Vətən uğrunda söz

ŞAİRƏ KAMALƏ ABİYEVANIN DOĞUM GÜNÜNƏ

 

Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkədə ictimai-siyasi ab-havanın dəyişməsi nəsrimizin və poeziyamızın istiqamətinə və mövzusuna da ciddi təsir göstərdi. Azərbaycanın tanınmış yazıçılarının dövrün mənzərəsini əks etdirən müxtəlif janrlı nəsr əsərləri dərc olunmağa başladı. Şəhidlik, köçkünlük, savaş, eyni zamanda, bütün ağrısı ilə poeziyamıza da inikas etdi. "Müsəllah əsgər" olan şairlərimiz qələmlərini "süngü"yə çevrdilər. Belə qələm adamlarından biri də tanınmış şairə Kamalə Abiyevadır. "Vətən adlı nəğməyə möhtac" olan şairə Kamalə Abiyevanın "həyatının mənası", yaradıcılığının aparıcı mövzusu vətəndir:

 

Azərbaycan - gözlərimin qarası,

Azərbaycan - həyatımın mənası.

Nə deyim ki, layiq olsun vəsfinə,

Ey Vətənim, anaların anası!

 

Vətən və vətəndaşlıq hər zaman K.Abiyevanın aparıcı mövzularından biri olub. Bu mövzuda yeni söz demək istəyi hər bir şairin intellektindən, dünyagörüşündən, ən əsası isə torpaq, yurd, Vətən sevgisindən qaynaqlanır. Vətən haqqında o qədər deyilib, o qədər yazılıb ki, yeni söz demək xüsusi istedad tələb edir. İstedadlı şairə Kamalə xanım Abiyeva yaradıcılığının xüsusi məziyyəti onun Vətən mövzusuna özünəməxsus poetik yanaşmasıdır. Kamalə xanımın Vətənə, torpağa olan sevgisinin ifadəsi yenidir: "Torpağını geyinərəm əynimə". Bu ifadə poeziyamıza Kamalə xanımla ayaq açıb desək, yanılmarıq. Vətənin qəlbinə dəyən olsa, Kür-Arazı könlünə axıdıb Xəzəri məlhəm edər:

 

Torpağını geynərəm əynimə,

Kür-Arazı axıdaram könlümə,

Xəzərimi məlhəm edib gələrəm,

Ey Vətənim, dəyən olsa könlünə!

 

Vətənimizin bütövlüyü uğrunda gedən savaşda qəhrəman oğullarımız torpağı Vətən etmiş, şəhidlik zirvəsinə yüksələrək dastanlaşmışlar. Belə Vətən oğulları Kamalə xanımın poeziyasında ən uca məqamdadır.

Deyirlər ki, şeir yazmaq Allaha sitayiş, Allaha dua etmək kimi bir şeydir. Kamalə xanımın şeirləri bütövlükdə Vətənə, şəhidlərimizə, şəhid analarına sitayişdir, duadır. Kamalə xanım şəhidlərimizə müraciətlə yazır:

 

Sənə də, mənə də anadır igid

Vətən dediyimiz bu Azərbaycan.

Heyf, əvəzinə ölə bilmədim,

Sən anana qurban, mən sənə qurban.

 

Həssas notlarla davam edən K.Abiyeva şəhidliyi "səadət" olaraq dəyərləndirir. Vətən torpağının hər qarışında şəhidlərin nəfəsinin gəzdiyini vurğulayır:

 

"Hər qarış torpaqda gəzən nəfəsin

"Haqqını halal et" deməyin deyirş

Həkəri çayına qarışan səsin

Haqqımı Vətənə vermişəm" deyir.

 

Haqqımı qoruyun, tapdalanmasın,

Qoruyun siz Vətən əmanətini

Elə qoruyun ki, canı yanmasın

Qoruyun Şəhidlik səadətimi...

