"Yurdumun sirləri"
- əsrimizin bestselleri
VƏ YA RZA BƏRAHƏNİ YARADICILIĞINA BİR
BAXIŞ
(Əvvəli ötən sayımızda)
Xalq təfəkkürünün dərinliyinə və
ana dilinin alt qatlarına məharətlə enə bilən Rza
Bərahəni, roman boyu bu xəzinədən yararlanır, rəmzi,
yaxud gerçək mənada atın, qurdun, torpağın,
xalqın onlara xor baxanlardan gec-tez qisas alacağına da
işarə vuraraq, məsələni ədəbi müstəviyə
gətirir... "Yurdumun sirləri"ndə
qisasçılıq daha geniş, qapsamlıdı... Cinayətkar
general Şadandan, İranın neft satışından gələn
gəlirlərdən varlanıb böyük sərvət
qazanan Fərzamdan, Eli-Südabədən, Mahi-Mahnuşədən,
Huşəng Marağayidən alınan tükürpədici
qisas oxucunun ürəyini üşüdür: "Soyuqbulaq!
Soyuqbulaq (Şadanın Huşəngə Təbriz
yaxınlığında təcavüz etdiyi yerin
adıdır - E.F.)! Yadındadır, hə? Köpək
oğlu, yadındadır? Satırı qaldırıb düz
döşünün ortasına vurdum. Bütün vücudu
titrəməyə başladı, ayaqları yuxarı
atdandı, qanı ağzından çölə
fışqırdı... Kəsilmiş başını da əllərinin
içinə qoydum və başsız bədənini
böyük masanın üstünə uzatdım...."
"Yurdumun sirləri"ndə Rza Bərahəninin
yaratdığı obrazlar qalereyasında həm mərd, həm
namərd, həm əxlaqlı, ismətli, həm də əxlaqsız
kişi və qadın ədəbi qəhrəmanlar yer
alır. Əynindəki yaşıl rəngli yataq
paltarının altından bədəninin hər yeri
görünən, saçlarını döşlərinin
üstünə və çiyinlərinə atan gözəl
bir qadının işvə-naz ilə Raceri yatağına
çəkməsi öncə amerikalı zabiti
şaşırdır, o an içində: "Bu adamın
heç qüruru yoxdur. Hansı bir qürurlu kişi öz
qadınını başqa bir kişi ilə otaqda tək qoyub
çıxıb işə gedə bilər?" - təəccübü
doğur. Ancaq Eli-Südabənin: "Ərim istəməsə,
mən belə bir işi görə bilmərəm... O,
(General Şadan - E.F.) həmişə ən yaxşı
seçimləri özü edir. Sən aylar öncə,
İrana gəldiyin zaman seçildin. General da bu dəfə
istisna olaraq, istədi ki, o qəribə adamı mən
görüm. Gördüm, bəyəndim və indi buradasan.
İndi isə gəlməyə məcbursan. Əgər gəlməsən,
abrını alaram. Çığıraram, cangüdənləri
çağıraram, qonşular gələr və fikirləşər
ki, bir amerikalı generalın arvadına təcavüz etmək
istəyirdi. Gəl, gəəəl!.." - etirafı ərinin,
Şah ordusunun generalının nə qədər əxlaqsız,
kişi-homoseksualist olduğunu nişan verir. Gəncəcik
Huşəng Marağayini, ən yaraşıqlı cangüdənlərini
seçib divarlarını çılpaq şəkillərlə
bəzətdirdiyi güzgülü - içəri girən
kimi əxlaqsız bir qocanın yaşadığı
anlaşılan yataq otağında təcavüzə məruz
qoyduğunu çox etkiləyici epizodlarla təsvir edir.
Eyni zamanda modernist yazıçı hələ
keçən əsrin 50-60-cı illərində İranda
yüksək təbəqədən olan qadınların ən
mürəkkəb estetik əməliyyatlarla gözəlləşərək
yaşını gizlətmək istəyini, əri olmasına
baxmayaraq, başqa kişilərin yatağına düşənləri,
eyni cinsdən olanların seksual ilişkilərə dayalı
gizlinlərini və bu kimi iyrəncliklərin baş verdiyi cəmiyyəti
tənqid və ifşa edir. Belə ki, onun fahişəlikdə
boğulmaq, əxlaqsızlıq yuvaları yaratmaq, Şah
sarayı və amerikalılarla əlaqədə olmaq,
İrandan qaçmağa təşəbbüs göstərmək
kimi cinayətlərlə suçlandırılıb edam
olunan qadın qəhrəmanı, rəfiqəsi Mahiyə:
"Sən şanslı qadınsan. Cangüdənlər mənim
şirəmi çəkiblər. Səninkilərin
hamısı isə zabit və şahın köməkçiləri
olub..." deyən qadın qəhrəmanı Eli
"altmış yaşlı qadın olmasına baxmayaraq, hələ
də gözəl idi, bəlkə də yaşı ondan da
çox idi... Ancaq hər yerini əməliyyat etdirmişdi.
