"Studentlər" romanı
tariximizin güzgüsü kimi
TAĞIYEV-BEHBUDOV DAVASI
(Əvvəli ötən şənbə
sayımızda)
Bakının azad edilməsi xəbərini də
Şuşanın erməni əhalisinə Lütfəli bəy
çatdırmışdı. Yəni dolayısı yolla erməni
siyasətbazlarını iştahlarını azaltmağa,
Qarabağda erməni dövləti qurmaq xülyasından əl
çəkməyə, hakimiyyəti Azərbaycanın
bütün ərazilərində yayılan Cümhuriyyətin
qanunları ilə yaşamağa
çağırmışdı.
Sentyabrın 18-də Ağdamda erməni icmasının
nümayəndəsi Ayrapet Musaelyanla birlikdə Qafqaz İslam
Ordusunun komandanı Nuri Paşanın Qarabağ nümayəndəsi,
albay Cəmil Cahit Toydəmirlə (1883-1956, İsmət
İnönünün hakimiyyəti dönəmində bir
müddət TC-nin milli müdafiə naziri olmuşdu - V.Q.)
görüşmüşdü. Burada türk
paşasının ermənilərə əllərində
olan silahları təhvil verib Azərbaycan Cümhuriyyətinin
qanunlarına tabe olmaq tələbi səsləndirilmişdi.
Düşmənçilik və qana hərislik üzərində
köklənmiş daşnak terrorçularından fərqli
olaraq Lütfəli bəy Qarabağda iki qonşu xalq
arasında meydana çıxan münaqişənin dinc yolla
nizama salınmasının tərəfdarı idi. "Məhəmməd
Həsən Hacınski" kitabının müəllifi
Aydın Dadaşovun yazdığına görə,
"1918-ci ildə Əskərana gələn Lütfəli bəy
Behbudov ermənilərlə danışıqlara girmiş, hətta
könüllü şəkildə ailəsi ilə birlikdə
Şuşanın erməni məhəlləsinə
köçərək orada girov kimi qalmağa da razı
olmuşdu".
Lakin təəssüf ki, bu sülhsevərlik
missiyası nə özünün, nə də yüzlərlə,
minlərlə soydaşının həyatını xilas
etmişdi. Lütfəli bəy 1918-ci ilin oktyabrında
Ağdamın Gülablı kəndinin
yaxınlığında erməni gülləsinə tuş
gəlmişdi.
Arutyun Tumyan xatirələrində L.Behbudovun Cəmil
Cahit Toydəmirin əmri ilə indiki Xocalı rayonunun Ağgədik
kəndində (işğal dövründə
separatçılar adını dəyişib Kiyatuk
qoymuşdular)
öldürüldüyünü yazır. Təbii ki,
bu, hiyləgər erməni müəllifin terrorçu
soydaşlarını təmizə çıxarmaq məqsədi
ilə uydurduğu yalandan başqa bir şey deyil. Cəmil
Cahit Paşanın dili dilindən, dini dinindən olan
Qarabağ əsilzadəsini öldürmək
üçün heç bir motivi yox idi. Əksinə, yerli
şəraitə yaxşı bələd olan, əhalinin
ehtiramla yanaşdığı xan nəslinin nümayəndəsi,
nüfuzlu şəxs kimi onu
mürəkkəb bölgədə milli barışıq və
əmin-amanlığın təmin edilməsi
baxımından yaxın köməkçilərindən biri
sayırdı. Həmidə xanım Cavanşir "Cəlil Məmmədquluzadə
haqqında xatirələrim" əsərində Cəmil
Cahit Paşanın vəziyyətlə bağlı səhih məlumat
almaq məqsədi ilə Lütfəli bəy, Mirzə Cəlil,
habelə Lütfəli bəyin dostu, həmin dövrdə
Şuşanın komendantı vəzifəsini yerinə yetirən
Həsən Əfəndiyevlə dəfələrlə
görüşüb müzakirələr
apardığını yazır. Ayrıca saxta erməni
iddialarını da yalanlayaraq "Cəmil Cahid bəylə
Lütfəli bəy arasında heç bir münaqişə
olmamışdı" - deyə vurğulayır.
