Azərbaycan
Cümhuriyyətinin Tehrandakı səfirliyi
(Əvvəli 18 iyul sayımızda)
Adil xan Ziyadxan, öz fikirlərinin yekunu kimi,
böyük əməllər zamanı rəhbər
işçilərin üzərinə daha ağır vəzifə
yükü düşdüyünü, tabeliklərində
olan işçilərin çox vaxt səhv addımları
üçün də məsuliyyət
daşıdıqlarını və bu zaman səbirli olmaq
lazım gəldiyini qeyd edərək yazır: "Yenə də
millət naminə hər şeydən üstün olub gənc
əməkdaşlarımızın davranışı ilə
barışmalıyıq, belə ki, bizim həyat
dövrümüz başa çatmaq üzrədir, millətimizin
taleyinin gələcək rəhbərliyi isə haqlı
olaraq onlara aiddir". Lakin burada Adil xan birdən-birə
Əkbər Sadıqovu yada salır və öz "gənc əməkdaşının
davranışı" ilə əslində heç də
barışmadığını büruzə verir: "Mənim
gənc müavinimin - surətini təqdim etdiyim - məktubu
sizə çox şey demirmi? Mənə həvalə
olunmuş missiyaya görə tam məsuliyyət
daşıyan rəhbər kimi bildirirəm ki, 96 min frank
Ə.Sadıqovdadır. Bu adam isə yalnız şəxsi məktub
yazır ki, "mənim təmiz adımı və şərəfimi
ləkələməyin", guya mən burada Respublikanın
Nümayəndəsi deyiləm, adi bir küçə
şayiəçisiyəm..."
Bu sətirlər aydın göstərir ki, Adil xan
Ziyadxan səfirliyə məxsus ən azı 96 min frankın
Əkbər ağa Sadıqov tərəfindən mənimsənildiyini
düşünür, gənc müavininin göndərdiyi məktubu
və "xahişini" isə özünə qarşı
təhqir sayır.
Əkbər ağa Sadıqovun məktubu,
görünür ki, həqiqətən Adil xana çox
ağır təsir edib. Çünki Topçubaşova
yazdığı 1 mart 1924-cü il tarixli məktubunda o, bir
daha bu məsələyə qayıdır: "Əgər nə
vaxtsa mənim keçmiş müavinim Əkbər ağa
Sadıqovla görüşsəniz, ona deməyi unutmayın
ki, məni yaxşı tanıdığından elə bir məktub
yazmamalı idi (surətini sizə göndərdiyim). Mənə
həvalə edilmiş Nümayəndəliyin bütün əməkdaşlarından
onlara təhvil verilmiş pul məbləğləri və
xidməti vəzifələri ilə bağlı
tapşırıqların icrası barədə hesabat tələb
etmək mənim hüquqi və mənəvi borcumdur. Onun
ünvanına burada və ya xaricdə yayıla biləcək
bütün söz-söhbətlərə görə mən
cavabdeh deyiləm. Lakin öz rəsmi hesabatlarımda onun barəsində
susa bilmərəm, çünki bu, mənim hüququm və
vəzifəmdir. Belə ki, mən, Missiyanın rəhbəri
kimi, öz həmkarlarımdan hesabat tələb etməyə
borcluyam ki, onları öz vaxtında lazım olan yerə təqdim
edim".
Adil xan Ziyadxan - Azərbaycanın tanınmış
ictimai, siyasi və dövlət xadimi, diplomat. Azərbaycan
xarici işlər nazirinin müavini, Azərbaycan Cümhuriyyətinin
İranda səfiri
Adil xan Ziyadxanın xidməti vəzifələrin
icrasında, xüsusilə maliyyə məsələlərində
düzgünlük və məsuliyyət tələbi
yalnız əməkdaşlarına qarşı deyildi.
