Qeyri-formal və informal təhsilin
tanınması aktuallaşır
Beynəlxalq standartlara əsasən, 3 təhsil
forması vardır: formal, qeyri-formal və informal. Formal təhsil
dedikdə beynəlxalq təhsil ictimaiyyəti tərəfindən
sistemli və təşkilatlanmış şəkildə icra
olunan, strukturlaşmış quruluşa malik, müəyyən
normativ qaydalara əsasən, idarəolunan təhsil haqqında
dövlət sənədinin verilməsi ilə başa
çatan təhsil forması başa düşülür.
Qeyri-formal təhsil müxtəlif kurslarda, dərnəklərdə
və fərdi məşğələlərdə əldə
edilən, formal təhsil sistemindən kənarda təşkil
edilən, planlaşdırılmış təlim fəaliyyətləri
olub, əsasən yaşlıların təhsili və təlimlərin
təmin edilməsindən ibarət öyrənmə
formasıdır. İnformal təhsil isə özünütəhsil
yolu ilə biliklərə yiyələnmə formasıdır
ki, hər hansı sistemli struktura malik deyil, bilik və
bacarıqlar həyat və iş təcrübəsi, yaxud da təcrübə
və özü öyrənmə yolu ilə əldə
edilir. Qeyri-formal və informal təhsili formal təhsildən fərqləndirən
başlıca xüsusiyyətlərdən biri yekunda dövlət
tərəfindən təhsil sənədi ilə təsdiq
edilməməsidir.
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin
Qeyri-formal və informal təhsilin tanınması şöbəsinin
müdiri Könül Əhmədova deyir ki, zamanla qeyri-formal təhsilin
miqyasının artması ayrı-ayrı şəxslərdə
öyrənmə nəticələrinin tanınmasına
ehtiyac yaradır. Qloballaşma, miqrasiya proseslərinin sürətlənməsi,
rəqəmsal texnologiyaların inkişafı və rəqəmsal
cəmiyyətə keçid kimi proseslər qeyri-formal və
informal üsullarla əldə edilmiş kompetensiyaların
tanınmasını aktuallaşdırır, insanlar formal təhsildən
kənar əldə etdikləri bilik və bacarıqlarını
təsdiq edə, əmək bazarında işəgötürənlər
tərəfindən qəbul edilə bilmək
üçün dövlət təsdiqi olan sənədə
ehtiyac duyurlar: "Məhz əmək bazarının tələbləri
əsasında 1984-cü ildə ilk dəfə Fransada
başlayan "Qeyri-formal və informal təhsilin
tanınması" prosesi sürətlə digər ölkələrə
də yayılmağa başladı. Qeyri-formal və informal təhsilin
tanınması (QFİTT) sistemi insanların formal təhsildən
kənarda yiyələndikləri bacarıqları dəyərləndirməyə
kömək edir. Sistem kvalifikasiyası olmayan işçilərə
qanunla tənzimlənən əmək bazarında iştirak
etmək, o cümlədən, işəgötürənlərə
mövcud və potensial işçilərin
bacarıqlarını daha yaxşı müəyyən etmək
imkanı verir. Ölkə bu proses (QFİTT) 2020-ci ildən
start götürüb, vətəndaşların qeyri-formal və
informal yollarla əldə etdikləri bilik, bacarıq və səriştələrin
qiymətləndirilməsi prosesi Nazirlər Kabinetinin
müvafiq qərarı ilə təsdiq edilmiş qaydalar əsasında
aparılır. Hazırkı qaydalara əsasən, QFİTT
prosesi 4 əsas hissədən ibarətdir: müraciətlərin
ilkin qiymələndirilməsi, nəzəri imtahan, praktiki
imtahan və peşə ixtisasını təsdiq edən sənədin
təqdim edilməsi".
Onun sözlərinə görə, müşahidələrə
əsasən, vətəndaşlar qeyri-formal təhsili daha
çox kurslarda və dərnəklərdə əldə
edirlər və onlar qısa müddət ərzində müəyyən
peşə ixtisası üzrə bilik və bacarıqlara yiyələnirlər.
