Azərbaycan Cümhuriyyətinin Tehrandakı səfirliyi

İRAN-AZƏRBAYCAN MÜNASİBƏTLƏRİNİN GÖRÜNMƏYƏN TƏRƏFLƏRİ VƏ AZƏRBAYCAN DİPLOMATİYASININ ŞƏRƏF MƏSƏLƏSİ

 

(Əvvəli 16 iyul sayımızda)

 

Adil xan Ziyadxanla Topçubaşovun yazışması yalnız Əlimərdan bəyin Parisdəki arxivində saxlanılan sənədlərə əsaslanır. Nə Azərbaycan səfirliyinin Tehrandakı arxivi, nə də şəxsən Adil bəyin öz arxivi (Adil xan Ziyadxanın 1931-ci ildə İranda nəşr etdiyi "Qələmin uçuşu" kitabında səfirliyinin fəaliyyəti demək olar ki, işıqlandırılmamış, yalnız 2-3 məlum xəbərlər gətirilmişdir) əldə olmadığı üçün məntiqə görə Əlimərdan bəyin Tehrana göndərdiyi cavab məktubları haqda məlumatları da yalnız Adil xanın məktublarının məzmunundan öyrənmək olardı. Amma peşəkar hüquqşünas, son dərəcə məsuliyyətli və təcrübəli dövlət qulluqçusu olan Əlimərdan bəyin bir məsələdə də haqqını vermək lazımdır: o, aldığı çoxsaylı məktubların hamısını sıra nömrəsi, alınan günün tarixi və sonrakı taleyi göstərilməklə (cavab verildiyi, "Nümayəndə heyətinin iclasına", müzakirəyə, məlumat üçün" və s. kimi dərkənarlar) arxivləşdirirdi. Məktublarının və yazılarının bir çoxunda işlətdiyi "gələcək tarixçilər...", "tarix öz hökmünü verəcək" və bu kimi ifadələr isə bunu deməyə əsas verir ki, Əlimərdan bəy öz arxivini həm də bu baxımdan, yəni gələcəyə ünvanlayaraq pedantlıq dərəcəsində səliqəli tərtib edib, bir çox hallarda isə hətta başqalarına ünvanlanmış öz məktublarının da üzünü köçürüb, "əsli ilə düzdür" imzası ilə təsdiqləyərək saxlayıb. Əlimərdan bəyin Adil xan Ziyadxana yazdığı cavablardan birini, görünür ki, çox mühüm saydığı ətraflı məktubunun ikinci nüsxəsini özündə saxlaması buna nümunədir və Adil xan Ziyadxanla yazışmaların məna yükünü xeyli artırmaqla yanaşı, mövzu dairəsindən kənara çıxaraq bütöv bir dövr və tarixi şəxsiyyətləri daha dərindən tanımaq və dəyərləndirmək baxımından da böyük əhəmiyyət daşıyır.

Məhz Əlimərdan bəyin Adil xana əldə olan bu yeganə cavab məktubundan Tehran və Paris nümayəndəlikləri arasında gedən rəsmi və şəxsi məktublaşmaların tarixini və onların qarşılıqlı xarakter daşıdığını müəyyənləşdirmək mümkün olur. Belə ki, Topçubaşov müxtəlif adamlar vasitəsilə Tehrandan aldığı məktubları "Tehran nümayəndəliyi ilə yazışma" adı ilə ayrıca qovluqda saxladığını bildirir və onların hər birinə dair ayrıca məlumat verir.

Bu yazışmadan aydın olur ki, Adil bəyin mütəmadi olaraq Parisə yazdığı məktublardan Əlimərdan bəy yalnız ikisini, "sonuncuları" alıb və 1921-ci ilin əvvəllərində Parisdən Tehrana qayıdan Ağa-ye İltizamül-Mülk vasitəsilə cavab göndərib. Bu ilk cavab məktubu əldə olmadığı üçün məzmunu məlum deyildir və bundan sonra yazışmalarda bir ildən artıq fasilə yarandığını deməyə əsas vardır.

