Ustad aşıq Ululu
Kərim haqqında dəyərli monoqrafiya
Ululu Kərim Naxçıvan diyarının, ədəbi-mədəni
mühitinin tanınmış nümayəndələrindən
biridir. Azərbaycan şifahi xalq ədəbiyyatının
aşıq yaradıcılığı qolunu təmsil edən
Ululu Kərim son illərə kimi müxtəlif elmi nəşrlərdə,
bədii toplularda ümumiləşmiş şəkildə təqdim
olunsa da, ayrıca bir tədqiqatın mövzusuna çevrilməmişdi.
Haqqında danışmaq istədiyim "Ululu Kərim"
monoqrafiyası ilə sənətşünaslıq üzrə
fəlsəfə doktoru Bənövşə Rzayeva bu
boşluğu tamamilə doldurmağa nail olub.
30 ildə yaxın Ululu Kərimin həyat və
yaradıcılığı sahəsində tədqiqatlar
aparan Bənövşə xanım dünyanı cənginə
almış məlum məşum korona xəstəliyi
dövründə zəhmətli axtarışlarını
monoqrafiya halına salaraq kitab şəklində elmi ictimaiyyətə
və geniş oxucu kütləsinə təqdim etmişdi.
Filologiya elmləri doktoru, professor Mahmud Allahmanlının redaktorluğu,
professorlar, filologiya elmləri doktoru Elxan Məmmədli və
sənətşünaslıq elmləri doktoru Nailə Rəhimbəylinin
rəyləri əsasında "Elm və təhsil" nəşriyyatında
çap edilən 265 səhifəlik kitabda Ululu Kərimi
bütün yönləri ilə tanımaq və öyrənmək
mümkündür.
Monoqrafiyanın sanbalını və elmi əhəmiyyətini
redaktorun yazdığı "Ululu Kərim - böyük
ustad" ön sözündəki bu fikirlərlə də
anlamaq olar: "Ululu Kərim Dədə Qorquddan üzübəri
gələn ənənənin uğurlu yaradıcısı
olaraq aşıq ədəbiyyatının tarixinə
adını yazdırmışdır. Əlimizdə olan
ustadnamələri ustad sözü, ustad nəsihəti kimi bir
əxlaq, mənəviyyat hadisəsi təsəvvürü
formalaşdırır. Ustadın zəngin
yaradıcılığı, həyatı ilə
bağlı müxtəlif zaman kəsiklərində söylənmiş
fikirlərin bir araya gətirilib təhlil edilməsi zərurət
kimi folklorşünaslığın qarşısında
dururdu. Bənövşə Rzayeva bütün çətinliklərə
qatlaşaraq bu savab işin öhdəsindən gəldi".
Təbii ki, elmi monoqrafiyaların strukturuna uyğun
olaraq giriş, üç fəsil, nəticə və ədəbiyyat
siyahısından ibarət olan nəşrdə Ululu Kərimin
həyat və yaradıcılığı barədə
dolğun və bitkin məlumat öz əksini tapıb.
Əlavələr bölməsində isə ustad
aşığın yaradıcılığından nümunələr
təqdim edilib.
Girişdə Azərbaycan aşıq ədəbi
mühitinə geniş işıq tutan, onun mühüm bir tərkib
hissəni təşkil edən Naxçıvan aşıq
yaradıcılığı tarixi inkişaf mərhələləri
üzrə oxucuya çatdırılır. Bu mühitdə
Ululu Kərimin yeri müəyyən edilir və onun
haqqında ayrıca bir tədqiqatın aparılmasını
labüd edən məqamlar diqqətə
çatdırılır. Bənövşə Rzayevanın
Naxçıvan aşıqlığının ümumi
problem səviyyəsində təhlilini verdiyi Giriş hissədə
Ululu Kərimin timsalında bölgə aşıq sənətkarlığının
aktullığı da öz əksini tapır.
Monoqrafiyanın birinci fəslində "Ululu Kərimin
həyatı və yaradıcılığı" öyrənilib.
Üç yarımbaşlıqda araşdırmalarını
təqdim edən müəllif əvvəlcə "Təxminlər
və həqiqətlər" prizmasından məsələni
öyrənir. Burada bizə aydın olur ki, Ululu Kərimin
doğulduğu yer haqqındakı fikirlər belə birmənalı
deyil. Bəziləri onun Qarabağda, bəziləri Zəngəzur
mahalının Alulu (Savartı) kəndində
doğulduğunu, bir qisim isə yenə Zəngəzur
mahalının Darabaz qarşısındakı meşəliklərdə
xarabalıqları qalmış Ulu kəndindən olduğunu
deyirlər. Müxtəlif mənbələrə istinad edən
Bənövşə Rzayevə belə bir qənaət ortaya
qoyur ki, Ululu Kərim qədim Azərbaycan torpağı olan Qərbi
Azərbaycanın Zəngəzur mahalının Ulu kəndində
doğulub və əsl adı Kərimdir. O, XVIII əsrin
sonlarında və XX əsrin əvvəllərində
yaşamış, təxminən 120-125 il ömür
sürmüşdü. Bölgədə baş verən
müxtəlif dövrlərdəki müharibələr
zamanı ailəsinin Naxçıvanın Şahbuz bölgəsinə
köçməsiylə bağlı olaraq burada
yaşayıb-yaratmışdı.