Qətllə bağlı gerçəyi Həmidə
xanım xatirələrindən
öyrənmək mümkündür. O yazırdı:
"Şuşada ermənilərlə müsəlmanların
münasibətləri tarıma çəkilmiş vəziyyətdə
idi. Təxribatlar öz işini görürdü. Bu iki mllətin
münasibətləri gündən-günə korlanmaqda idi.
Müsəlman və erməni səmtlərinin sərhədində
hər iki tərəfdən keşikçilər
qoyulmuşdu. Ermənilər Əsgəran qalasını
bağlamış, müsəlmanları arandan ərzaq
almaqdan məhrum etmişdilər. Belə ağır bir vaxtda
söz-söhbət yayıldı ki, türklər gəlir.
Türklər ölkədə qayda-qanun yaratmaq və
Şuşa yolunu açmaq üçün gəlirlər. Hər
kəs onların gəlişini gözləyir, Şuşada
böyük pişvaz tədbirləri görürdülər.
Həmin dövrdə iki tərəfi ayıran təmas xətti
Gülablı kəndinin yaxınlığından
keçirdi. Müsəlmanlar və ermənilər üzbəüz
səmtlərdə səngər qazmışdılar.
Atışma gedirdi. Ətrafdakı ərazilərdən gələn
adamlar hər gün ora baş çəkir, döyüşlərə
tamaşa edirdilər. Ümidvar idilər ki, müsəlmanlar
ermənilərin cəbhəsini yarıb, hər dəqiqə
Şuşaya girə bilərlər. Bir gün bədbəxt
Behbudov da (Lütfəli bəy) açıq bir yerdə
dayanıb durbinlə döyüşün gedişini izləyirmiş...
Ermənilər həmin yerdə Behbudovu görürlər və
dəqiq nişan alaraq düz ürəyindən vururlar".
Həmidə xanımın xatirələrdən o
da məlum olur ki, Mirzə Cəlil
də bir neçə dəfə eyni yerdə dayanıb
atışmaları müşahidə edibmiş. Lakin bir
gün kənd sakinlərindən Həsən Nəsir oğlu
böyük ədibə yaxınlaşıb burada
dayanmamasını, güllə tutan yer olduğundan
düşmənin onu asanlıqa hədəf ala biləcəyini
deyir. Xatirə müəllifi daha sonra əlavə edir: "Həsənin
bu hərəkəti Mirzə Cəlili çox təsirləndirmiş,
Lütfəli bəyin ölümü isə yaman
sarsıtmışdı".
Azərbaycan Milli Şurasının 1918-ci il
noyabrın 19-da M.Ə.Rəsulzadənin sədrliyi ilə
keçirilən və Cümhuriyyət Parlamenti haqqında qərar
qəbul edilən tarixi iclasında Lütfəli bəy
Behbudovun xatirəsi bir dəqiqəlik sükutla yad
olunmuşdu.
lll
İndi isə Behbudovun həyatının
dönüş nöqtəsinə çevrilən hadisəyə
qayıdaq.
Cəmiyyəti silkələyən xoşagəlməz
insident 1911-ci il mayın 16-da məşhur xeyriyyəçi-milyoner
Hacı Zeynalabdin Tağıyevin Bakının keçmiş
Qorçakov küçəsi, 6 (indiki Hacı Zeynalabdin
Tağıyev küçəsi, 4) ünvanda yerləşən
mülkündə (indiki Milli Azərbaycan Tarixi Muzeyi) baş
vermişdi. Mühəndis Behbudov bir gün əvvəl,
Tiflis-Bakı qatarından enəndən sonra da dərhal burada
olmuşdu. Tiflisə isə Hacının səlahiyyətli
nümayəndəsi kimi, onun Zaqafqaziya dəmiryolu tikintisindəki
pay hissəsi ilə bağlı məsələlərin
müzakirəsi üçün getmişdi. Canişin, qraf
İ.İ.Vorontsov-Daşkov tərəfindən qəbul
edilmişdi. Bir sıra yüksək çinli dövlət məmurları
ilə görüşmüşdü. Danışıqlarda
bossunun mövqeyini əsaslandıraraq kifayət qədər sərfəli
şərtlər əldə edilməsinə nail olmuşdu.
