Uğursuz Antarktida səyahəti
ERNEST ŞEKLTON MƏQSƏDİNƏ
ÇATMADIĞI HALDA, NECƏ QƏHRƏMAN OLDU?
Sonunda bizi nəyin gözlədiyini bilmədən
qarşımıza məqsəd qoyub ona doğru
addımlayırıq. Başqa bir ehtimal düşünmədən
bütün fikrimizi, düşüncələrimizi, arzu və
xəyallarımızı o məqsədə kökləyirik.
Bəzi hallarda nəticə gözlədiyimiz kimi olmur. Bu isə
böyük bir xəyal qırıqlığı
yaşadır. Haqqımızda nəyin doğru, nəyin
yanlış olduğunu bilmədən ümidimizi hər
şeydən üzüb çəkilirik bir kənara. Bəlkə
də, yaşadığımız bu uğursuzluqlar bizim ən
böyük uğurumuzun ilk mərhələləridir.
Bu yaxınlarda dünya şöhrətli ingilis səyyah
Ernest Şeklton haqqında türkiyəli bloger Can
Aybalıkın hazırladığı videonu izlədim.
C.Aybalık Şeklton haqqında maraqlı faktları nəzərə
çatdırmaqla yanaşı, onu digər səyyahlardan fərqləndirən
xüsusiyyətlərini izləyicilərlə
bölüşürdü. Videoblogerin dediklərini dilimizə
uyğunlaşdırıb oxuculara təqdim edirəm.
Kəşfiyyatçı Ernest Şeklton daha əvvəl
heç kimin etmədiyi bir gəmi ekspedisiyası ilə
adını tarixə yazdırmaq arzusunda olsa da, ondan daha əvvəl
bu qitəyə çatan insanlar var idi. Şeklton başa
düşmüşdü ki, şöhrət əldə etmək
istəyirsə, daha fərqli bir yol seçmək
lazımdır. Onun məqsədi gəmi ilə Antarktidaya
çatmaq və sonra bu qitəni quru yolu ilə keçmək
idi. Bu isə bir nəfərin tək başına görə
biləcəyi iş deyildi. Şeklton 27 adamı bir yerə
toplayaraq komanda yaratdı. 1914-cü ilin dekabrında Şeklton
başda olmaqla, 27 nəfərlik bu komanda tarix yazmaq
üçün "Dözümlülük" gəmisi
(Endurance) ilə səyahətə çıxdı. Amma
heç nə gözlədikləri kimi olmayacaqdı.
Onları Antarktida deyil, böyük bir böhran dövrü
gözləyirdi.
1915-ci ilin yanvarında komanda Antarktidaya
yaxınlaşdıqca dənizdə buzlaşmanın
başladığının şahidi oldu. Antarktidaya
çatmadan bir buz parçasına ilişib qaldılar. Amma
heç kim ümidini itirmədi. Buzlar ərisə,
qaldıqları yerdən davam edə biləcəkdilər.
Lakin buzlar ərimək bilmirdi. Düz 6 ay buzun əriməsi və
gəminin yenidən istifadəyə yararlı olmasını
gözlədilər. Gün keçdikcə ümidlər
azalırdı. Üstəlik, buz parçaları gəmiyə
təzyiq göstərir, gəminin hissələrini
sındırırdı. Su ilə dolmağa başlayan bu gəminin
artıq batacağı qaçılmaz idi. Şeklton gözlənilən
o əmri verdi: "Gəmini tərk edin!"
Hər kəs əşyalarını yığıb
buz parçasının üstündə düşərgə
qurdu. Bu müddətdə onları bura gətirən, amma geri
qaytara bilməyən gəminin
yavaş-yavaş parçalandığının və
batdığının şahidi oldular. Gəmi
parçalandıqca çıxan səs komandaya
qışqırıq səslərini xatırladırdı.
Artıq məsələyə başqa müstəvidən
yanaşırdılar. İndi heç kim Antarktida haqqında
düşünmürdü. Hamının tək bir məqsədi
var idi: həyatda qalmaq. Şeklton artıq şan-şöhrət
dolu xəyallarını bir kənara qoymuşdu. Yeganə məqsədi
bu 27 adamı sağ-salamat evə göndərmək idi.
Ərzaqlar yavaş-yavaş tükənir, qış
yaxınlaşır, ümidlər isə getdikcə
azalırdı. Şeklton başqalarına dəstək olmaq əvəzinə
ilk öncə özünü sakitləşdirməli idi. O,
bu komandanın lideri idi, özü kiçik bir gərginlik
hiss etsəydi, bu, bütün komandaya sirayət edərdi.
