Həyat naminə ölüm

 "Olmuş əhvalatlar" silsiləsindən

 

Əlisəfdər HÜSEYNOV

 

(Əvvəlli qəzetimizin 12 iyul tarixli sayında)

 

...Özümü sığortalamaq üçün Əlinin arxasına keçdim.

Əli irəli yeriyib qapını aça-aça dedi:

- Qorxma, əşi, Alabaşdır da. Hürməyinə baxma, sənə toxunmayacaq. Artıq bir dəfə iyini alıb.

Əlinin arqumenti mənə gülməli gəldi: "Necə yəni iyini alıb? Bir dəfə görməklə iy alıb yadda saxlamaq olar?"

Əli məni ürəkləndirmək üçün izahat verdi:

- Öyrən və yadında saxla, dayıoğlu, goruma aparmayacağam ki! İt bir dəfə aldığı iyi dili ilə burnundan yalayır və həmişəlik yadında saxlayır.

Budəfəki arqument məni həqiqətən ürəkləndirdi və Əlinin dalınca həyətə girdim. Bizdən 3-4 addım aralıda yerə oturmuş Alabaş məni görəndə doğrudan da hürmədi, əksinə, qalxıb quyruğunu bulaya-bulaya mənə yaxınlaşdı və  fürsətdən istifadə edib bu iltifata  əlimi yüngülcə onun başına çəkməklə cavab verdim. Düşündüm ki, nə yaxşı bizdə insan - it münasibətləri bir qədər fərqli modeldə qurulub. Bizdə it insanın sadiq dostu, bir çox qərb ölkələrində isə ailə üzvü statusunda fetişləşdirilmiş məxluqdur. Biz iti həyətdə, çöldə sevirik, onlar isə dekorativ bəzək gülləri kimi evin içində. Biz itə olan sevgimizi yalnız onun başını tumarlamaqla bildiririk, onlar isə çox vaxt boğazına kəpənək qalstuku bağladıqları, az qala gəlin kimi geyindirdikləri itlərinin üz-gözündən, dodaqlarından öpməklə. Ona görə də insan - it münasibətlərinin bizdəki modeli, fikrimcə, daha səmimi xarakter daşıyır. Bir az sonra Qurdbasarın "centlmenliyini" öz gözlərimlə gördüm: onunla şəkil çəkdirmək istəyəndə məmnuniyyətlə yanıma gəldi, əsl it pozası aldı və günün sonuna kimi mənimlə köhnə dost kimi davrandı.

Düzü, itin bu sədaqəti məni mütəssir etdi. Çünki Qurdbasarın mənə bu simsar münasibəti təmənnasız və umacaqsız idi və elə fikirləşirəm ki, bir çox qəlp adamlar, sənə "dost" deyə-deyə ayağının altını qazanlar bu baxımdan Qurdbasarın əxlaqından çox şey öyrənə bilərlər...

Qəfildən hardasa yaxınlıqda ayrı bir it ara vermədən qəzəblə hürməyə başladı və başımı qaldırlb səs gələn tərəfə baxanda sağ tərəfdəki kolların arxasındakı qoz ağacının gövdəsinə zəncirlənmiş başqa bir it gördüm. Zahirən bir az Alabaşa oxşayırdı, amma ondan balaca və nisbətən cavan görünürdü. Onun boynuna bağlanmış zəncirə və hikkəli-hikkəli hürməyinə tamaşa edə-edə soruşdum:

- Bibioğlu, deyəsən, yavaş-yavaş it kolleksiyası toplayırsan. Xeyir ola bunları cütləşdirməkdə? Yoxsa daha Alabaşa etibar eləmirsən?

- Dayıoğlu, sən artıq şəhər adamı olmusan, ona görə də belə şeyləri başa düşməzsən. - deyə Əli gülə-gülə cavab verdi. - Təsərrüfatım böyüyüb, indi xeyli quzum da var. Sürünü otlamağa çıxardanda çox vaxt onları analarından ayırmağa ürəyim gəlmir. Qoyunlara da əbəs yerə qoyun deməyiblər ki! Başlarını aşağı salıb ağızları hara çəkirsə, üz tuturlar o tərəfə. Bircə anlıq gözünü yayındırmağa bənddirlər - üzünü döndərib görürsən ki, qalxıblar dağın başına. Ona görə almışam bu iti, Alabaşa kömək üçün. Amma...

Son sözü deyəndə Əlinin səsi boğulan kimi oldu. Mən dərhal hiss elədim ki, bibioğlu sözünün dalını gətirməyə utanır.

Məni maraq götürdü:

- Nə amma?

- Amması budur ki, Alabaşla yola getmir, dəqiqəbaşı ona sataşır, kinoda deyirlər ey, şələni qoy yerə, savaşaq - bax o sayaq. Ona görə zəncirləmişə.

