Ədəbi köşk: Nə var, nə  yox?

 

Kal armudların imtinasız həyatı

Qələm adamlarının bir qismi hər şeyə can atır. Teymur Elçinin "Mən də, mən də" şeirini xatırlayıram. Bütün yaxşı şeylərə bir cavab var: "Mən də, mən də".

 

- Ağaca çıxaq!

- Mən də! Mən də!

- Armudu yığaq!

- Mən də! Mən də!

- Armud kal imiş!

- Mən də! Mən də!

 

Kal! Məhz kal olanda belə mənzərə yaranır. Bütün imtiyazları, səfərləri, fəxri adları özünə "ləyağ" bilirsən.

Azər Qismət bir el məsələni yaxşı yada salıb: "Qənimətdir, Əbili... Məsələ burasındadır ki, bizim əksər yazı-pozu adamlarımız da bu məsəli özünə zərbi-məsəl seçib. "Havayı yeyib-içməkdir, qalmaq havayı, gedək e".

Poeziya bayramına getməyi adama 10 dəfə də təklif edərlər. Bəs sən etiraz etmisənmi ki, qoy bu dəfə başqası getsin?

Bəs deyirdilər, yazı adamları Tanrının seçilmiş bəndələri olur?

Özümə görə demirəm, çünki çəkiliş vaxtı gedib görmüşəm.

İmtina mədəniyyətindən söhbət gedir".

lll

"Tanınmış yazıçı" mifi

Sözsüz ki, hər bir yazıçının ürəyinin dərinliklərində bir şöhrət arzusu var. Daha çox auditoriyaya çatmaq, daha çox tiraj, daha çox oxucu, imza günü, kitab satışı... Təəssüf ki, ötən əsrə nisbətən yazıçı-şairə kütləvi oxucu rəğbəti bir o qədər deyil. Müqəssir texnologiyadırmı?

Gənc ədəbiyyatşünas Aqil Bəkir yazır: "Tanınmışlıq bilinməkdir və hər kəs bilinmək istəyər. Ancaq Azərbaycanda bilinmək müəyyən kəsimlə məhduddur. Xüsusilə ədəbiyyatda tanınmışlıq çox kəskin çevrə ilə sərhədlənib və həmin sərhəd çərçivəsində saxta məşhurluq xalqa yeridilir. Bir yazıçı əsərləri ilə tanına bilər. Əsərləri müxtəlif sosial təbəqə nümayəndələri tərəfindən kütləvi oxunan yazıçı tanınmışdır. Lakin bu gün "ədəbi mühitsizlik" daxilində yaradılan şişirdilmiş ədəbiyyat dünyası özünün "tanınmış yazıçı" mifinin istehsalı ilə məşğuldur. Ədəbi çevrədə bilinən şəxsin tanınmış kimi qələmə verilməsi və ortaya çıxan "saxta şar"ların çoxalması cümlənin əvvəlindəki "ədəbi çevrə"nin meydana gəlməsini, zaman ötdükcə isə bütöv bir ədəbiyyatı ələ keçirib həqiqi ədəbiyyatın sadəcə onların yaratdıqları ədəbiyyat olduğunu diktə etmələri ilə nəticələnir. Bu diktə sistemin oturuşmasına yol açır.

Sirr deyil ki, hazırda tanınmış (" ") yazıçıların tanınmışlığı yuxarıda tərifini verdiyim məşhurluqla eynidir və onların tanınmışlığının oxucular səviyyəsində qarşılığı yoxdur.

Buna rəğmən, "ədəbi çevrə"yə daxil olduqları üçün "öndər" və ya "alt öndər" statusu qazanıblar və bu statuslar onları hər yerə daxil etmə imkanına malikdir.

Onların irəliləmələri, ədəbi nərdivanı üç-üç çıxmaları onlar kimi olmaq istəyənləri də eyni yola yönəldir.

Bu vəziyyəti yox etmək isə çətindir, lakin mümkünsüz deyil:

1. Yazıçı şəxsiyyətini qorumalıdır;

2. Tanınmaq onun üçün ön planda olmamalıdır;

3. Hər şeyə - özünə belə qarşı gələ biləcək düşüncə səviyyəsində çatmalıdır;

4. Xalqdan qopmamalıdır.

Siyahını digər kiçik ünsürlərlə uzatmaq olar, amma digərləri bu 4 başlığın alt başlığını təşkil edəcək.

