Milli universitet modeli -
UNEC
İlham Əliyev: "Azərbaycan Dövlət İqtisad
Universiteti dünya səviyyəli universitetə çevrilməlidir"
Ölkənin aparıcı ali təhsil ocaqlarından
olan Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) regionda
iqtisad elmini dərindən öyrədən fundamental tədris
mərkəzi sayılır. Xaricdə filialı olan, 4 dildə
təhsil verən, Cənubi Qafqaz ölkələrinin ən
iri universitetlərindən biri olan UNEC-in ölkənin yeganə
ali iqtisadi təhsil müəssisəsi olaraq yüksək
ixtisaslı iqtisadçı kadrların hazırlanmasında
müstəsna xidmətləri var. UNEC maddi-texniki bazası, təlim-metodik
vəsaitlər və bir sıra digər istiqamətlər
üzrə bir çox regional universitetlərə örnək
ola biləcək ali təhsil mərkəzidir.
Ölkə iqtisadiyyatının tələblərinə
uyğun olaraq ən mühüm ixtisaslar üzrə
iqtisadçı kadrların hazırlanması, onların
ixtisaslarının artırılması missiyasını
öz üzərinə götürən, həm də bu
işi şərəflə yerinə yetirən UNEC
böyük inkişaf yolu keçib. Son illərdə
universitetdə çox zəruri islahat aparılıb və
müsbət nəticələr əldə olunub. Əmək
bazarının tələbləri nəzərə
alınmaqla qəbul planında dəyişikliklər edilib,
ixtisaslar üzrə təhsilin keyfiyyəti
artırılıb. Universitetin maddi-texniki bazası müasir tələblərə
uyğunlaşdırılıb, keyfiyyətli təhsil
mühiti yaradılıb, elmi-tədqiqatların istiqamətləri
genişləndirilib. Ölkədə ilk dəfə rəqəmsal
universitet modelinə keçid, tədris prosesinin tamamilə rəqəmsallaşdırılması,
müəllimlərin reytinqinin müəyyənləşdirilməsi
məhz UNEC-də həyata keçirilib. UNEC-də qiymətləndirmə
ilə əlaqədar yeni mərhələyə qədəm
qoyulub. Bu mərhələdə əsas məqsəd
obyektivliyi, şəffaflığı tam təmin etməkdir.
İnformasiya və kommunikasiya texnologiyalarının UNEC-də
tətbiqi isə təkcə modern təhsilə keçidi
deyil, eyni zamanda, idarəetmə sisteminin şəffaflığını
təmin edib. Ölkədə ilk dəfə olaraq məhz
UNEC-də 7 gün 24 saat fəaliyyət göstərən,
eyni zamanda, zəngin fonda malik, müasir resurslarla təchiz edilən
elektron kitabxana yaradılıb.
Universitetin fəaliyyəti təkcə yüksək
ixtisaslı iqtisadçı kadrlar hazırlamaqla məhdudlaşmır.
Bu təhsil müəssisəsi həm də peşəkar
elmi kadrlar hazırlayan, fundamental elmi tədqiqatlar aparan bir mərkəzə
çevrilib. UNEC-də fəaliyyət göstərən 43 Tədqiqat
Mərkəzi və onların əldə etdiyi elmi nailiyyətlər
bu təhsil müəssisəsinin tədqiqat
yönümlü universitetə çevrilməsinə
böyük zəmin yaradıb.
UNEC Dünya Bankı, Asiya İnkişaf Bankı,
Amerika Ticarət Palatası, Almaniya Beynəlxalq Əməkdaşlıq
Cəmiyyəti və bu kimi bir sıra beynəlxalq assosiasiya və
təşkilatların üzvü olmaqla yanaşı, digər
qabaqcıl iqtisadi qurumlarla da sıx əməkdaşlıq
edir. İqtisadiyyat üzrə 11 Nobel mükafatı
laureatının UNEC-in fəxri doktoru olması və
onların Azərbaycan Dövlət İqtisad Universitetində
müxtəlif istiqamətlər üzrə mühazirələr
aparması da bu ali təhsil müəssisəsinin beynəlxalq
aləmdə nüfuzunun artmasını bir daha təsdiq edir.
