"Yazıq xoşbəxt!"
Esse
Yer kürəsi - üzərində uzun müddət
sabit dayana bilməyəcək qədər yumrudur.
Yumru bir şarın üzərində ancaq hərəkət
edərək qalmaq olar; dayandığın anda
yıxılacaqsan. Velosipedin də prinsipi insan
yaşamının kvintessensiyasıdır.
Allahın özünün qurduğu: "Səndən
hərəkət-məndən bərəkət" tənasübü
burdan gəlir. Tənasübün "hərəkət"
və "bərəkət" nisbətlərini silsək,
yerdə heç nə qalmır. "Sən" deyə bir
şey də qalmaz; tamam yox olub gedərsən.
Hərəkətdən kənarda bəşər də
yoxdur. Bəşər yoxdursa, Allaha tapınan da yoxdur, demək.
"Allaha tapınan yoxdur nə demək?!"
Orasını interpretasiyaya açıq saxlayıram.
Filosoflar uzun zamandır, öz aralarında
dartışırlar; "Əslində insan da Allahı
yaradıb" deyənlər var. Arqumentləri də belə
olur, adətən: heyvanlar və bitkilər deyil, insan dərk
edir Allahı. Və sair və ilaxır.
Bu mövzu filosoflar arasında hələ nə qədər
dartışılacaq?! Kim bilir. Bəlkə də dünya
durduqca. Məsələ filosoflarla Allah arasındadır, mən
qarışmıram. Çünki filosof deyiləm, Allah da
deyiləm. Mənim məsələm Yeri, insanları
bağlayar (hər halda bu yazımda).
...Yerin fırlanması, özlüyündə bəlkə
bu qədər önəmli olmazdı, əgər
üstündə insan olmasaydı. Ya da üstündə insan
olmasaydı, Yer kürəsi bəlkə də heç
fırlanmazdı...
Əslində başqa bucaqdan baxsaq, Yerin oxu ətrafında
fırlanan - hərəkətdə olan elə insanın
özüdür. İnsan uçub gedir, Kainatda başqa
planetlər tapır. Yer isə öz yerində - öz oxu ətrafındadır.
Bu nöqtədən baxsaq, insan Yer kürəsindən daha
böyük dünya deməkdir.
İmadəddin Nəsimi deyirdi: "Dünya duracaq yer
deyil, ey can, səfər eylə". "Səfər" deyəndə,
sadəcə, səyahəti nəzərdə tutmurdu.
İndi dünya internetdə -
barmağımızın ucundadır; bir klik qədər
yaxındadır. O zaman isə dünya insanın
ayaqlarının altındaydı; elm ardınca Çinə
getmək Allahın Peyğəmbərinin özünə belə
çox uzun, üzücü yolçuluq kimi
görünürdü (ki, eləydi də!)
O zaman elə zamanlardı ki, dünyanın nəbzi, bəli,
insanın ayaqlarının altında atırdı.
Yeni torpaqlar kəşf eləmək, yeni elmi sirləri
dərk etmək, yeni ideyalar əxz etmək... bunları gəzərək
əldə etmək mümkündü. Bir məkkəli
yeniyetmə yetim öz babasının tacir karvanlarında ətraf
məmləkətləri, gəlişmiş şəhərləri
gəzib, elmli insanları görüb tanımasaydı,
xristianların, yəhudilərin dinlərini öyrənməsəydi,
İslam adlı bir inanc da ortaya gəlməzdi. Göydən
"nazil olma" nağıllarına kim inanırsa,
özü bilər. Hər dini kitab özündən əvvəlkinin
davamı idi (əgər bir başqa cür təkrarı
deyildisə).
Bəli, Dünyanı daha çox dolaşaraq
tanımaq mümkün idi o zaman. Təbii ki, bütün
çətinlikləri, ağrıları,
ağırlıqları, uğurları, uğursuzluqları
ilə birlikdə.
O üzdən Mövlanənin məşhur kəlamı
lap yerinə düşür: "Ayağına batan tikanlar
axtardığın gülün xəbərçisidir".
Peyğəmbərin elə peyğəmbərcəsinə
və obrazlı fraza kimi dediyi o: "Elm dalınca Çinə
getmək" çağırışının
özü də Allahın məlum tənasübünə
bir işarə idi.
Amma insanlar təkcə elm dalınca getmir. Elmi
dalınca məmləkətinə gətirmir, elmi dalınca məmləkətindən
aparanlar da az deyil. Buna "beyin axını" deyirsinizsə,
deyin. Mən bu cür çıxıb getməklərə
"ürək axını" da demişəm; təkcə
düşünən beyinlər getmir axı, gedəndə
yanında sevən ürəkləri də aparır...
