Məktəbəqədər
təhsil - gələcək üçün mühüm
başlanğıc
Yeni tədris ilində məktəbəhazırlıq
qruplarına qəbul üçün 112 minə yaxın yer
ayrılıb
Məktəbəqədər təhsil uşaqların
potensial imkanlarının üzə
çıxarılmasında, məktəbə
hazırlanmasında, onlarda mədəni keyfiyyətlərin,
müstəqillik, yaradıcılıq, təşəbbüskarlıq,
eləcə də həyati bacarıqların
formalaşmasında mühüm rol oynayır. Məktəbəqədər
təhsilin məqsədi uşağın fərdi yaş
potensialının maksimal açılması
üçün şəraitin yaradılmasından ibarətdir.
Məktəbəqədər təhsil uşaqların
gələcəyi üçün önəmli bir
başlanğıcdır. Uşağın bu dövrdə necə
təhsil alması və hansı təlim-tərbiyə
üsulundan keçməsi üçün doğru
ünvanı seçmək çox önəmlidir.
Məktəbə hazırlığın əsas məqsədi
beşyaşlı uşaqların tələb və
imkanlarını nəzərə almaqla onların məktəbə
hazırlıq mərhələsində inkişafı, tərbiyəsi
və təhsili prosesini təşkil etməkdir. Məktəbə
hazırlığın vəzifələri uşaqlarda oxumaq
həvəsinin, onların məktəbə müsbət
emosional münasibətinin inkişaf etdirilməsi və
möhkəmləndirilməsi, uşaqların məktəbə
müvəffəqiyyətlə adaptasiya olunması
üçün onlarda şəxsi-sosial xüsusiyyətlərin
formalaşdırılmasıdır.
İyulun 1-dən etibarən 2024-2025-ci tədris ili
üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq
qruplarına qəbul üçün qeydiyyat başlayıb.
Qeydiyyat mektebeqebul.edu.az elektron sistemi üzərindən həyata
keçirilir. Azərbaycan bölməsi üzrə məktəb
və müəllim seçimi iyulun 16-sı saat 11:00-da aktiv
olacaq. Tədris digər dillərdə aparılan bölmələr
üzrə məktəb və müəllim seçimi isə
iyulun 18-i saat 11:00-da aktiv ediləcək.
Qeyd edək ki, məktəbəhazırlıq
qruplarına cari ildə 5 yaşı tamam olan uşaqlar
(2019-cu il təvəllüdlü) qəbul edilirlər. Məktəbəhazırlıq
qruplarına qəbul zamanı da üstünlük hüququ
(valideyn və ya uşağın məktəbin müəyyənləşdirilmiş
ərazisinə (dislokasiya) qeydiyyatı olmalı,
bacı-qardaşı həmin məktəbdə hazırda təhsil
almalı, valideynlərindən biri həmin məktəbdə
çalışmalı) tətbiq ediləcək. Azərbaycan
bölməsi üzrə 16 iyul-30 iyul tarixlərində
Bakı və Gəncə şəhərində yerləşən
45, rus bölməsi üzrə isə 18 iyul-1 avqust tarixlərində
Bakı və Gəncə şəhərində yerləşən
111 ümumi təhsil müəssisəsində prioritet tətbiq
ediləcək.
Məktəbəqədər və Ümumi Təhsil
üzrə Dövlət Agentliyinin direktor müavini Orxan
Abbasov deyir ki, yeni tədris ilində məktəbəhazırlıq
qruplarına qəbul üçün 112 minə yaxın yer
ayrılıb. 88 min uşağın məktəbəhazırlıq
qruplarına qəbulu proqnozlaşdırılır:
"Dövlət ümumi təhsil müəssisələrinin
məktəbəhazırlıq qruplarında tədris ödənişsiz
əsaslarla həyata keçirilir. Qeydiyyat mektebeqebul.edu.az
elektron sistemi üzərindən həyata keçiriləcək.
Məktəbəhazırlıq qruplarına qəbul zamanı
üstünlük hüququ tətbiq ediləcək. Belə ki,
Azərbaycan bölməsi üzrə 16-30 iyul tarixlərində
Bakı və Gəncə şəhərində yerləşən
45, rus bölməsi üzrə isə 18 iyul-1 avqust tarixlərində
Bakı və Gəncə şəhərində yerləşən
111 ümumi təhsil müəssisəsində prioritet tətbiq
ediləcək. Həmin müəssisələrin siyahısı
mektebeqebul.edu.az saytında yerləşdiriləcək".