Belə ki, Adil xan Ziyadxan Əlimərdan bəyə növbəti məktubu bir də 1922-ci ilin 20 oktyabrında yazacaq və "şəxsi" kimi qeyd etdiyi bu məktubunda arada yaranmış fasilənin səbəblərinə və bir çox digər maraqlı məqamlara toxunacaq. Lakin hələ onların üzərində dayanmazdan əvvəl səfirliyin taleyi ilə bağlı mühüm bir açıqlamaya diqqət yetirək. Bu məktubdan Adil xanın 1921-ci il may ayının 2-nə kimi "Diplomatik nümayəndə" statusuna uyğun bütün vəzifələri yerinə yetirdiyi, həmin tarixdən sonra ağır xəstələndiyi, 10 aydan çox müddətdə böyrək xəstəliyi ilə bağlı yataqda qaldığı, hələ indi də sağalmadığı, ciddi müalicə tələb olunduğu halda maddi durumunun buna imkan vermədiyi məlum olur. Buradan Aprel çevrilişimdən 1 ildən artıq vaxt keçməsinə baxmayaraq, Sovet Azərbaycanının hələ də Cümhuriyyətin İrandakı səfirliyinin taleyinə dair hər hansı addım atmadığı aydınlaşır. Adil xanın məktubundan bu da məlum olur ki, yaranmış vəziyyətdə o, 2 may 1921-ci il tarixdən özünün sağalmasına qədər səfirliyin müvəqqəti idarəçiliyini 1-ci münşiyə (katibə) həvalə edib, səfirliyin bütün kargüzarlığı, arxivi, mühasibatı və dövlət mülkiyyəti sayılan əmlakını ona təhvil veribdir. Yalnız çox mühüm bildiyi sənədləri özündə saxlayıb, indiyə qədər də saxlayır və heç kimə, heç yerə təhvil etməyib. Bundan sonra gətirilən məlumatlar artıq xüsusi maraq doğurur: "Xəstəliyimin ən şiddətli vaxtında, daha dəqiq - 1921-ci il 16 iyun tarixində Azərbaycan SSR Xarici İşlər üzrə Xalq Komissarı Hüseynovdan (Mirzə Davud Hüseynov nəzərdə tutulur - S.R.-T.) yeni nümayəndəlik gələnə qədər Səfirliyin Rusiyanın Tehrandakı nümayəndəliyinin köməkçisinə təhvil verilməsi haqqında ilk dəfə missiyamıza teleqram gəlmişdir. Mən xəstəliyimlə əlaqədar işdən uzaqlaşdığım üçün 1921-ci ilin 22 iyununda bizim tərəfdən 1-ci münşinin, digər tərəfdən RSFSR-in Tehrandakı səlahiyyətli nümayəndəsinin imzaladıqları formal akt əsasında missiyamızın sənədləri, arxivi və s. təhvil-qəbulu baş tutmuşdur".

Adil xan Ziyadxan - Azərbaycanın tanınmış ictimai, siyasi və dövlət xadimi, diplomat. Azərbaycan xarici işlər nazirinin müavini, Azərbaycan Cümhuriyyətinin İranda səfiri

Bu sətirlərin davamı kimi Adil xan Ziyadxan o vaxtdan bəri, yəni bir ildən artıq müddətdə Azərbaycan Sovet Sosialist Respublikasından yeni nümayəndənin hələ də gəlmədiyini və nə vaxt gələcəyinin də məlum olmadığını vurğulayır, hər üç Zaqafqaziya (Cənubi Qafqaz) respublikasının yeni yaranmış konfederasiyadan (1922-ci il martın 12-də yaradılmış Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası nəzərdə tutulur - S.R.-T.) İranda bir nəfər nümayəndəsinin olacağı haqda söz-söhbət gəzdiyini, lakin hələ rəsmi xəbərin çıxmadığını bildirir.

Sovet Azərbaycanının İranda səfirliklə bağlı gələcək planlarını bir kənara qoyaraq, məktubdakı bir məqama diqqət yetirək. İstər bu, istərsə Topçubaşova göndərilən digər məktublardan belə çıxır ki, AXC-nın Tehrandakı səfirliyinin bütün kargüzarlığının İrandakı Rusiya nümayəndəliyinə təhvil verilməsi haqda Mirzə Davud Hüseynovun teleqramı Adil xan Ziyadxan üçün gözlənilməz olmuşdur. Halbuki İrandakı səfirliyin özünün həmin teleqramın göndərilməsində "təhrikedici" rol oynadığını deməyə əsas vardır.

