Parlaq İlham Əliyev
Vur-tut dörd illik qısa vaxt məsafəsi və
bunca heyrətamiz gerçəklik! Dörd il təqvim
üçün nədir ki? Bir göz qırpımı qədər
qısa vaxt! Bu qonaqları bu mərasimə gətirən təyyarənin
endiyi Füzuli ərazisi dörd il öncə
başdan-başa tar-mar olmuş bir xarabazar idi.
İndi hər qarışı həyat qazanıb
dirçəlməyə, canlanmağa başlayan, erməni
istilasından xilas olaraq ömründə yeni səhifə
açılan Qarabağ torpağına biz də həsrət
idik, bir əcnəbi də oralara səfəri yalnız
oğurluq edə bilərdi - bizdən icazəsiz, qanunsuz yolla
- Ermənistandan keçib gələrək və həmin
andan da o şəxsin adı sərhədlərimiz
üzünə bağlı olanların müvafiq
siyahısına düşürdü.
Dörd il öncə ən xəyalpərvər bir
insan da ehtimal edə bilərdimi ki, düşmən
tapdağında qalan, arxası böyük qüvvələrə
bağlı işğalçının bizə
uzaqdan-uzağa yanıq verməklə rəqs etdiyi
Şuşanın əsl sahibi haqqı bərqərar edəcək,
burada və zəbt olunmuş yerlərimizin hər tərəfində
bayrağımız dalğalanacaq, qovuşduğu xoşbəxtlikdən
lap azacıqmüddət ötüncə çöhrəsi
günü-gündən dəyişib göyçəkləşən
bu Qala Şəhər bir-birindən mötəbər beynəlxalq
məclislərə qucaq açan məkana çevriləcək?!
2024-cü ilin 20 iyulu ilə 2020-nin 20 iyulu
arasındakı məsafənin cəmi dörd il olmasına,
sonu görünməyən müharibə və
münaqişə bölgəsinin belə az müddətdə
dünyanın dörd bucağından qonaq-qara qəbul edən
əmin-aman meydana dönəcəyinə inanmaq çətindir
və Şuşa yenə bayram içindədir.
Bu möcüzəli bəxtiyarlığın Baş
Memarı, Azərbaycan Prezidenti İlham Əliyev
dünyanın 49 ölkəsindən gəlmiş 150-dən
çox xarici qonağın, 30-a yaxın dövlətin
informasiya agentliklərinin, 3 beynəlxalq təşkilatın,
82 media qurumunun, üstəgəl, Azərbaycanın onlarla
aparıcı mətbuat adamının və mətbuat
qurumlarının qatıldığı, artıq illərdir
ki, dünyanın diqqət mərkəzində
saxladığı ümdə bir məsələyə -
yalan məlumatların ifşası, dezinformasiyaya qarşı
mübarizəyə həsr edilmiş Qlobal Media Forumunun
iştirakçıları qarşısındadır.
"Qlobal Media Forumu" sözlərinin
qarşısında əziz "Şuşa" kəlməsinin
dayana biləcəyini dörd il əvvəl kim təsəvvür
edərdi?
Həm də indi şahidi olduğumuz forum ikincidirsə,
bu, artıq ənənənin yaranması deməkdir. Ancaq iki
il qabaq təşkil olunmuş Birinci Şuşa Qlobal Media
Forumu ilə bu forum arasındakı məsafəni də elə
sadəcə iki təqvim ili saymaq sadədillik olardı. O
forumdan bu forumadək baş vermiş digər hadisə mahiyyəti
və çəkisi ilə Azərbaycanın bütöv
tarixinin ən qəliz məsələlərindən birinin həlli
ilə səciyyəvidir və təxminən iki əsrə
çatan müddətdə haçansa çözüləcəyinə
ümidlərin belə zəif olduğu düyün ötən
ilin iyulu ilə bu iyul arasında birdəfəlik tarixin məzarlığına
basdırılıbsa, bu vaxt aralığının bircə
il olmasına adamın inanmağı gəlmir. Elə həmin
səbəbdən də Prezident İlham Əliyev Birinci
Şuşa Qlobal Media Forumundan azacıq sonra - 2023-cü ilin
19-20 sentyabrında, 24 saat ərzində Azərbaycan Ordusunun
apardığı antiterror əməliyyatı və onun
tarixi əhəmiyyəti haqqında elə lap
başlanğıcda söz açmağa ehtiyac duyaraq bildirdi
ki, ərazi bütövlüyümüzün və
suverenliyimizin ötən ilin sentyabrında baş verən tam
bərpası təkcə birinci və ikinci forum arasında
deyil, ümumiyyətlə, müasir tariximizdəki
mühüm hadisədir və həmin hadisə, onunla
yanaşı cərəyan etmiş digər hadisələr
regionun daha təhlükəsiz, daha
proqnozlaşdırılabilən olmasına şərait
yaratdı.
Söz yox, dörd il əvvəl də, ondan öncəki
dövrdə də Azərbaycan insanı inanırdı.
Əmin idik ki, geci-tezi var, gün gələcək, hökmən
ərazi bütövlüyümüz bərpa ediləcək,
biz doğma yurdlarımıza qayıdacağıq. Ancaq sual
onda idi ki, bu, nə zaman baş verəcək, payımıza
düşmüş ömür möhləti içərisində
bu, bizə müyəssər olacaqmı?
Bu mətləblərə bizim hamımızdan daha
artıq hali olan, Azərbaycana rəhbərlik etdiyi illər
boyunca daim bu haqda düşünən və həmin məqsədə
çatmaq üçün hər gün yeni addımlar atan,
tədarüklər görən, sadə insanlara bəlli
olmayan bir çox pərdəarxası həqiqətlərdən,
təfərrüatlardan da agah olan Prezident İlham Əliyevin
özü də dörd il öncə - İkinci Qarabağ
savaşına aylar qalarkən işğala son
qoyulacağı məsud günlərin haçan gələcəyini
bilmirdi. Çünki məqsədə aparan yolda maneə
yalnız erməniçiliyin özü deyildi, o mənhus
kabusun arxasında ondan da betər bir sürü beynəlxalq
güclər vardı. Ancaq həmin günün mütləq
və mütləq gələcəyinə hamıdan çox
məhz İlham Əliyev inanırdı. Hətta
özünün görməyəcəyi gələcək
illərdə olsa belə, o səadətli günlərin yetişəcəyinə
əmin idi. Bu həqiqəti elə həmin 2-ci Qlobal
Şuşa Forumunda da bir daha etiraf edərək deyirdi ki,
Qarabağı azad edərkən mən 17 il idi Prezident idim,
lazım gəlsəydi, torpaqlarımızı azad etməkçün
biz daha 17 il gözləyərdik. O zaman fərqi yoxdur kim prezident
olacaqdı, bu hadisə bəlkə də bundan əlli il sonra
baş verəcəkdi, fərq etməz lider və prezident
kimdir, bu, ləyaqət məsələsi idi, biz çətin
qərarlar verməli idik ki, əsas məqsədimizə
çataq.
