Qanqaraldıcı təqdimat

 

Hekayə

 

Məşhur şairin yeni kitabının təqdimat mərasiminə 40 dəqiqə tez gəlmişdi. Hava həddindən artıq isti olsa da, təqdimatın keçiriləcəyi Mərkəzin qarşısında yetərincə adam var idi. Əksər adamlar kölgəlikdəki oturacaqlarda əyləşib söhbət edir, yaxud siqaret çəkirdilər... İçəri keçdi. Kondisionerlər işlədiyindən içəri sərin idi. Təqdimatın başlamasına hələ kifayət qədər vaxt qalsa da, yerlərin yarısından çoxu artıq tutulmuşdu. Təkcə irəli cərgədə kimsə oturmamışdı. Oranın yəqin öz sahibləri vardı. Sevdiyi şairin şeirlərini öz səsində aydın eşitmək üçün irəlidəki cərgələrin birində əyləşmək istəyirdi. Salona göz gəzdirdi. Dördüncü sırada 5-6 boş yer var idi. Münasibi elə bu sıra olduğundan, həmin sırada, ortada, boş bir oturacaqda əyləşdi. Əyləşdiyi oturacağın hər iki tərəfi boş idi.

- Bura boşdu?

Səsə başını qaldırıb baxdı.

Vaxtı ilə məşhur olan qoca tarzən idi - Xalq artisti.

- Bəli, boşdu, - sakit, bir qədər də laqeydliklə dilləndi.

Qoca tarzən əyləşməmişdən əvvəl ona laqeydlik göstərən bu ahıl adama bir qədər təəccüb, bir qədər də narazılıqla baxdı.

Ahıl adam onun narazılığını, təəccübünü hiss etsə də, tövrünü pozmadı. Qoca tarzən əyləşməyə tələsmədi. Aydın hiss olunurdu ki, bu laqeyd adamın yanında oturmaq istəmir. Amma irəli cərgələr artıq tutulmuşdu. Boş yerlər yalnız ən arxa sıralarda qalmışdı. Məcburiyyət qarşısında əyləşdi:

- Siz haralısınız? - yanaşı əyləşdiyi laqeyd adamdan soruşdu. - Bakıda yaşayırsınız?

Ahıl kişi elə bil bu sualı gözləyirdi. Tələsik və sadəlövhcəsinə:

- Mən kəndçiyəm, kənddən gəlmişəm - dedi.

Qoca tarzən başını bir qədər kənara çəkib diqqətlə və bir qədər də təəccüblə bu qəribə adama baxdı. Onun cavabından, danışıq tərzindən doğrudan da heyrətlənmişdi. Amma yenə də maraq güc gəldi:

- Hansı rayondansınız?

Ahıl adam könülsüz də olsa yaşadığı rayonun adını dedi... Dedi və qəfil, qoca tarzənə onu haldan çıxaran bir sual verdi:

- Bəs siz hardansınız? Bakıda yaşayırsınız?

Qoca tarzəni elə bil ildırım vurdu:

- Sən məni tanımırsan? - sərt şəkildə dilləndi. Ürəyindəsə: "Bu kəndçi məni dolayıb nədi? Axı onun nə ixtiyarı var ki, məni, neçə ilin Xalq artistini belə dolasın. Ağıldankəmə də oxşamır ki, deyəsən anormaldı. Tamamilə normal adamdı. Heç adam dolayana da bənzəmir. Yaxşı, bəs onda məni niyə tanımasın..."

Düzdü, o bilirdi ki, indiki cavanların böyük əksəriyyəti onu tanımır. Bu da qoca tarzəni çox üzürdü. Amma ahıl, yaşlı adamlar onu tanımalıdır axı... Qoca tarzən son illərdə heç belə əsəbiləşməmişdi. Amma özünü birtəhər ələ alıb, bacardıqca sakit səslə:

- Sən Xalq artisti, tarzən filankəsi (öz ad və soyadını dedi) tanımırsan?

Ahıl adam bir qədər fikrə getdi. Diqqətlə tarzənə baxdı. Sanki nəyisə yadına salmağa çalışırdı. Fikirləşdi... Fikirləşdi... Və:

- Yox, - dedi. - Nəsə yadıma sala bilmirəm. - Sonra sanki üzrxahlıq edirmiş kimi - Siz Allah, məni qınamayın, çoban adamam, dədəm- babam da çoban olub, gözümü açıb qoyun-quzu görmüşəm, günüm qoyun otarmaqla keçib. Ev-eşik üzü görməmişəm. Yay-qış qoyun quzu-dalınca olmuşuq... Mən avam adamam... Heç düz-əməlli məktəb də oxumamışam... Bura məni oğlum gətirib. Yaxşı ki, o oxudu, institut bitirdi. İndi də Bakıda yaşayır. İmkan eləyib iki günlüyə onu görməyə gəlmişəm... Heç Bakını da düz-əməlli tanımıram.

Qoca tarzən ona inandı, ya inanmadı, amma bu ahıl adama axırıncı sualı verməkdən də özünü saxlaya bilmədi:

- Sən bu qədər ildə heç televizora baxmamısan?

- Sizə dedim axı. Çoban adamam. Yay-qış qoyunların dalınca olmuşam. Televizora baxmağa vaxt hardaydı... Bir saat televizora baxmaqdansa, bir saat yatmağı, yorğunluğumu çıxarmağı daha münasib bilmişəm.

