Əmanət
Beşiktaşdan Karaköyə doğru sahilyolu yol gedərkən
sağ tərəfdə olduqca sadə, amma insana ayaq saxladacaq
görkəmə sahib möhtəşəm bir bina var.
Adı "Tophane-i Amire"dir. Bu tarixi yer Osmanlının nəhəng
imperatorluq olmağına güc qazandıran topxana olub. Elə
ilk illər; Fateh Sultan Mehmet İstanbulu fəth etdikdən
sonra hərbi emalatxana yaratmağa qərar verir və ərazi
olaraq Bizans dönəmindən qalma tikililərin
ortasını, dənizin sahilini, hazırkı "Tophane-i
Amire"nin yerini seçir. İnşaat prosesi 1481-ci ildə
yekunlaşır. Daha sonra Sultan II Bəyazidin əmri ilə
top emalatxanası bir az da böyüdülür, genişləndirilir.
Qanuni Sultan Süleymanın hakimiyyətdə olduğu
vaxtlardan başlayaraq ən parlaq dönəmini yaşayır.
Doxsanıncı illərə qədər dəfələrlə
yenilənmədən keçir, restavrasiya edilir. Elə həmin
illərdə abidə Memar Sinan Universitetinin nəzdninə
keçir. Tophane-i Amire Kültür və Sənət Mərkəzi
olaraq fəaliyyətə başlayan bu tarixi hərbi binada həmçinin,
"Tophane-i Amire Beş Qübbə", "Tophane-i Amire
Sarnıçları" adlı üç sərgi zalı
da açılır. Muzeydə mütəmadi olaraq həm
yerli, həm də əcnəbi sənətçilərin sərgiləri
təşkil edilir. Onların arasında həmyerlimiz Xalq rəssamı
Sakit Məmmədovun da adı var. Altı il öncə təşkil
edilən həmin sərgidə iştirak etməsəm də,
yüksək səviyyədə keçdiyinə şübhəm
yoxdur. Çünki Sakit Məmmədovun istedadı ilə
"Tophane-i Amire"nin tilsimləyən gözəlliyini
düşünəndə bunu təxmin etmək elə də
çətin olmur.Yerdən göyə qədər...
Abidə oyulmuş daşlarla hörülən,
hündür hasarlarla əhatələnib. Sıra-sıra
qübbələri var. Hətta deyərdim ki, bu günə qədər
gəzdiyim tarixi məkanların içərisində qübbələrin
ən çox yaraşdığı yer buradır. Dənizə
tərəf uzanan mənzərə, sanki bir nöqtədən
sonra göy üzünə calanır. Sənə elə gəlir
ki, ətrafında hər şey havadadır. Elə sən də,
ayaqların yerdən kəsilmiş kimi hiss edirsən
özünü. Böyük bacaları olan bu yerdə toplar
tökülür, silahlar hazırlanırmış.
Ətrafda top tökmək üçün qazılan
çuxurların hamısını olmasa da, bir-ikisini görmək
mümkündür. Ərimiş maddəni daşımaq
üçün istifadə edilən borular qorunub saxlanır.
Maddələrin qaynadılması zamanı baş verə biləcək
yanğının qarşısını almaq
üçün bina içində sarnıç da inşa
edilir. Diqqətimi çəkən detallardan biri də çəlləklər
oldu. Öncə fikirləşdim, yəqin ki, o vaxtlar
barıtları bu çəlləklərdə
saxlayırdılar. Sonra öyrəndim ki, həmin çəlləklərlə
dolu bal həmişə hazır vəziyyətdə
saxlanırmış. Baş verə biləcək
yanğınları balla söndürmək üçün
istifadə edilirmiş.
Sultan Mehmetlə təməli atılan, əsrlərlə
ayaqda qalan və imperatorluğun ən vacib hərbi sənaye mərkəzi
olan topxananın ətrafındakı yaşayış mərkəzlərinin
bəziləri də o dönəmdən qalmadır.