Sonda: Tanınmışlıq keçicidir, yazıçılıq (!) isə əbədi".

lll

Ədəbiyyat kimi xilas elədi?

Həmid Piriyev şair və tərcüməçi Nicat Məmmədovdan müsahibə alıb. Süni intellektlə yazılan mətnlərə münasibətdə qeyd edib ki, bizim yazdıqlarımız ChatGPT üçün gübrə rolunu oynayacaq: "O, bizim yazdıqlarımızdan yararlanıb yeni yaradıcılıq növləri icad edəcək. Virtual reallığa uduzuruq. Həm də ki, gənc nəsil şeir oxumur, game oynayır. Özü də elə oyunlar var ki, fəlsəfi tutumu heç də müasir poeziyadan geri qalmır".

N.Məmmədov ədəbiyyatı ideallaşdırmağın düzgün olmadığını bildirib: "Bilmirəm nə olacaq, proqnoz vermək istəmirəm. Amma poeziyanın, ədəbiyyatın pafosunu da bir az aşağı salmaq lazımdır. Ədəbiyyatı ideallaşdırmaq lazım deyil, məşğuliyyətdir də, edirik. Mən ümumiyyətlə, nə ədəbiyyata, nə də ümumən sənətə ciddi yanaşmıram. Niyə də ciddi olmalıdır? Ədəbiyyat kimi xilas elədi? Rusiya ilə Ukrayna qırır bir-birini, iki qardaş xalq. Bəs o böyük rus ədəbiyyatı, Çexov, Tolstoy nə oldu? Köməyə gəldilər? İdeallaşdırmaq lazım deyil. Ölümü gözləyə-gözləyə başımızı qatırıq. Pis iş görmürük ki. Kimsə kombi düzəldir, biz də şeir yazırıq".

lll

Xalq şairinin diqqətini çəkən "Çilli qız"

Sabir Rüstəmxanlı Narıngül Nadirin yeni çapdan çıxmış "Çilli qız" kitabı barədə fikilərini bölüşüb: "Çağdaş qadın yazarlarımız arasında özəl yeri olan Narıngül Nadirin "Çilli qız" adlı kitabı haqqında bir neçə söz deməyi özümə borc bilirəm. Əlimizə keçən kitabların hamısını oxumağa vaxtımız çatmır; bəzisini vərəqləyib keçirik, bəzisindən müəyyən fəsilləri və ya seçmələri oxuyub ayrılırıq. Kitab səni çəkmirsə, özünü oxumağa məcbur etmirsən. Amma "Çilli qız"dakı iki povesti və hekayələri axıradək maraqla oxudum. Narıngül xanım bizə Azərbaycan qadınının sevgilər və ayrılıqlarla, yaradıcılıq eşqi və ehtiyac iztirabları ilə, ümid və arzularla dolu, canlı dünyasını göstərir. Şəhər mühitinə yenicə düşmüş və ya həyata ümidlə atılmış qızların üzləşdikləri çətinliklərin inandırıcı təsvirləri ilə Narıngül xanım cəmiyyət və qadın münasibətlərinin, mənəvi mühitimizin problemlərinə toxunur. Süjet xəttindəki sərt, gözlənilməz dönüşlər, bəzi hekayələrinin novellavari sonluqları müəllifin istedadından, yetkin yazı qabiliyyətindən xəbər verir. Dəyərli qələm dostumuzu bu uğurlu kitabı münasibəti ilə təbrik edir, ona yeni yaradıcılıq nailiyyətləri arzulayıram..."

lll

"4-5 nəfər ədəbiyyatı"

Emin Piri "kruq ədəbiyyatı"nın fəzilətlərindən bəhs edir: "Müasir Azərbaycan ədəbiyyatını giley, qınaq, ittiham dövrü də adlandıra bilərik. Doğru, bəziləri yaradıcılıqla məşğuldu, sanballı şeirlər yaranır, öz yerində. Amma bütün bunlar istisnanı pozmur.

Daha çox "4-5 nəfər ədəbiyyatı" adlandıra da bilərik.

