"Yurdumun sirləri"
- əsrimizin bestselleri
VƏ YA RZA BƏRAHƏNİ YARADICILIĞINA BİR
BAXIŞ
(Əvvəli ötən sayımızda)
Rza Bərahəni söhbətlərində modernist
düşüncəyə daha yaxın olduğunu
vurğulayır. Prust, Coys, Folkner, Virciniya Vulf, Nabokov, Borxes
yaradıcılığından bəhrələnərək
İranda modernist və postmodernist nəsrin ən mükəmməl
örnəklərini qələmə alır. Dünyada
maraqla qarşılanan romanlarını yaza-yaza belə bir
sonuca varır ki, Azərbaycanın yəhudilərin
"Tövrat"ı kimi bir kitabı yoxdur. Müqəddəs
kitab olsa da, "Tövrat"da bir etnosun həyatının
başdan sonadək yazılması diqqətini çəkir.
Bu baxışı ilə bağlı bəzi
düşüncə adamlarının fikirlərini örnək
alır. Folknerin hər il "Əhdi-Ətiq"i -
"Tövrat"ı və Migel de Servantesin dünyanın
ilk modern romanı sayılan "Don Kixot" romanını,
özünün isə bunlardan başqa daha iki əsəri -
"Min bir gecə" və Mövlananın "Məsnəvi"sini
oxuduğunu etiraf edir. Ancaq daha çox "Məsnəvi"ni
oxuduğunu söyləyir. Bunun səbəbi kimi isə "Məsnəvi"də
bir hekayə bitməmiş sonrakı hekayənin
başlamasını göstərir. "R.Bərahəni də
eynilə "Məsnəvi"də olduğu kimi, hadisəni
parçalayır, hissələrə bölmə ifadəsini
həm konsepsiya, həm də metod mənasında işlədir..."
və deyir: "Mənim zehnim bu cürdür. Mənim Azərbaycanımı
heç kəs yazmayıb. Hətta mərhum dostum
Qulamhüseyn Səidinin Azərbaycanda baş vermiş bir-iki
hadisəyə, məsələn, Məşrutə hərəkatına
dair pyesləri və sair də bunu tam əhatə etmir. Mənim
işim bir qədər fərqlidir. "Ayaz" romanımda
hadisələrə Ayazın gözü ilə
baxırdım və bu Ayazın 2500 yaşı var..."
Və o, Bakıda çap edilib yayılmasını
çox arzuladığı, tabuları
sındırdığı və məhz özünü
yazdığı "Yurdumun sirləri", basdan axıradək
Ayazın - Azərbaycan xalqının 2500 illik tarixini ən
yüksək bədii dillə, dərin məntiq və fəlsəfə
ilə canlandırdığı "Ayazın cəhənnəm
günləri" romanlarında uzaq və yaxın
keçmişə ekskurs edir. Oxucu bu romanlarda silsilə tarixi
fakt və olayları öyrənir, müstəmləkə
boyunduruğunda çabalayan Güney Azərbaycan xalqına
uzun illər boyu yaşadılan müsibətlərin
şahidi olur.
Rza Bərahəni 21 Azər inqilabının, 18 avqust
olaylarının - 1953-54-cü illər İrtica
dövründə xalqın tərəfdarı olan Məhəmməd
Müsəddiq Baş nazir olarkən ABŞ-ın
yardımı ilə baş verən çevriliş hadisəsinin
- Müsəddiq hərəkatının, 1978-79-cu illər
İslam inqilabının başvermə səbəblərini
və gedişatını bir tarixçi alim səriştəsi
ilə izləyir, ancaq yazıçı təxəyyülünün
fəlsəfəsi ilə qələmə alır, oxucunu
gerçəkliklərlə üz-üzə, baş-başa
qoyur və baş verənlərə onu inandırmağı
bacarır... "İrandakı İslam inqilabının
baş verməsində daxili səbəblərlə
yanaşı, xarici səbəblər də mövcud idi.
