DAİM SƏMADA QALMAĞA MƏHKUM TƏYYARƏ  

 

O çağlarda ki "Ölülər" ilk dəfə səhnəyə gəlmişdi, artıq operanın səkkiz yaşı vardı və Üzeyir bəyin "Leyli və Məcnun"u, ardınca yaratdığı "Şeyx Sənan"ı, "Rüstəm və Söhrab"ı, "Şah Abbas və Xurşudbanu"su xalq arasında elə rəğbət qazanmışdı ki, bu şöhrətə şirniklənərək həvəsə düşənlər çoxalmışdı, bənzər təzə operalar quraşdırıb səhnəyə gətirmək bir növ azara çevrilmişdi. Bu xəstə gedişatı izləyən Hacı İbrahim Qasımov 1916-cı ilin 7 mayında "Bəsirət"də belə yazırdı ki, bir çox "müəlliflər" operanın rəvacda olduğunu görüb "Xırdavat alan", "Mehr və Mah", bilməm dəxi nə alan kimi şeylər düzəldib gözəl səhnəni büsbütün bir balaqan halına gətirdilər.

Hacı İbrahim bunu yazır və ardınca da rişxənd edirdi ki, "Ölülər"in ilk tamaşasından sonra əli xırda-para təfərrüatları tənqid etməyə qalxanlar yaxşı olardı ki, opera işimizdəki bu mərəzdən, operetta sahəsindəki böyük bəladan yazsınlar: "Opera və operettaçılarımız başa düşməlidir ki, cib mənfəətinə milləti fəda etmək böyük cinayətdir. Burasını onlar anlamalıdırlar ki, bu bədbəxt millətin zurna səsini eşitməyə ehyiyacı yoxdur.

...Müsəlman səhnəsinə "Molla Nəsrəddin"in müdir-i möhtərəmi Cəlil Məmmədquluzadə cənabları tərəfindən yazılmış olan "Ölülər" kimi pyeslər lazımdır. Həm bu cür pyeslər bu cahil, bu avam, bu bədbəxt milləti ayıldar, huşyar edər, həm də bəzi şarlatanların nə olduğunu açıqcasına meydana qoyar.

...Ey kaş müsəlman səhnəsində ələddavam (davamlı olaraq - R.H.) "Ölülər" kimi ibrətli pyeslər oynanaydı.

Molla Nəsrəddinin "Ölülər"i ölü fikirləri dirildəcək qədər mahiranə bir üslubda yazılmışdır. İştə ona görə də yaşasın Molla Nəsrəddinimiz!"

1916-cı ilin 29 aprelində "Ölülər" oynanırdı, tamaşaçılar hayıl-mayıllıqla baxırdı və çəkiliş-filan yoxdu ki, onların həmin anlarda hansı hiss-həyəcanları yaşadığını gələcək üçün hifz edə. Amma nə yaxşı ki, tamaşa gedən həmin saatlardakı ovqatı elə sanki kinolentə alınıbmış kimi dəqiqliklə bizə yetirən və özümüzü elə o günün içərisindəymiş kimi təsəvvür etməyə körpü olan inanımlı xatirələr qalır.

1916-cı ilin 17 mayında "Ölülər"in ilk tamaşasından azacıq sonra "Açıq söz" qəzetində Şəfiqə Əfəndizadənin təəssüratı dərc edilir. O da tamaşaya ilk baxanlardandı və həmin gün baş verən bir hadisə onu riqqətə gətirmişdi. Yazırdı ki, qadınlar üçün qapalı lojalardan birində tamaşa başlayandan az sonra hönkürtü səsi gəldi, getdikcə də o ağlamaq səsi şiddətlənirdi, görünür, yanında oturanlardan kimlərsə o qadını sakitləşdirmək istəyirdilər, lakin mümkün olmurdu, onu sakitləşdirmək istədikcə əksinə, daha artıq hönkürtü ilə ağlayırdı.

Və Şəfiqə Əfəndizadə fasilədə gedib yaxınlaşır həmin qadına. Maraq ona güc gəlmişdi, istəmişdi öyrənsin ki, bu qadını camaat içərisində belə için-için ağlamağa vadar edən hansı ağrı, hansı çəkilməz dərddir

 

Az sonra toxtayan qadın ona taleyini danışıbmış ki, bu əsər göstərilməyə başlanınca Nazlının taleyində öz gerçək qismətini görüb, hüznlü ömrü vərəq-vərəq gözü önündən keçib. Deyibmiş ki, dörd yaşında olanda onu bir nəfərə adaxlı etmiş, səkkiz yaşına çatanda elçilər qapılarına düşmüşdülər. Atası hamısına "yox" cavabı versə də ki, hələ uşaqdır, bir neçə qoçu buna məhəl qoymamış, hədələməyə başlamışdılar, xəbər göndərmişdilər ki, verməsəniz, qızı zorla qaçıracağıq.

Ancaq hər halda doqquz yaşına çatanda onu varlı bir hacının oğluna ərə veriblərmiş, bütün bədbəxtlikləri də, öz deməsincə, o gündən başlanıbmış. Əsla tanımadığı bu yad insanla bir neçə il birgə yaşasa da, ürəyində ona qarşı heç bir istək yaranmır və günlərin birində əri vəfat edir. Düşünür ki, Allahın işidir, qapımı açır, azadlığa çıxaram. Lakin sən demə, daha böyük müsibətlər hələ bundan sonra gələcəkmiş. Mərhumun arvadı və üç uşağı da olan qardaşı yapışır bu zavallı qadından ki, səni də alacağam, rəva görə bilmərəm ki, qardaşımın arvadı başqasına getsin. Əslində isə başabəla qaynını bu izdivaca tamahsılandıran qardaşından qalan müəyyən mal-dövlətmiş ki, onu qamarlamağa çalışırmış. Dul xanım nə qədər yalvar-yaxar etsə, müqavimət göstərməyə çalışsa da, nəticə vermir.

