Müasir və Orta əsrlərdəki Yaponiya  

 

 

(Əvvəli ötən şənbə sayımızda)

 

Xarakterik yapon üslubuna iki növ - Mücərrəd bağlar və Çay bağları daxildir. Mücərrəd bağın ən məşhur nümunəsi yuxarıda söhbət açdığımız Kiotodakı Ryoandzi (ingilislər Ryoanci kimi tələffüz edirlər) bağıdır.

Kiotodakı qeyri-adiliyinə görə məşhur olan bağlardan biri də Mamır bağıdır. Alçaq çəpər arxasındakı bu ərazidə mamırların məxmər səltənəti uzanır. Buradakı iti ucları olan daşlar mamırla örtülmüşdür. Günəşin şəfəqləri altında bu mənzərə gah qara, gah yaşıl görünür. Bağın ərazisində kiçik çay evləri vardır. Buranı seyr etməyə gəlmiş adamlar bağın gözəlliyindən həzz almaqla yanaşı, yorulduqda onda istirahət edirlər. Yaponlar həm də yuxarıda deyildiyi kimi, "bansay" adlanan miniatür ağac növlərinin yetişdirilməsi ilə də məşhurdurlar. Mən ilk dəfə Belqradda olarkən təsadüfən yapon səfirliyinin pəncərəsinin arxasındakı "bansay"ı heyranlıqla seyr etmişdim. Bizə qəribə gələn bu mənzərənin cazibəsindən ayrılmaq istəmirdik.

Bütün bunlardan sonra belə qənaətə gəlmək mümkündür ki, yapon dünyası musiqini dərk etmək kimidir. Yapon poeziyası özlüyündə bir rəngkarlıqdırsa, rəngkarlıq özü də poeziyadır.

Yapon ədəbiyyatına marağa gəldikdə, sonralar onun daha mükəmməl nümunələri ilə tanışlıq imkanı yarandı. XVII əsrdə yaşayıb-yaratmış məşhur yapon şairi Matsuo Basyo hayku üslubunun ustası hesab olunur. O, öz məktəbini yaratmış, sonra isə guşənişin həyat tərzinə keçmişdi. Zen Buddizmin təsirinə məruz qalan şair, sonralar uzunmüddətli səyahətə çıxmış və bu səfərlərini təsvir edən şeir kitabını yazmışdı. "Şimalın içərilərinə doğru dar yol" adlanan bu kitab 1689-cu ildə çap olunmaqla poetik nəsrin və haykunun qarışığından ibarət idi. O, təbiətin hər xırda varlığından, nişanəsindən ilham alırdı. O, təxəllüsü "Basyo" sözünü də həyətində əkdiyi banan ağacının doğma dilində olan adından götürmüşdü. Buludların parıltısı, bambukun titrəməsi, sərçələrin cikkiltisi, küçədən keçən adamların sifəti - bütün gündəlik xırda şeylərdən o, həzz almaq imkanı tapa bilirdi. Lakin əhəmiyyətsiz şeyləri sevmək üçün xırda məsələlərə görə də iztirab çəkməlisən. Onun zahirən, bəlkə də, primitiv görünən məşhur bir haykusunda deyilir:

 

Köhnə gölməçə

Tullandı qurbağa -

Suda şappıltı.

 

Bu haykuda dərin məna, təbiətin gözəlliyinin kvintessensiyası, şairin könlünün və ətraf dünyanın sakitliyi və harmoniyası çox qısa şəkildə əks olunmuşdur.

Bağdakı köhnə gölməçəyə hoppanan qurbağa yüzillik kədəri dağıtdı. Yazıçı Akutaqava, Basyonun bu kiçik şeirinin fəlsəfi məzmununu çox ustalıqla açıb təhlil edir. Axı nəzərə almaq lazımdır ki, köhnə gölməçədən tullanan qurbağanın özü də yüzillik kədərə malikdir. Deməli, istənilən baxışda bu, Basyonun özünün də həyatı, həm də iztirablarla dolu həyatı idi. Gülümsəyərək həzz almaq üçün, gülümsəyərək də iztirab keçirmək lazımdır.