Tehrandakı Azərbaycan missiyasının Rusiya səfirliyinə
verilməyən hissəsi ilə bağlı
gördüyü tədbirlər Adil xanın öz vəzifə
borclarına da eyni tələbkarlıqla
yanaşdığının bariz sübut idi. Belə ki,
1922-ci ilin dekabrın 14-də o, AXC Xarici İşlər
Nazirliyinin Diplomatiya şöbəsinin keçmiş
müdiri İbrahim xan Tağı xan oğlunun təsadüfən
Tehranda olduğunu öyrənərək ona məktub
yazır, özünün həyatı üçün təhlükə
törədəcək dərəcədə ağır xəstə
olduğu üçün bir xahişini yerinə yetirməsini
təvəqqe edir. 1919-cu il iyulun 16-dan 1921-ci il iyunun 22-dək
Azərbaycan Cümhuriyyətinin İrandakı diplomatik
nümayəndəliyinə rəhbərlik etdiyi müddətdə
əlində olan maliyyə, mühasibat və digər təsdiqedici
sənədlərin əslini hələ də heç kimə
təhvil vermədiyini, bu işin nə vaxt baş
tutacağının da məlum olmadığını bildirən
Adil Xan həmin sənədlərdə həm xəzinədarlıq
məsələlərinə, həm də ayrı-ayrı
şəxslərin çox mühüm maraqlarına
toxunulduğunu vurğulayır və İbrahim Xanın tam səlahiyyətli
şəxs kimi onlarla tanış olub 2 nüsxədə Akt
hazırlamasını xahiş edir.
Sənədlərdə vəzifəsi "Xarici
İşlər Nazirliyinin keçmiş direktoru" kimi qeyd
olunan İbrahim xan "hazırda rəsmi səlahiyyətli
şəxs" olmasa da, "mövzuya bələd olan,
vicdanımın diktəsini rəhbər tutaraq, vətəndaşlıq
borcunu daşıyan özəl ekspert kimi"
qaldırılan məsələyə münasibət bildirməyə
razılaşır və hazırda Tehranda yaşayan Bakı
Universitetinin keçmiş əməkdaşı doktor Məmməd
Cəfər Cəfərovu da özü ilə birgə yoxlama
aparmağa dəvət edir. Səfirliyin rəsmən
mövcud olduğu dövrə qədərki bütün
hesabat sənədləri Adil xan Ziyadxan tərəfindən
İbrahim xana təqdim olunur. İki xadimin
hazırladığı və 1923-cü il 10 yanvar tarixində
imzaladığı həmin Aktın "Kənar
baxışdan qiymətləndirmə" adlanan hissəsində
göstərilən bütün sənədlərin diqqətlə
yoxlanıldığı, Nümayəndəliyin gəlir və
xərclərinin ayrı-ayrı maddələr və bəndlər
üzrə təsdiqedici sənədlərə uyğun
olduğunun mühasibat uçotu kitabları vasitəsilə
həyata keçirildiyi və göstərilən tarixlərə
uyğun olaraq balanslaşdırıldığı qeyd edilir.
Deyilənlərə sübut kimi müvafiq rəqəmlər
gətirilən bu sənəddə Səfirliyin ilk gündən
əlindəki xarici valyutanı Tehranda dəyişməklə
bağlı üzləşdiyi vəziyyət təfsilatı
ilə şərh edilir, bu zaman səfirin müavini
Sadıqovun Bakıda "həddən artıq"
yubandığı xüsusi vurğulanmaqla onun əlində
olan pullarla İrana, öz vəzifə yerinə
qayıtmadığı və heç bir məlumat vermədiyi
göstərilir. Məhz bu amillər səbəbindən Səfirliyin
lazımi xərcləri ödəmək üçün ilk
gündən özəl kreditlər götürməyə
vadar edildiyi göstərilir.
Bundan sonra Aktda gətirilən məlumatlar
böyük maraq kəsb edir: "Nümayəndəliyin
ağır maddi vəziyyətindən xəbərdar olan
İran hökuməti beynəlxalq nəzakət hisslərindən,
eləcə də İranla Azərbaycan arasında xüsusi
qohumluq münasibətlərindən çıxış edərək
Azərbaycan Nümayəndəliyinə kömək etmək
qərarına gəlib və 1920-ci il iyunun 22-dən
başlayaraq ona bir il ərzində hər ay dörd yüz
tümən məbləğində subsidiya ayırmaq haqda sərəncam
verib".
