Söz azadlığı və jurnalist ləyaqəti

 

Nəsr

 

 

(Əvvəli ötən çərşənbə sayımlzda)

 

Söz azadlığı adlanan əsəb uclarının qıcıqlanması demokratiyanın sağlamlığının normal qaydada olmadığının göstəricisidir. Sözü mühakimə etmək isə olduqca arzuolunmaz, həm də bir qədər müşkül məsələdir. Çünki ədəbi söz, yazı müəyyən fikir ifadə etsə də, başqa mənaya da yozula bilir, bütöv kontekstlərdən çıxarıldıqda, onu tam fərqli səmtə də yönəltmək mümkün olur. Ona görə də bu məsələdə qərar vermək, vahid, həm də düzgün nəticəyə gəlmək olduqca çətindir. Bu səbəbdən hakimlər həmin qəbildən olan işlərə baxanda ekspertləri dəvət edir, ancaq onların özləri də ümumi mövqeyə gələ bilmir, həmrəylik nümayiş etdirməkdən uzaq olurlar. Cinayət yalnız əməldə özünü büruzə verir, söz, ideya, əgər bu insanlığa qarşı çağırış deyilsə, birbaşa cinayət tərkibinə malik olmur. Bircə onu yada salmaq lazımdır ki, tarix boyu milyonlarla insanın başı kəsilsə də, həyatına xitam verilsə də, heç bir ideyanın boynunu vurmaq mümkün olmamışdır. Bu, olduqca yaxşı haldır, lakin zərərli tədavül xərclərindən də xali deyildir. Çünki hətta ən mənfur ideyalar belə birdəfəlik olaraq tarixin arxivinə təhvil verilmir, asanlıqla unudulmur, müəyyən vaxt keçdikdən sonra münbit şərait yaranan tək, alaq otu kimi cücərməyə, adamların şüuruna nüfuz etməyə başlayır. Təəssüf ki, vaxtilə yazıçı Frants Kafkanın təsvir etdiyi kimi, mürəkəb hadisələr qarşısında şəxsiyyətin gücsüzlüyü, zəifliyi baş verir, şahmat piyadasını andıran adamlar kütləsi meydana gəlir. Təcrübə göstərir ki, bu vaxt onlar özlərinə yad olan qüvvənin təsirindən qoruna bilməyərək, zərərli ideyaların "cazibəsinə" təslim olmaq yolunu tuturlar.

Jurnalistin əqli əməyinin məhsulu yalnız sözdür, məqalədir, yazıdır. Söz onun həm hücum silahı, həm də yeri gəldikdə rəğbət bəslədiyi mövqeyi müdafiə etmək üçün yeganə vasitəsidir. Bəziləri hücuma atıldıqda, sonradan müdafiə olunmaq ehtimalını bütünlüklə unudur, öz ağılsız "dəlisovluğuna" görə cavab verməli olur. Qələm sahibi öz sərəncamında olan vasitədən xeyir, insanlıq, düzgünlük naminə, şərə, cəmiyyətə sirayət edən bəlalara qarşı məharətlə və səmərəli qaydada istifadə etməyi bacarmalıdır. Həqiqətə sitayiş və xidmət etmək əvəzinə, jurnalist bu silahdan sui-istifadəyə yol verdikdə, gec-tez bumeranq kimi bu zərbə qayıdıb onun özünə dəyəcəkdir. Lakin bu tələb heç də qələm sahibini dar bir çərçivəyə, qəfəsə salmaq niyyətinə, onun üçün mövzu gettosu yaratmaq məqsədinə çevrilməməlidir. İnsan üçün təbiətin bəxş etdiyi ən böyük nemət və mükafat olan sözdən, özü də kütləvi, açıq bəyan edilən sözdən xırda hisslər naminə, məkrli  niyyətlər üçün və qisas silahı kimi istifadə edilməməlidir. İnsanlara nifrət təlqin etmək, irqi, milli ədavəti qızışdırmaq qanunlar tərəfindən qadağan edilmişdir. Ona görə də heç bir qələm sahibi bu ixtiyar həddini keçməyə həvəs göstərmir, çünki bu sərhəd pozulduqda, artıq qanun qarşısında cavab vermək lazım gəlir.