Azərbaycan SSR Xarici İşlər Xalq Komissarlığının arxivindəki "Azərbaycan Sovet Respublikasının Baş Komissarına Məruzə" adlı bir sənəddən məlum olur ki, Adil xanın xəstəliyi ilə bağlı səfirliyin işlərini 1921-ci il mayın 2-də müvəqqəti təhvil alan I münşi - Camal Şirinli boynuna qoyulmuş xidməti vəzifələrin məsuliyyəti qarşısında düşdüyü "köməksiz və çıxılmaz vəziyyəti"dən çıxış yolunu yeni Azərbaycan hakimiyyətini İrandakı səfirliyin taleyi ilə xəbərdar etməkdə görüb və İran hökumətindən bu işdə vasitəçi olmağı xahiş edib. İran hökumətinə edilən müraciətin tarixi - 21 may 1921-ci il - göstərir ki, Camal Şirinli özünün bu addımı üzərində 20 günə qədər düşünüb. "Tehranda və İranın vilayətlərində yaşayan Azərbaycan vətəndaşlarının öz ehtiyacları ilə bağlı hələ də Səfirliyə müraciət etmələri" də görünür ki, 1-ci münşini bu qərarı verməyə vadar edib. Azərbaycan Respublikasından rəsmi göstəriş gələnə qədər Səfirliyinin taleyini özbaşına həll etməyə "haqqı olmadığı", digər tərəfdən "artıq qeyri-müəyyənliyə dözə bilmədiyi" üçün 1-ci münşi RSFSR-in səlahiyyətli səfirinin Tehrana gəlməsindən istifadə edərək mayın 29-da ona da yazılı müraciət edib. Rusiya səfirliyinə bu müraciətdə Azərbaycan missiyasının öz fəaliyyətini davam etdirib-etdirməmək (?), əgər fəaliyyətə xitam verilərsə Missiyanın arxivinin, Azərbaycan vətəndaşlarına aid sənədlərin, pasportların və d. kağızların, hökumət möhürlərinin və səfirliyin əmlakını hara və kimə verilməsi barədə Azərbaycan Respublikası Hökumətinə sorğu göndərilməsi xahişi bildirilir. Bu hərəkətlər səfirliyin 1-ci münşisinin Sovet Azərbaycanı ilə hər hansı siyasi əlaqələri məqbul saymayan səfir Adil xan Ziyadxandan fərqli olaraq nəinki Sovet Azərbaycanı rəhbərliyini, hətta onun Sovet Rusiyası tərəfindən idarəçiliyini belə qəbul etdiyini göstərirdi. Gördüyü bu işlər barədə Adil xanı xəbərdar etməməsi ehtimalı da bununla izah oluna bilər.

Lakin Rusiya səfirliyinə göndərdiyi məktuba 3 gündən sonra alınan cavabı qənaətbəxş hesab etmədiyi üçün Camal Şirinli artıq "son addımı" atmaq - "vəziyyəti birdəfəlik aydınlaşdırmaq məqsədilə" Səfirliyi müvəqqəti bağlayıb Bakıya getmək və Xarici İşlər Komissarlığına şəxsən Məruzə etmək qərarını verir.

Nəzərdə tutulan bu Məruzənin əsas hissəsini Adil xanın Parisə, Topçubaşova göndərdiyi rəsmi məktub təşkil edir. Yeni məlumat kimi isə Cümhuriyyət nazirliyi tərəfindən Əkbər ağa Sadıqov hələ Bakıdan çıxmamışdan əvvəl Azərbaycan hökumətinin "Nobel qardaşları" Birliyinin Rəştdəki kontoruna səfirlik üçün pul göndərildiyi, lakin Gilan hadisələrinin bu pulu da almağa imkan vermədiyi, 27 aprel hadisələrindən sonra İranın Tiflisdəki Baş konsulluğu vasitəsilə dəfələrlə Bakıya teleqrafla edilən sorğuların da cavabsız qaldığı kimi xəbərləri saymaq olar.

