Azərbaycan-İran münasibətləri üçün yeni dövr

 

 

 

İranda iyulun 5-də keçirilən prezident seçkilərinin ikinci turunda keçmiş səhiyyə naziri, əslən azərbaycanlı olan Məsud Pezeşkian 16 milyondan çox (55,36%) səs toplayaraq ölkənin 14-cü prezidenti seçildi. İranın Mərkəzi Seçki Qərargahının açıqlamasına əsasən, səsvermədə 30 milyon 530 mindən çox seçici iştirak edib. İslahatçı Pezeşkianın prezidentlik müddətində ölkənin daxili və xarici siyasətində hansı yeniliklərin, dəyişikliklərin olacağı suallar doğurur.

İran Azərbaycanla yaxın qonşu, eyni zamanda tarixi bağları olan ölkədir. İki dövlət arasında xeyli müddət davam edən gərginlik də nəzərə alınsa, Bakı-Tehran münasibətlərinin necə inkişaf edəcəyi əlbəttə ki, maraq doğurur.

Əslində Azərbaycan hər zaman İranla münasibətlərin yüksək səviyyədə olmasına önəm verib. Qonşu dövlət kimi Tehranla xoşməramlı münasibətlərdə maraqlıdr. Qeyd etdiyimiz gərginlik də məhz İranın düzgün hesablanmamış siyasətinin nəticəsi idi.

Azərbaycan Prezidenti İlham Əliyev İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkiana iyulun 6-da ünvanladığı təbrik məktubunda, iyulun 9-da isə telefon zəngi zamanı Bakının iki ölkə arasında ortaq dini-mədəni köklər, dostluq və qardaşlıq kimi möhkəm təməllər üzərində qurulmuş münasibətlərə böyük əhəmiyyət verdiyini qeyd edib. Dövlət başçısı vurğulayıb ki, bu gün qarşılıqlı hörmətə və mehriban qonşuluğa əsaslanan Azərbaycan-İran əlaqələrinin gələcək inkişaf istiqamətlərinə dair əldə edilmiş razılaşmalar, icra olunan birgə layihələr ölkələrimizin rifahına, bütövlükdə regionun davamlı inkişafına və təhlükəsizliyinə xidmət edir.

Telefon zəngi zamanı Məsud Pezeşkian göstərilən diqqətə və təbrikə, həmçinin Prezident seçilməsi münasibətilə dövlətimizin başçısının daha əvvəl göndərdiyi məktuba görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. İran Prezidenti gələcəkdə də ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini deyib.

Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Məsud Pezeşkianı ölkəmizə səfərə dəvət edib. Dəvəti məmnunluqla qəbul edən İran Prezidenti dövlətimizin başçısına minnətdarlığını bildirib və öz növbəsində, Azərbaycan Prezidentini İran İslam Respublikasına rəsmi səfərə dəvət edib. Dövlətimizin başçısı bu dəvəti məmnunluqla qəbul edib.

İranla Azərbaycan arasında gərginliyin artıq geridə qaldığını və iki ölkənin münasibətlərində yeni mərhələnin başlandığını demək mümkündür. Əslində bu ilin mayında Azərbaycan ilə İranın dövlət sərhədində Prezident İlham Əliyevin və mərhum Prezident Seyid İbrahim Rəisinin görüşü münasibətlərin bərpası, yeni mərhələnin başlanmasında mühüm addım oldu.

Mərhum Rəisi bəyan etmişdi ki, Azərbaycanın uğurunu, nailiyyətini öz nailiyyətimiz bilirik: "Bizim Azərbaycanla münasibətlərimiz, bağlılığımız təkcə qonşuluq bağlılığı deyil, aramızda qəlb bağlılığı, tarixi bir bağlılıq və kök bağlılığı var. Bu, tarixi bir hadisə, yəni iki ölkə, iki xalq arasında tarixi bir hadisənin əsası olacaq və bu, tarixə də həkk ediləcək".

Görüşdən sonra Araz çayı üzərində inşa edilmiş "Xudafərin" hidroqovşağının istismara verilməsi və "Qız Qalası" hidroqovşağının açılış mərasimi keçirilib ki, bu layihələr də iki ölkənin münasibətlərində mühüm rol oynayır. Ümumiyyətlə Azərbaycan-İran iqtisadi, o cümlədən, nəqliyyat-logistika sahələrində əməkdaşlığın inkişafı üçün potensial imkanlara malikdirlər.

