Tarixi Çanaqqala zəfəri

 

 

Adı tarixə qızıl qanla yazılan, qəhrəmanlıq rəmzi ÇANAQQALA. Bu şəhərin hər daşında, hər ovuc torpağında hərb, qan qoxuyan tarixin izi var. Hər bir xalqın tarixi onun taleyidir, deyirlər. Çanaqqaladan başlanan qəhrəmanlıq yolunun sonunda Türkiyə Cümhuriyyətinin istiqlalı durur. Çanaqqala antik çağlara qədər uzanan tarixi, minlərcə yüzillik zənginliyi ilə Türkiyənin ən önəmli şəhərlərindən biridir. Asiya ilə Avropa qitələri arasında körpü olan Çanaqqalanın Türkiyə Cümhuriyyətinin quruluş dönəmlərində əhəmiyyətli rolu olub. Mərmərə və Egey bölgələrinin sərhəddində yerləşən şəhərin mərkəzində 200 mindən çox əhali yaşayır. Ümumilikdə bölgə əhalisinin sayı 600 minə yaxındır. Çanaqqala Troya, Assos və digər antik şəhərləri ilə dünyada məşhurdur. Şəhər eramızdan çox-çox əvvəl Neolit, Daş, Tunc, Dəmir dövrlərini, Lidya, Yunan hakimiyyəti, Roma Helenestik dönəmlərini adlamış, XIV əsrdən isə Türk hakimiyyətinə keçmişdir. 1354-cü ildə osmanlılar Seleyman Paşa Gelibolu qalasını fəth edərək Çanakkalaya sahib olmuşlar. Uzun zamandır ziyarət etmək arzusunda olduğum Çanaqqala torpağına ayağımı basdığımda, ferbotla dənizin Anadolu yaxasından qarşı yaxaya tərəf irəlilədiyimdə ilk gözümə dəyən yaşıl dağ yamacında ağ rəngdə yazını heyrətlə oxudum:

Dur yolçu! Bilmeden gelib basdığın Bu toprak, bir devrin batdığı yerdir.  Egil de kulak ver, bu sessiz yığın Bir vatanın kalbinin atdığı yerdir.

Saysız döyüşlər, qovğalar, qanlar görmüş qoca dünyanı təlatümə salan, I Dünya müharibəsinin taleyini dəyişdirən, çox böyük itkilərin qeydə alındığı 1915-ci il Çanaqqala döyüşlərində ümumilikdə 500 mindən çox insan həlak olub. 18 mart 1915-ci il Çanaqqala zəfəri türk milləti üçün yenidən yaranma dastanı oldu. Nəhəng ingilis, fransız zirehli gəmiləri bir gün içində vurulub boğazın suyunda qərq oldu. Dəniz döyüşünün qazanıldığı o gündən "Çanaqqala keçilməz" kəlamı bütün dünyanın yaddaşına həkk oldu və türk əsgəri adını tarixə bir daha "yenilməz əsgər" kimi yazdı. Osmanlı ordusu Çanaqqala boğazında müdafiəni gücləndirməklə İstanbulu Avropa İttifaq dövlətlərinin (Antanta) işğal planını alt-üst etdi. Osmanlı dövləti, türk xalqı yumruq kimi birləşərək, candan qala çəkərək İttifaq dövlətlərini boğazdan keçməyə qoymadılar. Boğazlardan keçmək o anlama gəlirdi ki, İstanbul boğazı Qara dənizin, Çanaqqala Egey dənizi, Aralıq dənizinin giriş qapısı olduğu üçün hansı dövlət orda qalib gələcəkdisə, dünyaya hakim ola bilərdi. Çanaqqala döyüşü türk millətinin gücünü, varlığını təsdiq edən hadisə idi. Çanaqqala döyüşü məhv olmaqda olan Türkiyənin möhtəşəm qələbəsi ilə əfsanəyə, dastana döndü və "Çanaqqala zəfəri" adı ilə dünya hərb tarixinə yazıldı. Türk əsgərinin göstərdiyi mətinlik və şücaət düşmən generallarını, dövlət başçılarını heyrətə gətirmişdi. İngiltərənin Baş naziri U.Çörçil demişdi ki, türklər bu müharibədə ən müasir silahlarla silahlanmış güclər qarşısında qala kimi dayanmışdılar... Qəhrəman türk əsgərinin döyüşü uduzub geri çəkilən düşmən qüvvələrinə baxaraq qəhərlə dediyi söz millətin qəlbinə, yaddaşına yazıldı: "Gitdiler, keçemediler, keçemeyecekler..." Çanaqqala döyüşü qurtuluş mücadiləsinin şərəfli başlanğıcı oldu. Dörd il sonra müstəqillik mübarizəsinə başlayan Mustafa Kamal Paşa Geliboluda şəhid qanı ilə türkün zəfər tarixində yeni bir dastan yazdı: "Çanaqqala keçilməz!"

