YORĞUN MƏMNUNLUQ  

 

Aylarca "Molla Nəsrəddin"dən ötrü qəribsəmiş oxucular 1913-cü ilin mart ayında artıq ahəstə-ahəstə yoluna düşən dərginin doqquzuncu sayını alırlar. Həvəslə açırlar, vərəq-vərəq son səhifəyə çatanda pəjmürdə olurlar - görürlər ki, son səhifədə köndələninə aşağıdan yuxarı, onun üstündən də yuxarıdan aşağı qara xətt çəkilib.

"Molla Nəsrəddin"də hansısa səhifənin ağ çıxması, hansısa səhifədə senzuranın qadağa qoyduğu karikaturanın yerində budəfəki kimi çalın-çarpaz xətt çəkilməsi təzə hadisə deyildi, ötən illərdən dərginin sabit oxucuları belə müdaxilələrə adətkərdə idilər. Ancaq indi onları narahat edən bu idi ki, "Molla Nəsrəddin"ə münasibətdə hansısa yumşalmanın getməsinə ümid bəsləmələri xam xəyalmış, vəziyyət dəyişməyibmiş, münasibət elə həminkidir, müəyyən sükutdan sonra təzədən qayıtmış "Molla Nəsrəddin" yenə əvvəlki təzyiqlərin altındadır - həm hökumət tərəfdən, həm də aşağılardan.

Nə çəkilibmiş orada, senzor hansı eyhamı görüb?

Xoşbəxtlikdən həmin karikatura bugünümüzə gəlib çatıb. Bir cücə dimdiyində tutduğu şikayət ərizəsini xoruza uzadır. Xoruz ərizəni almaqçün "əlini" uzadıbsa da, ondan daha tez cücəyə həmlə edib ərizəni qamarlamaq istəyənlər var ki, şikayət ünvanına çatmasın. Cücəyə cumanın biri nataraz qabandır, digəri şələquyruq tülkü, obiri isə kirpi.

Üzdən baxanda burada sanki siyasi senzuranı diksindirəcək bir ciddi səbəb yoxdur. Həmişəki karikaturalardan biri kimi karikaturadır. Ancaq biz konteksti, həmin günlər içindəki cərəyan edən hadisələrin hamısını təfərrüatı ilə bilmirik axı. Senzura bu rəsmi çıxarmağı lazım bilmişdisə, deməli, günün hansısa siyasi siqlətli hadisəsi ilə bu şəkil arasında birbaşa bağlantı görmüşdü, anlamışdı ki, bu karikatura mütləq dəlinin yadına daşı salacaq.

Hər təzə sayın çıxmasıyla təzə düşmənlər yaranırdı, hər yeni düşmən redaksiyaya növbəti başağrıları gətirirdi. Həmlələr hər səmtdən idi. 1913-cü il aprelin sonlarında Mirzə Cəlilin qayğıları başından aşırdı, xəstəxana ilə ev arasında qalmışdı, həkimlər ondan razılıq kağızı - dilindən iltizam alaraq Həmidə xanımı cərrahiyyə masasına qaldırmış, əməliyyat etmişdilər. Lakin elə həmin günlərdə jandarm idarəsi icazə-filan istəmədən dürtülmüşdü Mirzə Cəlilin evinə, öz "cərrahiyyəsini" aparmışdı, axtarış vaxtı şühbəli hesab etdiyi kağızları götürüb getmişdilər. Senzor qabaqlar dərgiyə çıxmamışdan qabaq əmmalar qoyar, nələrisə kəsib ixtisara salardı. İndi başlamışdılar jurnalın yeni sayları dərc ediləndən sonra da qurdalamağa. Ona görə "Molla Nəsrəddin" sözdən çox şəklə yer verməyə çalışırdı ki, bəlkə daha az ilişələr. 1913-cü il mayın 25-də çıxan "Molla Nəsrəddin"in 16-cı sayındakı 8 səhifənin 4-ü karikaturalar idi. Lakin mayın 30-da Mətbuat İşləri üzrə Tiflis Komitəsi sədrini əvəz edən Qrozdov Tiflis şəhəri barışıq məhkəməsinə müraciət etmişdi ki, həmin nömrə tamamilə müsadirə edilsin. Çünki guya jurnal senzora göstərilmədən çap edilib və son səhifədəki karikaturanı senzor görsəydi, dərcinə icazə verməzdi. Həmin karikatura Məşrutə inqilabından sonrakı mənzərəni əks etdirir. Həqiqətən, sözə ehtiyac yoxdur. Bu şəkil bu səhifəni dolduracaq mətndən qat-qat artığını deyə bilir. Səhifəboyu verilmiş şəklin içərisində o çağın dəqiq mənzərəsi cızılıb - bir yanda dar ağacından asılmış insanlar, yerdə qətlə yetirilmişlərin cəsədləri, obiri tərəfdə yenə cəsədlər, onların üstünə qonan qarğa-quzğun. Ön planda əli əsalı Hacı Səmədxan, yanında da Rəşidülmülk, böyründə də içərisi tümənlərlə dolu iri pul kisələri, altda da iki misra:

 

Gərək aləmi qan ilə dolduram,

Bütün Təbrizi od vurub yandıram.

Nə qədər olsa İranda məşrutəxan,

Tapam birbəbir öldürəm təşnəkam.