Və həmin qadın indi illər sonra, "Ölülər"in pərdələri arasındakı fasilədə yana-yana Şəfiqə Əfəndizadəyə nağıl edirmiş ki, məni aldı, artıq birinci arvadından altı, məndən də iki uşağı var, bütün həyatım da tar-mar oldu: "Bu zülmlər mənim başıma gəldikdən sonra bunların hamısını iki saatda gözümün qabağında göstərdikləri üçün daha özümü saxlaya bilmədim. Mənim ixtiyarım öz əlimdə olsaydı, bu teatr yazanı tapıb onun barmaqlarından öpərdim. Elə biləsən bizim ailələrin arasında ömür keçirmiş və başımıza gələnləri təsvir eləmişdir".

"Ölülər" səhnəyə ilk dəfə 1916-cı ilin 29 aprelində çıxdı və mayın 1-dən etibarən həm rus, həm ana dilli qəzetlərdə ilk məqalələr, siftə təəssüratlar dərc edilmişdi.

...1916-cı il mayın 1-də "Açıq söz"də Seyid Hüseynin "Ölülər"in ilk tamaşası ilə bağlı böyük məqaləsi dərc edilsə də, bununla ürəyi soyumamışdı, deyiləsi sözü hələ çox idi və qəzetin növbəti nömrələrində də "Ölülər" haqqında düşüncələrini bölüşməkdə davam etmişdi. Ancaq o günlərdə "Açıq söz"lə yanaşı, "Yeni iqbal"da da, "Bəsirət"də də "Ölülər"lə bağlı məqalələr dərc edilmişdi və sıra günü-gündən sıxlaşırdı və həmin ilin may-iyun aylarında Bakı mətbuatında "Ölülər"lə bağlı yazıları toplayıb birləşdirsən, elə ayrıca kitab olar. Belə qaynar marağın əsas səbəbi "Ölülər"in özü idi, onun oyatdığı misli olmayan vəcd idi ki, həmin vaxtadək teatr həyatımızda partlayışa bənzər bu cür coşquya təsadüf edilməmişdi. Həmin dövrdə qələmə alınmış və həyəcanla daşan təəssüratlardan ibarət məqalələrin hər birinin özünə görə bir ayrı dəyəri var, amma bütün başqaları arasında Seyid Hüseyndən qalan yazıların əhəmiyyəti və cəlbediciliyi ondan ibarətdir ki, özünün aqil təhlillərindən savayı elə tamaşa günü reportyorluq da etmişdi, inadkar müxbir kimi hər dəfə pərdə enincə tamaşanı seyr edən məşhurlara yaxınlaşmış, onların rəyini soruşaraq kağıza köçürmüşdü. Nəzərə alsaq ki, elə mayın 2-sindəcə bunların hamısı "Açıq söz"də dərc edilmişdi və həmin müsahibə verənlərdən də heç biri hansısa sözlərinin təhrif edilməsində etiraz bildirməmişdilər, deməli, Seyid Hüseyn söylənmişləri elə təqribən stenoqrafik dəqiqliklə əks etdiribmiş.

Necə də nəcib iş görüb, bir daha Seyid Hüseynə rəhmətlər olsun! Həmin rəyi soruşulanların heç biri sadə adam deyildi və onların qısa söyləyişlərində sərrast, müdrik, ədalətli qiymətləndirmələr vardı. Sonra bu tamaşa haqda heç biri ayrıca məqalə yazmayıb, ancaq Seyid Hüseynə dedikləri elə onların hər birinin "Ölülər" haqda bütöv məqaləsi qənaətini yarada bilir. Sultan Məcid Qənizadə o çağlar Bakı quberniyası və Dağıstan vilayəti xalq məktəblərinin müfəttişi vəzifəsində çalışırdı, ədəbi-mədəni aləmdə yüksək nüfuz sahibi olanlardandı, belə demişdi: "Şeyx Nəsrullahın "Ölülər"i diriltməsi yalansa da, "Ölülər"in ölü fikirləri diriltməsinə şübhə edilə bilməz".

Böyük Hüseyn Cavid baxışını özünə xas tərzdə yığcam və şairanə ifadə etmişdi: "Ölülər"də sənətkaranə bir dirilik, mahiranə bir incəlik var. "Ölülər" sənətcə nə isə, mənaca da odur. "Ölülər"in hər təbəssümündə acı bir fəryad qopar".

Hüseyn Cavid arif adam idi. Bu sözləri tamaşa heç sona çatmamış söyləyirdi və anlayırdı ki, yaxın günlərdə qəzetlərdə bunca parlaq sənət hadisəsinə biganə qala bilməyən yazılar dərc edəcək, mümkündür ki, hətta nələrisə bəyənməyib, yaxud qısqanaraq, qibtə edərək tənqidə başlayanlar da tapılacaq, ona görə də o qəbil adamlara bəri başdan cavab verirdi: "Ölülər" qüsursuz deyildir. Fəqət bu qüsur gözəl bir rəsmin ətrafında gözə çarpan ləkələr qədər təbii görünə bilər".