Qoca tarzən əsəbi şəkildə, ikrahla üzünü yana çevirdi və bu vaxt ahıl adamın çox sevdiyi şair səhnədə göründü. Alqışlar altında ahıl adam zala nəzər saldı. Zalda indi bir dənə də boş yer yox idi. Hələ nə qədər adam yer olmadığı ücün ayaq üstündə qalmışdı.

...Ahıl adam qoca tarzənlə əməlli-başlı oyun oynayırdı. Əslində o, qoca tarzəndən, 35-36 il bundan əvvəl şahidi və iştirakçısı olduğu bir hadisənin hayıfını çıxırdı...

1980-ci illərin axırları idi. Bu ahıl kişinin o zaman 27-28 yaşı olardı və öz rayonlarında, Statistika idarəsində işləyirdi. O vaxt hansı bir işə görəsə bir günlüyə Bakıya gəlmişdi. Səhər saat 10 olardı. O vaxtki "26-lar" bağından keçərkən təsadüfən, tələbəlik illərindən tanıdığı və dostlaşdığı Vəzirlə qarşılaşdı. Vəzir musiqi məktəbini bitirmişdi və artıq tanınan qarmon ifaçısı idi. Bu təsadüfü görüşdən hər iki dost məmnundu. "26-lar" bağı bu saatda həmişə olduğu kimi qələbəlik idi. O vaxt izdihamın içərisində həmin bu tarzəni görmüşdü. Görən kimi də tanımışdı. Tarzən elə o vaxt da Xalq artisti idi. Xeyli məşhurlaşmışdı. Tez-tez televizorda göstərirdilər. Amma çox lovğa idi. Televizorda, radioda danışanda sözünün əvvəli də, sonu da "mən" olurdu. Üstəlik, tar çalanda etdiyi qəribə, kəskin hərəkətlər, üz-gözünə verdiyi ifadə çalğısına şitlik, sünilik gətirirdi.

Xalq artisti, sən demə, Vəziri tanıyırmış. Yaxınlaşıb Vəzirlə görüşdü. Vəzir də tələbəlik illərinin dostunu o vaxt məşhur olan tarzənə təqdim elədi:

- Müəllim, tələbəlik dostumdur. Rayonda yaşayır. Bir günlüyə Bakıya gəlib. Təsadüfən görüşdük.

O məqamda tarzən heç Vəzirin dostunun üzünə də baxmamışdı. Vəzirin dostunun görüşmək üçün tarzənə uzatdığı əli havada boş qalmışdı. Kefi kök olan, dayanmadan gülən məşhur tarzn:

 

- Vəzir, yenə də kəndçilərlə dostluq edirsən? - deyəndə Vəzir də, Vəzirin dostu da elə pərt vəziyyətə düşmüşdülər ki... Dediyi yersiz və təhqiramiz sözlə iki gənci "sındıran" tarzən isə, dediyi o bir kəlmə sözlə nə qədər günah iş gördüyünün fərqində deyildi. Əksinə, yenə də gülə-gülə, bu dəfə rus dilində Vəzirə (elə zənn edirdi ki, Vəzirin rayondan gələn dostu rus dilini bilmir. Amma tarzən səhv edirdi. Vəzirin rayonlu dostu rus dilini çox yaxşı bilirdi):

- Vəzirçik, - dedi, - sənə bir dəfə demişəm, yenə də deyirəm. Oturub-durduğun adamlara fikir ver... İrəli getmək, məşhurlaşmaq istəyirsənsə, belə kəndçilərdən uzaq gəz. Bu avamlar nə bilir musiqi nədir, muğam nədir? Belə çobanlar üçün gözəl bir şeir oxuyarsan, şeir sona çatmamış görərsən ki, onları yuxu tutub, yatıblar...

...Təqdimatdan əvvəl qonaqlara şairin həyat və yaradıcılığından bəhs edən kinoxronika göstərilirdi. Ahıl adam isə hələ də, xatırladığı o kədərli hadisənin təsirindən çıxa bilmirdi... Neçə illər əvvəl baş vermiş o xoşagəlməz görüşdən sonra da televiziyada çox görmüşdü bu tarzəni. Amma o ürəkbulandıran söhbətdən sonra tarzənin çalğısı həmişə mənasız, maraqsız gəlmişdi ona. Elə hiss edirdi ki, tarı canlı insan yox, ürəksiz, duyğusuz robot çalır...

Ahıl adam tarzəni o vaxtdan görməmişdi. Amma həmişə onu görmək istəmişdi. Qismət bu günə imiş... Üstündən neçə illər keçməsinə baxmayaraq, ahıl adam qoca tarzənin o ağır söhbətini, onu alçaltmasını heç cür unuda bilmirdi... Əslində kiminsə qanını qaraltmaq ahıl adamın təbiətinə yad idi... Amma bu gün, yüngülvari də olsa, tarzənin əhvalını korladı, qanını qaraltdı... Qoy görsün, ürək sındırmaq necə pis bir davranışdır

 

...Sevdiyi şair səhnədən ruhoxşayan şeirlərini oxuyurdu. Ahıl adam indi hər şeyi, hətta yanaşı əyləşdiyi, tez-tez yuxuya gedən və elə tez-tez də diksinib oyanan qoca tarzəni də unutmuş, bütün varlığı ilə, şeirlərini çox sevdiyi şairə diqqət kəsilmişdi...

8 iyul 2024.

 

Neftçala.

 

Etibar ƏBİLOV

525-ci qəzet .- 2024.- 18 iyul,№(125).-S.15.