Qatardan düşən kimi birbaşa Hacının yanına gəlib
iki saat yarım ərzində səfərin
nəticələri barədə məlumat vermiş, ortaya
çıxan bütün suallara aydınlıq gətirmişdi.
Hacı nəticələrdən
razı qalmışdı. Səkkiz ildən bəri
yanında işləyən gənc Lütfəli bəydən
tərif və xoş sözlərini əsirgəməmişdi.
Ertəsi gün, yəni mayın 16-da isə
mülkün baxıcısı - majordom Eynulla zəng vurub Hacının
tapşırığını
çatdırmışdı: evin cari təmiri ilə
bağlı məsələlərin müzakirəsi
üçün mühəndisin saat üçdə saraya gəlməli
olduğunu demişdi. "Xozeyinin" müşayiəti ilə
həqiqətən əvvəl holla, sonra yemək
otağına baxaraq təmirə ehtiyacı olan yerləri
müəyyən etmiş, oradan isə yataq otağına
keçmişdilər. L.Behbudovun iddiasına görə, pəncərə
taxtaları bağlı yarımqaranlıq otağa girən
kimi Hacı "Vurun! Öldürün!" əmrini
vermişdi. Dərhal bir neçə nəfər üstünə
atılmışdı.
Vəkil Georgi Zamıslovskinin Peterburqda çap
olunmuş "Tağıyevin işi" kitabı (1912)
Onlar kim idi?
Bakı Dairə məhkəməsinin 11 mart 1912-ci il
tarixli hökmü əsasında rütbə və çinlərinin
verdiyi xüsusi hüquqlar geri alınmaqla iki ildən iki il
yarıma qədər həbs cəzasına məhkum edilənlər
arasında H.Z.Tağıyevdən başqa, daha 6 nəfər
vardı. Hacının birinci nikahdan olan oğlu Sadıq
Tağıyev, qardaşı oğlu Məhəmmədrza
Tağıyev, xüsusi tapşırıqlar üzrə məmur,
şahzadə Mənsur Mirzə Qacar, ştab-rotmistr İrza bəy
Məmmədbəyov, "Kaspi" qəzetinin ofis müdiri,
Bakı şəhər Dumasının üzvü Həsən
Həsənov, işlər müdiri Mehdi Cəfərov köməksiz
şəxsə qarşı çevrilmiş kollektiv işgəncə
aktında suçlu bilinmişdilər. Müttəhimlər
arasında rus ordusunun podpolkovniki Mənsur Mirzə (1869-1931)
koloritli fiquru ilə diqqəti çəkirdi. O, yalnız
Qacar xanədanının təmsilçisi deyildi. Həm də
ilk dramaturqumuz M.F.Axundzadənin qız nəvəsi,
böyük ədibin məktublarında ehtiram hissi ilə bəhs
etdiyi kürəkəni, polkovnik Xanbaba xan Qacarın (1849-1826)
oğlu idi. Deməli, həm də məşhur Bəhmən
Mirzənin nəvəsi sayılırdı. Milyonçu
Tağıyevin evindəki ailə şurası, yaxud qeyri-qanuni mühakimədə
iştirakı isə yaxın qohumluq əlaqələrindən
irəli gəlirdi. Kiçik bacısı Mələksima
Qacar (1875-?) Sadıq Tağıyevlə ailə qurmuşdu.
Lütfəli bəy Behbudovun müstəntiqə
verdiyi və məhkəmədə də təsdiq etdiyi ifadəyə
görə Hacının əmrindən sonra "adları
çəkilən şəxslər üstümə
atıldılar. Hər tərəfdən yağış kimi
yağan zərbələrin altında əldən
düşüb yıxılana
qədər yumruqla sifətimə, bədənimin müxtəlif
yerlərinə vurmağa başladılar. Həsən Həsənov
silahlı olduğumu düşünüb tapançasını
mənə tuşlamışdı (Məhkəməyə rəsmi
şikayət ərizəsində isə artıq bir neçə
nəfərin revolverlə silahlandıqlarını iddia
etmişdi! - V.Q.). Bir ara huşumu itirdim. Gözümü
açanda qollarımı arxaya burub əvvəldən
hazırladıqları iplə bağlamaq istədiklərini gördüm.