Elə dəyərlər, elə simvollar vardır ki, onlar, kiminsə iradəsindən asılı olmayaraq, az qala müqəddəslik toxunulmazlığına yiyələnmişdir. Onlara qarşı sözdə, yazıda azacıq hörmətsizlik, sayğısızlıq halı bu müqəddəsliyə sitayiş edənlər tərəfindən təhqir kimi qarşılanır və onların qəzəbini hansısa frazeoloji təhlil yolu ilə olan izah vasitəsilə soyutmaq mümkün olmur, yatırtmaq isə olduqca çətinləşir. Təəssüf ki, cəhalət, xurafat keşikçiləri, dini fanatizmə xidmət edənlər də öz tənbəkilərini uydurduqları ehkamlar folqasına büküb, onun tüstüsü ilə beyinləri dumanlandırmağa cəhd göstərirlər. Ona görə də cəhalət əlamətləri qamçılananda, onlar dinə aid olan məsələlərdən bütünlüklə təcrid edilməli, bu yolla dinə yad olan ünsürlərinin, onun sitayiş və ibadət toxunulmazlığından özlərinə müdafiə vasitəsi kimi istifadə etmələrinin qarşısı qabaqcadan alınmalıdır. Yaxşı məlumdur ki, cəhalət fədailəri dini bayraq altına sığındıqda, bu, ciddi fəsadlar əmələ gətirir. Dini fanatizm isə islam dininə böyük ziyan vurur, əslində onun yüksək ideallarını təhrifə uğratmaqla, müqəddəslik qəbul etmiş dəyərləri də gözdən salır. Ona görə də dini fanatizmə qarşı mübarizə bir an da olsun zəifləməməlidir, kənar qüvvələrin müxtəlif vasitələrlə onu yaymaq cəhdlərinin qarşısı ən ciddi şəkildə alınmalıdır. Ölkəmizdə dinin dövlətdən ayrı olduğu bir şəraitdə, rəsmi, ya qeyri-rəsmi qüvvələr tərəfindən ona cəmiyyətdə dominantlıq vermək iddiasına qarşı sərt tədbirlər görülməlidir.

Digər Şərq xalqları kimi azərbaycanlılar da öz ənənələrinə hörmətlə yanaşır, onlara həsr olunmuş tədbirləri bir bayram kimi təntənə ilə qeyd edirlər. Televiziya kanalları qədim ənənələrimizin təbliğatına geniş yer ayırırlar. Təəssüf ki, bu məsələdə də ölçü hissi gözlənilmir, arxaizmə aludəçilik həddi aşır, ənənə adı altında bəzən xurafatın təbliğatına yol verilir. İslam dini ilə heç bir əlaqəsi olmayan pirlər barədə verilişlər göstərilir, bundan pul qazananlar həmin reklamdan istifadədə çaşqınlığa, ləngiməyə yol vermirlər. Təəssüf ki, bəzi naşı işçilərin ucbatından xurafat, ənənə donuna geyindirilir, yaramaz şarlatanlar adamların sadəlövhlüyündən istifadə edir, şüurlara, köhnəliyin zərərli, əslində zəhərli qalıqlarının toxumunu səpirlər. Belə fəaliyyətə və onlarla məşğul olanlara keçilməz sədd qoyulmalıdır.