 

(Şücaəddövlə Hacı Səmədxan Müqəddəm (1852-1914) zatı qırıq bir azərbaycanlı idi ki, azərbaycanlıya ən qəddar yağı kimi qənim kəsilmişdi, rus əlaltısı idi və sonu da Rusiyada bitdi. O, XIX yüzilin sonları, XX əsrin əvvəllərində Marağa hakimi olmuş, məşrutə əleyhinə mübarizə aparan dəstələrə rəhbərlik etmiş, daha sonra çarizmin əli ilə Təbrizdə hakimiyyətə gətirilmişdi. Onun 1905-1911-ci illər İran inqilabında iştirak etmiş cəsur insanlara qarşı amansızlıqları, işgəncələri, qətlləri dillərdə kədərli dastan kimi söylənirdi və səbəbsiz deyil ki, onun əzazilliklərini Təbrizdə bilavasitə müşahidə etmiş Məmməd Səid Ordubadi yazırdı ki, "Azərbaycan... hazırda qan çalasına və təziyə məclisinə dönmüşdür".

Bu Rusiya casusuna qarşı "Molla Nəsrəddin"də yer alan karikaturaya çar hakimiyyəti dairələrinin o cür sərt münasibəti birbaşa xoruzun quyruğunu nişan verməkdədir).

Yaxşı, hökuməti anladıq, onun öz ağrıyan yeri vardı, amma başıbəlalı və dincdurmaz "Molla Nəsrəddin"i dümsükləyən tək hökumət deyildi ki! Elə həmin 1913-cü ilin avqustunda iki müxtəlif səmtdən iki təhlükə şığımışdı. İyulun 23-də "Molla Nəsrəddin"in 20-ci nömrəsinin son səhifəsində Rotterin çəkdiyi karikaturanun hədəfi bəhai öndərləri idi. Yavəri əlində tumar olan mələklə Bəhaüllahın hücrəsinə gələrək deyir ki, ey mübarək camallı, mələkutdan - ulduzlar aləmindən lövh nazil olub, Ruhülqüds sizinlə görüşmək istəyir. Bu isə etiraz edir ki, de, getsin sabah gəlsin, bu gün vaxtım yoxdur, ibadətlə məşğulam. İbadəti də ondan ibarətmiş ki, gözəl-göyçək bir oğlan uşağını otuzdurub qucağında. Bununla əlaqədar Zakaspi vilayət naçalniki Qafqaz canişininə təcili gizli məktub göndərir və yazır ki, o karikatura bəhailəri çox qəzəbləndirib, ona görə jurnalın həmin sayını müsadirə edin. "Molla Nəsrəddin"in avqustun 14-də çıxan növbəti, 21-ci sayında "Dəstançi" imzasıyla (bu, Məmmədəli Sabit Mənafzadənin təxəllüsü idi) dərc edilmiş "Gimnazist" şeiri də eyni mərəzi qamçılayırdı:

 

Gərçi Xuda xəlq eləyib canları,

Cənnət əra sevgili qılmanları,

Şad qılıb cümlə musurmanları,

Leyk inanmam belə dastanları.

Orda da olmaz sənə tay, gimnazist,

Ey gözümün nuru, malay gimnazist.

 

Tiflis Mətbuat Komitəsindən Tiflis dairə məhkəmə prokuroruna məktub göndərilmişdi ki, bu şeirə görə cəza məcəlləsinin 1001-ci maddəsinə uyğun olaraq jurnalın həmin sayı müsadirə edilməli, baş mühərrirlər Cəlil Məmmədquluzadə və Əliqulu Nəcəfov məsuliyyətə cəlb edilməlidirlər.

Hələ bunlar rəsmiləşmiş hücumlar, bilinən hədələr, yazıda, sənəddə izi qalmış təqiblərdir. Ancaq Mirzə Cəlil və silahdaşlarının açılıb-ağardılmamış, kimsəylə bölüşülməmiş, amma ovqatlarını təlx edən, onları iynə üstündə oturmuş kimi səksəkədə saxlayan o qədər başqa nisgilləri vardı ki!

1913-cü il idi, "Molla Nəsrəddin" bir müddət susandan sonra qayıtmışdı, amma yenə əvvəlki "Molla Nəsrəddin" idi, yenə əvvəlki ötkəmliyində idi, yenə həminki güzəştsizliyində idi. Onu insanlara sevdirənsə məhz ən əvvəl elə bu keyfiyyəti idi.

Və "Molla Nəsrəddin" var olduğu müddətcə də həmin çöhrəsi və təbiəti onunla qaldı.

Cəlil Məmmədquluzadənin öz "Molla Nəsrəddin"iylə ədəbi və ictimai-siyasi səhnədə önə çıxdığı gündən onun əsas töhfələrindən ən birincisi bu olmuşdu ki, oçağacan bənzəri olmamış dil adası yaratmağı bacarmışdı.

Mirzə Cəlilin "Molla Nəsrəddin"i və Əli bəy Hüseynzadənin "Füyuzat"ı eyni ildə nəşrə başlamışdı. Hər ikisinin birmənalı millətçi, xalqçı mövqeyi mübahisəsizdir. Ancaq onun dilinə baxın, bunun dilinə diqqət edin - yer-göy fərq var. "Molla Nəsrəddin" hər kəsin anlayacağı sadə xalq dilində yazırdı. Ancaq Əli bəy Hüseynzadənin "Füyuzat"ı guya ziyalı təbəqəsi üçün nəzərdə tutulmuşdu, ərəb-fars tərkibləri, izafətlərlə, sadə oxucunun lüğətlə oxuyub anlayacağı qəliz ibarələrlə dolu idi.

