Məkrli plan  

PƏNAHƏLİ XANIN MÜƏMMALI ÖLÜMÜ

 

 

...Kərim xan Zənd fikirləşirdi ki, gücündən, nüfuzundan, qüdrətindən həmişə ehtiyat elədiyi və çəkindiyi keçmiş rəqibi Pənahəli xan əgər Qarabağa sağ-salamat qayıtsa, gələcəkdə onun hakimiyyətə gedən yolunda böyük maneə ola bilər. Yaxşısı budur, fürsət var ikən elə burdaca onun axırına çıxsın. Ona görə də məkrli bir plan hazırladı və Pənahəli xanı aldadıb, özü ilə Şiraza apardı. Hətta onu yeni yaratdığı "Ağsaqqallar şurası"na məsləhətçi götürüb, yanında saxladı. Pənahəli xan gec də olsa, "dostu"nun niyyətini və hiyləsini başa düşdü və tezliklə vətəninə dönmək üçün ondan icazə istədi. Amma Kərim xan min bir bəhanə gətirərək Pənahəli xana Qarabağa qayıtmağa imkan vermədi...

Keşməkeşli tarixin gedişatı bütün hakimiyyəti boyu olduqca gərgin hərbi və siyasi həyat keçirmiş Pənahəli xana da istəyini əsirgəməmişdi. Ömrünün sonlarında o, vətəndən uzaqlarda güclü düşmən üzərində müştərək qələbə qazanmış, istəkli oğlu İbrahimxəlil ağanı əsirlikdən qurtarıb, "xan" titulu ilə Şuşaya yola salmışdı. Qurduğu dövlətdən də beli tamamilə bağlı idi və Şirazda öz xoşbəxt günlərini yaşayırdı. Lakin bu xoşbəxtlik uzun sürmədi, sanki zəmanənin ona gözü dəydi. Həyatında dəfələrlə ağır müsibətlərə və bədbəxtliklərə düçar olmuş Pənahəli xan taleyin daha dəhşətli zərbəsini daddı. Bir də ki, sağlığında heç kəsi xoşbəxt saymaq olmur. Yarandığı gündən hər bir Adəm övladının, hər bir canlının alnında pozulmaz "ölüm" kəlməsi yazılıb. Həyatda tutduğu mövqedən və vəzifəsindən asılı olmayaraq hamı vaxtı çatanda qaçılmaz ölüm şərbətini içir.

Ömrü boyu at belində yüz minlərlə verst məsafə qət eləmiş, dəfələrlə ağır sınaqlara sinə gərmiş, sözün həqiqi mənasında, döyüşlər və qələbələr üçün doğulmuş Pənahəli xanın keçirdiyi çətin və mürəkkəb həyat tərzi, qarşılaşdığı fiziki gərginliklər sözsüz ki, sağlamlığına ciddi təsir göstərərək öz izlərini qoymuş və müəyyən müşküllər yaratmışdı. Amma polad kimi canı möhkəm olan bu məğrur insan bir dəfə də olsun, səhhətindən şikayət eləməmişdi. Yenə də özünü əvvəlki tək sağlam, güclü və çox gümrah hiss edirdi. Cod, qabarlı əli əvvəlki kimi yenə də ağır təbərzini möhkəm tuta bilirdi.

Lakin o, indi birdən-birə halsızlaşdı, gündən-günə zəifləməyə başladı. Pənahəli xanın bu vəziyyətini görənlər bərk təşvişə düşdülər, nə edəcəklərini bilmədilər. Təbiblərin müalicəsinin də heç bir xeyri olmadı. Yalnız Pənahəli xanla birlikdə Şirazda olan yaxın adamları onun bir neçə vəsiyyətini yadda saxlaya bildilər...

Və 1763-cü ilin isti bir yay günü dövrünün müdrik, ağsaqqal sərkərdələrindən və xanlarından olan yetmiş yaşlı Pənahəli xan Cavanşirin əcəli yetişdi, həyatının qəmli sonu gəlib-çatdı, Şirazda Kərim xanın qəsrində müəmmalı şəkildə canını can yaradana tapşırdı. Beləliklə, ömrü daim tufanlar içərisində keçən, bir döyüşçü kimi yəhər üstündə ölməyi həmişə üstün tutan bu fövqəladə insanın və qəhrəman sərkərdənin qeyri-adi həyatı, əzəmətli dövranı yarımçıq qaldı. Xülasə, sonralar məlum oldu ki, Pənahəli xanın yeməyinə nəsə qatılıb və bu qəsd Kərim xanın göstərişi ilə həyata keçirilib. Əslində, Zəndiyyə xanı bu namərdcəsinə hərəkəti ilə özünün ən etibarlı dayaqlarından birini itirmiş oldu.

