"And olsun qələmə!.."
22 İYUL - MİLLİ MƏTBUAT GÜNÜ
MÜNASİBƏTİLƏ
Başlığa çıxardığım ayəni
çoxdan, hələ səkkiz yaşım olanda
eşitmişdim. Kənddə ikinci sinifdə oxuyarkən məni
mollanın yanına qoymuşdular. Biz 7 uşaq idik. Dörd il
Molla Nəsirin yanında "Quran"a yiyələndik. O, bir
dəfə "əl-Qələm" surəsini şərh
edə-edə dedi:
- Allah-Təala qələmə böyük önəm
verir və müqəddəsliyinə and içir. Bir diqqət
edin. Allah-Təala "Quran"da buyurur: "And olsun qələmə,
onun yazdıqlarına!.."
65 il əvvəl Molla Nəsirdən eşitdiklərim
bu gün də yadımdan çıxmayıb. O deyərdi ki,
yadda saxlayın, Allah-Təala yalan danışanları, qeybət
edənləri, söz gəzdirənləri
bağışlamır.
Sovet dövrü idi, din yasaq edilmişdi. Sən demə,
məktəbimizdə mollanın yanına gedib-gələnləri
"imtahana" çəkmək də elə buna görə
imiş.
Ötən illərin isti nəfəsi ömür
yolumuza az sığal çəkməyib. Hər dəfə
qələmi əlimə alanda öz-özümə hesabat
verib fikirləşirəm ki, bir övlad, bir qələm
sahibi kimi bu adın şərəfini qoruya bilmişəmmi? Həqiqət
belədir ki, qələmin saflığını qorumaq
vicdanın təmizliyini qorumaq deməkdir. Müəllimimiz
Cahangir Məmmədov deyərdi ki, jurnalist harda olursa-olsun,
öz mənliyini qorumalıdır. Professor Nurəddin Babayev həmişə
xatırladardı: "Qələminə etibar et, qoy səni
sevsinlər". Qulu Xəlilov cəsarətlə deyərdi:
"Qələmdən çıxan elə sözlər var
ki, sahibinə şöhrət qazandırar, elə sözlər
var ki, gözdən salar. Qələm yazanı qılınc
poza bilməz". Mən deyərdim ki ustad jurnalistlərimiz
Şirməmməd Hüseynov, Əli Nəbili, Famil Mehdi,
Ceyran Əbdürrəhmanovadan və başqalarından dərs
alanlar heç vaxt qələmə, yazdıqlarına xəyanət
etməzlər.
QƏLƏMİN MÖCÜZƏSİ
Qələmin möcüzəsinə
inanırsınızmı? Sizi deyə bilmərəm, amma mənim
buna inamım çoxdur. Bir dəfə belə möcüzə
ilə müqəddəs Kərbəla ziyarətində
üz-üzə gəldim. 7-8 ilin söhbətidir. İmam
Hüseyn məscidindən çıxıb üzü
yuxarı qalxanda hiss etdim ki, yolu azmışam. Torpaq yolla gedə-gedə
hara üz tutduğumu fikirləşirdim. Qış olsa da,
hava bir qədər mülayim keçirdi. Eyni yolu neçə
dəfə keçsəm də, yerləşdiyimiz hoteli tapa
bilmirdim. Zəvvarların məndən ötrü narahat
olacağını fikirləşəndə həyəcanım
get-gedə artırdı.
Bir qədər aralıda Fərat çayı
zümzümə ilə axırdı. Vaxtilə Yezidin
adamları İmam Hüseynin tərəfdarlarına onun
suyundan istifadə etməyə icazə verməmişdilər.
Fəratın sularına baxa-baxa dərin düşüncələrə
dalmışdım. Nədənsə uşaq vaxtlarımda babamdan
eşitdiklərimi xatırladım: "O kəs xoşbəxtdir
ki, Aşura günü İmam Hüseynin məzarını
ziyarət etsin". Budur, illər keçəndən sonra həmin
xoşbəxtlik mənə qismət olmuşdu.