4-5 nəfər yığışır bir yerə, məsləhətləşir, şəkil paylaşaraq özlərini qaymaq adlandırır, amma başqa 4-5 nəfəri "kruq ədəbiyyatı"nda ittiham edi.

Sonra başqa 4-5 nəfər imza günləri keçirir, sırf özlərini reklam edir, digər 4-5 nəfəri paxıllıqda ittiham edir.

Başqa 4-5 nəfər də eyni efirləri bölüşür, özlərindən başqasının adını TV-lərə verməz, efirdə də özlərindən danışır, digər 4-5 nəfərləri isə onları gözü götürməməkdə ittiham edir.

Bir 4-5 nəfər də müasir yazar dünya ədəbiyyatından, yeniliklərdən danışır, digər millilikdən danışan (əslindəsə "ərəb") 4-5 nəfər bunları milli ədəbiyyatdan uzaq adlandırır.

Bir digər 4-5 nəfər bir-biri haqda "eşq olsun"lu, "yaxam cırıldı"lı yazır, sosial şəbəkələrdən üzü belə özlərinin heç nəyə yaramayan reklamı ilə məşğul olur, amma xarici səfərlərə gedən eyni 4-5 nəfəri və ya onların göndərilməsində ittiham edir.

Sonra da tədbirlərdə eyni səhnəni 4-5 nəfər bölüşür, digərləri həmin vaxt heç ya da düşməz, amma bunlar başqa 4-5 nəfəri eyni mükafatları onların almasında itiham edir.

Məmur yazıçını tərifləyən 4-5 nəfər başqa məmur yazıçını tərifləyən digər 4-5 nəfəri yaltaqlıqda qınayır.

Eyni 4-5 nəfərin mediada dərc olunduğunu deyən digər 4-5 nəfərinsə əlinə imkan düşən saytda özlərindən başqa 4-5 nəfəri görməyə bəsirət gözləri çatmır.

Xaricdə ancaq özü çap olunan eyni 4-5 imza başqa 4-5 nəfəri bunları şair kimi görməməkdə və ya ciddi qəbul etməməkdə qınayır.

Ta gerisi qalsın.

Vallah, hamısı da haqlıdı..."

lll

Hər gün bir lətifə

"Kulis" yeni rubrikaya başlayıb: "Günün lətifəsi"

Budəfəki lətifə gülməli olmasa da, yaxşı təşəbbüsdü:

"Ramil Əhmədin toyunda Ulucay Akiflə Nadir Yalçın siqaret çəkmək üçün foyeyə çıxır.

Nadir uzaqdan furşetə düzülmüş meyvələri görüb özünü saxlaya bilmir, yan-yan yeriyir meyvələrə tərəf. Başlayır iri çiyələkləri bir-bir mədəsinə ötürməyə.

Az sonra foyeyə çıxan Fərid Hüseyn də onlara yaxınlaşır. Nadirin çiyələkləri iştahla tıxışdırdığını görüb deyir:

- Nadir, sən də bir-iki dənə hekayə yazmısan, basıb bütün çiyələkləri yedin".

lll

Təzə nə var?

Qarşıdan parlament seçkiləri gəlir. Namizədliyini irəli sürənlər arasında ədəbi mühitdən Səfər Alışarlı, Əyyub Qiyas da var. Kəramət Böyükçöl təşviqat şüarları ilə çıxış etsə də, hələ namizədliyini elan etməyib. Başqa bir neçə yazarın da namizədliyini irəli sürəcəyi ilə bağlı söz-söhbət dolaşır, amma dəqiq bir xəbər yoxdur.

lll

Azad Qaradərəlinin əsərlərinin beşinci cildi çapdan çıxıb. Kitabın bu cildinə bir roman və bir neçə hekayə daxil edilib. Nəşrin redaktoru Mübariz Örəndir.

lll

AYB katibi, şair, tərcüməçi Səlim Babullaoğluya Çukurova Ədəbiyyatçılar Dərnəyinin "Atatürk" xatirə medalı təqdim edilib.

 

lll

İyulun 14-də saat 15:00-da Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Yazıçılar Birliyinin 90 illiyi qeyd olunacaq.

 

lll

 

Hazırladı: Nadir YALÇIN

525-ci qəzet .- 2024.-13 iyul,№122.-S.13.