Prezident İlham Əliyevə o çətin qərarı
vermək Şərəfi nəsib oldu, məhz Prezident
İlham Əliyevin alnına bu pırtlaşıq
düyünü açmaq, vətənin və xalqın ən
ali Milli Ləyaqət məsələsini həll etmək Mərdanəliyi
yazılıbmış.
Prezident İlham Əliyev o gün əziz
Şuşada, azad Şuşada, hər belə beynəlxalq məclislə
azadlığı və bizimkiliyi dünyaya daha artıq və
daha uca səslə bəyan edilən bu sevimli mənəviyyat
və mədəniyyət paytaxtımızda Millətin Tale
Kitabında əbədilik yaşayacaq qurtuluşa gətirib
çıxaran yolu xatırlayaraq "Bu, uzun bir hekayədir",
- deyirdi. Əlbəttə ki, haqlı idi!
Amma bu da borcdur ki, Azərbaycanın hər sıra nəfəri,
indiki və bütün gələcək nəsillər Millət
Kitabının bu uzun hekayətini bütün
ayrıntıları ilə gərək beş barmağı
kimi əzbər bilə, həmişə hafizəsinin üst
qatında saxlaya.
...Kütlə qarşısına çıxan,
mötəbər beynəlxalq siyasi auditoriya önündə
olan, yüksək peşəkarlıqlı dünya informasiya
agentliklərinin təmsilçiləri və jurnalistlərlə
üzbəüz dayanan Prezident İlham Əliyevin bir silsilə
mühüm üstünlükləri var ki, elə yüyrək
şəkildə onu digər ölkə rəhbərləri,
tanınmış siyasət və dövlət xadimləri ilə
müqayisə edərkən dərhal duyulur.
Əvvələn, Prezident İlham Əliyev istənilən
mövzuda danışmağa başlayınca, ən müxtəlif
istiqamətli və bəzən publik
cavablandırılması siyasətçi üçün
heç də asan olmayan suallar ətrafında
düşüncə bölüşürkən hər kəsin
ilk hiss etdiyi onun hərtərəfli və dərin biliyə
sahibliyi həqiqəti olur. Zəka, üstün bilik o sərvətdir
ki, onu gizlətmək də, görməmək də
mümkünsüzdür.
İkincisi, Prezident İlham Əliyev bəhs etdiyi hər
mövzuya xırdalıqları ilə bələd olur, həmin
səbəbdən də problemə xeyli hündürdən,
panoramda nəzər salmağı bacarır, təbii ki, məhz
buna görə də nə deyirsə, hər cümləsini,
hər müddəasını mükəmməl məntiqi
ardıcıllıq müşayiət edir.
Üçüncüsü, heç vəchlə təsir
və təzyiq göstərilə bilməyən heyrətamiz
təmkin, sualların nə şəkildə qoyulmasından
asılı olmayaraq eyni aramla, hissə qapılmadan və nitq
müvazinətinə zərrəcə xələl gəlmədən
(bu isə söylənənlərin
inandırıcılığını dəfələrcə
artırır) öz həqiqətini yeritmək, müxtəlif
dillərdə bir-birindən kəskin fərqli mürəkkəb
siyasi-iqtisadi və digər problemlərin rahat, ilişiksiz,
bilgin ifadəsi. Bu məziyyətlər
ayrı-ayrılıqda hansısa siyasi xadimlərdə və
dövlət liderlərində müşahidə edilir, amma
hamısının bir nəfərdə cəmləşməsi
ayrı fenomendir, nadir təsadüf edilir. Məhz bu silahı
ilə də Prezident İlham Əliyev sözə
başlayınca istər onu dinləyən sual vermiş bir
müxbir olsun, istər bir salon dolusu insan, hamısı o nitqin
qaçılmaz cazibəsinə düşür. Bilavasitə
ekrandan da müşahidə etmişəm və yəqin, elə
xeyirxah gözlərlə baxan hər kəs də tutub ki,
dünyanın aparıcı mövqeli siyasi xadimləri və
dövlət yetkililəri Prezident İlham Əliyevlə
söhbətə həmişə gizlətmədikləri
maraq və həvəslə can atırlar.
Dördüncüsü, müsahibi də, dinləyənləri
də ilk anlardanca dərk edir ki, qarşısında dayanan
şəxsiyyət dərhal toxunulan hər mövzunun nüvəsindən
yapışmağı, cövhərinə enməyi
bacarır və o, hazırlığın elə səviyyəsindədir
ki, şayəd hücuma keçmək, ittiham etmək
sevdasına düşsən, anlar sonra özün hücuma məruz
qalana və töhmətləndirilənə çevriləcəksən.
Peşəkarlığın bu səviyyəsini görən
kəs öncədən başında hansı havanın
olmasına baxmayaraq, tezcə özünü
yığışdırmağa vadar qalır.
Beşincisi də, cazibə və sirayətedicilik.
Bilmək hələ azdır, hər lider ona ünvanlanacaq,
xüsusən də bu, bəlli mövzuya həsr edilmiş
toplantıdırsa, mümkün suallar dairəsini öncədən
təxmini də olsa müəyyənləşdirmək
imkanındadır, demək, hazırlaşmaq, zəruri məlumatları
toplamaq fürsəti olur. Lakin hətta yaxşı bildiklərini
necə ifadə etmək məsələsi də var axı!
İlham Əliyevin bir lider olaraq ən üstün keyfiyyətlərindən
və az-az natiqlərdə rast gəlinən məharətlərindən
biri də yalnız nəyi nə vaxt və necə etmək
yox, həm də nəyi harada, hansı dinləyənlər
qarşısında, bilavasitə, ya dolayısı ilə
hansı ünvanlara yönəldərək necə ifadə
etmək ustalığıdır - aydın, dəqiq,
yığcam, artıq sözlər, ifadələr işlətmədən,
hər kəlmə ilə birbaşa hədəfə vuraraq
danışmaq.