Onun sözlərinə görə, iyunun 12-dən
etibarən, ölkə üzrə rus bölməsində məktəb
və müəllim seçimi aparılır və bu müddətdə
Abşeron rayonu, Bakı, Gəncə və Sumqayıt şəhərində
yerləşən 136 ümumi təhsil müəssisəsində
üstünlük hüququ tətbiq edilib: "İyulun 12-si
saat 11:00-da həmin müəssisələrdə sərbəst
(prioritetsiz) qaydada məktəb və müəllim seçimi
aktiv edilib. İyulun 12-dək valideynlərin mektebeqebul.edu.az
saytında olan şəxsi kabinetlərində qeyd etdikləri
əlaqə nömrəsinə SMS də göndərilib. Məktəb
və müəllim seçimi sentyabrın 13-dək davam edəcək.
Müsahibədə uğur qazanan uşaqların 90 faizindən
çoxu məktəb və müəllim seçimi
edib".
Orxan Abbasovun dediyinə görə, bu il ərzində
bağçalarda 3500 nəfər üçün təlimlərin
keçirilməsi nəzərdə tutulub. Bu günə qədər
bağça müdiri və tərbiyəçi-müəllimlərdən
ibarət 6000 nəfərə təlimlər keçirilib:
"Məqsəd məktəbəqədər təhsil
sistemində çalışan pedaqoji və idarəetmə
heyəti üçün ixtisasartırma təlimlərinin təşkil
edilməsi, onların peşəkar inkişafının təmin
edilməsidir".
Direktor müavini qeyd edib ki, son iki ildə mərkəzləşdirilmiş
imtahan nəticəsində uşaq bağçalarına 600-ə
yaxın tərbiyəçi-müəllim işə qəbul
edilib: "Ötən ildən başlayaraq tərbiyəçi-müəllimlərin
işə qəbulu üzrə iki dəfə imtahan
keçirilib. Bu il məktəbəqədər təhsil
müəssisəsinin müdiri vakansiyası üçün
mərkəzləşdirilmiş qaydada imtahan təşkil
edilib. Test imtahanı mərhələsindən uğurla
keçən 177 nəfər müsahibəyə dəvət
edilib. Son iki ildə isə 600-ə yaxın tərbiyəçi-müəllim
mərkəzləşdirilmiş imtahan nəticəsində
işə qəbul olunub. Onlardan 296 nəfəri məhz
Agentliyin fəaliyyəti dövründə işə qəbul
edilib".
Orxan Abbasovun dediyinə görə, bu il Azərbaycanda
100 bağçada keyfiyyət monitorinqinin keçirilməsi nəzərdə
tutulur. İl ərzində bağçaların fəaliyyəti
ilə bağlı monitorinqlər həyata keçirilir.
Ötən il 50 bağçada keyfiyyət sisteminin
qurulması ilə bağlı beynəlxalq standartlara uyğun
olaraq hazırlanmış alətlər əsasında
monitorinq aparılıb: "Hazırda həmin
bağçalarla keyfiyyət sisteminin qurulması sahəsində
işlər görülür. Bu məqsədlə məktəbəqədər
təhsil müəssisələrinin müdirlərinə
seminarlar keçirilib. Qiymətləndirmə ilə
bağlı hesabatlar toplanılır. Bu il daha 100
bağçanın monitorinqi aparılacaq".
O vurğulayıb ki, bağçalarda
çalışan təhsilverənlərin diaqnostik qiymətləndirməsi
ilə bağlı çərçivə sənədi
hazırdır. Diaqnostik qiymətləndirilmə ilin sonunadək
keçiriləcək. Məktəbəqədər təhsil
müəssisələrində çalışan təhsilverənlərin
diaqnostik qiymətləndirilməsinə hazırlıq və
onların təlim ehtiyaclarını aydınlaşdırmaq məqsədilə
çərçivə sənədi hazırlanıb:
"Bakı və regionlar üzrə 3000-ə yaxın
bağça müdiri, tərbiyəçi-müəllim,
metodistlə görüşülüb və diaqnostik qiymətləndirmə
ilə bağlı çərçivə sənədi
müzakirə olunub. Bu ayın sonunadək iki sınaq
imtahanı keçiriləcək. Təhsil İnstitutu tərəfindən
çərçivə sənədi ilə bağlı
vebinarlar təşkil ediləcək".