İran həmin dövrdə ABŞ-ın regionda ən
yaxın və strateji müttəfiqi idi və bununla
yanaşı, Amerika Birləşmiş Ştatları bu
ölkəyə çoxlu miqdarda silah satmışdı.
Əsas məqsəd isə Sovet İttifaqından gələn
təhlükənin qarşısını almaq və Fars
körfəzində İranın dominant rolunu təmin etmək
idi. İranda işləyən və yaşayan xarici ölkə,
xüsusilə ABŞ vətəndaşlarının yüksək
səviyyədə yaşaması, təbii ki, yerli əhali tərəfindən
sakit qarşılana bilməzdi. Buna görə də, islam
inqilabçılarının əsas mübarizə istiqaməti
ABŞ-a qarşı çevrilmişdi. 1979-cu ilin əvvəlində
inqilabın təsiri altında şah Məhəmməd Pəhləvi
İranı tərk etmək məcburiyyətində qaldı.
Fevralın 1-də Ayətulla Xomeyni Tehrana qayıtdı.
İslam inqilabından sonra da ABŞ-a qarşı mübarizə
davam edirdi. 4 noyabr 1979-cu ildə özlərini "İmam xəttinin
ardıcılları" adlandıran tələbələr
Tehranda Amerika səfirliyinin binasını tutdular və 52 nəfəri
girov götürdülər..."
Göründüyü kimi, o, İranda mövcud
"müstəmləkənin öz dili ilə ona
qarşı çıxır, bundan bir qamçı kimi
istifadə edir, şüurlu bir post-kolonial duruş sərgiləyir..."
Amerikanın Uzaq Şərq və Şərq siyasətini,
amerikalıların özlərini başqa millət və
xalqlardan üstün sayaraq onlara yuxarıdan aşağı
baxmasını - özündən razılıq kibrini, eyni
zamanda mənfur siyasəti ilə dünyanı "xəstəxanalıq"
etməsini də ifşa edən Rza Bərahəninin aydın
ziyalı baxışını və vətəndaş
mövqeyini romandan sətirlər bəlirləyir: "Bir
amerikalı ayağını hara bassa, ora Amerikadır..."
Yaxud: "Bizim iki başımız var. Biri pambıqdır,
biri də qılınc. Hansı ki, bizə itaət edir, ona
pambıq oluruq, itaət etməyənlərəsə
qılınc..." "Hər yer Amerikanın xəstəxanasıdır,
vacib deyil Saygonda olsun. Dünya Amerikanın xəstəxanasıdır..."
"Allah! Vyetnamda, bir amerikalı özünü nə qədər
tənha görür! Bəlkə torpaq bizdən
intiqamını alır. Bəlkə 20 il öncə
amerikalı bir zabiti İranın şimalında öldürən
qurd indi Vyetnama gəlib?"
Romanlarında, ədəbi-tənqidi yazılarında
yazarın Türk mifologiyasının bilicisi olduğu da
aydınlaşır... "Yurdumun sirləri"ndə əcnəbi
öldürən Savalan qurdunun obrazında bozqurdun əski
türklərin qurtuluş rəmzi-totemi olduğunu
çatdırır. Eyni zamanda xalqının yadellilərlə,
işğalçılarla heç vaxt barışıb bir
araya gələ bilməyəcəyini, qoynunda onlara yer verməyəcəyini
həmin qurdun Savalan dağının ətəklərində
dişləri ilə Amerika zabitinin şah damarını
qırıb öldürməsi, inqilabçı Təhminəni
isə oğlu Nasirlə birlikdə qurdun öz kahasında
gizlədib qoruması epizodları ilə ötürür
dünya oxucusuna... ("Təhminə bir damla suya
döndü, buxar olub göyə çəkildi, ya da yerin
dibinə batdı... Generalın jandarma-mühafizə xidmətlərinin,
polisin, SAVAK-ın, ordunun gizli təşkilatının
bütün səyləri hədər oldu. Heç kəs
onun izini tapa bilmədi, elə bil ki, ayrı bir dünyadan
adamlar gələrək Təhminə ilə oğlunu
oğurlayıb öz kürələrinə
aparmışdılar...") Göstərir ki, Azərbaycanın
mədəniyyət, elm və ürfan mərkəzi
sayılan Ərdəbil dünya qurdlarının da mərkəzidir.