Özü də Sultan Mehmet əmri ilə tikilib, top
hazırlayan ustaların ailələrinin rahat şəraitdə
yaşamaqları üçün...
Gücün zirvəsi, gücsüzlüyün dibi
Qanuni Sultan Süleyman dönəmində isə Fateh
Sultan Mehmet və II Bəyazidin inşa etdirdiyi "Tophane-i
Amire" emalatxanasına aid bütün bina
dağıdılaraq yerinə yeni və daha böyük
topxana inşa edilir. Sultan Süleymandan sonra 1742-ildə yenidən
restavrasiya edilir. Lakin III Əhmədin əmri ilə baş vəzir
Damat İbrahim Paşa 1743-cü ildə binanı tamamilə
dağıtdırır, rəssam və memar Mustafa
Ağanın tərtib etdiyi dizaynla tikilərək
bugünkü görkəmini qazanır. Lakin bir əsr
içində topxana yavaş-yavaş əhəmiyyətini
itirməyə başlayır. Çünki 1843-cü ildə
Ohannes və Boghos Dadian tərəfindən qurulan Zeytunburnu Dəmir
Fabrikinin fəaliyyətə başlaması ilə top və
digər silah-sursatlar bu fabrikdə istehsal edilir. Fabrikin tam dolu
və yüksək şəkildə işləməyə
başlaması ilə birlikdə "Tophane-i Amire"dəki
top hazırlanması yavaş-yavaş ləğv edilir və
istehsal prosesi Zeytunburnunda həyata keçirilməyə
başlanır.
Əslində, XIV əsrin əvvəllərində
Avropada surətli şəkildə yayılmağa başlayan
top hazırlanması və istehsalına, eyni əsrin ikinci
yarsından etibarən osmanlılar da başladı.
Osmanlılar yeni texnologiyalarla istehsal edilən güclü və
təsirli toplar hazırladılar.
Hətta vəziyyət elə gətirdi ki,
osmanlılar bu sahədə texniki üstünlük əldə
edərək daha da inkişaf etdilər. Ölkənin güc
qazanması da həmin ərəfələrə təsadüf
edir. Bir əsr sonra bənzər texnikanı Avropa icra etməyə
başlayır. Buna baxmayaraq, iqtisadi gücü, xam maddə
qaynaqları, texniki heyət baxımından Avropadan xeyli
öndə olan Osmanlı dövləti top hazırlanması məsələsində
uzun illər liderliyini qoruyub saxlayır. XVII əsrdən etibarən
Osmanlı Avropaya qarşı olan bu
üstünlüyünü yavaş-yavaş itirməyə
başlayır. Təbii ki, bunda taxt oyunlarının, hakimiyyət
davalarının, intriqaların, qardaş
qırğınlarının da rolu böyük olur.
Sonu gəlməyən sanksiyalar
İmperatorluğunun qurulduğu ilk illərdə
Avropa, Osmanlı Dövlətinin savaş gücünün
dağıdıcılığının önünə səd
çəkmək və Osmanlı sərhədlərinin
Avropanın hər tərəfinə yayılmasına mane olmaq
məqsədi ilə top istehsalında istifadə edilən
müxtəlif materialların Osmanlı dövlətinə
girişini əngəlləməyə
çalışırlar. Görülən, bütün tədbirlərə
baxmayaraq, avropalı tacirlərin pul qazanmaq ehtirası daha
güclü olur və həmin materialları müxtəlif
yollarla osmanlılara satırlar. Avropanın Osmanlıya
qarşı bu sanksiyasına imperatorluğa Şərqdəki
düşmən ölkələr də qoşulur və
onların savaş texnikasının inkişafını əllərindən
gəldiyi qədər ləngitməyə
çalışırlar. Lakin pul sevdası burda da qalib gəlir.
Osmanlı imperatorluğunun yüksəliş dönəmində
inkişaf edən topçuluq, XVII əsrdə zəifləyir.