Universitetdə yaradılan Karyera Mərkəzi, Gənc
Alimlər Şurası gənclərin bilik, praktiki bacarıq
vərdişlərinin artırılması, onların elmi tədqiqatlara
cəlb edilməsi və elmi potensiallarının gerçəkləşdirilməsi
gənc alimlərin yetişdirilməsi baxımından olduqca əhəmiyyətlidir.
Hazırda UNEC beynəlxalq reytinq cədvəllərində
də öz mövqeyini qoruyub-saxlayır və inkişaf
yolunda irəliləyir. Bu gün nüfuzlu beynəlxalq reytinq
təşkilatları dünyanın aparıcı universitetlərinin
reytinqlərini müəyyənləşdirərkən
UNEC-in də öncül sıralarda yer alması çox
mühüm hadisədir.
UNEC-in QARŞISINDA DAHA BÖYÜK HƏDƏFLƏR
VAR VƏ ONA DOĞRU İNAMLA İRƏLİLƏYİR
Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən
UNEC rektoru, professor Ədalət Muradovun qarşısına
qoyulan hədəf Azərbaycan Dövlət İqtisad
Universitetinin dünya səviyyəli universitetə çevrilməsidir.
Bu məqsədlə, "UNEC 100 - İnkişaf
Strategiyası"nda İqtisad Universitetinin 100 illiyində
(2030) dünyanın TOP500 universitetləri sırasına daxil
olması əsas hədəf olaraq müəyyənləşdirilib.
Bu istiqamətdə qarşıya qoyulan birinci məqsəd
UNEC-in QS Dünya Universitetlər Reytinqinə daxil olması idi
və UNEC ilk dəfə olaraq, 2020-ci ildə QS-ə daxil oldu.
İkinci məqsəd isə Azərbaycan üzrə
QS-də birinci olmaq idi, 2023-cü ildə UNEC ölkə
birinci oldu. Bu il isə UNEC QS-in Avropa reytinqdə ölkədə
və Cənubi Qafqaz regionunda birinci olub, dünya universitetləri
sıralamasında isə 281-ci yerə yüksəlib. Qərbi
Asiya universitetləri arasında isə UNEC 12-ci yerə
yüksəlib: "Akademik nüfuz" və "İşəgötürənlərin
nüfuzu" indikatoru üzrə UNEC ölkədə
liderdir. UNEC-in reytinqdə ölkədə lider olduğu digər
indikator isə "Dayanıqlılıq" üzrədir.
"Məşğulluq nəticələri" üzrə də
UNEC mövqeyini artıraraq, Avropanın ən yaxşı 200
universiteti sırasına yüksəlib. Bu kifayət qədər
yüksək göstəricilərdir.
Qeyd edim ki, Qlobal QS reytinqində UNEC daxil olmaqla, ölkəmizin
3 universiteti, Avropa QS-də isə ölkəmizin 9
universitetinın adı var. Bu, böyük uğurdur.
Bütün bunlar Prezident cənab İlham Əliyevin təhsilə,
elmə göstərdiyi diqqətin, qayğının nəticəsidir.
İlham Əliyevin yüksək diqqəti və məqsədyönlü
islahatları əsasında atılan addımlar, icra edilən
dövlət proqramları təhsil sistemində keyfiyyətcə
yeni inkişaf meyllərinin əldə edilməsinə,
yüksək nəticələrin qazanılmasına xidmət
edir. Birinci vitse-prezident Mehriban Əliyevanın təhsil sahəsində
xidmətləri çox böyükdur. Mehriban xanım hər
zaman təhsil və təhsillə bağlı məsələləri
diqqətdə saxlayır. Dünyəvi təhsilə
inteqrasiya yolunda uğurla irəliləyən ölkəmizdə
elm və təhsilin prioritet seçilməsi deməyə əsas
verir ki, ölkədə həmin məsələ ümumi
inkişaf və dövlət siyasəti ilə vəhdət təşkil
edib və Azərbaycan dövlətinin ali məqsədinə
çevrilib.