Və "Molla Nəsrəddin" yolunun əvvəlindən-axırınacan ardıcıl apardığı dil siyasətinə sadiq qaldı. Həm də bu dil siyasətini yürüdərkən Mirzə Cəlil yalnız qələmin yazdıqlarına arxalanmırdı, el ruhunu ifadə eləyən bütün vasitələrdən istifadə edirdi - Qarabağdan Tiflisə növbəti gəlişlərindən birində özü ilə Aşıq Nəcəfqulunu gətirmişdi. Aşıq Nəcəfqulu o dövrdə yalnız Qarabağda deyil, bütün Azərbaycanda məşhur olan saz, söz ustası idi. Mirzə Cəlil Tiflisdə yerli teatr həvəskarları ilə birgə Aşıq Nəcəfqulunun böyük konsertini təşkil eləmişdi. 1912-ci ilin martında Tiflisdə olan Mirzə Ələkbər Sabir də Aşıq Nəcəfqulunun o konsertlərindən birinə baxmış və səsləndirdiyi şeirlərə heyran qalmışdı. Çünki Aşıq Nəcəfqulunun oxuduqları başqa aşıqların ifa etdiyi eşq-məhəbbət qoşqularından deyildi. Aşıq Nəcəfqulunun dilindən qopanların içərisində elin dərdi-səri də vardı, eli dərdi-sərə mübtəla edənlərə etirazlar da. "Molla Nəsrəddin"in tutduğu dil xəttinin açıq bir siyasət olduğunu o çağın ziyalıları aydınca görürdülər. Səbəbsiz deyildi ki, 1914-cü ilin 12 fevralında Qoridən Firidun bəy Köçərli Yusif Vəzir Çəmənzəminliyə göndərdiyi məktubda yazırdı ki, mərhum Həsən bəy həmişə Əli bəy Hüseynzadə ilə dil üstündə cəng ü cidalda olub və öz "Əkinçi"sini ona dəlil gətirirdi ki, ən çətin fənni və elmi məsələləri açıq və sadə dildə yazmaq mümkündür.

Və əlavə də edirdi ki, meymunların ədədi günü-gündən artıb çoxalmaqdadır. Meymunlar deyəndə, Firidun bəy Köçərli bir çox Osmanlı qəzetlərini yamsılayan qələm adamlarını nəzərdə tuturdu və fikrini belə tamamlayıdı ki, az-çox bunların qarşısını alan elə "Molla Nəsrəddin"dir.

1914-cü ilin mayında "Bəsirət" qəzetində Abbas Səhhətin də məqaləsi çıxmışdı və o yazı da dil, ədəbiyyat məsələləri haqqında idi. Həmin məqalədə də "Molla Nəsrəddin" istinad nöqtələrindən idi. Yəni dil uğrunda mübarizəyə başlayan, dilin saflığına çalışan heç bir ziyalı "Molla Nəsrəddin"dən sükutla yan keçə, ona biganə qala bilməzdi. Səhhət yazırdı ki, bəziləri ayrı-ayrı qəzetlərdəki dil, ibarə mürəkkəbliyindən, onu başa düşməmələrindən şikayətlənirlər, bəs elə isə "Molla Nəsrəddin"in dili, üslubu bunca sadə, hətta korun da oxuyub başa düşəcəyi aydınlıqdadırsa, bəs niyə onu alıb oxumursunuz?

Başqa sözlə, oxucuların yeni kütləsini Azərbaycan dilinin təmizliyini, şəhdi-şəkərini özündə qoruyub saxlayan "Molla Nəsrəddin"ə sarı çağırırdı.

...Mirzə Cəlilin arxivində bir dəftərxana kitabı da qalıb. Abunə dəftəridir. Orada Cəlil müxtəlif şəhərlərdə "Molla Nəsrəddin"ə abunə yazılanlarla bağlı qeydiyyatını aparıb. Bir-bir vərəqləyirsən: Tiflis, Odessa, Petroqrad, Ufa, Daşkənd - yaxın-uzaq şəhərlər. Baxırsan ki, ildən-ilə bu coğrafiya da genişlənir, abunəçilərin miqdarı da artır. Azərbaycanın içərisində də, Azərbaycandan kənarlarda da o dərgini alanlar əsasən azərbaycanlılar idilər. Dərgi yalnız düşüncələri oyatmırdı, cəmiyyəti sarmış qaranlıqları söküb dağıtmırdı, "Molla Nəsrəddin" həm də bir dil məktəbi idi - üz tutduğu nəhəng coğrafiyada gündən-günə artan oxucularına, hər təzə sayıyla daha da genişlənən auditoriyasına sağlam Azərbaycan dili dərsləri verirdi.

..."Molla Nəsrəddin"in yolu heç vaxt rəvan olmayıb. Başlanğıcdan ta axıra kimi. Müxtəlif illərdə iti sözünə görə ya onun nəşrini dayandırıblar, ya özü maddi səbəblər ucbatından, ya digər çətinliklər səbəbi ilə dayanıb. Tiflisdə nəşr edilib, Bakıda buraxılıb, Təbrizdə işıq üzü görüb. Məkan, illər, ideologiyalar, hakimiyyətlər əvəzlənib, amma xətt, qayə dəyişməyib, sabit qalıb. Tiflisdə nəşr ediləndə də, Bakıda buraxılanda da, Təbrizdə dərc ediləndə də "Molla Nəsrəddin" həmin "Molla Nəsrəddin" idi - Azərbaycanın və bütün Yaxın-Orta Şərqin dərdlərindən, ağrılarından yazırdı. Amma Tiflisdə nəşr ediləndə, Bakıda işıq üzü görəndə, Təbrizdə buraxılanda oxucularının səpildiyi nəhəng ərazidəki ümdə mətləblərdən bəhs etməklə yanaşı, burnunun ucunda olanları da görməzliyə vurmurdu, həm də Tiflisin, Bakının, Təbrizin içərisindəki əyər-əskikləri səhifələrinə çıxarırdı. "Molla Nəsrəddin"in gözlərinin nə yaxındangörmə, nə də uzaqdangörmə üçün eynəyə ehtiyacı yoxdu! O, eyni məharət və bəsirətliliklə həmişə ən uzaqları da görürdü, ən yaxındakıları da nəzərdən qaçırmırdı.

