"Bu kitab yeni dövrdə oxuculara
ilk hədiyyən olsun"
XALQ YAZIÇISI, AKADEMİK KAMAL ABDULLAYA AÇIQ
MƏKTUB
Şəxsiyyətinə böyük dəyər
verdiyim, əsərlərini sevə-sevə oxuduğum ustad
yazıçımız, çox hörmətli Kamal Abdulla!
Bugünlərdə Sənin yeni kitabın nəşr olunub.
Kitabın qəribə adı var: "Seçmələrin
seçməsi - qranulalar". Kitabı birnəfəsə
oxudum, bir hissəsini əməkdaşlarımla birgə
oxuduq, fikir mübadiləsi apardıq. Bu kitab da bütün əsərləriniz
kimi çox uğurludur. Kitabın hər cümləsinin
altında dünyaya sığmayan mahiyyət var. Bu mahiyyət
insanı düşünməyə vadar edir, dərkə,
ömrün qalan hissəsini daha uğurlu, mənalı
yaşamağa dəvət edir. Çünki burada
xalqımızın dahilərinə və müdriklərinə
layiq olduqları dəyər verilir, onların bənzərsizliyi
göstərilir.
Kitabın 411-ci səhifəsində yazırsan:
"Nizami, Nəsimi, Füzuli kimi neçə-neçə təfəkkür
və mərifət sahibi üçün Vətən
bütün dünya, bütün kainat idi. Bu insanlar
dünyanı ölkələrə, insanlığı millətlərə,
irqlərə, rənglərə bölmürdülər.
Onlar üçün "müsəlmanlar və başqaları"
bölgüsü yox idi.
Bəlkə də elə buna görə onlar bizim
üçün belə əlçatmazdır?!"
Dahilərimizə verdiyin bu ali dəyərə görə
də çox sağ ol:
"Nizami insanı böyütdü.
Nəsimi ona Ali Həqiqəti tanıtdı.
Füzuli onu dərinləşdirdi.
Xətayi onun qorxmazlıq təşnəsini
söndürdü.
Məhəbbət barədə bildikləri saf bir
utancaqlıq pərdəsinə bürünmüşdü -
Vaqif ona yataq otağına cəsarətlə girməyi
öyrətdi.
Sabir onu torpaq üstdə yeriməyə
alışdırdı.
Cavid ona qanad verdi və əngin səmada pərvaz etməyin
sirlərini anlatdı.
Bu insana qalib gəlmək olarmı?!"
Bu ali şəxsiyyətləri belə yüksək səviyyədə
tərənnüm etməyin təsadüfi deyil,
çünki Sən özün də Ali İnsansan!
Peyğəmbər olan şəxsiyyətə ən
layiqli dəyəri verirsən: "Peyğəmbərin
yaranmasının şərti o deyildir ki, işıqlı bir
adam meydana çıxmalıdır. Əsas şərt odur
ki, bu işıq qaranlıq kütlənin fonunda
parlasın". Budur Peyğəmbər mahiyyətinə verilən
ən layiqli dəyər.
Kitabın 340-cı səhifəsində Füzuli
mahiyyətinin tərənnümü də olduqca dəqiqdir:
"Füzuli hər qəzəlində Yerdən Göyə,
Göydən Yerə gözəgörünməz sürətlə
gedən qayıdan bir Səyyahdır". Düzünü
deyim ki, ikinci bir insanın belə mükəmməl ifadəni
tapa biləcəyinə inanmıram.
Hörmətli dostum, əzizim Kamal müəllim!
Yazırsan ki, "Həyatda görmədiklərimiz
qaldımı?! Satqın dostlardan kişi düşmənlərə
qədər hər kəsi gördük".
Bu yazının özünü oxumaq dəhşətdir.
Bu dəhşəti satqın dostları görmüş
insanlar yaşaya bilər. Dost sözünün məna
yükünü dərk edənlər bilər. Sən bu məna
yükünü dəqiq bildiyin üçün belə
yazmısan.
Aşağıdakı fikirlərin də dostluq fəlsəfəsinin
inikası olduğu qənaətindəyəm:
"Gözündən görürəm, bu dost itəcək
Yalın ayağıma batmaq istəyib
Yolun ortasında tikan bitəcək -
İzindən görürəm, bu dost itəcək".
Əziz dostum! Sən hər zaman sədaqətli dost
olmusan. Dostu itirməmək üçün başqalarına
yox, özünə ağır şərtlər qoymusan.
Çox təəssüf ki, bu heç də həmişə
yetərli olmur. Axı dostluqda ikinci tərəf də var.
İkinci tərəf də özünə belə
ağır şərtlər qoymursa, göz görə-görə
dostunu itirirsən.
