"Studentlər" romanı tariximizin güzgüsü kimi  

TAĞIYEV-BEHBUDOV DAVASI

 

 

(Əvvəli ötən şənbə sayımızda)

 

Mühəndis həmkarlarından Maslov və Bekkerin məhkəmədəki şahid ifadəsindən isə iki gün əvvəl "altı nəfər tərəfindən amansızcasına döyülmüş" Behbudovun mayın 18-də Texniki komissiyanın bir saatdan çox çəkən iclasında əvvəldən sonadək iştirak etdiyi, kifayət qədər mürəkkəb sənədlər və yekun protokolu ilə tanış olub imzaladığı aşkara çıxır.  Şahidlər onun sifətində zədə görmədiklərini də sözlərinə əlavə etmişdilər. Lütfəli bəy isə iclasa gələrkən üzünün göyərmiş yerlərini pudraladığını bildirmişdi.

Amma hansı şəraitdə baş verməsindən, zədələrin xarakterindən asılı olmayaraq istənilən halda döyülmə, şəxsiyyətin alçaldılması və özbaşına mühakimə qurmaq faktı göz önündə idi. Belə hallar isə Rusiya imperiyasının qanunvericiliyinə əsasən cinayət xarakteri daşıyır və cavabdehlər üçün bəlli cəzalar nəzərdə tuturdu.

Lütfəli bəy uzun sürən tərəddüdlər nəticəsində yalnız iyunun 11-də, hadisənin üstündən təxminən bir ay keçəndən sonra Bakı Dairə məhkəməsinə şikayət ərizəsi ilə  müraciət etmişdi. Bu məsələdə ən çox təkid edən xanımı Leyli Behbudova idi. Əsilzadə nəslindən olan gənc qadın Lütfəli bəyin özünün və ailəsinin ləkələnmiş adını təmizə çıxarmasını, cəmiyyətin nəzərində bəraət qazanmasını şərəf borcu sayırdı. 

Onun məhkəməyə müraciətlə bağlı tərəddüdlərinin səbəbini başa düşmək çətin deyil. Çünki "Qafqazın ən güclü adamına" - həm dövlət, həm də xalq yanında böyük etimad və etibar sahibi olan H.Z. Tağıyevin özünə "əlcək atmaq" lazım gələcəkdi. Hələ müsəlman-qafqazlı əxlaq kodeksi ilə yaşayan Bakı mühiti bu gözlənilməz addımı necə dəyərləndirəcəkdi? "Od olmayan yerdən tüstü çıxmaz" - prinsipi ilə düşünüb döyülmə faktına haqq qazandıran insanlar buna necə baxacaqdılar? Hökumət həqiqi mülki müşavirini, birinci gildiya tacirini, fəxri Sülh hakimini, hətta rəsmi dairələrin də birmənalı şəkildə "Qafqaz müsəlmanlarının başçısı"  kimi qəbul etdiyi mötəbər milyonçunu adi bir mühəndisin (lap xan nəslindən olsa da!) ayağına verəcəkdimi? Xalq 73 yaşlı ağsaqqalı, Məkkə-Mədinə yolçusunu, yüzlərlə insana yardım əli uzatmış xeyirxah Hacını bihörmət və rüsvay etməyi Lütfəli bəyə bağışlayacaqdımı?

Məsləhət üçün üz tutduğu həmkar və dostlarının reaksiyası müxtəlif olmuşdu. Azərbaycan Cümhuriyyətinin gələcək daxili işlər naziri Behbud xan Cavanşir  ifadəsində həmkarını fikrindən daşındırmağa çalışdığını bildirmişdi: "Behbudov Şuşadan qayıdandan sonra məhkəməyə rəsmi şikayət ərizəsi vermək qərarına gəldiyini öyrəndim. Ona dedim ki, cənab Tağıyevin müttəhimlər kürsüsündə oturması sənin çəkdiyin fiziki əzablardan daha dəhşətli ayıb olar. Çünki gözümü açandan bəri cənab Tağıyevin xeyirxah əməlləri haqqında eşitmişəm və bunlar düşüncəmdə möhkəm yer salıb. Özümə gəldikdə şəxsən cənab Tağıyevdən heç bir asılacağım yoxdur. Amma eyni zamanda, onun xeyriyyəçilik fəaliyyətinə, xüsusən də imkansız tələbələrə təqaüd verməsinə heyran qaldığımı etiraf etməyə bilmərəm". B.Cavanşir eyni zamanda şəxsi münaqişənin regionçuluqla bağlanması, bakılı-qarabağlı qarşıdurmasının zəmininə çevrilməsi ilə əlaqədar narahatlığını da dilə gətirmişdi. Hətta bir qarabağlı kimi, Bakıda həyatına təhlükə hiss etdiyini, daim silahla gəzdiyini də gizlətməmişdi.

