Azərbaycan Cümhuriyyətinin Tehrandakı səfirliyi

İRAN-AZƏRBAYCAN MÜNASİBƏTLƏRİNİN GÖRÜNMƏYƏN TƏRƏFLƏRİ VƏ AZƏRBAYCAN DİPLOMATİYASININ ŞƏRƏF MƏSƏLƏSİ

 

(Əvvəli 9 iyul sayımızda)

 

Moskva Universiteti hüquq fakültəsinin məzunu, geniş dünyagörüşlü, müasir düşüncəli ziyalı, cəmiyyətin ictimai-siyasi həyatında fəal iştirakı ilə seçilən Adil xan, Cümhuriyyət yarandığı ilk günlərdən onun xarici siyasətinin formalaşmasında mühüm rol oynamış, qonşu ölkələrlə, bölgədə olan xarici missiyalarla münasibətlərin Azərbaycanın maraqları baxımından qurulmasına ən ciddi şəkildə nəzarət etmişdi. Peşəkar hüquqşünas, Şərq və Qərb mədəniyyətinə və tarixinə dərindən varid intellektual, kübar bir nəslin varisi olmaqla Adil xan eyni zamanda diplomat üçün çox vacib xüsusiyyətlərə - təmkinli və nəzakətli davranış, ünsiyyət qurmaq, daha böyük məqsədlər yolunda kiçik güzəştlərə getmək və digər keyfiyyətlərə də malik idi. Azərbaycanın beynəlxalq aləmdə tanınması yolunda əsas əngəllərdən biri kimi öz ölkəsi haqqında ən elementar məlumatın olmadığını anlayan Adil xan qısa zaman ərzində "Azərbaycan: tarixi, ədəbiyyatı və siyasəti" adlı kitabça yazaraq onu fransız və Azərbaycan dillərində bir neçə min nüsxə çap etdirmiş və bu əsər xaricdə geniş yayılmışdı.

Azərbaycan peşəkar diplomatiyasının hələ yenicə yarandığı bir zamanda onun əsas istiqamətlərini müəyyən etmək, azərbaycanlılar qarşısında gözlənilmədən açılmış geniş imkanlardan mümkün qədər faydalanaraq dünyanın qabaqcıl dövlətləri sırasına çıxmaq, Azərbaycan üçün mühüm sayılan ölkələrdə səfirliklər yaratmaq kimi möhtəşəm bir vəzifə bu işlərin öhdəsindən gələ biləcək kadrların olmasını tələb edirdi.

Adil xan Ziyadxan - Azərbaycanın tanınmış ictimai, siyasi və dövlət xadimi, diplomat. Azərbaycan xarici işlər nazirinin müavini, Azərbaycan Cümhuriyyətinin İranda səfiri

Adil xan Ziyadxan kimi təcrübəli bir xadimin, nazir müavini kimi yüksək məmurun İrandakı nümayəndəliyin rəhbəri təyin edilməsi isə artıq özlüyündə Azərbaycan hökumətinin bu ölkə ilə münasibətlərin tənzimlənməsinə nə qədər önəm verdiyini göstərirdi. Təsadüfi deyil ki, yeni təyinat alsa da, hələ nazir müavini vəzifəsini daşıyan Adil xan Ziyadxan məhz bu statusda 1919-cu il avqustun 16-da Ənzəlidən gəmi ilə Bakıya gələn İran şahını Azərbaycan Cümhuriyyəti adından salamlayır.

Sultan Əhməd şah Qacar (21 yanvar 1898, Təbriz-21 fevral 1930, Nöyi-sür-Sen) - Qacarlar nəslindən olan sonuncu İran şahı (1909-1925)

Azərbaycan və Gürcüstan sərhədlərindən keçərək Avropa səyahətinə çıxan 21 yaşlı Əhməd şah Azərbaycan hökumətinin hazırladığı xüsusi qatarla Batuma yola düşəndə onu müşayiət edən Adil xan Ziyadxana "iki dəfə Bakıda, bir dəfə Batumda" Azərbaycanda isti və səmimi qarşılandığına görə onun rəhbərliyinə "dost və qardaş İran xalqı adından təşəkkür edir".

