Müasir cəmiyyətdə
qadının rolu: ictimai inkişaf üçün
mühüm faktor
Azərbaycan qadınları ictimai-siyasi proseslərdə
çox zaman fəal olublar. Onların arasından görkəmli
dövlət, elm, mədəniyyət və ictimai-siyasi xadimləri
yetişib. Azərbaycan müstəqillik qazandıqdan sonra
qadınların cəmiyyətdə rolu daha da yüksəlib və fəaliyyətləri
genişlənib. Ümummilli liderimiz Heydər Əliyev
qadınların cəmiyyətdəki rolu ilə bağlı
siyasətin səmərəli şəkildə həyata
keçirilməsinə, onların dövlət
quruculuğunda, elm, mədəniyyət, təhsil, səhiyyə,
idmanda və digər sahələrdə geniş təmsil
olunmalarına müstəsna əhəmiyyət verirdi. Elə
bu siyasətin nəticəsi olaraq bu gün
qadınlarımız təkcə ölkədə deyil,
ölkəmizin hüdudlarından kənarda da yaxşı
tanınır, beynəlxalq qurumlarda ölkəmizi ləyaqətlə
təmsil edir.
Ölkədə qadınların fəal ictimai fəaliyyətlə
məşğul olmalarını çoxsaylı faktlar da təsdiqləyir.
Qanunverici orqanın rəhbərliyində qadın təmsil
olunur (vitse-spiker), parlamentin üzvləri arasında kifayət
qədər zərif cinsin nümayəndələri var.
Qadınların cəmiyyətdəki yeri və rolunun digər
mühüm göstəricisi onların müxtəlif dövlət
vəzifələrini tutmaları və ümumiyyətlə,
aktiv əmək fəaliyyəti ilə məşğul
olmalarıdır. Qadın aktivliyini nümayiş etdirən ən
müxtəlif məqamlar var ki, bu da yerli mentalitet, adət-ənənələr
sarıdan özünü ən rəngarəng şəkildə
büruzə verir. Azərbaycanda qadın ilk növbədə
ailə ocağının qoruyucusu adı ilə assosiasiya
olunur. Azərbaycan qadınına milli mənliyimizdə dərin
kök salmış ənənələr məxsusdur ki, bu
amil özünü tarix boyu göstərib. Nəciblik,
xeyirxahlıq, fədakarlıq, mətinlik,
qayğıkeşlik, insanpərvərlik. Bu keyfiyyətlər
Azərbaycan qadınına xas xüsusiyyətlərdir.
Cəmiyyətin bütün incəliklərini zərgər
dəqiqliyi ilə təsdiq etmiş Ulu öndər Heydər
Əliyev qadının rolunu və fəaliyyətini çox
yüksək qiymətləndirir və deyirdi: "Qadın bəşərə
yaraşıq, zinət, insanlığa şərəf,
şan-şöhrətdir. Qadın ucalıq, ülvilik məbədidir,
ismət, qeyrət, qüdrət rəmzidir".
Tariximizə bir çox parlaq səhifələr
yazmış Azərbaycan qadınının milli-mənəvi
dəyərlər sistemimizin təşəkkülündə
və yaşadılmasında müstəsna rolu var. Qadın
adını hər bir azərbaycanlı həmişə uca
tutub, Ana məfhumunu Vətənin təcəssümü
sayıb. Azərbaycan qadınının gözəlliyi, sədaqəti,
mərdliyi ana məhəbbətinin ülviliyi xalq
yaradıcılığının nümunələrində,
görkəmli sənətkarlarımızın əsərlərində
dönə-dönə vəsf olunub. Böyük mədəni
irsə malik olan Azərbaycan xalqı qadının ailədə
və cəmiyyətdəki roluna daim böyük ehtiramla
yanaşıb. Hər bir ailədə cəmiyyətə vətəndaş
yetişdirilir. Ailə cəmiyyətin içində
kiçik bir dövlətdir. Bu gün dünyaya gələn
uşağı milli ruhda böyütmək, cəmiyyətə
layiqli vətəndaş hazırlamaq baxımından biz
qadınların üzərinə böyük məsuliyyət
düşür.
