Müasir və Orta əsrlərdəki Yaponiya  

 

 

Yaponiya elə bir cazibədar ölkədir ki, onun bugünkü özünəməxsus gözəlliklərini görmək, bir qədər fərqli sivilizasiyasını dərk etmək, 1960-cı illərdən sonra qazandığı nailiyyətləri ilə tanıış olmaq nə qədər maraq kəsb edirsə, keçmişinə nüfuz etmək, yüz illər bundan əvvəl mövcud olan həyat fəlsəfəsini, mənəvi prinsiplərini, ümumiyyətlə mədəniyyətini öyrənmək də bu ölkəyə ən azı hörmətlə yanaşan adam üçün heç də az əhəmiyyət kəsb etmir.

Sakit okean adalarında yerləşən həmin ölkə ilə tanışlığımız müxtəlif siyasi səbəblər ucbatından, əslində, fraqmentar xarakter daşımış, qədim tarixə malik olan yaponlar barədə təsadüfən ələ düşən materiallardan istifadə etməklə maraq yanğımızı az-çox söndürməyə çalışmışıq. Sistematik və obyektiv biliklər qazanmaq üçün tutarlı mənbələrə malik olmadığımızdan, nisbətən az sayda olan məlumatlarla kifayətlənməli olmuşuq. Lakin bu, heç də marağın azalmasına səbəb olmamış, öz həyat tərzi ilə başqa planeti andıran ölkəyə dərindən nüfuz etmək ehtiyacı daha da güclənmişdi. Rus dilinin köməyi ilə Yaponiya ilə belə ardıcıl xarakter daşımayan tanışlıq mövcud olduğu dövrdə ondan bəhs edən hər kitabı və ya məqaləni acgözlüklə oxuyurduq. Rus yazıçısı İvan Aleksandroviç Qonçarov 1852-ci ildə Sankt-Peterburqdan gəmi ilə yola düşərək Yaponiyaya gəlib çıxmış, yol qeydlərini üzdüyü gəminin adına müvafiq olaraq "Pallada freqatı" adlı kitabında təsvir etmişdi. Ölkə müəllifdə nə qədər böyük təəssürat yaratsa da, səyahətçinin xatirələri səthi müşahidə xarakteri daşıyırdı, bu yad diyara onun lazımınca nüfuz edə bilmədiyini göstərirdi. XX əsrin 70-80-ci illərində bir-birinin ardınca Vsevolod Ovçinnikovun "Sakura budağı", məşhur televiziya jurnalisti Vladimir Tsvetovun "Ryoandzi bağı" əsərləri çapdan çıxdı, onlar kütləvi oxucunun Yaponiya barədə maariflənməsinə kömək etməklə yanaşı, ölkə haqqında həqiqətə daha yaxın olan biliklər almağa şərait yaratdı. Yaponist alimlərin əsərləri isə sırf elmi xarakter daşıdığından elə bir populyarlıq qazana bilmirdi.

Bəzi müəlliflər isə ideoloji cəhətləri əsas götürərək, əsərlərini oxucu üçün az əhəmiyyət daşıyan məsələlərə həsr edirdilər. Konstantin Simonov 1946-cı ildə bir neçə ay ərzində Yaponiyada ezamiyyətdə olmuş, kitabını ölkəyə, xalqa deyil, buradakı mədəniyyətin kiçik bir hissəsini təşkil edən bədii keramika nümunələrinə, dulusçuluq sənətinə həsr etmişdi. Uzun müddət hərbi jurnalist kimi müharibənin dəhşətlərini yaxından müşahidə edən yazıçı yaponlarda onu heyrətləndirən bir cəhəti qeyd edir: rusların və digər slavyan xalqlarının nümayəndələrinin, müharibə başa çatanda aclıqdan əziyyət çəkən almanların taqətdən düşən kimi, cansız göründükləri ilə müqayisədə, bəlkə də, daha ağır bəlalara düçar olmuş yaponların görkəmində dözülməz həyat tərzinin nişanələrini görmədiyini qeyd edir və belə qənaətə gəlir ki, bu da yəqin ki, onların daim arıq, yığcam bədənə malik olmaları ilə əlaqədardır.

Jurnalist Ovçinnikovun kitabında bu ölkəni özləri üçün fəth etməyi bacarmış görkəmli şəxsiyyətlərin mülahizələri verilmişdir və rəngarəng fikirlər az qala həsr olunduğu ölkənin mənzərələrini əks etdirən rəsmlər albomuna bənzəyir. Müəllif, tətil etdiklərinə görə dərin şaxtanı tərk etməyən mədənçilərin arvadlarının öz ərlərinə həmrəylik naminə onların iş yerlərinə gəlib, bekar dayanmamaq xatirinə vaxtlarını gül dəsti-ikebana düzəltməyə sərf etdiklərini yazır. Burada iki cəhət diqqəti cəlb edir, həmin qadınlar gözəlliyə sitayiş etdiklərini belə çətin anda da büruzə verirlər, digər tərəfdən işsiz dayanmağı, vaxtlarını boş keçirməyi özlərinə rəva bilmirlər. Tsvetov isə əslində şəhər-muzey xarakteri daşıyan Kiotoda yerləşən məşhur daş bağını təsvir edir. Tennis meydançası boyda olan kiçik bir ərazidə yerləşən bu parkda səthi hamarlanmış, dırmıqlanmış qumda azacıq basdırılan on beş daş vardır və onlar beş qrupa bölünmüşdür. Onlara üç tərəfdən baxdıqda (parkın bir tərəfini divar kəsir) yalnız on dörd daş görünür. Bu, sadəcə tapmaca deyildir, yaponların düşüncə tərzinə, onların fəlsəfi təfəkkürlərinə uyğundur.