Həmin dövrdən keçən bir ilə
yaxın müddətdə Az.SSR hökumətindən
heç bir xəbər çıxmadığı
üçün Azad xan missiyasının səfirlik fəaliyyətini
16 iyun 1921-ci ilə qədər rəsmən davam etdirdiyini və
Bakıdan gələn teleqram əsasında Missiyanın
arxivinin və əmlakının həmin ilin 22 iyununda Rusiya səfirliyinə
təhvil verildiyini bildirən İbrahim xan bu sonuncu işin
Adil xan xəstə olduğu üçün səfirliyin
birinci katibi Ağa Camal Şirinli tərəfindən yerinə
yetirildiyini yazır. Maraqlıdır ki, bu Aktda da Azərb. SSR
XXİK-nın sərəncamını yerinə yetirən
Camal Şirinlinin bu sərəncamın verilməsində hər
hansı rolundan danışılmır. Bununla da 1-ci
münşünin Bakı ilə əlaqələri
özünün qurduğu və bu haqda Adil xan Ziyadxanı xəbərdar
etmədiyi ehtimalı daha da güclənir.
Aktda İran tərəfinin ağır vəziyyətdə
olan Azərbaycan səfirliyinə dəstək olmasına dair
İbrahim xan daha bir nümunə gətirir və məlum olur
ki, Adil xanın şəxsi durumunu və xəstə
olduğunu nəzərə alaraq İran hökuməti
Nümayəndəliyə illik borcdan əlavə, şəxsən
onun özünə də hər ay 300 tümən (səkkiz
ay müddətində - 1922-ci ilin 22 martına qədər)
verməkdə davam edib. Bundan başqa, bir dəfə
ayrıca 200 tümən də ödəyib. Beləliklə,
"İran hökumətinin verdiyi məbləğ yekun
olaraq yeddi min dörd yüz tümən (7400 tümən) rəqəmi
ilə ifadə edilmişdir".
Daha sonra Aktda Səfirliyin borc aldığı
ayrı-ayrı şəxslərə, məvacibsiz
qalmış azsaylı əməkdaşlarına, hətta
İngilis səfirliyi vasitəsilə Topçubaşova
vurulmuş xidməti teleqrama görə də ödəməli
olduğu məbləğlər sadalanır və bir nəfərdən
başqa digər borcların faizsiz verildiklərinə diqqət
çəkilir. İbrahim xan İran Hökumətinin Səfirliyə
verdiyi bütün məbləği də "passiv
borclar" siyahısına daxil edir, lakin bununla belə məhz
həmin - "heç bir şərt qoyulmadan" verilən
borcun "Azərbaycan xalqının Şərəf və
Nüfuz məsələsi kimi Azərbaycan hökuməti tərəfindən
qaytarılmasını" vacib sayır. Bu zaman İran
hökumətinin özünün daima maddi ehtiyacla
çarpışdığı və ən mühüm
ehtiyaclarını belə ödəyə bilmədiyi
xüsusi vurğulanır.
Aktın "Mahiyyət üzrə qiymətləndirmə"
başlıqlı ikinci hissəsində ekspert İbrahim xan
Missiyanın ehtiyaclarını ödəmək və
düzgün işləməsini təmin etmək
üçün çəkilmiş xərclərin,
iqtisadi-maliyyə əməliyyatlarının mahiyyət
etibarilə qiymətləndirilməsinə keçir və bu
sahədə xidməti təcrübəsinin
olmadığına və İrana gəldiyi ilk gündən
vəziyyətin həddən artıq çətinliyinə
baxmayaraq, "Adil xanın ona həvalə edilmiş vəzifəni
ən vicdanlı şəkildə yerinə yetirdiyini,
yaranmış durumda çox ehtiyatlı və diqqətlə
davrandığını, bütün hərəkətlərində
qanun hüdudlarında qalmağa
çalışdığını və yaxşı idarəçi
kimi lazım olan qənaətə riayət edərək hər
bir xalq qəpiyini qoruduğunu" vurğulayır.
Bu zaman Nümayəndəliyin cari xərclərini
ödəmək üçün səfirin sərəncamı
ilə həyata keçirilən dövlət əmlakının
bir hissəsinin satılmasını ekspert "Force major"
kimi qiymətləndirərək, belə hallarda tələb
olunan bütün rəsmiyyətlərə riayət
olunduğunu bildirir və qeyd edir ki, Adil Xan Ziyadxanın bu
addımları "açıq dənizdə gəmi
kapitanının hərəkətləri ilə eyniləşdirilməlidir".