Məruzədən bu da aydın olur ki, 1-ci münşi Bakıya getmək qərarını İran Xarici İşlər Nazirliyinə bildirib, ölkədən çıxması üçün rəsmi razılıq barədə müvafiq göstəriş verilməsini xahiş edib. Eyni zamanda Azərbaycan Respublikası Hökumətinin çıxaracağı qərara və özünün Tehrana qayıdacağına qədər İran hökuməti qarşısında Azərbaycan səfirliyinin arxivinə möhür vurulması və nəzarətçi qoyulması barədə vəsatət qaldırıb. Maraqlıdır ki, Azərbaycana gəlmək üçün pasport vizasını 1-ci Münşi RSFSR səfirliyindən alıb.

Lakin Camal Şirinlinin nəzərdə tutduğu gün - iyunun 10-da Tehrandan Bakıya çıxmaq qərarı baş tutmayıb. İran tərəfi onun vəsatətinə hər hansı yazılı münasibət bildirməsə də, İran xarici işlər naziri şifahi olaraq bu məsələ ilə bağlı Bakıya göndərdiyi teleqrama cavab gəlməyincə bu səfərin təxirə salınmasını məsləhət görüb. Yaranmış vəziyyətdə 1-ci Münşi hazırladığı Məruzənin Bakıya çatdırılması üçün onu RSFSR-in Tehrandakı səfirinə təqdim edib.

Bir həftədən sonra, iyunun 16-da isə artıq yuxarıda qeyd olunduğu kimi, Bakıdan, Mirzə Davud Hüseynovdan AXC-nın Tehrandakı səfirliyinin bütün kargüzarlığı və əmlakı ilə birlikdə Rusiya Federasiyasının Tehrandakı səfirliyinə təhvil verilməsi barədə teleqram gəlib və iyunun 22-də bu təhvil-təslim işi başa çatdırılıb.

Yəqin ki, Azərbaycan Cümhuriyyətinin İrandakı səfirliyinin tarixçəsini burada bitirmək olardı. Lakin Adil xanla Əlimərdan bəyin 1922-24-cü illəri əhatə edən yazışması bu mövzunun hələ davamı olduğunu göstərir.

 

lll

Diqqətəlayiqdir ki, bu dövrdə Azərbaycanın İrandakı artıq keçmiş səfirinin Parisə göndərdiyi 6 məktub və sənədlərin heç birində Camal Şirinlinin səfirliyin taleyi ilə bağlı Rusiya və İran hökumətlərinə müraciətlərindən və Bakıya göndərdiyi Məruzədən qətiyyən bəhs edilmir. Bir qayda olaraq çox ətraflı və detallı məktublar yazan Adil xanın bu məsələyə dair kiçik bir işarə belə etməməsi 1-ci münşi Camal Şirinlinin özünün fəaliyyəti haqda Adil xana xəbər vermədiyi ehtimalını bir daha mümkün edir.

1922-ci il 10 oktyabr tarixli məktubunda Adil xan səfirlik ləğv olunandan sonra rəsmi mövqeyini itirdiyi üçün çox xoşagəlməz hallar yaşadığını, İran hökumətinə yazılı müraciətlərini hələ də "Azərbaycan Respublikasının Diplomatik nümayəndəsi" imzası ilə göndərsə də İran tərəfinin görünür ki, artıq onu bu statusda tanımadığını ürək ağrısı ilə bildirir, bu ikili vəziyyətin onun "ehtiyacla çarpışan Səfir kimi" heysiyyətinə toxunduğunu vurğulayır. Bu məktubda Əlimərdan bəydən onun və 7 nəfərdən ibarət ailəsinin İranın hüdudlarını tərk etməsi, Türkiyəyə və ya Avropaya getməsi üçün maddi dəstək verməsi xahişi də edilir. İran hökumətinin şəxsən ona iki ilə yaxın müddətdə ödədiyi yardımı artıq kəsdiyi haqda xəbərə etdiyi əlavə - "Əgər İran dövlət xəzinəsinin indi nə qədər ağır çətinliklər yaşadığını bilsəydiniz, bu vaxta qədər onlardan yardım aldığım üçün məni danlayardınız" - və bununla bağlı "xəstə yatdığı müddətdə başqa gəlir mənbəyi olmadığı" etirafı, özünün və xanımının şəxsi vəsait və qiymətli əşyalarını çoxdan satdıqları, Vətəndə qalan əmlaklarını isə bütünlüklə itirdikləri kimi məlumatlar Adil xan Ziyadxanın həqiqətən böyük ehtiyac içində yaşadığından xəbər verirdi. Əlimərdan bəyin "Tehrandakı zəngin azərbaycanlılara müraciət etmək" təklifinə Adil xanın verdiyi cavab isə bir çox cəhətdən mənalıdır: "...İcazə verin bu mövzuda hər hansı açıqlamalardan çəkinim. Gələcəkdə də bizim nəcabətli türk millətimizin ləyaqətini qorumaq xatirinə bu barədə yalnız bağlı qapılar arxasında danışmaq olar".