İnformal təhsil isə daha çox usta yanında, yaxud ailədə
baş verir. Vətəndaşlar valideynlərindən, yaxud
yaxınlıqlarında yaşayan peşəkarların
yanında çalışaraq, yəni təcrübə əsasında
müəyyən peşə ixtisası üzrə bilik və
bacarıqlara yiyələnirlər: "Təbii ki, hər bir
şəxsin formal təhsil alması və bu təhsil çərçivəsində
bilik və bacarıqlara yiyələnməsi vacibdir. Biz bir təhsil
qurumu olaraq hər bir vətəndaşımızın formal
təhsil almasının tərəfdarıyıq. Lakin təəssüf
olsun ki, müəyyən səbəblərdən insanlar hər
zaman seçdikləri peşə üzrə formal təhsil
ala bilmirlər, yaxud müəyyən sahə üzrə
formal təhsil aldıqdan sonra başqa bir sahədə əmək
fəaliyyəti göstərməyə başlayırlar. Bu
zaman onların formal şəkildə təhsillərini davam
etdirmək imkanı məhdud olur. Təcrübəmizə əsasən,
deyə bilərəm ki, cəmiyyətimizdə qeyri-formal və
informal üsullarla bilik və bacarıq əldə etmiş
kifayət qədər peşəkar sənətkarlar var və
bizim məqsədimiz həmin şəxslərin
kvalifikasiyalarını tanımaq və onların
ömürboyu təhsildə
iştirakçılığını, eyni zamanda
dayanıqlı məşğulluq imkanlarını
artırmaqdır. Həmçinin əmək bazarının
dəyişən tələbləri bəzən təhsil
sistemini qabaqlayır və insanlar qısa müddət ərzində
qeyri-formal, yaxud informal təhsil yolu ilə yeni yaranan peşələr
üzrə bilik və bacarıqlara yiyələnərək əmək
fəaliyyətinə başlaya bilirlər".
K.Əhmədova bildirib ki, sözügedən proses
ölkəmizdə artıq 2020-ci ildən start
götürüb, vətəndaşların qeyri-formal və
informal yollarla əldə etdikləri bilik, bacarıq və səriştələrin
qiymətləndirilməsi prosesi Nazirlər Kabinetinin
müvafiq qərarı ilə təsdiq edilmiş qaydalar əsasında
aparılır. Hazırkı qaydalara əsasən, QFİTT
prosesi 4 əsas hissədən ibarətdir: müraciətlərin
ilkin qiymələndirilməsi, nəzəri imtahan, praktiki imtahan
və peşə ixtisasını təsdiq edən sənədin
təqdim edilməsi: "İlkin qiymətləndirmə
zamanı ərizəçinin əvvəlki təhsil məlumatları
və iş təcrübəsi əsas
götürülür. Bu zaman əsas tələb ərizəçinin
ən azı ümumi orta təhsilinin və müvafiq sahədə
2 illik iş təcrübəsinin olmasıdır. Belə ki,
mövcud qaydalara əsasən, ümumi orta təhsil səviyyəsini
ən azı 4 (dörd) il əvvəl və ya tam orta təhsil
səviyyəsini ən azı 2 (iki) il əvvəl bitirərək,
müraciət etdiyi müvafiq ixtisas üzrə azı 2 (iki)
il qeyri-formal və informal təhsil formaları vasitəsilə
bilik, bacarıq, səriştə və təcrübə əldə
edən vətəndaşlar qiymətləndirilmə və
tanınma üçün Təhsildə Keyfiyyət Təminatı
Agentliyinə müraciət edə bilərər.
İlkin olaraq Agentlik tərəfindən müraciətçilərin
sənədlərinin uyğunluğu yoxlanılır. Növbəti
mərhələdə isə ərizəçinin nəzəri
(test) və praktiki imtahan vasitəsilə sahə üzrə
bilik və bacarıqları yoxlanılır. Test imtahanı ərizəçinin
müraciət ediyi peşə ixtisasının kurikulumunda yer
alan modullar üzrə təşkil olunur. Ərizəçiyə
hər bir modul üzrə 10 sual verilir və hər bir
düzgün cavab 1 (bir) balla qiymətləndirilir. Ərizəçiyə
sualların cavablandırılması üçün 60 dəqiqə
vaxt verilir. Əlilliyi olan şəxslərin imtahan vaxtına
15 dəqiqə əlavə olunur və onların imtahanda
iştirakı üçün əlverişli şərait
yaradılır. Nəzəri imtahanda ərizəçidən
müvafiq ixtisas üzrə təqdim olunmuş suallardan ən
azı 50 faizini doğru cavablandırması gözlənilir.