Və önəmli bir dəqiqləşdirmə - həm
də üstündən vaxt ötəndən sonra, gələcəkdə
də sənə irad tutulmağa əsas yarada biləcək
bütün məqamları istisna edərək hər mətləbi
deyilə biləcəyi həddə qədər səsləndirmək
qabiliyyəti.
Yəni başqa çox siyasətçilər var ki,
diplomatiyanın "danış və nə dediyin sonacan
bilinməsin, nitq söylə, əsas fikrin örtülü
qalsın" ülgüsünə bacarıqla riayət edə
bilirlər. Prezident İlham Əliyevsə həm ən riskli
görünən mövzularla bağlı sözünü də
bu cür diplomatik yankeçmə və
yayğınlığa varmalardan vaz keçərək
açıq şəkildə dilə gətirir, həm də
bu incə gedişatda nəyi hansı həddə qədər
deyə bilmənin sərhədinə riayət etməyi
bacarır. Ən yöndəmsiz sualdan qaçmamağın
daha bir örnəyini Prezident İlham Əliyev Şuşa
Forumunda yenə nümayiş etdirdi. Birbaşa verilmiş
sualı nazik siyasətşünas yanaşması ilə
birbaşa cavablandırmasa da, əslində elə birbaşa
cavabı vermiş oldu. ABŞ-dakı cari prezident seçkilərində
hansı namizədin seçilməsini istəməsini
hansı ölkənin prezidentindən xəbər alsan,
şübhəsiz, bəlli diplomatik etiketlərə riayət
edərək yayğın cavab verəcək, bunun xalqın
iradəsindən asılı olacağını təsdiqləyəcək.
Ancaq bu, həmişə maksimal səmimi olmağa
çalışan İlham Əliyevdir axı. TASS-ı təmsil
edən Mixail Qusmana cavabını verir, açıq heç
nə demir, amma aydın cavabı da elan etmiş olur:
"İstənilən auditoriyada, istər mətbuat və
yaxud da Azərbaycan ictimaiyyəti qarşısında
keçirilən tədbirlərdə mən heç bir halda
yanlış məlumat paylaşmıram. Lakin siyasi mədəniyyət
anlayışı var və bu anlayış sizin
sualınıza birbaşa cavab verməyə imkan yaratmır.
Ancaq sizin sualınız, başa düşürəm ki,
tamamilə ritorikdir. Biz bir-birimizi onilliklərdir
tanıyırıq və tamamilə əminəm, siz də
yaxşı bilirsiniz ki, mən kimə üstünlük verərdim.
Düşünürəm ki, Azərbaycanda mən bu məsələdə,
bu mövqedə yeganə deyiləm. Bizə gəldikdə, bu
məsələyə öz nöqteyi-nəzərimizdən
yanaşırıq". Və fikrini davam etdirərək əslində
yalnız Azərbaycanın deyil, başqa
çoxlarının da mühüm bir səbəbə
görə ortaq rəyi bölüşdüyünü səmimiyyət
və örtülülüyün xəfif
hüdudlarını gözləməklə belə izah edirdi
ki, Prezident Trampın hələ də davam edən kampaniya
zamanı səsləndirdiyi mühüm tezislərdən biri
də odur ki, onun vaxtında heç bir müharibə
olmayacaq. Və qabardırdı ki, yəqin belə sülhpərvər
mövqeyə böyük hörmətlə yanaşmağa dəyər.
İnsanlarda adətdir ki, hadisə baş verib bitəndən
sonra hansı addımın yaxşı, hansının daha
yaxşı olmasını iddia etmək, bəzən də
"gərək belə edəydi, gərək bu təhər
deyəydi" söyləmək asandır. Hünər dar
macalda ən zəruri addımı atmaq, ən lazımlı
sözü deyə bilməkdir. Prezident İlham Əliyevin bir
çox müsahibələrini təkrar-təkrar
araşdıranda təəccüblənirsən ki, o anda o
sözləri haradan tapdı, sanki haçandır məhz bu
cavabı verməyə hazırmış.
Polemika və müsahibələrində əvəzolunmazlığına
tərəddüd yeri qalmayan Prezident Əliyev
hazırcavablığı ilə heyrətləndirməyə
nail olduğu belə dəqiqələrdə dərhal iki
nöqtədə qazanır - həm qarşısındakı
da, auditoriya da onu yetərincə səmimi və dürüst
siyasətçi kimi qavrayır, digər tərəfdən də
bir şəxsiyyət olaraq onun öz gücünə əminliyi,
çəkinməzliyi, heç bir mətləbdən
açıq danışmaqdan qorxmadığı təəssüratı
qətiləşir. İnsansa söylədiyinə daxilən
inananda və çox biləndə ötkəm olur. Bu,
artıq yalnız öyrənməklə, təcrübə
ilə yaranan səriştə deyil. Əlbəttə, öz
üzərində çalışmaq, auditoriya ilə
işin mürəkkəb mexanizmlərinin yeni-yeni
çalarlarını mənimsəməkçün daim
çalışmağın da bu yöndə faydası və
köməyi dəyir. Ancaq ən əvvəl gərək
fitri istedad, fəhm, öncə sezim ola. Bunlar fitrətən
varsa, təbii ki, cilalandıqca uğurlu bəhrələrini
verir. İlham Əliyevə bir siyasətçiyə gərək
olan digər məziyyətlərlə yanaşı, məhz
bu istedad da nəsib olub və bu baxımdan onu bizə bəlli
siyasi üfüqdə müqayisə edə biləcəyimiz
tək şəxsiyyət unudulmaz Heydər Əliyevdir.
Bütün bu qürur oyadan üstünlükləri,
həmişəki səmimiyyəti və
açıqlığı ilə Prezident İlham Əliyev
2-ci Şuşa Qlobal Media Forumunda növbəti dəfə onu
dinləyənlərin hamısını ram və heyran etməyə
müvəffəq oldu. Mən bunu yazdım-yazmadım,
kameralar göstərirdi, oradakıların məmnun sifətlərini
hamı görürdü.
