Azərbaycan
Cümhuriyyətinin Tehrandakı səfirliyi
İRAN-AZƏRBAYCAN
MÜNASİBƏTLƏRİNİN GÖRÜNMƏYƏN
TƏRƏFLƏRİ VƏ AZƏRBAYCAN
DİPLOMATİYASININ ŞƏRƏF MƏSƏLƏSİ
(Əvvəli 11 iyul sayımızda)
Erməni hərbi qüvvələrinin
hücumları qarşısında davam gətirməyərək
Naxçıvan və İrəvan qəzalarından
qaçqın kimi qonşu İranın ərazilərinə
sığınan azərbaycanlı əhali, təbii ki, Azərbaycan
səfirliyi tərəfindən Azərbaycan təbəələri
kimi qəbul edilir və onların bütün problemləri
İran dövləti ilə məhz bu statusda həll olunurdu.
Lakin hələ Rusiya imperiyası dönəmində
İranda məskunlaşmış, lakin öz "rus" təbəəliyini
saxlamış əhali qrupu da var idi ki, yaranmış yeni
şəraitdə onlar özlərini Azərbaycan dövlətinin
vətəndaşları kimi görürdü. Tehrana gəldiyi
gündən Adil xan Ziyadxan da onları İranda "azərbaycanlı
icması" qismində qəbul edərək ən sıx
surətdə əlaqə saxlayırdı. Adil xanın
Bakıya göndərdiyi məktublardan aydın olurdu ki, bu azərbaycanlılar
Adil xan missiyası Tehrana yetişdiyi günlərdə onun
şərəfinə böyük ziyafət təşkil
etmiş, səfirliyin açılışı və 3
gün davam edəcək Novruz şənliklərinin
bütün xərclərini (AXC-nin üçrəngli
bayraqlarının müxtəlif ölçülərdə
hazırlanması da daxil olmaqla) öz öhdələrinə
götürmüşlər. Soydaşlarının vətənpərvərlik
hisslərinin təzahürü kimi dəyərləndirdiyi bu
addımları ətraflı şəkildə öz dövlətinin
nəzərinə çatdıran Adil xan bayramdan bir müddət
sonra, 1920-ci il aprelin 9-da səfirlikdə 80 nəfərdən
artıq azərbaycanlı vətəndaşların toplantısını
keçirmiş, onların bütün problemləri ilə
maraqlanmış və bir sıra əməli təkliflər
irəli sürmüşdür: "Bizim vətəndaşların
indiyədək burada heç bir təşkilatları
olmadığı üçün onların mənəvi və
maddi ehtiyacları ödənilməmiş qalır. Nümayəndəliyin
isə maddi imkanı olmadığından o, ehtiyacı olan
dul qadınlara və yetimlərə kömək etmək,
türk dilində məktəb açmaq, türkcə qəzet
nəşr etmək və s. işləri görə
bilmir". Odur ki, səfir ən əvvəl bütün bu
işləri görə biləcək xeyriyyə cəmiyyətinin
yaradılmasını lazım bilir və toplantıda
iştirak edən həmvətənlərinə öz
sıralarından bir nümayəndə heyəti seçməyi
təklif edir. Belə bir heyət yaradılır, üzvlərinin
siyahısı sadalanır. Təkliflərin böyük ruh
yüksəkliyi ilə qarşılandığı və
işə başlandığını vurğulayan səfir,
vətəndən ayrı düşmüş bu
keçmiş rus təbəələrinin yalnız Səfirlik
yaranandan sonra yavaş-yavaş öz "doğma
bayraqları" ətrafında toplanmasını Azərbaycan
hökuməti üçün də mühüm sayır.