"Ululu Kərimin əsərlərinin nəşri
tarixindən" yarımfəslində öyrənirik ki, bu
aşıq haqqında ilk məlumat mətnşünas alim
Salman Mümtaza məxsusdur. Ötən əsrin 20-ci illərinin
sonlarında - 1927-28-ci illərdə ərəb əlifbası
ilə tərtib etdiyi iki cildlik "El şairləri"
kitabında Ululu Kərimin də
yaradıcılığından nümunələr təqdim
olunmuşdur. Bundan əlavə, folklorşünas alimlər
Hümmət Əlizadə, Əhliaman Axundov, professor Adil
Bağırov, son illərdə professorlar Yusif Səfərov,
Əsgər Qədimov və digərlərinin tərtib etdikləri
müxtəlif toplularda aşığın əsərlərinə
yer verilib. Düzdür, bu zaman Ululu Kərimin şeirləri
başqa aşıqların adına da gedib. Müəllif bu məqamları
da həssaslıqla araşdıraraq yol verilmiş
yanlışlıqların bərpası istiqamətində
elmi qənaətlər və dəqiqələşdirmələrini
ortaya qoymuşdur.
"El şairinin ədəbi irsi haqqında"
yarımfəsli isə adından da göründüyü
kimi, aşığın yaradıcılıq irisinə həsr
olunub. Tədqiqatçı alimin axtarışları və
topladıqlarına cəm halda baxanda bir əsrdən çox
ömür sürmüş aşığın
yaradıcılıq nümunələrinin çox az qisminin
günümüzədək gəlib
çıxdığını görürük. Belə ki,
onun 6 bayatı, 5 gəraylı, 33 qoşma, 3 qıfılbənd,
3 divani və 1 vücudnaməsi bizə məlumdur.
Monoqrafiyanın ikinci fəsli "Ululu Kərimin
yaradıcılığı və onunla bağlı rəvayətlər"
adlanır. Buradakı yarımbaşlıqlar isə
aşıq yaradıcılığı janrları üzrə
bölünüb. "Bayatılar", "Gəraylılar",
"Qoşmalar", "Bağlamalar", "Vücudnamə"
və "Divanilər" yarımfəsillərində
Bönəvşə xanım həmin nümunələrin sənətkarlıq
xüsusiyyətlərindən ətraflı bəhs edir.
"El şairi ilə bağlı rəvayətlər"
yarımfəslində isə folklor ekspedisiyaları zamanı
toplanmış çöl materiallarından yola
çıxaraq fikir və mülahizələrini, yekunda elmi qənaətlərini
diqqətə çatdırır.
"Ululu Kərimin poeziyasının poetik özünəməxsusluğu"
adlı üçüncü fəsildə
aşığın yaradıcı istedadının
imkanları, əsərlərinin fonopoetik, morfopoetik sisteminin
özünəməxsusluğu araşdırılıb. Ululu
Kərimin şeir dilinin xəlqiliyinə daha çox diqqət
ayıran tədqiqatçı aşığın müraciət
etdiyi mövzu rəngarəngliyini də araşdırma
müstəvisinə çəkib.
Nəticə bölməsində Bənövşə
Rzayevanın araşdırmalar əsnasında ortaya qoyduğu
yeniliklər, Ululu Kərimin istər həyatı, istərsə
də yaradıcılığı baxımından diqqət çəkən
əsas tezislər, qənaətlər ümumiləşdirilib.
Yüzə yaxın ədəbiyyatdan istifadə edən tədqiqatçının
monoqrafiyasının dəyərini artıran məqamlardan ən
əhəmiyyətlisi isə "Əlavələr"
bölməsində Ululu Kərimin əsərlərinin verilməsidir.
Folklor toplayıcılığı strukturuna uyğun
olaraq Bənövşə Rzayeva hansı əsəri kimdən,
hansı bölgədən topladığını da ən
sonda monoqrafiyasına daxil edib. "Söyləyicilər
haqqında məlumat" bölməsindən də bəlli
olur ki, tədqiqatçı alim Şahbuz rayonunun
ayrı-ayrı kəndlərində olub, yaşlı insanlarla
görüşüb, xalq yaddaşında qorunan Ululu Kərim
şeirlərini, əhvalatlarını, rəvayətlərini
yenidən xalqın istifadəsi üçün bir yerə
yığıb.
Sənətşünaslıq üzrə fəlsəfə
doktoru Bənövşə Rzayeva şifahi xalq ədəbiyyatının
musiqili tərəfinin mühüm bir hissəsi olan
aşıq yaradıcılığına
bağlılığı ilə də diqqəti çəkir.
Məhz Ululu Kərim monoqrafiyası da bu bağlılıqdan,
aşıq yaradıcılığına, aşıq
havalarına, saz sənətinə sevgidən doğan tədqiqatın
nəticəsidir.
Dörd il bundan əvvəl nəşr olunmasına
baxmayaraq, haqqında, bu sahənin tədqiqatçılarını
çıxsaq, çox az kəsimin məlumatlı olduğu
"Ululu Kərim" monoqrafiyası ümumilikdə Azərbaycan
aşıq yaradıcılığını,
Naxçıvan el şairləri və
aşıqlarını öyrənmək baxımından
mühüm dəyərə malikdir.
Elxan YURDOĞLU
Filologiya üzrə fəlsəfə doktoru, dosent,
şair-publisist
525-ci qəzet .- 2024.-12 iyul,№121.-S.14.