O gün Prezident İlham Əliyevə verilən
sualların əvvəlincisi forumun əsas mövzusu ilə
bağlıdır. Kütləvi informasiya vasitələri,
jurnalizm bu gün şüşədən
buraxılmış cini xatırladır ki, durmadan ümumi əxlaqi-professional
meyarlardan yayınaraq getdikcə daha artıq idarəedilməzləşir,
obyektivlikdən uzaqlaşaraq sifarişlə işləməyə
səmtlənir, saxta, yalan, qərəzli informasiya ayaq tutub
yeriyir. Azərbaycan vaxtilə Sovet İttifaqının tərkibində
olanda da, müstəqilliyin ilk dövründə də Ermənistanın
və erməniçiliyin respublikamıza qarşı təxribatları
başlanan çağlardan Moskva sarıdan da, xaricdən də
kütləvi informasiya şəbəkəsinin bizə
qarşı yürütdüyü siyasətdə bunun
acılarını çox yaşayıb. Zaman dəyişib,
Azərbaycana münasibətdə o xətti yürüdənlər
yenə var, amma indi artıq mətbuat cinindən bütün
dünya şikayətlənməyə başlayıb. Bizim əleyhimizə
məkrli sifarişlə, haqsız, həqiqətləri tərsinə
çevirərək həyasızlıqla yalan dərc edənlərin
sırasında hətta dünyanın ən aparıcı nəşrlərindən
olan "Vaşinqton post", "Nyu York tayms" da yer
alıb. Çirkli həmlələri təşkil edənlərin
bu qəbil şöhrətli nəşrləri öz bəd əməllərinə
şərik etməsi, əlbəttə ki, onların gözə
kül üfürmək ehtirası, belə hörmətli qəzetlərin
yazdıqlarının doğru olması düşüncəsini
dünyaya sırımaq hiyləgərliyi ilə əlaqədardır.
Və forumda Prezident İlham Əliyev özünə xas incə
diplomatik fəndlərdən biri - rəqibi onun öz
silahı ilə vurmaq üsulundan yararlanaraq həmin məşhur
ABŞ qəzetlərini, o qəzetlərin timsalında isə
eyni qəbahəti törətmiş digər nüfuzlu Amerika
və Avropa yayıcılarını Ağ evin Birinci şəxsi
olmuş və yenə növbəti dəfə prezident
seçilməyə çalışan Donald Trampın əli
ilə ifşa etdi: "Bizim beynəlxalq media şəbəkələrinə
o qədər də çıxış imkanımız yox
idi. Biz müstəqilliyini yeni bərpa etmiş ölkə
idik və ciddi səylər göstərməli idik. Bizə
elə gəlirdi ki, mesajımızı çatdıra
bilmirik. Biz özümüzü günahlandırırdıq,
resurslarımızı səfərbər edirdik, beynəlxalq
ictimaiyyəti maarifləndirirdik. Daha sonra biz dərk etdik ki,
bir çox insanlar, müxtəlif fərdlər bizim
mesajları eşitmək istəmir, onlar vəziyyəti
tamamilə fərqli şəkildə təqdim etmək istəyir.
Ona görə də bu məsələyə yanaşmanın
ən yaxşı yolu budur: 30 il müstəqil olan ölkə
nə edə bilər? Sizin kimi şəxsləri Bakıya və
bölgələrimizə dəvət etmək və bizim nə
işlər gördüyümüzü,
planlarımızı təqdim etmək, gözləntilərimizi
sizə çatdırmaqdır ki, biz dövlət
quruculuğunda nələrə nail olmuşuq. Məhz bu, ən
səmərəli üsuldur. Biz bu gün görürük
ki, uzun illərdir üzləşdiyimizə indi Amerika
prezidenti də məruz qalıbdır. Prezident Tramp
"Vaşinqton Post"u və "Nyu York Tayms"ı
feyknyus, yəni yalan xəbər mənbəyi
adlandırıb. Mən onunla tamamilə razıyam. Bu gün
ABŞ prezidenti məhz media tərəfindən
hücumların qurbanıdır, ictimai rəyin
manipulyasiyasının qurbanıdır. Elə sadəcə
bunu görəndə biz özümüzü bir az rahat hesab
edə bilərik. Yəni bu gün diqqət Azərbaycandan
yayınıbdır. Əlbəttə, biz çox arzu edirik
ki, media obyektiv olsun, hər kəs obyektiv olsun".
Və dünyanın superdövləti ABŞ-la Azərbaycanın
münasibətləri haqqında səslənən, ictimaiyyət
qarşısında cavablandırılması heç də
asan olmayan sualların müqabilində Prezident İlham
Əliyevin ağıllı, məntiqli, danılmaz dəlillərə
söykənən fikirləri onun hansı güc olduğunu
bir daha aşkar etdi. Bu cavablar müstəvisində balaca bir Cənubi
Qafqaz ölkəsi olan Azərbaycan Respublikası Yer kürəsinin
fövqəldövləti ABŞ-la eyni boyda idi və haqlı
olan Azərbaycan, oyun qaydalarını pozan Amerika idi. Bunlar qətiyyən
böyründən sükutla keçiləsi, üzərində
məxsusən dayanmadan ötüləsi anlar deyil. Bizə
baxın, Amerikanı düşünün, o qüdrətlə
bu gücü göz önünə gətirin, fərq yerlə
göyarasıdır, fəqət qadir liderin zəkası ilə
bunu da etmək olurmuş - qabaqlar da şahid olmuşduq, indi
yenidən görüb eşitdik ki, Prezident İlham Əliyev
Azərbaycanı ABŞ mərtəbəsinə, ABŞ-la bərabərhüquqlu
müqabil tərəf səviyyəsinə qaldırdı.
"Bizim ABŞ-la münasibətlərimiz, demək olar ki, hər
zaman sabit olub", - söyləyən Prezident İlham
Əliyev Azərbaycanın Amerikaya etibarlı partnyor
olduğunu, əvəzində Amerikadan dönüklük
gördüyünü heç nəyi gizlətmədən
açıqca deyir və bunu gətirdiyi bir nümunə ilə
bariz şəkildə sübut edirdi ki, Əfqanıstanda hərbi
əməliyyatlar aparılarkən, ABŞ Azərbaycana ehtiyac
duyarkən ölkəmiz ilk qeyri-NATO dövləti olaraq həmin
əməliyyatlara qoşuldu, oranı da hətta ABŞ
qoşunlarından sonra tərk etdi, əməliyyatın
keçirildiyi dövrdə ABŞ-ın yüksəkrütbəli
məmurları Azərbaycana dəfələrlə səfər
etdi, minnətdarlıq bildirdi, ancaq Əfqanıstanda missiya
başa çatdıqdan dərhal sonra onlar heç bir məntiqi
əsaslandırma və izah təqdim etmədən Azərbaycana
qarşı sanksiyanı - 907-ci düzəlişi bərpa
etdilər. Təkrar edirəm ki, bunlar əsla sadə bəyanatlar
deyil, unudulmamalı tarixdir - Azərbaycan Prezidenti təhlil
edir, dəlillər gətirir, bütün dünya
qarşısında dünyanın bir nömrəli dövlətini
sədaqətsizlikdə qınayır və hamı da
görür, anlayır ki, o, yüzdə-yüz
haqlıdır: "Uzun illər ərzində bizim onlara
etdiyimizin və yaxşı tərəfdaş olduğumuzun
müqabilində Azərbaycan xalqı bu administrasiya
haqqında nə düşünə bilər? Deməli, siz
onlara lazım olanda olursunuz yaxşı bir adam, yaxşı
bir ölkə, sizin haqqınızda təriflər
yağdırırlar. Onların sizə ehtiyacı olmayanda nəinki
sizə biganə yanaşırlar, hətta sanksiyalar tətbiq
edirlər. Nəyə görə? Çünki biz
suverenliyimizi və ərazi bütövlüyümüzü
bərpa etmişik".