 

Göründüyü kimi, Kamalə xanımın vətən-torpaq nəfəsli şeirlərində torpağa və şəhidə münasibət müqəddəsdir, ülvidir. "Şəhidlərə məktub" yazan şairənin duyğularında qürurla nisgil paraleldir. Torpaq əsarətdədirsə, Vətən şəhiddir. Torpaq əsarəti qədər şəhid dərdi də çəkilən deyil, bu ağrıyla yaşamaq, bu ağrını daşımaq olmur:

 

Torpaq əsirdisə, Vətən şəhiddi.

Bu boyda ağrıyla yaşamaq olmur.

Ey Vətən yolunda şəhid igidim,

sənin ağrını da daşımaq olmur.

 

Şəhidlərin müqəddəs ruhlarının hər zaman "vətən zirvəsində dolaşdığını" vurğulayan şair özünü halalıq ala bilmədiyi şəhidlərin önündə borclu sayır. Torpağın altında yatan şəhidlərin ruhu yüksəklərdə "Vətən zirvəsindədir." O, "Vətəndən halallıq alan igidlər"ə müraciətlə yazır:

 

Vətəndən halallıq alan igidim

sən elə xoşbəxtsən, elə xoşbəxtsən.

Mən səndən halallıq ala bilmədim

Ömürlük önündə borclu qaldım mən.

 

K.Abiyeva anaları da unutmur. Axı şəhidi dünyaya gətirən anadır. Başını şəhid anasının sinəsinə qoymaq istəyir. Ziddiyyətli hisslərə bürünən şair şəhid anasını inciyəcəyindən ehtiyat edir. Ananın qəlbindəki ağrıları duyub özünün öz gözündən düşəcəyindən qorxur. Şəhid anasını təsəlli etməyə söz tapa bilmir, üzünə baxmağa gözü utanır. Çünki bala yarasının sağalmaz olduğunu bilir, yalan söz deməyə utanır. Nə söyləsə də, övlad həsrətinə hörülmüş ananı bu həsrətdən sökə bilməyəcəyini bilir:

 

Təsəlli etməyə söz də tapmıram,

dilimdən asılır sözüm utanır.

Baxışım hər yanı dolansa belə

üzünə baxmağa gözüm utanır.

 

Bu anaların məğrur duruşları ilə yurdu yaşatdıqlarına diqqət çəkir. Şəhid analarını böynubükük görmək istəmir. Şəhid anasına müraciətlə yazır:

 

Boynubükük olsan bircə an əgər,

Bu doğma torpaq da boynunu bükər,

gözündən bir damla yaş düşsə belə,

Qarabağ özü də göz yaşı tökər.

 

 Şəhidlərin Vətən sevgisini, torpağın şəhidinə ana olmasını vurğulayan şair bu haqqı hamıya vermir. Çünki torpaq hamıya ana deyil, onu qoruyana, onun uğrunda can qurban edənlərə anadır. Müəllif övladları əsl vətəndaş duyğusu ilə böyüdən anaları bətnində vətən böyüdən analar olaraq dəyərləndirir, vətənlə ananı paralelləşdirir. Şairə ağrını, acını müqəddəsliyə, müqəddəs vətənə bağlamağı o qədər ustalıqla misralara pıçıldayır ki... Ağrını bu qədər poetikləşdirmək şairənin uğurudur.

 

Bu torpaq hamıya ana deyil ki,

namərdin, qorxağın vətəni olmur.

Hər qadın sənin tək igid böyütmür,

hər ana bətnindən şəhid doğulmur.

 

Ağlama, gözünün yaşını sil sən,

Sənin göz yaşında Vətən boğular.

Ay müqəddəs qadın, sənin bətnindən

oğul doğulmayıb Vətən doğulub.

 

Tolstoy yazır ki, "Şeir yazmaq sözdən ən gözəl, ən lakonik şəkildə istifadə etməyi bacarmaqdır. Sözlərə məna yükləməkdir. Poeziya insan ürəyində yanan alovdur. Bu alov yandırır, isidir və təzələyir. Əsl şair bilmədən özü də yanır, ətrafı da yandırır". Kamalə xanım poeziyasında Tolstoyun vurğuladığı bütün kriteriyaları gözləməyi bacarır; həm sözdən ən gözəl, ən lakonik şəkildə istifadə etməyi, həm sözlərə məna yükləməyi.

