Qələmin, yoxsa təxəyyülün
gücü?
Yazıçının katarsisi
Adı, imzası əsərləri kimi oxucuya bəlli
olan, yaddaşlara yazıçı kimi hakim kəsilən sənət
adamları ötən zamanlarda da olub, indi də var, bundan sonra
da olacaq. Hər hansı yazıçının cild-cild
kitablarından, əsərlərindən hamısı yox, məhz
ürəyimizdən xəbər verənləri, gerçək
həyatı əks etdirənləri, həyatın
gedişatına təsir edənləri yaddaş
saxlancımızda qalır. Personajların ibrətlisindən
ibrət götürürük, mənfi tipin
düşdüyü acınacaqlı vəziyyət isə
bizi çəkindirir. Sanki tərbiyələnir, əyri
yoldan uzaqlaşır, yaramaz olmaq istəmir, əxlaqımız,
ruhi aləm təmizlənir, nəticədə katarsis - "fəci
təmizlənmə" baş verir ki, bu, olduqca vacibdir. Bədii
ədəbiyyatda, sənətin digər janrlarında "fəci
təmizlənmə", onun mahiyyəti aktuallıq kəsb
edir. Sənət əsərinin mahiyyəti, qayəsi, gərəkliyi,
sosioloji gücü, əxlaqi-didaktik təsiri də bununla
şərtlənir.
Fridrix Engelsin "Lüdviq Feyerbax və klassik alman fəlsəfəsinin
sonu" adlı əsərdə deyildiyi kimi, filosoflar
dünyanı müxtəlif cəhətdən izah etməyə
çalışmışlar, lakin əsas məsələ
onu dəyişdirməkdən ibarətdir.
İnsan (fərd) dünyaya qüsursuz gəlir.
Heç bir günah sahibi olmur, lakin o böyüyür, həyatın
dolanbac burulğanlarına düşür, gözlənilməz
hadisələr, əhvalatlar, xeyirlə şərin mübarizəsi,
mənəviyyatın deqeredasiyası, həyatın katakalizmləri
onu ağuşuna alır, cəmiyyət necədirsə, fərdini
də öz istiqamətinə yönləndirir. Nəticədə
nə baş verir?
Bu suala yazıçı, dramaturq, publisist Qafar Cəfərliyə
münasibətdə iki istiqamətdən yanaşaq. Birincisi,
Qafar Cəfərlinin taleyi, həyat yolu elə gətirib ki,
yaşadığı cəmiyyəti, insanları qanundankənar
amillərdən qorumaq üçün milis (polis)
orqanlarında işləməyə qərar verdi. O, arzusuna tərəf
yol gələrkən neçə-neçə sədləri
aşdı, universitetə qəbul olunanda atasının sevinc
dolu göz yaşlarını indi də unutmadı. Peşəkar
hüquqçu olmaq üçün güclü savada, iradəyə,
təmiz qəlbə sahib oldu. Sonra ayrı-ayrı rayonlarda
müxtəlif vəzifələrdə
çalışdı. Uzun illər polis orqanlarında əməliyyat
işlərinə rəhbərlik etdi. Polisdə ən çətin
sahə hesab olunan əməliyyat xidmətində çalışarkən
baş vermiş cinayət hadisələri, həmin cinayət
hadisələrinin açılması, cinayətkarların
tutulması, hadisələrin ümumi mənzərəsinin təhlili
Qafar Cəfərlinin gələcəkdə yazacağı əsərlərə
zəngin material verdi. Hiss etdi ki, müşahidələrini qələmə
ala bilər və ömrünün qalan hissəsini də
yazıçılığa həsr etməklə, cəmiyyətin
saflaşmasına kömək edə bilər. Bundan
ötrü özünü sınamalıdır. Belə də
oldu. Hekayələr, povestlər, romanlar çap etdirdi. Qafar
müəllimə öz əsəri əsasında çəkilmiş
serialda aktyor kimi çəkilmək də nəsib oldu. Bununla
da tanınmağa başladı.