ÖZ MİSSİYASINI DAHA İRƏLİ
GÖTÜRMƏK İSTƏYƏN TƏHSİL BRENDİ
Azərbaycan Dövlət İqtisad Universiteti artıq
dünyanın nüfuzlu universitetləri ilə ayaqlaşmaq mərhələsindədir.
UNEC Azərbaycan təhsil sistemində və universitet modelinin
tanıtımında ciddi yeniliklərə imza atmaqla kifayətlənməyən,
öz missiyasını daha irəli götürmək istəyən
bir təhsil brendidir.
Rektor Ədalət Muradov deyir ki, bu gün Prezident
İlham Əliyevin onun və universitetin qarşısında
qoyduğu "Azərbaycan Dövlət İqtisad Universiteti
dünya səviyyəli universitetə çevrilməlidir"
vəzifəsini şərəflə yerinə yetirməkdədir:
"Bu vəzifənin icrası naminə əzmlə
çalışan UNEC ailəsinin böyük zəhməti
göz önündədir. Qazandığımız
uğurlar gənclərə yeni bilik və bacarıqlar
qazandıraraq, onların həyatında yeni səhifələr
açmaqda davam edir. Atılan hər addım, göstərilən
səy, çəkilən zəhmət bizə inanan hər
bir gəncin gələcək həyatında uğura aparan
yolun təməlini qoyur".
UNEC-i 4 İLDƏ İKİ DİPLOMLA
BİTİRƏN TƏLƏBƏLƏRİN SAYI
İLDƏN-İLƏ ARTMAQDADIR
UNEC sürətli islahatlar aparılan və inkişaf
edən Azərbaycan iqtisadiyyatını lazımi kadrlarla təmin
edən əsas mənbədir. Son zamanlar müəllim və
tələbələrdə öyrətmək və oxumaq həvəslərinin
yeni metodlarla müşayiət olunması, universitetin
reytinqinin hər il artması ictimaiyyət tərəfindən
yüksək dəyərləndirilir.
UNEC-in nüfuzunun günü-gündən daha da
artması bu universiteti seçənlərin sayını ildən-ilə
artırır. UNEC də təhsil almaq, bu universitetin tələbəsi
olmağı hədəfləyənlərin sayı
çoxdur. İldən ilə də bu say artır.
Ədalət Muradovun dediyinə görə, son illərdə
UNEC-də bakalavr və magistratura üzrə təhsil
alanların sayı xeyli artıb. MBA üzrə təhsil
alanların sayında xeyli artım var. MBA proqramı üzrə
təhsil almaq istəyən tələbələrin 46 faizi
UNEC-i seçir. Bu da çox qürurvericidir: "Ölkə
üzrə birinci turun nəticələrinə görə,
magistraturaya qəbul olanların 18 faizi UNEC-i seçir.
Dövlət sifarişli magistrlərin 26 faizi məhz UNEC-in
payına düşür. Bu, çox böyük göstəricidir.
Qeyd edim ki, UNEC-də bakalavriatura səviyyəsində 5 qrup
üzrə 25 ixtisasa qəbul aparılır. Humanitar ixtisaslar
üzrə "Beynəlxalq münasibətlər" ixtisas
yeni açılıb və az, rus, türk dillərində tədris
olunur. Əmək bazarında ən çox tələb olunan
İT (İnformasiya texnologiyaları) üzrə İnformasiya
texnologiyaları, İnformasiya təhlükəsizliyi,
Kompüter mühəndisliyi ixtisasları azərbaycan dili ilə
yanaşı, ingilis dilində də tədris olunur. Qeyd edim
ki, UNEC-ə ötən il ən yüksək balla qəbul
olan abituriyent də məhz 1-ci ixtisas qrupu üzrə olub.
Ötən ildən UNEC ilə Türkiyənin Ege
universiteti arasında "Qida mühəndisliyi"
ixtisası üzrə ikili diplom proqramı
reallaşdırılır. Bu ikili diplom proqramı üzrə
təhsil almaq istəyən abituriyentlər ixtisas seçimi
zamanı Ege universiteti ilə ikili diplom proqramının kodunu
seçməlidirlər. Tələbələr 1 və
4-cü kursu UNEC-də, 2 və 3-cü kursu isə Ege Universitetində
təhsil alacaqlar. Bu il ilk tələbələrimiz 2 və
3-cü kursu oxumaq üçün Egeyə gedəcəklər.