Görünür ki, hər dəfə maddi durumundan şikayət etmək Adil xanın özünə də iztirab verir, çünki bu acınacaqlı gerçəkliklə yalnız özünün deyil, bu və ya digər şəkildə "milyonlarla Azərbaycan vətəndaşının üzləşdiyinin" fərqinə varır, "işıqlı gələcək xatirinə bütün bu çətinliklərə dəyanətlə dözməyin vacibliyini" vurğulayır.

Nostalji hisslər və qəlb ağrıları açıq büruzə verilən bu məktubunda Adil xan Ziyadxan Əlimərdan bəylə son dəfə 1917-ci ilin payızında Topçubaşovun "bir qrup qabaqcıl ziyalılarımızla birlikdə Rus inqilabından sonra xalqımızın ehtiyacları ilə bağlı məsələləri müzakirə etmək üçün" gəldiyi Gəncədə görüşdüyünü yada salır: "Biz o zaman proqnozlaşdıra bilməzdik ki, 1918-ci il mayın 28-də Vətənimizin üfüqlərində siyasi müstəqilliyimizin və azadlığımızın çoxdan gözlənilən və arzulanan ulduzu parlayacaq". Lakin az sonra Roma mifologiyasında şimal küləyi rəmzi olan "Akvilonun göndərdiyi buludların Vətən üzərində təlatümlər yaratdığını", şimşək oxlarının isə "şüarı daima doğma xalqının mənafeyinə xidmət etmək olan bir çox qohumlara, dostlara, tanışlara" dəydiyini vurğulayan Adil xan günahsız öldürülən bütün ziyalıların ruhuna "fatihə" deyir, "İstənilən tufandan sonra hava adətən təmizlənir və biz bir dəqiqə belə ümidimizi kəsməməliyik ki, yaxın gələcəkdə Vətənimizin siyasi ab-havası təmizlənəcək, İmperializm və Leninizm kimi iki ifrat qüvvəni öz üzərində hiss etmiş xalqımız şüurlu şəkildə ona normal inkişaf vəd edən qanuni xətdən faydalanacaq. Yaşayaq, görərik..."

1922-ci ilin oktyabrında Tehrandan Avropaya gedən Knyaz Arquntinski vasitəsilə göndərilən bu məktub Parisə 1923-cü il yanvarın 8-də çatır və məhz bu məktuba Əlimərdan bəy düz 3 aydan sonra, surətini özündə saxladığı bir cavab yazır. Həmin cavabda aradakı 3 aylıq fasiləni Əlimərdan bəy özünün də xəstə yatdığı, eləcə də Adil bəyin məktubunda maddi yardımla bağlı xahişə əməl etmək üçün çalışdığı, öz maliyyə durumu bərbad halda olan Paris nümayəndəliyinin buna heç bir imkanı olmadığı, digər səylərinin də nəticəsiz qaldığını təəssüf hissi ilə izah edir.

Eyni zamanda Əlimərdan bəy Parisdə olan İran diplomatları ilə ara-sıra görüşdüyünü və onları Azərbaycan səfirinin vəziyyəti ilə tanış etdiyini, onlardan da köməyə həmişə hazır olduqları haqda cavablar aldığını bildirir və Adil xana Tehranda diplomatların "başçısına yol taparaq müraciət etməyi" məsləhət görür.