"Türk dilində nə teatrın, nə ədəbiyyatın,
nə qəzetlərin olmadığı" bu ölkədə
yaşayan Azərbaycan vətəndaşlarının tezliklə
Tehranda və İranın digər şəhərlərində
konsulluqlar ətrafında təşkilatlanacağına,
onların öz vətənləri ilə mənəvi
bağlarının möhkəmlənəcəyinə inanan
Adil xan səfirliyin hələ ki maddi cəhətdən bu
işləri dəstəkləyə bilmədiyini vurğulasa
da, özünün müəllifi olduğu "Azərbaycan:
tarixi, ədəbiyyatı və siyasəti"
kitabını icma üzvləri arasında pulsuz
payladığını, gələcəkdə missiyanın
maddi vəsaiti imkan verdikdə "vətəndaşlarımızın
mənəvi ehtiyaclarını öz istədiyimiz səviyyədə
ödəyəcəyinə əminliyini" bildirir.
Adil xan Ziyadxan - Azərbaycanın tanınmış
ictimai, siyasi və dövlət xadimi, diplomat. Azərbaycan
xarici işlər nazirinin müavini, Azərbaycan Cümhuriyyətinin
İranda səfiri
Adil xan Ziyadxanın İranda azərbaycanlı
icmasının formalaşmasına verdiyi böyük əhəmiyyət
həmvətənlərinin yalnız mənəvi baxımdan
dəstəklənməsi ilə məhdudlaşmırdı.
Adil xanın özünün də hazırlanmasında
iştirak etdiyi "Azərbaycan Respublikasının
İrandakı diplomatik nümayəndəliyinin vəzifələri"
adlı sənəddə Azərbaycan vətəndaşlarına
dair ayrıca bölmə var idi: "İranda yaşayan Azərbaycan
vətəndaşlarının hüquqlarını müdafiə
etmək; Azərbaycan vətəndaşlarının ticarətdə
və sənayedə iştirakına dəstək verməklə
İran və Azərbaycan arasında ticarət əlaqələrinin
canlanmasına nail olmaq; Azərbaycan vətəndaşlarına
hüquqi, maddi yardım göstərmək, mədəni təşəbbüslərini
dəstəkləmək; öz vətəndaşlarımızın
qeydiyyatını keçirmək və onları milli
pasportlarla təmin etmək; Azərbaycan və xarici vətəndaşların
Azərbaycana gəlişini tənzimləmək (viza, icazə
və s.).
Cənubi Qafqazda, o cümlədən, Azərbaycanda
çoxminli "iranlı" icmasının hələ XX əsrin
əvvəllərindən Bakıda, Tiflisdə, İrəvanda,
Gəncədə, Lənkəranda formalaşdığı,
öz məktəbləri, məscidləri, xəstəxanaları,
qiraət klubları açdığı, zəngin və
orta təbəqəyə məxsus iranlı tacirlərin bu
şəhərlərin iqtisadi həyatında söz sahibi
olduqları, hətta siyasi təşkilatlarını
yaratdıqları və bütün hallarda öz dövlətlərinin
maraqlarını müdafiə edən fəal əhali qrupu
kimi çıxış etdikləri reallığı
qarşısında Azərbaycan səfirliyinin bu məsələyə
diqqət yetirməsi, yəni İranda da "azərbaycanlı"
(Qafqaz - AXC baxımından) icmasının yaradılması,
təbii ki, gündəmdə duran əsas məsələlərdən
biri idi.
Qeyd olunmalıdır ki, rus təbəəsi
sayılan azərbaycanlıların AXC yaranandan sonra
İrandakı statusu hər iki ölkə vətəndaşlarının
müxtəlif problemlərinin həlli yolları kontekstində
hələ İsmayıl xan Ziyadxanovun Tehran missiyasının
gedişində, 14 maddədən ibarət müqavilədə
öz əksini tapmışdı. Bu məqam general Denikinin rəsmi
təmsilçisi kimi İranda olan çar Rusiyası
nümayəndəliyi tərəfindən mənfi
qarşılanmışdı. "Qolos Rossii" qəzetində
"İrandan məktublar. Rus təbəələrinin
İranda hüquqsuzluğu..." başlıqlı yazıda
"Ziyadxanovun Azərbaycan Respublikasının "nümayəndəsi"
kimi Tehrana gəldiyini" xəbər verən qəzet
nümayəndə sözünü dırnağa almaqla kifayətlənməyərək,
azərbaycanlıların rus təbəələri kimi
hüquqlarının Rusiya səfirliyi və konsulluqları tərəfindən
qorunmasından imtina edilməsini kinayə ilə ələ
salır və öz keçmiş təbəələrinin
guya hər vasitə ilə bu yeni qaydalara əməl etmək
istəmədiklərini vurğulayırdı.
