"Biz ayrı
düşmüşük kök-budaq kimi"
Esse
Bu yaxınlarda bizim ailənin "qadağan olunmuş
qohumlar" siyahısından bir əqrəbamın toyunda
iştirak etdim. Əslində tamamilə təsadüf nəticəsində
baş verdi həmin toyda iştirakım. Dost toyuna getdiyimi zənn
edirdim, amma şadlıq evinin qapısından içəri
girəndə uzun illərdən bəri münasibətlərimizin
buz kimi olduğu qohumlarımı gördüm. Lap "Əhməd
haradadır?" filmindəki kimi: "Oğlumu
axtarırdım dostumu tapdım".
Məlum oldu ki, dostumuzun ailə qurduğu xanım mənim
çox yaxın qohumumdur. Gəlin olan qızın
uşaqlığının bir hissəsi mənim yeniyetməlik
illərimə təsadüf etmişdi. Əlindən tutub
parka gəzməyə aparar, birlikdə oyunlar oynayardıq. O
uşağın 5 yaşından sonrakı həyatında mənimlə
olan xatirələr elə sadaladığım bu
iki-üç fraqmentdən ibarətdir.
Uzun sözün qısası, qəribə və bir o
qədər də kədərli vəziyyət
yaranmışdı. Qohumlarımla soyuq salamlaşmadan sonra
sakitcə keçib oturdum oğlan evi tərəfdəki
masalardan birində. Təsəvvür edin, oğlan evindən
bəy xaric heç kimi tanımırsan, amma qız tərəfdəki
bütün masalarda sənin yadlaşmış
doğmaların oturub. Mərasim boyu qız evi tərəfdən
qohumlar gəlib bir-bir mənimlə görüşüb
gedirdi. Çoxunu tanıya bilmirdim. Bəziləri də məni
tanımırdı. Eləsi var, mən görəndə
uşaq idi, eləsi də var, o məni görəndə mən
uşaq olmuşam. Yəni belə bir çıxılmaz,
anlaşılmaz vəziyyət...
Qız evi ilə oğlan evi arasındakı geniş ərazi
mənə Pakistan-Hindistan sərhədi kimi gəldi bir
anlıq. Ən pisi də odur ki, eyni qanı, eyni
soy-kökü daşıyan adamların bu
uzaqlığının təməlində
bağışlanması mümkün olmayan heç bir səbəb
dayanmır. Beş-altı arvadın hikkəsi, eqosu bir nəsilin
uşaqlarını bir-birinə yad edib.
Beləcə, məclis başa çatdı və biz
yenə qohumlarla, bəlkə də, bir daha görüşməmək
üzrə sağollaşdıq. Yolboyu bu soyuqluğun,
uzaqlığın, kimsəsizliyin mənim həyatıma təsirlərini
sorğuya çəkdim beynimdə. Və birdən
xatırladım ki, eyni ölkədə, eyni şəhərdə,
hətta eyni qəsəbədə yaşadığım
qohumlarımla aramızdakı sərhədin bu yay düz 20
yaşı tamam olur.
Yazıma bu kiçik əhvalatla başlamaqda məqsədim
xaosa çevrilən bəzi problemləri özümün
timsalımda şərh etmək, əyani göstərməkdir.
Cəmiyyətimizdə mənim kimi insanların sayı həddindən
artıq çoxdur. Bəs bu cəmiyyət hara gedir belə?
Qohumluq əlaqələri həqiqətən yox olurmu? Bu
sualın cavabı, təəssüf ki, "Hə"dir.
Günümüzdə qohumluq münasibətləri
günü-gündən yara alır və ölməyə
doğru üz tutub. Sorğu keçirilsə, Azərbaycanda hər
20 ailədən 15-də qohumlar bir-birini ancaq toyda, yasda, əlamətdar
günlərdə görürlər. Qohum ziyarətləri,
qonaq gedib-gəlmək ənənəsi tarixə qovuşub
bir çox ailələrdə. Bu gün ailə modellərindəki
kiçilmələr, şəhərləşmə və
"çəyirdək ailə" modelinə həvəs
bu münasibətlərin deformasiyaya uğramasını
sürətləndirən səbəblərdən biridir. Bu
kiçilmələrin həm də millət olaraq
azalmağımız kimi ciddi bir təhlükənin xəbərçisi
olduğu barədə mütləq düşünməliyik.