Bu, hələ başlanğıc idi
Təcrübəli hüquqşünas, istedadlı qələm
ustası, maraqlı əsərləri həyati, gerçəkliyi
daha çox əks etdirən Qafar Cəfərlinin şəxsi-mənəvi
keyfiyyətləri nümunəvidir, dostluqda sədaqətli, mərd
və mübarizdir, haqqı bədxahın ayağına verməz.
Onun əsərlərilə tanış olduqca xoş hisslər
keçirirsən, sanki əhvalatlar gözlərimin
önündə baş verir. O, personajları bizə
tanıtmaqda çətinlik çəkmir. Onun əsərlərinin
yanaşma bucağı, bədii prizması və analitik təhlili,
kompozisiya və süjet xətti bir-birini tamamlayır. "Gecənin
lal fəryadı", "İki ayaqlı canavarlar",
"Qəbir yeri", "Bərzəx sakininin
etirafları", "Günahsiz mələk", "Namus
yarası", "Tanrının göz yaşları",
"Xəyanət", "Kimsəsizlər",
"Saatın 61-ci dəqiqəsi" kimi əsərləri
oxucunun diqqətini çəkir, onu düşünməyə,
nəticə çıxarmağa vadar edir. Müəllifin
irihəcmli əsərlərinim avtobioqrafik səciyyə
daşıdığı da sirr deyil.
Qafar Cəfərli dedektiv romanlar, yoxsa hekayələr
ustasıdır? Ömrünün müdriklik çağlarında
onu usanmadan əsərlər yazmağa vadar edən nədir?
O, bununla da sonuncu borcunu yerinə yetirirmi? Fikirləşmədən
cavab verim ki, nasir Qafar Cəfərlini həyat eşqi
yaşamağa, yazmağa sövq edir. Bəli, onun xarakteri cəmiyyətə
son borcunu verməyə yardımçıdır. Söz yox
ki, Qafar Cəfərlinin əsərlərini bir-bir təhlil
etmək fikrimiz yoxdur. Əsl qiyməti elmi tədqiqatla, ədəbi
tənqidlə məşğul olanlar verməlidir. Bu
baxımdan çoxlu kitabın, elmi-publisistik əsərin
müəllifi olan tanınmış yazıçı, ədəbiyyatşünas
alim Allahverdi Eminovun "Qafar Cəfərlinin nəsr
yaradıcılığı" adlı monoqrafiyası bəyəniləndir,
çox tutarlı əsərdir. Onun yanaşma üslubu, fəlsəfi
nəticələri yenidir, Qafar müəllimin bədii
yaradıcılığı onun zəngin həyat təcrübəsi,
peşəkarlığı ilə sıx əlaqəda təhlil
edilib. Filoloq-ədəbiyyatşünas Musa Xanbabazadənin
2023-cü ildə nəşr olunan "Qafar Cəfərli
sözünün işığında", Azərbaycan və
Rusiya Yazıçılar birliklərinin üzvü,
tanınmış naşir, yazıçı-publisist Şəddat
Cəfərovun 2024-cü ildə nəşr olunan
"Yazının güzgü gücü" adlı
kitablarda da Qafar Cəfərli yaradıcılığı
müxtəlif aspektlərdən geniş təhlil olunub.
Qafar Cəfərlinin "Yaşamaq eşqi",
"Tənha qadın", "Gülgəzi", "Bir
udum hava", "Bir gecənin vahiməsi" adlı hekayələri
göstərir ki, yazıçı nəsrə layiq mövzu
seçə bilir. Hekayələrində cinayətkarların
tale, Tanrı tərəfindən cəzalandırılmasını
nəzərə çarpdırır. "Xeyirlə şərin
qovuşduğu gün" povesti isə qorxunc bir cinayət
növünə - uşaq oğurluğu probleminə həsr
olunub.
Qafar Cəfərli insanları narahat edən problemləri
tək nəsrlə deyil, həm də dramatik əsərlərdə
də qabartmağa, cəmiyyəti bu təhlükədən
xəbərdar etməyə çalışır. Onun bu il
çap olunan "Qıl körpüsündə rəqs"
adlı kitabında yer alan pyesləri bunu təsdiq edir.