Bu məktubdan həmçinin məlum olur ki, İrandakı Azərbaycan səfirinin müavininin "Adil xana qarşı nalayiq hərəkət etdiyi" xəbərini də Əlimərdan bəy məhz bir iranlı diplomatdan eşidib.

Beləliklə, Əkbər Əkbər ağa Sadıqovğa Sadıqovla bağlı əhvalat yeni təfərrüatları ilə bir daha gündəmə gəlir. Topçubaşov "adını çəkmədiyi həmin şəxsin" hazırda ailəsi ilə birlikdə İtaliyanın Peruca şəhərində yaşadığını, orada ali təhsil müəssisəsinə daxil olduğunu və tələbə kimi çox sadə həyat sürdüyünü xəbər verir: "Nümayəndə heyətimiz arasında onu yaxından tanıyanlar var və haqqında yaxşı danışırlar". Məlum olur ki, Paris nümayəndəliyindən iki nəfər hətta Əkbər ağa Sadıqovla görüşüb və frank-çeklərlə bağlı məsələni ona çatdırıb. Əkbər Ağa İran missiyası üçün həqiqətən pul aldığını, lakin çevriliş baş verdiyi səbəbindən bütün pulları Hökumətə qaytardığını bildirib. Topçubaşov bu xəbərlərə: "Biz, əlbəttə ki, indi heç nəyi müəyyənləşdirə, sübut və ya tələb edə bilmərik. Amma Nümayəndəlik vasitəsilə özünüz ona nəsə yazmaq istəsəniz, təbii ki, məktubunuzu yetirərik", - deyə yekun vurur.

Burada Əkbər ağa Sadıqov əhvalatını sonadək açıqlamağa ehtiyac yaranır. Ehtimal etmək olar ki, məhz Paris nümayəndəliyinin üzvləri ilə görüşəndən sonra Əkbər ağa Sadıqov Adil xan Ziyadxana məktub göndərib. Lakin 19 aprel 1922-ci il tarixində yazıldığı göstərilən bu məktubun ilk sətirlərindən - "Mənim ünvanıma Tehrandan Avropaya gələn şəxslər tərəfindən sizin adınızla yayılan şayiələr məni inandırır ki, Paris missiyamız vasitəsilə sizə göndərdiyim ifadəmi almamısınız" - belə çıxır ki, bu məktubdan daha əvvəl Əkbər ağa Paris Nümayəndəliyi vasitəsilə, əsas iştirakçısı olduğu hadisəyə 2 ildən sonra da olsa aydınlıq gətirməyə çalışıb. Və bu qısa məktubun kifayət qədər sərt tonu bu gənc diplomatın ona qarşı sürülən iddialarda özünü heç də müqəssir bilmədiyini göstərir: "Əlbəttə, uzaqdan məni düçar olduğunuz bütün bəlaların və çətin vəziyyətin səbəbkarı hesab edə bilərdiniz. Bu məktubla mən Sizin qarşınızda özümə haqq qazandırmaq istəmirəm: vaxtı və yeri gələndə mən bu işi görə bilərəm, amma indi bir daha sizə bəyan edirəm ki, bütün pulları (təxminən altı yüz türk qızıl lirəsi və bir milyon yarım Azərbaycan bonu məbləğində) çevrilişdən dərhal sonra verilən fərmanı nəzərə alaraq lazımi təşkilata təhvil etmişəm". Həmin dövr Azərbaycandan, daha sonra Gürcüstandan İrandakı səfirlə əlaqə saxlamaq imkanı olmadığı, 1921-ci ilin mayında İtaliyaya gəlib çıxdıqdan sonra da qohumlarına ünvanladığı məktub və teleqramlara hələ də cavab almadığını bildirən Ə.Sadıqov həmin ilin yayında bu məsələ ilə bağlı Paris missiyası vasitəsilə Adil xana hesabat göndərdiyini yazır.