Mötəbər Hacının və "günahsız bir müsəlman qadınının" adının hallanmasın istəməyən  Cümhuriyyətin ilk Baş naziri Fətəli xan Xoyski isə səs-küylü məhkəmədən qaçmaq üçün məsələni dueldə həll etmək variantını irəli sürmüşdü. Söhbət açılanda Behbud xan Cavanşir də onun fikrinə tərəfdar çıxmışdı. Amma hər ikisi ciddi götür-qoy edəndən sonra təkliflərinin kifayət qədər əsaslı olmadığı qənaətinə gəlmişdi. Əvvəla, təpədən dırnağa qədər patriarxal bir müsəlman kişisi olan ağsaqqal, ağzı dualı Hacını duelə çağırmaq gülünc və yersiz görünürdü. Üstəlik, tədricən Rusiyanın özündə də gündəlikdən çıxmaqda olan duel ənənəsi Azərbaycanda yerli-dibli mövcud deyildi. Daha doğrusu, praktikada yayılmamışdı (şəxsən mənə Lütfəli bəylə eyni nəsildən olan rus ordusunun poruçiki, Qarabağ xanlığının gələcək tarixçisi Əhməd bəy Cavanşirin 1850-ci ildə eyni hərbi hissədə xidmət etdiyi bir zabitlə dueldə vuruşması, nəticədə qolundan yaralanması hadisəsindən başqa rəsmi təsdiqini tapmış ikinci fakt məlum deyil - V.Q.). Digər tərəfdən, Behbudovun döyülməsinin təşkilatçısı və sifarişçisi şəxsən H.Z.Tağıyev özü idisə, onun cahil, əmr qulu qardaşı oğlu, yaxud başqa bir qohumu ilə dueldə üzbəüz gəlmək adekvat addım sayıla bilməzdi.

Bakı şəhər dumasının üzvü, gələcək Azərbaycan Cümhuriyyətinin ilk xarici işlər naziri Məhəmməd Həsən Hacınski də Lütfəli bəyi məhkəməyə müraciət niyyətindən daşındırmaq istəyənlər arasında idi. Hətta dumanın azərbaycanlı qlasnılarının bu məqsədlə çəkişən tərəflərə  göndərmək istədikləri kollektiv məktubun hazırlanmasında yaxından iştirak etmişdi.

Sadalanan adlar maraqlı müşahidə üçün zəmin yaradır. L.Behbudova məsləhət verən, yol göstərən ziyalılar yeddi il sonra XX əsrdə ilk müstəqil milli dövlətimizin - Azərbaycan Cümhuriyyətinin hökumət və Parlamentinin rəhbərliyində yer alacaqdılar. Güman etmək olar ki,  çarizmin süqutunun hələ gündəlikdə dayanmadığı dövrdə də onların arasında yaxın əlaqələr, müəyyən ideya birliyi mövcud olmuşdu. Həm də bu əlaqələr məqsədyönlü ictimai-siyasi xarakter daşımışdı. Başqa sözlə desək, adlarını çəkdiyim şəxsləri yalnız imperiyanın çöküşü bir araya gətirməmişdi. Əksinə, birlikdə olmaları bəlkə də qarşıdan gələn taleyüklü dəyişikliklərə qüvvə və imkanları daxilində hazırlıq xarakteri daşımışdı. Maraqlıdır ki, türklük zəminində qurulan əməkdaşlıq sadəcə Bakı və Azərbaycan mühiti ilə məhdudlaşmırdı. Məsələn, Lütfəli bəyin vəkili tanınmış ictimai-siyasi xadim, Peterburq Hərbi Hüquq Akademiaysının məzunu, milliyyətcə balkar türkü olan Basiyat Şaxanov (1879-1919) idi. 1917-ci il fevral inqilabından sonra o, Şimali Qafqaz xalqlarının milli-azadlıq mübarizəsinə qoşularaq Azərbaycan Cümhuriyyəti ilə sıx dostluq əlaqələrinə malik müstəqil Qafqaz Dağlıları Respublikasının qurulmasında və fəaliyyətində yaxından iştirak etmişdi.