Komanda üzvləri "Bu olanlar Şeklton üzündən
baş verdi, ona görə bu haldayıq" kimi fikirlərə
qapılsaydılar, faciə başlayacaqdı. Hava şəraiti
yaxşılaşana qədər burada qalmalı idilər. Həyatda
qalmaq istəyirdilərsə, görüləsi çox
iş var idi: çadırlar qurmaq, düşərgə
hazırlamaq, gəmi tamamilə batmadan düşərgə
bölgəsinə yemək aparmaq. Acından ölməmək
üçün isə pinqvin və suiti ovlamaq lazım idi.
Şeklton mübarizəyə iş bölgüsü edərək
başladı və tezliklə fərqinə vardı ki, bəziləri
üçün eyni işi görmək çox
ağırdır, bir ədalətsizlik var: bəzi
tapşırıqlar digərlərinə nisbətən daha
çətin idi. O, bu vəziyyəti komandanın üzvü
olan bir fizikdə müşahidə etmişdi. Fizikə həmişə
çətin vəzifələr düşürdü, o da bu
işləri deyinmədən edirdi. Lakin Şeklton onun bədən
dili ilə bəzi şeyləri sezməyə başladı.
Məsələn, fizik daha yavaş və yorğun şəkildə
yemək yeyir, bəzən isə dərindən bir ah çəkirdi.
Şeklton onun içindəki depressiyanı hiss etdi. Buna
görə də fizikə daha yüngül
tapşırıqlar verməyi və onunla təkbətək
söhbət etməyi sınadı.
Bir müddət sonra fizikin əhval-ruhiyyəsi
yaxşıya doğru dəyişməyə başladı.
Amma komandadakı digər insanlar sıxıntısını
fizik kimi sakit bir şəkildə yaşamırdı. Məsələn,
fotoqraf Frank eqoist və zarafatcıl bir xarakterə malik idi.
Özünü digərlərindən üstün
görürdü və onun fikirlərinin ciddi qəbul edilməsini
istəyirdi. Şeklton Frankla prinsip aparmaq əvəzinə,
onu anlamağa çalışdı. Frankı yanına
çağırır, məsləhət alır, zəkasını
tərifləyirdi. Şeklton, əlbəttə ki, Frankı bu
qədər tərifləyərkən səmimi deyildi, amma bu
üsul uğurlu alınmışdı. Çünki Frank tərifləndiyi
zaman daha yaxşı iş görürdü.
Şekltonun həll yolu bu idi: komandadakı hər kəsə
fərqli və xüsusi olduqlarını hiss etdirmək. Belə
davranması lazım idi, çünki komandadakı hər kəs
fərqli xarakterdə olan insanlar idi. Şeklton onların
hamısına eyni adam kimi yanaşsaydı, nizamı davam etdirə
bilməzdi. Xoşagəlməz işlərdə heç kim
iştirak etmək istəməyəndə çaxnaşma
düşməsin deyə Şeklton bu işi özü
görürdü. Məsələn, aşpazın özü
ilə birgə səfərə gətirdiyi və çox
sevdiyi bir pişiyi var idi. Artıq pişiyin yemi bitir, şəraitsizlik
onun da həyatını çətinləşdirirdi.
Aşpaz pişiyini öldürməklə onun əzabına
son qoya biləcəyini düşünürdü. Amma
pişiyi öldürməyə cəsarəti
çatmırdı. Şeklton aşpazın bu halını
görüb pişiyi öldürmək üçün
könüllü oldu.
Komandada işsiz heç kim qalmamışdı, hər
kəs öz vəzifəsini yerinə yetirir və bir nizam
içində yaşayırdı. Günün ən xoş
anı gecə hər kəs öz vəzifəsini yerinə
yetirdikdən sonra tonqal ətrafında olan səmimi söhbət
zamanı yaşanırdı. Bu söhbətlərdə
hamı xatirələrindən, gələcək məqsədlərindən
danışar, mahnı oxuyar, yeri gələndə kövrələr,
yeri gələndə qəh-qəhə içində
boğulardılar. Lakin bir-birlərini uzun müddət
tanımaları bəzən aralarında söz-söhbət
yaranmasına gətirib çıxarırdı. Şeklton bu
gərginliyi hiss edən kimi onları söhbət etmək
yerinə, idmana yönləndirirdi.
