Şeir olmaq istəyi
Sözün də rəngarəng duyğu
çalarlarına bələnib öz havasını yaratmaq,
bu havanın sirli-sehrli mənzərəsində şeir olmaq
istəyinə misra-misra, bənd-bənd qovuşmaq və
yaşam vermək qüdrəti var. Sözün çiçək
dilli baharından xəzəl güllü payızınacan
yaratdığı poetik tablolar elə təbiət hadisələri
kimi möcüzələrlə dolu olur.
Havası özündən başlanıb özündə
qurtaran yollar kimi, sonsuz olan təlatümlü şair ürəyi
fikir yükündə dolub-daşan kövrək
çırpıntıların duyğu-duyğu şeir
düzənini yaradır.
Bu düzən kövrək görüşlərin,
uzun-uzun ayrılıqların, həzin qəribliyin,
ömürdən xəzəl-xəzəl uçub gedən
illərin sapsarı xatirələr məcmusudur, ömür pəncərəsini
döyəcləyən yağış damlalarının
poetik qoxusudur.
Təranə Arifqızının da özünəməxsus
poeziya havası var, şair öz içini sözün
baharıyla doldura bilir, sonra öz baharından
süzülüb gələn havanın poetikasını
yaradır. Bu havada nələr yoxdur: "sözün
içində doğulan noyabr günəşi", "buz
tutmuş qaranlıqlar", "cənub istisində şimal
qışı", "gedənlərin
gəlişinə anaların gözlərindən axıb gedən
gülüşlər", "yaralı daşların
sarğıları, dörd divarın harayı",
"ağ olsun deyə gecəni ağartmaq,
gündüzün isə üzünə qara çəkmək"
və daha nələr, nələr. Bütün bu fikir
düzümünün başında şairin şeir olmaq istəyi
mövcuddur:
Şeir olmaq istəyirəm,
Ağdam kimi, Şuşa kimi.
Qırx dörd gündə bir körpənin
Böyüdüyü yaşa kimi.
Qürur hissi ilə qeyd edim ki, "Qırx dörd
gün" ifadəsi dünyanın döyüş tarixinə
qızıl hərflərlə yazılan bir ifadədir və
bu ifadəni yazan və yazdıran oğullarımızın
qarşısında baş əyirik.
Ədəbiyyatımızın da əbədi və ədəbi
obrazına çevrilən bu döyüş Təranə Aifqızının
yaradıcılığında mühüm yer tutur. Şair
bu kitabında yer alan bir çox şeirində Ağdam kimi,
Şuşa kimi, Suqovuşan, Xudafərin, İsa bulağı,
Cıdır düzü, Xarıbülbül kimi şeir olmaq
istəyir.
Vətən mövzusu, Vətənə həsr edilən
şeirlərin uğurlu şair ömründən keçən
ana xətdir. Bu xəttin üstündə sətirlənən
ana yurdun gözəllikləri, şairin ruhunu yerindən oynadan gürşad
bulaqlar, şaqraq nəğməli şəlalələr,
füsunkar yamacların tül örpəyi, dən-dən
sünbüllənən dalğalı zəmilər, xəyalların
yel qanadındakı uçuşuna
heyrətamiz baxışlar, xatirələrə
sarınan kövrəklik, xiffətli torpaq duyğuları
poeziya işığında daha da böyüyür, öz
poetik məcrasını tapır.
Dövrümüzün bugünkü Zəfər
havasını poeziya aləmində, fikir məkanında daha
da rövnəqləndirmək, sözün oxucu bazarında bədii
çəkisini qoruyub saxlamaq, şeirsevərləri öz
ürək çırpıntılarının daimi
qonağı edə bilmək hər şairə nəsib
olmur. Ölməz oğullarımızın
ölümsüzlük obrazını yarada bilmək
üçün gərək bu misralardan keçə biləsən:
Şəhid olmaq - bu torpağı ürəyində
qucaqlamaq,
Düşmənini yox etməyə gözündə
qılınc saxlamaq!