Bu sonuncu müddəa həqiqətə uyğun
deyildi. Belə ki, bolşevik və ağqvardiyaçı rus
hökumətləri arasında hələ də silahlı
qarşıdurmanın davam etdiyi və "Qolos Rossii" qəzetinin
də iddia etdiyi kimi, rusların özlərinin İranda
qeyri-müəyyən və hüquqsuz vəziyyətdə
olduğu bir şəraitdə azərbaycanlı əhali
üçün onlara sahib çıxan və
hüquqlarını müdafiə edən, Vətən və
Milli hökumət təcəssümü olan AXC vətəndaşlığı
təbii ki, hər hansı seçimin fövqündə idi.
Adil xan Ziyadxanın bu mövzu ilə bağlı
yazdığı məktublarda səfirliyin "maddi
imkanları" məsələsini qabartması isə
yalnız azərbaycanlı icmasına dəstəklə
bağlı deyildi. Belə ki, məhz bu - maddi vəsait amili -
Azərbaycan səfirliyinin istər qanuni fəaliyyəti, istərsə
də sonrakı dövrlərdə mövcudluğu
baxımından sözün əsl mənasında dramatik
xarakter alır, əslində "zamanın ironiyası"
sayılacaq bir təsadüfdən doğaraq acınacaqlı
nəticələrə gətirən səbəbə
çevrilir.
lll
Hadisələri bir qədər qabaqlayaraq, Azərbaycanın
İrandakı səfirliyinin öz missiyasını yerinə
yetirdiyi 4 aya yaxın müddət ərzində hələ
üzə çıxarılmayan, lakin artıq təşviş
doğuran durumunu Adil xan Ziyadxanın bu dövr öz rəhbərliyinə
- AXC Xarici İşlər Nazirliyinə, işğaldan sonra isə
Parisdəki Azərbaycan Nümayəndəliyinin rəhbəri
Əlimərdan bəy Topçubaşova yazdığı məktublara
əsasən ən ümumi şəkildə nəzərdən
keçirək.
Həmin yazışmalardan aydın olur ki, Azərbaycan
missiyası Tehrana yetişən gündən gözlənilməyən
bir problemlə üzləşib: səfirliklə bağlı
bütün xərclərin ödənilməsi üçün
Azərbaycan dövlətinin ayırdığı valyuta -
frank-çeklər Tehranda qəbul edilmir. İlkin xərclərini
əldə olan az miqdarda Azərbaycan bonları və İran
tüməni ilə ödəyən Səfirliyin bir aya
yaxın müddətdə öz əsas pul vəsaitini -
frank-çekləri İranın valyuta bazarında, dövlət
və şəxsi banklarda, eləcə də ayrı-ayrı
şəxslər vasitəsilə tümənə çevirmək
üçün bütün cəhdləri boşa
çıxır. Yaranmış vəziyyətdə Adil xan
müavini Əkbər ağa Sadıqovu əldə olan
bütün valyutanı - 30 min frank-çekləri İran
puluna çevirmək üçün Bakıya ezam edir.
1920-ci il fevralın 24-də Tehranı tərk edən Əkbər
ağa Sadıqov Ənzəlidə missiyanın mühasibi,
Bakıdan qayıdan və səfirliyin xərcləri
üçün özü ilə daha 66 min frank-çek gətirən
Ehtiyac Şükürovla qarşılaşır və vəziyyəti
ona başa salır. Nəticədə Əkbər ağa
Sadıqov həmin 66 min frank-çeki də dəyişmək
üçün Şükürovdan alır və Bakıya gəlir.