Əziz dostum! Aşağıdakı
misralarının gerçəkləşməsini çox
istərdim:
"Arzuların dil açıb yalvarar ki,
Əvvəl-axır bir oyuncaq ver mənə.
Olacağın olmağına nə var ki,
Bircə dənə olmayacaq ver mənə".
Bu ifadələrin fəlsəfi mahiyyəti olduqca
böyükdür. Mənim imkanım olsaydı, Sənin
cismani və böyük ruhlu ömrünü özün istədiyin
qədər uzadardım. Axı Sənin ömrün təkcə
özün üçün yox, bəşəriyyət
üçün lazımlıdır.
Xüsusi qeyd etmək istərdim ki, həmişə
nikbin ruhlu, yaşamaq eşqi kainata sığmaz
gördüyüm Kamal Abdullanın bu kitabında
narahatlıq, sonsuz sayda oxucuları ilə xudahafizləşmək
istəyi gördüm. Sənin yeni kitabında oxuduğum bir
çox fikirlər ruhumu incitdi, məni bu fikirlərə
qarşı üsyana çağırdı. Odur ki, Sənə
dərhal telefon açdım, bu fikirlərinə ruhumun
üsyanını bildirdim. Rica etdim ki, belə tez getməyi
düşünmə. Çünki Sən - Kamal Abdulla
bütün dünyadakı oxucularına, Səni dünyaya bəxş
edən xalqına, hər zaman sadiq olduğun dövlətinə,
dostlarına lazımsan! Əziz Kamal Abdulla sevərlərə
Sənin bir neçə fikrini təqdim edərək
onları da Səni bu fikirdən daşındırmağa dəvət
edirəm. Kitabın ön sözündə (09.04.2024-cü
ildə) yazılıb: "Məni sevən oxucuma son hədiyyəm".
Yox, hörmətli Kamal Abdulla! Hər zaman Səninlə
razılaşmışam. Amma indi yox. Bu kitab Sənin yeni
dövrdə oxuculara ilk hədiyyən olsun.
Kitabın 8-ci səhifəsində yazırsan ki:
"Vaxt gəlir, hər şeyin yetişir sonu
Bu nəydi, qurtardı, yox oldu getdi?!
Bu da bir həyatdı - oynadıq onu,
Bu da bir oyundu - yaşadıq bitdi".
Əziz dostum, hər zaman "əziz oxucum" deyərək
xitab etdiyin milyonlarla oxucuların Səndən inciyə bilər,
biz dostların isə bu fikirlərə görə Səndən
sonsuzluq ölçüsü ilə küsə bilərik.
Çox hörmətli dostum, dostluğu ilə fəxr
etdiyim Kamal müəllim! Kitabın 318-ci səhifəsində
yazdığınız misralar da məndə narahatlıq
yaratdı:
"Bu ağrılar, əzablar
Bizə gəlib dəydilər.
Unuduldu sevilən,
Unuduldu sevəni.
Bu ağacın içində
məni gizləyəydilər,
dost da gəlib baxaydı
tapammayaydı məni".
Bizim Səni itirməyə, Sənin də bizdən
qaçmağa haqqımız yoxdur. Sənsiz bizim dostluq
dünyamız məhv olar, Sənsiz qalmaq Sənin dostların
üçün dəhşətli gələcək demək
olardı.
Kitabın 334-cü səhifəsində
yazdığını heç cür qəbul etmirik. Sən yazmısan:
"Yır-yığış etmək
vaxtıdı,
Dur ayağa, getmək vaxtıdı,
Dünyadan itmək vaxtıdı,
Bu vaxt bir də ələ düşməz".
Sənin getmək vaxtın deyil. Qayıt öz həyatsevər
ovqatına!
Amma kitabının 358-ci səhifəsində
yazdığını oxuyanda bir qədər rahatlandım:
"Üzümə baxma, üzüm səni aldadar,
Gözümə baxma, gözüm səni aldadar.
Heç inanma, sözüm səni aldadar -
Mənim özümü aldadıb..."
Yuxarıda verilən qəmgin fikirlərinə
aldanmadığımı bil! Təkcə mən yox, heç
kim Sənin o ruhu əzən fikirlərinə aldanmaz.
Mənim xalqımın dahi və müdrik alimi,
yazıçısı, mütəfəkkiri! Allah Səni
qorusun!!! Mənim hər zaman inandığım böyük
Yaradanın Səni hifz edəcəyinə inanıram.
Sənə sevgisi sonsuz olan dostun.
Vaqif ABBASOV
Akademik
525-ci qəzet .- 2024.- 20 iyul,№(127).-S.13.