Millət vəkili Azər Badamov deyir ki, Ümummilli
liderin siyasi kursu bu gün Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilir və ölkədə qadın siyasətinin
həyata keçirilməsində də mühüm nailiyyətlər
əldə olunub. Azərbaycanda məqsədyönlü gender
siyasəti həyata keçirilir və bu sahəyə aid
xüsusi dövlət proqramı qəbul olunub. Bu isə bir
daha onu göstərir ki, Azərbaycan dövləti, Prezident
İlham Əliyev bu sahəyə böyük diqqət və
qayğı göstərir: "Bu gün Prezident İlham
Əliyev tərəfindən Azərbaycanda qadın
hüquqlarının təmin olunmasına, onların cəmiyyətdə
və dövlət idarəçiliyində rolunun artmasına
yönəlmiş siyasət uğurla həyata keçirilir.
Azərbaycanda qadın hüquqlarının qorunması sahəsində
həyata keçirilən davamlı tədbirləri yüksək
dəyərləndirilməlidir. Görülən bu işlər
dövlətimizin siyasi iradəsinin təzahürüdür.
Həyata keçirilən səmərəli gender siyasətinin
Azərbaycanda qadınların ictimai-siyasi fəallığının
daha da artmasına, onlara həyatın bütün sahələrində
tam bərabər imkanlar açmasına möhkəm zəmin
yaradır. Bu gün Azərbaycan qadını ölkənin
milli maraqlarının qorunması, xalqımızın adət-ənənələrinin,
dəyərlərimizin dünyada təbliğ olunması
istiqamətində ciddi iş aparırlar".
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri,
hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadənin
sözlərinə görə, bu gün Azərbaycan
qadınlarının müqəddəs ana şərəfini
uca tutaraq öz mübarizliyi ilə tanınması, ölkənin
ictimai-siyasi, mədəni həyatında fəal
iştirakı, dövlət idarəçiliyində daim fədakarlıq
nümayiş etdirməsi və Vətənin müdafiəsi
uğrunda döyüş meydanlarında şücaət
göstərmələri, həmçinin şəhidlik zirvəsinə
yüksəlmələri hər birimizdə qürur hissi
yaradır. Azərbaycan qadınları hələ Şərqin
ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti
dövründə seçib-seçilmək hüququ qazanaraq
ölkəmizin ictimai-siyasi həyatında yaxından
iştirak etməyə başlamışlar. Zaman keçdikcə
hərtərəfli biliyə, geniş
dünyagörüşə yiyələnən
qadınlarımız yüz illərdən bəri
formalaşmış milli dəyərlərə sadiq qalmaqla
ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın
ən etibarlı dayağı olmuşlar. Azərbaycan
xanımları öz dərin zəkaları və tükənməz
daxili potensialları ilə bu gün də xalqa və cəmiyyətə
fədakarcasına xidmət edirlər.
Ç.Qənizadə qadınların aktiv fəaliyyətinin
ictimai-siyasi həyatın bütün sahələrini əhatə
etdiyini vurğulayaraq, Azərbaycan Ordusunun bütün
qoşun növlərində, xüsusi təyinatlı təhsil
müəssisələrində, hərbi tibb ocaqlarında və
digər sahələrdə yüzlərlə qadının
xidmət etdiyini diqqətə çatdıran hüquq
müdafiəçisi qadınların vəzifə
borclarını şərəf və ləyaqətlə
yerinə yetirdiklərini bildirib. O, 2020-ci ildə Vətən
müharibəsində qadınlarımızın da əsgər
və zabitlərlə yanaşı, fədakarlıq göstərdiklərini
xatırladıb. Komitə sədri bütün bunların əsasını
ölkədə gender siyasətinin gücləndirilməsi,
qadınların cəmiyyətdə rolunun yüksəldilməsi
üçün ardıcıl tədbirlərin həyata
keçirilməsi ilə əlaqələndirib. Bu gün Azərbaycan
qadınları mühüm dövlət qurumlarında, parlament
və bələdiyyələrdə uğurla təmsil olunur,
ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal
iştirak edir, ölkə idmanının inkişafına
böyük töhfələr verirlər. Ç.Qənizadə
bir sıra statistik məlumatları da xatırladıb: Ölkənin
ümumi təhsil müəssisələrində müəllimlərin
80,7, orta ixtisas təhsil müəssisələrində 78,9,
ali təhsil müəssisələrində 54,7, həkimlərin
66, elmi işçilərin 58,2 faizini qadınlar təşkil
edir. Son 10 ildə qadınlardan elmlər doktoru elmi dərəcəsi
alanların sayı 2,5, fəlsəfə doktoru elmi dərəcəsi
olanların sayı isə 2,2 dəfə artıb. Azərbaycan
Milli Elmlər Akademiyasının həqiqi üzvlərindən
8-i, müxbir üzvlərindən isə 11-i qadındır.