Əkbər ağa Sadıqov - Azərbaycan
Cümhuriyyətinin İrandakı səfirinin müavini
Bundan sonra Əkbər ağa Sadıqov İrandakı
səfirliklə heç bir əlaqə saxlamır,
Bakıdakı fəaliyyəti haqda birbaşa iş yerinə
hər hansı məlumat vermir, ən başlıcası isə
- səfirliyin mövcud ağır maddi durumundan yaxşı xəbərdar
olduğu halda, hər hansı yollarla, o cümlədən,
Bakıya gəlib-gedən Səfirliyin diplomatik kuryeri vasitəsilə
Tehrana heç bir məbləğdə pul göndərmir.
1920-ci il aprelin 12-də Adil xan Ziyadxan Azərbaycan
Xarici İşlər Nazirliyinə göndərdiyi məktubda
digər məsələlərlə yanaşı, öz
müavini Əkbər ağa Sadıqovun ezamiyyətinin bitməsi
haqda göstəriş verilməsi, onun və səfirliyin
diplomatik kuryeri Qulam Rza Babayevin təcili Tehrana, öz iş
yerlərinə qayıtması haqda müraciət edir. Həmin
məktubda Adil xan Ziyadxan "Yad ölkədə pulsuzluq
üzündən düşdükləri ağır vəziyyətə
görə özlərinin depressiv - bədbin psixoloji durumda
olduqlarına" da işarə edir.
Görünür ki, bu məktubdan xəbərdar edilən
Əkbər ağa Sadıqov Bakıya gəldiyindən
yalnız 2 ay sonra İrandakı səfirliyə teleqram vurur və
1920-ci il aprelin 30-da, yəni hələ iki həftədən
sonra Bakıdan çıxıb Tehrana
qayıdacağını bildirir.
30 aprel 1920-ci il... Azərbaycanda baş vermiş 27
Aprel çevrilişindən sonra isə Əkbər Ağa
Sadıqov nə özü Tehrana gəlir, nə də ona
etibar edilmiş pullar haqda səfirliyə hər hansı məlumat
çatdırır.
Burada ilkin olaraq Əkbər ağa Sadıqovun həqiqətənmi
bütün bu müddətdə Bakıda olduğu və nə
etdiyi sualı ortaya çıxır. Məlum olur ki, "Xidməti
işləri ilə bağlı Tehrandan Bakıya gələn
Azərbaycanın İrandakı diplomatik nümayəndəsinin
müavini Ə.Sadıqov "Azərbaycan" qəzetinin
(rusca) müxbirinə səfirliyin İrandakı fəaliyyəti
haqqında müsahibə verib". Qəzetin 10 mart 1920-ci il
tarixli sayında dərc olunan bu ətraflı yazıda
Ə.Sadıqov İranın inkişafına "hər vəchlə
maneələr yaratmış" çar Rusiyasının
süqutundan sonra bu ölkənin gələcəyi, eləcə
də dost və qohum Azərbaycan Respublikası ilə
münasibətlərini ən müsbət şəkildə
qiymətləndirir.
Həmin müsahibədən bir neçə gün
qabaq, 6 mart 1920-ci il tarixində isə Ə.Sadıqov Xarici
İşlər Nazirliyinə "İranda siyasi vəziyyət"
başlığı altında ətraflı xülasə-məruzə
təqdim edib. Həmin xülasədə azərbaycanlı
diplomat İranın mövcud siyasi durumu - I Dünya müharibəsindən
sonrakı dövrdə İngiltərə, Rusiya kimi dövlətlərlə
münasibətləri, İngiltərənin bu ölkədəki
maraqları və apardığı siyasət, milli ucqarlarda
baş qaldırmış üsyanları, o cümlədən,
Mirzə Kiçik xanın Gilanda, İsmayıl Smitkonun
başçılığı ilə İran
Kürdüstanında baş verən hadisələri şərh
edir. Eyni zamanda ayrıca olaraq İran Azərbaycanında gedən
proseslər üzərində bir qədər ətraflı
dayanır və hətta bu bölgəyə dair öz
mülahizələrini də bildirir. Ə.Sadıqova görə,
"İranda hələ zəif, lakin daha real və
şübhəsiz ki, gələcəkdə uğur qazanmaq
imkanı olan hərəkat azərbaycanlı
könüllülərə məxsusdur". Belə ki,
"türkiyəli emissarların təbliğatı nəticəsində
milli hissləri oyanmaqla, onlar müstəqil İran Azərbaycanı
yaratmaq yolunda çalışmağa başlayırlar".
