Korrektorluqdan baş redaktorluğa...

Region mətbuatının fədakar siması  - Əməkdar jurnalist Pakizə Məmmədova

 

 

Müharibələr padşahı Napoleon Bonapartın fikrincə, insanlar rəqəmlərə bənzəyir və vəziyyətlərinə görə dəyər qazanırlar. İlk dəfə gördüyümdə mən də onu "bir"ə bənzətdim, sonralar yanılmadığıma əmin oldum. Pakizə Məmmədova bənzədiyi rəqəm kimi başlanğıc idi, tək idi, həmişə, hər işdə həmkarlarından bir addım irəlidə olurdu. Yenilikçi, azad ruh sahibi və zəhmətkeş idi, başladığı işi sona çatdırmayınca dinclik bilmirdi...

Mənim isə hələ sözün ətrafında dolandığım, başına fırlandığım, gecələr İlahi bir səsə yuxudan dik atılıb diktə olunanları elə yarıyuxulu halda dəftərə qeydlər apardığım vaxtlar idi. Yazırdım, amma  yazdıqlarımı ortaya çıxara bilmirdim. Arada yeri gələndə şeirlərimdən bir-iki bənd oxuyurdum, dinləyir, tərifləyir, həm də çap olunmaq üçün ən azı yerli qəzetə müraciət etməyimi məsləhət görürdülər. Mənsə buna kiçik bir cəhd belə etmirdim. Eşitmişdim ki, yerli qəzetin baş redaktoru "çətin" adamdı, mən də özümü çətinə salmaq istəmirdim...

Müdiri olduğum Kənd Həkim Məntəqəsinin möhür və ştampını dəyişdirmək lazım idi, bunun üçün yerli "Suqovuşan" qəzetinin redaksiyasına getməli oldum. Elə hər şey burdan başladı. Baş mühasib Sənubər xanım indiyədək şeirlərimi niyə qəzetə təqdim etmədiyimə görə məni əməlli başlı ərkyana tənbeh elədi. Sonra da cavabımı gözləmədən: "Burda ab-hava da sən düşündüyün kimi deyil. Pakizə Məmmədova həssas, sözə dəyər verən, söz qədri bilən bir insandır. Bu saat gedirik onun yanına, şeirlərindən elə indicə ona verməlisən" - dedi. Sonra da yarı zor, yarı xoş qolumdan tutub üstündə "Baş redaktor" sözləri yazılmış qapıya tərəf çəkdi...

Otağın o başından, uzun, enli, üstü qalaq-qalaq qəzet nüsxələri olan masanın arxasından hündür boylu, mütənasib bədənli, əynində palıd rəngli kostyum olan gülər üzlü xanım ayağa qalxıb mənə tərəf yeridi. Çoxdan görmədiyi əzizi kimi görüşüb oturmaq üçün yer göstərdi. Həmin gün bir neçə şeirimi Pakizə xanıma verib sağollaşdım.

Az keçmiş qəzetin gözəgəlimli yerində "Tanış olun: ŞAHNAZ NƏSİROVA" başlığı altında şeirlərim işığa çıxanda sevincimdən uçmağa qanad axtardım. Qəzeti alıb qoxladım, o üz-bu üzə çevirdim, sinəmə basdım, öpdüm, kövrəldim. Bu dəfə redaksiyanın qapısını ürəklə açdım, Pakizə xanıma cəmiyyətlə qəzet arasında yaranmış illərin buzunu əritdiyi üçün səmimi təşəkkürlərimi yetirdim...

Sonra yaradıcı əlaqələrimiz davamlı oldu, qəzetin bütün əməkdaşları ilə isinişdik. Pakizə xanım qəzetə sanki yeni nəfəs vermişdi, istilik, doğmalıq gətirmişdi.

Ailədə dörd övladın ilkiydi Pakizə, atası polis əməkdaşı idi, Sabirabad RPŞ-nin cinayət axtarış bölməsində mühüm vəzifə tuturdu. Günü işdə keçir, uşaqların tərbiyəsiylə əsasən anası məşğul olurdu. Atasının iş yeri tez-tez dəyişirdi, Azərbaycanın müxtəlif bölgələrinə göndərildiyindən ailəsi də bir növ köçəri həyat yaşayırdı.

Nəhayət Pakizə altı yaşında olanda atası yenidən Sabirabad rayonuna təyinat aldı. Həmin il balaca qız orta məktəbin birinci sinfinə  gedəcəkdi. Hər gün səhər tezdən atası min bir diləklə əzizləyərək qızını məktəbə aparır, günorta da evə gətirirdi. Ailə xoşbəxt günlərini yaşayırdı, amma son vaxtlar atanı ürək nahiyəsindən qalxan qəfil ağrılar narahat etməyə başlamışdı, o isə bunu büruzə verməməyə çalışırdı. Təəssüf ki, hər şeyə son qoyan ən ağır zərbəni elə əhəmiyyət vermədiyi ürəyindən aldı...