Tamaşadan sonra Mirzə Cəlilin əlini hərarətlə ilk sıxanlardan birincisi Nəriman Nərimanov olmuşdu. "Ölülər"i "artıq dərəcədə məharətlə yazılmış, məzmunu eynən həyatımızdan götürülmüş, ideyası inqilablı" əsər adlandırır və inanırdı ki, bu dram "paslanmış beyinləri pasdan təmizləyib ölmüş ruhlara can verəcəkdir". Əlbəttə, mümkün deyildi ki, Azərbaycanın mədəni-mənəvi həyatında baş verən bunca möhtəşəm bir hadisə günündə Üzeyir Hacıbəyli tamaşa salonunda olmasın - orada idi, baxmışdı, riqqətə gəlmişdi və Seyid Hüseynin də əvvəlinci yaxınlaşdıqlarından biri elə o olmuşdu və demişdi ki, "Molla Nəsrəddin" kimi, "Ölülər" də baltanı dibindən vuran bir əsərdir.

Azərbaycan səhnəsinin həyatında belə müstəsna hadisə baş verərkən heç olardımı Nəcəf bəy Vəzirov tamaşaçılar arasında olmaya və Seyid Hüseyn də belə tarixi gündə belə tarixi bir hadisə haqda ondan mövqe öyrənməyə? Soruşmuşdu və Nəcəf bəy belə demişdi: "Bu əsərdə olduğu kimi cahil şeyxlərin təəssüb və şarlatanlığı heç bir zaman qamçılanmamış və qamçılana bilməzdi də. "Ölülər" dramı həyatdan alınmış, iqtidarla yazılmış, tam təsir bəxş edən bir əsərdir".

Və Seyid Hüseyn bir neçə gün sonra yazacağı daha geniş məqaləsindən öncə elə burada da, rəyini aldığı görkəmli simaların fikirlərinin ardınca elə onlar tərzdə qısaca öz düşüncəsini də ifadə edirdi ki, bilirəm, bir çox möhtərəm ağalar Mirzə Cəlil cənablarının "Ölülər"ini Qoqolun "Revizor"u ilə müqayisə edəcəklər, mən isə bundan da irəli getmək istəyirəm, zira "Revizor"da Kefli İskəndər kimi bir qüvvə yoxdur. Seyid Hüseyn çəkicə, miqyasca "Ölülər"i daha üstün dünya səviyyəsinə qaldırırdı: "Mən deyirəm ki, bir əsr bundan əvvəl Fransa əhval-i ictimaiyyəsində "Səfillər" nə isə, Viktor Hüqonun ac və səfil arvad-uşaqları, küçələrdə yaşayan sahibsiz gülxanbəyləri cəmiyyət-i bəşəriyyə və Fransa əfkarına nasıl təsir bağışlamışsa, bizdə də "Ölülər" ...həyat-i nisvanimizdə həman təsiri bağışlayacaq, ruhlarımız üzərinə qüvvətli bir təsir olmaqla yazıq, fağır, çoluq-çocuq əlində qalan səhnəmizdə rusların "Revizor"u qədər ölməz bir mövqe tutacaqdır".

Elə ilk görsənişlərindən sonra "Ölülər"in Azərbaycan hüdudlarına sığmayacağı ehtimalında olanlar haqlı idilər. "Ölülər" qanadlarını geniş açdı, çətinlikləri adlaya-adlaya irəlilədi və çatdığı yerlərdə də heç vaxt birmənalı qarşılanmadısa, həmişə əleyhdarları oldusa da, hər dəfə ona verilən ali qiymətlərə həqiqətən layiq olduğunu sübuta yetirdi.

1925-ci ilin yanvarında "Molla Nəsrəddin" idarəsi nəşriyyatı "Üçüncü İnternasional" mətbəəsində "Ölülər"i ilk dəfə ərəb əlifbasında 3 min tirajla ayrıca kitabça kimi buraxmışdı, o çağlar "Kommunist" qəzetinin redaktoru olan Həbib Cəbiyev (yeri gəlmişkən, Qulam Məmmədli təsdiqləyirdi ki, həmin nəşrin təşkilçisi də elə Həbib Cəbiyev olmuşdu) sanballı bir önsöz yazmışdı və həmin müqəddimədə 1921-ci ildə şahidi olduğu bir əhvalatı yada salırdı ki, Şuralar İttifaqı ilə dostluq müqaviləsi bağlamaq üçün Yusif Kamal başda olmaqla Türkiyə nümayəndə heyəti Moskvaya gedərkən inqilabdan sonra Böyük Dövlət Teatrında "Ölülər"ə ilk dəfə oynanarkən baxmış, "əsərin ümumtürklük ölçüsündə nə qədər orijinal və klassik olduğundan son dərəcə məmnun" qalmışdılar.