- Alabaşla yola getmir - bildim. Bəs Alabaşın getdiyi yolu necə, gedə bilirmi?

Əli nə dediyimi başa düşdü və başını qaşıya-qaşıya:

- Çox könülsüz yanaşır sürüyə - dedi. - Çox vaxt həyətdən zorla çıxardıram. Sürüyə bu keşik çəkəndə iki quzumu aparıb çaqqallar.

Bibioğlu yenə sözümə ara verdi. Görünür, heç nədən itirdiyi quzulara görə düşdüyü ziyanı ürəyində,  Allah bilir, neçənci dəfə hesablayırdı. Qəfildən başını qaldırıb dedi:

- Heç ürəyimdən deyil bu it. İşi-peşəsi boş-boş hürməkdir. Hələlik elə hürməyinə görə saxlamışam - qoy çaqqal-çuqqal gecələr səsini eşidib bilsinlər ki, həyətdə it var.

Bibioğlu sözünü bitirib qoyunların gecələdiyi yatağın qapısına vurulmuş qıfılı, sonra da qapının özünü açdı və bircə anın içindəcə qoyun mələrtisi selinə qərq olduq.

Mən yaxınlıqdakı talvarın altına keçib qoyunların giriş qapısına tərəf axışmasına tamaşa eləməyə başladım. Alabaşın davranışı, hərəkətləri yenə diqqətimi çəkdi - o, qapının yanında dayanıb işgüzar bir görkəmdə qoyunları gözləyirdi. Bilmirəm, nəyə görəsə bu mənzərə nə vaxtsa televizorda gördüyüm bir epizodu yadıma saldı - tribunada dayanmış general bir azdan gəlib qarşısından keçəcək əsgərlərin paradını qəbul etməyə hazırlaşır.

Kefim duruldu, amma siqaretimi yandırıb onu daha da durultmaq mənə qismət olmadı: bibioğlu qoz ağacının yanına gəlib onun gövdəsinə bağladığı zənciri açdı, sonra irəli keçdi və zəncirin ucundan dartaraq iti hələ ki, yumşaq, yüngül hərəkətlə qapı tərəfə çəkdi ki, öz vəzifəsinin icrasına başlasın.

Amma bu it deyəsən, nəzakətli davranışa öyrəşməmişdi, ona görə də qabaq ayaqlarını yerə sıxıb açıq-aşkar dirəniş göstərirdi.

Və onun bu tərsliyi, inadkarlığı bibioğlunun səbir kasasını doldurduqca itə göstərdiyi nəzakət də yavaş-yavaş çıxıb gedirdi işinin dalınca.

Bibioğlunu sakitləşdirmək, onu daha kəskin hətəkətlərdən çəkindirmək üçün zarafatla dedim:

- Bibioğlu, nahaq əziyyət çəkirsən. Lap tank da qoşsan, sənin it rolu oynayan bu itini dartıb həyətdən çıxara bilməyəcək.

Bunu deyib siqaretimi yandırdım və məni heyrətə salan hadisə də bundan sonra baş verdi.

Hikkəli it qəzəblə mənə tərəf baxdı, sonra necə dartındısa, zəncirin ucu səndələyib yıxılan bibioğlunun əlindən çıxdı və it çox güman ki,  dediyim sözlərin haqq-hesabını çəkmək üçün hürə-hürə mənə tərəf götürüldü...

...Aramızda təxminən 30-40 metr məsafə olardı. Amma özümü qorumaq üçün tədbir görməyə nə kifayət qədər vaxtım, nə də halım vardı - sanki ayaqlarım yerə yapışmış, bütün bədənim quruyub hərəkətsiz qalmışdı. Məni xilas edə bilən yeganə şey iti dayandırmaq üçün bibioğlunun həyəcanlı səslə  etdiyi çağırışlar ola bilərdi ki, indiki halda mənim o çağırışların köməyinə ümid bəsləməyim suda batan adamın xilas üçün saman çöpünə əl atmağına bənzəyirdi.

Bütün bədənim qurusa da, beynim hələ işləyirdi, hələ də nəyəsə ümid edir, möcüzə baş verəcəyinə inanırdım.

İtin mənə çatmağına 4-5 addım qalmış sağ tərəfdən ildırım sürətilə özünü yetirən Alabaş atılıb aramıza girdi, acıqla mırıldayaraq hikkəli itə amiranə tərzdə öz mesajını göndərdi: "Dayan! Həddini aşma!"

Bu, heyvan dilini bilməyən mənim intuisiya ilə oxuduğum mesaj idi, həmin o anlarda yolunun üstündə Alabaşı görüb pərt olsa da, içindən gələn inersiya ilə hürməyini davam etdirən hikkəli it və özünə, gücünə güvənən Alabaş arasında bundan sonra gedən dialoqun kodlarını açmaq isə təbii ki, mənim imkanlarım daxilində deyildi.