Bu hərəkat hazırda "həm İran dövlətini,
həm də bu zəngin diyarda gözü olan ingilisləri"
çox narahat edir. Həmçinin "İran Azərbaycanında
İrandan ayrılmaq və Azərbaycan Respublikasına birləşmək
istiqamətində zəif də olsa, təbliğat gedir".
Ölkədəki proseslərin mütləq "xaricdən gələn
qığılcım" nəticəsində böyük
bir "inqilabi yanğına" çevriləcəyi
ehtimalını irəli sürən Azərbaycan diplomatı
yekun olaraq belə bir fikrə gəlir: "Azərbaycan
Respublikası yaxın gələcəkdə İranda baş
verəcək hadisələrə hazır olmalı, bu hadisələrdən
öz maraqları xeyrinə istifadə etməlidir".
"Azərbaycan" qəzetinə verdiyi müsahibə,
xüsusilə də İranın siyasi durumuna dair hesabat-məruzəsi
Əkbər ağa Sadıqovun kifayət qədər
savadlı, yetkin siyasi dünyagörüşü və təhlil
qabiliyyəti olan bir diplomat kimi səciyyələndirməyə
əsas verir. Burada artıq Ə.Sadıqovun bioqrafiyasına nəzər
salmaq zərurəti yaranır.
Köhnə təqvimlə 1892-ci il dekabrın 30-da (12
yanvar 1893) İrəvan şəhərində imkanlı ailədə
doğulmuş və İrəvan kişi gimnaziyasını
bitirmiş Əkbər ağa Hacı Xəlil oğlu
Sadıqovun adına ilk dəfə "İqbal" qəzetinin
1912-ci il 3 iyul tarixli sayında, "İdarəyə məktub.
İrəvandan" adlı yazıda rast gəlinir. Ana dilində
təhsildən məhrum olan azərbaycanlıların problemləri
ilə bağlı bir ictimai aksiyaya dəstək verənlər
arasında olması bu gənc "gimnaziya məzunu"nun
ictimai-siyasi proseslərə marağından xəbər
verirdi. Həmin il Sankt-Peterburq Universitetinin hüquq fakültəsinə
daxil olan Əkbər ağa istər təhsil
aldığı illərdə, istərsə də 1917-ci il
fevral inqilabından sonra başlanan siyasi təlatümlərlə
dolu dövrdə keçmiş imperiyanın müsəlman
xalqlarının taleyi ilə bağlı keçirilən bir
çox tarixi yığıncaqların fəal
iştirakçısı olur, hətta Cənubi Qafqaz üzrə
bəzi nümayəndəli təşkilatlara üzv də
seçilir. Azərbaycan Cümhuriyyəti yaradıldıqdan
sonra 26 yaşlı Əkbər ağa Sadıqov Azərbaycan
hökuməti strukturlarında çalışır, Maliyyə
Nazirliyində və Ümumi-Xeyriyyə Nəzarətində təyinatlı
vəzifələr tutur. Yəqin ki, savad və iş qabiliyyəti
nəzərə alınaraq Xarici İşlər Nazirliyi 2
aprel 1919-cu il tarixində Ə.Sadıqovu Aşqabad şəhərində
Zakaspi Müvəqqəti hökuməti yanında Azərbaycan
Cümhuriyyətinin konsulu təyin edir. Lakin həmin ilin 5
iyununda Aşqabad şəhərinə gələn bu missiya,
bir aydan sonra, iyulun 9-da Aşqabadın Qırmızı Ordu tərəfindən
tutulması və Müvəqqəti hökumətin devrilməsi
nəticəsində geri qayıtmalı olur. Bir müddət
sonra isə Əkbər ağa Sadıqov Azərbaycan
Cümhuriyyətinin İrandakı nümayəndəliyinin tərkibinə
artıq səfirin müavini qismində daxil edilir və 1920-ci
il yanvarın 4-də heyətlə birlikdə Tehrana yola
düşür. Adil xan Ziyadxanın və səfirliyin
kargüzarı Camal Şirinlinin imzaladıqları 7 aprel
1920-ci il tarixli "İranda Azərbaycan diplomatik nümayəndəliyinin
əməkdaşlarının siyahısı" adlı sənəddə
də, bu dövr Bakıda ezamiyyətdə olan Əkbər ağa Sadıqovun
adı səfirin müavini kimi göstərilir.