Batumdakı vida mərasimində, ingilis gəmisinə minməzdən əvvəl də İran şahı Azərbaycanda gördüyü qonaqpərvərliyin qəlbində dərin iz buraxdığını vurğulayır və Adil xandan onun minnətdarlığını Baş nazirə, Azərbaycan hökumətinə və xalqına çatdırmaq xahişini bildirir.

İran şahı Sultan Əhməd şah Qacar Avropaya səyahət edərkən 1919-cu ildə yolüstü Bakıya gəlmiş, burada Azərbaycan Cümhuriyyəti rəhbərləri tərəfindən qonaqpərvərliklə qarşılanmışdı

İran şahı ilə bu görüşün az sonra Adil xanın missiyası İrana gələrkən böyük təmtəraqla qarşılanmasına böyük təsiri olacaq. Lakin Adil xanın İranın ali rəhbərliyi ilə ilk ünsiyyətinin əhəmiyyəti bununla bitmir. Batuma gedərkən qatarda yol boyu İranın xarici işlər naziri Firuz Mirzə Nüsrət-əd Dövlə ilə "iki qohum xalqın qardaşlığı və yaxınlığı mənafeyi nəzərindən siyasi xarakterli uzun və davamlı söhbət" aparıldığı məlum olur. Bu söhbətin gedişində İran naziri Azərbaycanla arzu olunan münasibətlərin qurulmasına maneçilik törədən bir sıra mühüm məqamları maddə-maddə sadalayır və Adil xandan bu məsələlərə diqqət yetirilməsi xahişini Baş nazirə çatdırmağı təvəqqe edir.

Firuz Mirzə Nüsrət-əd Dövlə III. - İranın xarici işlər naziri, (avqust, 1919-mart, 1920) Paris Sülh konfransında İran nümayəndə heyətinin başçısı

Azərbaycanın xarici işlər naziri Məmməd Yusif Cəfərova bu səfəri ilə bağlı yazdığı məruzə-hesabatında Adil xan Ziyadxan Firuz Mirzənin qaldırdığı bütün məsələlərə dair öz nəzərlərini İran nazirinə ətraflı şərh etdiyini bildirsə də, "bununla belə, Azərbaycan Cümhuriyyətinin maraqları və qonşu İranla qardaşlıq bağlarının möhkəmlənməsi naminə bizim hökumətin qaldırılan bu məsələlərə lazımi diqqət yetirməsini" öz tərəfindən zəruri hesab etdiyini vurğulayır.

Adil xanın M.Y.Cəfərova yazdığı bu məruzəsinin sonuna Firuz Mirzənin xahişini çatdırmaqla kifayətlənməyərək öz qeydlərini də əlavə etməsi əslində onun İran tərəfinin sadaladığı məsələlərin - Azərbaycanda İran təbəələrinin hərbi mükəlləfiyyətə cəlb edilməsindən tutmuş digər sahələrdə hüquqlarının pozulmasına, iranlı tacirlərlə haqq-hesablarda yol verilən küllü miqdarda kobud pozuntulara, iki ölkə arasında poçt-teleqraf, tranzit, ticarət və digər iqtisadi məsələlərdən başlamış, Azərbaycan mətbuatında İran haqqında arası kəsilməyən təhqiramiz xarakterli yazılara qədər - bir çox hallarda həqiqətən yer aldığı və iki dövlət arasında münasibətlərin tənzimlənməsinə xələl gətirdiyi ilə razılaşdığını göstərirdi. Bu zaman Adil xan, təbii ki, Firuz Mirzənin İranın xarici işlər naziri olmaqla yanaşı, həm də Paris Sülh Konfransında İran heyətinin başçısı vəzifəsini daşıdığını, bu yerli xarakterli məsələlər həll olunmazsa, beynəlxalq münasibətlərdə yaranacaq müşkülləri də nəzərə alırdı.