lll

L.Behbudov özünün də etiraf etdiyi kimi, məruz qaldığı fiziki ağrılardan çox tapdanmış şərəf və ləyaqətinin təmizə çıxarılması üçün məhkəməyə müraciət edib-etməməklə bağlı Hamlet sualı qarşısında qaldığı vaxtda hökumət özü onun köməyinə yetişmişdi. Bakı prokurorluğunun zərərçəkənin istəyindən asılı olmayaraq nəzarət qaydasında cinayət işi açacağını öyrənən Lütfəli bəy son qərarını vermişdi.

Amerikan tədqiqatçısı Robert Denisin yazdığı kimi, "16 may hadisəsi sonda cinayət mühakiməsinin predmetinə çevrildi: H.Z.Tağıyev 6 nəfərin iştirakı ilə  Behbudova hücum təşkil etməkdə ittiham olundu. Xalqa açıq keçirilən məhkəmə salonu dolub-daşdı, bəzi qəzetlər hər gün məhkəməyə bir neçə səhifə həsr etdilər. Mətbuat tərəfindən bolluca bər-bəzək vurulmuş çoxsaylı rəvayətlərin qarşısını almaq mümkün deyildi. Çünki ortada yasaq sevgi macərası, qəzəblənmiş ər və vəhşi qisas söhbəti vardı. Hadisələrin mərkəzində isə yerli müsəlman ziyalıları, İran şah ailəsinə mənsub əsilzadə hərbçi, bir neçə milyonçu, Rusiya Dövlət dumasının üzvləri və təbii ki, Qafqazın qüdrətli şəxsi Tağıyev özü dayanırdı. Bakı sakinləri bu olayı tezliklə unutmadılar. Hətta baş verənlər aradan bir qərinə keçəndən sonra dövrün ən məşhur romanı sayılan "Əli və Nino"da öz əksini tapdı".

Xəyalən yüz neçə il əvvələ qayıtsaq, həmin günlər Bakının bir nömrəli məsələsinin Tağıyev-Behbudov davası olduğunu anlamaq çətin deyil. Şahidlərdən birinin dediyinə görə, bu barədə hər yerdə, hər kəs - bilən də, bilməyən də danışırdı. Evlərdə, küçə və bağlarda, bulvarda, klubda, hətta hamamlarda qarşıdurmasının yeni-yeni təfərrüatlarla zənginləşmiş versiyaları ağızdan-ağıza gəzirdi. Behbudova qarşı daha dəhşətli və biabırçı işgəncələr hazırlanmasına işarələr vurulurdu.

Bizim günlərdəki kimi ötən əsrin əvvəllərində də sensasiya axtarışında olan mətbuat mövzunun gündəmdən düşməməsi üçün xüsusi canfəşanlıq etmişdi. Qəzetçilərin çoxunun şayiə və dedi-qodulara əsaslandığını, rus məsəlində deyildiyi kimi, "slışal zvon, da ne znaet qde on" prinsipi ilə hərəkət etdiyini söyləmək isə artıqdır.

Məsələn, G.Zamıslovski kitabında adını çəkmədiyi bir rus qəzetinin yaydığı xəbəri nümunə kimi vermişdi: "Üç gün əvvəl Tağıyevin evində amansızcasına döyülən mühəndis Behbudov dəhşətli əzablar içərisində bu gün canını tapşırmışdır".