Bu qoruyucu qurdlar "bəzən yolun üstünə gəlib
sədd çəkərlər, qoymazlar ki, o biri heyvan və
maşınlar, yaxud adamlar ordan keçsinlər..."
Maraqlıdır ki, Rza Bərahəni "Yurdumun sirləri"ndə
əcnəbi öldürən qurdun amerikalı zabit Devisə,
ingilis hərbçisinə-bütünlükdə
amerikalılara və digər yadellilərə qənim kəsilməsini
Güney türklərinin qeyrət məsələsi kimi də
mənalandırır: "Elə ki, biz çarəsiz
qalırıq, heç birimizin də əlindən bir iş gəlmir,
o zaman əcnəbi öldürənin qeyrət damarı tərpənir.
Ona əcnəbi öldürən deyirlər. Savalan qurdu əcnəbini
öldürəndir. Bir dəfə bir rus kazakını
öldürdü. Neçə illər bundan öncə bir
ingilis generalını öldürdü. Yerli insanlarla işi
yoxdur..."
Eyni münasibətin təzahürü yazarın:
"Asiyada hər kəsin əlinə bir tüfəng versən,
birinci amerikalını aradan götürər..." - fikrində
də özünü göstərir... Romanın sonunda yazar
qurd toteminə təkrar qayıtmaqla Azərbaycan türklərinin
mübarizəsinin bitmədiyini, hələ də davam etdiyini
vurğulayır...
Rza Bərahəni farsların yaxın və uzaq
keçmişinin, ənənələrinin içəriyini
səltənətlə dini inancın təşkil etdiyini cəsarətlə
söyləyir, inkişafdan geri qalan İranın Rusiya,
ABŞ, İngiltərə və Almaniyaya qarşı
yürütdüyü dövlət siyasətinin - xarici siyasətin
yararsızlığını tarixi faktlarla
açıqladığı kimi, şovinist daxili siyasətini
də kəskin şəkildə tənqid etməkdən
çəkinmir: "Demokratiya Qərbin, liberalist bir inqilabın
tapıntısıdır. Şəhərdə yaşayan
ziyalı, orta savadlı təbəqə İranın hər
yerində yaranmayana qədər İran millətinin
demokratiyadan istifadə etmək imkanı ola bilməz və hətta
kommunistlərlə mübarizədə belə, ondan istifadə
etmək olmaz. Generalın (Şadanın - E.F.) fikrincə,
tarixdən öncə yaşayanların demokratiya ilə
özəl bir məntiqi bağlılığı var, onsuz
problemləri həll etmək olmaz. Buna görə də
İranda seçkilər demokratik ola bilməz. Məhkəmənin
mənası ola bilməz, fərdi haqları və
azadlığı tələb etmək mənasızdır.
Qanun qarşısında bərabərlik boş
sözdür..."
"Rza şah bizi Hitlerlə müttəfiq elədi.
Biz də fikirləşirdik ki, gərək şimal
qonşumuzun (SSRİ, Sovet Azərbaycanı - E.F.)
qabağında səngər quraq. Savaşda halva paylamazlar
ki... ...Yadımdadır, 1941-ci ilin senyabrında biz
hamımız hər şeyi qoyub necə qaçdıq.
Böyüklər hamıdan öncə qaçdılar. Biz
kiçiklər bir az gec hərəkətə gəldik, amma
hamımız qaçdıq. Rza şah hamımızdan
uzağa getdi, Tehran-dan Cənubi Afrikaya. Qızıl ordu da
İrana girdi. Bizə demişdilər ki, gərək İranın
bir qarış torpağı da düşmənin əlinə
keçməsin. Bir qərar və mədarla Rza şah
qaçdı. 24 saatın içində İranın dostu
oldu düşmən, düşməni də dost..."