Çanaqqalada şəhidliklər çoxdu. Çanaqqalıların təbirincə desək, bu torpağın hər bir qarışını qazsan, şəhid qanı axar. Şəhidlik kompleksi 32 km. olmaqla bütün boğazı əhatə edir. Hər qarış torpaq üçün tək Çanaqqaladan deyil, Türkiyənin bütün bölgələrindən gələn könüllülər qan tökmüş, can vermiş, şəhid olduqları yerdəcə dəfn olunmuş, kütləvi məzarlıq salınmış və hər məzarlığa ayrıca xatirə abidəsi qoyulmuşdur. 250 minə yaxın şəhidin ruhu dolaşan ən böyük şəhidlik kompleksi Mustafa Kamal Atatürkün təşəbbüsü ilə Şəhidlərin xatirəsinə yaradılan "Çanaqqala keçilməz" şəhidlik kompleksi isə nəinki bu şəhərin, bütün türk dünyasının qəhrəmanlıq simvolu, qürur yeridir. Böyük şəhidlik kompleksində simvolik məzarların üzərində bu savaşda canını bu torpağa fəda edən şəhidlərin adları, doğulduğu diyarın adı yazılıb. Hər gün minlərlə insan şəhidliyi ziyarət edərkən qürur, fəxarət hissi ilə yanaşı, qəlbində bir vəfa borcu, kədər yükü ilə addımlayır və istər-istəməz ayrılıq, itki, ölüm acısını pıçıldayan ağını Vətən, xalq üçün ölümə gülərək gedən, bir an belə canımı, ailəsini düşünməyən Çanaqqala şəhidlərinə qoşulan xalq türküsünü züm-zümə edir:

 

Çanakale içinde Aynalı çarşı,

Ana, Ben gedirem düşmene karşı, of gencliyim, eyvah!

Çanakkale içinde bir uzun selvi,

Kimimiz nişanlı, kimimiz evli, of gencliyim, eyvah!..

 

Qardaş ölkələrdən köməyə gələn və şəhid olanlar da türk qardaşları ilə bu torpağın bağrında uyuyur. Türklərlə bərabər, digər xalqlardan olan müharibə qurbanlarının da xatirəsi əbədiləşdirilib.

Tarixdə silinməz iz qoyan Çanaqqala savaşı Azərbaycan üçün də böyük əhəmiyyət daşıyır. Çanaqqala savaşında qardaş ölkənin dar günündə dadına çatan, şanlı tarixi qardaşları ilə birgə yazaraq şəhid olan 3 mindən çox azəri şəhidləri də bu şəhidlikdə uyuyur və Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə onların şərəfinə xüsusi abidə ucaldılıb.

Antanta dövlətlərinin dünyanın ən uzaq ölkələrindən belə muzdla tutduqları, bəlkə də niyə, nədən ötrü döyüşdüklərini, öldüklərini bilmədən türk torpaqlarında həlak olan minlərlə əcnəbi döyüşçülərin cəsədləri də bu torpaqda dəfn olunub və onlar üçün salınan məzarlıqda da onların xatirəsinə üzərində xaç işarəsi olan abidə ucaldılıb. Atatürkün bu humanist jesti Avropa dövlətlərini, dünya xalqlarını təccübləndirib. Böyük şəhidlik kompleksində Atatürkün müraciəti yazılan ağ mərmərdən xatirə lövhəsi qoyulub. 1934-cü ildə Anzak analarına xitab edən Atatürk, bütün dünyada zehinlərə yazılan bu sözləri söyləyir: "Bu memleketin toprakları üzerinde kanların döken kahramanlar, burada dost bir vatanın toprağındasınız.

Huzur ve sükut içinde uyuyursunuz. Sizlər, Mehmetçiklər ilə yan-yana, qoyun-qoyunasınız. Uzak diyarlardan övladlarını harbe gönderen analar! Göz yaşlarınızı dindiriniz. Evlatlarınız bizim bağrımızdadır. Huzur içindediler ve huzur içinde rahat uyuyacaqlardır. Onlar bu topraklarda canlarını verdikdən sonra artık bizim evlatlarımız olmuşlardır”. O vaxtlar Atatürkün bu müraciəti dünyanın bir çox qəzetlərində dərc olunub, bu böyük insana rəğbət qazandırıb. Hətta avstraliyalı bir qadın ona minnətdarlıq dolu məktub göndərmişdir. Yəqin o səbəbdən də Şəhidliyi ziyarət edən yadellilərin sayı-hesabı yoxdur...

Sana dar gelmeyecek makberi kimler kazsın,  “gömelim gel seni tarihe”, desem sığamazsın... 

Böyük türk şairi Mehmet Akif Ersoyun şəhid Mehmetciyə ithaf etdiyi tarixə düşən şeirin misralarını pıçıldaya-pıçıldaya hər biri al bayrağı andıran məzar dağlarını saymaq keçdi könlümdən. Gözüm könlümü qandırdı: mümkünsüzdür, saymaqla bitməz, Mərmərənin, Egeyin suyu qədər, qanla möhürlənmiş torpağın dənələri qədər, - dedi. Sanki qırmızı məzar daşları yaz-yay, payız-qış, gündüz- gecə, göz qırpmadan, usanmadan vətən keşiyində durmuşlar...

Tarixin bütün dönəmlərində türk torpaqları, Vətən, şərəf uğrunda şəhadətə ucalan can, qan qardaşlarımızın müqəddəs ruhu qarşısında baş əyərək Çanaqqaladan gözü-könlü tox, fəxarət və ehtiramla ayrıldım.

 

Yaqut BAHADURQIZI

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Aran filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru

525-ci qəzet .- 2024.-16 iyul,¹123.-S.8.