Magistratura pilləsində MBA proqramı üzrə 30
ixtisaslaşmamız var. Onlardan biri - Maliyyə analitikası bu
il açılıb. Məzunlarının əmək
bazarında çevikliyini artırmaq məqsədilə UNEC
öz tələbələrinə dörd ildə iki diplom
qazanmaq imkanı verir.
UNEC-in UDİD (Univetsitet Daxili İkili Diplom)
proqramını seçən tələbələrin
sayı keçən illə müqayisədə 2 dəfə
artıb. Bu il ilk dəfə olaraq, 6 tələbəmiz həmin
proqramdan məzun olaraq, UNEC-i iki ixtisas üzrə iki diplomla
bitirdilər.
Eləcə də UNEC MİNOR təhsil
proqramını da davam etdirir. MİNOR proqramı tələbələrin
maraq göstərdikləri digər bir ixtisas üzrə
müəyyən olunmuş sayda kredit toplamaqla həmin sahə
üzrə sertifikat təmin edən proqramdır. UNEC-də təkrar
ali təhsil və əcnəbilərin qəbulu da tamamilə
elektronlaşdırılaraq, onlayn qaydada həyata
keçirilir".
200 HİBRİD AUDİTORİYA
UNEC rektorunun söylədiyinə görə, UNEC-də
təhsilin idarəetməsi sistemi tamamilə rəqəmsallaşdırılıb.
Tədrisin təşkilində EDUMAN sistemi tətbiq olunur. Eləcə
də 2015-ci ildən sənəd dövriyyəsi kağız
daşıyıcılar üzərindən deyil, Elektron Sənəd
Dövriyyəsi Sistemi vasitəsilə aparılır. Tədrisin
demokratikləşdirilməsi və himanistləşdirilməsi
məqsədilə 100 hibrid auditoriya yaradılıb. Tələbələr
53 ixtisas fənni üzrə mühazirə dərslərini
istər distant, istərsə ənənəvi formada dinləyə
bilərlər. 13 qeyri-ixtisas fənni üzrə isə
mühazirələr yalnız distant formada aparılır. Tələbələrin
təhsil sənədlərini daha rahat və operativ şəkildə
əldə etmələri üçün 2019-cu ildən
"Bir Pəncərə Xidməti" fəaliyyətə
başlayıb. Bu xidmətin yaradılmasında əsas məqsəd
tələbələrə vahid mərkəzə müraciət
edərək təhsil haqqında arayışları,
transkriptləri, eləcə də digər sənədləri
qısa müddətdə əldə etməkdir. Eyni zamanda tələbələrin
məmnunluğunu təmin etmək, onların əlavə vaxt
itkisinin qarşısını almaq, müraciətlərin
idarə olunmasına nəzarəti daha da gücləndirməkdən
ibarətdir. "Bir pəncərə" vasitəsilə tələbələr
onlara lazım olan təhsil arayışının
hazırlanması üçün şəxsi elektron kabinetlərindən
günün 24 saatı sistemə müraciət edə bilərlər.
Hazır sənəd sonra elektron formada tələbənin
şəxsi kabinetinə göndərilir: "Ötən ilin
sentyabr ayından ali məktəbdə bütün qeyri-ixtisas
fənləri distant şəkildə tədris olunur.
"Flipped Education" modelinin tətbiqi sayəsində
müəllim tələbələrə mühazirə
keçmir. Belə ki, müəllim onlayn formada mühazirəni
tələbəyə göndərir. Tələbə
mühazirə ilə tanış olduqdan sonra başa
düşmədiyi məqam olduqda müəllimə bildirir.
Regionda ilk dəfə olaraq, yeni tədris ilindən UNEC-də
müasir tədris metodunu kökündən dəyişən
"Çevrilmiş təhsil" (Flipped Education) metodu tətbiq
olunur. Dünyanın aparıcı universitetlərində tətbiq
olunan metodun əsas özəlliyi dərs zamanı biliklərin
tələbələrə daha rahat qavraya biləcəkləri
audio, video, infoqrafik və yazılı formada
ötürülməsidir. UNEC nüfuzlu xarici universitetlə
ikili diplom proqramı reallaşdırılıb. UNEC Rusiya
Federasiyası ərazisində təhsil xidmətləri
göstərmək üçün yeganə xarici universitet
kimi lisenziya alıb. Yunanıstanda akkreditasiyadan
keçirilib".