1920-ci il iyunun 11-də, yeni təqvimlə iyunun 24-də gündüz saat 2-də Mirzə Cəlil bacısı oğlu Teymur, qardaşı Ələkbər, zövcəsi Həmidə xanım, uşaqları Midhət, Ənvər, Münəvvərlə bərabər, Kəhrizlini tərk edərək Araz çayı tərəfə yola düzəlir və altı günlük sərgüzəştli səfərdən sonra, iyunun son günündə köç Xudafərin körpüsünü keçir.

Cəlil Məmmədquluzadə ailəsi ilə birgə təşrif gətirmişdi İrana. Yol boyu gördüklərini görəndən sonra hələlik yeganə arxayınlığı bu idi ki, bütün ailə bir yerdədir. Təbii ki, bekar dayana bilməzdi. İstəyirdi ki, "Molla Nəsrəddin"i burada da buraxsın. 1920-ci ilin dekabrında Əbülfət Ələvi ilə birgə yollanır Təbriz qubernatoru Müxbirüs səltənənin yanına, "Molla Nəsrəddin"in tarixçəsini danışır. Rica edir ki, dərginin burada da buraxılmasına icazə verilsin. Müxbirüssəltənə qayıdır ki, yol açıqdır, işinizi görün, amma məcmuənizi fars dilində buraxın. Mirzə Cəlil razılaşmır ki, indiyəcən mən dərgini 15 il Azərbaycan dilində buraxmışam, çar hökuməti onun buraxılmasına icazə verirdi, çünki mənim oxucularım da azərbaycanlılardır, bu dərgini xalq üçün buraxıram, şayəd onu İranda fars dilində buraxsaq, sadə xalq oxuya bilməyəcək, ən yaxşı halda yuxarı təbəqədən, ziyalılardan farscanı bilən bəzi adamlara müraciət edəcəklər ki, onlara kömək göstərsinlər. Əlavə də edir ki, burada - Təbrizdə erməni dilində dörd qəzet çıxır, amma iranlılar heç erməni dilini bilmirlər. Mən də "Molla Nəsrəddin"i öz ana dilimdə buraxmaq istəyirəm ki, camaatımız oxusun. Əgər dərginin Azərbaycan dilində nəşrinə rüsxət yoxdursa, onda izin verin, onu erməni dilində buraxım, çünki mən ermənicəni də yaxşı bilirəm.

Mirzə Cəlilin bu eyhamlı sözünün qabağında Müxbirüssəltənə çətinə düşmüşdü, son qərarı verməkçün bir az da düşünməkdən ötrü möhlət istəmişdi.

Az sonra baş verənlər göstərir ki, Cəlil Məmmədquluzadənin Müxbirüssəltənə ilə görüşündə söylədikləri hər halda təsirsiz ötüşmür. Jurnalın buraxılmasına icazə verilir. 1920-ci il fevral ayının 19-da "Molla Nəsrəddin"in Azərbaycan dilində həmin ilki ilk sayı Təbrizdə basılır. Jurnalın bu nömrəsini 1000 nüsxə çap etmişdilər. Tirajın hələ bir hissəsi yayılınca əhali arasında ciddi əks-səda oyadır. "Fahişəxana" adlı məqalə camaatın xüsusi marağına səbəb olmuşdu və "Dəli" imzalı bu yazı belə başlayırdı ki, görürdüm Tiflisdə ermənilər və gürcülər öz məhəllələrində fahişəxanalar olmasına yol vermirlər, ancaq indi Təbrizə gəlib görürəm bu şəhərdə müsəlman məhəllələrində dörd yerdə fahişəxana var, ona görə də çaşıb qalmışam ki, bu fahişəxana yaxşı şeydir, ya pis şeydir.

Öz-özünə sual edir ki, yaxşı, əgər fahişəxana pis şeydirsə, niyə məndən savayı, bu barədə heç kəs danışmır, məgər burada məndən ağıllı, həyalı və ismətli adam yoxdur?

Təbrizə təzəcə gəlmişdi, ancaq artıq burada da təzə düşmənlər qazanmağın astanasında idi. Çünki sağında-solundakı biganələrin hamısını ittiham edirdi: "Gör hər gün həman fahişəxananın qabağından neçə min mömin və abırlı müsəlman bəndələr keçib gedir. Niyə bəs onlar etiraz eləmir? Məgər bu şəhərdə hamıdan qoçaq mən oldum?"

Həmin yazıya görə valilik təşvişə düşür və jurnalın satılmamış saylarını müsadirə edir, ancaq bunun əksi də baş verir - Təbriz qadınları məhz həmin məqaləyə görə "Molla Nəsrəddin"ə təşəkkür yazıb göndərir, şəhərin əsnafı da "Molla Nəsrəddin"in nüsxələrinin yenə məhz həmin məqaləyə görə müsadirə edilməsini eşidincə etiraza qalxırlar, elan edirlər ki, "Molla Nəsrəddin"i haqq danışdığına, sözü düz yazdığına görə yığışdırırsınız, ona qadağa qoyursunuzsa, onda biz də dükanlarımızı bağlayacağıq, şəhərdə həyat dayanacaq.