Orta məktəbdən sonra əsgər həyatım
başladı. Sonra tələbəlik illəri arxada
qaldı. 1976-cı ildə Azərbaycan Dövlət
Universitetinin jurnalistika fakültəsini bitirdim. "Lənkəran"
qəzetində məsul katib, redaktor müavini, daha sonra qəzetin
redaktoru işlədim. 1995-ci ildə, "Günay" qəzetinin
bölgə müxbiri işlədiyim dövrdə Həcc
ziyarətində oldum.
Bunları fikirləşə-fikirləşə
özümü yarpaqları saralmış bir xurma
ağacına söykənmiş gördüm. Az sonra
yaxınlıqdakı torpaq təpəciyində əyləşib
gedib-gələnlərə baxırdım. Necə
yorulmuşdumsa, göz qapaqlarımın nə vaxt
yumulduğunu hiss etməmişdim. Aradan nə qədər vaxt
keçdiyini bilmirdim. Kimsə məni
çağırırdı. Mənə elə gəldi ki,
yuxu görürəm. Yox, bu, yuxu deyildi. Səs təkrar
olundu.
Bu dəfə səs lap yaxından gəlirdi.
Möcüzə idi. Məni bir neçə nəfər
dövrəyə almışdı. Biri o birinə deyirdi:
"Hacı bizdə olub", digəri isə "Bizə də
gəlib". Başqası təkrar etdi: "Hacını mən
də tanıyıram, Hacı atam haqqında oçerk
yazmışdı".
Bəziləri üzdən tanış gəlsələr
də, kimliyini təyin edə bilməsəm də, baxa-baxa
qalmışdım.
Naxçıvanın Nehrəm kəndinə getdiyim
günlər yadıma düşdü. Bu kənd əhalinin
sayına görə respublikamızın ən iri
yaşayış məntəqələrindəndir. Burada
qaldığım üç həftə ərzində
çox şeyin şahidi olmuşdum. Adamlar olduqca sadə,
mehriban, qonaqpərvər idilər.
- Hacı, - hündürboy, buxara papaqlı, orta
yaşlı bir kişi üzünü mənə tutaraq dedi:
- Yadınızdadırmı, Mirzə Cəlilin ev-muzeyində
görüşmüşük. Muzeyin direktoru Akif Hacıyevdən
müsahibə götürürdünüz.
Mirzə Cəlilin Xatirə nuzeyindən
aldığım təəssürat illər keçsə də,
yadımdan çıxmamışdı. Muzeyin direktoru məlumat
verdi ki, burada dahi sənətkarla bağlı iki mindən
çox eksponat toplanıb. Eksponatlar üçün dörd
otaq ayrılmışdı. Birinci otaq Mirzə Cəlilin Qori
Müəllimlər Seminariyasında oxuduğu illərə həsr
edilmişdi. İkinci otaq qızı Münəvvər
xanımın həyat və fəaliyyətini əks etdirirdi.
Münəvvər xanım əvvəl rus dili müəllimi,
sonralar Nehrəm kənd xəstəxanasında mama işləmişdi,
Çaylaq məhəlləsində yaşayardı. Onunla bir
yerdə çalışmış tibb bacısı
Zümrüd Cəfərova danışırdı ki, Münəvvər
xanım sadə geyinər, kənd qadınları kimi
başını yaylıqla bağlayar, toyuq-cücə,
qoyun-quzu saxlayardı.
Muzeyin üçüncü otağı Mirzə Cəlilin
1896-cı ildən sonrakı ədəbi fəaliyyətinə,
dördüncü otağı isə ailə üzvlərinə
həsr edilmişdi.
