Eqodan doğan sentimentallıq

 

Esse

 

 

 Hisslər var ki, onları yazmaq, onları danışmaq, oxumaq bizi böyüdür, bizi aydınlandırır. Və bu, çox hallarda özümüzü melanxolik, çarəsiz və tərəddüdlü hiss etdiyimiz anların nəticəsidir. Həmin hisslər mütləq bizə reallığı xatırladır və biz yaradıcının özü ilə daha səmimi kontakt qururuq. Dostoyevskinin zövqsüz və yüksək bədii istedadla yazılmış mətnləri həmişə mənə müəllifi xatırladıb. Romanın obrazlarını, romandakı hadisələri deyil, məhz Dostoyevskinin özünü. Onu təxəyyülümdə canlandırmaq və onu dinləmək nəsibini romanlarından almışam. Dərin bir hüzn, əzab, qisasın öyrətməyə çalışdığı güzəştə getməyən fəlsəfə bizə o qədər doğma gəlir ki, özümüzü qəhrəmanların yerində hiss etmirik, onlarla müqayisəyə çıxarırıq. Dostoyevskinin obrazları daha dərin yaralar alıb, yoxsa biz? Onun psixologiyamızla empatiya qurmaq istedadı danılmazdır. Ancaq bir dəfə düşünmüşdüm ki, doğrudan da, Dostoyevski dövrümüzdə yaşasaydı, indiki qədər populyar olardımı? Buna elə siz cavab verərsiniz. Mən isə başqa bir məsələyə diqqət çəkmək istəyirəm. Bu cür yazmaq həm də onun imicini formalaşdırmışdı. Dövrünün ədiblərindən heç biri Dostoyevski qədər sentimental ola bilməzdi, ya da olmağa çalışmazdı. O, bunu məharətlə bacarırdı, yaşayırdı. Və yazırdı. Ədəbiyyatla sentimentallıqdan danışırıqsa, Dostoyevski misalı ilə başlamağımız həm də ona görə lazım idi ki, həyatındakı eniş-yoxuşların, əzabların, taleyin proyeksiyasını daha asan ala bilirik. Bəs niyə bu qədər uğurlu alınmışdı? Ümumiyyətlə, təkcə Dostoyevskidə yox, niyə dekadans dövrünün şairləri və nasirləri kədərli halları ilə bu qədər sevilə bilirdi? Hər şeyin zaman tunelində axtarsaq, əslində, cavab çox sadədir - dövr və onun tələbi. Tələb deyəndə oxucuların bunu istəməsini nəzərdə tutmuram. Proseslərin ədiblərdən tələbi məhz "kədərli görünmək" idi. Yazıçı prizma kimi ağ işığı içindən keçirəndə çoxlu sayda rəngli işıqlar görünür. Hadisəni müşahidə edib onu yazanda təfərrüatı deyil, həm də yaradıcılığının, yəni təxəyyülünün qırıntılarını zərgər dəqiqliyi ilə o hadisənin üzərinə səpir. Romantik dövrün və ondan sonrakı bir neçə nəslin sentimentallığını dövrün xülasəsi ilə izah etmək olar. Bəs bu dövrün?

İndinin sentimentallığı bir az fərqlidir. İndi onu duyğu deyil, hadisələr yaradır. Ötən əsrin adamı xatırlayıb üzülürdüsə, bu günün insanının sentimental olması üçün sıradan hadisələr kifayət edir. Texnologiyanın insanı ürəyi olan robotlara çevirdiyi zamanın sentimentallığı kənddə dəmir həlqədən düzəldilmiş balaca maşın oyuncağı ola bilir. Əslində isə burda üzüləcək, ya da qəhərlənəcək elə  bir şey yoxdur. Bəs niyə bizə bu qədər dərin toxunur? Çünki onun kimi bir oyuncağa ehtiyac duymadığımızı anlayırıq. Onun dəyəri mövcudluğundadır. Əgər o, bizim görəcəyimiz sonuncu oyuncaqdırsa, bilirik ki, bir də hansısa uşaq onu düzəltməyəcək. Sentimentallığımız öz eqomuzdan doğur. Yaşanan hadisələri öz taleyimizlə müqayisə edib onun bizim ağrılarımızdan nə qədər böyük və kiçik olmasını araşdırır, nəhayət, qərara gəlirik ki, bizim əzablarımız və bizim keçmişimiz daha böyükdür. Buna görə də onu nümayişə çıxarmaq qərarına gəlirik. Beləcə, keçən əsrin sentimental ədəbiyyatçı obrazını yenidən dekonstruksiya etmiş oluruq. Ancaq bugünün oxucusuna bu maraqlıdırmı və ya nə qədər maraqlıdır? O, bu cür sentimentallığa aldanacaqmı? Təbii ki, yox. Məşhur "Black Mirror" serialının bölümlərindən birində ölmüş ərinin maketini sifariş verən və onu elektodlar vasitəsi ilə yaşadan bir qadının həyatından bəhs olunur. Maketin səsi, hadisələrə yanaşma tərzi, geyimi, yemək zövqü - hər şeyi əri ilə eynilik təşkil edir. Ta uşaq doğulana qədər. Maketin atalıq hissi özünü göstərmir. Ona atalıq haqqında heç bir proqram, alqoritm yüklənməyib. Bunu izləyən oxucunu təəccübləndirmək üçün sentimental mətnlərin intellektual və vizual ölçülərini nəzərə almasaq, ona uduzmuş oluruq. Əks halda oxucu mətnin sentimentallığından həzz ala bilmir, yazıçıya yazığı gəlir sanki. Onun həyatını mətnlərindən daha ön planda izləmək istəyir. Duyğulandırmaq labüddür, ancaq bütöv ssenarini "duyğu partlayışı"na hesablamaq sadəlövhlük, hətta primitivlikdir.

