Həyat naminə ölüm

 "Olmuş əhvalatlar" silsiləsindən

 

 

...Həyətə girəndə məni bibioğlu Əli qarşıladı. Elə təzəcə görüşüb öpüşməyə başlamışdıq ki, həyətin yuxarı başından indiyə qədər görmədiyim yekəlikdə hündür, nataraz bir it elə görkəminə uyğun bir tərzdə zəhmli səslə hürə-hürə bizə tərəf götürüldü.

Uşaqlıqda Novruz bayramı axşamı  qonşumuz Xədicə xalagilin evinə torba atıb gizlənmək üçün sürətlə qaçanda tində böyük bir itlə toqquşmuşdum və o vaxtdan bəri, yalan olmasın, lap çiburaşka boyda it görəndə də canımı əsməcə tuturdu. Bu it isə çox zorba, üstəgəl, zəhmli idi. Ona görə də, nə gizlədim, yamanca qorxdum, "Bibioğlu, qoyma!" - deyib onun qucağından çıxaraq arxasında gizləndim.

Əli ucadan itə acıqlandı:

- Alabaş, dayan! Geriyə! Sakit dur! Yad adam deyil ey, dayıoğludur.

İt dayandı. Hirslə quyruğunu bulaya-bulaya çəpəki nəzərlərlə mənə baxıb yerə oturdu.

Eyvana qalxıb evə keçdik. Ailənin digər üzvləri ilə də görüşüb "xoş-beş"dən sonra pəncərənin qabağına qoyulmuş masanın arxasına keçib Əlinin xanımının gətirdiyi çaydan içə-içə dərdləşməyə, yəni söhbətə başladıq.

Əvvəlcə mən düdülüyüb tökə-tökə dedim ki, Bakının kirli-paslı havasından, zəhlətökən tıxaclarından, nə bilim, saysız-hesabsız daha nələrindən baş götürüb ona görə bura - uşaqlığımın və ilk gəncliyimin şəhərinə üz tutmuşam ki, həm havam, həm də ruhum bir az təzələnsin. Yaşa dolduqca doğma torpağın, doğulduğu evin adamı maqnit kimi özümə çəkməsi, keçmişə xəyalən də olsa səyahət etməyin romantikası barədə başı-ayağı bilinməyən  fəlsəfi mülahizələrimi də izhar edəndən sonra gəlib çatdım sözümün Mustafasına, dedim ki, bəs tək gəldiyimə görə 2-3 gün sizdə qalacam.

Əli rayon yerinin sakitlik və rahatlığına rəğmən, burada da yaşamağın çətinliyindən, adamların evlərinin qapılarını qıfıllayıb Bakıya üz tutmalarından gileyləndi və söhbətinə belə nöqtə qoydu ki, qapısı həmişə mənim üzümə açıqdır, nə vaxt istəsəm, şəstlə aça  bilərəm.

Söz sözü çəkdi, masanın üstünə qoyulmiş gilas mürəbbəsini qaşıqlaya-qaşıqlaya, limonlu çaydan içə-içə başqa mövzulara da keçdik.

Mən arada pəncərədən bibioğlugilin bütünlüklə qarşımda açılan həyətlərinə baxır, xüsusilə də Əlinin Qurdbasar cinsindən olan itinin mənə qəribə gələn hərəkətlərinə göz qoyurdum. Biz tərəflərdə çoban, yaxud qoyun iti adlandırılan bu iti ilk dəfə idi ki, belə yaxından görürdüm. Onun qara ağzı, gödək qulaqları, incə beli mənə çox maraqlı görünürdü. Amma Alabaşın üzündə, gözlərində sayrışan ifadə, etdiyi jestlər, ümumiyyətlə, bu həyətdəki davranışı məni bir az karıxdırmışdı. İtin gözlərindən açıq-aşkar qəm, kədər yağırdı, elə bil qoca adamlar kimi dayanmadan nə barədəsə fikirləşir, nələrisə götür-qoy edir, onu qane edəcək bir nəticəyə gələ bilmədiyinə görə əsəbiləşir, darıxırdı. İt bir yerdə qərar tuta bilmirdi - gah həyətin ortasındakı şaftalı ağacının, gah da qonşu ilə ara hasarının dibində yerə çökür, iri başını qabaq ayaqlarının üstünə qoyaraq gözlərini bir nöqtəyə dikirdi. Bir sözlə, Alabaş sanki özünə yox, uşaq vaxtı zooparkda gördüyüm dar-dütdək qəfəslərdə dəli kimi o yan-bu yana qaçan canavara, ayıya, şirə bənzəyirdi. Amma onlar dar qəfəsə salınmışdılar, azadlıqları əllərindən alınmışdı. Alabaş ki, qəfəsdə yox, sahibinin həyətində idi.

Məni çaşdıran da bu idi.