İndi, hələ dünyanı dərk etməyən qızcığaz bundan sonrakı həyatının hər anını atasına hesabat verərək yaşayacaqdı. Atası onun gizli istedadını hiss etmişdi, odur ki, dünyasını dəyişməzdən öncə həyat yoldaşına qızının təhsili ilə ciddi məşğul olmasını tapşırmışdı. Pakizə də hər fənnə məsuliyyətlə hazırlaşırdı, amma ədəbiyyata xüsusi marağı vardı. Orta məktəbi 1968-ci ildə yüksək qiymətlərlə bitirib sənədlərini ali məktəbə vermək istəsə də, ailədaxili çətinliklər üzündən bu mümkün olmadı...

Özünə uyğun iş axtarmağa başladı, günün birində eşitdiyi bir xəbərdən ürəyində ümid oyandı, yaşadığı Sabirabad rayonunda çıxan "Muğan" qəzeti redaksiyasının nəzdində fəaliyyət göstərən yerli radio verilişləri üçün diktor müsabiqəsi keçirir, istedadlı gənc qız və oğlanları dəvət edirdilər. Pakizə də bəxtini sınamaq qərarına gəldi və bir neçə gənc arasından qalib seçildi... Qəzetin baş redaktoru qızın savad və bacarığını görüb üstəlik, korrektorluq işini də ona tapşırdı...

Haşiyə: Müsabiqəni hündür boylu, yaraşıqlı gənc bir oğlan aparırdı. Həddindən artıq həyəcan keçirən qıza xüsusi diqqət yetirir, tövsiyələr verirdi. Müsabiqəyə tək gəlmiş qız isə gördüyü doğmalıqdan kövrəlir, gözləri dolurdu. Bu gənc oğlan radionun təşkilatçı-müxbiri Tofiq Məmmədov idi, Pakizənin gələcək həyat yoldaşı...

Ali təhsil almaq fikri onu rahat buraxmırdı, gözü qəzetlərdə ali məktəblərə qəbulla bağlı elanları axtarırdı. 1969-cu ildə işdən ayrılmadan sənədlərini sevdiyi Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsinin qiyabi  şöbəsinə verdi və imtahanlardan uğurla keçərək qəbul olundu. Amma sevincini bölüşməyə kimsəsi yoxdu yanında, tək idi, həmin gün ürəyini şəhərin geniş asfalt küçələrinə, yaşıl donlu ağaclarına, yol qırağında cərgə ilə əkilmiş dekorativ gül kollarına açdı...

Soruşanda fəxrlə "Heç nəyə baxmadan həmişə öz əqidə və arzularımın ardınca getmişəm, aldığım məvacibin qədəri məni heç vaxt maraqlandırmayıb, yetər ki, başladığım işi yüksək səviyyədə başa çatdırım..." söyləyir. Elə bu məsuliyyəti, zəhmətkeşliyi və peşə qabiliyyəti ilə diqqət çəkib, ona məsul vəzifələr etibar edilib. O da tutduğu vəzifəni şərəfləndirib, onun yükünü çiyinlərində hiss edərək işləyib. Həyatını bütünlüklə sevdiyi peşəyə həsr edib, hər gün dünənkindən daha böyük məsuliyyət, zövq və sevgiylə başlayıb işinə. Korrektor kimi işə başladığı yerli "Muğan" qəzetinin baş redaktoru vəzifəsinə qədər yüksəlib. Ətrafına özü kimi zəhmətkeş və milli qəzetçilik ənənəsinə sadiq olan insanlar cəlb edib. İşdə həm yaxşı rəhbər, həm də yaxşı işçi kimi nümunə olub onlara, ana kimi də qayğılarını çəkib, onların hər sevincinində, hər qəmində payı var Pakizə xanıın...

 

"Düz qırx beş il bu sahədə çalışmışam, milli qəzetçilik ənənəsinə daim sadiq qalmışam, Həsən bəy Zərdabinin bünövrəsini qoyduğu və bütün həyatını həsr etdiyi "binanın" hər daşı mənə əzizdir. "Əkinçi" qəzeti zamanın tələbi idi, bu günümüzün təməli elə 1875-ci ildə nəşrə başlayan həmin qəzetlə qoyulub. Qəzet həmişə ən operativ xəbər mənbəyi hesab olunub, o vaxt qəzetlərə sevə-sevə abunə yazılırdılar. Qəzet köşklərinin qarşısında həmişə növbə olurdu, axı o zaman indiki sayt və elektron məlumat mərkəzləri yox idi..." - deyir Pakizə xanım.