Gözlərinin və dodaqlarının ətrafını,
buxağını, döşlərini, qarnını,
yanlarını, bədəninin hər yerini açıb
silikon doldurub tikmişdilər. Hər yeri otuz il
cavanlaşmışdı. Döşünün hər birinə
əlli min tümən xərc çəkmişdi..."
Şadanın generalı olduğu Şah ordusunun da
içərisində mavilik-homoseksualizm, pozğunluq geniş
yayılıb. Romandan sitat: "Bəzən iki mavi zabit qərara
gəlirdi ki, səfərə çıxsınlar, özləri
ilə də tərcüməçi aparırdılar.
Gündüz orduda, gecələri də bir-birinin
qucağında yatırdılar. Tərcüməçi
eşitmişdi ki, Amerika ordusunda mavilik (homoseksualizm)
qadağandır. Amma elə bil qürbətdə o şeylər
aradan götürülürdü. Bəzən də zabitlər
şəhərlərin birində gördüyü
qadınların ünvanını dostlarına verir, şəhərdə
olan zaman xadimə, ya aşpazı komandanlıqdan o
qadınların dalınca göndərirdilər..."
Qurani-Kərimə, Xacə Hafizin "Divan"ına,
Şeyx Səfinin məqbərəsinə və fəlsəfəsinə,
tiryəkə, sevgi quşuna və pişiyə sevgisini
keçmiş qadınının - gözəlliyi ilə onu
görənlərin ağlını başından alan
Mahnuşə Rahili-Mahinin dilindən verdiyi polkovnik Həbibullah
Cəzayerinin bir Azərbaycan türkü, eyni zamanda Şah
ordusunun polkovniki kimi obrazını da yaradır, xarakterinin mənfi
və müsbət yönlərini açır. O, Amerika
zabitlərinin və hərbçi soydaşlarının
gözləri qarşısında qürurunun
sındırılmasına dözmür və zabit
Krazlının qətlini şərəf məsələsi
sayaraq tabeliyində olan 12 nəfər zabitlə həyata
keçirir. Çünki bu amerikalı bəzən "onun
üzündə, vücudunda alçalmış bir
tayfanın varlığını görürdü. O balaca
gözlərdə, iri qara xallı üzdə bəzən
kanadalı eskimos, bəzən də Amerikanın qərbindəki
qızıldərili zühur edirdi. Bu geri qalmış
çirkin öz bədəviliyi ilə Qərbi Amerikanın əzəmətli
ağ dərililərini ləkələyirdi. Nəyə gərək
ayrı millətlər, ayrı təbəqələr olsun.
Polkovnikin qaraşınlığı meksikalıları onun
yadına salırdı. Qırışmış, sarı
üzü onu yarı qaradərili, yarı meksikalı
kişilərə bənzədirdi. Və ya qızıldərili,
yarı ispaniyalı ki, Manhetten adasından gəlib Nyu-Yorka səpilmiş
ac dilənçilər idilər..." - düşüncəsi
ilə yanaşmasını bütünlükdə öz
xalqına aid edir və fikrinə belə haqq qazandırır:
"Zabit Krazlı əcnəbi qurdun başını bədənindən
ayırdığı o amerikalı zabitdən qat-qat pisdir. Yəqin
ki, amerikalıların da içində yaxşıları
var, amma biz gördüklərimizin çoxu Krazlı kimidir.
Zabit Krazlı isə onların hamısından betərdir".
İslam fəlsəfəsini, irfan elmini, "Qurani-Kərim"i
bir düşünür-filosof mövqeyindən öyrənib
içəriyini dərindən dərk edən Rza Bərahəni
qələmi ilə ölkəsində dinçi fanatiklərin
rəvac verdiyi dini savadsızlığın aradan
qaldırılması üçün də savaşır,
savadsızlığı cəhalətin kökü sayır,
xalqın bu zəifliyinə yenilməsini, düşmənlərinsə
bundan istifadə edərək Vətənində meydan
suladığından ürək ağrısı duyur:
"İnqilabdan əvvəl insanlar dini
savadsızlığın nəticəsində cəhalətə
gedirdilər. Güclü dövlətlər həmişə
müsəlmanın bu zəif tərəflərindən
istifadə edirlər. Qadınların hüquqsuzluğu,
uşaqların, anaların haqlarının pozulması... Azərbaycanın
indiki vəziyyətinin İranın şah zamanındakı vəziyyətinə
bənzərliyi var..."
Erməni qızının davranışları,
ermıəni aşpazın: "Dayımoğlu mexanikdir.
Yazmısdı ki, gəl. Mən də getmək istəyirəm.
İranda qalıb nə edəcəm? Ermənilər dərbədar
olmuş bir millətdirlər. Bir hissəsi Beyruta gedir, bir hissəsi
Sovetlər ölkəsinə, bir hissəsi də Amerikaya.
