuad gənc yaşında ikən vəfat etmişdi. Pəri xanım yalnız 1956-cı ildə, 18 il sürgün həyatı yaşamış və sonra bəraət olunmuş əri İ.Əliyevlə qovuşa bilib. Aydın Əlizadənin tədqiqatının əsas əhəmiyyəti ondadır ki, bu arasdırmalar bir tərəfdən bəzi gizli və qaranlıq məsələlər haqqında geniş məlumat verir, digər tərəfdən isə bu qəbildən olan yazılar, müəllifin təbirincə desək, D.Həsənovun həyat yolu, fəaliyyəti və vətən uğrunda ölümü Azərbaycan gəncliyi üçün vətənə sevgi hisslərinin aşılanması və milli ruhda tərbiyə edilməsi üçün bir örnək kimi istifadə edilə bilər (yenə orada). İstiqlal şəhidi D.Həsənzadənin mücadilə yolundan bir qədər geniş bəhs etməyimiz təsadüfi deyil. "Bakı rüzgarı"nın əsas surətlərindən olan D.Həsənzadə, həm müəllifin məhəbbətlə bəhs etdiyi qəhrəmanlarındandır, həm də müstəqil Azərbaycanın yetişməkdə olan gənc nəslin istiqlal məfkurəsi, Vətən sevgisi ruhunda tərbiyəsi üçün parlaq örnəkdir!

"Bakı rüzigarı"nın dəyəri həm də ondadır ki, müəllif burada istiqlal duyğusunun, istiqlal fikrinin cəmiyyətin bütün təbəqələrinin ruhuna hakim olduğunu, bu ideyanın hər kəsə sirayət etdiyini məharətlə göstərə bilib. Azərbaycanın sərhədlərini müəyyənləşdirmək məsələsi həlli ortaya çıxan zaman "ölkənin hər tərəfindən yurdunu yaxşı tanıyan ağsaqqallar Gəncəyə çağırıldılar. Rəngli qələmlərlə azəri xalqının yaşadığı yerlər nöqtə-nöqtə işarələndi. Azərbaycanın əsl xəritəsi yaran-dı".

Əsərin bədii-estetik və ideya-məzmununa uyğun təhkiyə tərzinin təbiiliyi, səmimi və inandırıcı olması ilk sətirlərdən diqqəti çəkir. Oğuzun istiqlal məfkurəsinə yiyələnməsi və istiqlalçı kimi yetişməsi prosesi üç mərhələdə - aydın, ardıcıl və rabitəli təsvir olunur:

Gəncədə və Lənkəran kişi gimnaziyasında ilk təhsil aldığı illər;

ali məktəb dövrü: Kiyev həyatı, mühiti;

Avropada - Berlində təhsil illəri;

Vətənə qayıdışı, Bakı həyatı.

 

Məktəbli Oğuzun öz Vətəni haqqında məlumatlı olmadığını qeyd edən müəllif yazır: "Yalnız şəhərin (Gəncə nəzərdə tutulur - T.A.) mərkəzindəki qala divarlarının qalıqlarından, bəzi evlərdəki əntiq əşyalardan və divarlardan asılmış, qədim xanlara məxsus rəsmlərdən Vətənin yaxın zamanlara qədər öz hakimləri tərəfindən idarə edildiyini, qanlı döyüşlərdən sonra məcburən rusların idarəsi altına keçdiyini öyrənə bilmişdi. Vəssalam..."