Prezident Əliyev Amerikanın özünə gözəlcə
bəlli olan ayrıntıları açıb-ağartmadan
ABŞ-nin Azərbaycanın siyasi həyatımıza
müdaxilə etmək, əl altından çeşidli vasitələrlə
siyasi müxalifəti maliyyələşdirmək cəhdlərindən,
ATƏT-in Minsk qrupunda həmsədrlərdən biri olmuş
bu ölkənin münsif olmaq əvəzinə Ermənistanı
birtərəfli qaydada dəstəkləmək və
silahlandırmaq təşəbbüslərindən də
narazılıqla söz açır və mövqeyini belə
yekunlaşdırırdı ki, biz sizin də,
özümüzün də kimliyimizi bilirik, ancaq əməkdaşlıq
etmək istəyiriksə, bu, qarşılıqlı ehtiram və
inam əsasında olmalıdır: "Biz hazırkı
ABŞ Administrasiyasının fəaliyyətindən, hərəkətlərindən
dərindən məyus olmuşuq. Bu, birtərəfli
yanaşmadır. Qafqazda ayırıcı xətlərin
çəkilməsi olduqca təəccüblüdür.
Biz bəzən açıq, ictimai şəkildə,
bəzən də pərdəarxası mesajlarımızı
veririk ki, Azərbaycanın maraqları Cənubi Qafqazda təmin
edilməlidir. Kimsə bizim maraqlarımızı görməzdən
gəlməyə çalışsa, əlbəttə ki,
onlar yanılacaqlar və uğursuzluğa düçar
olacaqlar.
Biz bilirik potensialımız nədən ibarətdir və
bunu bizimlə əməkdaşlıq edən hər kəs
bilir. Bu potensialdan xoş niyyət, xoş məram,
konsolidasiya, tərəfdaşlıq üçün istifadə
edilməlidir və biz demonizasiya qurbanı
olmamalıyıq".
Təbii ki, forum iştirakçılarının Prezidentlə
dialoqu əsnasında dönə-dönə qayıdılan
sabit mövzu Qarabağ Zəfəri, bölgədə
sülh, Cənubi Qafqazın gələcək siyasi modeli idi və
Azərbaycan dövlətinin rəhbəri xalqın da ürəyindən
gələn bu həqiqətləri bəyan etdi ki, "biz
heç bir zaman nə işğalı, nə fəsadları,
nə verdiyimiz qurbanları, nə böyük Qələbəmizi
unudacağıq. Biz və bizim gələcək nəsillərimiz
bu Qələbə ilə fəxr edəcək. Lakin biz buna
fokuslanmamalıyıq, biz bu mövzunu daimi istismar etməməliyik
və onu daimi bir rəmzə çevirməməliyik, biz irəli
getməliyik". İrəli getməyin yeganə yolunun isə
Prezident mümkün uzunmüddətli sülh olduğunu qeyd
edir, artıq neçənci dəfə Ermənistanı
aldığı acı dərslərdən nəticə
çıxarmağa, umulan sülhün tez gəlməsi naminə
görməli olduğu təxirsiz tədbirləri ləngitməməyə
dəvət edirdi.
Heç olmazdı ki, Qarabağ Zəfərimizdən
sonra Makron administrasiyasının ölkəmizə
qarşı apardığı və Azərbaycandan kənarlarda
da hər kəsə görünən arzuolunmaz siyasət,
özünü öz aləmində böyük hesab edərək
Cənubi Qafqazda ağsaqqallığı ələ
almaqçün vurnuxan Fransa və Azərbaycanın da bu
xoruzlanmalara qarşı soyuq duş effektli cavab hərəkətləri
mövzusu qoyulan suallarcərgəsində yer almasın.
Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərindən
biri olduğu bütün müddətdə ikiüzlü
siyasət aparmış, 30 ilə yaxın müddətdə
işğal altında qalmış torpaqlarımızın
düşmənlərdən təmizlənməsindən
sonra ölkəmizə qarşı açıq şəkildə
buynuz çıxaran və Ermənistanı silahlandıraraq
yeni müharibəyə sövq edən Fransanın bu gün
Azərbaycana qarşı yürütdüyü xətti əsl
adı ilə çağırdı: "İyrənc, qəbuledilməz".
Və həmin siyasətin mahiyyətinin də nədən
ibarət olduğunu gizlətmədi: "Azərbaycana
qarşı soyuq müharibə".
Azərbaycan dövlətinin başçısı bu
məsələlərdən Qlobal Media Forumunda söz
açırdısa, forumun mövzusu da yalan məlumatların
ifşası və dezinformasiyaya qarşı mübarizə
idisə, həmin qara siyasətin həyata keçirilməsində
Fransanın arxalandığı mətbuat vasitələrinin
də adı çəkilməyə bilməzdi. Prezident
Əliyev yenə barışmaz idi, ən məşhur qəzetləri
- "Fiqaro"nu, "Le Monde" dərgilərini
xatırladır, onların bu gün Fransa prezidenti rejiminin təsiri
altında olduğunu, həmin media şirkətlərinə
mesajların Yelisey sarayından
ötürüldüyünü faş edirdi.
Eyni zamanda, özünü dünyaya demokratiya
carçısı kimi sırıyan, onun maskasını
yırtaraq əsl simasını əyan etmək istəyənlərə
düyməsi basılan sözəbaxan mətbuat vasitəsilə
təzyiq göstərən Fransanın bütün canfəşanlıqlarına
baxmayaraq, Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın
Makron rejimini hövsələdən çıxaran xətti -
üçüncü minillikdə də mövcud olan müstəmləkəçiliyə
qarşı daha sərt və ardıcıl siyasət
aparacağını elan edirdi: "Təəssüflər
olsun ki, Fransa hökuməti yenə də mediadan istifadə edərək
bizi ittiham edir ki, guya biz onların daxili işlərinə
qarışırıq.