Aktı imzalayarkən İbrahim xanın etdiyi bir qeyd də
bu insanın ona həvalə edilən işə
yanaşması baxımından olduqca diqqətəlayiqdir:
"İki orijinal nüsxədə tərtib olunan bu
Ekspertizamda mən hər hansı şəxsi münasibət
və ya siyasi qərəzi istisna etməklə tamamilə
obyektiv olmağa çalışmışam və onu öz
imzamla təsdiq edirəm".
İkinci ekspert - doktor M.C.Cəfərov da həmin sənədə
"İranda Azərbaycan Diplomatik Missiyasının öz rəsmi
mövcudiyyəti dövründə maliyyə
hesabatlarının detallı təftişində iştirak edərək
bu Aktda edilən nəticələri tam şəkildə
bölüşürəm" - qeydi ilə imza atır.
Həmin Aktın və özünün İbrahim xan
Tağı xan oğluna rəsmi müraciətinin surətlərini
30 may 1923-cü il tarixində Parisə göndərən Adil
xan Ziyadxan, rəsmi şəkildə Əlimərdan bəy
Topçubaşova "Millətimizin Ziyalı Nümayəndələri
Şurasının sədri" kimi müraciət edərək
ilk fürsət yaranan kimi Səfirliyin bütün kreditorlara
olan borclarının ödənilməsi üçün
Aktda göstərilən məbləğdə maliyyəni
Tehrana, onun adına göndərilməsini xahiş edir. Belə
ki, bu insanlar "Azərbaycan Cümhuriyyətinin
bayrağına və onun nümayəndəsi kimi mənə
etimad və hörmətlə yanaşaraq Diplomatik Missiyaya
lazım miqdarda pul veriblər. Hüquqi və əxlaqi borcumuz
bizə israrla diktə edir ki, onların Müstəqilliyimizin
ləkəsiz embleminə və onun vicdanlı xadimlərinə
inamlarında heç də yanılmadıqlarını
sübuta yetirək".
Əlimərdan bəy Topçubaşov - Azərbaycan
dövlətinin fövqəladə səfiri, Azərbaycan
hökumətinin naziri, Paris Sülh konfransında Azərbaycan
nümayəndə heyətinin başçısı
Bütün bu sənədlərin aylardan sonra
ünvanına yetişdiyi və yalnız 1924-cü ilin 18
oktyabrında Paris Nümayəndə heyətinin iclasında
dinlənildiyi Əlimərdan bəy Topçubaşovun
onların üstünə yazdığı dərkənarlardan
məlum olur. Adil xan Ziyadxanın imkan düşəndə Səfirliyin
borclarının ödənilməsi ilə bağlı
xahişinin yerinə yetirilmədiyi daha çox ehtimal edilir.
Çünki bu haqda hələ ki, heç bir sənədə,
yaxud xatırlatmaya rast gəlinmir. Azərbaycanın Parisdəki
nümayəndəliyinin həmin dövr onsuz da ağır
olan və getdikcə dərinləşən maddi durumu da belə
bir imkanın yaranmadığını söyləməyə
əsas verir. İran hökumətinin bu məsələyə
münasibəti isə araşdırılmadığı
üçün hazırda hər hansı fikir bildirmək məqbul
sayılmazdı.
1924-cü il Adil xan Ziyadxanla Topçubaşovun səfirliklə
bağlı yazışmalarında göstərilən son
tarixdir. Bu iki görkəmli Azərbaycan xadimi arasında
yazışma bir də 1927-ci ildə bərpa olacaq və tamam
başqa mövzulara - Avropada və İranda Azərbaycan
mühacirətinin durumuna həsr ediləcək.
Lakin 1920-1924-cü illər yazışmalarının
məzmunu yalnız Cümhuriyyətin İrandakı səfirliyinin
problemləri və Azərbaycan siyasi mühacirətinin getdikcə
ağırlaşan maddi durumu ətrafında məhdudlaşmırdı.