İsmayıl Saryal bunları yazmaqla, həm də qəhrəmanını yetişdirən mühitə, istiqlal mücadiləsinə aparan yolunun başlanğıcına işarə edir. Gəncə mühiti Oğuzda milli duyğuların yaranması üçün bir qığılcım olur. Qədim və gözəl Gəncədə dünyaya göz açan Oğuz məktəbdə rus, alman, fransız, latın dillərini öyrənməyə çalışsa da, fars və ərəb dillərində xüsusi təhsil almışdı. Doğma türk dilini mükəmməl bilir, rus dilində əməlli-başlı danışırdı. O, gimnaziyada təhsil aldığı illərdə Gəncə "türklüyün mərkəzinə çevrilmiş, ziyalıların və qabaqcıl fikirli adamların əksəriyyəti burada toplaşmışdı. Aralarında rus idarə üsulunu bəyənməyənlər, milləti azadlığa çıxarmaq istəyənlər vardı. Onlar ruslaşdırma siyasətinə son qoyulmasını, təhsilin türk dilində aparılmasını, türk tarixinin tədris edilməsini və milli heysiyyata toxunulmamasını tələb edirdilər". Taleyində dərin iz buraxan Gəncə mühitindən ayrılmaq çətin olsa da, gimnaziyanın son siniflərini qohumlarının yaşadığı Lənkəranda oxuyan Oğuz burada da rus üsul idarəsinin fəsadları ilə rastlaşır. O, millətçi gənclərlə birlikdə çar rejiminə qarşı gizli təşkilatın yaranmasında yaxından iştirak edir və onu təşkilatın rəhbəri seçirlər. Oğuz 1917-ci ildə Bakıda keçirilən Qafqaz müsəlman şagirdlərinin I qurultayına nümayəndə seçilir.

Oğuz erməni-müsəlman qarşıdurması zamanı rus kazaklarının ermənilər tərəfdən vuruşduğunu, erməni qəddarlığını görür. Qohumu Həmid bəy Yusifbəylinin (Nəsib bəy Yusifbəylinin qardaşı - T.A.) çox çətinliklə mətbəə açdığının, öz hesabına kitab və dərgilər nəşr edərək payladığının, məktəb və maarif uğrunda həyatını riskə ataraq, çar məmurları ilə mübarizə apardığının şahidi olur. Bütün bunlar onu böyüdükcə istiqlal şəhəri Gəncədə baş verən ictimai-siyasi hadisələrlə daha yaxından maraqlanmağa meylləndirir, xalqın maariflənməsində fəallıq göstərən qabaqcıl ziyalılara kömək göstərməyə başlayır.