...O ölkələr Fransadan minlərlə kilometr
uzaqda yerləşir, onları assimilyasiya etməyə
çalışırlar, onları təhqir edirlər. Sonuncu
hadisələrdə Yeni Kaledoniyada yeddi insan həlak olub. Bu,
Fransanın və onun prezidentinin əməli nəticəsində
baş verib. Biz kolonializmdən əziyyət çəkən
bütün xalqları dəstəkləməyə davam edəcəyik,
əlimizdən gələni edəcəyik.
...Kolonializmdən əziyyət çəkən həmin
xalqların səsini heç kəs eşitmir. Çünki
az sayda ölkə var ki, Fransanı əməllərinə
görə ittiham etsin. Bir çox ölkələr buna
göz yummağa çalışırlar, başqa tərəfə
baxmağa çalışırlar. Özlərinə
başağrısı axtarmırlar. Biz isə buna məhəl
qoymuruq". Azərbaycan lideri Fransa müstəmləkəçiliyindən
əzab çəkənlərin forumda qonaq olan nümayəndələrinə
müraciətlə vəd edirdi ki, "biz sizi hər zaman dəstəkləyəcəyik.
Əlimizdən gələni edəcəyik ki, siz və sizin
kimi milyonlarla insan öz torpağında azad yaşaya bilsin.
Siz öz gələcəyinizi
planlaşdırmalısınız. Siz öz irsinizi və ləyaqətinizi,
dilinizi qorumalısınız, hansı ki, bu gün sizi ondan məhrum
etməyə çalışırlar. Biz sizin yanınızda
olacağıq".
Əlbəttə ki, bu ürək-dirək verən məğrur
səs ildırım sürəti ilə kolonializmdən əziyyət
çəkənlərin hamısına yetişdiyi kimi,
Yelisey sarayında da əks-sədalanırdı.
Özünü nataraz sayan Fransa, daha dəqiqi, hakimiyyətdə
qaldığı hər növbəti günlə elə
fransız xalqına da başağrısı olan Emmanuel Makron
da bunları eşitsin, düşünsün, dərk etsin ki,
Azərbaycana qarşı haqsız diş qıcadanı Azərbaycanın
haqlı toppuzu gözləyir!
O gün Prezidentlə görüşə
toplaşmış tanınmışların hamısı
çörəyi mətbuatdan çıxan, həyatını
bu sahəyə həsr etmiş insanlardılar və onlar
üçün müasir dünya siyasətində xüsusi
yeri olan, uzaqgörənliyinə, aqilliyinə
inandıqları Prezident İlham Əliyevin dilindən
bağlı olduqları peşənin sabahı, media sənayesinin
gələcəyi və süni intellektin bu prosesdə rolu
haqda düşüncələrini eşitmək də
çox maraqlı idi.
Xatırlayıram ki, son on ildən artıq müddətdə
Avropa Şurası Parlament Assambleyasında
aşağı-yuxarı hər sessiyada media ilə
bağlı məruzələr müzakirə edilirdi və əksəriyyətin
ciddi nigaranlığı bu sferada dəqiq işləyən nəzarət
mexanizmlərinin olmamasından idi. Prezident İlham Əliyev həm
də mühüm siyasi aspektləri olan, bir sel kimi
mühitimizə getdikcə daha artıq nüfuz edən
süni intellekt üzərinə gələrək təhlükəli
perspektivi qeyd etdi ki, nüvə silahına malik ölkələr
süni intellekt tərəfindən manipulyasiyaya məruz qala
bilər. Hətta məişət səviyyəsində bir
çox hadisələr var ki, bir çoxlarına -
insanların münasibətlərinə, ləyaqətinə,
nüfuzuna bərpa olunmayan xələl yetirilə bilər.
İctimai şəxslərin fərqli feyk video, vizual və
audio məlumatlarla tamamilə yamsılanması gedir.
Və Prezident bu həssas məsələdə öz
görümünü açıqladı ki, media ictimaiyyəti
siyasətçilərlə baş-başa çox ciddi
işləməli, BMT, yaxud da "Böyük iyirmilik" səviyyəsində
heç bir halda söz, ifadə azadlığının
sıxışdırılması kimi qiymətləndirilməyəcək
müəyyən məhdudlaşdırmalara da gedilməlidir
ki, cəmiyyətin, ölkələrin, fərdlərin
uğraya biləcəkləri son dərəcə ciddi, hətta
qorxunc təhlükələr, təhdidlər istisna olunsun.
Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyinin
21 ilinin ən seçkin və qəlbəyatan tərəflərindən
biri də bu illər ərzində Bakımızın bir
çox beynəlxalq tədbirlərə mötəbər ev
sahibliyi ənənəsinin yaranmasıdır. Lakin Birləşmiş
Millətlər Təşkilatının 2024-cü ilin
noyabrında keçirilməsi nəzərdə tutulan, az qala
bütün dünya ölkələrini əhatə edəcək
İqlim Dəyişikliyi Konfransı - COP29 miqyasları və
80 min civarında ehtimal edilən qonaqlarının miqdarı
etibarilə özünəməxsus rekord kimi
götürülə bilər və bu əhatənin
özü tədbirin sırf ekoloji mahiyyətdən
ayrılaraq həm də ciddi siyasi məna
daşımasına sübutdur. Tədbirin ev sahibliyinin Azərbaycana
tapşırılmasının mühüm nüfuz göstəricisi
olmasından savayı, əksər dünya liderlərinin həmin
günlərdə paytaxtımıza səfər edəcəyini
nəzərə alsaq, ölkə rəhbərliyi səviyyəsində
baş tutacaq çoxsaylı görüş və qəbulların
siyasi siqləti də ayrıca qeyd edilməlidir. Bunun
özünün də bəri başdan mütəşəkkil
qısqanclıqlar doğuracağı öncədən
düşünülən idi və məhz belə də
oldu. Oxşar paxıl mənzərə 2012-ci ildə "Eurovision"
mahnı müsabiqəsinin Bakıda keçirilməsi ərəfəsində
də yaranmışdı. Bu da yadıma düşür ki, o
vaxtlar AŞPA-da Avropa naminə Liberal Demokratların Alyansı
siyasi qrupuna rəhbərlik edən, Azərbaycana qarşı
aqressiv bədxahlığı ilə həmişə fərqlənmiş
Ənn Brasör boğaz yırtırdı ki, buna yol vermək
olmaz və mən də çıxış edərək
cavabını vermişdim ki, həmin müsabiqəyə Azərbaycanın
ev sahibliyi etməsinin səbəbi ötən səfər azərbaycanlı
ifaçıların qalib çıxmasıdır, bu, qəbul
olunmuş bir qaydadır, ikincisi də, mədəniyyəti
siyasiləşdirmək, öz əsassız siyasi
ambisiyalarınız xatirinə belə natəmiz üsullara əl
atmaq yolverilməzdir.