"Ölülər"də Mirzə Cəlilin qüdrəti onda idi ki, bu əsərdəki bir nəfərin dilindən səslənən hər fikir minlərlə ağızdan çıxmış kimi qavranılır, bir və bir neçə ailə ətrafında, bir kənddə cərəyan edənlər ucu-bucağı görünməyən iri coğrafiyada baş verən kimi qəbul edilirdi. Kefli İskəndərin ilk və əvəzsiz ifaçılarından olmuş Mirzağa Əliyev xatırlayırdı ki, bu surəti yaradarkən Cəlil Məmmədquluzadənin naxçıvanlı bir vəkili əsas götürdüyünü eşidibmiş. O səbəbdən də 1916-cı ilin əvvəllərində, Tiflisdə Müsəlman Dram Cəmiyyətinin binasında Mirzə Cəlil aktyorlarla söhbət əsnasında əsərin Bakıda oynanacağını xəbər verəndə və Mirzağa da ona İskəndər surətinin tapşırıldığını biləndə, çox illər sonra etiraf etdiyi kimi, oradan birbaşa mənzilinə gələrək yığışır, həmin vəkili tapmaq niyyəti ilə Naxçıvana yola düşür. Ancaq Varşava Universitetinin Hüquq fakültəsini bitirmiş, vəkillik edən Paşa ağa Sultanovla görüşmək ona nəsib olmur, çünki yerli həvəskar artistlərdən öyrənir ki, o vəkil artıq vəfat edib. Lakin gəlməsinə gəlmişdi, ona görə də Paşa ağanı şəxsən tanıyanlardan onun davranışları, rəftarı, özünəməxsus xüsusiyyətləri haqda məlumatlar toplayır. Artıq Bakıda, tamaşaya hazırlıq günlərində rol üzərində necə ciddi işləməsinin göstəricisi olan bu səfəri, Naxçıvanda görüb-eşitdikləri barədə Mirzə Cəlilə fəxrlə söz açanda Mirzağa Əliyevi pərtlik gözləyirdi. Çünki onun bu hərəkətindən narazı qaldığını, ümumiləşdirilmiş bir surətə belə fərdi yanaşmanı xeyli bəsit saydığını Mirzə Cəlil gizlətmədən dərhal onun üzünə deyir: "Mirzə Cəlil vəkilin dalınca Naxçıvana getdiyimdən xəbərdar deyildi. Mən bu əhvalatı açıb ona söyləyəndə dedi ki, dostum, Naxçıvana getməyinə sözüm yoxdur, bu, sənin xüsusi yaradıcılıq işindir. Ancaq Kefli İskəndər rolunu oynamaq üçün müəyyən bir adamı təqlid etmək səhvdir. Çünki mən çox elə vəkilləri müşahidə etmiş, onları ümumiləşdirmiş, öz Kefli İskəndərimi yaratmışam".

"Ölülər" nə qədər ümumiləşdirən olsa da, hər halda onun doğulmasının təkan nöqtəsi Mirzə Cəlilin daha yaxından və dərindən bələd olduğu Naxçıvandan gəlirdi, təbii ki, həmin mühitin daha bariz duyulduğu əsər ilk dəfə Naxçıvanda nümayiş etdiriləndə özlərini tanıyanlar az olmamışdı. Əbəs deyil ki, 1918-ci ilin martında Naxçıvandakı "Rüşdiyyə" məktəbinin nəzdindəki "İmdad" adlı həvəskar dram dərnəyi üzvlərinin "Ölülər"i, şəhadətlərə görə, misilsiz məharət və uğurla oynamasından sonra əks qüvvələr gecə vaxtı hücum edərək tamaşa göstərilmiş binanı xarabazara çevirmiş, məktub da qoyub getmişdilər ki, hələlik binanı dağıtdıq, amma bu əsəri bir də ortaya çıxarmış olsanız, özünüzü də öldürəcəyik.

1921-ci ilin 1 may axşamında "Ölülər" Təbrizdə tamaşaya qoyulandan az sonra xurafat əhli şəhər mədrəsəsinin 400 tələbəsini dəyənəklərlə silahlandıraraq Mirzə Cəlil və yoldaşlarının üstünə qısqırtmışdısa, bu da əsərin nişan aldıqlarını yandırıb-yaxaraq cızdaqlarını çıxara bilməsinə əlavə sübutdur.

"Ölülər" bu təhər qeyzləndirməyi, hövsələdən çıxarmağı bacarmışdısa, demək, məqsədinə çatmışdı, demək, quşu gözündən vurmağa müvəffəq olmuşdu.

Zamandan adil hakim yoxdur, olmayacaq da. Vaxtın məhkəməsindən isə "Ölülər" bugünəcən üzüağ çıxdığı kimi, gələcəkdə də həmişə qalib qalacaq. Ancaq Mirzə Cəlilin bir para başqa əsərləriylə bərabər "Ölülər"ə qarşı da əli dəyənəklilərin, beli revolverlilərin, hökmü itilərin linç məhkəməsi qurmaq cəhdləri az olmadığı kimi, sovet dönəmində zəmanənin bolşevik qırımına uyğun olaraq əsl məhkəmələr də qurulmuşdu. Belə mühakimələrin xoşməramlılarından biri haqqında 1923-cü ilin fevralında "Maarif və mədəniyyət" xəbər verirdi. Darülmüəllimat binasında, indiki Əlyazmaları İnstitutunda qurulmuş həmin məhkəmədə iddiaçılar Cəfər Cabbarlı və Əbdül Əbdülzadə, müdafiəçilər Hüseyn Sadiq, Əhməd Cavad, Hənəfi Zeynallı olmuşdu. Sonralar Azərbaycan Yazıçılar Birliyinin ilk sədrlərindən olmuş Seyfulla Şamilov həmin məhkəməni gözləriylə görübmüş. İclas salonunda Abbasmirzə Şərifzadəni, Rza Darablını, Mirzağa Əliyevi, Əliskəndər Cəfərovu gördüyünü də xatırlayır, yada salırdı ki, arxa cərgələrdən birində adəti üzrə əlini üzünə söykəyib əyləşmişdi, ondan sonrakı sırada da Mirzə Cəlil oturmuşdu.