Yapon poeziya nümunələrinin hamısı müəyyən fəlsəfi yükə malikdir. Ona görə də burada bədii söz təkcə fiziki ölçülərdə çərçivəyə salınmaqla kifayətlənməyib, həm də həyatı, təbiət hadisələrini anlamağa, dərk etməyə, izah etməyə kömək edən məna yükünü daşımalıdır. Yapon şeiri təzadların təsvirindən ibarət olmaqla hər bir kəpənəkdə, hər bir yarpaqda əks olunan kosmosun sirlərinə bələd olmağa cəhd göstərmək yoludur.

Akutaqava Ryunoskenin novellaları insan talelərinin tədqiqinə həsr olunmuş kiçik həcmli, ancaq böyük bədii dəyərə malik olan yazılardır. Nobel mükafatı laureatı Kavabata Yasunarinin Kioto həyatından bəhs edən povestləri, xüsusən "Köhnə paytaxt" əsəri şəhər həyatının keşməkeşli reallıqlarını göz önündə canlandırır.

"Meydzin" romanında isə milli Qo oyununun məşhur ustasının ölümündən əvvəl öz peşəsinə sədaqəti, axırıncı oyunu ilə əlaqədar keçirdiyi hisslər təsvir edilir. "Dağ ölkəsi" adlı romanında isə paytaxtdan əyalətə gəlmiş adamın tanış olduğu iki qadının tənhalıqdan qaçmaq üçün etdiyi əbəs cəhdlər və onlardan birinin - geyşanın yanan evin balkonundan yıxılıb ölməsi hadisəsini qələmə alınmışdır.

Digər Nobel mükafatı laureatı Kendzaburo Oenin "Məni könlümə qədər su ilə islatdılar" romanında oğlu ilə birlikdə zahidlik həyatına qurşanmaq istəyən yaşlı adamın maqnitofonda yazılmış quş səslərini dinləməkdən həzz alması göstərilir. Bu yolla o, özünü xilas etməyə çalışırdı. Bunu müəllif səkkiz ayaqlı ilbizin özünü yeməsi ilə müqayisə edir. Onun ayaqları xarici qüvvə tərəfindən kəsildikdə yenidən böyüdüyü halda, özü özünü yedikdə bir daha bərpa olunmur.

Matsumoto Seytenin "Torpaq-səhra" əsərində cavan qızın portretini çəkən rəssamın qəflətən özünü öldürməsi nəql olunur.

"Narayama əfsanəsi" adlı qəmli bir hekayədə isə aclıqdan əziyyət çəkən ailələrdə yeyən ağızların sayını azaltmaq naminə öz qoca anasını belində aparıb dağ üstündə ölmək üçün tənha qoyan oğulun ağır düşüncələri təsvir edilir. Əsərdəki qəm, kədər səhnələri oxucunun da laqeyd qalmasına imkan vermir.

Dünyada xeyli oxucu populyarlığı qazanmış Haruki Murakaminin əsərlərində real həyat hadisələri sürrealist dünyabaxış nümunələri ilə qarışıq şəkildə verilir. O, özünü təvazökarcasına "Mahiyyətcə mən ən adi adamam" adlandırsa da, yazıçı peşəsinə bir professiya kimi yanaşır və milli həyat fəlsəfəsinə sadiq qalaraq, cəmiyyətin və ayrıca bir insanın müəmmalarla, təzadlarla dolu yaşamının bədii tədqiqinə girişir.