UNEC-i BİTİRƏN TƏLƏBƏLƏRƏ
QEYRİ-AKADEMİK TRANSKRİPT VERİLƏCƏK
Ədalət Muradov vurğulayıb ki, növbəti tədris
ilindən UNEC-i bitirən tələbələrə
qeyri-akademik transkript veriləcək. Tələbənin
yalnız biliklərini əks etdirən akademik transkriptdən
fərqli olaraq, qeyri-akademik transkriptdə tələbənin
hansı yumşaq bacarıqlara (soft skills) sahib olması
göstərilir: "Lakin xarici ölkələrin
aparıcı universitetlərində tələbələrin
bacarıqları da qiymətləndirilir və akademik traksriplərlə
yanaşı, qeyri-akademik transkript də verilir. Biz də təqribən
iki ildir bunun üzərində çalışırıq.
Növbəti tədris ilindən bizim də tələbələrimizə
qeyri-akademik transkript veriləcək. Bu, onlara gələcək
karyeralarında böyük imkanlar verəcək".
UNEC-də İNGİLİS DİLİ 4 BACARIQ
ÜZƏRİNDƏN 2 İL MÜDDƏTİNDƏ
TƏDRİS OLUNUR
UNEC tələbələri məzun olduqda ən
azı bir xarici dil bilməlidir. Universitetdə ingilis dili 4
bacarıq üzərindən 2 il müddətində tədris
olunur: "Bizim qərarımız ondan ibarət oldu ki, milli
dildə təhsil verən milli universitet quraq, amma bütün
tələbələrimiz ingilis dilini mükəmməl bilsinlər.
Bu məqsədlə ingilis dilinin tədrisini iki il etdik. Tədrisi
kurslardakı kimi oxuma, dinləmə, yazma, danışma
bacarıqları üzrə təşkil etdik. İndi
4-cü semestrin sonundakı final imtahanının British Council tərəfindən
götürülməsi üzərində
çalışırıq.
Biz istəyirik ki, bizim universiteti bitirən bütün tələbələr
ingilis dilini orta səviyyədə bilsin. Əsas hədəf
budur. Biz ingilis dilində dərs deyən müəllimləri
də sertifikasiyadan keçirmişik. Onların, eyni zamanda son
illərdə işə götürdüyümüz müəllimlərin
hamısı ingilis dilini mükəmməl şəkildə
bilir".
UNEC-in MÜASİR TƏLƏBLƏRƏ CAVAB
VERƏN KİTABXANALARI
UNEC-də "24/7 kitabxana" fəaliyyət göstərir.
Hazırda UNEC Kitabxana İnformasiya Mərkəzində kitab
fondunun sayının 85250 nüsxəyə
çatdırılıb, elektron resurs sayı isə bir
milyondan çoxdur. Kitabxana müasir proqram təminatı,
yüksək sürətli fiber optik internet xətti və ən
yeni parametrlərə sahib kompüterlərlə təchiz
edilib. Kitabxanada ixtisaslaşmış və geniş fonda
malik, açıq rəf sistemi ilə tərtib olunmuş oxu
zalları fəaliyyət göstərir.
Ədalət Muradov qeyd edib ki, burada məşhur
kitabxanaların elektron resurslarına, o cümlədən,
"Oxford University", "Cambridge University", "The
MIT", "Duke University", ECONBIZ, JSTOR, "Duke University
Press" və EBSCO bazalarına daxil olmaq mümkündür.
Tələbələr M.F.Axundov adına Milli Kitabxananın 60
min kitab, 140 min qəzet və jurnal, 15 min dissertasiyadan ibarət
elektron bazasından da istifadə edə biləcəklər.
İstifadəçilər həmçinin "Web of
Science" platformasının 126 626 məqalədən ibarət
bazasına çıxış əldə edə bilərlər.