Məmləkətimiz də həmişə harasa
çıxıb getmək istəyən vətəndaşların
Vətənidir. Kimisi bir dəfəlik gedir, kimisi birdəfəlik.
Birdəfəlik gedənlər əvvəl-axır
qayıdır. Birdəfəlik gedənlər isə axır
bir gün öz əvvəlinin axırına qayıdır.
Öz evini otuz il öncə tərk edən adam
dönəndə otuz il öncəyə dönmür axı.
Otuz il sonraya dönür.
Artıq həminki ev deyil qayıtdığı ev.
Bağ o bağ deyil; ağac var, quruyub, gül var, solub.
Anasının hıçqırığı,
atasının öskürəyi dəyişib.
Saçına sığal çəkən əllər
qoyub getdiyi o əllər deyil, quruyub qaxaca dönüb,
gömgöy damarları üzə çıxıb. O qulac-qulac
saçlar da qalmayıb, töküləni çoxdan
tökülüb, qalanı da ağarıb, hətta köhnəlib
sarımtıl-göyümtül rənğə
çalmağa başlayıb.
...Qayıdıb görərsən və anlarsan:
adamların səsinin rəngi də, söhbətinin axarı
da dəyişib, rəngsizləşib. Eşidərsən,
hamı suda boğulanlardan danışır, havada
boğulanların dərdini danışan yoxdur. Hələ
ictimai mühitin çirkabında "boğulanlar"! Onlar
haqda israrla susuruq...
Dönüb, gələrsən. Əlin üzündə
qalar: sənin qoyub getdiyin gülərüz şirindillər
indi qüssəli susqunlara çevrilib.
Danışan varsa, o da yayda yandırıcı istidən
danışır. Od-tutub yanan bazarlardan, diri-diri yandıran
haqsızlıqdan yox! Ya da dondurucu soyuqdan gileylənir. Ancaq elə
özü qandonduran uşaq qətliamına ekranın bu
üzündən sanki idman marağı ilə baxır.
Dünyada adam artır, insan azalır. Aşağı
ayarlı adam kütləsi Yer kürəsinin kürəyində
və həssas insanların ürəyində ağırdan
ağır yükə dönüşür.
Sən üzü o yana gedəndən üzübəri,
Dünyanın astarı üzünə çıxıb.
Dünən ən kiçik nəsnələrdən
xoşbəxt olanlar bu gün ən kiçik "heç nə"lərdən
bədbəxt olur...
Səni bir vaxt uzaqlara aparan, sonra geri gətirən
yollar da o yollar deyil. Boynunu qucaqlayan qollar da o qollar deyil;
gücü azalıb, damarları yorulub o qolların.
Sümükləri yumşalıb, əzələləri
boşalıb...
Qayıtdığın yerdə əvvəlki kimi
sıxa bilmir səni o səndən sonrakı qollar. Əvvəlki
kimi bağrına basa bilmir. Başını qoyduğun
çiyinlər də çöküb, sallanıb. Bir zaman
üzünü söykədiyin doğma sinə də indi sənə
dar gəlir. Arxanda buraxdığın nəmli
baxışlardakı, nisgilli könüllərdəki yerin də
daralıb; sığışa bilmirsən daha o
baxışlara. O könüllərdə yerin artıq
çoxdan sənin yoxluğunla barışıb...
Elə bilirsən, buralardan, buralardakı insanlardan sən
gedib uzaqlaşmısan?! Yox! Onlar burda qalıb,
uzaqlaşıb.
Getmək elə bir ruh halıdır ki, gedər-gəlməzi,
düşər-düşməzi var. Xəyallarının
boyuna tutub getdiyi yollar bir yerdə boynuna dolanıb
sıxar-sıxışdırar insanı.
Qoyub getdiklərinə bir gün qayıdanda
görürsən ki, ya sevgisi heydən düşüb, ya
sevinci kökdən düşüb.
Gözündəki işıq, sözündəki
istilik öləziyib, sönüküb. Üzündəki təbəssüm
solub-sozalıb.
Baxarsan doğmalardan kimisi can hayındadır;
yatağa düşüb, kimisi əcələ təslim olub,
torpağa düşüb. Kimisi də çəkdiyi
intizardan eləcə ayaq üstə gəzən quru nəfəs,
incinmiş ruh kimidir.
...İnsan heç vaxt buraxıb getdiyi həminki yerə,
ayrılıb çıxdığı həminki qapıya,
tərk edib uzaqlaşdığı həminki ürəyə
qayıtmır.
Gedən gedib dəyişir, qalan qalıb dəyişir...
Arxanda buraxdığın nə varsa, sanki sənə
bir az arxa çevirmiş kimidir. Sanki bir az yadlaşıb,
özgələşib. Ya da... bəlkə özgəninkiləşib.