Bu baxımdan həmin yazışmalarda Azərbaycanın XX əsrin
əvvəlləri ziyalı elitasının milli dövlətçilik
düşüncəsi və öz xalqı
qarşısında məsuliyyəti ilə bağlı
mühazirələrini də nəzərdən keçirməyə
ehtiyac vardır.
Diqqətəlayiqdir ki, hər iki Cümhuriyyət
xadiminin 27 Aprel çevrilişindən sonra baş vermiş
hadisələrə, xüsusilə ölkənin siyasi
elitasına qarşı dərhal başlamış kütləvi
qırğınlarla baxışı heç də yalnız
yeni rejimin qəddarlığının təsbiti ilə məhdudlaşmır.
Bu zaman təcavüzə məruz qalmış dövlət
adamlarının xatirəsi anılmaqla yanaşı, "bu
acınacaqlı mənzərənin" yaranmasında həmin
ziyalı zümrəsinin buraxdığı səhvlərin,
yanlışlıqların da dərk və etiraf edilməsi
vacib sayılır.
Əlimərdan bəy İsmayıl xan Ziyadxanovu nəzərdə
tutmaqla Adil xanın itkisinə şərik olduğunu
vurğulamaqla eyni zamanda yazırdı:
"Siz haqlısınız, ziyalılar hədsiz
qurbanlar verdi. Biz hamımız onların xatirəsi
qarşısında borcluyuq və indiyədək hələ
də onların layiq olduğu haqqı ödəməmişik...
Ölkəmizin itkiləri - ümumi itkilərimizdir. Əgər
bir qardaş öz həyatını ümumi iş uğrunda
qurban etmiş qardaşı üçün kədərlənirsə,
ölkə öz doğma oğluna, fədakar xadiminə yas
tutur... Onların unudulmaz adları həmişə şəhidlik
nuru ilə əhatə olunacaq, işıqlı xatirələri
xalqın qəlbindən heç vaxt silinməyəcək.
Onları şərəfləndirməyin ən yaxşı
yolu isə talesiz vətəni xilas etmək naminə ümumi
işi davam etdirməkdir. Bütün arzularımız,
bütün düşüncələrimiz, bütün
gücümüz buna yönəlməlidir. Bu, indi bizim
ümumi şüarımızdır! Və hər cür
sıxıntılar və şəxsi iztirablar bahasına biz
hamımız onun müdafiəsinə qalxmağa və onun
gerçəkləşməsi üçün səy
göstərməyə borcluyuq".
Ə.M.Topçubaşov, əlbəttə ki, indiki
halda qarşıya qoyduğu əsas vəzifənin - Vətəni
işğaldan azad etməyin - reallaşmasının
bütün çətinliyini tam anlayırdı:
"...hökuməti olmayan, qəsb edilmiş ölkəsi ilə
ünsiyyətdən məhrum və buna hər hansı maddi vəsaiti
olmayan bir təşkilat mövqeyində xaricdəki rolumuz nə
ola bilər"... Əlimərdan bəy xüsusilə 1922-ci
ilin Paris nümayəndəliyi üçün son dərəcə
ağır keçdiyi, "əvvəllər bizə rəğbət
bəsləyənlər, parlaq vədlər verənlər tərəfindən
belə sanki unudulduqları" təsəvvürü yarandığı
şəraitdə belə təslim olmadıqlarını,
"bütün konfranslarda, bütün hökumətlər
qarşısında ölkəmiz haqqında
qışqırmağa, təcavüzkarlara etiraz bildirməyə"
davam etdiklərini, özünün Genuya konfransında
gürcülərlə birgə fəaliyyət göstərdiyini,
Lozanna konfransında lazımi şəxslərlə
görüşdüyünü yazır. Dünyanın yeni
siyasi durumunu müəyyən edəcək böyük
güclərin bir aydan sonra yenidən Lozannada
yığışacağını vurğulayan
Topçubaşov belə bir ümidini bildirir ki, bu
toplantıda müttəfiqlərlə Anqora - Mustafa Kamal hökuməti
arasında sülh bağlanacaq və bu məqam Azərbaycan və
digər işğal olunmuş respublikalarının məsələsinin
müzakirəsi növbəsini yaxınlaşdıracaq.