Moskvada çıxan "Zemşina" qəzeti "zavallı Behbudovun milliyyətcə erməni olduğu" xəbərini yaymış və bununla da Cənubi Qafqazda səngimək bilməyən "erməni-müsəlman yanğınına" öz benzin payını əlavə etmişdi.

"V mire musulmanstva" (Sankt-Peterburq) qəzeti hadisə barədə müxbirinin görünür, konkada, yaxud bulvarda eşitdiyi səthiliyi, qeyri-dəqiqliyi ilə seçilən və daha çox əsassız şayiələrdən qaynaqlanan yanlış xəbərini yaymışdı: "Müsəlmanlar arasında güclü qarışıqlıq var. İndi onlar iki dəstəyə ayrılıblar. "Behbudovçular", yaxud daha dəqiq desək, bakılılar və şamaxılılar (?- V.Q.). Behbudov Şamaxı müsəlman aristokratiyasının tanınmış nümayəndəsidir. Sərtliyi, cəsurluğu və qeyri-adi məqsədyönlülüyü ilə seçilir". Müəllifin Azərbaycanla tanışlıq səviyyəsi Şamaxı ilə Şuşanı qarışıq salmasından da aydın bəlli olur.

Şübhəsiz, Rusiyanın seçkin ali təhsil müəssisələrindən birinin yetirməsi olan Lütfəli bəy də ağılsız adam deyildi. Məhkəmədəki çıxışlarında, qəzetlərə ötürülən materiallarda baş verənləri həmişə Hacının şəxsiyyətini yüksəltmək motivi üzərində qurur, bu fonda döyülüb-alçaldılmasının dəhşətli və gözlənilməz səciyyəsini daha görümlü nəzərə çarpdırmağa müvəffəq olurdu. Eyni zamanda, cəmiyyətə mesaj ötürməyə çalışırdı ki, Hacı çoxsaylı pərəstişkarlarının iddia elədikləri kimi təpədən dırnağa xeyirxahlıq mücəssəməsi sayılacaq yarımmüqəddəs insan deyil. Onun daxilində dəhşətli bir despot, gerçək bir feodal, pulun gücünə istədiyini etməyə qadir əzazil bir adam oturub. Sarayı isə əksəriyyətin düşündüyü kimi bir millət ocağı deyil, əksinə, haqsızlıq və şər-qisas yuvasıdır. "Üstümə çəkilən hücuma mat qalmışdım, - deyə o, məhkəmədəki ifadəsində bildirmişdi: - Döyülməyim məni təəccübləndirmədi. Çünki Qafqazda yaşayıram, burada vəhşi adətlərin hökm sürdüyünü yaxşı bilirəm. Məni təəccübləndirən hər yerdə yüksək hörmət və ehtirama layiq görülən, hər addımı hökumət tərəfindən alqışlanıb təqdir olunan möhtərəm Hacının evində döyülməyim idi. Əgər gözümün qabağında yer yarılsaydı, yenə də cənab Tağıyevin mülkündəki vəhşi qisas əməlindən daha az heyrətlənərdim".

Vəkil G.Zamıslovski məhkəmədəki çıxışında zərərçəkənin taktikası arxasında nələrin dayandığını açıqlayaraq sözlərinə belə yekun vurmuşdu: "Behbudovun dediklərinin hamısını uydurma hesab edirəm. Soruşa bilərsiniz  niyə?  Çünki bütün iddialar ilk növbədə intiqam almaq hissinin təsiri altında irəli sürülüb. Əslində onun başqa çıxış yolu da yox idi. Vaxt itirmədən xanımı, ailə üzvləri, dostları, nəhayət cəmiyyət qarşısında özünə bəraət qazandırmalı idi. Bunun üçünsə yalnız bir yol vardı: mayın 16-da baş verənlərin ağırlıq mərkəzini hadisənin səbəbindən döyülmə faktına yönəltmək... Ailə şərəfinə kəm baxdığı üçün xeyirxahı tərəfindən evdən qovulmuş adamdan ayrı nə gözləmək olardı? Aydın məsələdir ki, o, rəngləri bacardığı qədər tündləşdirəcək, məruz qaldığı əzabların bir-birindən dəhşətli lövhələrini cızacaq. Təbii ki, bu da öz növbəsində cəmiyyət içərisində müsəlman adət-ənənələrinin qaba və kobud olması, mədəniyyətin çatışmaması haqqında söz-söhbətə rəvac verəcək".

