"Yurdumun sirləri"
- əsrimizin bestselleri
VƏ YA RZA BƏRAHƏNİ YARADICILIĞINA BİR
BAXIŞ
(Əvvəli ötən sayımızda)
Rza Bərahəni şəhidlik qonusunda son dərəcə
həssas idi. Vətən, amal uğruna canından keçənləri
insanlığın naxışı sayır, onları ən
etkiləyici romantik dillə öyürdü. O, şah
ordusunun Ərdəbildəki diviziyasının, əməllərində
düzgün və sadiq, düşüncələri aydın
14 zabitinin güllələnməsini də terror hadisəsi
sayır, nakam hərbçiləri isə şəhid kimi əzizləyir:
"Onların şəhidlikləri ən mükəmməl,
dünyanın ən yüksək şəhadətlərindən
idi. Onlar kişi, qadın cinsinə bölünməyən mələklər
idilər. Böyük quşlar kimi gözəl qanadlarını
açıb günün qürub etdiyi qəmli vaxtında, səmanın
intəhasız dərinliklərinə uçurdular.
İranlı və amerikalı müstəntiqlər bu xəyali
gözəl uçuşun qarşısında nə qədər
alçaq və zəlil görsənirdilər. Edam zamanı
yağış yağırdı və bu, sanki lənət
yağışı (bəlkə də doğanın nakam
canlara tökdüyü göz yaşları - E.F.) idi..."
Bu ani, şıdırğı yağan
yağış cəllad general Şadanı da təəccübləndirir:
"Bu nə yağışdır? Heç vaxt görməmişdim
ki, Təbrizdə bu fəsildə belə bir yağış
yağsın..."
Əksər əsərlərində xalq
yaradıcılığından motivlər, elementlər, təlmihlər,
ana dilindən söz və ifadələr olduğu kimi,
"Yurdumun sirləri" romanında da Rza Bərahəni
"Rüstəm və Söhrab" dastanı, Həzrət
Əlinin Hüseyn Mirzənin qarşısında zühuru və
onun öz əmisinin evində şaqqalara ayrılaraq
öldürülməsi, Qara Seyidin öngörmələri,
Yusif peyğəmbər, Fironla Musanın nağılı, bir
sıra xalq və aşıq mahnıları və sair kimi...
folklordan, xalq təfəkküründən süzülüb
dövrümüzədək gəlib çatmış
folklor örnəklərindən, dini əfsanə və rəvayətlərdən,
aşıq havalarından, xalq mahnılarından bədii
amalına uyğun gəldiyi məqamlarda böyük
ustalıqla istifadə edir və fikrini oxucuya daha tutarlı
çatdırır. Təbriz şivəsinə məxsus
danışıq dilindən olduğu kimi romanlarına gətirdiyi
söz və cümlələr, mahnı mətnləri isə
Rza Bərahəni təhkiyəsinə ayrıca bir özəllik
verir. Şah dövründə qələmə
aldığı "Hakim və məhkum kültür"
adlı məqaləsində yazdığı kimi: "Bir
sıra sözlər var ki, xalq özü yaradır. Məsələn,
Təbrizdə minibusa - "qapdıqaçdı" deyirlər.
Hələ də bu sözün qarşılığı nə
farsca, nə də türkcə var. Bu, xalqın dilidir. Biz
ondan yararlanırıq, ziyalılar, elm adamları bu kimi
sözləri cilalayaraq ona elmi mahiyyət verirlər.
Ziyalıların yaratdığı sözlər də xalq
arasında yayılır. Ancaq xalqın yaratdığı
daha tez qəbul edilir və yayılır..."
Xalqın yaratdıqlarına, özünə və
dilinə vurğun olan yazar "Yar bizə qonaq gələcək"
şərqisini də romanda "həsrətli, dərin xatirə
ilə dolu bir türk mahnısı" kimi qeyd edir və
çayxanada gecələyən sürücülərin ana
dilində zümzüməsindən bir bəndi örnək gətirir:
Piyalələr irəfdədir,
Hər biri bir tərəfdədir,
Görməmişəm bir həftədir...
Yar bizə qonaq gələcək,
Bilmirəm haçan gələcək,
Söz verib sabah gələcək...
Öz məzhəb və ideologiyasını yaradan,
dünyanın böyük peyğəmbərlərindən
biri sayılan, "illərlə qurdlarla birgə
yaşayıb, onların dilini bilən, qurdların qoruduğu
Zərdüşt", Şeyx Səfi kimi tarixi şəxsiyyətlərin,
Həzrəti Əlinin, insanlığın yaranma fəlsəfəsini,
Türk kimliyini İranda ona hakim olan, hüquqlarını əlindən
alan digər xalqın öz dilində tanıtmaq
missiyasını da çiyinlərinə
götürdüyü aydın görünür.