"Səbirsizliklə, günəşin nəhayət bizim tərəfimizdə
görünəcəyi ümidi ilə gözləyirik..."
Lakin Topçubaşov dərhal bütün bu gözləntilərə
realist mövqedən yanaşdığını
nümayiş etdirir: "Amma təbii ki, mümkün nəticələri
şişirtməyək, xüsusən də təcrübə
artıq sübut etdiyinə görə..."
- sətirlərindən sonra söylənilənlər
bu böyük dövlət və siyasət adamının
Cümhuriyyətin acı taleyinin səbəbləri üzərində
düşüncələrinin əsas xəttini və
alınan əsas dərsin mahiyyətini tam şəkildə
aşıqlayır. Beləliklə, Topçubaşova görə,
təcrübə sübut etdi ki:
"1. Böyük və sevimli qardaş - cahilliyindənmi,
ya daha böyük eqoizmin təzahürü və öz şəxsi
mənafeyinə həddən artıq qısqanc münasibəti
ucbatındanmı - kiçik qardaşın maraqlarını
qurban verə və hətta onun gənc həyatını məhv
edə bilər;
2. Bütünlüklə yaxın qohumlarla məhdudlaşmaq
olmaz, onlardan kənarda da, bizə daha çox meyl göstərən
və daha ədalətli olanlar arasında da, əlbəttə,
əgər belələri varsa, dəstək axtarmaq
lazımdır;
3. Hər şeydən əvvəl və istənilən
halda yalnız özünə, öz mənəvi və maddi
gücünə ümid etmək, güvənmək və
arxalanmaq lazımdır;
4. Nəhayət, dövlət quruculuğu sahəsində
və ümumiyyətlə siyasətdə hisslərə yer
yoxdur. Hisslər hər hansı mülahizələrdən
qaynaqlansalar da, yalnız sağlam instinktlərə və real
maraqlara, ilk növbədə dövlətin öz
maraqlarına yer verilməlidir".
Gətirilən müddəalardan aydın olur ki,
Cümhuriyyət qurucuları arasında ən yaşlı, ən
təcrübəli və nüfuzlu xadim olmaqla Əlimərdan
bəy Topçubaşov AXC-nın süqutunun dərslərindən
danışarkən ilk növbədə xarici amilləri əsas
götürür və bu zaman xarici ölkə tərəfindən
işğal faktının özünə toxunmadan gənc
dövlətin xarici müttəfiqlərlə əlaqələr
qurulmasında və bu əlaqələrə güvənməklə
buraxdığı səhvlərə diqqət çəkir.
"Gələcək obyektiv tarixçi 27 aprel hadisələri
üzərində dayanarkən, mümkündür ki,
yuxarıdakı müddəalara görə ilk növbədə
bizim liderləri günahlandıracaq" - fikri bu ehtimalı
bir daha təsdiq edirdi. Sözünə davam edən
Topçubaşov həmin gələcək tarixçiyə
"bütün indiki nəslin dövlət qurucusu kimi
iqtidara malik olmadığı" qənaətinə əsas
verməmək üçün isə "siyasi həyatın
sağlam prinsiplərinə ən böyük ehtiyatla riayət
etmək və daha böyük realizm nümayiş etdirmək,
onun əsas ehtiyaclarını və tələblərini
düzgün dərk etmək" zərurətini
vurğulayırdı.
Özlüyündə mühüm suallar
qaldırmaqla dövlət quruculuğu ilə məşğul
olan insanların Tarix qarşısında məsuliyyət məsələsini
qoyan Topçubaşovun mövqeyi anlaşılandır. Lakin
bu zaman Cümhuriyyətin işğalı səbəblərindən
danışan bir xadimin ölkəni hələ 1918-ci ilin
sentyabrında tərk etdiyi və sonradan Vətəndə
baş verən hadisələr haqqında məlumatları
yalnız uzaqdan, heç də yüksək səviyyədə
olmayan teleqraf, məktublaşma və ayrı-ayrı şəxslərin
vasitəsi ilə aldığına da diqqət yetirmək
lazımdır.