Ola bilər. Amma eyni məntiqlə vəkilin özünün də aldığı fantastik qonorarın müqabilində belə danışdığını iddia etmək olar...

Şübhəsiz, Hacı Zeynalabdin Tağıyev şəxsiyyəti və əməlləri ilə həmişə diqqət mərkəzində dayanmışdı. Cəlb olunduğu məhkəmə işi bu marağı daha da artırmış, bəzi hallarda isə təftişçilik meyllərinə yol açmışdı. Məsələn, Rəhim bəy Məlikov Hacının üç il əvvəl çox güman ki, bir başqası (bəlkə də ekssentrik baş redaktor Haşım bəy Vəzirovun özü? -V.Q.)  tərəfindən yazılan və "Tazə həyat" qəzetində dərc olunan məqaləsinə diqqət çəkmişdi. Publisistin ifadəsi ilə desəm, "yeni müəllif" (yəni Tağıyev - V.Q.) bu yazısında müsəlman qadınlarının iffət və namuslarını qorumaq üçün qapanmalarının zəruriliyi fikrini əsaslandırmışdı. Rəhim bəy sual edirdi ki, məgər hicab taxmayan qadınlar namus qeydinə qalmırlar?  Bir də çadra müsəlman qadını üçün bu qədər vacibdirsə, Hacı nə üçün ilk növbədə öz evindən və xanımından başlamır?

Vəkillər Maklakov (sağda) və Zamıslovski (solda) rus Femidası ilə. Karikatura Rusiyanın sol mətbuatında dərc olunmuşdu.

Hökumətə yaxın (bəzən monarxist də adlandırılır) mətbuat isə müəyyən istisnalarla Hacını müdafiə etməyə çalışırdı. Məsələn, aşağıda gətirdiyim nümunədə olduğu kimi: "Hacı Zeynalabdin Tağıyev Qafqaz müsəlmanları arasında yalnız milyoner, hətta arximilyoner kimi tanınmır. Tağıyev öz dindaşlarının başçısıdır, yolgöstərənidir. Tağıyev müsəlman dünyasında ölçüyəgəlməz nüfuz, hörmət və ehtirama malik şəxsiyyətdir. Məhkəmədə hətta düşmənləri də onun müsəlmanlar arasında maarifin yayılması və xeyriyyəçilik sahəsindəki xidmətlərini inkar etmirdilər. Əgər inqilab illərində (Birinci rus inqilabı nəzərdə tutulur - V.Q.) Qafqaz müsəlmanları Rusiyanın sadiq təbəələri kimi qalmışdılarsa, burada Tağıyevin öyüd-nəsihəti və təsiri həlledici rol oynamışdı. Beləliklə, Tağıyev sadəcə milyonlar sahibi deyil, onun həm də dövlət və cəmiyyət qarşısında çox böyük xidmətləri var".