O bildirib ki, Məktəbəqədər və
Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən
məktəbəqədər təhsil müəssisələrinə
(uşaq bağçası) qəbul prosesində kimlərin
üstünlük hüququna malik olması
açıqlanıb. Şəhid ailələrinin
övladları, Qarabağ müharibəsi, Vətən
müharibəsi iştirakçıları və müharibə
ilə əlaqədar əlilliyi müəyyən edilmiş
şəxslərin uşaqları, tək işləyən
valideynlərin uşaqları, orqanizmin funksiyalarının
61-100 faiz pozulmasına görə əlilliyi müəyyən
edilmiş şəxslərin uşaqları, hərbi xidmətdə
olan valideynlərin uşaqları, təhsilalan anaların
uşaqları, çoxuşaqlı ailələrdən olan
uşaqlar, qəyyumluqda olan uşaqlar qəbul prosesində
üstünlüyə malikdir.
Məktəbəqədər və Ümumi Təhsil
üzrə Dövlət Agentliyinin Məktəbəqədər
Təhsilin Təşkili şöbəsinin müdiri İlahə
Rəsulovanın sözlərinə əsasən, paytaxtda təxminən
330-dan çox məktəbəqədər təhsil müəssisəsi
fəaliyyət göstərir. Bəzi regionlar var ki,
bağçaların sayı azdır. Hər kənddə bir
bağça tikmək uzun və bahalı bir prosesdir.
Dünyada bununla bağlı uğurlu təcrübələr
var. Onlardan biri icma əsaslı məktəbəqədər
təhsil qruplarıdır. Altıncı ildir ki, ölkədə
fəaliyyət göstərən icma əsaslı
qrupların 80 faizi regionların payına düşür. Bu,
çox uğurlu modellərdən biridir. Üç-dörd
yaşlı təxminən 16 550 uşaq həmin qruplara cəlb
edilib. Bu il əlavə olaraq 140 mərkəzdə icma əsaslı
təhsil qrupları açılacaq. Bu, ümumilikdə, 1168
qrup deməkdir. Belə qruplar əsasən, bağça
olmayan ərazilərdə yaradılır. Tədris prosesinə
valideynlər də cəlb edilir. Çünki valideynlər
uşaqların həm də ilk müəllimləridir:
"Alternativ məktəbəqədər təhsil modellərindən
biri bağçaların içərisində olan boş
otaqların dəyərləndirilməsinə yönəlib.
Məsələn, Şirvanda və Zaqatalada biz bu modeli tətbiq
etmişik. Bu otaqlarda qısamüddətli təlim
qruplarına tam gün bağçaya gələ bilməyən,
lakin bağça yaşında olan uşaqlar cəlb
edilir.Digər model isə ailə tipli təlim
qruplarıdır. Şəki, Zaqatala və Balakəndən
ümumilikdə, 40 ailə seçdik və onlar
üçün proqram və resurslar qutusu hazırladıq. Bu
qutuda təlimata uyğun resurslar yerləşdirdik. Hər həftə
valideyn məktəbə gəlir və mentorlarla plan tuturlar. Məsələn,
uşağa yol hərəkət qaydaları öyrədilir.
Hər şey izah olunur. Valideyn bu proqramı evdə öz
övladına öyrədir. Həftədə bir dəfə
isə valideyn övladı ilə birgə müəssisəyə
gəlir. Burada təkcə uşaqlar deyil, həm də
valideynlər öyrənirlər. Bu yaxınlarda Şəkinin
Çapağan kəndində olduq. Orada alternativ məktəbəqədər
təhsil layihəsinə 8 qadın cəlb olunub. Onlardan
beşi ilə görüşdük. Qadınlar məhz bu
layihə vasitəsilə məktəbəqədər təhsillə
bağlı xeyli sayda bilik və bacarıqlar əldə etdiklərini
bildirdilər. Əvvəllər bu barədə
düşünmədiklərini ifadə etdilər. İlk
baxışda say az görünə bilər. Lakin bu rəqəm
də son nəticədə məktəbəqədər təhsilin
əhatə dairəsinə təsir edir".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2024.-16 iyul,№123.-S.13.