Valilik başlayır araşdırmalara. Aşkar olur ki, həqiqətən, məqalədə yazılanlar düzmüş. Fevralın 27-də şəhərdəki çoxlu sayda pozğun qadın Təbrizdən çıxarılır və bundan sonra valilik "Molla Nəsrəddin"in buraxılışını davam etdirməsinə yasağı da götürür. Bir neçə nömrə, sən deyən, səs-küylü narazılıqlar yaratmadan nəşr edilib yayılsa da, 6-cı nömrədə dərc edilən "Misyonerlik" məqaləsi yenə aləmi qatır bir-birinə. Cəlilin özünün qələmə aldığı bu yazıda Təbrizdəki amerikan məktəbindən bəhs edilirdi. Təəssüflənirdi ki, elm, sənət mədəni hesab olunan Amerikadan professorlar və ustadlar əvəzinə buraya uzun ətəkli və uzun saqqallı misyonerlər göndərilir, fənni mədrəsələr və sənətxanalar yerində keşişxanalar bina olunur. Şiddətlə qınayırdı ki, necə ola bilər balaca müsəlman uşaqlarını zorla ata-anasının dinindən yadırğadıb "İncil" və İsa dərsləri ilə beyinlərini laxladır, onları xristian ibadətxanalarına daxil edirlər?

Və məqaləsini kəskin bəyanatla bitirirdi: "Əcəba, ziyalı Amerika milləti bunu necə rəva görür? Hətta keçən istibdad dövrlərində də misyonerlikdə məcburiyyət bu əndazədə deyildi ki, indi İrandadır".

Həmşəri "söyüşüylə" hərəkətə gəlməyə çağırırdı: "İdare-yi məarifimiz, görəsən, bu məqaləmizdən incimədi ki?"

Mirzə Cəlilin ürək yanğısı ilə təsvir etdikləri uzaqdan-uzağa, dildən-ağızdan eşitdikləri deyildi. Öz uşaqları həmin məktəbdə oxuyurdular, evə gəlib orada gördüklərini söyləmişdilər, Cəlil də götürüb bunları yazmışdı.

 

Missionerlik elə bir həddə gəlib yetişibmiş ki, hətta məktəbin içərisində də gəlmələrin bu fəaliyyətlərindən narazılıqlar varmış. Maarif idarəsi bu boyda çağırışa laqeyd qala bilməzdi. Göstəriş verilir, məktəb direktorluğu "Molla Nəsrəddin"in o sayından 30 nüsxə alıb yollayır Amerikaya. Valilik araşdırmalara başlayır, məlum olur ki, "Molla Nəsrəddin" yazanlar haqdır.

Yaxşı, üzqaralığı fahişəxanalar kimi, bunu da Təbriz camaatı görürdü axı və hər gün də bu biabırçılıqların böyründən etinasız keçirdi. Cəlil Məmmədquluzadə isə görür, təhlükə hiss edir və "mənə nə" deyə kirimişcə qalmır, yubanmadan düşüncələrini ictimaiyyətə yönəldir.

"Molla Nəsrəddin" barmaqları xəstələrin nəbzində qalan bilgin həkim kimiydi, harada vardısa, millətin ağrıyan nöqtəsini dərhal sezirdi, başqalarının yanından dinməz sovuşduqlarına yaxınlaşırdı, köməyini əsirgəmirdi. Yazdıqlarına görə Mirzə Cəlilin də, mollanəsrəddinçilərin də başı ağrıyırdı, çox sıxıntılarla üzləşirdilər. Amma bu, məslək idi, yol idi, başqa çarə də yoxdu, qovğalardan qorxan belə sıldırımlı, uçurumlu yollara üz tutmazdı. Başlanğıcda 1000 nüsxə çap etmişdilərsə, indi dərginin həmin sayına əhalidəki coşqun maraq sövq edir ki, tirajı çoxaltsınlar. Say çoxaldıqca isə Güney Azərbaycanda, bütün İranda "Molla Nəsrəddin"in yayılış dairəsi də genəlir, oxucuları da çoxalır, İranın özündə də "Molla Nəsrəddin"ə meyllənən, onun işığından işıq alaraq yazı-pozuya bağlanan yeni-yeni müəlliflər yetişməyə başlayır. "Molla Nəsrəddin"in Təbrizdəki nəşri illərcə uzansaydı, söz yox ki, verdiyi faydalar da çox olar, ən azı bir ana dili və milli düşüncə dərsliyi kimi qığılcıma çevrilərək xalqın mübariz ruhunu daha da alışdırardı. Ancaq işlər yarımçıq qalır. Bakıdan teleqram gəlir - Azərbaycanda Şura hökuməti qurulmuşdu. Zahirən onların da başlanğıcda əsas mədəni hədəflərindən biri köhnəliklərə, cəhalətə qarşı mübarizə idi. Yıpranmışlarla, əskikliklərlə, geridə qalmışlarla mübarizə isə "Molla Nəsrəddin"in qət etdiyi yol boyunca əsas şüarı olmuşdu. Ona görə "Molla Nəsrəddin" sözü, "Molla Nəsrəddin" üslubu, "Molla Nəsrəddin" deyiş tərzi Azərbaycandakı yeni hökumətə, yeni məfkurəyə də gərəkdi. Ancaq tam "Molla Nəsrəddin"in etdiyi tərzdə deyil, Şuraların siyasi maraqlarına uyğun biçimdə.

Mirzə Cəlili israrla dəvət edirdilər, yazırdılar ki, sizə Azərbaycan Xalq Maarif Komissarlığında yüksək vəzifə təklif olunur.