Bu halda, kifayət qədər ciddi və məsuliyyətli
bir şəxs sayıla biləcək bir diplomatın birdən-birə
nə üçün öz məcburi ezamiyyətinin əsas
səbəbini həll etmədiyi, yəni İrandakı
nümayəndəliyin üzləşdiyi maliyyə problemlərini
təcili yoluna qoymağa tələsmədiyi təəccüb,
əslində isə böyük sual doğurur. Belə ki,
Adil xan Ziyadxandan sonra özünün ikinci səlahiyyətli
şəxs olduğu diplomatik heyətə qarşı onun ən
azı səhlənkar münasibətini izah edəcək hər
hansı bir sənədə təsadüf olunmur.
Əkbər ağa Sadıqovla bağlı məlumatlar,
daha doğrusu, onun özü düz 2 ildən sonra gündəmə
gələcək, o vaxta qədər isə Adil xan
Ziyadxanın və İrandakı Azərbaycan
missiyasının kiçik bir "valyuta
anlaşılmazlığı" üzündən
düçar olduğu heyrətamiz, acı və ağır
durumu, Cümhuriyyətin işğalı ilə bağlı
Səfirliyin aqibəti məsələsi də əlavə
olunmaqla, onun Paris Sülh Konfransında Azərbaycan nümayəndə
heyətinin rəhbəri Əlimərdan bəy
Topçubaşovla yazışmalarında bütün təfərrüatları
ilə açıqlanacaq.
Əlimərdan bəy Topçubaşov - Azərbaycan
dövlətinin fövqəladə səfiri, Azərbaycan
hökumətinin naziri, Paris Sülh konfransında Azərbaycan
nümayəndə heyətinin başçısı
Adil xanın Əlimərdan bəyə bu sıradan
ilk məktubu 10 sentyabr 1920-ci il tarixdə yazılıb və
məzmunundan göründüyü kimi, Avropaya gedən
Şahzadə Mirzə Rza Xan Ərfaud-Dövlə vasitəsilə
şəxsən Topçubaşova
çatdırılması ümidi ilə göndərilib.