VI çağırış Milli Məclisdə 22 qadın
deputat fəaliyyət göstərir.
Ç.Qənizadə deyib ki, Prezident İlham Əliyevin
rəhbərliyi dövründə qadınlarımızın
ölkənin ictimai-siyasi həyatındakı roluna xüsusi
önəm verilib və bu uğurlu tendensiya davam etməkdədir.
Qadın hüquqlarının qorunması dövlət siyasətinin
ayrılmaz tərkib hissəsidir. Bu məqsədlə bir
çox qanunların qəbul olunması, fərman və sərəncamların
imzalanması, beynəlxalq təşkilatlara üzv olaraq
mühüm sənədlərin ölkəmizdə tətbiq
olunması qadın hüquqlarının reallaşması və
təminatı istiqamətində mühüm rol oynayıb. Azərbaycanda
qadın hüquqlarının qorunması, təbliğ olunması,
qadınların dövlət siyasətinin həyata
keçirilməsində və qanunların qəbul edilməsində
iştirakının artırılması dövlət siyasətinin
ayrılmaz tərkib hissəsidir.
Bu gün Azərbaycanda gender bərabərliyinin təmin
edilməsi və qadınların səlahiyyətlərinin genişləndirilməsi
ölkə siyasətinin prioritetlərindən birini təşkil
edir. Qadınlar üçün uyğun şəraitin
yaradılması, ictimai-siyasi, sosial-iqtisadi həyatın
müxtəlif sahələrində gender bərabərliyinin
inkişaf etdirilməsi üçün mühüm
addımlar atılır. Təbii ki, istənilən ölkədə,
o cümlədən, Azərbaycanda bu istiqamətdə həyata
keçirilən tədbirlər qadınların daha azad və
xoşbəxt olması, onların cəmiyyətin
bütün sahələrində böyük uğurlar
qazanması, bunun nəticəsində bəşəriyyətin
yüksəlməsi üçündür.
Millət vəkili Kamaləddin Qafarov qeyd edir ki, Azərbaycan
qadını hər zaman ana dilimizin, mədəniyyətimizin
və mənəviyyatımızın ən etibarlı
dayağı olmuş, əsrlər boyunca formalaşan milli dəyərlərə
sadiqliklərini qoruyub saxlayıb və həmin dəyərləri
bu günümüzə gətirib çıxarıb: "Bu
gün müstəqil Azərbaycanda qadınların cəmiyyətdəki
yeri və rolu həm xalqımızın öz mental ənənələrinə
bəslədiyi hörmət, həm də dövlətimizin
yeritdiyi siyasət sayəsində yüksək qiymətləndirilir.
Müasir Azərbaycan qadını Vətən
torpaqlarını öz canı-qanı bahasına
işğaldan azad etmiş qəhrəman övladlar
yetişdirən ana olmaqla yanaşı, həm də
bacarıqlı siyasətçi, iş adamı, dövlət
məmuru, xalqın inanıb səs verdiyi deputatdır".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2024.- 23 iyul,№(128).-S.15.