Gimnaziyanı uğurla bitirən Oğuz Kiyev Politexnik İnstitutuna qəbul olunur, bu ara atası ağır xəstəliyə tutulur. Oğuz səfəri təxirə salmaq istəsə də, atasının israrlı tələbindən sonra Kiyevə yola düşür. Kiyevin siyasi və mədəni həyatı Oğuzun dünyagörüşünün formalaşmasında, gələcək taleyində, millətçi kimi formalasmasında, istiqlalçı kimi yetişməsində mühüm mərhələdir. 1905-ci il Rus-Yapon, daha sonra, Birinci Dünya müharibələrində ağır məğlubiyyətlər, II Nikolayın taxtdan salınması, Peterbuqda baş qaldıran xalq hərəkatı, iğtişaşlar əyalətlərə də təsir etmiş, imperiyanı əməlli-başlı silkələmişdi. Öz Vətəninin gələcək taleyi haqqında düşünən Ukraynadakı azərbaycanlı tələbələr də gizli təşkilatlar yaratmış, Pererburq, Xarkov, Moskvada təhsil alan tələbələrlə sıx əlaqə qurmuşlar. Oğuz tələbə yığıncaqlarında, gizli təşkilatların tədbirlərində yaxından istirak edir, "milli, müstəqil, yad fikirlərdən uzaq Azərbaycan" tərəfdarı olduğunu bil-dirirdi. O, tələbələrin diskussiyalarında, siyasi söhbətlərdə, mitinqlərdə iştirak edir, fikir və düşüncələrini bölüşür, müxtəlif partiya və cərəyanların proqram və platformaları ilə maraqlanırdı: "Kiyevdə olan əlliyə yaxın azəri ali məktəb tələbəsi də özlərinə məxsus təşkilat yaratmışdılar. Təşkilatın yığıncaqları növbəylə hər dəfə bir üzvün mənzilində keçirilir və Oğuz həmin yığıncaqları ötürmürdü". Universitetin fizika-riyaziyyat fakültəsini bitirdikdən bir müddət sonra Kiyevdə qalan Mustafa Quliyev (söhbət görkəmli partiya və sovet xadimi, Azərbaycan ədəbiyyatşünası, tənqidçisi və publisisti, Azərbaycan SSR Xalq Maarif Komissarı (1922-1928) Mustafa Quliyevdən gedir. O, cəza tədbirləri dövründə - 2 avqust 1937-ci il tarixdə həbs edilmiş, SSRİ Ali Hərbi Məhkəmə Kollegiyasının 2 iyul 1938-ci il tarixdə keçirilmiş iclasında ən ağır cəzaya - güllələnməyə məhkum olunmuş, hökm həmin gün yerinə yetirilmisdi - T.A.) bolşevik ideyalarını tələbələr arasında yayır, Kommunist Partiyasınına üzv olmağı tövsiyə edirdi. Yığıncaqlarda və ictimai həyatda yoxsulları müdafiə edən Oğuz da onun diqqətini çəkmiş və onda solçuluq meyllərinin olduğunu zənn etmişdi. Odur ki, bir dəfə M.Quliyev Oğuza da Kommunist Partiyasının əsas prinsiplərini izah etməyə başlayır və niyyətini də gizlətmir: "İstəyirəm ki, bolşeviklər partiyasına yazılasınız. Dərhal partiyaya üzv olduğunuz təqdirdə gizli fəaliyyətdə itirak etmiş sayılacaqsınız və bolşeviklər hakimiyyətə gələndə böyük vəzifə alacaqsınız. Oğuzun cavabı ağıllı, məntiqli və kəskin olur: "Mən bugünkü cəmiyyətin, insanları siniflərə ayırmağın əleyhinəyəm, amma mənə üzv olmağımı təklif etdiyiniz partiya bu fikirdə deyil. Onlar daha da irəli gedib xalqı açıq şəkildə bir-birinə düsmən siniflərə ayırmaq niyyətindədirlər. Elə deyilmi? Siz bu fikri qəbul eləyirsinizmi? Sizinlə mübahisə etmək niyyətim yoxdur. Kommunizmin əsas prinsiplərini izah edirsiniz, bu, mənlik deyil. Mən ancaq öz millətim haqqında düşünürəm". Oğuz bu fikirləri ilə millətçi tələbə təsiri bağışlayır. O, əməli ilə də düşüncə və əqidəsini təsdiqləyir: Cümhuriyyətin elan olunması ərəfəsində gizli tələbə təşkilatı vasitəsi ilə Azərbaycana silah göndərilməsində fəallıq göstərir.

Tətildə Gəncəyə gələn Oğuz şəhərdəki milli çoşqudan fərəhlənir, tətil günlərində Milli Komitədə təmənnasız çalışır, poçt xidmətində məvacibsiz işləyir. Tətil bitdikdən sonra ali təhsilini də davam etdirmək üçün yenidən Kiyevə dönür. O, Kiyevdə tələbələrə Milli hökumətin qurulduğunu, lakin Bakının erməni-bolşevik birləşmələrindən hələ təmizlənmədiyini söyləyir. Rusiyadakı vətəndaş müharibəsi Ukraynanı da ağuşuna almış, burada da həyat dözülməz dərəcədə ağırlaşmışdı. Şəhərdə bolşeviklərin yaratdığı ab-havadan, gərginlikdən məyus olan, sarsılan Oğuz çıxış yolları axtarmağa başlayır. Tələbələrin, o cümlədən, onun da həyatı üçün hər an təhlükə yarana bilərdi. Bu zaman Bakıdan gələn bir xəbər - Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin Avropaya tələbə göndərmək qərarı Oğuzu ümidləndirir və dərhal həmin tələbələrin cərgəsinə qoşulmaq arzusu ilə Vətənə qayıtmaq fikrinə gəlir.

 

(Ardı var)

 

Abid TAHİRLİ

525-ci qəzet .- 2024.- 11 iyul,№120.-S.14.