Lakin müqavimət göstərdiyimdən yenə
döydülər, döşəməyə yıxıb təzədən
əl-ayağımı bağlamağa
çalışdılar. Məni uzanılı halda da
döyürdülər. Tək yumruqla yox, təpiklə də
hara gəldi vururdular. Ayağa qalxanda (üç, ya dörd dəfə
bunu bacarmışdım) iki nəfər bağlı
qollarımdan tutur, qalanları isə döyür, üzümə
tüpürürdülər. Yaralanmış çənəmdən
qan axırdı. Qalstukum, köynəyim, jiletim qan içində
idi. İşgəncə, hər halda azı bir saata yaxın
davam etdi".
Amma bu da hələ son deyildi. Behbudovun iddiasına
görə, döyülmə bir az səngiyəndən sonra
Hacı bildirdi ki, indi arvadımı bura çağıracaq,
qoy gəlib mənim biabırçı vəziyyətimə
tamaşa eləsin. Həqiqətən də bir neçə
dəqiqə sonra otağın kandarında iki qadın -
Tağıyevin və Lütfəli bəyin xanımları
göründülər. Ərinin ardınca ona da saraya gəlməyi
tapşırıbmış və məqam yetişəndə
səhnəyə çıxarmışdılar.
Leyli Behbudova ərini yerdə, qana boyanmış halda
görəndə hönkürüb ağlamış, əlləri
ilə üzünü tutub otaqdan qaçmışdı. Onu
sakitləşdirəndən sonra faytona oturdub evə göndərmişdilər.
Müstəntiqə ifadəsində Lütfəli bəyi
"döşəmədə əl-qolu bağlı halda, qan
içində" gördüyünü, "Həsən Həsənovun
əlində tapança onun başı üzərində
dayandığını", "ətrafda qan gölməçəsi
yarandığını" demişdi. Hadisənin mümkün səbəbi
ilə bağlı suala isə "Əsl səbəbi bilmirəm,
- deyə cavab vermişdi. - Məncə, Tağıyevi bu hərəkətə
vadar edən qısqanclıqdır. Qoca öz cavan
arvadını həmişə hamıya qısqanırdı.
Ailələrində daim müxtəlif söz-söhbətlər,
intriqalar baş alıb gedirdi".
Hacı Zeynalabdin Tağıyev xanımı və
övladları ilə. Təxminən 1910-1911-ci illər.
Lütfəli bəy də şəxsinə
qarşı amansız rəftarın səbəbi haqda
yalnız sözarası danışmağı üstün
tutmuşdu. Dediyinə görə, döyülən vaxt
Hacıya yalvarıb "günahının nə
olduğunu" soruşmuşdu. Tağıyev cavab vermişdi
ki, "arvadımı təqib edir, ona eşq- məhəbbət
izhar eləyirsən". Lütfəli bəyin
"Yalandır. Böhtandır. Kimlərinsə qurduğu
intriqadır!" - sözlərinin müqabilində Hacı
heç nə deməmişdi. Zərərçəkənin
iddiasına görə, həm də sadəcə yalnız Hacı
özü onun üzünə tüpürməklə kifayətlənməmişdi.
Arvadı Leyli xanımı da eyni hərəkətə təhrik
etməyə çalışmışdı.
Bu zərərçəkən tərəfin
versiyası, məhkəməyə şikayət ərizəsinin
əsas motivləridir.
Təbii ki, ittiham tərəfin də öz alibisi
vardı. Onlar da hadisə barəsində geniş və təfərrüatlı
məlumat vermişdilər.
İndi də kollektiv işgəncə aktının
təşkilatçısı kimi ittiham olunan
H.Z.Tağıyevin mövqeyini nəzərdən keçirək.
Mayın 16-da, səhər yeməyi vaxtı Sona
xanım (general-leytenant Balakişi Ərəblinskinin kiçik
qızı idi. Bakının aristokratik dairələrində
daha çox Sofya Vladimirovna kimi tanınırdı) ərinə
demişdi ki, "Sənin Behbudovun namussuzun biridir. Onu qov
getsin!" Hacı səbəbi ilə maraqlananda bildirmişdi
ki, Lütfəli bəy daim onu təqib edir, xoşagəlməz
hərəkətlərə yol verir. İş o yerə
çatıb ki, bir dəfə əlindən tutaraq eşq
elan eləməyə, hətta öpməyə cəhd
göstərib.