Bilirik ki, müharibənin bütün ağrıları xəncər kimi qadınların ürəyindən keçir. Çünki döyüşçünü də, qazini də, şəhidi də dünyaya gətirən anadır. Bu oğullar vətənə sipər, düşmənə göz dağıdır.

Kamalə xanımın Vətən savaşında döyüşən Azərbaycan Ordusunun əsgərinə müraciəti qürurvericidir:

 

Əsgərim, igidim, ay oğul balam,

Səninlə yaşayır hər Vətən daşı.

Bacarsam əlində silahın ollam

Vətən savaşıdır, Vətən savaşı.

 

Vətən sevgisini yaşayır torpaq,

sevincə bürünüb gözünün yaşı.

Qələbə ətrinə qovuşur torpaq

Vətən savaşıdır - Vətən savaşır.

 

Şairin "Vətən savaşı"nı "Vətən savaşır" şəklində ifadə etməsi də diqqətçəkicidir. "Vətən savaşır..." "Vətən savaşırsa, bu savaşda hamı döyüşçüdür, hamı əsgərdir. Bu torpaqlar uğrunda can verən qəhrəmanlarımızın qisasını almaq, Qarabağ nisgilini qəlbimizdən çıxarmaq üçün Vətən savaşında Zəfər qazanmaq müzəffər ordumun haqqı idi. Qarabağsız keçən günlər, həsrət K.Abiyevanın "Qarabağım"  şeirində elə təsirli notlarla əks olunur ki...

 

Sənsiz keçən gecələrim özüm kimi ağır oldu...

Sənsiz ötən gündüzlərim özün kimi fağır oldu...

Gecələrin yaxasından ay tək asılmaq istədim

hərdən sənə boylanmaqçün,

gündüzlərdə günəş tək yanmaq istədim

hərdən sənə toxunmaqçün.

donub qaldım dağlarıntək, 

susub qaldım bağlarıntək,

həsrət oldum yarpaq-yarpaq,

çiçək-çiçək.

Bulud oldum düzlərinin başı üstə,

ota döndüm qayaların daşı üstə.

Külək kimi meşələrində dolandım,

ağaclarına sarıldım.

Yağış oldum səpildim ki, çöllərinə

"gələcəyəm" pıçıldayım dönə-dönə...

 

Bayraq üçün savaşdıq, torpaq üçün savaşdıq. Tökülən qanlar üçün savaşdıq. 44 günlük Vətən savaşında Ali Baş Komandanın və Azərbaycan Ordusunun rəşadəti ilə yeni Zəfər tarixi yazıldı:

 

Sən tarixin özünü də heyran qoyan,

Özü canlı, özü şanlı tarix olan,

İlk zəfərin sevincini yaşadanım -

Ulu Heydər əmanəti komandanım.

 

 "30 il ağrı çəkən bu torpağın bətnində" olanlar da doğuldu bu zəfərlə, müqəddəs torpağı görmək eşqiylə "böyüdü".

Qələminiz  bir daha "çiçəkləri dərd ətirli", "yasəmən ayını", "illərin yazını" sevə bilmədiyiniz, "yanıb, donub, çat-çat olub yaşamadığınız" "Ayrılıq fəsli"ndən yazmasın, Kamalə xanım. Böyük zəfərimizdən qələbəmizdən yazsın! Vətən bir daha savaşmasın! Oğullarımız Qarabağa "yaz gətirib", "çöl-çəmənin rəngini, çiçəklərin ətrini, çayların ahəngini qaytarıb". Şuşamıza "Zəfər yolu"yla gedirik. Hələ neçə-neçə Zəfər yolunun  salınacağına, "Ayrılıq fəsli"nin bitməsinə bütün qəlbi ilə inanan Kamalə xanıma xoş arzularımı bildirirəm. Arzularınız çin olsun, Kamalə xanım! Yeni yaşınız münasibətilə sizi ürəkdən təbrik edir, cansağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayıram.

 

Lütviyyə ƏSGƏRZADƏ

Filologiya elmləri doktoru, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi

525-ci qəzet .- 2024.-13 iyul,№122.-S.20.