Prezident İlham Əliyev Şuşa Forumunda COP29-la
bağlı suala cavabında da ən əvvəl mətbuatın
bu prosesə heç vəchlə korrekt olmayan cəlb edilməsinə
toxunaraq dedi ki, bizim namizədliyimiz və ev sahibliyimizlə
bağlı qərar verildikdən sonrakı növbəti həftə
Qərb mediasında bizə qarşı hücumlar
başladı. Bu, gözlənilən bir hal idi və bunu
müzakirə etdiyim bir çox şəxslərlə
danışıqlarımda, - həmkarlarımı, dövlət
və hökumət başçılarını nəzərdə
tuturam, - mənə deyirdilər
ki, bu, Azərbaycan üçün böyük
başağrısı olacaq. Biz nədə ittiham olunurduq?
Neft və qazla zəngin olan ölkə olduğumuz
üçün. Bu, çox təəccüblü bir
haldır. Təəssüf ki, bizə qarşı çox
geniş və koordinasiya edilmiş media prosesi başladı,
biz ilk vaxtlar buna hazır deyildik. Biz izah etməyə
çalışırdıq, bu, bizim günahımız deyil
ki, biz neft və qazla zənginik. Bizim fəaliyyətimiz onun əsasında
qiymətləndirilməməlidir. Biz
iqtisadiyyatımızı necə şaxələndirmişik,
işsizliyin öhdəsindən necə gəlmişik,
yoxsulluğu necə azaltmışıq, -mövzular bunlar
olmalıdır. Bu gün bu göstəricilər inkişaf edən
ölkələrin səviyyəsindədir, bəzən ondan
daha aşağı, daha azdır, yoxsulluq beş faiz səviyyəsindədir
və bəzi ölkələr bunu heç yuxusunda görə
bilməz. Qazıntı yanacaq növlərindən əldə
etdiyimiz gəlirlərin ədalətli paylanılması
çox şəffaf şəkildə, məsuliyyətli
şəkildə həyata keçirilir. Buna baxmayaraq,
ittihamlar davam edir".
Başqa sözlə, burada da mühitimizin ayrılmaz
parçasına çevrilmiş mətbuatdan nəcib olmayan
məqsədlə istifadə mərəzinin ortaya
çıxdığını vurğulayan Prezident İlham
Əliyev konfransa hazırlıq çərçivəsində
həmin yersiz sancmalara Azərbaycanın daha bir tutarlı
cavabını - yaşanan ilin ölkədə
"Yaşıl dünya naminə həmrəylik ili" elan
edildiyini xatırlatdı.
2-ci Şuşa Qlobal Media Forumunda sualı eşidilən
Amerikadan gəlmiş bir soydaşımız da vardı və
hər məqamı ayrıca təhlil, dəyərləndirmə
tələb edən həmin mötəbər
yığnağın bir para başqa epizodlarının da
üstündən keçərək buna diqqət
ayırmağım səbəbsiz deyil.
Xaricdəki radikal efir müxalifətinin səslərindən
biri kimi illərcə kəskin çıxışlar edən
Ramis Yunusun Qarabağ müharibəsindəki misilsiz zəfərimizdən
sonra baxışlarında və
çıxışlarındakı kəskin dəyişməni
onu görüb-eşidənlər hiss etməmiş olmazlar.
Ağlı başında olan insaflıların əksəriyyəti
də bu dəyişməni qanunauyğun saydı, təbii qəbul
etdi. Xaricdən Azərbaycana qarşı kin püskürən
və heç bir yaxşını görmək istəməyən,
boyaları tündləşdirərək yalnız əleyhimizə
hikkə ilə söz deyənlər, föhşü
özünə şüar etmişlərsə bu dəyişməni
öz cəbhələrində mühüm itki bilərək
süngü ilə qarşıladılar. İnsanın
başqaları haqqında dediyi hər söz bəzən daha
çox onun özünün kimliyi, hansı yolun yolçusu,
hansı mənəviyyata sahib olması haqda həqiqətləri
pıçıldayır. Elə xaricdə oturub bura
haqqında danışanlar da həmin sayaq. Dinlədikcə
sezirsən ki, hansı tənqid səmimiyyətdən, hadisələri,
mahiyyəti o cür görməkdən irəli gəlir, kimin
sözü qərəzə və ya ondan da murdar daha başqa
müəyyən satqın niyyətlərə xidmət edir.
Ramis Yunus vaxtilə dövlətdə işləmiş, hər
halda dövlət düşüncəsi olan insandır və
onu heç vəchlə sonradan pırtlayıb ortaya
çıxanlarla müqayisə etmək olmaz. Ya
İsveçrədə yaşayıb-yaradan, yeri
düşdükcə tənqid də edən, həm də
yetərincə sərt mövqe tutan, amma əsl peşəkar
jurnalist olan, Azərbaycan vətənpərvəri kimi dövlət
və millət maraqlarımızı da dərindən anlayan,
ölkəmizin uğurlarına da qəlbən sevinməyi
bacararaq bunu yazılarında da ifadə edən, Azərbaycan
liderinin müstəsna qabiliyyətlərini və diplomatik
müvəffəqiyyətlərini də lazımınca qiymətləndirərək
bunu mətbuata çıxaran, müxalif cəbhədən
olan hansısa gözügötürməzlərin ona əmma
qoyacağından da çəkinməyən Elbəyi Həsənlini
özünü bloqer, jurnalist elan etmiş, amma ana dilimizdə
iki cümləni doğru-düzgün quraşdırmağa
belə qadir olmayan, qarayaxıcı, ikrahoyadıcı
tör-töküntülərlə necə yanbayan qoymaq olar?!
Fikir və söz adamının
dürüstlüyü onda yalnız yamanı deyil,
yaxşını da görə bilməsi, yaman
saydığının üstünə beşini də
qoyaraq ümidsizlik, naçarlıq ovqatı
yaratmağında, düşmən dəyirmanına su
tökməkdəki pərgarlığında yox, haqqı da
görə bilmək, gördüyünü dilə, qələmə
gətirməkçün qeyrət, vicdan tapa bilməsindədir.