Günlər keçdikcə Şeklton bu gerçəyi
anladı: bu qədər çətin şəraitdə
xoşbəxt olmağı bacara bilən, bir-birinə
bağlı komanda yaratmağa müvəffəq olub. Kənardan
baxan birisi bu insanların bir-biri ilə olan bağına inana
bilməzdi. Çünki bu komandada elm adamları,
işçilər, aşpazlar kimi müxtəlif insanlar var
idi. Şeklton bu insanları bir-biri ilə birləşdirdi və
hər kəsin digərindən fərqli olduğuna əmin
oldu, zaman-zaman komandada bir nəfər baş verən
bütün bu hadisələrdən
əsəbiləşir və özünü
başqalarından təcrid edirdi. Şeklton dərhal
içinə qapanan həmin insanla şəxsi söhbət
edir və onu bu vəziyyətdən xilas etməyə
çalışırdı.
Şekltonun necə çətin bir işi
bacardığını daha yaxşı anlamaq
üçün keçmiş Antarktida ekspedisiyalarına nəzər
salmaq lazımdır. Antarktidaya çatmadan buzlaqlarda ilişib
qalmaq yalnız Şekltonun başına gələn bir hadisə
deyildi, əksər tədqiqatçılar belə bir vəziyyətlə
qarşılaşmış və çoxu ağlını
itirmişdi. Cinayət və intihar Antarktida səfərlərindəki
gəmi qəzalarında görülən bir hal idi. Məsələn,
Şekltonun ekspedisiyasından 15 il əvvəl
Belçika-Antarktida ekspedisiyasında olan bir gəmi də
buzlaqlara ilişib qalmışdı. Komandanın üzvü
Fredrik Cokk 3 ay ərzində heyətin üzündə zərrə
qədər sevinc izi görmədiyini bildirdi. Bununla belə,
Şekltonun komandası gəmilərinin batmasını seyr
etdikdən sonra zarafat edə və mahnı oxuya bilən bir
topluluq idi.
Buradakı əsas məsələ isə Şekltonun
komandasına aşıladığı dik duruş fəlsəfəsi
idi. Bu hadisədən 60 il sonra komandanın üzvü Street
verdiyi müsahibədə belə bir sualla
qarşılaşacaqdı: "Bir çox gəmi səfərlərində
insanlar həlak olarkən siz necə sağ
qaldınız?"
O isə bircə kəlmə ilə cavab verəcəkdi:
"Şeklton"
"Dözümlülük" gəmisinin ətrafını
örtən buzlaqlar sonda əriməyə başladı. Gəmi
artıq istifadə olunmasa da, ətrafındakı
buzlaqların əriməsi gəmidəki xilasedici
qayıqları əlçatan etdi. Komanda 3 xilasedici
qayığı əldə edə bildi. 28 nəfər bu
qayıqlardan istifadə edib Fil adasına getdilər, lakin bu
ada yaşamaq üçün heç də əlverişli
deyildi. Komandanın yalnız bir çıxış yolu
qalmışdı: 1200 km uzaqlıqda yerləşən Cənubi
Corciya adasına gedib oradakı balıqçılarla əlaqə
saxlamaq və onların gəmiləri
ilə doğma şəhərlərinə çatmaq. Bununla
belə, 28 nəfərin bu dalğalı dənizdə 1200 km
yol qət etməsi riskli bir addım idi. Kiçik bir qrupun Cənubi
Corciya adasına gəlib oradakı balıqçıların
köməyi ilə Fil adasında qalanları xilas etməsi
daha məqsədəuyğun idi. Bu 5 nəfərlik qrup
üçün ilk könüllü olan Şakleton oldu və
inandığı 5 nəfərlə birlikdə Cənubi
Corciya adasına doğru yola çıxdı.
Corciya adasında onları
balıqçı yox, balıqçının
uşağı qarşıladı. İndi
özümüzü o 5 nəfəri qarşılayan
uşağın yerinə qoyaq. Qarşımızda
saçları və saqqalları bir-birinə
qarışmış, pinqvin və suiti yeməkdən
gözlərinin işığı sönmüş beş nəfər
var. Uşağın yerində biz olsaq, nə edərdik? Təbii
ki, qaçardıq. O da bu adamları görən kimi qorxudan
qaçmağa başlayır. Nəhayət, Şeklton onlara
kömək edəcək birini tapmağı bacarır və
Fil adasına, geri qalanları xilas etməyə yola
düşürlər.
Adada olan 21 nəfər uzaqdan onlara yaxınlaşan bir
qayıq görürlər və qayığın
başındakı adam tanış gəlir: Ernest Şeklton.