O məhkəməyə toplaşanlar hamısı Mirzə Cəlilin xeyirxahları, dostları, xətrini əziz tutanlar idi, təbii ki, o gün çıxarılan hökm müəllifə haqq qazandıran idi. Lakin illər sonra Mirzə Cəlilə qarşı prokuror ədalı, ittihamedici, qaralayıcı məqalələr də yazılacaq, hökmlər də çıxarılacaq ki, indi həmin qatmaqarışıq əyyamların müstəvisində onları bir də mütaliə edərkən bunu da düşünürsən ki, Ustadın həyatı bir neçə il də davam etsəydi, o, 1937-yədək yaşasaydı, sovetin cəza maşını onu, heç şübhəsiz ki, "troyka" deyilən əzazil üç nəfərlik ölüm məhkəməsinin amansız hökmünə də məruz qoyardı. O halda adı da, yazdıqları da, "Molla Nəsrəddin" də illərlə yeddi qat qıfıl altında qalar, "xalq düşməni" imzalı miras insanlarımızdan 20 ilə yaxın müddətdə uzaq tutular, olsun ki, həmin məhkəmədən qabaq da yaradıcılığının bir para nümunələri, əlyazmaları, fotoları, məktublaşmaları qayıdışsız məhv edilərdi. Görün şərəflilərimiz hansı qəddar dövrlərdən keçiblər ki, indi onların hətta erkən ölümünə də haqq qazandırırıq.

Tarixin kinayəsi ilə o cür irinlə dolu yazılardan biri elə Moskvada "Literaturnaya qazeta" və "Novıy mir" jurnalında 1937-ci ildə, Mirzə Cəlilin "Ölülər"in də daxil edildiyi "Seçilmiş əsərləri"nin həmin il SSRİ paytaxtında nəşri dolayısınca dərc edilib. L.Klimoviç soyadlı müəllif bu pyesi "xalqa zidd əsər", Cəlil Məmmədquluzadəni isə "burjua millətçisi" adlandırır.

Mirzə Cəlil həyatda olsaydı, həmin ifadələrin hər biri onun adına yamaq edilərək bəxtini qara yazacaq, ömrünü şikəst edəcəkdi. Ölüb canını qurtarmışdı...

Mirzə Cəlil yazdıqlarının insanlara olduğu kimi, səhvsiz, müdaxilələrsiz, dilinə, üslubuna toxunulmadan, bircə kəlməsini belə dəyişmədən çatmasını umurmuş.

Unudulmaz Qulam müəllim bunları da unutmamışdı ki, 1925-ci ildə "Ölülər" ilk dəfə nəşr ediləndə o, mürəttibmiş, mətni səhifə-səhifə yığdıqca oxunub təshih edilməsi üçün Məmmədəli Sidqiyə verirmiş, Mirzə Cəlil özü də hər dəfə mətbəəyə gələndə işin gedişiylə maraqlanar, ayrı-ayrı vərəqləri götürüb oxuyarmış. Deyir, o vaxt mətbuatımızda "iştə", "əvət", "gəliyoruz", "gediyoruz" kimi sözlər dəb düşübmüş: "Mirzə Cəlil hər dəfə mətbəəyə gələndə, ya da mən redaksiyaya gedəndə dönə-dönə tapşırardı ki, məbada-məbada "Ölülər"də "gəliyoruz, gediyoruz"lara yol verilsin. Bax gör necə yazmışam, elə də yığ.

O vaxt mən onun sözlərinə qulaq asar və dediklərinə əməl etməyə çalışardım. Lakin indi həman kitabı nəzərdən keçirəndə görürəm ki, Mirzə Cəlilin nigarançılığı yersiz deyilmiş. Kitabın orfoqrafiyasına kim isə əl qatmışdır".

Alnına böyüklük yazılmışlara onların yanında hər baxımdan yüz qat cılız və aciz olanlar yekəliklərini nümayiş etdirməkçün bəzən əllərinə düşmüş müvəqqəti səlahiyyətlərdən də yararlanaraq ağıl öyrətməyə, düzəliş verməyə, öz qandıqlarına uyğun olaraq daha düzgün hesab etdikləri yolla getməyə də yönəltməkçün əlləşiblər. Ancaq o qəbil UCAları yolundan döndərməyə, çevirib başqa cür etməyə, təshihə məruz qoymağa hətta çox zaman qəzavü qədər, tale belə nail ola bilməmişsə, mənəviyyat tümüklərinin də cəhdlərinin boşa çıxacağı labüd idi.

O ölməzlər, elə həmin qafilədən olan Mirzə Cəlil də əmin idi ki, sabaha doğru çatan sözünü onsuz da hər kəs öz gözüycə, öz ürəyiycə, öz ağlıyca oxuyub duyacaq, anlayacaq, günəş işığında bərq vuran qiymətli daş-qaş kimi onun yazdıqları da vaxta və insana uyğun olaraq hər yeni nəslə və təzə insana bir başqa cilvədə gülümsəyəcək.