Maskalanmış və ikiüzlü Kərim xan Zənd isə guya, "səmimi və yaxın dostluqları"nı nəzərə alıb, onun cənazəsini böyük ehtiram və hörmət-izzətlə Pənahabada yola saldı.

PƏNAHƏLİ XANIN NƏŞİNİN QARABAĞA GƏTİRİLMƏSİ VƏ DƏFNİ

Pənahəli xan Cavanşirin tabutunu müşayiət eləyən silahlı sərbaz dəstəsi İrandan Qarabağa yola düşdü. Bu xəbəri İbrahimxəlil xana çatdırmaq üçün cənazə ilə eyni vaxtda yel qanadlı çaparlar da göndərildi. Onlar uzun məsafəni ildırım sürətilə qət eləyib, üç gün-üç gecə yol gəldilər. Çox çəkmədən xanın qohum-əqrəbası, bütün Qarabağ əhli bu acı xəbərdən hali oldu. Hər yeri matəm ahəngi bürüdü, bütün ölkə yasa batdı.

Dəfnin vaxtı müəyyənləşdirildi və hazırlıq işləri görülməyə başlanıldı. Mərasimdə iştirak eləmək üçün ətraf xanlıqlara məktublar göndərildi, çoxlu qonaq dəvət olundu...

Arazın sol sahilində, Xudafərin körpüsünün yaxınlığında İbrahimxəlil xanın başçılığı ilə qarabağlılar tabutu Şirazdan gətirən karvanı qarşılamağa çıxdılar. Qarşılama mərasiminə Pənahəli xanın digər oğlanları - Mehrəli bəy və Talıbxan bəy, qardaşı Behbudəli ağa, bacısı uşaqları, yaxınları, eyni zamanda saray adamları və ruhanilər də cəlb olunmuşdu.

Hamar qara ağacdan düzəldilmiş və altı qara rəngli at qoşulmuş ikitəkərli zinətli cənazə arabasının qabağında və arxasında silahlı atlılar, onların ardınca isə mülki adamlar gəlirdilər. Bu insan karvanının qarşısında bellərinə zənburəklər bərkidilmiş dəvələr sıralanmışdı. Bu zənburəklərdən vaxtaşırı atəş açılır və bu da karvana möhtəşəmlik və əzəmət verirdi.

Pənahəli xanın tabutu Araz çayından bu üzə keçiriləndə müşayiətçi sərbazlar iki sıraya düzüldülər və onların başçıları yaylım atəşi açmağı əmr elədi. Bu o demək idi ki, cənazə sağ-salamat özününkülərə təhvil verilir. Yenə atəş açıldı və tabut Qarabağ atlılarının müşayiəti ilə Pənahabada yola salındı. Beləliklə, Pənahəli xan birillik səfərindən sonra doğma torpağa "ayaq basdı".

Bir neçə saatdan sonra cənazə artıq qala divarlarının önündə idi. "Gəncə qapısı"nın bayır tərəfində toplardan yaylım atəşi açıldı və bununla cənazənin gəlib-çatması barədə Qala əhlinə xəbər verildi. Böyüklü-kiçikli bütün şəhər camaatı öz əzizlərini belə qarşıladı. Tabut çiyinlərdə Çuxur məhəlləyə - xan sarayına aparıldı...

İçərisində Pənahəli xanın nəşinin olduğuna tamamilə əminlik yaranması üçün tabut açıldı. Tabutun içində güllü ipək balışların üstündə iri əlləri sinəsində çarpazlaşdırılmış xanın cəsədi uzadılmışdı. Qaşında Allahın kəlamı olan "İnşaallah" sözü və Həzrəti Əlinin tilsimi həkk edilmiş barmağındakı qızıl üzüyün parıltısı isə bərq vururdu. Bu tilsim ona həyatda böyük uğurlar qazandırmışdı. O böyük insan hərəkətsiz və elə bil dərin düşüncəli halda tabutda uzanmışdı, sanki yuxudaydı. Rəngi sapsarı saralıb, sifəti qırışsa da, öz əzəmətini itirməmişdi.

