Osmanlının
göz bəbəyi: Qapalı çarşı
Ən qiymətli ləl-cəvahirlər burada
satıldı, qızıldan xarüqələr
yaradıldı, yunlar toxundu, parçalar kəsildi, ipəklər
satıldı, sikkələr ödəndi, bu gün avronun,
dolların meydan oxuduğu bu yerdə. Gündən-günə,
aydan-aya, ildən-ilə, əsrdən-əsrə buradakı
dükanlar əl dəyişdirdi. Həm şərqdən, həm
də qərbdən tacirlər gəlib-getdilər. Ustalar daha
da ustalaşdılar, usta olmayanlara iş öyrətdilər,
şəyird yetişdirdilər. Təkcə iş
görülmədi, qazanc arxasınca qaçmadılar. Şəhərin
xeyir və şər işləri haqqında xəbərlər
də burdan yayıldı hər tərəfə, saray
xanımları ilə bağlı hərarətli dedi-qodular
burada edildi, cehizlik almaq adı ilə gəldilər,
"filankəs bəy ilə filankəs xanımın"
gizli-gizli görüşdüklərini asta səslə
pıçıldayaraq ağızdan-ağıza yaydılar.
Ay parçası kimi gözəl, iffətli qızların
kimə arvad olacaqlarının söhbəti buralarda
açıldı, taleləri burada həll edildi. Padşahlar
qiyafə dəyişib xalqın arasına buralarda
qarışdılar, necə yaşadıqlarını, nə
düşündüklərini, nə eləmək istədiklərini
öyrəndilər. Artıq-əskik danışan neçə-neçə
boyunların vurulmağına burada qərar verildi. Ticarətin,
tacirlərin, gildiyaların ürəyinin
döyündüyü yer oldu. Elə indi də qiymətlidir.
Düzü, indi boyunlar vurulmur, ərə verilib, evləndirilmə
işlərinə baxılmır. Amma dedi-qodular var
gücü ilə hökm sürməyə davam edir.
Qapalı çarşı əfsanəsi
Dünyanın ən qədim və ilk böyük
ticarət mərkəzlərindən biri, görməyin
mütləq olduğu bənzərsiz abidələrdən
olan Qapalı çarşıdan bəhs edirəm.
Qarmaqarışıqdır, baş gicəlləndiricidir,
düşündürücüdür və sırf buna
görə, insanda nəhəng labrintə daxil olmuş kimi
hiss yaradır. İç-içə keçmiş bu yerdə
adam az qalır özünü itirsin. Ancaq itirsən də,
tapdığın yer elə də uzaq deyil,
çarşının hər hansısa bir qolu olur.
İçəri turist və yerli əhali ilə doludur.
Düzü, yayın cırhacırında çarşının
bu qədər dolu olacağını
düşünmürdüm. Amma bura sözün əsl mənasında
qaynayır. Daş-qaşlar vitrinlərdə alışıb
yanır, qızılların ölçüsü qramla
deyil, deyəsən, kilo ilə hesablanır. Bəzi
qızılların həddən artıq böyük
olmağı belə düşünməyimə əsas
verir.
Altmış dörd küçəyə
çıxışı olan ticarət mərkəzi
Qapalı çarşının nə az, çox,
düz altmış dörd küçəyə
çıxışı var. Bu isə buranın nə qədər
böyük olduğunu bir daha isbat edir. Eyni zamanda on altı
karvansarayı, Bəyazit, Fəsçilər, Sahaflar,
Kürkçülər, Nuriosmaniyə, Mahmutpaşa, Mərcan,
Tacirlər və s. kimi iyirmi dörd böyük
qapısı, dörd minə yaxın dükanı ilə
möhtəşəm abidədir. Çarşının
1461-ci ildə Sultan Fateh Mehmet dönəmində qurulduğu hər
kəsə məlumdur. Ancaq əsl böyümə dönəmi
Qanuni Sultan Suleyman dövründə baş tutur və Sultan tərəfindən
taxtadan inşa edilir. İmperatorluq dövründə
"Çarşı-i Kəbir", yəni
"Böyük çarşı" adlanırdı.
Osmanlı İmperatorluğu zamanında mücəvhər,
qiymətli daş-qaşlar, kürklər, silah kimi dəyərli
əşyalarla bərabər, dövlət xəzinəsinin
böyük qismi Qapalı çarşıda qorunub
saxlanırdı. Yəqin buna görə, Övliya Çələbi,
"Səyahətnamə"də buradan böyük,
güclü qala kimi bəhs edir. Haqlıdır, o gücü,
o əzəməti, o sarsılmazlığı indinin
özündə də hiss edə bilirsən. Ancaq bu o demək
deyil ki, "qala" fəlakətlərdən yan qaça
bilib.
Onlarla yanğın, zəlzələ və bənzər
hadisələrə təslib olub, bu səbəbdən yenilənmələrə,
hər yenilənmədə əlavələrə məruz
qalıb. Bəzi yerlərdə uğursuz restavrasiyaları
aydın şəkildə görmək mümkündür.
Sadəcə içəridə o qədər çox səs-küy,
o qədər basırıq var ki, dayanıb həmin
detalların üzərində düşünməyə
fürsətin olmur. Dayandığın anda
satıcıların hərəsi bir tərəfdən səslənir,
mal satmaq, müştəri cəlb etmək üçün.
Yeri gəlmişkən, çarşıya daxil olduğun
andan etibarən, qəhvə içmək üçün
dükanlara dəvət edirlər, hər qapıdan möhtəşəm
türk ləzzəti olan lokumlar uzadılır, o qədər
isti, səmimi şəkildə olur ki, bu təklifləri geri
çevirməyə utanır insan. Fərqi yoxdur
alıcısan, yoxsa çarşıya gəzmək
üçün gəlmisən... Açığı,
durmadan artan qiymətlərə görə, şəhərdə
demək olar ki, bu cür təkliflər yox səviyyəsinə
çatıb. Gedib yemək yesən, min manat hesab ödəsən
də, axırda içdiyin bir stəkan çayın pulunu da
verməlisən. Təbii ki, əvvəl belə deyildi.