Belə görünür ki, "Azərbaycanla hər
hansı əlaqələrin artıq 4 aydan bəri tamamilə
kəsildiyi" və "ölkədəki vəziyyətdən
tam xəbərsizlik" şəraitində Adil xan Ziyadxan rəsmi
şəxs kimi məhz Topçubaşova - "Azərbaycan
Parlamentinin hörmətli sədri, xaricdəki nümayəndəliklər
üzrə Böyük Həmkarı" qismində
müraciət etməyi lazım bilir və bu ilk məktubunu
da "İrandakı səfirliyin vəziyyəti haqda Məruzə"
formatında, səfirliyin blankında, makinada çap edərək
möhürlə təsdiqləyir. Məruzədə
diplomatik missiyanın tərkibi, 1920-ci il yanvarın 15-də
Tehrana gələrkən Azərbaycanın müstəqilliyinin
Avropa ölkələri tərəfindən tanınması səbəbindən
İran hökuməti, əhalisi və Azərbaycan vətəndaşları
icması tərəfindən rəsmi surətdə
böyük hörmətlə qarşılanması,
görülən işlər, səfirliyini təntənəli
açılışı, yaranmaqda olan İran-Azərbaycan
münasibətlərinin xarakteri, bağlanan müqavilələr
haqda yığcam məlumatlar verilir. Daha sonra Adil xan Azərbaycan
hökuməti tərəfindən missiyaya verilən
valyutanın - frank-çekləri yerli tümənə
çevirməyin mümkünsüzlüyü, səfirliyin
gözlənilmədən
üzləşdiyi maliyyə problemləri, bu məqsədlə
Əkbər ağa Sadıqovun təcili Bakıya ezam edilməsi
və onun Bakıdan qayıtmaması, 27 aprel
çevrilişinə qədərki 2 ay müddətində də
nə özündən bir xəbər
alınmadığı, nə də səfirliyə pul
göndərilmədiyi barədə məsələləri ətraflı
şərh edir. Bu məruzəsində Adil xan Əkbər
ağa Sadıqovdan yalnız bir dəfə - aprelin 30-da
Bakıdan çıxaraq Tehrana gələcəyinə dair
teleqram aldığını bildirir, lakin o vaxtdan keçən
müddət ərzində onun öz iş yerinə
qayıtmadığını vurğulayır, "hərçənd
o gündən, yəni 30 apreldən sonra Azərbaycandan Tehrana
xeyli adam, o cümlədən, Sadıqovun qohumları gəliblər".
Adil xan Səfirliyin düşdüyü son dərəcə
ağır maliyyə durumu qarşısında
ayrı-ayrı şəxslərdən 10 min tümənə
qədər borc götürdüyünü və indi
onları qaytarmaq tələbləri ilə üzləşdiyini
nəzərə çatdıraraq, Topçubaşovdan, əgər
imkan varsa, Paris nümayəndəliyinin vəsaitindən Səfirliyin
Tehran kassasına 10 min tümən məbləğində pul
köçürməsini xahiş edir.Bu məruzəsində
Adil xan Əlimərdan bəyin iki əsir ingilislər haqda
teleqramlarını aldığını və özündən
asılı olan bütün işləri vaxtında yerinə
yetirdiyini də xəbər verir.
Bir aydan az keçmiş, 1920-ci il oktyabrın 21-də
Adil xan Ziyadxan Topçubaşova ikinci, daha ətraflı məktub
yazır və özünün ilk məruzəsinin surətini
də təkrar olaraq ayrıca göndəriş məktubu ilə
birlikdə həmin günlər vətəninə qayıdan
Fransanın İrandakı səlahiyyətli naziri (səfiri)
M.Bonin vasitəsilə ilə Əlimərdan bəyə
göndərir. Səfirliyin fransız dilində blankında
çap olunmuş həmin göndəriş məktubundan
aydın olur ki, Şahzadə Mirzə Rza Xan Ərfaud-Dövləyə
Şiraz yolunda quldurlar tərəfindən basqın olub və
Adil xan da onunla göndərdiyi sənədin itiriləcəyi
ehtimalından onu bir daha, bu dəfə cənab Boninlə Parisə
çatdırılmasını lazım bilib.
Əlimərdan bəyə ikinci məktubunda Adil xan
"Tehranın tamamilə bizim Azərbaycanla əlaqəsi kəsildiyini"
və özünün də vətənlə hər
hansı əlaqəsi olmadığını xəbər
verir, lakin İrana gələn çoxsaylı
tanışları, o cümlədən, Azərbaycan cəmiyyətinin
iki çox tanınmış nümayəndəsi - Bakı
Dumasının üzvü Qasım Qasımova və məşhur
həkim və ictimai xadim Əbdülxaliq Axundova istinadən
ölkədə vəziyyətin çox acınacaqlı hal
aldığını bildirir:
"Ziyalılarımızın bir hissəsi kommunist hökumətinin
xidmətindədir, bir hissəsi öldürülüb, bir
hissəsi həbs olunub, bir hissəsi də Azərbaycan
Respublikasının hüdudlarını tərk edib... Tiflisdə
Fətəli xan Xoyski və Həsən bəy Ağayev
öldürülüb, Xəlil bəy Xasməmmədov isə
yaralanıb".
