Zəhər
tuluğu
Esse
...nə bu şiddət, bu cəlal?
M.A.Ərsoy
Sabunçu rayonu 310 saylı uşaq
bağçasında "tərbiyəçi"nin
uşaqla zorakı, kobud, hətta qeyri-insani
davranışını əks etdirən videoçarx qarşıma çıxdı.
Qanım qaraldı, müqəddəs aylarda Yezidə lənət
oxudum.
Son vaxtlar insanlarda kəskin aqressivləşmə
müşahidə edirəm. Havadandımı,
sudandımı, nədəndir, bilmirəm? Kimə salam verirsən,
borclu çıxırsan. Yolda kiməsə salam verməyə
qorxuram ki, qayıdıb mənə bir qapaz ilişdirə bilər.
Görünür, haman "tərbiyəçi"
Janna Dark olmağı arzu edirmiş, təsadüfən
baxça müəllimi olub. Əvvəla, xanıma biri desin
ki, artıq Orta əsrlərdə yaşamırıq. İndi
at minmək, qan tökmək dəb deyil.
Peşəsiylə bağlı kiçik bir
xatırlatma etməyi də tərəfimcə caiz hesab edirəm:
"Tərbiyə" sözü ərəb mənşəlli
sözdür. Mənası "insanın şəxsiyyətinin
inkişafına, onun müasir mədəni
dünyagörüşünün formalaşmasına yönəlmiş
məqsədyönlü və peşəkar fəaliyyət"
deməkdir.
Həmçinin tərbiyənin müxtəlif
növləri var:
1. Mənəvi tərbiyə.
2. Siyasi tərbiyə.
3. Cinsi tərbiyə
4. Hüququ tərbiyə
5. Əmək tərbiyəsi
...
Bunların hər biri haqqında
ayrı-ayrılıqda danışmağa həvəsim
yoxdur.
Deməyim odur, hörmətli müəllim, hərdən,
heç olmasa, vikipediyanı açıb ixtisasıyla
bağlı bəzi terminləri, ən azı "tərbiyə"
sözünün mənasını əxz etsə, pis olmaz.
Onu deyirdim axı, hər şeydən əvvəl,
etika xatirinə təbiətdə heç nəyə, ələlxüsus,
təhsil ocaqlarında kiməsə qarşı kobud rəftar
etmək yolverilməzdir! Min dəfə yazmışam ki,
avtoritar tərbiyə üsulu keçmişdə qaldı. Həmin
"metodu" mənimsəyən müəllimlərin
şagirdləri cəzalandırıb, döyüb-söyməyi
sovet dönəmindəydi...
Fəqət bir baxça müəlliminin
ilin-günün bu isti vaxtında öz vəzifə borcunu
kobud şəkildə pozaraq bir uşağa əl
qaldırmasına, onu təhqir etməsinə nə ad verək?!
Bu nə məsuliyətsizlik, bu nə
özbaşınalıqdır?!
Valideynlər övladlarını ona görə
baxçaya qoyur ki, uşaq yeni bir şey öyrənsin,
dünyagörüşü zənginləşsin,
özünə təzə dostlar qazansın. Ta
övladının hansısa travmalı bir şəxs tərəfindən
vəhşicəsinə rəftar edilməsini, əlbəttə,
heç kəs arzu etməz.
Məsələnin acınacaqlı tərəfi
ondadır ki, bir çoxları baxça müəllimliyinə
ciddi peşə kimi yanaşmırlar. Fəqət,
şübhəsiz ki, təhsilin təməli baxçada
qoyulur.
Təhsilalanlara qarşı davamlı şəkildə
kobud münasibət göstərilməsi onların gələcəyini,
daha doğrusu, ölkənin gələcəyini məhv etmək
deməkdir. Habelə bu sahəni akademik yolla mənimsəyənlər,
yəni alitəhsilli, diplomlu baxça müəllimlərinin
sayı qənaətbəxş deyil. Maaşının
azlığındanmı, ya uşaqlarla məşğul
olmağın çətinliyindənmi "Məktəbəqədər
təhsil" ixtisasını bitirən şəxslər
ixtisası üzrə işləməkdən boyun
qaçırırlar.
Bildiyim qədəriylə işləyənlərə
də heç bir xüsusi imtiyaz verilmir ki, camaatın
uşağını şil-küt eləsin və Mayakovski
sayağı diplomunu göstərib "mən baxça
müəllimiyəm" desin. Adətən belə
insanların psixoloji-nevroloji problemi, yaxud mazoxitləşmə
meyli olur. Nəticədə isə, sosial mühitdə kəskin
aqressiya nümayiş etdirir, xüsusən başqalarına
qarşı zorakılıq tətbiq etməkdən, qətiyyən,
çəkinmirlər.
Qərəz, Elm və Təhsil Nazirliyinin "Məktəbəqədər
təhsil" ixtisasını bitirən müdavimlərə
daha həssas yanaşması, onların psixoloji cəhətdən
hazırlığının ciddi yoxlanılması problemin həllinə
hesablanmış önəmli cəhd ola bilər...
İlkin ÖZ
525-ci qəzet .- 2024.-16 iyul,№123.-S.12.