- Bibioğlu, bu it niyə burada, bu həyətdədir? - arada yaranan qısa fasilədən istifadə edib soruşdum. - Mən bilən o, sənin dağın ətəyindəki fermanda qoyunlarını qorumalı idi, aı.

 

Bibioğlu dedi ki, əvvəlki qoyunları satıb pula çevirəndən sonra hələ təzə sürü formalaşdırmayıb, çünki  bu o qədər də asan məsələ deyil. Müəyyən qədər vaxt lazımdır ki,   axtarıb yaxşı ana qoyunlar tapasan. Əlqərəz, Alabaşın hazırda dağın döşündəki binədə tək-tənha qalmağına lüzum olmadığına görə gətirmişəm ki, növbəti "etapa" qədər bir az dincəlsin, gələcək döyüşlərə güc toplasın.

- Sürünü necə qoruyurdu Alabaş? - yenə soruşdum.

- Bax, belə! - deyə cuşa gələn Əli barmaqlarını yumub "əla" jesti göstərdi. - Alabaşın qorxusundan çaqqal-çuqqal sürüyə hücum etmək nədir, heç ona tərəf baxmağa cəsarət eləmirdi.

...Bir azdan mətbəx tərəfdən gələn ləziz təam qoxusu mədəmi qıcıqlandırıb təzəcə həvəsə gətirməyə başlamışdı ki, bibioğlu üzr istəyib iti yedirtmək üçün həyətə düşdü. Mənsə qıcıqlanmış mədəmi aldadıb sakitləşdirmək məqsədilə eyvana çıxıb bir siqaret yandırdım. Fikirləşdim ki, həm də Alabaşın yemək yemək mərasimini izləyərəm. Qoyun itlərinin necə qidalandıqlarını heç vaxt nə yaxından, nə də uzaqdan izləmişdim

 

Əli öz itinə hörmətinin nişanəsi olaraq içinə istənilən iti razı salacaq yemək kütləsinin yığıldığı qabı divarın dibindəki daşın üstünə qoydu, iki dəfə itinin adını çəkib  onu yeməyə dəvət elədi və burada qeyd eləməyi vacib bilirəm ki, danışdığım bu hekayənin ədəbi dildə desək, kulminasiyası da bundan sonra başladı.

Alabaş qalxıb könülsüz addımlarla qaba tərəf gəldi, başını azca uzadıb yeməyi iylədi, amma ağzını heç nəyə vurmadı, başını qaldırıb əvvəlcə sahibinə, sonra eyvanda dayanıb baş verənləri izləyən mənə baxdı və dönüb yenə də könülsüz addımlarla yerinə qayıtdı.

- Boy, bu nə edir, ə? - Səsinin ahəngindən hiss elədim ki, bibioğlu xeyli təəccüblənib və bir az da pərt olub. - Nə oldu buna görəsən? - Sonra əvvəlkinə nisbətən amiranə səslə yenə iti çağırdı - Alabaş, gicləmə, bəri gəl görüm!

Yenə də divarın dibinə çoküb başını ayaqlarının üstünə qoymuş Alabaşın da görünür, öz sahibinə xüsusi hörməti vardı deyə onun sözünü yerə salmadı, qalxıb qaba yaxın gəldi. Amma bu dəfə ağzını qaba uzatmadı, qəribə nəzərlərlə məni süzdü və başını aşağı salaraq yenə də əvvəlki yerinə qayıtdı.

...Və qəfildən mən bircə anın içindəcə hər şeyi başa düşdüm...

İtin inadkarlığı bibioğlunu yavaş-yavaş özündən çıxarırdı, amma   Alabaşın başına ağıl qoymaq üçün nə etmək lazım olduğunu bilmədiyinə görə karıxıb qalmışdı,

Dözə bilməyib dedim:

- Bibioğlu, əziyyət çəkmə, nə qədər ki, mən burda, bax bu eyvanda dayanmışam, o, yeməyə yaxın durmayacaq.

Əli lap çaşdı və çox güman ki, heç nə başa düşmədi.

- Sən ona neynirsən ki? Bayaq başa salmadım ki, bu evə, bu həyətə yad adam deyilsən?

- İş onda deyil, bibioğlu..

- Bəs nədədir?

Siqaretimi surahinin üstündəki külqabıda söndürüb dedim:

- Sənin Alabaşın məndən utanır. Ona görə də nə qədər ki, mən burda durmuşam, qaba yaxın gəlməyəcək.

Cavabım yenə də Əlinin beyninə batmadı.

- Əşi, qoy oturmuşuq, görək. Utanır! Yox, bəlkə bir duvaqdan-zaddan gətirək ona.

Mən söhbəti saqqız kimi uzatmaq istəmədim. Ona görə də dedim:

- Bax, mən keçirəm otağa. İtini yedirt, gəl. Söhbətimizi içəridə davam etdirərik.

Bunu deyib otağa qayıtdım. Heç beşcə dəqiqə keçməmişdi ki, bibioğlu yel kimi qapını açıb hövlanək içəri girdi.