Hamıya yaxşı məlumdur ki, müstəmləkəçilik, imperializmin Asiya, Afrika və Cənubi Amerika xalqlarına "bəxş etdiyi" böyük bəla idi. Lakin metropoliyalar ağalıq etdikləri ölkələrdə xalqların yararsız adətlərini ləğv etmək kimi, bəzən faydalı iş də görürdülər. Hindistanın bir neçə birləşmiş regionunda qubernatorluq edən Uilyam Kavendiş-Bentinka 1833-cü ildə bu ölkədə iyrənc adət kimi hökm sürən köhnə qaydanı - arzuolunmayan uşaqların öldürülməsini və ərinin dəfn tonqalında dul qalan qadının da yandırılmasını qadağan etdi. Sati adlanan dul qadınların yandırılması qədim mifə, allah Şivanın arvadına gedib çıxırdı. Qubernatorun qadağası diri dul qadınların yandırılması kimi vəhşilikdən hind xalqını xilas etdi. Bizdə belə eybəcərlik heç vaxt olmamışdır, lalin müasir dövrlə səslənməyən xurafat qalıqlarından da tam azad olmamışıq, bunları ləğv edə bilməsək də, ən azı təbliğ etməməliyik...

İslam dini az sayda olan mühüm dünyəvi dinlərdən biridir, onun ehkamları əsrlərin sınağından çıxmış, insanları qardaşlığa səsləmiş, qəlbə və şüura təsir etmək sahəsindəki nadir gücünə görə dünya əhalisinin hər altıncısının inancına, imanına çevrilmiş, bütün qitələrə (beş qitə nəzərdə tutulur) yayılmışdır. İslam həm də möhtəşəm bir mədəniyyətdir. Bu böyük abidəni inkar etmək, şübhə altına almaq ağılsızlıqdır. İslam dininə qarşı hücumlar əks nəticə ilə üzləşmiş, onun dayaqlarının daha da möhkəmlənməsinə səbəb olmuşdur. Din, ona ruhən sığınan hər bir adamın könlünün olduqca zərif simidir, ən intim duyğusudur, bu həssaslığı ilə seçilən hisslə olduqca ehtiyatla davranmaq tələb olunur.

Cəhalətə, mövhumata atılan güllələrin, qəlpələrin islam dini adlanan nəhəng dağa hansısa ziyan vuracağını güman etməyin özü sadəlövhlükdür. Əslində, xurafata qarşı mübarizə dinin yüksəkliyi və təmizliyi uğrunda aparılan hərəkatın tərkib hissəsidir. İslamla xurafatı birləşdirmək, onların bir-birinə nüfuz etməsini, birinin digərini qidalandırmasını güman etmək isə bu dini hörmətdən salmaq istəyindən başqa bir şey deyildir. Ona görə də cəhalətin ifşasına həsr edilən yazılarda, onunla din arasında hansısa təmənnalı məqsədlər naminə qurulan körpülər yandırılmalı, geriliyin, avamlığın, yaramaz qaydaların rudimentləri dini postulatlardan və ibadətlərdən bütünlüklə təcrid edilməlidir.

Jurnalist qüsurlara, çatışmazlıqlara qarşı mübarizə apardıqda onun daşıyıcıları əleyhinə də öz süngüsünü işlətməli olur və cavab kimi həmin adamların düşmənçiliyi ilə üzləşir. Bu düşmənçilikdə vasitələrin seçilməsinə o qədər də əhəmiyyət verilmir, qələm sahibini sıradan çıxarmaq üçün bəzən iyrənc üsullar da yarayır. Jurnalistlərə qarşı səlib yürüşü elan etmək həvəsində olanlara, bu məfhumu ilk dəfə tarixə bəxş edənlərin acı taleyini xatırlatmaq lazım gəlir.