Paris nümayəndəliyinin bütün işlərinə və kargüzarlığına şəxsən və tam nəzarət edən Əlimərdan bəy Topçubaşovun bu məsələdən əvvəlcə bir iranlı diplomat, daha sonra Adil xanın özü tərəfindən məlumatlandırıldığı nəzərə alınarsa, Əkbər ağanın bu müddəası elə də inandırıcı görünmür. Lakin keçmiş diplomat dediklərinə sübut kimi ikinci müddəa da gətirir: "Nəhayət, səfirliyin keçmiş diplomatik kuryeri Qulamrza Babayev məsələdən xəbərdar idi, bir milyon yarım pulu dövlət xəzinəsinə o, təhvil verib, mənim qızıl lirələri Tehran missiyasına məxsus pul kimi saxlamaq üçün (ən azı qəbz o ruhda tərtib edilib) Xalq Xarici İşlər Komissarı Hüseynova verdiyimi o, bilirdi. Doğrudanmı bu haqda sizə heç nə deməyib?"

Əkbər ağa Sadıqov - Azərbaycan Cümhuriyyətinin İrandakı səfirinin müavini

Diqqətəlayiqdir ki, bu qısa məktubunda Əkbər ağa Sadıqov səfirliyin Tehrandakı ağır maddi durumunu bildiyi halda nə üçün Bakıda 2 aydan çox yubandığı və həmin müddət ərzində səfirliyə özü və dövlət pulları haqda hər hansı məlumat vermədiyi barədə bir sətir də yazmır. Diplomatik kuryer Qulamrza Babayevi şahid kimi göstərməyi də özünü doğrultmur. Belə ki, İrandakı Səfirliyə məxsus pulların bir qismini yeni Azərbaycan dövlətinin xəzinəsinə məhz bu adam təhvil veribsə, demək o da 27 Aprel çevrilişindən sonra hələ də Bakıda idi və öz vəziyyətində olan birisinin Adil xanı "xəbərdar etmədiyi" nədənsə Əkbər ağada sual doğurur. Lakin Ə.Sadıqov görünür ki, özünə bu sualı vermir. Yalnız xaricdə yaşayan soydaşları arasında yayılan, o cümlədən, Paris nümayəndəliyindəki tanış həmkarlarından eşitdiyi xəbərlərdən sonra yazdığı bu qısa məktubunu bir "sənəd-hesabat" kimi təqdim edərək əlində Missiyaya məxsus heç bir məbləğdə pul qalmadığını bildirir və yarı əsəbi şəkildə Adil xana belə müraciət edir: "İsrarla xahiş edirəm ki, mənim adıma ləkə gətirən söz-söhbətlərə son qoyasınız və düşdüyünüz vəziyyət üçün məni günahlandırmayasınız. Əksinə, heç olmasa bir qədər xalqını və Vətənini səmimi qəlbdən sevənlərin və öz şərəf və ləyaqətinə hörmət edənlərin düşdüyü vəziyyəti və şəraiti anlamağa çalışasınız".

Məktubun sonunda qeyd hissəsinə Ə.Sadıqov Adil xanın ünvanını bilmədiyi üçün məktubu Mir Ağa vasitəsilə göndərdiyi, "Əgər maliyyə ilə bağlı təfərrüatları və çevrilişdən əvvəl və sonrakı vəziyyətimi bilmək istəyirsinizsə, bu barədə mənə məlumat verin. Xidmətinizdə hazıram" kimi əlavələr edib.