Eyni anda 104 tələbəyə xidmət göstərmək
imkanına malik kitabxana ümumilikdə 760 mindən artıq
elektron resursa çıxışı təmin edir: "Qeyd
edim ki, UNEC-in fəaliyyət göstərən 4 korpusunda 5
kitabxana var".
TƏLƏBƏLƏR ARASINDA SAĞLAM
RƏQABƏTİN STİMULLAŞDIRILMASINA XÜSUSİ
DİQQƏT YETİRİLİR
UNEC-də tələbələr arasında sağlam
rəqabətin stimullaşdırılmasına xüsusi diqqət
yetirilir. Rəqabət mühitində öz biliyi ilə
öndə olan tələbələr hər ay 625 manat
(Prezident təqaüdü 275 manat + əlaçı təqaüdü
175 manat + "UNEC TOP 15" təqaüdü 175 manat) təqaüd
qazana bilərlər. Bundan əlavə, 600 və daha yüksək
balla UNEC-ə qəbul olan tələbələrə, eləcə
də beynəlxalq və respublika fənn olimpiada qaliblərinə
100 manat təqaüd verilir.
QİYMƏTLƏNDİRMƏDƏ BİLİK
YEGANƏ MEYAR GÖTÜRÜLÜR
UNEC təkcə savadlı, bacarıqlı, səriştəli
mütəxəssis yox, həm də Azərbaycanın gələcəyini
təmin etmək iqtidarında olan vətəndaşlar
yetişdirir. Bu baxımdan da imtahan sessiyasında şəffaflıq
və obyektivlik ön plana çəkilir. İmtahanların
obyektiv, ədalətli və şəffaf keçirilməsini
təmin etmək, qiymətləndirmədə biliyi yeganə
meyar götürmək UNEC əsas prinsipidir. Hər il sessiya
dövründə tələbələrin müraciətlərinin
operativ cavablandırılması və
araşdırılması məqsədilə qərargahlar fəaliyyət
göstərir. Həmçinin, imtahan nəticələrindən
narazı qalan tələbələrin onlayn qaydada apellyasiya
komissiyasına müraciət etmələri üçün
müvafiq şərait yaradılır.
Sessiya müddətində, hər həftənin şənbə
günü İctimai Nəzarət Şurasının
üzvlərinin iştirakı ilə rektorun
"Açıq qapı" günləri keçirilir.
"Açıq qapı" günlərində imtahan
sessiyası ilə bağlı tələbələrin, eləcə
də onların valideynlərinin müraciətləri dinlənilir
və müvafiq qaydalar çərçivəsində
onların həlli ilə bağlı tapşırıqlar
verilir. Bəzi məsələlər isə yerindəcə həll
olunur. Tələbələrin sərbəst şəkildə
problemlərini rektora çatdırmaları, haqlarını
müdafiə etmələri universitetdə onlar
üçün yaradılan səmimi mühitdən irəli
gəlir.
Sessiya dövründə UNEC-in 1846 Qaynar xətti və
rəsmi sosial şəbəkələr tərəfindən
müraciətlər operativ şəkildə
cavablandırılır. Sessiyanın sonuna kimi UNEC-dəki
kitabxana və oxu zalları axşam saat 22:00-dək işləyir.
Eyni zamanda tələbələr 24/7 kitabxanada fasiləsiz
olaraq imtahana hazırlaşa bilirlər. Bundan əlavə,
imtahana hazırlaşarkən yaranan sıxlığın
aradan qaldırılması üçün bütün tədris
binalarında fasiləsiz internetlə təmin edilən
xüsusi auditoriyalar ayrılır.
Ədalət Muradov qeyd edib ki, əsas hədəf
UNEC-də imtahan sessiyalarını mərhələli şəkildə
ləğv etməkdir: "Bu təcrübə xarici
universitetlərdə də var. Yerli ali məktəblərdə
də tətbiqi haqda düşünmək olar. Belə olan
halda hər ay tələbəyə konkret bir layihə veriləcək,
həmin layihə əsasında da tələbə qiymətləndiriləcək
və imtahana ehtiyac qalmayacaq".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2024.- 18 iyul,№(125).-S.8-9.