Sol təmayüllü rus mətbuatı uzaq Bakıda baş vermiş ailə qalmaqalından, xüsusən də Maklakov, Zamıslovski kimi tanınmış hüquqşünasların məhkəmədə Tağıyevin müdafiəçiləri qismində iştirakından öz məqsədləri üçün yararlanmağa çalışmışdı. Yuxarıda Lenindən gətirdiyim sitatdan da bəlli olur ki, çoxlarına "xilas kəməri" kimi görünən ifrat zənginlik Hacı üçün üstünlük amilinə deyil, əlavə problemə çevrilmişdi. Bəzi qəzetlər ictimai fikirdə elə əhval-ruhiyyə yaratmağa çalışırdılar ki, "istismarçı kapitalist" milyonları hesabına yalnız ziyalıların şəxsiyyətinə deyil, dövlətə, qanunlara, mövcud ədliyyə sisteminə də meydan oxuyur. Pulun gücünə hər şeyi alır, Bakıda padşahlıq edir. Heç yerdə təsdiqini tapmamış şayiələrə əsasən iddia olunurdu ki, Maklakova qonorar kimi 100 min, Zamıslovskiyə isə 40 min manat (XX əsrin əvvəlində bu məbləğlər böyük sərvət sayılırdı! - V.Q.) ödənilib. "Moskovskie vedomosti" qəzetinin H. Z.Tağıyevə hökm çıxarılandan bir neçə gün sonra, 1912-ci il martın 23-də dərc etdiyi redaksiya məqaləsində deyilirdi: "Az-az məhkəmə çəkişmələri olur ki, cənab Tağıyevin işindəki kimi sol mətbuat hələ proses başlanmazdan əvvəl ittiham edilən tərəfin səsini batırmaq üçün bu qədər canfəşanlıq göstərsin, qəsdən şişirdilən ictimai fikrin tam ağırlığı ilə məhkəmənin vicdanını susdurmağa çalışsın".

lll

Təxminən 9 ay sürən istintaq və təhqiqatlardan sonra 1912-ci il 6-11 mart tarixlərində 74 yaşlı milyonçu-filantrop Hacı Zeynalabdin Tağıyev, eləcə də mühəndis Behbudovun döyülməsində ona yardım etmiş digər altı nəfər məhkəmə önünə çıxarıldı. Rusiya imperiyasının ən tanınmış vəkillərinin prosesdə fəal iştirakına, söylədikləri yerli-yataqlı, odlu-alovlu müdafiə nitqlərinə baxmayaraq, qəzetlərin "Bakı padşahı" kimi təqdim etdikləri Hacı prosesi uduzdu. Özü iki il yarım, "əlaltıları" isə iki il həbs cəzasına məhkum edildi. Həmişə belə hallarda olduğu kimi, xəbərə sevinənlər də tapıldı, kədərlənənlər də... Düşünürəm ki, ikincilərin sayı qat-qat çox olmalı idi.

Daha 9 ay keçdi və Tiflis Apellyasiya Məhkəməsində müttəhimlərin hökmdən verdikləri şikayət ərizəsinə baxıldı. Üç gün (10-12 yanvar 1913-cü il) davam edən iclas hüquqi dillə desəm, ilk instansiya məhkəməsinin qərarını ləğv etdi. İttiham olunanların hamısına bəraət verildi. Pozulmuş hüquqları bərpa edildi. Təbii ki, bu müddət ərzində Hacı bir gün də olsun həbsxana kamerasında oturmadı. Səs-küylü məhkəmə prosesi arxada qalandan sonra həmişəki işinin başına qayıtdı. Heç kimə və heç nəyə baxmadan yaxşılıq eləmək, əl tutmaq vəzifəsini davam etdirdi...

lll

Doğrusu, hər yerdə "erməni izi" axtarmağı sevmirəm. Gizli deyil ki, bəzən öz səhv və yanlışlıqlarımızı, laqeydlik və fəaliyyətsizliyimizi  xalqımıza onsuz da yetərincə pislik etmiş bədniyyət qonşularımızın adına yazmaqla özümüzü duruya çıxarmağa çalışırıq. Ona görə də Hacıya qarşı çevrilən və onun formal həbs qərarı ilə yekunlaşan məhkəmədə hansısa "erməni barmağının" mövcud olması fikrindən uzaq idim. Eyni zamanda bilirdim ki, erməni dramaturqu Emin Ter-Qriqoryan 1910-cu ildə qələmə aldığı "Alov və qılınc" pyesində müsəlman zəngini Hacı Əhməd ağa adı altında H.Z.Tağıyevin təbii ki, rus və erməni düşməni kimi təqdim edilən obrazını yaradıb. Onun milyonlar xərcləyərək məşhur publisist Əhməd bəy Ağayev (Şükür ağa) və Qafqaz Senzura Komitəsinin ilk azərbaycanlı senzoru Mirzə Şərif Mirzəyev (Mirzə Cabbar ağa) kimi azərbaycanlı ziyalıların vasitəsi ilə Rusiya müsəlmanları arasında  pantürkizm və panislamizm ideyalarını yaymaq niyyətindən, ermənilərin isə "böyük çətinliklər bahasına təhlükəli təbliğatın Rusiya ərazilərinə, eləcə də Avropaya nüfuz etməsinin qarşısını almalarından" söz açıb. Erməni tərəfi məşhur şərqşünas N.Veselovskinin redaktorluğu ilə əsərin 1916-cı ildə Moskvada, rusca nəşrinə də nail olmuşdu. Bununla da çar "Oxranka"sı bir növ "bədii donos" ötürülmüşdü.