Gözlənilməz xəbər Hacını
sarsıtmışdı. Çünki Lütfəli bəylə
həmişə oğlu kimi davranmışdı. Ali təhsil
almasına, cəmiyyətdə mövqe tutmasına kömək
etmişdi. Müəllim maaşının 40-50 manat olduğu
bir şəraitdə ona ayda 450 manat verirdi. Üstəlik,
yaşadığı böyük mənzilin kirayəsini,
istifadəsində olan ekipajın xərclərini də ödəyirdi.
Yaş və mövqe fərqinə baxmayaraq, ailələri
arasında səmimi əlaqələr yaranmışdı.
Bunu ifadəsində "İşgüzar münasibətlər
xaricində ailələrimiz də tanış idi və
bir-birimizin evinə gedib-gəlirdik" - deyən Behbudov da təsdiq
etmişdi.
Hacı xoşagəlməz xəbəri yaxın
adamların çevrəsində elan etmək, duz-çörək
itirən mühəndisə yerini göstərib
hamının gözü qarşısında dərsini vermək,
onunla birdəfəlik üzülüşmək məqsədi
ilə böyük oğlu da daxil olmaqla yuxarıda adları
çəkilən şəxsləri saat üçdə
evinə çağırmışdı. Sona xanıma
tapşırmışdı ki,
Behbudovun arvadını da həmin vaxta mülkün
qadınlar üçün olan hissəsinə, öz
buduarına dəvət etsin. Yalnız işgüzar deyil, həm
də dostanə münasibət saxladığı iki hörmətli
şəxslə - neft milyonçuları Murtuza Muxtarov və
Musa Nağıyevlə də əlaqə
yaratmağa çalışmışdı. Amma məlum
olmuşdu ki, Nağıyev şəhərdə yoxdur. Muxtarov
isə məhkəməyə
göndərdiyi yazılı izahatda
aşağıdakıları bildirmişdi: "Saat 12-də
telefon zəng çaldı. Dəstəyi götürəndə danışanın şəxsən
Tağıyev olduğunu bildim. Məndən saat 3-də onlara
gəlməyi xahiş etdi. Dedim ki, mədən müdirim bu
gün olmayacaq. Özümün də təxirəsalınmaz
işlərim var. Təəssüf ki, qoyub gələ bilmərəm.
Sonra Tağıyevdən soruşdum ki, nə məsələdir,
nə baş verib? Mənim orada olmağım nə dərəcədə
vacibdir? Tağıyev: "Əlbəttə, sizsiz də
ötüşə bilərəm. Amma gəlsəydiniz,
yaxşı olardı. Behbudovla bağlı ailə məsələmiz
var. Musa Nağıyev də olacaq" - dedi. Gəlməyə
çalışacağımı vəd etdim. Sonra elə
oldu ki, işləri buraxıb gedə bilmədim".
Məşvərətə dəvət olunanların tərkibindən
də göründüyü kimi, çox güman Hacı
Lütfəli bəyə qarşı fiziki qüvvə tətbiq
etdirməkdən daha çox onu tanınmış, hörmətli
adamların yanında biabır edib evindən və işdən
qovmaq haqqında düşünürmüş. Hər halda
Bakının biznes dünyasının siması olan
ağsaqqal, xalq arasından çıxmış və xeyriyyəçi
kimi məşhurlaşmış şəxslərin
gözü qabağında cəmiyyətdə az-çox
tanınan, öz işinin ustası kimi nüfuz qazanab
ziyalı bir gənci döydürmək inandırıcı
görünmür. Bunu Murtuza Muxtarovun ifadəsindəki
aşağıdakı sözlər də təsdiq edir:
"Bir neçə gün sonra Tağıyevin evində
Behbudova işgəncə verildiyini öyrəndim. Tağıyevin
məni belə bir hadisənin şahidi olmağa
çağırmasından çox əsəbiləşdim.