XI əsrin sonunda başlanan səlib yürüşləri xristian dininin bayrağı və bilavasitə rəhbərliyi altında aparılsa da, əslində, İusus Xristin təbliğ etdiyi əxlaq prinsiplərinə tam zidd olmaqla yanaşı, Qərbin sonralar genişlənən və gur inkişaf edən biabırçı müstəmləkəçilik siyasətinin başlanğıc nöqtəsi rolunu oynadı. Bu yürüşləri təşkil edənlər və onların başçıları bədnam ad və Herostrat şöhrəti qazanmaqdan başqa heç nəyə nail olmadılar. Yəqin ki, tarixi səlibçiliyi təqlid etmək istəyənləri da buna bənzər bir sonluq gözləyir. Jurnalistikanın çoxəsrlik tarixinə nəzər salsaq görərik ki, qələm əhli nə qədər təqiblərə, cəzalara məruz qalsa da, nəticə etibarilə qələbə, özü də tam və geniş miqyaslı zəfər onların tərəfində olmuşdur. Bu mənada mətbuatı feniks quşuna bənzətmək olar, onu yandırmaq eşqinə düşənlər arzularının tam əksi olan bir möcüzənin şahidi olmuşlar - bu küldən o, yenə dirilib, qanad açmağı bacarmışdır.

Bunu nəzərə alaraq, tarixə müraciət etmək, bəzi faktları yada salmaq pis olmazdı.

1734-1735-ci illərdə Nyu-Yorkda Zinqer işi deyilən bir hadisə baş vermişdi. Bu adam "New York weekly Journal" həftəlik qəzetinin naşiri idi. Həmin qəzetdə qubernatora hücumlar edilir və o, kəskin tənqidə məruz qalırdı. Qubernator bu həmlələrdən qəzəblənib, böhtana görə qəzeti yandırmaq və naşiri həbs etmək göstərişini verdi. Məhkəmədə Zinqeri güclü vəkil müdafiə edirdi və iş ittiham olunan naşirin tam qələbəsi ilə nəticələndi. İttiham isə ondan ibarət idi ki, bu hücumlar guya "Alihəzrət idarəçiliyinin (həmin dövrdə bu koloniya, digər 12-si kimi Böyük Britaniya imperiyasının müstəmləkəsi idi və ona görə də mətndə kral hakimiyyəti nəzərdə tutulurdu) xarakterini alçaldır və burada yaşayan adamları yoldan çıxarmaq, iğtişaş yaratmaq məqsədini güdür". Məhkəmə təkcə bu ittihamı bütünlüklə rədd etmədi, həm də qərarına qeyri-adi bir maddəni də əlavə etdi. Bu maddəyə görə mətbuatda böhtana icazə verildi. Jüri hesab etmişdi ki, bu, hər bir adamın koloniyanın qubernatorluğu haqqında həqiqət kimi fikirləşdiyi hər bir şeyi demək hüququdur. Bu, daha çox indi geniş işlədilən "diffamasiya" anlayışına uyğun bir qərar idi, başqa sözlə, mətbuatda kimisə biabır edən həqiqi və ya saxta məlumatların çap edilməsi hüququnu nəzərdə tuturdu. Bizdəki bəzi müəlliflər isə hələ qanunla icazə verilməmiş diffamasiyadan da uzağa gedərək, daha çox şantaj üslubuna üstünlük verirlər. Bu isə müəyyən məqsədlər naminə həqiqi və ya saxta ləkələyici məlumatları elan etmək yolu ilə adamları qorxutmaq, hədələmək, şantaj vasitəsidir. Axırıncı bu fransız sözü xeyli dillərə keçsə də, onun ingilis dilindəki sinonimi olan "blackmail" hərfi mənada olmasa da, məna tutumuna görə bizdəki "qarayaxma" anlayışına daha yaxındır, birbaşa bu niyyətin məkrliliyini açıb göstərir. Reket jurnalistlər adətən bu yaramaz üslubdan istifadə edirlər. Mətbuat Şurasının reket jurnalistlərə qarşı apardığı kəskin mübarizəni yalnız təqdir etmək lazımdır.

 

(Ardı var)

Telman ORUCOV

525-ci qəzet .- 2024.-17 iyul,№124.-S.14.