"Dəyişən reallıqlar: Haruki Murakaminin "1Q84"ü

("Qloban roman: XXI əsrdə dünyanı yazmaq" kitabından, ixtisarla)

 

Mineya Mizumura "İngilis dili əsrində dilin tənəzüllü" adlı kitabında yapon ədəbiyyatının vəziyyətilə bağlı sərt hökmlər səsləndirir: "Bu gün yapon ədəbiyyatını təmsil edən əsərləri təxminən amerikan ədəbiyyatının təkrarı kimi oxuya bilərik - sözügedən nümunələr təkcə yapon ədəbiyyat mirasını ikinci plana atmaqla qalmır, daha da pisi, yapon cəmiyyəti ilə Amerikan cəmiyyətinin fərqli olduğunu nəzərə almır. Bundan yüz il sonra bu əsərləri oxuyanların indiki Yaponiyanın (1989-da başlayan) Heysey dövründə yaşamağın necə bir şey olmasıyla bağlı heç bir düşüncəsi olmayacaq".

Bu mətnin heç bir yerində Haruki Murakaminin, ya da Murakami romanlarının adı çəkilmir. Ancaq Mizumura, "Yaponiyanın ən yaxşı və ən parlaq yazıçıları ədəbiyyata arxalarını çeviriblər" deyəndə, aydındır ki, bu gün yaponca yazan mübahisəsiz ən populyar romançı Haruki Murakamiyə eyham vurur və dedikləri onunla bağlıdır. Murakaminin 2009-cu ildə üç hissədən ibarət, irihəcmli "1Q84" adlı romanı çap edilmiş və bu roman təkcə bir ayda bir milyon nüsxə satılaraq, qısa müddətdə, Yaponiya tarixinin ən çox satılan kitablarından biri olmuşdu. Murakaminin öz ölkəsindəki şöhrəti, az qala, xaricdəki populyarlığına bərabərdir. Əsərləri əlli dilə çevrilib və adı tez-tez Nobel Mükafatına namizədlər arasında çəkilir.

Fəqət Murakami 2014-cü ildə verdiyi bir müsahibədə özünü "Yapon ədəbiyyat dünyasında ögey" hiss etdiyini, yazıçılar və tənqidçilər tərəfindən heç vaxt yaxşı qarşılanmayan "çirkin ördək balası" kimi görüldüyünü demişdi. Həqiqətən də Yaponiyanın oturuşmuş ədəbiyyat cəbhələrindən Murakamiyə tuşlanmış tənqidlər diqqətəlayiq şəkildə tutarlıdır. "Nyu-York Tayms"ın icmallaşdırdığı kimi, "Yaponiyada ənənəvi ədəbiyyat tənqidçiləri onun romanlarını yapon-olmayan şeylər kimi görür və üslubundan tutmuş amerikan mədəniyyətiylə qurduğu bağlara qədər ondakı Qərb təsirinə şübhəylə baxırlar". Murakaminin Amerikan mədəniyyətinə və ədəbiyyatına marağı mübahisə doğurmur. Murakami, Reymon Karverdən tutmuş F.Skot Fitsceralda qədər xeyli amerikalı yazıçının əsərini yapon dilinə çevirib və uzun illər ABŞ-da yaşayıb.

Ancaq ingilis dilinin hakim mövqedə olmasının xeyli xəstəliyin mənbəyi kimi görüldüyü dünya ədəbi eko-sistemində, Murakaminin ingiliscəsi və tərcümə fəaliyyətindəki uğuru tənqidə tuş gəlir. "Paris revyu"ya verdiyi bir müsahibədə, 1994-cü il Ədəbiyyat üzrə Nobel mükafatının qalibi, yapon yazıçı Kenzaburo Oe bu məqama diplomatik bir dillə münasibət bildirib: "Murakami açıq, bəsit yapon üslubunda yazır. O, xarici dillərdən tərcümələr edir, xüsusilə Amerika, İngiltərə və Çində geniş oxucu kütləsi var. Murakami beynəlxalq ədəbiyyat səhnəsində özünə Yukio Mişimanın və mənim sahib olduğum kimi bir yer qazanmağı bacarıb". Bu komplimentdəki eyham aydındır, Murakaminin xaricdəki uğuru bəsit, ya da bəsitləşdirilmiş dildən istifadə etməsiylə bağlıdır. Burada Murakaminin, Oe və Mişima kimi, yapon dilinin bütün imkanlarından və tarixindən bəhrələnməkdənsə, ixraca uyğun dildə yazdığı irəli sürülür. "Japon tudey" eyni yanaşmanı başqa sözlərlə ifadə edib: "Murakami öz uğurunu "ingilisdilli oxucuların xarici dillərə xeyli az maraq göstərdiyini bilən Amerikan nəşriyyat dünyasının davam etməkdə olan hegemonluğuna borcludur".

