"Yurdumun sirləri"
- əsrimizin bestselleri
VƏ YA RZA BƏRAHƏNİ YARADICILIĞINA BİR
BAXIŞ
Fransa ədəbiyyatının "Qadın Ceyms
Coysu" adı ilə tanınan ünlü nümayəndəsi,
Fransanın böyük feminist yazıçısı Helen
Cixos Rza Bərahəninin "Ayazın cəhənnəm
günləri" romanını oxuduqdan sonra, roman haqqında
öz fikir və düşüncələrini bu cümlələrlə
ifadə edir: "Oxu həyatında yeni bir əsəri bulmaq
çox çətin və nadir bir hadisədir, bir sevgili
ölünün qəbirdən baş qaldırıb dirilməsi
kimi bir şeydir. O gün insan ədəbiyyatın həqiqi
gücünə inanır. Məncə, hər 10, ya 5 ildən
bir belə hadisəyə tanıq ola bilərik. Mənim
üçün qiyamət günü idi. "Ayazın cəhənnəm
günləri" romanını oxuduğum zaman elə bir
günü yaşadım. Cəhənnəmin
özünü təcrübə etdim. Əsl Cəhənnəm
idi. Belə əsərləri oxumaq mənim üçün
dözülməzdir. Yazarın iç dünyasından
qaynayıb axan əsəri oxumaq mənə işgəncə
verirdi. Bax, Rza Bərahəninin bu əsəri mənə Cəhənnəmin
nə olduğunu yaşatdı. Rzanın Cəhənnəmi
gözəl və baxımlı bir saraydır, İran,
Türk və Batı arxivləri ilə doludur. Ensiklopedik
bilgilər və xatirələr yığınıdır,
başlanğıcı moderndir. Əslində Cəhənnəm
deməli idim, gözəl cəhənnəmlər...
Çünki Rza dünyasının hər tərəfindən
Cəhənnəm alovlanır. Dustaqların şeirini və
ailədə baş verən cinayətləri yazır. Rza
çox böyük şair və xəyalpərvər bir
müəllim olmaqla yanaşı, ədəbiyyat adamıdır. O, dünya söz sənəti
sehrbazları və yeni azadlıq yaradıcıları cərgəsinə
daxildir..."
Roman ünlü bolqar filosof-psixoloqu, feminist yazarı
Yuliya Stoyanova-Kristevaya da eyni cəhənnəm şokunu
yaşadır.
Oxucularını romanlarında təsvir etdiyi
qandonduran gerçəklərlə Cəhənnəm odunun
içərisinə atan və əsl səhənnəm
yaşadan dev yazarın gerçəkçi bir "söz sənəti
sehrbazı" olmasının, xalqının birikmiş dərdlərinin
özgə dillərdə tərcümanına çevrilməsinin
nədənləri özünün ağrılı xatirələrində
açıqlanır:"Məktəbdə ("Pərvəriş"-E.F.)
oxuduğum ilk illərdə dava-dalaşdakı
danışıqların hamısı türk dilində
olurdu. Dərsdə hamı türkcə
danışırdı. O zaman mən məktəbin divar qəzetini
türk dilində çıxarırdım. Ancaq Milli Hökumət
süquta uğrayandan sonra (1946), türk dili yasaq olundu. Əmr
etdilər ki, qəzet fars dilində çıxmalıdır.
Əlbəttə, bunu bizə türk dilində söylədilər.
Həmin dövrdə mən fars dilində yaza bilmirdim. Bu səbəbdən
də qəzetin çıxarılmasını başqa bir
şagirdə tapşırdılar. Cümə günü mən
evdə narahat oturmusdum. Anam soruşdu: "Niyə
tutqunsan?" Mən hadisəni ona danışdım.
Anamın o an mənə dediyi: "Oğul, türkcə
yaz!" - sözlərini heç vaxt unuda bilmərəm. Mən
yenə köhnə kağızları bir-birinə
yapışdırdım, mövzu tapıb yazdım. Səhəri
gün onu fars dilində çıxan qəzetin yanından
yapışdırdım. Sonra sinfə getdim. Məktəbin
müdir müavini gəlib onu qopardı. Sonra zəngi
çaldı. Hamını - şagird və müəllimləri
məktəbin həyətinə çağırıb
sıraya düzdü. O, bizdən türk dilində
soruşdu: "Türk dilində olan bu qəzeti kim yazıb
yapısdırıb?" 11-12 yaşım var idi. Mən
qabağa çıxdım. Müavin mənə türkcə
dedi: "Məgər deməmişdim ki, türkcə
yazmayın?" Dedim: "Bəli, deyibsiz..." Yenə
türkcə soruşdu: "Bəs niyə yazıbsan?"