Pənahəli xanın arvadları, bacıları, digər qadın qohumları əvəzsiz bir oğulu, böyük qardaşlarını, atalarını, Qarabağın xilaskarı sandıqları qəhrəman övladlarını son mənzilə yola salmaq üçün göz yaşları və böyük kədər içərisində saraya toplaşmışdılar. Cümlə hamı dəsmal götürüb, qan ağlayırdı. Xanın böyük arvadı, neçə ilin yastıqdaşı Xanxanım xanım zər haşiyəli qara örtüyə möhkəm bürünmüş, dizlərini qatlayıb büzüşərək cəsədin baş tərəfində lal-dinməz oturmuşdu. Öz yas paltarlarını - qara libaslarını geyinmiş qadınlar bu gözlənilməz ölümlə sanki barışa bilmirdilər. Ümid edirdilər ki, Pənahəli xan indicə cana gələcək, diksinib, gözlərini açacaq. Ona görə də onlar hərdən barmaqlarını dişləyir, hıçqırıqlarını boğmağa, sızıltı və ağlaşmalarını kəsməyə çalışırdılar. Amma bunun bir röya olduğunu hiss eləyib, yenidən yana-yana ağı deyir, fəryad qopararaq saçlarını yolurdular. Arabir də ağıçılar bir-birinin ağzına söz sala-sala bayatılayıb ağlaşır, səs-səsə verib mələşir, xanın gördüyü işləri, göstərdiyi şücaətləri tərifləyir, onu göylərə qaldırırdılar. Hərəmxana qadınlarının naləsi isə asimana ucalır, bu acı və ağır xəbəri sanki bütün şəhərə yayırdı. Nəhayət, Pənahəli xanı axırıncı dəfə görən ailə üzvləri, yaxınları, əziz adamları onunla son dəfə vidalaşdılar.

Cənazə ağır-ağır, təntənəli bir sükutla Cümə məscidinə aparıldı, yuyulub, yenidən mumiyalandı. Ona ətirli yağlar sürtüldü və meyit kəfənə tutuldu. Sonra Pənahəli xanın cəsədi özünün yaratdığı Qarabağ xanlığının bayrağına bükülüb, yenisi ilə əvəzlənən tabuta qoyuldu. İbrahimxəlil xanın göstərişi ilə cənazə məscidin qarşısındakı meydançaya gətirildi və bir neçə saatlığa camaatın ziyarətinə verildi.

Meydança adamla doluydu. Tabutun qarşısında on-on beş nəfərin sərbəst keçməsi üçün lazımi şərait yaradılmışdı. Pənahəli xanın ən yaxın silahdaşları fəxri qarovulda durmuşdular. Son dərəcə isti olmasına baxmayaraq, çəkməçilər, rəngsazlar, bəzzazlar, dəmirçilər, dəlləklər, palanduzlar, hamballardan belə, bütün sadə peşə adamlarından tutmuş iri bəylərə, varlı tacirlərə, din xadimlərinə qədər öz işlərini dayandırıb, dəstə-dəstə gəlir, sevimli qəhrəmanlarıyla vidalaşmaq üçün növbə gözləyirdilər.

Pənahəli xana ehtiramlarını bildirmək, hörmətlərini göstərmək, bu böyük şəxsiyyətə "əlvida" demək üçün Qarabağın uzaq-uzaq kəndlərindən gələnlərin ardı-arası kəsilmirdi. Ətrafdakı dost xanlıqların göndərdikləri xüsusi təmsilçilər də mərasimdə iştirak edirdilər.

Bu ağır itkidən bərk təsirlənən Pənahəli xanın silahdaşları cənazə qarşısında qüssə və kədər içərisində qara qaytanlı mübariz Qarabağ bayraqlarını aşağı endirmişdilər. Bir çoxları yas əlaməti olaraq üzlərini qırxdırmamış, yaxınlıqda qəmgin-qəmgin gəzişirdilər. Şəhər mollaları isə baş-başa verib, xoş avazla, aram-aram Quran oxuyurdular.

Qarabağ öz sadiq övladı ilə ləyaqətlə vidalaşır, onu son mənzilə yola salırdı. Yaxınlıqdan ötüb-keçən qocalar da bir anlığa ayaq saxlayır, uşaqlar və qarılar böyük kədər içərisində dayanıb, başlarını aşağı dikir, çadralı qadınlar körpələrini qucaqlarına basaraq tez-tez Pənahəli xanın adını çəkir, göz yaşı axıdırdılar.

Nəhayət, xüsusi hazırlanmış və böyük təşkilatçılıq işi tələb edən vida mərasimi başa çatdı. Pənahəli xanın ətirlənmiş, gül-çiçəyə bürünmüş nəhəng tabutu böyük hüznlə məscidin qarşısından qaldırılaraq möhtəşəm bir təntənə ilə Gəncə qapısına tərəf aparıldı. Onun tacını qabaqda balışın üstündə qoymuşdular. Matəm qatarı yola düşərkən toplardan yaylım atəşi açıldı, qalanın içərisindəki yollarda hərəkət müvəqqəti olaraq dayandırıldı. Arabaların, piyadaların, atlıların ucu-bucağı görünmürdü. Qarabağlılar öz rəhbərlərini axirət evinə belə yola saldılar. Son dövrlərdə Qarabağ torpağında bu cür cah-cəlallı vida mərasimi görünməmişdi, hətta bu, çox-çox xanların və əmirlərin dəfn mərasimini öz təntənəsi ilə kölgədə qoyurdu.

