"Həvari Matfeyin
şəhid olması"
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki
qonağı sənətşünas Emilya Babayevadır. Onunla
Barokko dövrünün görkəmli nümayəndələrindən
olan italiyalı rəssam Mikelancelo Merizi da Karavacconun "Həvari
Matfeyin şəhid olması" əsərindən
danışmışıq.
Barokko dövrünün böyük sənətçisi
Mikelancelo Merizi da Karavacco 29 sentyabr 1571-ci ildə Milan
yaxınlığında dünyaya gəlib. Rəssamın
adı yaşadığı qəsəbəsinin adına
uyğun olaraq "Karavacco" götürülüb.
Karavacco janr olaraq dini rəssamlıq və natürmort
janrında işləyib. Yaradıcılığında
işıqdan çox böyük məharətlə istifadə
edən rəssam "karavasizm" üslubunun banisidir.
Karavacconun sənəti rəngkarlığın
inkişafına da çox böyük təsir göstərib.
Rəssam 1610-cu ildə Toskana
yaxınlığında vəfat edib.
- Emilya xanım, əsərin yaranma tarixi haqqında nələr
məlumdur?
- Karavacco hələ 1599-cu ildə 28 yaşında
olarkən Romada yerləşən "San Luigi dei Francesi"
kilsəsi üçün Kontarelli Şapelinin işlərini
öhdəsinə götürmüşdü. Karavaccodan
Şapelə Həvari Matfeyin pannosunun çəkilməsi istənildi,
o, üzərinə düşən bu işi üç
möhtəşəm əsərlə tamamlamağa nail oldu.
Bu üçlüyə "Həvari Matfeyin
çağırışı", "Həvari Matfeyin
ilhamı" və " Həvari Matfeyin şəhid
olması" əsərləri daxildir.
- Əsərin rəng həlli necədir?
- "Həvari Matfeyin şəhid olması" drammatik
işıq-kölgə oyunlarının zirvə olduğu əsərlərdən
biridir. Rəsmdə soldan gələn güclü işıq
təsvirin təsirini artırır. Rəsm qaranlıq olsa da,
onun əsas xüsusiyyətləri yaxşı
işıqlandırılıb. Tünd rənglərin istifadəsi,
açıq rənglərin
solğun verilməsi rəssamın daxilindəki ziddiyyətdən
xəbər verir. Ümumiyyətlə, sənətşünaslar işıq-kölgə effektlərinin
mahir istifadəçisi sayılan rəssamın
ömrünün sonlarında çəkdiyi rəsmləri əvvəlkilərə
nəzərən daha "tutqun" olduğunu qeyd edirlər.
Əsərdə qatilin ağ əti, Matfeyin ağ
paltarları, yarıçılpaq fiqurların
işıqlandırılmış kənarları və
yanları böyük dramatik təsirlə kapellanın
qaranlıq divarlarından bayıra çıxır.
- Əsərin kompozisiyası haqqında nə deyə
bilərsiniz?
- Dram janrında yaradılan monumental əsərin mərkəzində
qatil yarıçılpaq vəziyyətdə sağ əlində
qılınc tutub və üzərinə sol tərəfdən
işıq düşmüş şəkildə təsvir
olunub. Həmçinin Matfeyin üzü bu işıqla
aydınlanır. Qatil sol əliylə az öncə
yaraladığı Matfeyin sağ əlini tutub. Burada qəhrəman
rəsmə paralel vəziyyətdə uzanıb öz qatilindən
mərhəmət istəyir. Arxa planda baxan bir fiqur daha var ki,
bu obraz məhz Karavacconun özüdür. Qatilin üstündəki
buluddan aşağıya sallanmış mələk əlindəki
çubuqla Matfeyi yuxarı çəkməyə
çalışır. Bir məqamı xüsusilə
vurğulamaq istəyirəm ki, rəsmə tam olaraq Şapelin
yuxarı hissəsindən təmiz işıq
düşür və bu, Karavacconun işığı ilə
bütövləşir. Ayrıca kilsədə ianə
qutuları var ki, onların içərisinə qəpik pul
atanda rəsm əsərləri bir müddət
işıqlanır
- Sizcə, bu rəsm bizə nə deyir?
- Karavacco rəsmlərində əks etdirdiyi
fiqurları Renessans rəssamları kimi ideal formada göstərmir,
onları adi insanlar kimi təsvir edirdi. Həmin dövrdə
bu, radikal addım idi. Ümumiyyətlə, Karavacco öz
dövrünün rəssamlarından çox fərqlənirdi.
Məsələn, onun əsərlərindəki obrazların əksəriyyəti
ya sərxoşlar, ya da cəmiyyət tərəfindən birmənalı
qarşılanmayan şəxslər olurdu. Bu məqam rəsm
sifariş edənləri çox əsəbləşdirirdi.
Bu əsərdə də rəssamın özünəməxsus
yanaşmasını görürük. Karavacco
işıq-kölgə effektlərindən yüksək dərəcədə
faydalanaraq tamaşaçının nəzərlərini
lazımi fiqura yönləndirə bilir. Rəsmda təsvir
olunan müqəddəsin sağ əli, cəlladın sol əli
və şəhid ovcunun yan-yana verilməsi təsadüfi ola
bilməz, onların yaxınlığı rəsmin mənasını
açır. Qurbangahda yanan tək şam isə simvolikdir,
Tanrının hər şeyi görən gözünü
ifadə edir.
Aytac SAHƏD
525-ci qəzet .- 2024.-17 iyul,№124.-S.12.