"Bütün bəlalar cəhalətdən gələr",
"Adam qonağa ihanət etməz", "Qurd qarın
sultanıdı", "Eşqə gözlə məğlub
olarsan. İnsanın gözü eşqin çeşməsidi",
"İnqilabi ruh əbədi deyil, həmişə də o
yuxarılarda qalmaz...", "Ruh öləndə, millət
tikə-tikə olur, bir-biri ilə düşmən olur",
"Böyük ölümlərin hamısı siyasi məqsədli
olur" kimi fikirlərindən də Rza Bərahəninin bir
filosof müdrikliyi ilə düşündüyü
yansıyır...
Əsrin bəlası olan narkotik maddələrdən
istifadənin gəncləri məhv etdiyini, ordunun içində
belə yayılaraq zabitlərini də ağ ölümlə
nəfəs-nəfəsə qoyduğunu yazan ədib zabit
Biltimorun düşdüyü durumu təsvir etməklə,
oxucuya narkotik bəlasından-ağ ölümdən uzaq ol,
mesajını ötürür: "Lənətlənmiş
bu narkotik, bu amerikalı uşağın Vyetnamda
atasını yandırıb. Bax, o gözəllikdə gənc
nə hala düşüb?!"
Rza Bərahəni "Yurdumun sirləri"
romanının qəhrəmanı Hüseyn Tənzifinin
anasının dili ilə xalqına, gənc soydaşlarına
səslənir, keçənlərdən dərs almağa,
yol verilən yanlışlardan ibrət götürməyə
və öz nəslinin yanlışlarını təkrar etməməyin
yolunu göstərir: "İbrət alın, siz Allah, bir yerdə,
birlikdə qalın, bir-birinizə güzəşt edin,
bir-birinizə əl qaldırmayın, əgər bir-birinizə
əl qaldırsanız, düşməniniz yerlərində
qalıb, dostlarınız düşmənlərinizə
çevriləcək..."
"Iran ədəbi mühiti və siyasi-ictimai
mühitinin əsiri, məhbusu olaraq qalmır. Ədəbiyyatda
post-modernizm və dekonstruksionizm ilə zirvəni fəth edir.
Zamanla ona, hətta farsca belə, dar və yetərsiz gəlir.
Şeir haqqında zəbaniyyət və ya dilsəllik nəzəriyyəsində
ona toxunur. Eyni şəkildə o toplumdakı o qavramlar, o
tabular da ona çox dar gəlir. Ona görə, bir çox
şeydə birincilliyin təməlini atır..."
Güney xalqına uzun illər boyu yaşadılan
müsibətlərin güzgüsüdü "Yurdumun sirləri",
hakim kəsimlə məzlum kəsim arasındakı fərqin,
yoxsulluqla zənginliyin yaratdığı
paradoksallığın, məktəblərdə kasıb
balalarının başına açılan dərdlərin,
aclıq və çarəsizlikdən övladını satan
ata-anaların, ağrılarla dolu həyat yaşamaqdan
bütün varlığı hıçqıran
insanların, siyası məhbuslara verilən sınırsız
işgəncələrdən onların düşdüyü
mənzərənin sözlə rəsmini çəkir Rza Bərahəni...
İnanmayanlar bu sitatları bir daha oxusunlar: "Şagirdlərin
birindən ayaqyolunun yerini soruşanda bu həyəti göstərmişdi.
Axtardım, nəhayət, tapdım. Təzəcə
oturmuşdum ki, birdən üzümə möhkəm bir təpik
dəydi. Elə ki, iki metr o yana tullandım, ağzım
cırıldı, dişlərimin ikisi sındı.
Ağzımı açıb çığırmaq istəyəndə
dişlərimin ikisi də qarnıma getdi. Başımı
qaldırdım, 3 gün öncə otaqda gördüyüm
yaraşıqlı kişini qarşımda gördüm. O,
ucu şiş ayaqqabılarının ucu ilə böyrəklərimi,
belimi təpikləyirdi..."
"Leytenant Cəzayerinin dırnağını
çəkmişdilər. Sonra Tehran SAVAK-ının iki məmurunun
köməyi ilə, bəzən türkcə nəğmə
oxuyan zabitə çox ağır işğəncə
vermişdilər. Qaynar su ilə arxasından imalə eləmişdilər.
Hər yeri qanqrena olmuşdu..."