Cənazə arabasına qoşulmuş iki qara rəngli at Pənahabad qalasının sərt yoxuşları ilə Aşağı Qarabağa üz tutdu. Arabanın dalınca İbrahimxəlil xan, əmisi və bibisi uşaqları, ümumiyyətlə, Cavanşir nəslinin nümayəndələri, onların da ardınca digər qohumları, dostları, tanışları addımlayırdılar. Daha sonra isə yas paltarında dəstə-dəstə adamlar gəlirdilər. Yol boyu kəndlərdən yüzlərlə insan matəm qatarına qoşulur, onun sıralarını artırır, mərasimə görünməmiş ehtişam verirdi.

Nəhayət, Pənahəli xanın təntənəli mərasimlə müşayiət olunan cənazəsi Ağdama gətirildi. Adam o qədər çox idi ki, hamıdan qabaqda gedən dəfnin tənzimatçısı camaatı yenidən nizama salmağa məcbur olurdu, çünki dəfnin təşkil edilməsi divanın tapşırığı ilə ona həvalə edilmişdi. İzdiham "Barlı bağ"a - Cavanşirlərin gorgahına çatdı. Burda dəfn olunmasını Pənahəli xan hələ Şirazda olarkən, ölümündən bir neçə gün əvvəl vəziri Mirzə Vəli Baharlıya vəsiyyət eləmişdi. Bunun da səbəbi vardı. Aşağı Qarabağda yeddi iri meyvə bağı - "Güllü bağ", "Ərikli bağ", "Kətan bağı", "Çirayut bağı", "Bala bağ", "Narlı bağ" və "Barlı bağ" şəxsən Pənahəli xanın özünə məxsus idi. Sonuncu iki bağdan başqa, o biri bağların məhsulu satışa gedirdi. "Narlı bağ"la "Barlı bağ"ın meyvələri isə xanın şəxsi göstərişi ilə bayramlarda, toy və yas mərasimlərində müftə olaraq camaata, xüsusilə də, əhalinin ən kasıb təbəqələrinə paylanılırdı. Üstəlik də, Pənahəli xanın dədə-babaları "Barlı bağ"da dəfn olunmuşdular. Sonralar bu ailə qəbiristanlığı "İmarət" adlandırılmışdır.

Matəm mitinqi oldu. Mərasimi aparan Şuşanın baş axundu vida nitqi söylədi. Pənahəli xanın yetmiş ildə keçdiyi əzablı, enişli-yoxuşlu yollara nəzər saldı və bu çətin yolun Qarabağda və qarabağlıların həyatında izsiz qalmadığını xüsusilə vurğuladı. Dedi ki, bizim ata sandığımız böyük rəhbərimiz həyatın sərt və dəhşətli imtahanlarından həmişə alnıaçıq, üzüağ çıxıb, bizə azadlıq gətirib, bizə dövlət qurub, əlimizi çörəyə çatdırıb, bizi başqalarının zülmündən qurtarıb. Onun yoxluğu bizim üçün çox ağır və böyük itkidir. Bu kişi evimizdən yox, elimizdən gedib! - deyə hamıya təsəlli  verməyə çalışan axund da göz yaşlarını saxlaya bilmədi...

Dua mərasimi başa çatdıqdan sonra Pənahəli xanın cənazəsi tüfəng atəşləri sədası altında torpağa tapşırıldı.

Çox keçməmiş qəbri üzərində mərmərdən baş daşı və sinə daşı qoyuldu. Orda fars dilindəki kitabədə mərhumun vəfatı tarixini göstərən aşağıdakı maddeyi-tarix yazıldı: "Dağlarda yerləşən Daş və Şüşədə əyləşən (yəni "Şuşa" adlandırılan daş qalada) xaliqin əmri ilə hərbçinin cəsədi ölüdür. Sultana itaət qullar üçün qadağan deyil. Əbədi qələm kitaba onun tarixini yazdı. Dost və həmdəm onun pənahı oldular".

Pənahəli xan Cavanşirin son mənzili - müqəddəs və şərəfli məzarı sonralar Qarabağ sakinlərinin əbədi ziyarət yerinə çevrildi.

 

Vasif QULİYEV

525-ci qəzet .- 2024.-12 iyul,№121.-S.12;13.