Yaponların hətta detektiv janrında yazılan əsərlərində təsirli bir səmimiyyət haləsində, dərdin yaratdığı hisslərin olduqca canlı təsvir edilməsi ilə, bədii cazibədarlıq naminə janrın xüsusiyyətlərini də arxada qoya bilir. Ona görə də bu əsərlər bədbəxt insanların taleyinə həsr olunmuş elegiyanı xatırladır. "Həsir şlyapa" əsərində zənci amerikan əsgərinin müharibə başa çatdıqdan sonra yapon qızı ilə intim yaxınlığından doğulan uşağın bədbəxt taleyi təsvir olunur. Əsgər vətəninə dönərkən yapon qızı onunla getmək istəmir, qara uşağı da saxlamaqdan vaz keçdiyindən, bu balaca yeni məkana köçsə də, anasını unutmur. Qəza nəticəsində ölən atanın vəsiyyətinə əməl edərək, o, anasını axtarıb tapmaq üçün Yaponiyaya gəlir və burada bədbəxtliklər seriyası davam edir. Detektiv əsərə xas olan cinayətlərin törənməsi və onların açılması fonunda bu bədbəxt ailənin faciəli taleyi elə təsiredici qaydada təsvir olunur ki, hadisələrin detektiv xətti, taleyin acı sonluğunun təsviri xatirinə öz təsir gücünü itirir. Artıq varlı yaponun arvadı olan ana qara rəngli oğlunun üzə çıxması ilə biabır olacağı və dəbdəbəli həyatdan mərhum olacağı qorxusundan ən rəzil cinayətə əl atır, onunla görüşmək üçün Amerikadan Tokioyaya gələn oğlunu ilk görüşdə öldürtdürür.

Müasir yapon nəsri köhnə ənənələrin təsiri altında bütünlüklə qalmasa da, bu əsərlərdə məhz doğma xalqa xas olan ruh, cəmiyyətin problemlərinin hərtərəfli təhlili, psixoloji analiz aparıcı rol oynayır. Ədəbiyyatın başlıca ifadə vasitəsi olan metaforalar yapon nəsrində çox güclüdür, dəqiq tapılmış təşbehlər isə yalnız bədii təsir gücünün xeyli artmasına kömək edir.

Bir vaxtlar oxucular arasında çox populyar olan Kobe Abenin "Qumlarda yaşayan qadın" romanı sürrealist aləmin dəhşətlərini, insanın azadlıqdan məhrum edilib, cansıxıcı və məhvedici məkana məhkum edilməsi, belə şəraitə düşmüş adamların iztirablarını tükürpərdici səhnələrlə canlandırır. Əsərdə realizmlə fantastika aləminin elementlərinin vəhdəti qeyri-adi təsir gücünə yiyələnir.

Yaponiyanın tarixi, dünyaya açılması, daha doğru deyilsə, yaponların dünyanı özləri üçün açması barədəki kitablar bu ölkənin və xalqın keçdiyi yol barədə geniş məlumat verir. Uzun müddət ərzində ətraf dünyadan təcrid olunmuş qaydada yaşamağa üstünlük verən yaponlar, hələ qədim zamandan öz sivilizasiyalarını yaratmışdılar. Onların seçdiyi izolyasiya yolunun mənfi cəhətləri ilə yanaşı, müsbət tərəfi ondan ibarətdir ki, bu sivilizasiya, həmin xalqın mədəniyyəti, demək olar ki, yad təsirlərə məruz qalmadan öz bakirə təmizliyini qoruyub saxlaya bilmişdi. Xalqın əxlaq prinsiplərinin formalaşmasında və qorunub saxlanmasında təcrid olunma şəklində yaşamaq olduqca böyük rol oynayır, bu, sahədə qədim yaponlar adını belə eşitmədikləri Sparta çarı və bu ölkənin ilk qanun yaradıcısı olan Likurqun təlimlərinə spartalılardan da artıq dərəcədə əməl etmişdilər.