Hələ sıradan olan insanlar qalsın bir tərəfə. Söz ki "Ölülər"dən gedir, elə bu mətləbi də o tərəfə çevirək. Uzaq olmayan dövrün - 1960-1970-1980-ci illərin azərbaycanlıları "Ölülər"də Məlik Dadaşovun Şeyx Nəsrullahı necə ustalıqla ifa etməsinə heyran idilər və "bundan daha yaxşısı olmaz" deyirdilər. O tamaşalar qalıb dünənlərdə, amma 1992-ci ildə Tofiq Tağızadə "Ölülər"i "O dünyadan salam" adlı bədii film kimi ekranlaşdırıb və Məlik Dadaşovun fövqəladə məharəti kadrlarda aydınca görünməkdədir, həmişə də görünəcək. Teatr tamaşası isə hər dəfə yenidir, təəssüratları yaddaşlara çökdürərək elə o axşam da uçub gedir.

Mirzə Cəlil mətnini Məlik Dadaşov o sayaq oxumuş, o təhər dərk etmiş, o cür duymuşdu və buna özünün misilsiz canlandırma istedadını da əlavə edərək hər kəsi inandıran parlaq surət yaradırdı.

Görkəmli aktyor və rejissor Rza Təhmasib Məlik Dadaşovun da Şeyx Nəsrullahını görmüşdü, İsmayıl Hidayətzadəninkini də, başqa bir neçə tanınmış aktyorumuzunkunu da, Əliqulu Qəmküsarınkını da. Danışıqsız üstünlüyü Qəmküsara verirdi. Bütün başqa səbəblərdən savayı, bunu həm də onunla izah edirdi ki, Qəmküsar islamı, onun ehkamlarını mükəmməl bilirdi, yuxarı ruhani təbəqəsinin həyatına, hərəkətlərinə, düşüncələrinə içəridən bələd idi, ərəbcəni də yaxşı bilirdi və tələffüzündən tutmuş nitqindəki şeyxanə amirliyə, oyunundakı valehedici təbiiliyədək çox amillər onu fərqləndirir, əvəzsiz, təkrarsız edirdi.

Şəkk yox ki, gələcəkdə "Ölülər" mətninin vaxta və şəraitə münasib elə oxunuş, yozum və təqdimatları ola bilər ki, indiyəcən olmuşlardan da gözəl alınsın.

Mirzə Cəlil mətninin daxili nəhayətsizliyi və çox cür oxuna bilənliyi belə imkanı hər yeni oxusundan heç vaxt əsirgəməyəcək.

Əziz Ustad, cəfakeş Mirzə Cəlil! Siz yalnız yaşadığınız həyatda yox, Haqqın dərgahına qovuşandan sonra da nələr görməmisiniz, başınızdan hansı qovğalar keçməyib?!

Artıq XXI əsrdə müasir yazıçılarımız arasından Mirzə Cəlili ədəbi oğurluqda suçlandırmaq istəyənlər də tapıldı və ləkələmək üçün də onun şah əsərindən - "Ölülər"indən yapışdılar. İddia etdilər ki, bəs "Ölülər" heç də orijinal əsər deyil, Cəlil Məmmədquluzadə guya belçikalı dramaturq Moris Meterlinkin "Müqəddəs Antoninin möcüzəsi" adlı pyesindən süjeti, dramaturji xətti, keçidləri mənimsəyərək sadəcə adları dəyişib. Bunca abırsız-həyasız ittiham! Həqiqətən, elə bir əsər var, XX yüzilin əvvəllərində, doğrudan da, rus dilinə tərcümə edilib, onu 1906-cı ildə Meyerxold Rusiyada səhnələşdirib və "Tovarişestvo russkoy dramı" sənət birliyi onu hətta Tiflisdə də göstərib, bu tamaşa haqda həmin çağlarda "Tiflisskiy teleqraf" qəzeti xəbər də dərc edib. O vaxtlarmış ki, Mirzə Cəlil və "Molla Nəsrəddin" ilk addımlarını atırmış, ardıcıl sıxıntılar, təqiblər, təhdidlərlə qarşı-qarşıyaymış, hətta küçəyə də ehtiyatla çıxırmış. Vaxtı harada idi ki, rus dilində Tiflisdə yolüstü bir dəfə göstərilən və heç də məşhur olmayan bir əsərin tamaşasına da gedə?! O biri yandan da, hətta Mirzə Cəlil o əcnəbi dramaturqun əsərindən təsadüfən xəbərdar olmuş olsaydı belə, o pyeslə "Ölülər" arasındakı bağlantı ən yaxşı halda məşhur el lətifəsindəki "Sevgilim dağın başında inək sağırdı, əgər o məni sevmirsə, bəs inək mənə niyə baxırdı?" hekayətindəki məntiq qədərdir.

Yaraşarmı ki, günümüzün vicdanı olan bir azərbaycanlısı sensasiya, ucuz şöhrət naminə hansısa faktların təsadüfi, uzaqdan-uzağa bənzərliyini əsas götürərək bədxahca nələrisə bir-biri ilə zorla uyğunlaşdırmağa çalışsın, milli varlığımızın sütunlarından olan bir uca ada böhtan atmaq kimi ağır yükün altına girsin?!