Həssaslığını küçə-küçə, adam-adam çəkib gətirməlidir öz masasına. Yalnız öz sərhədlərində o "bomba"nı partlada bilər. Beləcə, həm özü, həm də digərləri daha təhlükəsiz olar. Ədəbiyyat tamamilə rasional ola bilməz, bunu anlayır və irrasional düşüncənin əleyhinə çıxış etmək istəmirəm. Yaradıcılıq mahiyyətcə irrasionaldır. Onun ruh halı, əlbəttə, fərqlidir, atmosferi daha təsirli, yoluxucudur. Şəxsiyyət fonunda isə yazıçı rasional olmağa məcburdu. Hətta, bəli, məcburdu. Komikslərlə böyüyən bir uşağın qarşısına kitab qucaqlayıb çıxmaq və ya həyəcanlı musiqilərdən ifrat dərəcədə məst olmuşcasına danışmaq işə yaramayacaq. Nə qədər şablon səslənsə də, yazmalıyam ki, güclü olmaq, dözməyin yollarını axtarmaq lazım gəlir bəzən. Ancaq masaya qədər... Yazı masasında şəxsiyyətin konturları dağılır, sərhədləri pozulur və xaosun içində səliqə yaratmaq istəyən bir nəfərin sərgüzəştləri başlayır. İndi doyunca ağlaya, hiss edə bilərsən, burada, keçmişin qaranlığında kifayət qədər səliqəsiz eşələnmək olar.

Sənətin reallıqla uyğunlaşmağının tərəfdarı olmayanların yanında olduğumu deyib, müəllif obyektivliyini pozuram. Ədəbiyyat xilas edir, göstərir, cavab axtarmır, ancaq sual verir. Bu missiyanı pozmağın ən asan yolu adamların ağrılarını daha tünd etmək, onları daha çox küncə sıxmaqdı. Hər kəsin bunu etdiyi bir zamanda yazıçı da kütlənin rənglərini boz alıb özündən elə boz da keçirirsə, deməli, bacara bilmir. Postmodernizm bir köynək yaxındı bu mövzuya. Dərd elə, bütün ağrılarından karnaval düzəlt, onları rəqsə dəvət et. Hüzn ədəbiyyatın mayasıdır, təməlidir. Komediya belə əzablar üzərində qurulur. Və ədəbiyyata alternativ əzabların bu cür dəqiq effektini alan ikinci sahə yoxdur. Sadəcə bu sahədə olan iynəni vurmazdan öncə islaq pambıqdan istifadə eləməlidir. Pasiyent qaşqabaqlı, zorən ağlayan, özünə illərin dərdini yükləmiş kimi görünən həkimi sevməyəcək.

Müasir ədəbiyyatın davası da budur yəqin. Dekadans dövrü ədəbiyyatının (xüsusilə şeirinin) bu günün atmosferində olmadığını anlamaq çətin deyil. Hüzn yalnız duyğu aspektində aktualdır, yaradıcılıq bütünlükdə, şəxsiyyət isə obrazlıq ondan istifadə edəndə daşlar heç cür öz yerinə oturmur.

 

Rəvan CAVİD

525-ci qəzet .- 2024.-13 iyul,№122.-S.19.