Müharibə hekayələri
- (1993-cü ilin dəftərindən)
Hekayə
Su
- Ərşad...
- Həəə...
- Yata bilmirəm. Gözümü yuman kimi Zahirin səsini
eşidirəm.
- Sən Allah imkan ver, bir çimir alım. Sabah o qədər
işim var ki...
Gülxar daha çağırmadı və
Ərşad güman elədi ki, nəhayət, arvadı yatdı. Ona görə də
öz-özünə deyindi: Allah kömək olmuşlar, analı,
balalı elə bilirdilər ki,
əsgərliyə getmək, düşmənlə
üz-üzə dayanmaq halvadır. Biri dedi könüllü
gedirəm, o birisi də dedi ki, Ərşad, dəymə,
getsin. İndi bu burda yata bilmir, oğlu da orda neyləyirsə,
xəbərim yoxdur.
İndi Gülxar yuxulasa da, Ərşad tavana baxa-baxa
qalmışdı...
***
- Ana!
- Caan...
- Su ver.
Əlini oğlunun yarasından çəkə
bilmirdi. Çəkən kimi qan axırdı.
Suyu necə verim, ay Allah - deyə
çığırdı. Böyrü üstdə
yıxılmış çaydana əl uzatdı.
Çaydanın içi dolu qum idi. Zahirin kəmərinə
bağlanmış əsgər flyaqasını açmaq istədi.
Onun da içinə qum dolmuşdu. Oğlanın dodaqları
quruyurdu. Dodaqların arasında da
qum quruyurdu.
- Anaaa...
- Caan.
- Su...
Gülxar gözünün yaşı ilə Zahirin
dodaqlarını islatmaq istədi. Göz yaşı
oğlanın dodağında sacın üstünə
düşən su kimi oldu. Bir də ağlamağa cəhd elədi.
Gözlərindən qum töküldü. Bir əli yarada, bir
əli ilə öz döşünü sıxmaq istədi. Bəlkə...
Döşündən qum axdı.
Birdən...
- Zahiiir!
Gülxar necə qıyya çəkib qalxdısa,
sanki pəncərələr cingildədi. Yorğandan
qalxıb eyvana, oradan həyətə atılması
ildırım işığı kimi oldu.
- Zahiir!
Həyət darvazasını necə
açdığını özü də bilmədi,
darvazadan çöldəki əsgərlər də. Bir az
aralıda qara rəngli "UAZ" maşını
dayanmışdı. Hər böyründə bir əsgər.
Arxa qapısı açıq... Maşının içərisində
öz şinelinə bükülmüş əsgər meyiti.
- Zahiiir!
Gülxar daha dəhşətli səslə
qışqırdı. Oğlunun meyitini qucaqlayıb öpmək
istədi. Meyitin kipriklərinin üstündə qum dənələri
var idi.
- Danış... - deyə fəryad çəkdi.
Zahirin dodaqları da qumun içərisində idi.
Əlini oğlunun sinəsində, çiynində,
boğazında gəzdirdi. Zahirin bədəni, bütün
paltarları, düymə yerləri - tamamilə qumla dolu idi.
Görünür, gülləyə can vermək istəməyərək,
suya çatmağa çalışmışdı.
...Əsgərlər heç nə deyə bilmirdilər.
Onlardan biri maşına yaxınlaşıb nə isə
şaqqıldatdı. İçəridə işıq
yandı. Gülxar Zahirin kəmərindəki əsgər
flyaqasını gördü. İçində su var idi. Suyu
oğlunun dodaqları arasına tökdü. Elə bil ki,
meyit bir udum su içdi.
... Ana, maşından düşüb "Su-su",
"Qum-qum" - deyə-deyə yolun məchul bir nöqtəsinə
qədər yürüdü və qayıdıb darvazadan həyətə
girdi. "Su-su", "qum-qum" deyə-deyə qol
götürüb oynamağa başladı.
Bu mənzərənin dəhşətini hələ
də başa düşə bilməyən Ərşad
kişi oğlunun ölümünə inansa da, inanmasa da,
özünü tox tutmağa çalışırdı.