Nəzəri imtahandan uğurla keçmiş namizədlər
praktiki imtahana dəvət olunurlar. Bu zaman ərizəçilərin
bacarıq, səriştə və təcrübələri
qiymətləndirilir. Bu mərhələdə namizədlər
istəklərinə və qaydalara uyğun olaraq sahib
olduqları peşə üzrə sertifikat və ya diplom əldə
edə bilərlər. Verilmiş tapşırığın
50 faizini düzgün yerinə yetirən ərizəçilər
peşə ixtisasını təsdiq edən sənəd əldə
etmək imkanı əldə edirlər".
Qiymətləndirilmə və Tanınma prosesi Nazirlər
Kabinetinin müvafiq qərarına əsasən, "Peşə
təhsili üzrə ixtisasların Təsnifatı" əsasında
təşkil olunur. Qiymətləndirmə və
tanınması aparılan ixtisasların siyahısına hər
il əlavələr olunur və yenilənir. Hazırda 20
peşə ixtisası üzrə qiymətləndirmə və
tanınma prosesi təşkil olunur. Bura müxtəlif
ixtisaslar aiddir, məsələn, dərzi, bərbər,
heyvandarlıq mütəxəssisi, plastik boru
qaynaqçısı və sair.
K.Əhmədova deyir ki, əmək bazarının tələbləri
sürətlə dəyişir: "İşəgötürənlər
peşəkar kadrlar axtarışındadırlar. Eləcə
də cəmiyyətimiz peşəkar kadrların xidmətlərindən
yararlanmağa üstünlük verir. Burada ən vacib məsələlər,
mən deyərdim ki, təhlükəsizlik və keyfiyyətli
xidmət, yaxud məhsuldur. Təsəvvür edin, həftəsonu
yemək yediyiniz bir restoranda fəaliyyət göstərən
və formal təhsil almaq imkanı olmayan bir aşpazın sizə
keyfiyyətli xidmət göstərəcəyindən necə
əmin ola bilərik? Həmin aşpazın bütün təhlükəsizlik
qaydalarına riayət eləcəyinə necə əmin ola
bilərik? Bu misal gətirdiyim məsələ demək olar
ki, xidmət, tikinti, ticarət və sair sahələrin hər
birində aktualdır. Mən deyərdim ki, bilik və
bacarıqların qiymətləndirilməsi və
tanınması bu baxımdan çox vacibdir və
dünyanın qabaqcıl ölkələrində bu məsələlər
ön plana çəkilir. Qiymətləndirmə və
tanınma prosesindən uğurla keçmiş vətəndaşı
biz öz sahəsinin peşəkarı adlandıra bilərik.
Peşə kadr keyfiyyətli və təhlükəsiz xidmət,
eyni zamanda məhsulun təminatçısıdır. Peşəkar
insan kapitalı, keyfiyyətli və təhlükəsiz xidmət
və məhsul isə, öz növbəsində, iqtisadi
inkişafa yol açır. Qeyri-formal və informal təhsilin
tanınması nəticəsində vətəndaşlar
dövlət qurumu tərəfindən peşə
ixtisasını təsdiq edən sənəd əldə edə
bilərlər və bu sənəd onlara əmək
bazarında fəaliyyət göstərmək imkanı verir və
ilkin peşə təhsili diplomuna bərabər tutulur. Peşə
ixtisasını təsdiq edən vətəndaşlar həm
işəgötürənlər, həm də cəmiyyət
tərəfindən üstünlük verilməkdədir və
bu faktor həmin vətəndaşların dayanıqlı məşğulluq
imkanlarını artırır. Həmçinin peşə
ixtisasını təsdiq edən diplom əldə edən vətəndaşların
ilkin peşə təhsili səviyyəsindən növbəti
peşə təhsili səviyyəsinə keçmək
hüququ qazanırlar. Beləliklə, həmin şəxslərin
ömürboyu öyrənmə kontekstində imkanları artır.
Əlavə olaraq, TKTA bir sıra beynəlxalq qurumların
üzvüdür və müxtəlif beynəlxalq tərəfdaşlarla
əməkdaşlıq edir. Belə ki, Agentlik tərəfindən
təqdim olunmuş peşə ixtisasını təsdiq edən
sənəd beynəlxalq arenada da tanınır".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2024.- 18 iyul,№(125).-S.11.