Bu baxımdan, Azərbaycanın işğalı
zamanı özünün də vətəndə
olmadığına baxmayaraq, Cümhuriyyətin dövlət
quruculuğunda, xüsusilə onun xarici siyasətinin
formalaşmasında bilavasitə iştirak etmiş, və
ölkədən 1920-ci ilin əvvəllərində
çıxsa da, mövcud daxili siyasi duruma daha yaxından bələd
olan Adil xan Ziyadxanın baş vermiş çevriliş
aktına, onun fəsadlarına və səbəbkarlarına
münasibəti bir qədər fərqli idi və o,
düşüncələrini də özünəməxsus
bədii şəkildə böyük qəlb
ağrısı ilə ifadə edirdi:
"Ürək qan ağlayanda nədən yazasan, kimə
və kimdən şikayət edəsən... Heç bir
fırtına bizim möhkəm gənc
ağacımızı belə asanlıqla yıxa bilməzdi,
əgər onun kökləri əvvəlcədən öz
qurdlarımız tərəfindən gəmirilməsəydi.
Bizlərdə qartallar nadirdir, amma qurdların
sayı-hesabı yoxdur. Odur ki, qoy millət
qarşısında vicdanı təmiz olmayanlar
peşmançılıq çəksinlər, çünki
bütün bu saysız-hesabsız milli fəlakətlər,
bütün bu göz yaşları və lənətlər
bütün ağırlığı ilə sağ ikən
onların rəzil və mənfur ruhlarına
çökür, öləndən sonra isə qismətləri
əbədi lənətlər olacaq".
Beləliklə, Adil xan Ziyadxan Cümhuriyyətin
süqutunda və xalqın başına gələn bəlalarda
Azərbaycanda dövlət quruculuğuna bilib-bilməyərəkdən
zərbə vuran öz insanlarımızı, o cümlədən,
dövlət strukturlarında çalışan natəmiz,
pis niyyətli, eyni zamanda dövrün mənasını və
mürəkkəbliyini anlamayan məmurları töhmətləndirir.
Xarici İşlər Nazirliyində işlədiyi müddətdə
ətrafında mövcud olan və özünün diqqətlə
izlədiyi durumu qədim Yunanıstanda mifik içki və kef
allahı Vakxın şərəfinə düzəldilən
eyş-işrət məclisi ilə müqayisə edərək
onu "tam mənası ilə vakxanaliya" kimi dəyərləndirən
Adil xan, vaxtilə öz kitabında gətirdiyi bir "xəbərdarlığın"
bu gün nə qədər aktual olduğunu böyük təəssüflə
vurğulayır: "Görünən yerdə üstünə
"Memento servi tutem" ("Əsirliyi yadda saxla")
yazılmış mərmər lövhə mismarlamaq
lazımdır ki, uzaqgörən qardaşlarımızı xəbərdar
edəsən: Unutmayın ki, siz dünən qul idiniz, bu
gün isə azadsınız və işlər yoluyla getməsə,
azadlıq ləyaqətsiz əllərinizdən uçub gedəcək
və siz yenidən kölə olacaqsınız!!!"
Bu "ölümcül" xəbərdarlığın
"bədbəxtlikdən gercəkləşdiyi"
qarşısında Adil xan Ziyadxan: "Hər şey dünən
oldu, keçdi, bunun üzərində daha çox
dayanmağa ehtiyac yoxdur, bu gün, sabah və gələcəkdə
nə etmək lazımdır?" - sualını qoyur,
"bizə bu qədər fədakarlıq bahasına başa
gələn belə siyasi və ictimai
qarışıqlıqdan sonra" dünənki səhvləri
təkrarlamamağa, sıraları artıq
parçalanmağa başlayan siyasi mühacirəti mehriban
olmağa, qardaşcasına birləşməyə, "ilk
növbədə, itirilmiş azadlığımızı
geri qaytarmağa və xalqımıza təhvil verməyə"
çağırır.
Bundan sonra gələn sətirlər isə onun müəllifin
siyasi baxışlarının səciyyəsi nəzərindən
artıq heyrətamiz bir həqiqəti ortaya qoyur.
(Ardı var)
Solmaz Rüstəmova-TOHİDİ
Tarix elmləri doktoru, professor
525-ci qəzet .- 2024.- 23 iyul,№(128).-S.12-13.