Və çox çək-çevirdən sonra Mirzə Cəlil qərarını verir. O, mübarizə adamı idi və yeni meydan açılırdı, ona mübarizələrini aparmaq üçün hər şəraitin yaradılacağı vəd edilirdi. Mirzə Cəlil Təbrizə ailəsi ilə birgə getmişdi. Azərbaycana qayıtmağa razılığını verəndən sonra Bakıdan növbəti teleqram da gəlir. Göstəriş belə idi ki, Cəlil Məmmədquluzadə üçün iki kupe ayrılsın və başqa şəxslərin ora daxil olmasına icazə verilməsin, əgər ehtiyac olarsa, əlavə kupe də verilsin.

Belə anlaşılır ki, Cəlil Məmmədquluzadə o vaxt əlavə kupeni də alıbmış. Çünki Təbrizə öz ailə üzvləri ilə getmişdisə də, geri dönəndə ailə üzvlərindən başqa yanında ayrı bir ailə də vardı - 10 nəfəri də gətirirdi. Gətirdiyi 10 nəfərin hamısı gənc insanlardı və Cəlil onların heç birini əvvəldən tanımırdı, ilk təmasları elə Təbrizdə olmuşdu. Ancaq püxtə adamdı, elə ağızlarını arayınca o gənclərin hər birində işıq görmüşdü. Onları gətirirdi ki, Bakıda oxusunlar, təhsil alsınlar, irəli getsinlər, parlasınlar. Qarşıdan yeni üfüqlər açılırdı. Dövlət səviyyəsində Mirzə Cəlilə boyun olurdular ki, işlərini görməkçün ona bütün imkanlar yaradılacaq. Ancaq Mirzə Cəlil özünü də hər kəsdən artıq tanıyırdı. Bilirdi ki, "Molla Nəsrəddin"i də nə "Molla Nəsrəddin"dir! Anlayırdı ki, hər nə qədər imkanlar açsalar da, hər nə qədər şərait yaratsalar da, tənqid edən varsa, yenə müqavimətlər olacaq, yenə mütləq təzyiqlər ortaya çıxacaq. Ancaq o, mübarizə adamı idi, ruhən fırtınalara köklənmişdi, çətinlikləri irəlicədən duysa da, çəkinmək, tərəddüd etmək fikri yoxdu. Ona görə də yeni əzmlə Bakıya qayıdırdı ki, təzə gün içərisində də gərəkli sözünü deyə bilsin...

Cəlil Məmmədquluzadə çatır Bakıya və irəlicədən edilən bütün vədlərə də başlanğıcda tam əməl olunur. Ona uyğun mənzil də verilir, jurnalın müntəzəm çıxması üçün şərait də yaradılır, vəsait də ayrılır. Yeni hökumətin təbliğat maşınına tənqid edən, əyər-əskikləri açıb göstərən bu dərgi müəyyən həddə qədər uyğun idi. Sovetin ideoloji mübarizələrində həmişə bir ifratçılıq vardı və "Molla Nəsrəddin"lə Şura hökuməti arasında get-gedə ortaya çıxacaq narazılıqların da səbəbi elə məhz bundan törəyirdi: Mirzə Cəlil, "Molla Nəsrəddin" ifşa edirdi, qamçılayırdı, fəqət müəyyən hədd gözləyirdilər. Dindən yazanda da bütövlükdə onun fəlsəfəsinə, mahiyyətinə, mənəvi çəkisinə qarşı deyildilər. Onların tənqid atəşinə tutduqları xalqı mövhumata doğru çəkən din xadimləri idi. Ancaq qırmızı Şura hökuməti ağına-bozuna məhəl qoymadan ibadətgahların hamısını uçururdu, dağıdırdı, kilsəsini də, məscidini də yerlə-yeksan edirdi.

Və yeni rejim öz ifratçı məcazına, imansız təbiətinə uyğun olaraq günlərin birində "Molla Nəsrəddin"in də adını dəyişib qoyur "Allahsız". Mirzə Cəlil dərhal etiraz edir. 1930-cu ilin fevralında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə - ovaxtkı respublika rəhbərliyinə ərizə ilə müraciət edərək yazır ki, "Molla Nəsrəddin" indi 5.000 tirajla çıxır, xalq arasında da rəğbət qazanıb və indiyəcən də "Molla Nəsrəddin" adıyla nəşr edilib. İcazə versinlər ki, bundan sonra da "Molla Nəsrəddin" elə həmin adla nəşr olunmaqda davam etsin.

"Allahsız" adıyla jurnalın yalnız bir sayı çıxır. Mirzə Cəlilin təkidindən sonra "Molla Nəsrəddin" adını saxlayırlar. Ancaq yeni hökumətin "Molla Nəsrəddin"dən umduğu köhnə "Molla Nəsrəddin"çilik deyildi. Onlar "Molla Nəsrəddin"in özünü də bir kommunist cildində görmək niyyətində idilər. Artıq yuxarıdan yönləndirilən siyasətin əks-sədası mətbuatdan da gəlirdi. "Maarif və mədəniyyət"də 1930-cu ilin yanvarında İ.Dubinskinin "Dinlə mübarizə cəbhəsində" adlı məqaləsi dərc edilir. Yazırdı ki, bizdə liberal və azad düşüncəli "Molla Nəsrəddin" dərgisi nəşr edilir, onun buraxılmasına da dövlət tərəfindən kifayət qədər vəsait ayrılır, ancaq bu jurnal daha çox redaktorunun nəşridir.

Və tələb edirdi ki, bu keyfiyyətə son qoyulmalı, mübariz allahsız işçi sinfinin öz məcmuəsi düzəldilməlidir! Bircə bu yazı olsaydı, onu müəllifin şəxsi baxışı kimi də dəyərləndirmək olardı, iş ondadır ki, başqa mətbuat orqanlarında yer alan bənzər məqalələr, yaxud ayrı-ayrı məqalələrdə oxşar replikalar da tez-tez gözə dəyməyə başlayırdı və bunun pıçıldadığı da o idi ki, münasibət fərdlərdən deyil, yuxarıdan gəlməkdədir.