"İkram etmək" türkiyəlilərə məxsus
ciddi kültür idi, təəssüf ki, indi o da yox səviyyəsindədir.
Osmanlı kültürü
Gəzərkən Osmanlı kültürünün
izlərini hər küncdə görmək
mümkündür. İmperatorluq dönəmində şərqdən,
qərbdən və yurdun müxtəlif yerlərindən
parça, geyim əşyaları buraya gətirilirdi. Sərvət,
qızıl, mücəvhərlər burdakı anbarlarda
saxlanır və satılırdı. Bu baxımdan
çarşı İmperatorluğun sosial, mədəni,
iqtisadi baxımdan döyünən ürəyi
sayılırdı.
İçərisində son əsrlərə qədər
beş məscid, bir məktəb, yeddi çeşmə, on
quyu, on yeddi karvansaray, bir fəvvarə vardı. Bu gün
bunların hamısını görmək mümkün deyil.
Məsələn, o karvansarayların ilk günkü görkəmini
itirməyənlərindən biri Zincirlidir. Hər tərəfindən
qalın zəncirlər sallanan, ortasında özü boyda
şabalıd ağacı olan ikimərtəbəli bu
karvansarayda qızıl atelyeləri mövcuddur. Müsəvilər,
ermənilər hələ də burada işləyən ən
qiymətli ustalar hesab edilir. Əl əməyinin, göz
nurunun töküldüyü yerdir buralar.
Bütün dükanlar eyni ölçüdə
inşa edilib, çünki o vaxtlar tacirlər arasında rəqabət
qəti şəkildə qadağan idi. Qırx beş min metr əraziyə
sahib olan çarşının damı qurğuşunla
örtülüdür və üstü saysız qübbə
ilə doludur. Hər dövrdə səyyahların qeydlərində,
yazıçıların romanlarında, şairlərin
misralarında, rəssamların tablolarında nağıl kimi
əksi və bəhsi keçən Qapalı
çarşı bu günün özündə belə
aktuallığını itirmir.
563 illik tarix
Sultanəhməd bölgəsində yerləşən
bu abidə tarix boyu memarlığı, çalarları ilə
hər kəsi heyran etməyi bacarıb. Bura sadəcə
alış-veriş mərkəzi deyil, eyni zamanda
keçmişə - 563 il geriyə aparan zaman tunelidir. Tarix
boyu bir çox mədəniyyətlərə ev sahibliyi
etmiş bu kültür xəzinəsi, ziyarətçilərə
qədim izləri təqib etdirərək köhnə ticarətin
modern ticarətə necə çevrildiyini görmə
fürsəti verir. Əslində çarşının
inşa edilməsindəki məqsəd, Fateh Sultan Mehmet
dönəmində şəhərdəki ticarət fəaliyyətlərini
bir yerdə cəmləşdirmək, kontrol altına almaq
olub. Lakin qısa müddətdə şəhərin ən
önəmli ticarət mərkəzinə çevrilib.
Görünən odur ki, Sultan Mehmetin iti ağlı,
atdığı digər addımlarda olduğu kimi,
çarşı layihəsinin da belə uğurlu
olacağını hesablayıb. Özü də ilk dəfə
Cəvahir adı altında kiçik bazar kimi yaradılıb.
Nəhəngləşməsi Sultan Süleymanın dönəmində
başlayıb.
Qübbəli ticarət mərkəzi
Qapalı çarşı, klassik Osmanlı
memarlığının ən gözəl örnəklərindən
birini təmsil edir. Elə təkcə Bəyazit, Nuriosmaniyə
və Mərcan qapılarından keçmək, insana
Osmanlı dönəminin möhtəşəmliyini hiss
etdirir. Dükanlar qübbəli və tağlıdır,
tavanlar xüsusi işləmələrlə bəzənib. Hər
dükan içərisində sənət əsərini
ağıla gətirən ayrıntılarla doludur. Taxta
işləmələr, daş oyuqlar, rəngli şüşələrlə
inşa edilən dükanlar, Osmanlı sənətkarlarının
ustalığını gözlər önünə sərir.
Çarşı içindəki küçələr məhsul
qruplarına görə müəyyənləşir. Məsələn,
qızıl küçə, ədviyyatçılar
küçəsi, xalçaçılar küçəsi,
parçaçılar kimi... Bu da insanlara axtardığını
asanlıqla tapmağa kömək edir.
UNESCO-nun gözlədiyi yer
İmperatorluq dünyaya hökm etdiyi əsrlər boyu
daxilində böyük dəyişiklilər oldu, uğurlar və
uğursuzluqlar yaşadı, çöküşlər
gördü, yenidən zirvəyə ucaldı, çox
böyük layihələr həyata keçirdi, amma bu
gün onların çoxundan əsər-əlamət yoxdur.
Ona görə də Qapalı çarşının göz
bəbəyi kimi qorunması vacibdir. Əslində UNECO-nun
Qapalı çarşı planı olub. Əgər Türkiyə
çarşı ilə bağlı təşkilata müraciət
etsə, mədəni irs kimi qorunmağa alacaqlar. Hətta illərdir
Türkiyədən UNESCO-ya müraciət edilməyi gözlənən
tək yerin Qapalı çarşı olduğu bildirilir. Lakin
bu müraciət niyə edilmir, o, bəlli deyil.
Türkan TURAN
525-ci qəzet .- 2024.-13 iyul,№122.-S.21.