Qəzet yerli İcra Hakimiyyətinin orqanı olmaqla hadisə və yeniliklərə operativ və dinamik reaksiya göstərirdi. Əvvəllər redaksiyanın mətbəəsi olsa da, avadanlıqlar kiril əlifbası ilə olduğundan işə yaramırdı. Həm də qəzet yüksək tirajla buraxılmalı idi. Günün öz tələbi vardı, qəzetin görünüşü, dizaynı da göz oxşamalıydı. Onda çap işləri üçün şəhərə üz tutmalı oldular, Pakizə xanım çap işləri ilə özü məşğul olurdu. Hər həftə bütün materialları toplayaraq "Azərbaycan" nəşriyyatına aparır, üç-dörd gün içərisində çap etdirib hazır qəzetlə geri qayıdırdı...

Rayonda ilk alitəhsilli qadın jurnalist idi Pakizə Məmmədova işlədiyi müddətdə də müxtəlif təltiflərə layiq görülmüşdü. 2010-cu ildə isə əməyi Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək dəyərləndirilərək "Əməkdar jurnalist" fəxri adına layiq görüldü. Bu əlamətdar günə uzun və çətin bir yol keçib gəlmişdi və tələbə olduğu gündən fərqli olaraq, həmin günün sevinc payını bölməyə bu dəfə ətrafında zəhmətkeş kollektivi, onu sevən  dostları və dəyərli ailəsi vardı...

Artıq bir neçə ildir sevdiyi, bütün həyatını həsr etdiyi işindən ayrılıb, təqaüdə çıxıb. İndi vaxtının çoxunu övladları, nəvə-nəticələri ilə keçirir, amma yenə də ölkədə baş verən siyasi və mədəni hadisələri izləyir, nəşr olunan bir sıra qəzetlərin daimi oxucusudur: "Hər hansı yazını qəzetdən oxumaq mənimçün bir başqa zövqdür, onun xüsusi ətri və enerjisi var ki, bunu elektron versiyalardan almaq olmur".

Bir az fikirləşib əlavə edir: "Qəzet operativ məlumatlar mənbəyi olsa da, ən tez aktuallığını itirən də xəbərlərdi. Sanki zaman əvvəlkindən daha sürətlə ötüb keçir, xəbər də tez köhnəlir, indi internet əsridi, ona görə xəbər portalları qəzetləri üstələyir..."

Həmişə sözün düzündən yapışıb Pakizə xanım, odur ki, söhbət zamanı iradlarını da bildirməkdən çəkinmədi: "Bu gün qəzetlərə abunə yazılışından narazıyam, dövlətimiz mətbuatın qayğısını çəkir, onun yaşaması üçün lazım olan bütün işləri görür. Amma bizim də üzərimizə düşən işlər var, "Əkinçi"nin nəşri ilə başlayan Həsən bəy Zərdabi ənənəsini yaşatmalıyıq.."

Həmsöhbətim həmin illəri xatırlayıb kədərlənir. Amma otuz ilədək erməni işğalında olan doğma Qarabağımıızn azadlığına qovuşması, Azərbaycan xalqının, dövlətin və ordumuzun birliyi sayəsində qazanılan tarixi qələbəmizin sevinci bu kədəri kölgədə qoyur.

"Dörd kvartet" əsərində T.S.Eliot "Ötənilki sözlər ötənilki dilə aiddir, gələnilki sözlər özgə səsləri gözləyir" deyir. Bəli, hər işin başlanğıcı olduğu kimi, sonu da var, amma həmişə deməyə yeni söz, yazmağa iti qələm gərəkdir. Bir nəsil digərini əvəz edir, ənənə və müasirliyi təmsil edən yeni peşəkar jurnalistlər yetişir. Gələcəyin sözünü onlar yazmalı, onlar yaymalıdırlar. Söz şərəfini, peşə ləyaqətini uca tutan bu dəyərli sənət sahiblərinin fəaliyyəti üçün ölkəmizdə həmişə münbit şərait olub və var. Mətbuatın bayramı Sözün bayramıdır, sizin bayramınızdır, əziz mətbuat işçiləri. Bu bayramda sənin də öz layiqli payın var, Pakizə xanım! Söz bayramınız mübarək olsun, əzizlərim!

 

Şahnaz ŞAHİN

525-ci qəzet .- 2024.- 19 iyul,№(126).-S.13.