Digər tərəfdən, Adil xanın böyük qardaşı İsmayıl xan Ziyadxanovun 1919-cu ilin yazında Tehran missiyası zamanı əldə edilən 14 maddədən ibarət razılaşmalar - əsasən ticarət, poçt-teleqraf, gömrük, su, dəmir yolu, şose rabitəsi üzrə - sonradan öz davamını tapmamışdı və bu məsələdə İran tərəfi Azərbaycan hökumətini günahlandırırdı. Əslində İran tərəfinin əsəbi tonlarda göstərdiyi əsas səbəb iki dövlət arasında hətta gündəlik, zəruri iqtisadi münasibətlərin tənzim edilməsi işində mühüm və anlaşıqlı sayılmalı idi: "Azərbaycan hökumət rəhbərləri onun (İsmayıl xan nəzərdə tutulur - S.R.T.) bağladığı müqavilənin icrasını məqbul hesab etməyərək Badkubə konsuluna təkrar-təkrar bildiriblər ki, İran dövləti bizi rəsmi olaraq tanımadığına və bütün işlərdə bizimlə rəsmi müqavilə bağlamadığına görə heç bir işdə razılıq və uzlaşmadan söhbət gedə bilməz".

Hər iki ölkə üçün mühüm və həlli zəruri olan bu məsələdə İran tərəfi ilk addımı atır, Qafqaz Fövqəladə Komissiyasını Bakıya göndərir və həmin missiya ilə işləmək səbəbindən Adil xan Ziyadxan öz İran səfərini bir qədər yubatmalı olur. Qarşısına "Azərbaycanın müstəqilliyini müvəqqəti tanımaq" və iki dövlət arasında yaxınlaşmanın ümumi təməl prinsiplərini müəyyənləşdirmək məqsədi qoyulmuş İran missiyasının uğurlu olması hər iki tərəf üçün böyük əhəmiyyət daşıyırdı. Bu məqsədlə Azərbaycan hökumətinin, Azərbaycanın və İranın diplomatik nümayəndəliklərinin birgə toplantısı - İran-Azərbaycan konfransı - bir aya yaxın müddətdə (5-30 dekabr, 1919) davam edir və nəticədə Azərbaycan və İran arasında iqtisadi və siyasi qarşılıqlı əlaqələrinin əsas istiqamətləri işlənib hazırlanır.

Konfransın gəldiyi ümumi qərarlar, hansı sahələri və hansı məsələləri əhatə etdiyi üzərində dayanmadan onunla kifayətlənək ki, nəzərdə tutulan bəzi layihələrin sonrakı mərhələsi qismən Azərbaycan missiyasının Tehrandakı fəaliyyətinin nəticələri ilə əlaqələndirilirdi.

Azərbaycan-İran diplomatik münasibətləri və Azərbaycan-İran konfransının gedişi haqda AXC XİN tərəfindən Parisə, Azərbaycan nümayəndə heyətinin başçısı Əli Mərdan bəy Topçubaşova göndərilən məlumat xarakterli bir sənəddən aydın olur ki, Adil xan Ziyadxanın missiyası hələ İranda fəaliyyətə başlamazdan əvvəl iki dövlət arasında nəzərdə tutulan bir sıra layihələr üçün artıq məsuliyyət daşıyırdı. Bu layihələrin hazırlanmasında birbaşa iştirak edən Adil xan Ziyadxan yəqin ki, onların reallaşacağına inanırdı, özünün də bu sahədə bütün imkanlarını sərf edəcəyinə əmin idi. Əlbəttə, əgər zaman və dəyişkən siyasi şərait buna imkan verəcəkdisə...