Təranə Arifqızının nəzmə çəkilmiş
düşüncələri obrazlı şəkildə ifadə
edə bilmək, dolğun və bədii çalarlarla zənginləşdirərək
misralara düzmək qabiliyyəti onun uğurlu ədəbi
taleyindən xəbər verir. Bu məziyyətlər Təranə
Arifqızının şeirlərində bir az da dəyər
tapır, genişlənir və Azərbaycan adlı məmləkətin
bütün ərazilərindən keçən rəngarəng
mənzərəyə çevrilir. Şair bu bədii rəngarəngliyin
adını çox düzgün seçib:
"Payızın zəfər rəngi".
Şairin yaratdığı payızın zəfər
rəngləri çoxşaxəlidir, mövzular rəngarəng
və düşüncələr səmimidir. Şeirlər
oxunaqlı olmaqla bərabər, oxucuda təlatümlü ovqat
yaradır:
Dağ altından sızır Şapur bulağı,
Su üzündə gülür quzuqulağı,
Ayağıma sığal çəkir alağı,
Möcüzə danışır dilim, a dağlar.
Bu yerlərin bənzərsiz təbiətindən
tutmuş zəhmətkeş insanlarınadək bütöv
bir Vətəni vəsf edən şairin ilhamı
Haçadağın havası kimi saf, Batabatın suyu kimi
dumdurudur:
Dolana-dolana qalxdım yaylağa,
Bir dərəyə baxdım, bir də oylağa,
Ətək saldı yanğım buz Zorbulağa,
Göynədi dişlərim, deyim, Batabat.
"İçindəki ağrıyla sükütu
yandıran və tüstüsü gözündən
çıxan, eyni zamanda baxışı buza dönən"
şairin poetik dilinin rəvanlığı, bu rəvanlığın
içindəki şipşirin dialektin dadlı-duzlu tamı
oxucunu sehrləyir. Bu sehrin qədim söz eli olan
Naxçıvandan qaynaqlanan mənbəyi ər-ərənlərin
cəngində, dədə-babaların sazlı-sözlü
dünyasında qərar tutmaqla yanaşı, bənd-bənd, sətir-sətir
bütün Azərbaycanı dolaşır, öz poetik izlərini
söz-sənət məkanına əbədi həkk etməyə
çalışır:
Mən yolu tutub getdim,
Sənsə mənim izimi.
Mən səni qırıb getdim,
Sənsə mənim dizimi.
Günəşi saldıq tora,
Aya kələk gəldik biz.
Gah iblisin özüydük,
Gah da mələk gəldik biz.
Şairin bu şeirini oxuyanda göz önündə
"ürəkdən yıxılan" və "daş
kimi ovcunda sıxılan" duyğulu anların qərib və
pərişan halı canlanır, "bu isti havanın əlindən
tutub sərin sevgiləri yola salmaq" istəyirsən və
hər kəsin bu dünyada qərib yolçu olduğunu
duyunca yenə də öz könül dünyanla
baş-başa qalırsan:
Hər kəs bu dünyada qərib yolçudu,
Doğma ürəklərdə arzular qərib...
Getməyə yer yoxdu, sevməyə insan,
Sevilən də qərib, sevən də qərib...
Sözümün əvvəlinə qayıdıram.
Əminliklə deyə bilərəm ki, payızın zəfər
rəngini vəsf edən Təranə Arifqızının
şeir olmaq istəyi çin çıxıb.
"Payızın zəfər rəngi" bir şairin
öz halal istedadının qanadlarıyla poeziya kəhkəşanında
dövrə vurur, sözü sükutlu, sükutu sözlü
olan şeiriyyət tufanından keçib
haysız-küysüz, məzmunlu və dupduru sənət
peyzajı yaradıb. Şair söz payızından boylanan
tablolarındakı təxəyyülünü kövrək
duyğuların saf havasında göyüm-göyüm
göyərdə bilib.
Mən Təranə Arifqızının
poeziyasındakı payızın zəfər rəngləri
ilə doğmalaşa bildiyim üçün məmnunam, mənə
yaşada bildiyi sözün ölməz havasına görə
ona minnətdaram.
Ramiz QUSARÇAYLI
525-ci qəzet .- 2024.-17 iyul,№124.-S.12.