Əlbəttə, avropalılar mübahisə edə bilərlər ki, Romadakı (Vatikandakı) Müqəddəs Pyotr kilsəsinin qarşısındakı, böyük italyan memarı və heykəltaraşı Lorentso Bernininin dühası ilə XVII əsrin ortalarında  yaradılmış meydanı əhatəyə alan ikitərəfli yarımdairəvi kolonnada- sütunlar sırası dördqat yoğun daş sütunlardan ibarətdir və meydanın ortasından baxdıqda sütunların yalnız biri - qabaqda olanı gözə çarpır, qalanları isə onun arxasında görünmür, elə bil ki, qeybə çəkilir. Ümumiyyətlə, bazilikanın qarşısındakı meydan-kilsənin portalı  böyük arxitektura şedevri olmaqla, qiymətli sənət əsəri təsəvvürünü yaradır. Dahi Bernini onu 30 min adamın dayanması üçün kilsənin simvolik qıfılın açar deşiyi şəklində yaratmışdır. Meydanın nisbətən iri qapısından kareta keçə bildiyi halda, nəhəng sütunların arasından adamlar keçib meydana girə bilərdi. Meydana daxil olduqda bazilikaya aparan pilləkənlər görünür, meydanın ortasında icə b.e. I əsrinin ikinci rübündə Misirdəki Geliopolisdən gətirilmiş uca obelisk ucalır. İndi də bazar günləri gündüz saat 2-də meydan dindarlarla və turistlərlə dolur, bu vaxt Apostol sarayından açılan pəncərədə Roma Papası görünür və o, aktual məsələ barədə xalqa müraciət edir. Kiotodakı park kimi Berninin yaratdığı meydanda da fəlsəfi təfəkkürün sirli olması mühüm rol oynamışdır və qəribə mənzərədən heyran qalan tamaşaçını hökmən düşünməyə məcbur edir.

 Ryoandzi parkında isə haradan baxsan da, daşın elə bil ki, biri öz real mövcudluğunu itirir, bu tapmacanı həll etmək mümkün olmur. Burada təsvir olunan səhnə dənizdəki hansısa qayalı adacığı andırır. Bağ barədəki təsəvvür isə onunla təmasda olduqda, birinci növbədə bu müəmmaya qeyri-iradi heyranlığa əsaslanır. Üstəlik, burada sakral assosiasiya yaranır, müqəddəs simvollar poetik düşüncələr əmələ gətirir. Ümumiyyətlə, yapon bağ memarlığında daşlara pərəstiş mərkəzi mövqe tutur.

Yapon bağları bizim təsəvvürlərimizdən kəskin surətdə fərqləndiyinə, Avropaya və Amerikaya böyük təsir göstərdiyinə görə daha ciddi olan diqqətdən kənarda qalmamalıdır. Klassik yapon bağının estetikası bütövlükdə Çinin IX-XII əsrlərdəki bağ sənətindən yaranmışdır. Onun əsasında isə klassik Çin peyzaj rəssamlarının tablolarını yaratmaq məqsədi dayanır. Belə bağın gözəlliyi dörd elementdən yaranır, bunlar su, yerin relyefi, yaşıl bitki və arxitektura qaydasında tərtibatdır. Su gölməçə tipində olmaqla, onun klassik forması oval şəklində olmasıdır. Gölməçə elə şəffaf olmalıdır ki, onda sahillə birlikdə adacıq aydın əks olunsun. Sahildə isə kiçik köşk və salxım söyüd ağacları vardır.

Bundan əlavə, sürətlə dağdan aşağı enən və köpüklənən su axını və şəlalələr düzədilirdi. Xüsusilə qiymətli cəhət o hesab olunurdu ki, bağ dağ fonunda yerləşsin, oradan təbii və süni şəlalələr tökülsün. Adacıq adətən süni qaydada üst-üstə yığılmış daşların olduğu tökmə təpəcik şəklində olurdu. Belə təpəciklər sahildə də mövcud idi. Klassik Orta əsr bağındakı bitkilər sırasına ancaq çiçəklənməyən kollar və ağaclar daxil idi, axırıncılar da hökmən həmişəyaşıl, budaqları qəribə şəkildə əyilmiş yapon şamı olmalı idi. Bağda heç bir çiçəyin olmasına icazə verilmirdi, beləliklə, rəng qamması olduqca kasad və ciddi olurdu - şamların tünd yaşıllığı, sarı rəngə çalan qum, açıq su, mamırla örtülmüş boz daşlar. Adacıq kifayət qədər böyük olsa, onun özündə, yaxud da sahildə hökmən söhbət köşkü olmalı idi ki, buradan şəffaf sudakı əks olunanlara və ya dağdan ağ köpüklə aşağı enən su axınına heyranlıqla tamaşa etmək mümkün olsun.