"Qıl körpüsündə rəqs" faciəsi son əsrlərdə
bəşəriyyəti ən çox narahat edən
narkomaniya probleminə işıq salır. "Tanrı əmanəti"
adlı dramı tamahın, əyyaşlığın
insanların həyatına vurduğu ağır zərbələr
və nəticədə məhv olan arzular, dağılan ailələr,
viran qalan evlər bütün dəhşəti ilə
insanlara çatdırılır. "Şəhid bayraq"
dramında isə 2-ci Qarabağ müharibəsində
torpaqlarımızın işğaldan azad olunması
uğrunda vuruşan və canından keçən qəhrəman
oğullarımızın həyatı əks olunur.
Tənhalığa son
Nasirin son aylarda sosial şəbəkədə
paylaşdığı, hər biri real həyatımızın
bir mənzərəsini (acı və ya şirin) özündə
əks edən "Gülgəzi", "Yaşamaq
eşqi", "Tənha qadın", "Fateh" və
digər hekayələri böyük rezonans yaratdı, oxucular
arasında geniş əks-səda verdi, ciddi müzakirələrə
səbəb oldu. Müəllif bu hekayələrdə
insanları narahat edən problemləri qabartmaqla yanaşı,
onları həm də yaxşı, amma normal yaşamağa
sövq edir.
Çox bəyəndiyim "Tənha qadın"
hekayəsi maraqlı və vacib sonluqla bitir. Nərminin həyat
yoldaşı Nihat avtoqəzada faciəli surətdə həlak
olur. Günlər ötüb aylara dönür, Nərmin tənhalıqdan
bezir, tək yaşamaq ona ağır dərd olur. Nərmin
özünü evin yuxarı mərtəbəsindən
atıb intihar eləmək istəyir. Aşağı baxanda
dairəvi bir işığın içində Nihatın əllərini
yelləyərək nəyəsə işarə etdiyini
görür. Son anda mobil telefonuna gələn mesaj diqqətini
çəkir. Telefonun mesaj blokunu açır: "Hörmətli
Nərmin xanım, müayinə zamanı sizin üç
aylıq oğlan uşağına hamilə
olmağınız təsdiq olundu..."
Oxuyur və intihar fikrindən daşınır.
Beləliklə, Nərmin başa düşür ki,
intihar etmək əbəsdir, tənhalığın daşını
ata biləcək. Deməli, yaşamaq lazımdır. Sabahlar
bu gündən açılır. Yaşamaqçün isə
iradə lazımdır...
Və yazıya son
Qafar Cəfərli yazıçı, dramaturq, publisist
olaraq özünü təsdiq etmiş imzadır. Ədəbi
uğurlarına görə son illərdə aldığı
beynəlxalq Rəsul Rza mükafatı, AYB-nin Səməd Behrəngi
və Bəxtiyar Vahabzadə ədəbi mükafatları və
adını çəkmədiyim digər mükafatlar bu fikrimi
sübuta yetirir. O, Prezident mükafatçısıdır.
Qafar Cəfərli həm də bacarıqlı rəhbər,
yorulmaz təşkilatçıdır. 2020-ci ilin avqust
ayından sədri olduğu AYB-nin Lənkəran Bölməsinin
son illərdə qazandığı uğurlar şəksizdir
və bu fakt AYB rəhbərliyi tərəfindən də təsdiq
olunur. Bu gün Cənub bölgəsində qaynar bir ədəbi
mühit yaranıb ki, bunun əsas təşkilatçısı
və icraçısı məhz Qafar Cəfərli və
onun ətrafında cəmləşən çoxsaylı
yazarlar, geniş oxucu kütləsidir.
P.S. Hələlik isə son sözüm: Əzizim
Qafar Cəfərli, söz taxtında baxtına düşən
oxucu sevgisi qazanmaq böyük hünər tələb edən
ağır, əzablı bir yoldur. Məni sevindirən isə
odur ki, sən bu yolda inamla irəliləyirsən. Uğurlar, əziz
dost!
İdris ŞÜKÜRLÜ
Əməkdar jurnalist
525-ci qəzet .- 2024.-16 iyul,№123.-S.15.