Onillər boyu axarında olduğu qatmaqarışıq həyat şəraiti, əsəblərini gəmirən haqsız davranışlar, qarşılaşdığı müxtəlif maneələr Mirzə Cəlilin sağlamlığını artıq laxlatmışdı və 1920-ci illərin sonları, 1930-cu illərin əvvəllərində başlanan ardıcıl həmlələr onun səhhətini daha artıq zədələyir. Lakin iş yalnız mətbuatda dərc edilənlərlə də bitmirdi. Ayrı-ayrı orqanlara şər-böhtanlı donoslar da yollanılırdı. Azərbaycan Xalq Maarif Komissarlığı Elm, incəsənət, ədəbiyyat bölməsi müdirinin adına göndərilmiş təxminən anonim, altına imza qoyulsa da, soyadın oxunmaz olduğu məktubda Mirzə Cəlil və "Molla Nəsrəddin"in fəaliyyətləri kəskin tənqid olunurdu. Bu, sovet əyyamlarının artıq o vaxtlar tətbiq edilməyə başlanmış, getdikcə daha da oturuşaraq bir az da məkrliləşən ənənəsi idi ki, yuxarılarda vurulması qət edilənlərə qarşı aşağıdan silsilə pisləyici zəhmətkeş məktubları təşkil edilər, qərarlar verilərkən də xalqın səsi kimi ən çox bunlara istinad olunardı.

Mirzə Cəlili çərlətməyin, dirigözlü öldürməyin hər fəndindən istifadə edirdilər. "Molla Nəsrəddin"i "Allahsız"a döndərəndə Mirzə Cəlilin etiraz ərizəsindən sonra guya o fikirdən daşınmışdılar. Amma atdıqları növbəti addım jurnalın adını "Allahsız" qoymaqdan da betər idi. Tələb edirdilər ki, dərginin adını "Molla Nəsrəddin" yazmağına yazın, amma bu sərlövhənin altında da mütləq əlavə edin: "Azərbaycanın Mübariz Allahsızlar İttifaqı Mərkəzi və Bakı şuralarının orqanı". Hətta bununla da bitmirdi, ondan sonra da jurnalın hansı xətti tutub getdiyini dəqiqləşdirən əlavə də vardı: "İctimai, siyasi, ədəbi və allahsız məcmuədir".

Şura hökumətinin dinlə düşmənçiliyi məlum idi və "Molla Nəsrəddin"in də heç vaxt mühafizəkar dinçilərlə, xurafatla barışmadığı bəlli söhbətdir. Lakin o münasibətlə bu yolagetməzlik əsla eyni deyildi. Əvvələn, din mövzusu, qaragüruhun, mövhumatın ifşası "Molla Nəsrəddin"də həmişə xətlərdən yalnız bircəsi olmuşdu. Həm də o xətti yürüdərkən "Molla Nəsrəddin"də həmişə mizan-tərəzi gözlənmişdi, dinin təməllərinə toxunulmamışdı. Mirzə Cəlil də, "Molla Nəsrəddin"i yaradan digər ədiblər də ölçü bilən insanlardılar, gözəlcə anlayırdılar ki, xalq içində etiqadı olan insanlar saysız-hesabsızdır, baltanı dibindən vurmaq yaramaz, dərk edirdilər ki, indi hökumətin təkid etdiyi bu xətt tutularsa, gələcəkdə dərgi insanların gözündən düşəcək, əvvəlki doğmalığından əsər-əlamət qalmayacaq. "Molla Nəsrəddin" hökumət və millət nəzarətinin hər çeşidini dadmışdı - çar senzurasının basqılarını da yaşamışdı, İranda şah rejiminin, mollaların təzyiqləri ilə də üzləşmişdi, senzuralara, bir növ, adətkərdəydi, müvafiq olaraq Mirzə Cəlildə və məsləkdaşlarında müəyyən immunitet, belə basqılara müqavimət hissi və təcrübəsi də şəkillənmişdi. Ancaq indiki senzura - sovetin müəyyən elədiyi qart çərçivələr əvvəlkilərdən tamam fərqlənirdi. Lakin başqa çıxış yolu da yox idi, dayanmaq olmazdı və bütün məhdudiyyətlərə rəğmən, iki daş arasında olsa da, sovet dönəmində də "Molla Nəsrəddin" sözünü deməyi bacarırdı.

1931-ci il gəlib çatmışdı və 1906-cı ildən yol gələn dərginin 25 yaşı tamam olurdu. Axşamlardan birində Həmidə xanım Mirzə Cəlildən soruşur ki, bəs "Molla Nəsrəddin"in 25 illiyini qeyd etməyəcəklər? Mirzə Cəlil rişxəndlə deyir ki, mən onlara söylədim, 25 illiyi keçirmək lazım deyil, elə saxlayın, birdəfəlik 75 illiyi qeyd edərsiniz.

Əlbəttə ki, bu sözləri Mirzə Cəlil elə durduğu yerdə söyləməmişdi, yəqin ki, yuxarılardakı hansısa kabinetdə yubiley söhbətini açmışdı, nə təhər cavab eşitmişdisə, belə kinayəli danışmağa vadar olmuşdu.