Gülxarın dəli olduğunu görəndə isə əvvəlcə
kişinin dizləri bir-birinə dəyərək
şaqqıldadı, sonra bədəni titrədi. Əsgərlərdən
biri onu ayaq üstdə saxlamaq istədi. Dayana bilmədi.
- Zahiir!
Ərşad kişinin hönkürtüsü
qonşuları da oyatdı. Həyətin o biri başında
toyuqlar qaqqıldaşdılar. Dörd-beş həyət o
yanda qazlar qışqırışıb səs elədilər.
Bayaqdan maşına yaxın gələ bilməyən Məzahir
anasının gecə köynəyində olduğunu elə
bil indi gördü və onu evə aparmaq istədi.
Gülxar isə həyətdə oynayırdı.
Səhərə hələ çox var idi.
Əzgil
Üç saat idi ki, güllə səsi gəlmirdi.
Atəş vaxtı susub gizlənən quşlar yenidən
"dirilmişdilər". Orda-burda görünməyə
başlayan sağsağanlar, qaratoyuqlar atəş aça
bilməsələr də, "sakitliyi pozurdular".
Lazım daha aclığa dözə bilmirdi.
Beş-altı metr özündən aralıda, pulemyotu
"qucaqlayıb yatan" qardaşını
çağırmaq istədi:
- Qaqaş, qaqaş...
Nazim söhbətin nədən gedəcəyini
yaxşı bilirdi. Üç gün idi ki, çörək
yemirdilər. Özü hələ dözsə də,
kiçik qardaşı dözmürdü. Əvvəl
özünü eşitməzliyə vurdu.
- Qaqaş!
Nazim çevrilib baxdı.
- Burnuma çörək ətri gəldi... deyəsən,
çörək gətiriblər.
Qaqaş heç nə deyə bilmədi. Sonra
baxışları ilə Lazımı yanına
çağırdı.
- Pulemyota bax! - pıçıldadı.
Özü sürünə-sürünə arxaya,
ağacların arasına doğru getdi.
...Komandir onu "nöqtəni" boş qoyub gəldiyinə
görə öldürmək və ya həbs elətdirməklə
hədələdi. Qardaşının dözmədiyini, bir
tikə çörək üçün postu tərk etdiyini
deyəndə isə komandir cin atına mindi. Üzünü
yanındakına tutub:
- Əclaflar elə bil qarğadılar. Gör
hardan-hara iy biliblər - dedi və Nazimə acıq verirmiş
kimi:
- Bəli, beş-on çörək gətirmişik,
qonaqlarımız olacaq. Get öz yerinə. Sabah günortadan
sonra sizə də çörək gətirəcəklər
- dedi.
Nazim qardaşının yanına əliboş
qayıtdı.
- Bu da sənin könüllü əsgərliyin.
Uşaqsan, gedib uşaqlığını edəydin, - deyə
onu məzəmmətlədi.
Birdən Lazım doğrudan da, uşaqlıq elədi.
Səngərdən çıxaraq, 15-20 metr aralıdakı əzgil
ağacına doğru cumdu. Atılıb əzgilin iri bir
budağını əydi. Yığmağa vaxt yox idi. Həm
də qaralmış əzgilləri yığmaq
olmadığını bilirdi. Ona görə də
budağı dibindən qopartmaq istədi. Tikanlar əlini
al-qan eləsə də, budaq qopdu. Ağacın
şaqqıltısı ilə düşmən tərəfin
avtomatlarının "dil açması" bir oldu.
- Tez ol! Tez qayıt! - Nazim cin kimi
çığırdı.
Güllələr Lazımı qovur, o tərəf, bu
tərəfinə səpələnirdi. Və... kürəyinin
tən ortasından dəyən güllə onu səngərə,
avtomatının üstünə yıxdı. Əzgil
budağı elə bil havada fırlanıb Lazımın
üstünə düşdü. Əzilmiş əzgillərin
qanı Lazımın qanına qarışdı.