Münasibətlərin yeni mərhələdə inkişafında Azərbaycanın İrandakı səfirliyinin fəaliyyətini bərpa etməsi də əhəmiyyətli rola malik olacaq. İranın Xarici İşlər Nazirliyinin Avrasiya Baş İdarəsinin rəhbəri Müctəba Dəmirçilu bildirib ki, Azərbaycanın Tehrandakı səfirliyinin yaxın 15-20 gün ərzində fəaliyyətini bərpa edəcəyi gözlənilir.

Mövzu ilə bağlı danışan Milli Məclisin deputatı Vüqar İskəndərov deyib ki, İran və Azərbaycan münasibətləri qədim tarixə söykənir: "İran cənubda bizim yaxın qonşumuzdur, böyük dövlətdir. Azərbaycan və İranı bir çox vacib tellər bir-birinə bağlayır. Bu, qədim köklərdir, din əlaqələridir, ortaq mədəni dəyərlərdir. İllərdir ki, bu tarix yaşayır. Münasibətlərimiz həmişə rəvan olmasa da, çox vacib məqamlarda bu iki dövlət bir çox məsələlərdə ortaq məxrəcə gələ biliblər, anlaşıblar. Son illərdə İranla bir çox məsələlərdə siyasi proseslər və s. narahatçılıqlar da baş verdi. Bu, səfirliyimizə qarşı olan terror hərəkətləridir. Qarabağ məsələsində İranın mövqeyi və digər məsələlər var idi, amma dövlət ənənələri və əsasən də, Azərbaycan Prezidentinin uğurlu xarici siyasəti, təmkini, qətiyyəti vacib anlarda çox doğru, düzgün qərarlar verməsi, İran siyasi rəhbərliyinin də belə məsələlərdə anlayışlı olması təbii olaraq bizi çətin sınaqlardan daha üzü ağ çıxardı. Helikopter qəzasında həlak olan İran Prezidenti ilə sərhəddə cənab Prezidentin görüşü, orada çox tarixi qərarların alınması düşünürük ki, hər iki ölkənin perspektiv planlarında, qarşılıqlı həm siyasi, həm iqtisadi əlaqələrimizə yeni təkan verə biləcək. Bir neçə gün əvvəl Məsud Pezeşkianın İran Prezidenti seçilməsi əlaqələrimizdə yeni dövrün başlanğıcı kimi də qeyd oluna bilər. Cənab İlham Əliyev öz təbrik məktubunda İranın yeni seçilmiş Prezidentinə iki ölkə arasındakı münasibətlərin dərin kökləri barəsində fikir söyləməsi, çox vacib məsələlərin həllində ortaq məxrəcə gəlinməsi və bir çox vacib iqtisadi-siyasi, hərbi məsələlərdə çox yaxın və yaxşı qonşuluq əlaqələrimizin inkişaf etdirilməsi, bölgədə sabitliyin əldə olunması üçün hər iki ölkənin belə məsələlərdə həssas yanaşması düşünürük ki, ortaq dəyərlərimizin də olduğunu göstərir. Pezeşkianın seçki öncəsi verdiyi vədlərdə həm İran üçün, həm qlobal siyasət üçün, həm bölgəmiz üçün çox müsbət irəliləyişlər olacağına işarə verib. Təbii olaraq məsələ zamanla daha aydın bilinəcək. Amma əsas odur ki, iki ölkə arasındakı soyuq münasibətlər son zamanlar istiləşməyə başlayıb. Bir çox məsələlərdə, bir çox işlərdə çox yaxşı irəliləyişlər əldə olunub. Hətta iki ölkənin hərbçiləri ortaq təlimlər də keçirdilər. Qonşu ölkələr olaraq bir çox ortaq dəyərlərimizin olması bizi daha çox bir yerdə olmağa, daha çox bölgənin taleyi ilə bağlı olan məsələlərdə biganə qalmamağa, dəyərləri bölüşməyimizi özündə ehtiva edir. Düşünürük ki, Azərbaycan və İran münasibətləri zaman ötdükcə daha da inkişaf edəcək, strateji dostluq əlaqələrimiz günbəgün artacaq".

 

Pərvanə  

525-ci qəzet .- 2024.-12 iyul,№121.-S.5.