Bir də onun evinə getmədim. Ay yarım sonra təsadüfən
kənddə görüşdük. Behbudovun döyülməsi,
özümün də ora dəvət edilməyimlə
bağlı narazılığımı bildirəndə
Tağıyev cavab verdi ki, əgər həmin gün Musa
Nağıyevlə birgə onun evinə gəlsəydik, o
zaman qardaşı oğulları Bağırla Məhəmməd
Rza da Behbudovdan qisas almağa cəsarət etməzdilər".
Məhkəmə prosesində Lütfəli bəyin həmkarı
və uzaq qohumu Behbud xan Cavanşir də döyülmə və
işgəncə ssenarisinin əvvəlcədən
hazırlanması ilə bağlı şübhələrini
bildirərək demişdi ki, Hacının kimisə sərt cəzalandırmaq
niyyəti olsaydı, o zaman məsələni muzdlu qatil və
50 manat pulla da həll etmək mümkün idi.
"Tağıyevin işi" kitabının müəllifi,
vəkil G.Zamıslovski hadisənin davamını belə təsvir
edir: "Saat üçə doğru Tağıyevin evində
oğlu Sadıq, qardaşı oğlanları Məhəmməd
Rza və Məhəmməd Bağır (Behbudovun iddiasına
görə Məhəmməd Bağır orada
olmamışdı - V.Q.), Həsən Həsənov, Mehdi Cəfərov,
İrza bəy Məmmədbəyov və sinəsi hərbi rəşadətə
görə layiq görüldüyü ordenlərlə bəzənmiş
şahzadə Mənsur Mirzə bir araya gəlmişdilər.
Tağıyev əvvəlcədən heç bir izahat vermədən
onların hamısını sarayın Mavritaniya üslubunda
işlənmiş böyük, əzəmətli Şərq
salonuna dəvət etmişdi. Salona axırıncı
Tağıyevlə Behbudov daxil oldular. Hacı hamının
yanında üzünü ona tutub əsəbi səslə
soruşdu: "Sən nə cəsarətlə arvadıma pis
gözlə baxmısan?"
Behbudovun rəngi ağardı. Astadan "Hacı, bu
yalandır" - dedi.
- Hələ günahını boynundan atmağa
cürətin də çatır? - Tağıyev səsini
ucaltdı. - Yaxşı, indi öz arvadımı da sənin
arvadınla bir yerdə bura çağıracam. Qoy o,
hamının yanında yaramaz əməllərindən
danışsın. Behbudov:
- Hacı, yalvarıram sizə, bunu etməyin! - dedi.
Lakin Hacı onun sözlərinə məhəl qoymadı.
Sarayın qadınlara məxsus hissəsinə keçib bir
neçə dəqiqədən sonra Tağıyeva və
Behbudovanın müşayiəti ilə geri qayıtdı.
Ərinin əmr kimi səslənən "Bu gün səhər
mənə dediklərini təkrar elə!" - sözlərinin
müqabilində xanım Tağıyeva hamının
qulağı eşidə-eşidə son vaxtlar Behbudovun
davamlı eşq elanlarına məruz qaldığını
danışmışdı. Sonda onu layiq olduğu adla
çağıraraq tələsik dönüb otağına
qayıtmışdı. Behbudovun arvadı "Ay
alçaq!" - deyə əlləri ilə üzünü
qapayıb ağlamağa başlamışdı. Zabitlər
onu qonşu otağa aparıb su vermişdilər. Hacı var səsi
ilə qışqırmışdı: "Rədd ol buradan,
yaramaz. Bir də ayağın mənim qapıma dəyməsin!"
Sonra isə savadlı, müasir müsəlman gənclərin
qarasınca deyinməyə başlamışdı:
"Hamınız deyirdiniz ki, gərək cavanların
oxumasına bacardığım qədər çox vəsait
ayırım. Mən də sözünüzə qulaq
asırdım. İndiyə qədər az pul xərcləməmişəm.
Amma nəticəsi nə oldu? Oxumuş gənclərimiz nəyə
oxşayırlar?"