Səfirliklə bağlı "öz hökumətimizdən"
indiyədək heç bir rəsmi məlumat
almadığını və öz vəziyyətini
qeyri-müəyyən hesab etdiyini vurğulayan Adil xan,
görünür ki, həqiqətən, "Azərbaycanda
gedən siyasi cərəyanlardan xəbərsiz" idi və
vəziyyətin dəyişəcəyi ümidi ilə yeni
hakimiyyətlə hər hansı əlaqələrə girmək
niyyətində belə deyildi: "Nə vaxt ölkədə
siyasi hərəkat müəyyənləşər və
onun başında sizin kimi sınaqdan çıxmış
siyasi xadimlərimiz durar və o halda mən də həmin hərəkata
qatılmağa hazır olaram". İndiki halda isə Adil
xan "Vətənin ali maraqları və rifahı naminə"
onun ən mötəbər təəssübkeşi kimi
Əlimərdan bəydən səfir kimi öz xidmətini
davam etdirmək, yaxud ona xitam vermək barədə məsləhət
istəyir. Dövlət qulluğu ilə bağlı bəzi
mülahizələrdən sonra Adil xan bir daha Səfirliyin
Tehrana gəldiyi gündən valyuta məsələsi ilə
bağlı üzləşdiyi maddi durumdan söz
açır, Bakıya ezam edilmiş müavini Sadıqovun hələ
27 apreldən neçə gün əvvəl Missiyaya məxsus
valyuta məsələsini həll etdiyini, əlavə olaraq
hökumətdən ona səfirlik üçün daha 20 min
tümən pul verildiyini bildirir, lakin Sadıqovun
"itib-batdığına", səfirliyə "nə
bir məktub, nə də bir dinar" göndərmədiyinə
diqqət çəkir: "Əlbəttə, vaxtı gələndə
Sadıqov bizim missiyanı dözülməz kritik vəziyyətə
salmış əməlləri üçün Hökumətə
cavab verəcək".
Bu sətirlərdən Adil xan Ziyadxanın istər səfirliyin,
istərsə də şəxsən özünün
düşdüyü ağır maddi durumda məhz
Sadıqovu günahkar bildiyi aydın idi. Bütün bu
müddət ərzində həmin pulların, nəhayət
ki, səfirliyə çatdırılacağını
gözləyən Adil xan bir daha səfirliyin xərcləri
üçün müxtəlif şəxslərdən 10 min
tümənə qədər borc
götürdüyünü, özünün isə Tehrana gəldiyi
gündən heç bir məvacib almadığını,
ailəsini də yalnız şəxsi ev əşyalarını
satmaqdan əldə etdiyi vəsaitlə
dolandırdığını bildirir. İran hökumətinin
Azərbaycan missiyası üçün ayda 400 tümən
pul buraxacağını vəd etsə də, hələ bu
pulların da daxil olmadığını vurğulayan Adil xan
Əlimərdan bəyə "ağsaqqalımız" kimi
müraciət edərək "bu bəladan qurtulmaq
üçün" ondan kömək istəyir: "Mən bacardığım
qədər öhdəmə qoyulan diplomatik missiyanı bu
günə kimi gətirib çıxarmışam və
güman edirəm ki, xidmətim qənaətbəxş
sayıla bilər. Hərçənd qiyməti, əlbəttə
ki, tarix verəcək".
21 oktyabr 1920-ci il tarixli bu məktubların
üstündəki dərkənarlardan onların 1920-ci il
dekabrın 26-da, yəni iki aydan sonra Əlimərdan bəyə
yetişdiyi və ertəsi gün Parisdəki nümayəndəliyin
iclasında müzakirə olunduğu aydınlaşır.
Burada bir haşiyə çıxaraq bəzi məqamları dəqiqləşdirməyə
ehtiyac vardır.
(Ardı var)
Solmaz Rüstəmova-TOHİDİ
Tarix elmləri doktoru, professor
525-ci qəzet .- 2024.-16 iyul,№123.-S.10-11.