Lakin 1920-ci ilin 4 yanvarında gündüz saat 4-də Bakının "Qafqaz və Merkuri" cəmiyyətinə məxsus limandan "Tamara" gəmisində Ənzəliyə yola düşən Adil xan Ziyadxan və səfirliyin əməkdaşları böyük ruh yüksəkliyi ilə qarşıdakı yeni həyata və missiyanın üzərinə düşən vəzifələrin uğurlu icrasına köklənmişdilər. "Adil xan Ziyadxanın Tehran missiyası"nı yola salmağa gəlmiş İran Fövqəladə Komissiyası Nümayəndə heyətinin başçısı Səid Ziyaəddin Ağa Təbatəbai, İranın Qafqazdakı Baş konsulu, Bakıdakı konsulu və digər iranlı diplomatlar da Adil xan Ziyadxanı və onun müavini Əkbər ağa Sadıqovu gəminin salonunda ziyarət edərək, "İran və Qafqaz Azərbaycanı xalqları arasında qardaşlıq bağlarının möhkəmlənməsi naminə çox isti ifadələrdə öz xoş arzularını" bildirirlər. Azərbaycan missiyasının başçısı Adil xan Ziyadxan öz tərəfindən missiyaya göstərilən bu diqqət üçün iranlı nümayəndələrə təşəkkür edərək "iki qonşu dost xalqların birliyi kimi müqəddəs işə öz töhfəsini verə bilərsə özünü çox xoşbəxt hesab edəcəyini" vurğulayır. Bakıdakı İran konsulunun müavini Həbibulla Xan hörmət əlaməti olaraq missiyanı Ənzəliyə qədər müşayiət edir.

Fətəli xan Xoyski – Azərbaycan Cümhuriyyətinin xarici işlər naziri (24 dekabr 1919-1 aprel 1920)

1920-ci il yanvarın 5-də Adil xanın Tehran missiyası İranın Ənzəli limanına yetişir və burada vali başda olmaqla "vilayətin hakimiyyəti, yerli əhalinin fəxri nümayəndələri və azərbaycanlı vətəndaşlar tərəfindən böyük ehtiram, sevinc və səmimiyyətlə qarşılanır". Ertəsi gün Ənzəlidən Rəştə yola düşən missiyanı "hələ şəhərin kənarında yerli hakimiyyətin, əhalinin nümayəndələri və azərbaycanlılar" gözləyir. Salamlama və təşəkkür nitqlərindən sonra Azərbaycan nümayəndəliyi atlı jandarmeriya və ordu dəstələrinin müşayiəti ilə təntənəli surətdə Rəşt şəhərinə daxil olur. Adil xanın Tehran missiyasının İran ərazisində qarşılanması mərasimlərini təsvir edən "Azərbaycan" qəzeti ayrıca vurğulayır ki, "İranda yaşayan azərbaycanlı əhali xüsusilə böyük sevinc və yüksək əhval-ruhiyyədə idilər, belə ki, onlar Missiyanın başçısının simasında özlərinin Azərbaycan Respublikasından İrana gələn ilk qanuni nümayəndəsini görürdülər".

"Azərbaycan" qəzetinin Adil xan Ziyadxanın İranda yaşayan azərbaycanlıların "ilk qanuni nümayəndəsi" kimi təqdimatı arxasında İranda yaşayan keçmiş rus təbəələri olan azərbaycanlılar nəzərdə tutulurdu və az sonra Adil xan səfir qismində bu əhali qrupunun İranda "azərbaycanlı icması" kimi formalaşması üçün bir sıra ciddi səylər edəcəkdi.

"Azərbaycan" qəzetində dərc olunmuş başqa bir yazıdan məlum olur ki, Adil xanın missiyasının Tehrana yetişməsi Azərbaycan Cümhuriyyətinin müstəqilliyinin tanınması xəbərinin alınması ilə üst-üstə düşüb və bu səbəbdən missiya üzvləri üçün ikiqat əhəmiyyət daşıyıb. Həmin xəbər İranın siyasi dairələri və mətbuatında da xoş təəssürat doğurub: "Bu hadisə yalnız bütün müsəlman dünyası üçün deyil, İranın özü üçün də çox mühüm siyasi əhəmiyyət kəsb edirdi, belə ki, İranla onun uzun illər inkişafına mane olan Rusiya arasında bütöv bir müsəlman bufer-dövlət yaranırdı".