- Daha sənə sözüm yoxdur - dedi. - Balam, təkcə adamların yox, itlərin də ürəyini oxuya bilirsənmiş ki. Sən içəri keçən kimi özü durub gəldi. - Sonra qısa ara verib maraqla soruşdu - Amma məni başa sal görüm, Alabaş nəyə görə səndən utanırdı ki?

 - Bilirsən, bibioğlu, bütün canlılar kimi, sənin itin də bu dünyaya Allahın onun boynuna qoyduğu missiyanı - ona tapşırılan, etibar olunan şeyi qorumaq vəzifəsini yerinə yetirmək üçün doğulub. Alabaş isə hətta bunu anlayıb əməl eləyən itlərin hamısından  vicdanlıdır. O, çöldə - dağda, dərədə ona etibar olunan sürünü qoruyanda dünyanın ən xoşbəxt iti olur. Sənsə onu alışdığı doğma mühitdən ayırıb gətirmisən bu həyətə və elə bilirsən ki, ona yaxşılıq eləmisən. Dincəlmək, güc toplamaq, filan - bunlar hamısı boş sözlərdir. Əksinə, onun ürəyinə dağ boyda nisgil yükləmisən. Alabaş bu həyətdə darıxır, çünki çöl arzulayır, qoyun-quzunu qoruyub bundan fərəhlənmək istəyir. Ona görə də buradakı rahat həyat ona əzab verir, onu utandırır, sənin itin işləməyib, çalışmayıb yediyinə görə hətta xəcalət çəkir, ələlxüsus da ilk dəfə gördüyü mənim kimi adamların yanında. Bir sözlə, sənin Alabaşın vicdanlı, etibarlı itdir, onu qoru, qədrini bil. İtlərin hamısı belə olmur.

Gözlərini geniş, ağzını isə bir az geniş açaraq dediklərimə maraqla qulaq asan Əli qəfildən sözümü kəsdi:

- Dayıoğlu, sən internetə-zada girmirsən nədir? Rəhmətliyin oğlu, gündə bir şey göstərirlər - filankəs dövlətin 10 milyonunu, bəhmankəs 50 milyonunu lom-lom udub. Bunlar hələ üzdə olanlardır. İndi hamı oğurlayır, havayı yemək istəyir. Elə adamlar kimi heyvanların da xasiyyəti dəyişib ey.

- Sənin itin də öz sahibinə oxşayıb da, bibioğlu.

Söhbətimiz burda bitdi, amma Əlinin bu söhbətdən nələri və nə qədər götürdüyünü müəyyən edə bilmədim...

Bu hadisədən təxminən yeddi-səkkiz ay sonra məzuniyyət götürüb rayona getməyə hazırlaşırdım.

Öyrənmişdim ki, ötən müddət ərzində bibioğlu işlərini yoluna qoyub, lazım olan qədər anaş qoyun və erkək toğlu alıb, artıq doğulmuş quzuların hesabına təzə sürüsü  həftədən-həftəyə, aydan-aya böyüyür. Ona görə də hələ Bakıdan çıxmamış bu səfərin maraqlı, yaddaqalan olması üçün tutduğum planda "Əlinin fermasına qalxmaq, heç olmasa bir günü orada keçirmək" bəndi də vardı. Fikirləşirdim ki, ilin-günün bu vaxtında səsdən-küydən uzaq, təbiətin qoynunda, dağ ətəklərində gəzmək, otun, çiçəyin ətrini ciyərlərinə çəkə-çəkə ruhunu təzələmək heç də pis olmaz.

Əli və ondan iki yaş kiçik qardaşı günaşırı fermada gecələyirdilər - bu qədər qoyun-quzunu lap yeddi qıfılın altında da nəzarətsiz qoyub gecə öz evində rahat yatmağın üçün gərək ən azından fermaya hücum edəcək canavarların sayı qədər qurd ürəyi yeyəydin.

Səhər tezdən altdan geyinib üstdən, sonra da üstdən geyinib altdan qıfıllanıb Əli ilə piyada yola düşdük, addımbaşı pişvazımıza çıxan cır nar kollarının yanından keçə-keçə, çoxunun adını unutduğum cürbəcür yabanı bitkiləri ayaqlaya-ayaqlaya üz tutduq fermaya. Nazik, amma kobud ağac dirəklərdən düzəldilmiş giriş qapısına çatanda şəstlə irəli keçdim ki, qapını özüm açıb o biri bibioğluya sürpriz edim. Amma hər şey tərsinə oldu - əlimi dirəyə vurulmuş qarmağa təzəcə uzatmışdım ki, həyətdən zəhmli it hürüşünün səsi gəldi...       

 

(Ardı var)

Əlisəfdər HÜSEYNOV

525-ci qəzet .- 2024.-12 iyul,¹121.-S.11.