Cavab verdim: "Mən farsca bilmirəm". O, qəzeti yerə
atdı. Sonra boynumun kökündən tutub başımı
aşağı əydi. Öz türkcəmizdə mənə
dedi: "Yala buraxdığın bu qəzeti..." Mən o qəzetin
bütün boyalarını sonadək yaladım... (Səlim
Babullaoğlu. "Yazmaq ləzzəti digər ləzzətlərin
əvəzedicisidi "525-ci qəzet". 9 aprel 2011. s. 26-27)
Bu azmış kimi, 1945-ci ilin 12 dekabrında S.C.Pişəvərinin
və silahdaşlarının qurduğu Milli Hökumət
dövründə bircə il türkcə təhsil alan
kiçik Rzanın 1946-cı ilin sonunda türkcə dərslikləri
də əlindən alınaraq gözlərinin önündəcə
yandırılır və həyatının ikinci
travmasını da yaşayır: "...Onlar bizi türk dilində
yazılmış dərslikləri Şəhrdari (Bələdiyyə)
meydanına toplayıb yandırmağa məcbur etdilər.
Kitabların alovları bizim başımızın
üstündə dar ağaclarından asılmış
kişilərin ayaqlarına qədər qalxırdı.
Gündüzləri Təbrizi qoruyub gecələri isə
küçələrinə asfalt çəkən fədailər
demokrat firqəsi devrildikdən sonra evlərindən
çıxarılır, onlardan arxalarına baxmadan yerimələrini
tələb edir, sonra biz uşaqların gözləri
önündəcə arxadan atəş açıb cəsədlərini
küçədəki nova atırdılar..."
(amerikaninsesi.org/a/kitab-iran/1813673.html)
Dahi yazarın ömür səhifələrindən
bu ikicə yarpaq bəlirləyir ki, həyatı çox
ağır şərtlər altında keçib, hakim millətin,
məzlum millətə verdiyi sitəmləri görə-görə
böyüyüb, bu şərtlər altında oxuyub, orta və
ali təhsilini yad dildə - farsca tamamlamalı olub. Əslində
divar qəzetinə türkcə yazdıqları onun
"söz dünyasının sehrbazı"
olacağının ilk işartıları idi... Lakin doğma
dilində danışmaq, yazmaqda elə o dönəmdə -
1946-cı ilin sonunda yasaqlanıb... Amma anasının həzin-həzin
qulaqlarına oxuduğu layla dilini heç vaxt unutmayıb və
bu dillə iliklərinədək yeridilən türklük
ruhuna ömrü boyu sadiq qalıb və türk ruhu, təfəkkürü
ilə, ancaq farsca yazdığı "Yurdumun sirləri",
"Ayazın cəhənnəm günləri"
romanları böyük əks-səda doğuraraq ədəbi
aləmdə şimşək tək çaxıb. Həm
"Öldürülənlərin avazı", "Azadə
xanım və yazarı", "Təbrizlilər",
"Taclı hanniballar-adamyeyənlər", "İlyas bəy
Nyu-Yorkda" və s. romanları, həm "Zillullah (Zindan
şeirləri)", "Allahın kölgəsi", "Pəncərənin
yanına gəl", "Kəpənəklərə xitabən"
şeir topluları, həm də İranın siyasi, ictimai və
sosial-tarixi strukturu üzərinə yazdığı
"Şəhrizad və onun yazarı",
"Kişilik tarixi",
"Lilit", "Maskulin tarix", "Misir səfəri"
və bütövlükdə lirik hiss və
duyğularının, ədəbi-tənqidi fikirlərinin yer
aldığı 50-yə yaxın kitabında İrandakı
hakim rejimin cinayətlərini, çirkin əməllərini
ifşa edib, rejim tərəfindən haqq və
hüquqları əlindən alınan, ana dili yasaqlanan, milli
hissləri aşağılanan xalqının gerçək
durumunu, tarixini qələmə alıb. İrihəcmli
"Misdə qızıl" kitabındakı eleştiriləri ilə İranda
Avropa tipli ədəbi tənqidin əsasını qoyub və
İran ədəbi tənqidinin atası statusunu qazanıb.
İran tarixi ilə bağlı içindən gələnləri
qələmə aldığı "Dismemberment - Tikə-tikə
etmək" əsərində isə tarixdə bir-birlərinə
bənzəyən müxtəlif adamları bir xarakterin
timsalında canlandırıb. Demokratiya, insan hüquqları,
ifadə azadlığı, türk dil haqları və
qadın-kişi bərabərliyi uğrunda, habelə istibdad və
senzuraya qarşı mübarizə apardığına görə
həm Şah, həm də İslam inqilabından sonrakı
dönəmdə həbs olunub, burada olmazın işgəncələrə
məruz qalıb... Zindan əzabını, işgəncələri
şəxsən yaşadığına görə, onun xatirələrin
dili ilə yazdığı şeir, poema və romanlar bu dərəcədə
inandırıcı alınıb. Fars, ingilis, yaxud fransız
dilində qələmə aldığı bu əsərlərdə
mənfi, ya müsbət, fərq eləməz, daha çox
öz xalqının bütün zümrələrdən olan
nümayəndələrinin parlaq, capcanlı
obrazlarını yaradaraq Azərbaycan milli
varlığını ədəbi müstəviyə gətirib...