Belə bağın gözəlliyi əsasən xətlərin məharətlə seçilməsi və bəzən hətta özünün simvolik harmoniyası hesabına meydana gəlirdi. Bu xətlər hissələrin ciddi mütənasibliyinə - ağacların düzümünə, şamın əyriləndirilmiş budaqlarına, qəribə formalı daşlara, gölməçənin parlaq səthinə əsaslanırdı. Əlbəttə, belə bağlar fasilə verməyən qulluq tələb edirdi, çünki yerində bitməmiş kol, azacıq yerindən təsadüfən oynamış daş - bütün bunlar həmin xətlərin şərti harmoniyasını poza bilərdi.

Sonralar digər növ estetikanın təsiri altında yapon bağlarının sərt sadəliyi pozulmağa başladı. İlk pozuntu bu bağlara çiçəklənən ağacların daxil olması idi. Axı Yaponiyada çiçəklərə məhəbbət geniş yayılmışdı, yabanı albalının - sakuranın çiçəkləməsi, demək olar ki, ümummilli bayram hesab olunur. Yaponlar çiçəklənən albalıya, qlisinə, xrizantemeya baxmaq üçün xüsusi olaraq parklara gedirlər və bu milli bayram tədbiri hətta "hanami" - "çiçəklərə baxıb həzz almaq" kimi xüsusi ad qazanmışdır.

Bütün bu "seyr etmələr" demokratik qaydada şeir qoşmaq tək, çox geniş yayılmışdır. Şeir qoşmaqla isə yaponların ən müxtəlif sosial zümrələrinin nümayəndələri məşğul olurlar. Yaponların XX əsrin əvvəllərində Kaliforniyaya gəlib, orada məskunlaşmasından bəhs edən "Golden hill" - "Qızıl təpə" povestində bu xalqın amerikanlardan tam fərqli olan məişət və davranış qaydaları geniş təsvir edilməklə yanaşı, Yaponiyada uşaqdan tutmuş ahıl yaşlı adamlara qədər hamının şeir yazdığı bildirilir, ölkədə əvvəlcə məhəllələrdə, sonra rayonda, şəhərdə, nəhayət, bütün ölkə üzrə ümummilli yarışlar keçirilir. Orta əsrlərdə üç sətirli, on yeddi hecalı hayku (və ya hokku) və renqa (haykay poeziyası da adlanır) yazmaq xüsusən geniş yayılmışdı. Əgər hayku 5-7-5 hecalarından, üç sətirdən ibarət idisə, buna iki yeddi hecalı sətir əlavə olunduqda onlar birlikdə 31 hecadan ibarət "tanka" şeir növünü əmələ gətirir. Bu sonluğa ikinci başlanğıc yazılır, bu başlanğıcın isə özünün sonu olur. Beləliklə, bu zəncirdə hər başlanğıc iki sonluğa, hər sonluq isə iki başlanğıca malikdir. Bu zəncir də renqa adlanır. Şeirə ümumi vurğunluq sərgərdan poeziya müəllimlərini meydana gətirmişdi, onlar şəhərdən şəhərə, kənddən kəndə keçib öz müştərilərinə hayku yazmağı öyrədirdilər, buna görə haqq alır və ya sadəcə olaraq daldalanmağa məkan və qida əldə edirdilər.

Assosiasiya və simvolizm yapon bağının yaranmasında və qiymətləndirilməsində başlıca rol oynayır. Landşaftın miqyasının bağ ölçüsü səviyyəsində kiçildilməsi məntiqi olaraq elə bir nöqtəyə gətirib çıxardı ki, bu vaxt məcməilərdə miniatür bağlar düzəldilməyə başlandı. Onlar bir kvadrat fut ölçüdə olmaqla torpaq üzərindəki bağlar kimi gölməçələrdən, su axınlarından, adalardan, təpələrdən, körpülərdən, bağ evlərindən və real ağaclardan ibarətdir. Bu ağaclar inadkarlıqla nəzərdə tutulan ölçülərdə becərilir,  miniatur ağaclar olmaqla, onlar "bansay" adlanır. Bu kiçik, səyyar bağlar Şərq bağçılığının rəsm ənənəsindəki xüsusiyyətini əks etdirir. Yapon bağları Qərbə də öz nəcib təsirini göstərmişdir, xüsusən Birləşmiş Ştatlarda onlar geniş yayılmışdır.

 

(Ardı var)

Telman ORUCOV

525-ci qəzet .- 2024.-13 iyul,№122.-S.22.