Sonrakı günlərdə kənd ağsaqqalları
Hacı Həsən Abdullayev, Hacı Əqil Mehdiyev, Hacı Fərzalı
Məmmədov, Hacı Muradəli Muradov, Hacı Sultan Novruzov,
Hacı Məhəmməd Rzayev, Hacı Heydər Rzayev,
Hacı Zeynal Cəfərov, Hacı Cəfər Cəfərov
və başqaları ilə görüşlər bizdə
xoş təəssürat oyatdı. Odlar yurdu Azərbaycanın
ayrılmaz bir parçası olan, böyük Atabəylər,
memar Əcəmi, ustad Cavid yurdunda gördüklərim bu
gün də unudulmaz xatirəyə çevrilib.
"BAŞQASININ QAPISINI NAHAQDAN DÖYMƏ!"
"Lənkəran" qəzetinin redaktoru Şəkər
Aslan deyərdi ki, qələmdən sui-istifadə etmək
çox təhlükəlidir. Qələm sahibləri öz
ağlı ilə hərəkət etməlidir, hissləri ilə
yox. Hacı Sərdar axund hüzr məclislərindən birində
dedi: "Ağıllı adam öz ağlından, daha
ağıllı adam başqalarının ağlından da
istifadə edər. Odur ki, deyərlər, ağıl
ağıldan üstün olur". Jurnalist dostum Sərdar
Əliyev bir dəfə dedi: "Dəyərsiz insana dəyər
vermək pencəkdəki düymələrin yerini səhv
salmaq kimidir. Ona görə də həyat həqiqətlərini
olduğu kimi qələmə almaq lazımdır".
Müəllimimz Əliş Nəbili gənc jurnalistlərə
deyərdi ki, "başqasının qapısını
nahaqdan döymə, gün gələr, sənin də
qapını nahaqdan döyərlər".
Qələminə etibar edib həyat həqiqətlərini
oxucuya çatdıranlar xalq tərəfindən sevilir,
hörmət sahibi olurlar.
İnsan yer üzündə yeganə varlıqdır
ki, bütün müsbət və mənəvi xüsusiyyətlər
onda cəmləşib. Müdriklər deyirlər ki, əsl həyat
təkcə yaşamaqda deyil. Gərək elə yaşayasan,
elə fəaliyyət göstərəsən ki, özündən
sonra yaxşı izlər qoyasan. 50 illik professional jurnalist fəaliyyətimdən
görmüşəm ki, söz adamları fərqli
ömürlər yaşayırlar - həm öz ömürlərini,
həm də başqalarının. Həqiqətən də
kiminsə daxili aləminə girib dərd-sərinə şərik
olmaq, kömək, qayğı göstərmək
böyük xoşbəxlikdir.
SON SÖZ YERİNƏ
Milli mətbuatımız həqiqət
carçısı olub, xalqın maariflənməsində,
milli və bəşəri dəyərlərin təbliğində
mühüm rol oynayıb. Əsası Ümummilli lider Heydər
Əliyev tərəfindən qoyulan və Azərbaycan
Prezidenti cənab İlham Əliyev tərəfindən davam
etdirilən müdrik siyasət nəticəsində ölkə
mətbuatı bu gün özünün yeni inkişaf mərhələsinə
daxil olub, əvvəllər mətbuat azadlığını
məhdudlaşdıran bütün maneələr artıq
aradan qaldırılıb.
Biz də and içək qələmə və
yazdıqlarına! Qəlbimizin odunu, gözümüzün
nurunu, işığını səpələyə-səpələyə,
jurnalist etikasından kənara çıxmadan, heç kəsdən
təmənna güdmədən, heç kəsin cibinə
göz dikmədən qələmimizə həmişə
hörmətlə yanaşmağı özümüzə mənəvi
borc bilək!
Nə yaxşı ki, haqqı, ədaləti müdafiə
edən jurnalistlərimiz, söz ustadlarımız, fəxr
ediləsi qələm sahiblərimiz var!..
Mətbuat bayramınız mübarək, qələminiz
həmişə iti olsun, əziz həmkarlarım!
Etibar ƏHƏDOV
"Aşkarlıq" qəzetinin baş redaktoru
525-ci qəzet .- 2024.- 20 iyul,№(127).-S.10.