Artıq ayağa qalxmış bibioğlunun var qüvvə ilə tolazladığı səlbə Alabaşa uğursuz hərbə-zorba gəlməkdə olan itin düz belinin ortasından necə dəydisə, az qaldı qarnı yerə yapışsın və o, bu zərbənin hardan, kimdən gəldiyini bilmək üçün heç arxaya da çevrilmədən sağ tərəfə götürüldü, çox da hündür olmayan tikanlı çəpərin üstündən tullanaraq təpənin döşündəki kolların arasında yox oldu.

- Səni mənə sırıyanın atasına lənət! - bibioğlu hayqırdı. - Cəhənnəm ol, əclaf, get qoşul çaqqallara! Sənin yerin onların yanıdır!

...Sonralar bu vaqeə tez-tez yadıma düşür, məni cavabsız sualların məngənəsində sıxırdı. Mən Alabaşa heç bir yaxşılıq eləməmişdim, onu hansısa bir təhlükədən qorumamış, qabağına yemək qoyub yedirtməmişdim. Bəs bu diqqətin, hörmətin səbəbi nə idi, görəsən? Beynimdə cürbəcür tezislər, mülahizələr bir-birinə calanır, sonda isə fikir, düşüncə labirintində azıb qalırdım. Amma axır ki, mən o cavabı tapdım və indiyədək bu sadə həqiqəti dərk eləmədiyimə görə təəccübləndim: Alabaş hələ bibioğlugilin həyətində onun nisgilini, həsrətini duyduğuma, ürəyindən keçənləri hiss elədiyimə görə mənə mehr salmışdı. Rəhmətlik nənəm əbəs yerə demirdi ki, heyvanlar, xüsusilə də itlər bəzən adamlardan həssas olur, onların ürəyindən keçənləri hiss edirlər. İnanmazdım, Alabaş öz davranışı ilə məni buna inandırdı.

Bəlkə də bu dünyada Alabaşı mənim qədər duyan və mənim onu duyduğumu Alabaş qədər hiss edən kimsə yox idi...              

...Şəhərdən arada bibioğluna zəng vurur, iş-gücü ilə maraqlanır və hər dəfə də mütləq Alabaşı soruşurdum, hətta yarıgerçək, yarızarafat ona salam da göndərirdim.

Qızmar yay günlərinin birində növbəti telefon danışığımız vaxtı  Alabaşı soruşanda bibioğlu boğuq səslə dedi ki, Alabaş daha yoxdur, bir həftə olar ölüb.

- Necə yəni ölüb? - bibioğlunun verdiyi xəbərə mənim ilk reaksiyam qeyri-iradi dediyim bu sözlər oldu.

- İlan vurmuşdu. Elə gözlərimin qabağında canını tapşırdı...

- Harda vurmuşdu ilan onu? - deyə səsim əsəs-əsə soruşdum. - Sürünü otaranda?

- Yox ey, həyətdə, özü də gözlərimin qabağında. Mən uzaqdan onun kolların, otların arasında vurnuxduğunu, ara-sıra ora-bura atıldığını görürdüm. Hardan ağlıma gələrdi ki, gürzə ilə döyüşür. Qəfildən lət düşdü. Gedib baxanda gördüm ki, ilanın leşinin yanında halsız şəkildə uzanıb ağır-ağır nəfəs alır. Məni görəndə başımı azca qaldırıb sonuncu dəfə yavaşdan hürdü və...

Əlinin danışdıqları kino lenti kimi gözlərimin qabağımdan keçirdi və kadrlar bir-birini əvəz etdikcə Alabaşın canavarla, çaqqalla, tülüngülərlə yox, zəhərli ilanla bu son döyüşünün səbəbi, bu döyüşün  onun bazbrutuna yaraşmayan sonluğunun məntiqi mənə yavaş-yavaş bəlli olurdu. Yox, Yaradan Alabaşa ucuz və təsadüfü ölüm bəxş eləməmişdi və can verən Alabaşın qara ağzı, fikirli gözləri iri planda gözlərimin qabağından keçəndə mən yüz faiz əmin oldum ki, bu olay Alabaşın halallıqla yaşadığı ömrün ən məntiqi sonluğudur. O, ilanı görüb heç cür üzünü çevirib təhlükəsiz yerə gedə bilməzdi - bu, Alabaşın əxlaqına uyuşmayan bir addım olardı. Mən əmin idim ki, o, özünü bilərəkdən ilanın üstünə atmışdı. İstəmişdi ki, ən azından sahibini hər gün onu haqlaya biləcək bu gizli təklükədən xəbərdar etsin.

Hətta bu ona həyatı hesabına başa gəlsə də...

Belə...

Siz sağ, mən salamat...

 

 

Əlisəfdər Hüseynov

525-ci qəzet .- 2024.- 19 iyul,¹(126).-S.11.