Beləcə, dahi yazar, general Şadanın dili ilə
bir az da dərinə gedir, həm ABŞ-ın, həm də
SSRİ-nin, əslində isə Rusiyanın İrana -
Güney Azərbaycana qarşı yürütdüyü
"dostu düşmən, düşməni də dost edən"
çoxüzlü siyasətinin iç üzünü
açır, tarixi gerçəkliyi ortaya qoyur: "Ruslar istəyirlər
ki, iki Azərbaycan bir olsun və Sovetin torpağına birləşdirilsin.
Amerikanın dünyabaxışı və əlahəzrətin
İran daxilində rəhbərliyi nəticəsində bu
uğursuz planın icrasına maneçilik törədildi.
İranın başından böyük bir təhlükə
keçdi. Əgər Azərbaycan muxtariyyət qazansaydı,
mütləq İrandan ayrılacaqdı. Fikirləşin,
İranla sovetin sərhədi Culfa yox, bəlkə Qəzvin
olacaqdı... Azərbaycan İranın başıdır,
baş gedəndə bədən də gedər..."
Öz xalqına aşağı nəzərlərlə
baxan, saysız canlar alan, amerikalıları isə baş
tacı edən cəllad general Şadanın mürəkkəb
və ziddiyyətli xarakterinin özəlliklərini açmağa
Təbrizdəki 21 Azər mərasimi zamanı atının
onu qaldırıb yerə çırpdıqdan sonra, şikəst
qalmasından və aldığı zədə sonucunda
övlad sahibi ola bilməməsindən, hətta gələcək
uşağının belə, ali irq saydığı
amerikalı zabit Racer Biltimordan olmasını istəməsindən
başlayır. Eyni açıqlamada atın bir Türkün
həyatındakı önəmini, rəmzi mənada dosta
dost, düşmənə düşmən olduğunu da
vurğulayır: "At iki ayağı üstündə
şahə qalxmışdı, qabaq ayaqlarını elə
yüksəkdə saxlamışdı ki, sanki uçmağa
hazırlaşırdı. Tezliklə qabaq ayaqları iki qanad
kimi açılacaq, sanki at və atlı göyə
uçacaqdılar. Sonra birdən camaatın
çığırtısı bütöv bir "Vay!"
səsi şəklində yüksəldi. At da bu səsi
eşitmişdi. Şahə qalxdığı
ayaqlarının üstündə sürətlə
fırlandı, generalı da başının üstündə
fırlatdı. Sonra boynunun və başının
arxasından bir şey sürətlə yerə atıldı.
Yenidən at dörd ayağı üstündə dayandı.
Ancaq generalın başının üstündə... Bir qatil
öldürdüyü şəxsin başının
üstündə dayandığı kimi... Dedilər ki, at Təbriz
xalqının intiqamını generaldan aldı. Niyə? Məgər
general Təbriz xalqına nəsə eləmişdi ki,
Marağada tərbiyə olunan at 21 Azər günü gəlib
generaldan Təbriz xalqının intiqamın alsın?! ...At
hardan bilirdi ki, generalın Təbriz xalqına qarşı
törədilən cinayətlərdə əli var... O, hardan
bilirdi ki, 21 Azər mərasimi ordunun Təbrizə girişinin
bir ilini yola saldı?"
Sitatdan general Şadanın Təbriz əhalisini əzməkdə
və Demokrat Firqəsini məhv etməkdə, Azərbaycanın
İrana qaytarılmasında və Təbrizdə sakitliyin,
nizam-intizamın bərpa edilməsində böyük rol
oynaması obrazlı şəkildə açılır.
(Ardı var)
Esmira FUAD
525-ci qəzet .- 2024.-17 iyul,№124.-S.15.