Deməli, Murakami müəyyən mənada, qlobal ədəbiyyatın bir layihə kimi, estetik, hətta əxlaqi keçərliliyini ölçmək üçün bir test vəzifəsi görür. Bir yazıçı Tokioda olduğu qədər, Los Anceles və Afinada da populyar olan kitablar yazırsa, XXI əsrdə bütün bu məkanlardakı həyatların əsasən eyni olduğunu və buna görə də qarşılıqlı şəkildə qavranılacağını (hətta bəlkə də bir-biriylə yer dəyişdirə biləcəyini) isbatmı etmiş olur? Yoxsa bu beynəlmiləllik həqiqətən də sadəcə minimum müştərəklikdir? Ya da qlobal mədəniyyət sənayesi beynimizə yeritdiyi üçün hamının başa düşdüyü söhbətlər və eyhamlar silsiləsinin manipulyasiyasıdır? Eyni vaxtda həm zəngin məzmunu olan, həm də geniş oxucu kütləsinə çatan qlobal roman ola bilməzmi? Yoxsa həmişə bu dəyərlər arasında bir mübadilə var?

Murakaminin ən vacib kitabı "1Q84" bu suallara cavab vermək üçün ideal mətndir; çünki kitabın perspektivi eyni zamanda həm lokal (az qala bütün əhvalat Tokioda keçməkdədir), həm kosmikdir: reallığın əsas təbiəti və gerçəkliyin qalıcı, yoxsa dəyişkən olduğu kimi suallara cavab axtarır. Üstəlik, bu, təsadüfi olaraq belə deyil, roman bədii əsər yazmaq və çap etmək haqqındadır. "1Q84" romanının mərkəzində "Sarğıdan əsən hava" adlı bir ədəbiyyat yarışmasına təqdim edilmiş, qısa bir roman-içində-roman əlyazması var. Bu romanın müəllifi Fukayeri (qızın əsl adı Eriko Fukadadır) adında, əvvəllər yazı təcrübəsi olmayan, on yeddi yaşlı bir qızdır. Çox keçmədən öyrənirik ki, qız əslində yaza bilmir; ciddi şəkildə disleksiya problemindən əziyyət çəkir və bu əlyazmanı da əslində onu özündən xəbərsiz yarışmaya göndərən dostuna diktə etdirib. Murakami texniki və üslubi baxımdan Fukayerinin "yazı"sının həvəskar və yetkin olmadığını vurğulayır. Əlyazmanı kağız yığını arasından çəkib çıxaran redaktor Komatsu belə deyir: "Əvvəldən bu cür mətn yazan biri nə qədər əlləşir əlləşsin, faydası yoxdur. Boşuna gözləmiş olarıq. Niyəsini soruşsan, çünki onda daha yaxşı yazmaq istəyi yoxdur".

Fəqət "Sarğıdan əsən hava" nə qədər pis yazılmış mətn olur-olsun, Komatsu sujetin mürəkkəb və potensial olaraq populyar olduğundan əmindir. Buna görə də Komatsu, bu əlyazmanı əvvəldən axıra qədər yenidən yazmaq və onu çapa yararlı hala gətirməkdən ötrü peşəkar şəkildə cilalamaq üçün romanın iki əsas qəhrəmanından biri olan Tenqoya verir. Dolanışığını bir kursda riyaziyyat dərsi deyərək qazanan, yazıçılığa namizəd Tenqo əvvəlcə saxtakarlıq olduğunu düşündüyü üçün bu işi qəbul etmək istəmir. Ancaq sonra, yaradıcı formada azadlıq gətirən bu işə özünü elə həsr edir ki, onun cəhdləri sayəsində roman bestseller olur.