- Bircəsini yeyə biləydin, a zalım balası! -
deyə Nazim fəryad qopartdı.
... Komandir bu hadisədən çox gec xəbər
tutdu. Çünki onun qızının altı
yaşını qeyd edirdilər. Qonaqların əhvalı
pozulmasın deyə, Lazımın ölümünü ona məclis
dağılandan sonra demişdilər.
Təndir
Nazim hissəyə iki həftədən sonra
qayıtdı. Saqqalı, ağlamaqdan gözlərinin ətrafında
əmələ gəlmiş halqavarı qırışlar,
halsızlıqdan bükülmüş kimi görünən
beli onu tanınmaz eləmişdi.- Yaxşı oldu, gəldin -
komandir onun "könlünü almaq" istədi: -
Üç gündən sonra hücuma keçirik. Əhəmiyyətli
hücum olmalıdır.
Nazim heç nə danışmadı. Heç
olmazsa, bir erməni öldürməkdən ötrü
"burnunun ucu göynəyirdi".
Ancaq ertəsi günü səhər tezdən ermənilər
hücuma keçdilər. Elə bil dünyada məlum olan
silahların hamısından atəş açılırdı.
Meşəyə, çölə, yamaca güllə yox,
qurğuşun yağırdı.
- Yenə də xəyanət! Yenə də
satqınlıq...
- Bu da sizin hücumunuz!
- Sonra da kimsə deyir ki, nə üçün geri
çəkildiniz?
Bizimkilərin arasında çaxnaşma yarandı.
Geri çəkilməkdən başqa yol yox idi. Hücuma
keçmək barədə söz ola bilməzdi. Dayanıb
müqavimət göstərmək isə... Yox, duruş gətirə
bilməzdilər.
Bizimkilər əvvəl bir qədər, sonra isə
xeyli geri çəkilməli oldular. Kəndə vəlvələ
düşdü. Dünənə qədər əsgərlərə
güvənərək kənddən çıxmayan adamlar
indi elə bil selin qabağına düşmüşdülər.
Nazim qardaşının avtomatı ilə
vuruşurdu. Artıq kəndin ortasınadək çəkilmişdilər.
Birdən qulağına haradansa
səs gəldi:
- Qaqaş, burnuma çörək ətri gəldi.
Amma bu anlaşılmaz halın bir tərəfi xəyal
olsa da, digər tərəfi həqiqət idi. Yəni
doğrudan da, isti təndir çörəyinin ətri gəlirdi.
Açıq qalmış darvazadan həyətə girdi.
Avtomatı hazır vəziyyətə gətirməyə
ehtiyac yox idi. Çünki kənddən
özümüzünkülər qaçmışdılar...
Təndirə yapılmış çörəklər
bişib ötürdülər. Həyətdə kim qala bilərdi
ki? Qulağına yenə səs gəldi:
- Qaqaş...
Həyətdən döyülmüş adam kimi
çıxdı.
Pörtmüş sifəti, qızarmış gözləri
ilə hamıdan çox həyəcanlı görünən
komandir "havanı iylədi":
- Haradasa çörək yanır,
yığıdırın!
Nazimin başına elə bil "tok
buraxdılar". Beynində səs gücləndi:
- Qaqaş, çörək...
Kəmərindəki qumbaranı açdı.
Qırğı cəldliyi ilə həyətə girdi.
"Çörək, məni bağışla" - deyərək
...
Təndirin tozu göyə qalxdı. Tikə-tikə
olub həyətin az qala hər yerinə tökülən
çörəyin ətri indi daha çox
artmışdı. Elə bayaqdan onu məhv edən səs də
artmışdı:
- Qaqaş, burnuma çörək ətri gəldi...
- Daha gəlməz - deyib, ucadan güldü.
Əsgərlər bir-birinə baxdılar. Kimsə
yanındakına pıçıldadı:
- Hospitala göndərmək lazımdır.
İttifaq MİRZƏBƏYLİ
525-ci qəzet .- 2024.- 23 iyul,№(128).-S.14.