Müqəddəs yer boş qalmır axı. Heç
xarabalıqlar da boş qalmır; ən azı bayquş var...
Bəli, heç xarabalıqlar da boş qalmır. O da
ola müqəddəs... xarabalıqlar ki, qayıdarsan, baxarsan,
yağı yurdunu yağmalayıb, altını üstünə
gətirib; nə o "ev" dediyin ev var, nə o
"bağ" dediyin bağ... Nə o "yorğa"
yollar qalıb, nə o doğma qollar.
Dönüb də gəldiyin əziz viranlıqda nə
bir körpə gülüşü eşidilir, nə ahıl
duası. Təkcə o uçuq divarda ana dodaqlarından
qopmuş tanış ah donub qalıb. Bir də...
Bircə Göyündə Allah var. O da səni gözləyirmiş.
Bir az da gec gəlsən, küsüb gedəcəkmiş yəqin.
Bir ustad qələmin yazdığı kimi: Allah da...
çıxıb gedəcəkdi "başqa millətlərin
Allahı olmağa..."
Amma yox, sən... xoşbəxtsən!
Hər şeyini itirmiş, sadəcə,
ayağının altında doğma torpağı,
başının üstündə doğma Allahı
qalmış xoşbəxt! Şairin dediyi o..."yazıq
xoşbəxt!
Otuz il sonra evinin xarabazarına xoş gəlmiş bəxtsiz
bəxtiyar!
Yəqin ki az-az insanda olur; eyni vaxtda həm məyus, həm
məsud olmaq! Bu da bəxtəvər didərginlərin bəxtinə
düşüb yəqin. İtirdiyi torpağa qayıdır.
Ya ayaqüstə, ya da... Amma qayıdır. Çox yavaş,
amma yavaş-yavaş qayıdır axır ki... Dediyim kimi, getmək
də çətindir, qayıtmaq bəlkə ondan da çətin.
Çətin və duyğulu!
Getməklər də, qayıtmaqlar da fərqli-fərqli
olur.
Elm dalınca gedən var, dolanışıq
dalınca gedən var.
Azıb gedən var, küsüb gedən var, bezib gedən
var. Var da var! Hərə bir səbəbdən gedir.
Kim hara, niyə, necə gedir-getsin, fərq etməz, həsrətin
göz yaşı həmişə eyni cür acı
dadır.
Sən hardan hara və niyə gedirsən-get,
qayıtmaq həmişə ağır olur. İçində
bir ağrı ilə gedirsən, bir ümidlə
dönürsən. Ya da bir ümidlə gedirsən, bir
ağrı ilə dönürsən.
Və dönüb görürsən ki, evində -
evinin yerində, sadəcə, bir yığın daş
qalıb. Ocağın sönüb, ocaq daşı qalıb.
Bir yığın daşa dönüb uşaqlıq, yeniyetməlik
xatirələrin. Sən bu ömrün əvvəlinin
axırına gəlib çatmısan. Əlin çatmır
o çağlara daha, ünün də yetmir artıq.
İndi sil başdan, yaşa, görüm, necə
yaşayırsan!
Dönürsən və görürsən ki...
Oxuduğun məktəbin zəngi susub. Çimdiyin
axarın suyu quruyub. Dırmaşdığın qayanın
boyu qısalıb. Gəzdiyin cığırlar sənsizliyin
səssizliyində azıb qalıb...
...Allah eşqinə, bir də heç vaxt uzaqlara getmə.
Gedəndə də yaxındakı uzaqlara get. Bir gün
dönüb gəlmək asan olsun.
Uzaqdakı uzaqlardan bacardıqca uzaq dur.
Öz kökündən qopacaq qədər
uzaqlaşma öz zəminindən. Gövdənin ucasında,
budaqlarının ucunda açan çiçəklər,
yetişən meyvələr torpağın dərinlərinə
işləmiş köklərinin əsərləridir, unutma.
Bunu yaddaşına yaz: beşiyin harda
yırğalanırdısa, ən rahat məzarın da orda
olacaq.
Dünyanın harasına gedirsən-get, doğma
ocaqdan, doğma qucaqdan doğmasını tapa bilməzsən.
Uzaqdakı uzaqlarda zəngin olarsan, sayğın
olarsan... Ancaq bir gerçəyə inandım: ən xoşbəxt
məmləkətlərdə belə kövrək qəribin
bir yanı həmişə məzlum qalır. Odur ki, getmə.
Bacardıqca getmə. Qalmamağa həvəslənmə. Getmək
üçün deyil, getməmək üçün yol
axtar. Müdriklər demiş: "Hər çıxılmaz
durumdan ən azı iki çıxış yolu var".
Birini tapa bilmədinsə, o birini axtar...
Bahəddin HƏZİ
525-ci qəzet .- 2024.-12 iyul,№121.-S.8.