Murakami bu əhvalatla yazmaq və naşirlik mövzusunda sinik deyə biləcəyimiz mövqedən çıxış edir. Komatsu, yazıçının həcv edərək yaratdığı manipulyatorluq edən redaktorların portretidir. Yenə də Murakami oxucunu, Tenqonun Fukayerinin romanını yenidən yazmağı məsələsində, üzmək istəmir. Əgər saxtakarlıqdan söhbət gedirsə, bu, sadəcə texniki məsələdir. İşin əsli budur ki, bu cütlük əlbirdir və onların bu müştərəkliyi, əksər tənqidçilər qəbul etməsə də, Murakaminin mənimsədiyi bir fərqə görə (forma və məzmun fərqi) legitimdir. Murakamiyə görə, üslubi baxımdan yetərsiz kitabdan (bəzi yapon tənqidçilərin Murakaminin kitablarına da tuşlanan tənqiddir bu) söhbət gedirsə, həmin kitabın sujetdə orijinallığı və yaradıcı kəşflər üçün beynəlmiləl cazibəsi varsa, belə bir şey mümkündür. Müəyyən mənada, bədii əsər yazmaq, əsas olan və öyrədilməyən fantaziya ilə ustalığa, texnikaya aid edilən zəkanın ortaq cəhdidir. "1Q84" romanında bu rollar iki fərqli insan tərəfindən yerinə yetirilir; amma Murakami bu iki qabiliyyətin bir adamda cəmlənə biləcəyinə də eyham vurur.

Bu, şübhəsiz ki, "1Q84" üçün də keçərli hökmdür. Üslubi baxımdan kitab düz, az qala, qurudur. Qismən, təkrarlar və lazımsız detallar ucbatından bu qədər uzundur; məsələn, kitabda tənha bir adamın yemək bişirdiyi və Murakaminin bütün inqridiyentləri bezdirici dərəcədə bir-bir saydığı xeyli səhnə var. Paltarlar sanki bir kataloqdakı kimi (rəngi, kəsimi, markası) təsvir edilir. Ancaq kitabın qalınlığı, Murakaminin, XIX əsr tərzi silsilə romanları xatırladan, aydın ölçüsünə və ritminə görədir. 1400 səhifəni keçən kitab boyunca, əsərin əsas mövzuları fasiləsiz şəkildə təkrar-təkrar icmallaşdırılır. Personajların bir-birinə tam şəkildə nəyin baş verdiyini uzun-uzun danışdığı səhnələr var; bu, fövqəl-təbii sirlərlə dolu bir kitab üçün yaxşı texnikadır.

Romandakı personajlara keçəsi olsaq, Murakaminin insanları adətən dümdüz, birqatlı film personajlarıdır. Bu, romanın əsas fiqurlardan biri kimi Tenqoya qatılan Aomame üçün xüsusilə belədir: Bu iki personaj kitabın böyük hissəsində dəyişərək bir-birinin ardınca gələn hissələri əmələ gətirir. Aomame sanki bir cizgi filmindən, ya da cəsus filmindən çıxmış kimidir. O, həyatdakı missiyası arvadlarına təcavüz edənləri öldürmək olan, lezbiyan fantaziyaları və öz döşlərinə hədsiz vurğunluğunu olan killerdir. Romanın əvvəlində onu qurbanın beyninə soxduğu məşhur uzun iynəsini son dəfə istifadə etmək üçün fəzilətli cinayətinə doğru gedərkən görürük. Bu missiyaları düşünən zəka, ağlasığmaz sərvətini təcavüzkarları tapmağa xərcləyən, "zəngin dul" ləqəbli yaşlı bir qadındır. Romanın bu hissəsində bədii ədəbiyyat üçün həyəcanlı, ağlasığmaz hadisələr baş verir, belə ki, Aomamenin ən azı Stiq Larsonun populyar kitablarındakı intiqam mələyi Lisbet Salanderlə yaxın qohum olduğu deyə bilərik. (...)

Murakami məkan anlayışını rədd etmir (kitab Tokio ətrafı, magistral yollar, qatar stansiyaları haqqında xeyli detalla doludur), ancaq örtülü formada məkanın əhəmiyyətini inkar edir. Məsələn, Orxan Pamukun "Qar" romanındakı xarakterlər Türkiyədən başqa hər hansı bir yerdə mövcud ola bilməzlər, beləliklə, onlar öz tarixləri və sirləriylə dərindən çulğalaşıblar; ancaq "1Q84"un urbanistik tənhaları rahatlıqla Nyu-York, ya da Londonda yaşaya bilər. Murakaminin baxış bucağına görə, mədəniyyət, texnologiya və psixologiya məzmun baxımından köksüz modern bir həyat tərzi yaratmaq üçün birləşirlər. Onun kitablarının dünya çapındakı uğuru göstərir ki, bu yanaşma indiki yaşayış və dünyanı şərhetmə tərzimizlə bağlı bəzi həqiqətlərlə üst-üstə düşür.

 

Tərcümə edən:

Qismət Rüstəmov

Adam KİRŞ

525-ci qəzet .- 2024.- 20 iyul,№(127).-S.19.