Hətta Avropa topçuluğu qarşısında
gücünü itirir. Bütün faktlar sübut edir ki,
tarixdə heç nə sonlanmır, hər şey sadəcə
cild dəyişir və davam edir. Siyasət də, iqtisadiyyat
da, çəkişmələr də, münasibətlər
də belədir. İnsanlıq dünyanın sonunu gətirməkdə
məqsədlidir, təbii ki, öz aləmində. Amma
dünya hamını, hər kəsi udur, yox edir. "Sultan
Suleymana qalmayan dünya, sənəmi qalacaq" deyə bir
deyim var. Necə haqlı deyimdir. Qanuni 71 il yaşadı, 46 il
hakimiyyətdə oldu. Gücünü isbat etmək
üçün son səfərinə və savaşına
çıxdı. Ürəktutmasından öldü, orduda
ruh düşkünlüyü olmasın deyə ölüm xəbəri
gizlədildi. Daxil orqanları içindən
çıxarılaraq çadırının yanında
basdırıldı və hər şey bitdi. Daha doğrusu,
hakimiyyətə oğlu keçdi, o da aləmi bir-birinə
qatdı. Məsələ burasındadır ki, tarixdə hər
şey dəyişir, bir tək insanoğlunun ölüm
idrakından başqa. Əlbəttə, dünya
ölümsüz olduğunu düşünənlərin
ucbatından bu gündədir.
Əmanət
Əslində bu əsrarəngiz memarlıq abidəsinə
çoxdan getmək istəyirdim. Lakin hər dəfə fərqli
səbəblərə görə alınmırdı.
Yaxınlarda muzeylərlə bağlı gələn məlumatların
içində "Əmanət" adlı sərgi
açıldığını oxuyanda, "mütləq
ziyarət etməliyəm" dedim. Təsadüfə bax ki,
"Əmanət" görmək istədiyim yerdə təşkil
edilmişdi, bir daşla iki quş vurmuş kimi oldum. Sənətçi
Vuslat Doğanın dərin mənalı sərgisi ziyarətçilərə
güvən, bağlılıq, etimad etmək, sədaqət,
vəfa kimi dəyərləri yenidən xatırladır. Digər
sərgilərdən fərqi isə gələcəkdən
daha çox keçmişə, köklərə, özə
aparmağıdır. Sərgidə mənim üçün
ecazkar əsər nəhəng zəncir idi. Elə həmin zəncirin
sehrinə qapılaraq getmişdim. Sənətçinin nənəsindən
qalma qızıl zəncirdən təsirlənərək ərsəyə
gətirdiyi nəhəng heykəl topxananın qübbəsinə
qədər ucalır. Ətrafında gəzərkən
atalardan babalara qədər gedib çıxan nəsillərarası
bağlantıları düşündürür. Bir növ
insana qara dəlik kimi görünən gələcəyin
qaranlığından qoruyur, köklərimizin dərin
olduğunu yadımıza salaraq. İnsana yönsüzlük,
aidiyyatsızlıq hissini unutdurur.
"Muska" adlı əsəri isə cadu-pitidən
bəhs edir. Keçmişdən, çox keçmişdən
qalan batil inanclar insanı təkrar-təkrar
düşündürür. Fikirləşirsən ki, bu
işlər onda da var idi, indi də var. Bəs yaxşı, gələcək?
Onda necə olacaq? Bax, qara dəlik kimi görünən gələcək
bu qeyri-müəyyənliklə başlayır. Bir daha
anlayırsan, istər yaxşı, istər pis, istər
sevdiyimiz, istər nifrət etdiyimiz, istər günahlar, istər
savablar, keçmişdən gələn hər şey bizə
əmanətdir. Eynilə, bir travmanın dörd nəsl davam
etdiyi kimi...
Türkan Turan
525-ci qəzet .- 2024.- 20 iyul,№(127).-S.21.