Hacı sözünü qurtarıb qardaşı
oğlanlarına arzuolunmaz qonağı yola salmağı
tapşırmışdı. Bir neçə dəqiqədən
sonra isə pilləkən meydançasından səs-küy
və qışqırtı eşidilmişdi. Salondan
çıxanlar Məhəmməd Rza ilə Məhəmməd
Bağırın Lütfəli bəyi pillələrin
üstünə yıxıb döydüklərini
görmüşdülər (Xoşagəlməz səhnəni
təsvir edən G.Zamıslovski İmperator Texnologiya
İnstitutunun məzununa əl qaldıran gənclərin nəinki
ali, heç orta təhsillərinin də olmamasından heyrətlə
söz açmışdı. Rəhim bəy Məlikov da zərərçəkənin
yaxasındakı ali məktəb nişanının cahiliyyin
qarşısında bir maneyə çevrilməməsinə
təəssüfləndiyini gizlətməmişdi. Bu da XX əsrin
başlanğıcında təhsilin, xüsusən də ali
təhsilin nə qədər yüksək qiymətləndirildiyinin
və ziyalı-savadsız antitezasının nə qədər
kəskin şəkildə qarşı-qarşıya
dayandığının göstəricisidir). Hacı əsəbi
şəkildə: "Durun! Bircə mənim evimdə dava
salmağınız çatmırdı!" - deyə
qışqırmış, Həsən Həsənov ortaya
girib onları ayırmışdı.
Tağıyevin qardaşı oğlanlarının ifadəsinə
görə isə hadisə belə olmuşdu. Məhəmməd
Rza söyə-söyə Behbudovun ardınca pilləkənləri
enirmiş. Sonra hirsindən özünü saxlaya bilməyib
yumruqla sifətindən vurmuşdu. Lütfəli bəy
yıxılmış, dərhal da sıçrayıb
ayağa qalxaraq cavab zərbəsi endirmişdi. Özünü
yetirən Məhəmməd Bağır onu var gücü ilə
pilləkənlərdən üzüaşağı itələmişdi.
Ardınca da hər ikisi üstünə atılıb kötəkləməyə
başlamışdılar. Üzündəki zədələr
də bu zaman yaranmışdı.
Bundan sonra Behbudov dəsmalını qanamış
çənəsinə sıxıb küçəyə
çıxmışdı. Onu artıq faytona deyil, adi at arabasına oturdub evinə yola
salmışdılar.
lll
Beləliklə, qarşımızda bir çox
mühüm məqamları ilə biri-birindən fərqlənən
iki mövqe, eyni hadisənin iki müxtəlif təfsirini
ehtiva edən iki yanaşma var. Lütfəli bəyin ifadəsində
hadisənin səbəbinə demək olar ki, çox səthi
şəkildə toxunulur. İddiaçı məhkəmə
zamanı bunu "müsəlman qadınının (Sona
xanımın!) şərəf
və ləyaqətini qorumaq, adının dilə-dişə
düşməsinə imkan verməmək niyyəti ilə
etdiyini" bildirmişdi. Qarşı tərəf isə onu məhz
bir ailənin şərəf və ləyaqətinə qəsddə
ittiham eləmişdi.
Döyülmə səhnəsinin yeri ilə
bağlı fikirlər də ziddiyyətlidir. Lütfəli bəy
bunun yataq otağında, Hacı isə sarayın
vestübülündəki pilləkənlərin üzərində
baş verdiyini iddia edir. Hadisənin dəqiq mənzərəsini
yaratmaq üçün əlimizdə elə bir ip ucu yoxdur.
Amma mənə elə gəlir ki, mötəbər Hacıya
inanmaq üçün daha çox əsas var. Bir anlıq
düşünək: XX əsrin başlanğıcında
yataq otağı hər bir müsəlman üçün
çox məhrəm yer sayılırdı. Əslində hətta
dini mülahizələri bir tərəfə qoysaq, bu gün
də elədir. Xüsusi zərurət duyulmadığı təqdirdə
kənar adamların bura daxil olmaları təqdir edilmir.