Əvvələn, belçikalı yazıçının əsərində həqiqətən bir ruhaninin adam diriltmək cəhdindən söhbət gedirsə də (arasaq, söz yox, dünya ədəbiyyatında ölmüşə həyat verməklə bağlı başqa süjetlərə də rast gəlməyimiz mümkündür), Mirzə Cəlildə süjet xətti də, obrazlar şəbəkəsi də, qaldırılan məsələlər də büsbütün başqadır və Cəlil Məmmədquluzadənin əsərindəki ictimai-siyasi siqlətin yanında o pyes xeyli sönük təsir bağışlayır. Meterlinkin ikipərdəli pyesində belə bir əhvalatdan bəhs edilir ki, Qortenziya adlı yaşı səksənə çatan bir qadın vəfat edir, varislik sevdalı qohum-əqrəba mərhumənin mənzilinə yığışır, bu ara mərasimə gəlib çatan Müqəddəs Antoni qadını dirildəcəyini söyləyir və toplaşmış qohumlar xanım Qortenziyanın xortlayacağı təqdirdə göz dikdikləri mirasın əldən çıxacağından təşvişə düşərək Müqəddəs Antoninin üstünə tökülüşür, onu "ağlıkəm, içki aludəsi, avara" deyə qovurlar. Ancaq Antoni qiyafəsini dəyişib gəlir, doğrudan da, qadını dirildir, amma axirətlə bağlı sirləri açıb danışa bilməməsi üçün onu lal edir. Nəticədə isə hər halda Antoni deyən olmur. Mirası əldən qaçırmamaqçün vurnuxanlar polis çağırıb ölüdirildəni həbs etdirirlər, Qortenziya da təzədən ölür, işlər düşür mirasdan pay qoparmaq istəyənlərin arzuladığı məcraya.

Biçarə Mirzə Cəlili parlaq "Ölülər"inə görə diriliyində yetərincə incitmişdilər, indi də hansısa nakəslər bu və buna oxşar sancmalarla məzarında rahat yatmasına macal vermirlər.

1916-cı ilin 29 aprel günündə "Ölülər"in ilk dirilişinin - birinci dəfə göstərilməsinin ən xoş anlarını əks etdirən, o axşamı olduğu kimi canlandıran bir şəkil var. Foto-şəkil deyil, ancaq elə bir foto qədər inandırıcıdır. 1970-ci ildə fırçaya alınmış o tablonu seyr etdikcə görürəm ki, həmin axşam barədə mən nə bilirəmsə, rəssam Böyükağa Mirzəzadə də onların hamısından agahmış. Yəqin ki, ən əvvəl həmin axşamla bağlı bütün xatirələri oxuyub. Əks təqdirdə heç cür belə gerçəkçi lövhə yarada bilməzdi. Tamaşa bitib və xoşbəxt Mirzə Cəlil təbrikləri qəbul edir. Onu məhəbbətlə əhatələyənlər odövrkü Azərbaycan mədəni-mənəvi həyatının zirvələridir: Nəriman Nərimanov, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Sultan Məcid Qənizadə, Hüseyn Ərəblinski, Əliqulu Nəcəfov, Hüseyn Cavid, Seyid Hüseyn, Üzeyir Hacıbəyli...

Seyid Hüseynin "Ölülər"in ilk dəfə oynandığı 1916-cı ilin 29 aprel axşamı haqda yazısı bu cümlə ilə başlayırdı: "Cümə günü Tağıyev teatrı bir ədəbiyyat bayramı keçirdi".

Bu tablo o ədəbiyyat bayramının tarixlə ləbələb anlarına əbədiyyət bağışlayandır.

1931-ci ildə Mirzə Cəlilin 63 yaşı vardı. Barmaq hesabı ilə bundan dörd il qabaq 59 yaşındaydı. Belə yaşı bir çoxları hələ ikinci cavanlıq sayır. Hər halda heç kəs bu sinni qocalıq hesab etmir. Amma Mirzə Cəlil məsləkdaşı Əzim Əzimzadəyə Xalq rəssamı adı alması münasibətilə 1927-ci ilin mayında göndərdiyi təbrik məktubunu belə imzalayırdı: "Sənin qoca yoldaşın, "Molla Nəsrəddin" məcmuəsinin həmişəki müdiri və baş mühərriri Cəlil Məmmədquluzadə".

Bu, Mirzə Cəlildir. Hər zaman olduğu kimi, yenə bu sözündə də haqlıdır. Həmişəki Mirzə Cəlil elə hər yaşında qoca olmuşdu. Qoca, aqil, dərin.

1931-ci ilin son dekabr günlərinə aidsə başqa xəbər var - Azərbaycan Dəmir Yolu İdarəsi Cəlil Məmmədquluzadəyə Bakı-Sabunçu qatarında pulsuz hərəkət etmək üçün xüsusi bilet verib. O qatarda o biletdən istifadə etmək Mirzə Cəlilə nəsib olmayıb. Lap az ötəcək, başlanan növbəti ilin ilk yanvar günlərində Mirzə Cəlil həyatını itirəcək. Amma ondan yadigar qalan sənədlərin arasında həmin bilet də var. Qatarlar yenə, keçmişlərdə olduğu kimi, Bakıdan Sabunçuya, Sabunçudan Bakıya hərəkət edir. Təbii, o yadigar bilet daha həmin qatarlarda işə yaramaz. Ancaq o qatarda haqq ödəmədən hərəkət etməyə icazə verən o bilet də indi başqa düşüncələr oyadır: Mirzə Cəlil bu xalqın və yurdun ən uzaq gələcəklərinə də istənilən anda səfər etmək haqqını özü qazanıb. Bu haqqı ona xalqa bəslədiyi sonsuz məhəbbət, bu xalqın xoşbəxt olması naminə ömrü boyu apardığı mübarizələr, millətinə və yurduna yadigar qoyub getdiyi solmaz miras bağışlayıb.

...1932-ci ilin 5-6 yanvarında Bakı qəzetləri qara çərçivəli vida yazıları ilə çıxır. Mətbuat xəbər verirdi ki, yanvarın 4-də görkəmli Azərbaycan ədibi Cəlil Məmmədquluzadə vəfat edib.