Ancaq dilindən, qələmindən qopan hər söz kimi, elə dilucu, rişxənd qarışıq hirslə dediyi bu sözlər də gec-tez gerçəyə çevrildi. Zaman ötdü, vaxtın bütün qasırğaları keçmişə çökdü, Vaxt aparmalı olduqlarını apardı, qalanlar qaldı və qalanların, əbədi qalacaqların içərisində Mirzə Cəlil də vardı, "Molla Nəsrəddin" də. Gün yetişdi ki, "Molla Nəsrəddin"in yetmişini də bayram etdilər, səksənini də, yüzünü də. Mirzə Cəlilin və "Molla Nəsrəddin"in sabahlar içərisindəki daha başqa yuvarlaq ildönümləri də bundan belə heç vaxt candərdi qarşılanmayacaq, öncədən gözləniləcək, könül dolusu bayram ediləcək.

XX yüzilliyin son on ili başlananda "Molla Nəsrəddin" 85 yaşına çatmışdı. Dərginin 1931-ci il bir tutqun payız günündə keçirdiyi 25 illiyini görənlərdən həyatda qalan tək Qulam Məmmədli idi. Qulam Məmmədli Mirzə Cəlilə, onun ailəsinə, "Molla Nəsrəddin"ə - bütövlükdə ədibin irsinə çox sədaqətli insan idi. O, Mirzə Cəlili qəlbdən və dərindən gələn sevgi ilə sadəcə bir qələm adamı kimi deyil, öz doğması kimi sevirdi.

1963-cü ildə Naxçıvanda çəkilmiş bir şəkil var - yaşlı bir qadınla ağsaqqal bir kişi yanaşıdır. Sanki artıq ixtiyarlaşan bacı ilə qardaş birlikdədir. Onlardan biri Qulam Məmmədlidir, digəri Mirzə Cəlilin qızı Münəvvər Məmmədquluzadə.

Qulam Məmmədli 1931-ci ilin payızında "Molla Nəsrəddin"in Bakıda Dadaş Bünyadzadə adına dövlət teatrında keçirilmiş 25 illik yubileyini həmişə kədərlə xatırlayırdı. Həmin yubileyin nə sayaq keçirilməsi haqda nə qəzetlərdə yazılar dərc edilmişdi ki, oxuyaraq onillər sonra o axşamdakı əsl ovqatı hiss edəsən, nə də xatirə bölüşəcək şahidlər qalmışdı söz soruşasan. Tək Qulam Məmmədli sağ idi. Söyləyirdi ki, elə başqa ildönümlərdə olan kimi, o axşam əsas məruzə də vardı, göndərilən təbriklər də oxunurdu, çıxışlar da edilirdi. Ancaq bir soyuqluq hər halda hiss olunmaqdaydı.

Qulam müəllimin dediyi həmin soyuqluğun təsdiqi ən azı budur ki, mətbuat bu boyda hadisəyə tam biganə qalıb. Yəqin, "Qalın!" göstərişi verilibmiş, belə məsləhət olduğunu işarə ediblərmiş ki, qəzet-jurnallar bu cür davranıb. Yoxsa o boyda hadisə barədə iri, təntənəli məqalə demirəm, heç olmazsa həmkarlıq xatirinə, xala-xətrin qalmasın da olsa adicə xəbər yazmağa nə vardı!

Qulam müəllim qüssə ilə xatırlayırdı ki, Dövlət Dram Teatrındakı mərasimi Xalq Maarif Komissarlığı adından Maqsud Məmmədov açdı, zal ağzına qədər dolu idi, Mirzə Cəlil ictimai xadimlər, ədəbiyyat nümayəndələri və yaxın silahdaşları ilə oturmuşdu. Nəhayət, sözü Mirzə Cəlilə verdilər. O, özünə xas aramla yerindən qalxdı, ağır addımlarla tribunaya gəldi. Gərgin olduğu, hər kəlməni dilə gətirməzdən əvvəl beynində dəfə-dəfə ölçüb-biçərək sonra demək qərarına gəldiyi aşkarca hiss olunan bir tərzdə ikicə dəqiqəlik çıxış elədi. Təbriklərə, xoş sözlərə cavabı belə oldu ki, "Həə, vaxtında belə işlər olub".

Ardınca da həmin tarixi gündə Mirzə Cəlil sanki söylənmiş təriflərdən sıxılaraq "Molla Nəsrəddin"in keçdiyi 25 illik yolun təvazökar qiymətini özü verir: "Jurnal çıxıb. Biz də lazım olan şeyləri yazmışıq".

Bu qədər qısa, bu qədər aydın, bu qədər doğru. Əslində qanan yanında bundan yüksək qiymət də yoxdur. Müxtəlif hakimiyyətlər, fərqli siyasətlər, saysız müqavimətlər və təhdidlər əhatəsində ön cəbhədəki əsgər kimi döyüşərək 25 il yol adlayandan sonra keçmişə boylanarkən "lazım olanları yazmışıq" deyə bilmək nə böyük xoşbəxtlikdir! Axı "Molla Nəsrəddin" ilk sayında millətə üz tutaraq "sizi deyib gəlmişəm" söyləmişdi.

Və 25 illik yol keçərək millətin qarşısında hesabat verərkən böyük məslək adamının əlini ürəyinin üstünə qoyaraq müdrik bir arxayınlıqla başlanğıcdan boyun olduğu, millətə gərək sözü deyə bildiyini açıq ürəklə bəyan etmək haqqı əsl bəxtəvərlikdir. Demək, ömür bihudə yaşanmayıb. Əhd etdiyini yerinə yetirə bilmişdisə, ən dar macalda belə məqsədinə çatmağı bacarmışdısa, bir fikir, əqidə, duyğu adamı, əlbəttə ki, daxilən məmnun olmalıydı.

 

30 iyun 2024

 

Rafael HÜSEYNOV

Akademik

525-ci qəzet .- 2024.-13 iyul,№122.-S.16-17.