Rəştdə olarkən Adil xan Azərbaycanın Xarici İşlər Nazirliyinə müraciət edərək onun Azərbaycanı tanıtmaq üçün yazdığı və artıq xaricdə yayılmış "Azərbaycan: tarixi, ədəbiyyatı və siyasəti" kitabçasının İran üçün çap edilmiş 3 min nüsxədən yalnız bir hissəsini bu ölkədə pulsuz paylanması məqsədilə özü ilə götürdüyünü bildirir, qalan nüsxələrin də ona çatdırılmasını, eləcə də həmin kitabın fransız dilində ən azı 200 nüsxəsinin Azərbaycanın Konstantinopoldakı (İstanbul) nümayəndəliyinə göndərilməsini vacib sayır. Bu kitabdan ayrı-ayrı hissələrin fransız mətbuatında dərc olunduğunu vurğulayan Adil xan fransız dilini bilməyənlərin Azərbaycanda vəziyyət ilə yalnız türkcə yazılmış kitablar vasitəsilə tanış olmaq imkanlarına diqqət çəkir.

Hələ 1919-cu ilin sentyabrında, Missiyanın İrana səfəri ərəfəsində nazirliyə başqa bir məktubunda Adil xan səfirliyi İranın və Qafqazın xəritələri, eləcə də Azərbaycanın iqtisadi həyatı və əhalisi haqqında statistik məlumatlarla təmin etmək xahişi etmişdi. Görünür ki, onun bu xahişinə əməl olunmamışdı, belə ki, 1920-ci ilin əvvəllərində, artıq İrana yetişəndə Rəşt şəhərindən göndərdiyi məktubda Adil Xan bir daha xəritə söhbətinə qayıdır, nazirlikdəki üç nəfər kartoqrafın adlarını çəkir, onlara fransız dilində, yer adları, statistika göstəriciləri və digər işarələr və yazılar dəqiq göstərilməklə 3 ədəd Azərbaycan Cümhuriyyətinin xəritəsini hazırlatmaq xahişini bildirir. Xəritələrin yüksək keyfiyyətli kağızda, bədii cəhətdən incə zövqlə və çox səliqəli hazırlanmasını tələb edən Adil xan onun "çərçivəyə salınaraq İranda Azərbaycan diplomatik missiyasının başçısının kabinetinin ən gözəl yaraşığı kimi görmək" istəyini vurğulayır, bu xəritələrin Azərbaycanın təqdimatı işinə əsil töhfə olması üçün nazirliyin İnformasiya şöbəsindən kartoqrafları ən son və dəqiq məlumatlarla təchiz etməyi tapşırır.

Beləliklə, çox ciddi hazırlıqlarla Tehrana gələn səfir Adil xan Ziyadxan və onun müavini Əkbər ağa Sadıqovun İranın yüksək rəsmi dairələri - Baş nazir Vüsuq-üd Dövlə, vəliəhd, digər hökumət üzvləri, eləcə də ölkədəki bütün xarici nümayəndəliklərin - İngiltərə, Amerika, Fransa, Türkiyə, Ermənistan və digərlərin (cəmi 11 xarici nümayəndəlik) - başçıları ilə qarşılıqlı görüşləri başlayır. "Rusiya nümayəndəliyi ilə münasibətlər,.. əvvəlcədən çox korrekt xarakter daşıyır".

Etimadnaməsini təqdim etdiyi rəsmi qəbul zamanı İran şahı tərəfindən xüsusi iltifat göstərilən görüşdə Əhməd şah Azərbaycan Cümhuriyyətinin Təbriz, Məşhəd, Rəşt, Əhər və Xoy şəhərlərində rəsmi nümayəndəliklərinin (baş konsulluq, konsulluq, vitse-konsulluq, konsul agentlikləri) yaradılması fikrini razılıqla qarşılayır. Az sonra Azərbaycan hökuməti bu məsələ ilə bağlı müvafiq sənədlər qəbul edir, göstərilən nümayəndəliklərə diplomatlar təyin olunur.