Əlbəttə, bu işdə ölkənin adalarda yerləşməsi də az rol oynamamışdı. Yaponlar qonşuluqdakı materikdə yaşayan çinlilərin mədəniyyətindən çox şeyi əxz etmişdilər, lakin onlar sadəcə təqlidçi kimi deyil, götürdükləri hər şeyə yaradıcılıq, özününküləşdirmə prizmasından yanaşaraq, onları xeyli dəyişdirərək doğmalaşdırmışdılar. Bu xalq qonşuluqda yerləşən Koreyanın və Çinin ərazilərini işğal etmək üçün müharibələr aparsa da, özü heç vaxt real cizgilər almağa müvəffəq olan təcavüz həmlələrinə məruz qalmamışdı. Yalnız 1274-cü və 1281-ci illərdə Çində öz sülaləsini yaradan Monqol hökmdarı, Çingizxanın nəvəsi Xubilay xan Yaponiyanı işğal etməyə cəhd göstərsə də, hər iki dəfə uğursuzluğa uğramışdı. Monqol işğalçılarının təhlükəsindən qurtulmaqda yaponlara "İlahi Külək" - "Kamikadze" adlandırdıqları tayfun xeyli köməklik göstərmiş, monqolların  əslində çinlilərin və koreyalıların nəhəng donanmalarını darmadağın etmişdi. Lakin bu o demək deyildir ki, yapon qan tökülməsini, müharibələrin nə olduğunu bilmirdi, ölkədə iri torpaq sahibləri olan daymyolar bir-birinə elə etimadsızlıqla, elə düşmənçiliklə yanaşırdılar ki, əhali xarici düşməndən qorxmadığı halda, öz həmvətənlərindən qorxurdu.

Yaponlar yalnız tarixdə ilk dəfə 1945-ci ildə yadelli xalqlar tərəfindən məğlubiyyətə uğramışdı. İkinci Dünya müharibəsində Asiyanın xeyli hissəsinə hökmranlıq etmək eşqinə düşən yapon militarizmi müharibənin Sakit okean teatrında Birləşmiş Ştatların ağır zərbəsinə məruz qalmış və Yaponiya qeyd-şərtsiz sülh müqaviləsini imzalamağa məcbur edilmişdi. Müharibə həm də imperator Hirohitonun özünün mifik ilahiliyindən imtina etməsi ilə nəticələndi. Müharibədən sonra ABŞ-ın göstərdiyi maddi və siyasi yardım hesabına Yaponiya dövləti dirçəlməyə başladı, onun yeni konstitusiyası ölkədə demokratik cəmiyyət qurulmasına yol açdı. Müharibənin yaralarını qısa müddətdə sağaltdıqdan sonra, Yaponiya böyük inkişaf və tərəqqi yoluna qədəm basdı, 1960-cı illərdə isə ölkənin sənayesinin nəhəng inkişaf sürətinə qiymətdən yaranan "yapon möcüzəsi" barədəki həqiqətə tam uyğun olan ideya bütün dünyaya yayıldı.

Yaponiyanın tarixinin öyrənilməsi ölkədə Meyci bərpasına qədər altı əsr ərzində hakimiyyəti ələ keçirmiş şoqunat üsul-idarəsinə də marağı artırır. Balzakın sözlərinə istinad edərək demək olar ki, bəzən bədii əsərlər öz təsvir gücü ilə neçə-neçə tarixi kitabları kölgədə qoyub, tədqiq olunan, daha doğrusu, təsvir olunan dövr haqqında oxucuya daha əhatəli məlumat verə bilir. Bu nöqteyi-nəzərdən mərhum amerikan yazıçısı Ceyms Klavellin "Şoqun" romanı (rus dilində "syoqun" kimi səslənir) 1600-cü ildə Yaponiyada baş vermiş hadisələri canlandırmaqla, təsadüfən bu ölkəyə düşmüş ingilis dənizçisinin macəraları əsasında insan talelərini, hakimiyyət uğrunda gedən ölüm-dirim mübarizəsini, coşan ehtirasları təsvir edir. Ölkədə daymyolar arasında addımbaşı çıxan münaqişələrə samurayların cəlb edilməsi, hakimiyyət uğrunda arası kəsilməyən toqquşmalar daim, müasir dillə desək, elektrikləşdirilmiş mühit yaradır. Bunların fonunda müəllif ölkədə hakim kəsilən iyerarxiya qaydalarını və prinsiplərini təsirli səhnələrlə açıb göstərir.

 

(Ardı var)

Telman ORUCOV

525-ci qəzet .- 2024.- 20 iyul,№(127).-S.22.