Bu gün qohumların bir-birindən
uzaqlaşmasının təməlində təkcə
texnoloji inqilab, şəhərləşmə deyil, həm də
qadın - qadınlar faktoru dayanır. Fikir verin, qohumlar
arasında yaranan söz-söhbətin təməlini çox
vaxt biz qadınlar qoyuruq. Qayınana-gəlin, baldız-gəlin,
eltilərarası "savaşlar" münasibətləri
soyudur, zədələyir.
Qohumlar arasında bir qoz qabığını
doldurmayacaq səbəblərdən meydana gələn incikliklər
gələcəkdə şizoid şəxsiyyət pozuntusuna
sahib insanların sayının artmasına səbəb ola bilər.
"Ağac budaqları ilə böyüyür"
kimi məşhur bir deyim var. Mənası odur ki, insan qohum-əqrabasının
çoxluğu ilə güclənir. Bu bir həqiqətdir
ki, insanlar köklərindən qoparıldığı zaman
içinə qapanır. Bəzən keçmişinə
sığınır və özü də daxil, ətrafındakı
hər kəsi "Biz əvvəllər də belə
idikmi?" deyə sorğu-suala çəkir. Qohum-əqrəbasından
ayrı düşən insanlar özünü müdafiəsiz
və kimsəsiz hiss edərək panikaya qapılırlar.
İnsanlar canlı ünsiyyətdən, sosiallaşmaqdan
uzaqlaşaraq texnologiyaya sığınırlar. İndi sosial
şəbəkələr də darıxan, tənhalıqdan
depressiyaya girən, bezən, hərdən bu vəziyyətlərini
müdrikləşmə dövründə olduqları ilə
pərdələyən, özünü tapa bilməyən və
ya ifadə etməkdə çətinlik çəkən,
şəxsiyyət pozuqluğuna sahib insanlarla doludur. Bu
insanların bəziləri heç bir qohumu onu tapmasın,
tanımasın deyə saxta profilərdən
çıxış edir, bir çoxu da zaman-zaman
yarıciddi, yarızarafat statuslar yazırlar
"qohumlarımı blok etmişəm" deyə. Hətta
bir dəfə mən özüm də belə bir status
yazdığımı xatırlayıram: "Əziz
qohumlarım, nə yaxşı ki, yoxsunuz!" Bu statusa
yüzlərlə şərh yazılmış,
gülüş işarəsi və "ürək"lər
atılmışdı. Bu ironiya ilə pərdələnib
mühafizə edilən incikliyin, qəzəbin əsasında
əslində təkliyin, yalnızlığın
üsyanı yatır. Amma bunu heç kim etiraf etmək istəmir.
Çünki hamı özünü bu uzaqlığa vəsilə
olan böyük səbəblərin olduğuna
inandırıb və özümdən bilirəm ki, bu
inamı qırmaq heç də asan deyil. Ancaq vaxt gəlir,
yaşadığı müddətdə bizim
üçün "ölü" olan hər qohum fiziki
ölümü ilə xatirələrimizi dirildir. Bu
amansız "dirilmə" içimizdəki qəzəbin
şiddətini azaldır və sadəcə bu sözləri
pıçıldaya bilirik: "Gərək belə
olmayaydı".
Qohumluq bağlarının zəifləməsi təkcə
fərdin özünə ziyan vurmur, həm də müxtəlif
sosial boşluqlar və sarsıntılar gətirir. Psixiatrlar
da intihar halları ilə insanların tənhalığı
arasındakı paralellər, bağlantılar olduğunu qeyd
edirlər. Dünya psixologiya elmi ilə hələ 18-ci əsrin
sonlarından tanış olsa da, ötən əsrin 90-cı
illərinə qədər bu sahə üzrə mütəxəssislərin
sayı və onlara ehtiyac indiki qədər çox deyildi.
Buna səbəblərdən biri də qohum-əqraba
münasibətlərinin sağlam, isti olması idi. Söhbətləşmək,
ötənlərdən-keçənlərdən
danışıb, şam işıqlı xatirələrə
boylanmağa bir qohum saxlamamışıq yanımızda.
Qohumluq əlaqələrinin itməsi insanların
keçmişini də silməsi deməkdir. Bu isə bir insan
üçün dəhşətli faktdır. Keçmişi
olmayanın gələcəyi olarmı?
Belə getsə, bu gün rahatlıq kimi qəbul
etdiyimiz bu uzaqlıq bir gün, bizim də olmasa, sonrakı nəsilin
boğazına tənhalıq, kimsəsizlik, hətta
ölüm şəklində çökəcək.
Günel MUSA
525-ci qəzet .- 2024.- 20 iyul,№(127).-S.18.