İran dövlətinin Azərbaycan Cümhuriyyəti ilə iqtisadi əlaqələrinin qurulmasında uzağagedən maraqları var idi və bunu azərbaycanlı diplomatlar çox yaxşı anlayırdılar. İrandakı ingilis kampaniyaları Hind okeanını Xəzər dənizi ilə birləşdirəcək bir sıra transiran dəmir yolları çəkməyə cəhd edirdilər, belə ki, regionun Avropa ilə əlaqələri böyük çətinliklərlə üzləşirdi. Bu baxımdan Azərbaycanla münasibətlərin qurulması böyük əhəmiyyət kəsb edirdi. Xəzər hövzəsi ilə Hindistan arasında dəmir yolu xətlərinin çəkilməsi Azərbaycan üçün Şərqə geniş imkanlar açır, İran üçün isə Avropaya ən yaxın çıxış olurdu. Bakıdakı İran missiyasının Azərbaycanla tranzit və əmtəə dövriyyəsinə dair danışıqları yalnız Azərbaycan və İran deyil, bütün Orta Asiya məntəqəsi üçün də əhəmiyyət daşıyırdı. "Bu zaman İrana özünün ölçüyəgəlməz təbii istehsal güclərini inkişaf etdirmək, Azərbaycana isə yalnız siyasi və iqtisadi deyil, mənəvi baxımdan da yaxın olan bir ölkə ilə yaxınlaşmaq imkanı yaranardı". Beləliklə, İran-Azərbaycan münasibətlərinin perspektivləri hər iki ölkə üçün çox əlverişli şəkildə görünürdü.

Lakin qonşu ölkə ilə siyasi-iqtisadi və mədəni əlaqələrin üstünlükləri fonunda İran cəmiyyətindəki vəziyyət də Azərbaycan diplomatiyası tərəfindən kifayət qədər real təsəvvür edilirdi.

1920-ci il aprelin əvvəllərində Azərbaycanın xarici işlər naziri Fətəli xan Xoyskiyə göndərdiyi məruzədə Adil xan Ziyadxan İranın gerçəkliyini belə səciyyələndirirdi: "İran çürüyür, kütləvi rüşvətxorluq və vəzifəli şəxslərin təyinatı zamanı həyasızlıq həddində açıq alver; nəticədə xalqın insafsızcasına soyulması; məhkəmə və ədalət yoxdur; keçmiş əzəmətdən əsər-əlamət qalmayıb, yeni mədəniyyət və abadlıq görünmür, hər tərəfdə yoxsulluq və natəmizlik; bütün ölkədə vətəninin maraqlarını satmağa qadir olmayan yalnız tək-tük əqidəli vətənpərvər tapılar; hər yanda yaltaqlıq və zahiri ədəb, tərbiyə, pərdə arxasında isə - ciblərin doldurulması, incə intriqalar, pozğunluq və s.". Həmin sənəddə Adil xan ölkənin əsas əhalisini təşkil edən milli qrupların Cümhuriyyətə münasibəti məsələsinə də toxunur: "Farsların bizim respublikaya münasibəti o qədər də xeyirxah deyil, İran Azərbaycanı türklərinin - əksinə, qardaşcasına, dostcasınadır. İran Azərbaycanının hədəfi - muxtariyyət, müstəqillik və Farsistandan ayrılmaqdır".

Azərbaycan Cümhuriyyəti səfirinin İran Azərbaycanının siyasi mühitində hökm sürən cərəyanları izləməsi və demək olar ki, günaşırı öz dövlətinin nəzərinə çatdırması heç də təsadüfi deyildi. İranın "öz şimalı", Cümhuriyyətin isə "öz cənubu" saydığı ərazilərdə az sonra muxtariyyətə can atan milli-demokratik qüvvələrin Şeyx Məhəmməd Xiyabaninin rəhbərliyi ilə üsyanı başlayacaqdı. "Son günlər İran Azərbaycanından çox həyəcanlı xəbərlər gəlir..." - deyə başqa bir məktubda bu vilayətin ölkənin farslardan ibarət rəhbərliyini hədsiz narahat etdiyi bildirilir, "Baş nazir Vüsuq-üd Dövlənin İran Azərbaycanını dövlət orqanizmində "qara yara" adlandırdığı və "ondan nə qədər tez qurtularsa, İran üçün sakitlik yaranacağı" kimi fikirlərinə diqqət çəkilirdi. Mərkəzi hökumətlə Azərbaycan vilayəti arasında münasibətlər və bölgədəki hadisələr haqqında ətraflı məlumat verən səfir, digər tərəfin də bu hadisələrdə mövqeyini açıqlayırdı: "İran azərbaycanlıları açıq deyirlər ki, Azərbaycan azərbaycanlılar üçündür və nə vaxta qədər biz yeganə məqsədi mütəmadi şəkildə bədbəxt Azərbaycan xalqının sonuncu şirəsini sormaq olan, sonra qarət etdikləri xalq pulları ilə Tehranda saraylar tikib, parklar salan fars hakimlərini dolandırmalı olacağıq..."