"Təbrizin soyuğunda geyinməyə heç
vaxt paltom olmazdı. Məktəbdə də yoxsullara palto verməzdilər,
həmişə burnumun suyu tökülər, ya da burnumun
ucunda donub qalardı. Anam qayıdanda evdən
apardığı yekə qazanı dolu gətirirdi. Dilənçilərə
məxsus olan bu növ yemək müxtəlif məcunlarla dolu
olurdu. Düyü, kabab, səbzi qovurma, düyü
qızartması, qıyma, tər halva və ümumilikdə
bu evlərin təndirində yapılan qar kimi ağ lavaş
çörəkləri qarmaqarışıq halda qazana
tökülürdü. Bu yeməklərin hər bir tikəsini
anam süfrənin müxtəlif guşələrindən
yığırdı. Fərqli qoxuları başımı
gicəlləndirən, sərsəm edən bu yeməklər
məni dəli edirdi. Aclıq çəkən bir qurdun
iştahası. Anam özü yeməyini orada yeyirdi. Nənəmlə
mən yeməyə hücum çəkirdik, tələsik,
ata-anaları ləzzətli ovu qabağına atan pələng
balaları kimi yeyirdik bunları... Süfrədən kənara
çəkiləndə fil kimi kefli olurduq. O,
başımı aldadan şəhvətli qoxularla dolu bu
qarmaqarışıq yeməklər mənimlə Rasta
küçəsinin tacir və əşraflarının həyatı
arasında açılan balaca bir qapı idi. Fikirləşirdim
ki, gör bunların hamısı hər gecə bu qədər
yeyirlər. Ancaq onların da gözlərində aclıq var,
nə qədər yeyirlərsə doymurlar...
Güney Azərbaycanın gənc şairi Elşən
Böyükvənd romanları ilə dünya tənqidçi
və yazarlarını heyrətləndirən Rza Bərahəninin
təkcə doğulub-böyüdüyü Təbrizin və
İranın deyil, çağdaş dünya ədəbiyyatının
dev yazarı olduğunu, əsərlərində məhz
Türk kimliyinin boy verdiyini, Güney türklərinin,
xalqının tarixini, yaşadığı
ağrı-acıları yazdığını dərk etməyən,
onu bu yöndən anlamayanlara səslənir. Təbriz ləhcəsində
yazılan və türkcə nəsrin bütün özəlliklərini
daşıyan, ikinci Pəhləvi dövründə Əmirkə
bir yayım evində basıldıqdan sonra bütünlüklə
məhv edilən, yalnız bircə nüsxəsi
yazıçının özündə qalan "Ayazın cəhənnəm
günləri"ndə Səməd Behrənginin
öldürülməsi mövzusunu da gündəmə gətirir:
"İntiqamüvi o quldurlardan alacam, intiqamüvi... Mahmudun
dırnaxlarınnan eşiyə çəkəcam! Aş
qulaxlarüvi, eşit Səməd! Mahmudun ürəyinin
başında bir yer var ki, mənim qəməmin ucu
üçün yaranıb. Mən bu qəməni birəlli
vırmıyacam, ürəyinin başınnan iki əllə
elə möhkəm nallıyacam ki, sinəsində ürəyi
qırx yerə bölünsün, Səməd! Otuz ildi bu qəməni
itildirəm. Dədəmin, dədəmin dədəsinin, dədələrimin,
qərdəşlərimin intiqamını Mahmutdanalacam...
Kaş ölməyəydün Səməd,
göreydün ki, mən bu qəməni nə
üçün itiltmişəm. Baxdıxcan bu qəmiyə,
özüm də qorxuram, Səməd!"
Əslində bu səslənişi Elşənin
özümüzə, Türk kimliyimizə, Türk ruhuna sahib
olan, ancaq zor gücü ilə yad dillərdə yazan insanlarımıza
- yazarlarımıza yad baxışımıza qarşı
etirazı da saymaq olar: "Helen Cixos Rza Bərahəninin əsərlərindəki
Türklük içəriyini sezirsə, nədən bizim bir
sıra yazarlarımız bunu sezmir, yaxud sezmək istəmirlər?.."
Bəlkə bu içəriyi sezməyə elə
"dönəmin aydınlarının yoluxmuş olduğu
bir çox xəstəlik və zehniyyətdən uzaq, eyləmdə
və söyləmdə bir dünya yurtdaşı olan,
tabuların bir çoxunu sındıran və dünya
çapında bir aydına çevrildiyi üçün
hakim və status-kvoçu zehniyyət tərəfindən hər
zaman kənarlaşdırılan "Rza Bərahəninindünyaca
tanınan romanlarını oxumaqla başlayaq?!
Bəlkə elə Toğrul Atabayın da: "Bərahəninin
dəyəri bilinmədi, təəssüf ki... O
coğrafiyanın ədəbiyyatında və
düşüncə dünyasında haqqı olan yerini ala
bilmədi. O coğrafiyaya baxışı, siyasi tarixə baxışı
və ya, "Maskunin Tarix" kimi əsərlərində
olduğu kimi, sosial kültür üzrə gətirdiyi tənqidlərlə
o dönəmin ötəsində və üstündə bir
şəxsiyyət olduğu üçün yetərincə
anlaşılmadı. Anlaşılmaq da istənilmədi bir
çox yerdə. Bizim ictimaiyyət də, təəssüf
ki, Bərahənini mənimsəməyə və yiyələnməyə
hazır deyildi..." dəyərləndirməsindən ibrət
götürüb bu böyük şair, yazıçı,
publisist və ədəbi tənqidçini anlamağa,
türk təfəkkürünə söykəli
yaradıcılığını yayımlamağa, öyrənib
yiyələnməyə start verək?!
Esmira Fuad
525-ci qəzet .- 2024.- 19 iyul,№(126).-S.14.