Şeklton 27 nəfərin hamısını itkisiz
şəkildə xilas etməyi bacardı. Buna rəğmən,
doğma şəhərinə qayıdanda bir qəhrəman
kimi qarşılanmadı. Bu hadisə bütün dünyaya səs
saldı, lakin Şekltonun başına gələnlərə
ümumi baxış bu idi ki, o, şəxsi məqsədləri
üçün 27 nəfərin həyatını təhlükəyə
atan, onlara ömrünün sonuna qədər unuda bilməyəcəyi
dəhşətli şərtlər daxilində təcrübə
yaşadan biri kimi görünürdü. Amma illər bu
anlayışı dəyişəcəkdi. Jurnalistlərin
qarşısında fantastik yaşamaq mücadiləsini əks
etdirən hadisə var idi və bu jurnalistlər komandadakı
insanlarla müsahibə apardıqca fərqinə vardılar
ki, Şeklton bütün bu prosesdə mükəmməl
liderlik nümunəsi göstərmişdi. Onun liderlik, cəsarət
və böhran idarə etmə bacarığı yüksək
səviyyədə idi. Amma hər şeydən əvvəl o,
empati qurmağı, heyətin dəyişkən əhval-ruhiyyəsini
oxumağı çox yaxşı bacarırdı. Fizikə
olan münasibətinə nəzər salaq. Fizik yavaş-yavaş yemək yedikdən
və zaman-zaman ah çəkdikdən sonra Şeklton buna
xüsusi diqqət yetirməyə başladı. Fizikdə
olan bu vəziyyət bizə onu göstərir ki, insanın mənəviyyatı
aşağı olanda və özünü pis hiss edəndə,
adətən, kiminsə yanına gedib "mən
özümü pis hiss edirəm" deməz, öz rəftarı
ilə əhvalını büruzə verib, bədən dili,
kiçik üz ifadələri və ya baxışı ilə
pis olduğunu bildirər. Əhəmiyyətli olan o adamın
qulağımıza gəlib qışqırmadan və ya
"mən pis hiss edirəm" demədən
özünü pis hiss etdiyini başa düşmək,
qarşındakı insanın ruhunu oxumaq, onunla empati qura bilmək,
ona özünü dəyərli hiss etdirməkdir. Lazım gəlsə,
fizikə "səninləyəm" kəlməsini hiss
etdirən Şekltondan dərs almalıyıq.
Bəs gəminin taleyi nə yerdə qaldı?
2022-ci ildə, "Dözümlülük" gəmisinin
batmasından təxminən 100 il sonra bu gəminin bir hissəsi
dəniz səviyyəsindən düz 3 kilometr
aşağıda tapıldı, gəminin bir çox yeri
parçalanmışdı. Ancaq kənardan baxanda biz hələ
də bütövlük görürdük və gəminin ən
güclü hissəsi onun üzərinə həkk olunmuş
"Dözümlülük" yazısı idi. Bu gəmi də
komanda kimi ümidini itirmədən bacardığı qədər
dözdü.
Şeklton bu çətin və uğursuz səfərindən
sonra sonuncu dəfə yeni bir səfərə
hazırlaşmağa başladı. Yenidən komanda toplamaq
lazım gəldi və o anda uğursuz "Enderuens"
ekspedisiyasında layiq olduqları maaşı ala bilməyən
bu adamlar, Şekltonun texniki cəhətdən uğursuz
olmasına baxmayaraq, könüllü olaraq güvəndikləri
"Şeklton" ekspedisiyasına qatıldılar.
Bəs bu ekspedisiyaya yalnız məqsədə
çatmaq prizmasından baxıb onu birbaşa uğursuzluq
adlandırmaq ədalətsizlik olmazmı? Bu
"uğursuz" ekspedisiyada Şekltonun rəhbərliyi sayəsində
onun haqqında kitablar yazılır, universitetdə mühazirələr
oxunur, sənədli filmlər çəkilirdi.
Bu həyat bəzən bir qapını
bağlayır, amma bir az səbir göstərsək,
üzümüzə daha yaxşı qapılar
açılar. Şeklton ekspedisiyada öz məqsədinə
çata bilmədi, amma əmin olun ki, ideal liderlik nümunəsi
göstərdi. Bu dünyada məqsədindən daha
güclü bir iz buraxdı, bəlkə də o, Antarktidaya
getsə və məqsədinə çatsaydı, Şeklton
ismindən xəbərsiz olardıq.
Ləman İLKİN
525-ci qəzet .- 2024.-13 iyul,№122.-S.18;19.