Rza Bərahəni romanlarında Tənbəki
üsyanı (9 mart 1891-ci il), Məşrutə (1906-1911) və
Xiyabani hərəkatları (1920), Seyid Cəfər Pişəvərinin
qurduğu Demokratik Hökumət (1945-1946) və İran
İslam İnqilabı (1978-1979) zamanı baş verən tarixi
hadisələrin ən yüksək poetik dillə son dərəcə
maraqlı təhkiyəsini yaradıb...
Tanınmış türkoloq və yazar Toğrul
Atabayın çoxyönlü şəxsiyyət və tənqidi
ağlın ən itisözlü təmsilçilərindən
biri saydığı Rza Bərahəni müstəmləkəçiliyə
qarşı çıxıb, yurdunun gizlədilən,
ört-basdır edilən sirlərini açıqlığa
qovuşdurub. Ancaq bu romanları ana dilində deyil, farsca yazmaq
zorunda qalmasını qəbullana bilməyib.
Ömrünün ixtiyar çağında illər boyu
içində daşıdığı acını etiraf etməyi
və bu yolun yolçusu olan soydaşlarını
ayıltmağı gərəkli sayıb:"Biz fars dilinə
xidmət etmək məcburiyyətində qalmışıq.
Əslində bizi elə duruma salıblar ki, biz öz dilimizə
xəyanət etmişik. Nəyə görə mən, bir Azərbaycan
aydını 70 yaşımda belə bir hiss keçirməliyəm?!
Bizim dilimizi əlimizdən alıblar. İstəmərəm
ki, məndən alınan haqq başqalarından da
alınsın. Biz qoymamalıyıq ki, bizdən sonra gələnləri
dildən məhrum etsinlər..." Bu gerçəyin bədii
ifadəsi ana dilinə həsr elədiyi bu şeirində
damarlarda axan qanı dondurur:
Qavalçalan oxuyar dağ ətəyində,
Bağın dibində sənin əksini tapanda,
Bu əksi basanda bağrına gizlin,
Dilim! Dilim! - deyən
Heyf olmuşum, yazığım, gözəl dilim,
Necə bağrımda yandı, lap külə
döndü.
Dilini kəsib yasaqlasalar da, "bağrında
yandırıb lap külə döndərsələr də",
ana dilində təhsil almaq, roman, şeir oxumaq imkanı olmasa
da, zehniaçıq, işlək qalır Rza Bərahəni...
Və öz dilini savunur... Zehnini yasaq saxlamağa
haqqının olmadığını dərk edir və
qadağan olunmuşa - ana dilinə bir vasitəçi
tapır. Beləliklə də, hakimin öz dilində ona
qarşı üsyan edir. Dilinin kəsilməsini və
çoxuşaqlı, yoxsul bir ailədə
doğulmasını üsyanının əsası sayır
və... üsyana gerçəkləri yazmaqla
başlayır... İngilis dilini yeniyetməlik
çağlarında ikən öyrənir və bu dildə
xeyli kitab oxuyur. Təbriz Universitetini ingilis dili və ədəbiyyatı
ixtisası üzrə bitirir. Təhsilini Türkiyənin
İstanbul Universitetində davam etdirir, elmi işini ana dilində
yazır və doktorluq dərəcəsi alır. İngilis
dili ilə yanaşı, fransızcanı da mükəmməl
bilməsi, dünya ədəbiyyatına və
çağdaş elmi-nəzəri fikrə dərindən bələd
olması o zamankı İran ədəbi mühitində ona
böyük üstünlük qazandırır. Gənclik illərindən
dünya ədəbiyyatı ilə ciddi şəkildə
tanış olması, ingilis dili araçılığı
ilə də dünyanı öyrənməyə və
tanımağa başlayır. Dostoyevski, Tolstoy, Folkner və
başqalarının əsərlərini
də çox erkən yaşlarında ingiliscə oxuyur.
"Bədbəxt adamlar" romanını oxuyanda ona elə
gəlir ki, Dostoyevski Təbrizdə olub və Güney Azərbaycan
türklərindən, təbrizlilərdən yazıb. "Bəyaz
gecələr" romanı isə yazmaqdan əsla vaz keçə
bilməyəcəyini anladır Rza Bərahəniyə...
Sonra ədibin "Cinayət və cəza" romanını
oxuyur və içində olduğu hərəkatla
F.Dostoyevskinin bir bağlılığı olduğunu hiss
edir. Lakin yazıçının "Gizlinlərdən qeydlər"
romanını mütaliə edərkən daha çox təəccüblənir
və əsərin sanki öz qələmindən
çıxdığını sanır... Ona görə də
roman yaradıcılığında özünü Fyodor
Dostoyevskinin şagirdi sayır.
(Ardı var)
Esmira FUAD
525-ci qəzet .- 2024.-16 iyul,№123.-S.14.