Tağıyevin mülkündə kifayət qədər otaq
vardı. Odur ki, linçləmə üçün məhz
yataq otağının seçilməsi inandırıcı
görünmür. Digər tərəfdən, əgər zərərçəkənin
iddia etdiyi kimi altı nəfər tərəfindən təxminən
bir saata yaxın döyülmüşdüsə, üstəlik
də, gənc və fiziki cəhətdən güclü
(özü idmanla davamlı məşğul olduğunu
bildirmişdi) Lütfəli bəy şiddətli müqavimət
göstərmişdisə, otaqda bu əlbəyaxa mübarizənin
müəyyən izləri mütləq qalmalı idi. Məsələn,
xanım Behbudovanın ifadəsində "gölməçə"
kimi qələmə verilən qan parketə hopa bilərdi.
Divar kağızı, yaxud mebellər zədələnə bilərdi.
Otaqdakı güzgülər, bahalı vazalar, heykəlciklər
sına bilərdi və s. və i.a. Amma hadisədən xeyli
sonra aparılan ekspertiza bunların heç birini aşkara
çıxarmamışdı.
G.Zamıslovski yuxarıda adını çəkdiyim
kitabında yazır: "Qeyd etmək lazımdır ki,
Tağıyevin evinin daxili tərtibatı Peterburqda sifariş
edilən xüsusi bədii eskizlər əsasında
hazırlanmışdı. Belə ki, hər otağın
öz üslubu vardı. Məsələn, yataq
otağındakı mebelin üzlüyü rəng və
cizgilər baxımından divar kağızlarında da təkrarlanırdı.
Belə şəraitdə baş vermiş hər hansı dəyişikliyi
yenidən, eynilə "düzəltmək" çətin,
hətta mümkünsüzdü. Bu, dərhal nəzərə
çarpa bilərdi. Üstəlik, məhkəmənin
keçirdiyi baxış zamanı xidmətçilər də
hər şeyin mayın 16-dakı kimi qaldığını
demişdilər". Ekspertiza sənədləri ilə
tanışlıq zamanı vəkil zərərçəkənin
bir iddiasının əsassızlığını da meydana
çıxarmışdı - bu da yataq otağında pəncərə
taxtalarının olmaması idi.
Lütfəli bəyin dediyinə görə, hadisə
baş verdiyi vaxt otaqdakı mebellər və digər əşyalar
çıxarılmışdı. Belə düşünmək
olar ki, Hacı və ətrafına topladığı adamlar
buranı əvvəldən "döyüş
meydanı" kimi hazırlamışdılar. Amma yenə məntiqsiz
görünür. Çünki döyülmə
üçün yataq otağını məxsusi
boşaltmağa ehtiyac yox idi. Artıq yuxarıda qeyd etdiyim
kimi, bunu asanlıqla sarayın başqa, daha münasib bir
guşəsində də etmək olardı.
Nəhayət, Lütfəli bəyin aldığı
zədələr də "altı nəfərin bir saat ərzində
harasına gəldi vurmaları" iddiası ilə qətiyyən
uzlaşmırdı (Maraqlıdır, hamı
döymüşdümü? Doktor Bəhram bəy Axundovla
privat söhbət zamanı zərərçəkən onun
"Şahzadə Mənsur Mirzə də vururdu?"
sualına mənfi cavab vermişdi. Məhkəmədəki
ifadəsində isə "heç kəs işsiz
dayanmamışdı. Zorla əl-qolumu bağlamaq istəyən
məhz şahzadə Mənsur Mirzə ilə Sadıq
Tağıyev idi" - deyə bildirmişdi - V.Q.) Belə
amansızlıqla döyülən adamın ağlı
başında, öz ayaqları ilə hadisə yerindən
çıxıb getməsi də ağlabatan deyil. Ertəsi
gün dostluq əlaqələri saxladığı iki
tanınmış həkim - Azərbaycan Cümhuriyyəti
Parlamentinin gələcək üzvləri Bəhram bəy
Axundovla Xosrov bəy Sultanov öz evində onu müayinə
etmişdilər. Sağ gözünün altının göyərməsi,
cənəsindəki xırda çapıq və
qollarındakı qançırlar istisna olunmaqla həyatı
üçün təhlükə törədən bir xəsarət
və ya zədə aşkara
çıxarılmamışdı.
(Ardı var)
Vilayət QULİYEV
525-ci qəzet .- 2024.-13 iyul,¹122.-S.10-11.