Bu əlavə qeydə və məktubun əsasən diplomatik yazışmalara məxsus lütfkarlığı xatırladan "Xahiş edirəm, mənim Sizə qarşı ən səmimi ehtiramımı qəbul edin" cümlə ilə bitməsinə baxmayaraq, Ə.Sadıqovun məktubunun Adil xanı nəinki qane etdiyi, əksinə, daha çox narahat və narazı saldığı onun sonrakı addımlarından görünür. Belə ki, keçmiş səfir onu heç də "sənəd", yaxud "hesabat" deyil, "yeganə şəxsi məktub " kimi qiymətləndirərək surətini Parisə, Əlimərdan bəyə göndərir və öz rəsmi əlavəsində bu günə qədər Ə.Sadıqovun "Paris missiyası vasitəsilə hesabat verməsi ilə bağlı" ondan heç bir açıqlama almadığını vurğulayır. Adil xan Ziyadxan Tehran səfirliyinin 1920-ci il büdcəsi üçün ayrılan bütün pulların Ə.Sadıqovun əlində olduğu 2 ay müddətində ona verilən tapşırığı yerinə yetirmədiyi üçün səfirliyi və şəxsən səfiri acınacaqlı duruma saldığını xatırladır və Paris Nümayəndəliyindən xahiş edir ki, öz əmri ilə Ə.Sadıqovdan 1920-ci il fevralın 24-dən Qafqaz hüdudlarını tərk edib İtaliyaya getdiyi günə qədər İrandakı Səfirliyə məxsus müvafiq məbləğə dair tam və ətraflı maliyyə hesabatı tələb etsin. Adil xan bütünlükdə hansı məbləğin nəzərdə tutduğunu göstərmir. Çünki Ə.Sadıqov haqqında heç bir məlumatı yoxdur, onun həmin 96 min frankdan əlavə Səfirlik üçün Dövlət xəzinəsindən nə qədər pul aldığı, çevrilişdən sonra bu məbləğin hansı hissəsinin geri qaytarıldığı ona məlum deyil və məktubunda adı çəkilən keçmiş diplomatik kuryer Qulam Pza Babayev də xidməti yerinə qayıtmayıb.

Rəsmi üslubda yazılmış məktubunda Adil xan Ziyadxan Topşubaşovdan "Ə.Sadıqovun təqdim edəcəyi məruzə və hesabatların əslini sizə həvalə edilmiş Nümayəndəlikdə saxlamağı", onların təsdiq edilmiş surətlərini isə "müvafiq nəticə çıxarmaq üçün" özünə göndərməsini xahiş edir, bu sənədlərin də yenidən geri göndəriləcəyi bildirilir.

Ə.Sadıqovun yazılma tarixi 19 aprel 1922-ci il göstərilən məktubunun Adil xana nə vaxt yetişdiyi məlum deyil, amma onun Parisə göndərilmiş surəti və Adil xanın 1923-cü il mayın 30-da yazıldığı rəsmi müraciətinin üzərində səliqəli Əlimərdan bəy tərəfindən edilmiş qeyddəki "1924-cü ilin 18 oktyabr" tarixi həmin dövr yazışmaların nə qədər uzun zaman kəsiyi ilə davam etdiyini göstərirdi. Məktublarda bu amil məsafənin uzaqlığı, yarıtmaz poçt xidməti, maddi vəsait, ünvanların dolaşıqlığı, məktublardakı bəzi məqamların açıqlanmasının arzu olunmadığı, və d. səbəblərlə izah edilir və bütün hallarda məktubların etibarlı şəxslər tərəfindən əlbəəl çatdırılması daha məqbul sayılırdı.

Əlimərdan bəyin Tehrana göndərdiyi məktublardan yalnız biri - 12 aprel 1923-cü il tarixli - Adil bəyə yetişdiyi və 1924-cü il martın 1-nə qədər ona ünvanlanmış məktublardan daha heç bir cavab gəlmədiyi üçün Parisdəki Azərbaycan Nümayəndəliyinin Əkbər ağa Sadıqovdan rəsmi hesabat tələbinin yerinə yetirilib-yetirilmədiyini söyləmək mümkün deyil. Lakin 1923-cü il 30 may tarixli həmin iki sənəddən əlavə Adil xanın Topçubaşova "şəxsi" sözü ilə işarələdiyi daha bir məktubu da vardır. 8 səhifəlik, sıx sətirlərlə yazılmış çox ətraflı məktubunda Adil xan Ziyadxan bir çox məsələlərə toxunmaqla yanaşı, Azərbaycanın ilk dövlətçiliyinin taleyi ilə bağlı düşüncələrini də bölüşür, onun süqutunun ağrısını necə yaşadığından bəhs edir, mənsub olduğu nəslin bu acı sonluqda rolunu və aldığı dərsləri nəzərdən keçirir və istənilən halda bu dövlətin xalq üçün tarixi əhəmiyyətini vurğulayır.

 

(Ardı var)

Solmaz Rüstəmova-TOHİDİ

Tarix elmləri doktoru, professor

525-ci qəzet .- 2024.- 18 iyul,№(125).-S.12-13.