Bilirdim ki, 1918-ci ilin martında Bakıda dəhşətli soyqırımı törədən Şaumyan güruhu Hacının Qafqazdakı şöhrət və adından alçaqcasına öz məqsədləri üçün istifadə edib. Onun mart günlərində guya heç bir milli qırğın baş verməməsi, ermənilərin azərbaycanlılara hər cür kömək göstərmələri, günahkarların isə müsəlmanların öz arasında olması barəsindəki saxta minnətdarlıq teleqramını bolşevik mətbuatda yayıblar. İllər boyu erməni təbliğat maşını adına, mahiyyətinə yaraşan bu çərəfsiz yalanı hər yerdə tirajlayıb. "Tağıyev və erməni" məsələsi tanınmış tarixçilərimizdən Solmaz Rüstəmova-Tohidi və Fərhad Cabbarovun araşdırmalarında geniş işıqlandırıldığı üçün burada təkrara ehtiyac görmürəm.

"Moskovski vedomosti"nin 23 mart 1912-ci il tarixli 69-cu sayında çap edilmiş məqalədən gətirəcəyim uzun, amma gizli mətləblərdən xəbər verən sitat isə "Tağıyev-Behbudov" davası kimi sırf şəxsi-ailəvi xarakterli qarşıdurma zəminində Bakının ən mötəbər sakininin yaş və mövqeyinə  yaraşmayan tərzdə cəzalandırılmasında da "erməni izinin" mövcudluğu haqda şübhələrə yol açır. Yazıda deyilir:

"Hətta indi dilənçi vəziyyətinə düşmüş dünənki erməni soyğunçularının (rusca mətndə "ekspopriator" - pul üçün insan oğurluğu ilə məşğul olan, bank yaran canilər nəzərdə tutulur - V.Q.) da məhkəmədə vəkilsiz qalmalarına razı deyilik. Baxmayaraq ki, sol mətbuatın əksər hissəsi Tağıyevi məhz bu hüquqdan məhrum etməyə çalışır. Ancaq məsələ buradadır ki, Tağıyevə qarşı təqib və basqıların başlıca səbəbi də, şübhəsiz, həmin erməni daşnakları ilə bağlıdır.

Yaxşı məlumdur ki, indi məhkəmənin sərt şəkildə cəzalandırdığı Tağıyev yalnız milyonçu deyil, həm də cəmiyyətdə yeri, mövqeyi olan tanınmış şəxsdir. Zaqafqaziya müsəlmanlarının patriarxı, onları hər cür inqilab və inqilabçılardan müdafiə edən ictimai xadimdir. Erməni daşnaklarının barışmaz düşmənidir. Qayda-qanun sevən vətəndaş, qüsursuz rus vətənpərvəri kimi Tağıyev artıq çoxdan daşnakların, eləcə də  Rusiyanı çeynəyib-didən hər növ inqilabçıların hədsiz nifrətinin qazanıb. Tağıyevi yalnız bir səbəbdən suçlu sayırlar ki, tatarlar onun yardımı ilə silah əldə edə bildilər, qədlərini düzəldib daşnaksütyun inqilabının qarşısını aldılar. Sol mətbuatın öz çağırışları ilə daim bir tərəfdən o biri tərəfə qovduğu unutqan kütlə, görünür, yaddan çıxarıb ki, "zavallı erməni daşnakları", bu "yoxsul inqilabçılar" əslində qəddar, amansız soyğunçular idilər. Zülmləri altında inləyən soydaşlarından da ölüm hədəsi ilə "öz işləri üçün" bac-xərac alırdılar. Kütlə, görünür, yaddan çıxarıb ki, sərəncamında hər cür silah-sursat olan mütəşəkkil və müsəlləh daşnak ordusu Zaqafqaziyanın bir çox  guşələrini ələ keçirmiş, ilk növbədə isə müsəlmanları öz torpaqlarından, yer-yurdlarından məhrum etmişdi. İndi rus məhkəməsinin bit kimi basıb əzdiyi Tağıyev isə həmin o adamdır ki, daşnakların yolunu kəsdi, onların inqilabına dəhşətli zərbə endirməklə həm soydaşlarına, həm də Rusiyaya böyük xidmət göstərdi".