İranda qalıb nə edim?" - sözlərinə əsasən,
ermənilərin bir toplum kimi əsl simasını, xislətini
açır, fırsatçı olduqlarını, yalnız
öz xeyirlərini düşündüklərini göstərir....
Rza Bərahəni romanda Təbriz və Ərdəbili
dünyanın ən gözəl şəhərləri,
insanlarını yadellilərə boyun əyməyən, mərd,
qeyrətli, öz yurdunu canı qədər sevən xalqın
yetirmələri kimi tanıdır. Hətta Quzey Azərbaycanın
da yerləşdiyi Qafqazı belə yaratdığı
amerikalı zabit obrazının dili ilə öz baxış
bucağından sərgiləyir: "Mən qafqazlıyam.
Bilirsən, bu sözün mənası nədir?
Başdan-başa ağappaq ipək kimi..." Eyni zamanda
Mahnuşə-Mahi Rahilinin 1929-cu
ildə çəkilmiş şəklinin arxasında
yazılan: "Mahi bir yaşında. 1929-cu il. Bakı şəhəri..."
sözləri ilə Qafqazı, Güney Azərbaycan və
Quzey Azərbaycanı birləşdirir...
Təbriz qız və qadınlarının isə
dünyanın ən gözəl, ən üstün
qadını olduqlarını, hətta fahişəsinin belə,
digər toplumların fahişələrindən daha ismətli,
amerikalı zabitlərin yatağına düşməyi
özünə sığışdırmayan bir təəssübkeş
olduqlarını anladır oxucusuna: "Təbrizdə hər
hansı bir gözəl qadına gürcü qadını
deyirlər. Amma mən deyirəm ki, Təbriz qadını
gürcü qadınlarından da üstündür.
Dünyanın ən gözəl qadınıdır. Ağ dərili,
bal rənginə bənzər gözü, nisbətən uca
boylu, bir qədər dolu, çevik, gülərüz,
şirindil... Nə Tehranın bəzi qadınları kimi
büzüşmüş, nə də Şirazın
qadınları kimi qaraşın idilər..."
Ümumən onun qadına, gender məsələsinə
baxışı fərqlidi, düşüncələri
özünəxasdı, qadına feodal münasibətin,
barbarca yanaşmanın əleyhinədir və əsərlərində
bu yöndə savadığı o qədər qabarıq
duyulur ki... Ədib hətta kişilərin bu yöndə
maariflənməsinin gərəkdiyini belə etiraf edir:
"Qadınların mənim şəxsi həyatımda
xüsusi təsiri var. Düşünürəm ki, hər
adamın nüvəsində bir qadın var. Dünyaya gəlmək,
nəfəs almaq, dil açdığımız ilk kəlmələr,
bütün bunlar anamızdan gəlir. Biz dünyaya gəldikdə
qadın qoxusunu alırıq. "Lilit"ə gəlincə,
o, Adəmə tabe olmayan və öz hüquqlarını bilən
qadın olub və hüquqlarının tapdanmasına etiraz
edib. Mən bu qadını təqdir edirəm. Ümumiy-yətlə,
qadına hər zaman zülm edilib. Gərəkdir ki, bu
zülm aradan qalxsın. 55 ildir ki, feminizm barədə oxuyuram.
İndi amerikalı feministlərlə dostluq edirəm. Bəzən
feminizmi səhv başa düşürlər. Feministlər
kişilərin zülmünə, qadınların
"başına vurmalarına" qarşı
çıxırlar... Təəssüf ki, biz heç vaxt
qadının hüquqlarını tanımırıq. Amma bu,
belə olmamalıdır. Bunun da yeganə yolu kişiləri
maarifləndirməkdir..."
"Yurdumun sirləri"ndən yazarın əsl
türk kimliyi, ana dilinin-doğma türkcənin, Təbrizin təəssübünü
çəkən yurddaş olduğu da aydın
görünür: "İngilis dilini xarici dil hesab edirdilər.
Türk dili isə dil sayılmırdı. Bu biganə şəhərdə
bəzən iki biganə bir-birinin tanışı
çıxırdı. Və həyat öz çətinliyini
və əziyyətini əldən verirdi..." Yaxud: "Bir
Təbriz türkü başqa bir Təbriz türkünü
dünyanın o başında da olsa, tanıyar..." və
yaxud: "Anası filan... Əgər sən sovet tərəfdarı
deyilsənsə, niyə türk təsniflərini öyrənmisən?
Zabit (Cəlili-E.F.) dedi: Təsnif türkcədir, yəni mənimdir,
burda yaşayan adamlarındır. Əgər türkcə təsnif
casusluq, günahdırsa, 5-ci və 6-cı kolonun dəlilidirsə,
onda Azərbaycan xalqının hamısını tutub
öldürün, çünki türkcə oxuyurlar..."
(Ardı var)
Esmira FUAD
525-ci qəzet .- 2024.- 18 iyul,№(125).-S.14.