Adil xan Ziyadxan İran Azərbaycanındakı hərəkatda "bolşevik elementi" olduğu haqda söz-söhbətin gəzdiyini, amma bu məsələnin hələ aydın olmadığını bildirsə də, "əgər İranda bolşevik hərəkatı başlayarsa, o görünməmiş ölçülər ala bilər, çünki müflis xalq bolşevik hərc-mərcliyi üçün çox əlverişli mənbədir" ehtimalını bildirir və "İranı hazırda xarici və daxili bolşevizmdən təhlükə saymaq olar" - qənaətini irəli sürürdü.

Bu siyasi xülasəsində "bolşevizm"i öz ölkəsi üçün təhlükə olaraq görən Azərbaycan səfiri yalnız həmin təhlükənin haradan gələcəyi məsələsində səhvə yol verir. Belə ki, cəmi iki həftə sonra bolşevizm bir hərəkat halında deyil, işğalçı qoşun timsalında onun Vətəninə ayaq basacaq və bütöv bir dövlətin və onun ən öndə gedən xadimlərinin bu Vətənin gələcəyi ilə bağlı bütün niyyət və planlarını alt-üst edəcək.

Lakin 1920-ci il aprelin 12-də Azərbaycan səfirində hələ nizami erməni hərbi hissələrinin Naxçıvana və Ordubada etdiyi aramsız hücumlar haqqında Naxçıvandan və İranın müxtəlif guşələrindən alınan teleqramlar ciddi təşviş doğurur.

Teleqramlarda İran ermənilərinin də bu hücumlarda iştirak etdiyi, erməni artilleriyasının xüsusilə böyük dağıntılar törətdiyi, yerli azərbaycanlı əhalinin öz torpaqlarını mərdliklə müdafiə etsə də, təcili köməyə ehtiyacları olduğu, qaçqınların aclıq çəkdiyi kimi xəbərləri öz dövlətinin nəzərinə çatdıran səfir ilk növbədə əhalinin bu kritik vəziyyətdən çıxarılması üçün dərhal tədbirlər görülməsini xahiş edir. Eyni zamanda Səfirlik tərəfindən, İran hüdudlarına gəlməkdə olan qaçqınların ərzaqla təmin edilməsi və digər məsələlərlə bağlı lazımi qabaqlayıcı addımlar atıldığı, İran hökuməti ilə razılaşma əldə edildiyi, eləcə də ermənilərin bu məntəqələrə hücumları və İran ermənilərinin hərbi təcavüzdə iştirakı haqda Tehrandakı İngiltərə, Amerika və Fransa nümayəndəliklərinin xəbərdar edildiyi bildirilir. Bu zaman Tehranın ölkədəki ingilis və ermənilərin təhriki ilə Naxçıvandan və ətrafından 60 mindən çox yerli əhalini İrana köçürməyə, bununla da Naxçıvanı zəiflədib ermənilərin planlarının reallaşması üçün münasib şərait yaratmağa meyilli olduğunu da vurğulayan səfir həmin təhlükənin qarşısını almaq üçün Naxçıvandakı vəziyyətin tezliklə normallaşmasını zəruri sayırdı.

 

(Ardı var)

Solmaz Rüstəmova-TOHİDİ

Tarix elmləri doktoru, professor

525-ci qəzet .- 2024.- 11 iyul,№120.-S.12-13.