Yeni başlanmış ilin ilk günlərində Mirzə Cəlil yataqda idi. Ancaq yanvarın 2-də də, yanvarın 3-də də yataqdan qalxmışdı, küçəyə çıxmışdı, bir qədər gəzib-dolaşaraq qayıtmışdı.

Evə sığmırdı, sanki çıxmışdı ki, Bakı küçələri ilə son dəfə addımlasın, əziz şəhərlə vidalaşsın.

Ancaq Mirzə Cəlil Azərbaycan ədəbiyyatı tarixində və Azərbaycan insanının mənəviyyatında elə bir yol açıb ki, bitəcəyi olmayan o KÜÇƏ ilə həmişə addımlayacaq.

Və bizlər - Cəlil Məmmədquluzadənin nəvə-nəticələri də onun açdığı və onun adı ilə bağlı küçədən nə qədər çox keçsək, içəridən o qədər zənginləşəcəyik, sabahlar qoynunda daha inamlı olacağıq.

...1923-cü ildə sanki Şura hökumətinin Mirzə Cəlilin də, "Molla Nəsrəddin"in də üzünə bütün qapıları açdığı çağlarda qəzetlərdə bir başqa xəbər də dərc edilməkdə idi ki, "Molla Nəsrəddin"in şərəfinə buraxılması nəzərdə tutulan təyyarə üçün vəsait toplanmasına başlanılıb. 1923-cü ilin 28 avqustunda "Kommunist" qəzetində Ruhulla Axundov "Məsud" təxəllüsü ilə imzaladığı "Molla Nəsrəddin" aeroplanı" adlı məqaləsində çağırırdı: "Var qüvvəmlə bütün qələm arxadaşlarımı, firqə məsləkdaşlarımı və ümum əmələ-kəndli yoldaşları dəvət edirəm ki, Azərbaycan zəhmətkeşlərinin mədəniyyəti uğrunda can çəkişmiş mübarizlərin adını əbədi surətdə qeyd etmək üçün "Molla Nəsrəddin" aeroplanına ianə toplamağa başlasınlar".

Mirzə Cəlil o təyyarə ilə bağlı ayrıca bir məqalə də yazaraq "Molla Nəsrəddin"in 1923-cü il 14 iyul sayında dərc etmişdi: "Gündəlik poçt ilə jurnalımızı kəndlərə göndərəndə bu gün Bakıdan sübh tezdən çıxanda sabahı günü ancaq Qazaxa, Qaryaginə və Gəncəyə çatır, belə olanda "Molla Nəsrəddin" jurnalının Bakıdan mahallara gedib çatmağı 24 saat çəkir.

...İndi dəxi gündəlik qəzetlər kəndlilərin iştahasını söndürə bilməz və lazım gəlir ki, kəndlərə qəzet karvanı bir dəfə səhər daxil ola, bir dəfə günorta daxil ola, bir dəfə də axşam daxil ola. Məlumdur ki, bunun öhdəsindən bircə aeroplan gələr ki, jurnalımızı götürsün göyə və Azərbaycan kəndlərinə yarpaq kimi səpələsin və kəndlilər də bir-birini basa-basa qapış-qapış edib oxusunlar.

İş ki belə oldu, biz bununla elan edirik ki, "Molla Nəsrəddin" adında bir aeroplan bina etmək qəsdinə gəlmişik və ümidvarıq ki, tez vaxtda camaat tərəfindən idarəmizə o qədər qızıl pul daxil ola ki, biz də bir aeroplan ala bilək".

Ayrı-ayrı insanlar da, müəssisələr də "Molla Nəsrəddin" aeroplanı üçün açılmış hesaba vəsaitlər keçirirdilər. 1924-cü ilin 10 dekabrında "Kommunist" qəzeti xəbər verirdi ki, əməkçi xalqdan toplanmış ianələr hesabına istehsal edilən "Molla Nəsrəddin" adlı təyyarə bu günlərdə Bakıya gətiriləcəkdir.

Gətirilmişdi də, Bakı səmasında o təyyarə dövrələr vurmuşdu da. Sorağı mətbuat qoruyub saxlayıb. 1925-ci il iyulun 21-də "Kommunist" qəzeti yazırdı ki, ayın 20-də "Molla Nəsrəddin" adına təyyarə Bakıya gətirilmiş, Hava Donanması və Kimya Dostları Cəmiyyəti sədri Çingiz İldırım yoldaş və Hərbi İnqilab Şurası üzvü Əliheydər Qarayev formulyar təslim edib musiqi sədaları altında Binəqazı, Suraxanı və Bülbülə işçiləri nümayəndələri "Molla Nəsrəddin" təyyarəsinə minib şəhərin üzərində on dəqiqə uçmuşdur...

O vaxt istehsal olunmuş "Molla Nəsrəddin" təyyarəsi ömrünü yaşayıb, qalıb tarixin dünənində. Amma Cəlil Məmmədquluzadə də, onun yaratdığı "Molla Nəsrəddin" də, Mirzə Cəlilin silahdaşı olmuş mollanəsrəddinçilər də həmişə uçuşda olan bir təyyarədir. Xalqın sevgisindən güc alan bu təyyarə həmişə fəzalarda qalacaq, daim gələcəyin ənginliklərinə doğru uçacaq!

 

5 iyul 2024

Rafael HÜSEYNOV

Akademik

525-ci qəzet .- 2024.- 20 iyul,№(127).-S.16-17.