Necə deyərlər, şərh verməyə ehtiyac yoxdur.

Aydın məsələdir ki, özü də bir neçə il sonra daşnak gülləsinə hədəf olan Lütfəli bəyi barışmaz düşmənlə hər hansı işbirliyində, erməni sifarişini yerinə yetirmək niyyətində  suçlu saymaq fikrindən çox uzağam. Bəs həbs müəmmasının arxasında nə dayanır? Sadəcə, görünür, müəyyən siyasi-maliyyə xarakterli maraqlar naminə Qafqazdakı erməni oliqarxiyasının istəkləri ilə oturub-duran çar administrasiyası, yerli rus məhkəmə sistemi öz ayağı ilə qapıya gəlmiş fürsətdən istifadə edib xalq arasında qeyri-adi populyarlığa malik  Hacıya "yerini göstərmək" imkanından yararlanmışdı...

lll

Geniş yayılmış bir rus məsəlində deyilir: "Ot tyurmı i ot sumı ne zarekaysya" - yəni  həbsxanadan, yaxud ehtiyacdan bir kimsə sığortalanmayıb. Hacı Zeynalabdin Tağıyev də hesabsız sərvətinə  baxmayaraq, uzun, hadisələrlə zəngin ömründə həm həbsxananın bir addımlığında dayanmış, həm də ixtiyar yaşda ehtiyacın sərt üzünü görmüşd.

Həyatının çətin çağında ona bir vaxtlar imkanı ilə iddiası düz gəlmədiyinə, "cibində beş qara qəpik olmadığı halda hökumətlə hökumətlik etmək fikrinə düşdüyünə" görə acıladığı Nəriman Nərimanov arxa durmuşdu. Sinfi mübarizə haqda Lenin təliminə əhəmiyyət vermədən, çevrəsindəki bolşevik başbilənləri saya salmadan "istismarçı kapitalistin" həyatının son illərini maddi və mənəvi baxımdan ləyaqətli şəkildə yaşaya bilməsi üçün səlahiyyətinin, imkanının çatdığı çox şeyi etmişdi.

Görəsən, Azərbaycan Cümhuriyyəti iş başında qalsaydı, diribaş və bacarıqlı Lütfəli bəy isə milli hökumətdə hər hansı yüksək vəzifəyə, məsələn, nazir postuna yiyələnsəydi, vəziyyət necə olardı? Kiçiklik göstərib Hacıya barışıq əli uzadardı, yoxsa vəzifənin verdiyi imkandan yararlanıb keçmiş haqq-hesabı çürütməyə çalışardı?

Yaxşı ki, tarix feilin şərt şəklini qəbul etmir.

Amma düşünürəm ki, Cümhuriyyət onilliklər boyu "millət atası" olmuş, var-dövlətini xalqının yolunda sərf etmiş Hacıya qarşı heç vaxt çıxmazdı.

Deməli, Cümhuriyyət ideyalarını paylaşan Lütfəli bəy Behbudov da bunu heç vaxt etməzdi...

 

Sarayevo

iyun 2024-cü il

Vilayət QULİYEV

525-ci qəzet .- 2024.- 20 iyul,¹(127).-S.14-15.