İndi Ramis Yunusun bu foruma qatılmasına, ölkə
Prezidentinin onu mehriban salamlamasına yenə xaricdən mız
qoymaqçün əlləşənlərə baxa-baxa
düşünürsən ki, onların bu rəzil münasibətində
həm də qibtə, həsəd, irinli içərilərini
deşən təəssüf də var ki, niyə o yerdə mən
deyiləm.
Əslində Prezidentin çoxdan Azərbaycanda olmayan
Ramis Yunusu "Vətənə xoş gəlmisiniz!"lə
salamlamasında müxalifətçilik boynuna (ya boyuna)
düşmüş xaricdəki yolundan sapmışlara da bir
xoşməramlı ismarış var ki, vətənin
qapısı da açıq, ürəyi də genişdir,
düz yola qayıdanları gülər üzlə qəbul
etməyə həmişə hazırıq, biz dünənəcən
qan düşməni olan erməni ilə sülhə
hazırıq, onda qalmış siz olasınız...
XXI yüzilin üçüncü onilliyinin ciddi
qlobal - kürəsəl dəyişiklikləri vəd edə-edə
irəlilədiyi günlərimizdə əsas təkanvericisi
və ilhamçılarının Türkiyə və Azərbaycan
olduğu, get-gedə daha ardıcıl qətiyyətlə
dünyaya bəyan edilən və artıq gerçək
çöhrəsini də yetərincə nümayiş
etdirmiş Yeni Güc Mərkəzi - Türk Dövlətləri
Təşkilatı və onun sabahı haqqında da Prezident
İlham Əliyev dünyanın eşitməli olduğu
sözünü dedi. Bu haqda hələ 2024-cü ilin 18
fevralında Milli Məclisdə etdiyi andiçmə nitqində
Prezident İlham Əliyev öz
düşünülmüş aydın mövqeyini ifadə
etmiş, Azərbaycanın və digər türk dövlətlərinin
sabahının yol və tale xəritəsini belə
cızmışdı: "Türk Dövlətləri Təşkilatı
bizim üçün əsas beynəlxalq təşkilatdır,
çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz
yoxdur. Bizim ailəmiz Türk dünyasıdır.
Əgər kimsə hesab edir ki, biz başqa yerdə
ailə axtarmalıyıq, deyə bilərəm ki, bizi
heç yerdə gözləmirlər və bunu artıq gizlətmirlər.
Türk Dövlətləri Təşkilatı
böyük coğrafiyadır, böyük ərazidir,
böyük hərbi gücdür, böyük
iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat
yollarıdır, gənc əhalidir, artan əhalidir və bir
soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik
ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək
səylərlə elə etməliyik ki, Türk Dövlətləri
Təşkilatı qlobal arenada önəmli aktora və
güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə
nail ola bilərik".
2-ci Şuşa Qlobal Media Forumunun
başlandığı 20 iyul Türkiyə
Respublikasının Kipr adasındakı türkləri
oradakı yunan hakimiyyətinin işğalından azad etməsinin
50-ci ildönümünə təsadüf edirdi. Prezident
İlham Əliyev dünyadakı bir sıra
uzunömürlü beynəlxalq təşkilatlar və təsisatların
heysizləşdiyi, sarsıldığı dönəmdə
getdikcə daha artıq güc yığan və möhkəmlənən
Türk Dövlətləri Təşkilatının iqtisadi,
ticari, hərbi və digər sahələrdə əməkdaşlığının
əhəmiyyəti və perspektivini bir kənara qoyaraq daha
öncə birliyin güc göstəricisinin daha vacib bir məqamına
diqqət yönəldirdi. Onillərcə romantik bir diləkdən
o yana keçməmiş Türk Birliyi məfkurəsinin əməli
ifadəsi olan bu təşkilatın artıq dünyanın
siyasi xəritəsini dəyişəcək qədər iradəyə
və sözükeçərliyə malik olduğuna işarə
edərək bunun əyani göstəricisi kimi Şimali Kipr
Türk Cümhuriyyətinin Türk Dövlətləri Təşkilatında
artıq müşahidəçi üzv statusu
qazanmasını, təşkilatın elə Şuşadaca
keçirilmiş son zirvə görüşünəöz
bayrağı ilə qatılmasını örnək göstərdi,
bunu elə "müstəqilliyə doğru atılan önəmli
bir addım" adlandırdı.
Prezident İlham Əliyevin bu sözləri əslində
özünü planetimizin siyasi həyatında ixtiyar sahibi
sayan, yekəxana davranış və ədaları ilə bir sıra
ölkələrin də, beynəlxalq təşkilatların
da işinə qarışaraq öz xəttini yürütmək
xülyasından əl çəkməyi düşünməyənlərə
xəbərdarlıq idi ki, özünüzü
yığışdırın, Biz Gəlirik, həm də
artıq necəliyi Qarabağ Zəfərindən sonra aləmə
yaxşı bəlli olan, Türk Birliyi kimi yumruqlaşaraq
qat-qat artan qüdrətimizlə gəlirik: "Biz birliyi daha
da gücləndirməklə Türk Dövlətləri Təşkilatını
dünya miqyasında güc mərkəzinə çevirməliyik.
Çünki bu gün bir neçə beynəlxalq təşkilat
var. Bəziləri böhran içində, bəziləri tənəzzüldədir,
Türk Dövlətləri Təşkilatı isə yüksəlişdədir.
Bu yüksəliş rahat olmalıdır və buna ortaq səylərlə
nail olacağıq.
Qarabağ Zəfəri bir çox ünvanlara gözəl
mesaj oldu. Gücümüz bir olanda dəmir yumruğumuz da
ağır olur, daha möhkəm olur. İnşallah, belə
də olacaq".
...O gün - iyulun 20-də gözəl Şuşada
2-ci Qlobal Media Forumunun başlanğıcında bir neçə
saat ərzində Prezident İlham Əliyev bütün
parlaqlığı və böyüklüyü ilə o məclisin
dünyanın çox ölkəsini əhatə edən
iştirakçılarının, baş verənləri
teleekrandan seyr edən xalqının və Azərbaycan
liderinin nə söyləyəcəklərini, hadisələrə,
gedişata, siyasi gerçəklik və gələcək
haqqında hansı qənaətdə olmasını
yaxından-uzaqdan diqqətlə izləməyə irəlicədən
hazırlaşmışların önündə idi. Həmişəki
kimi, zəkasının gücü, nitqinin bənzərsiz
mükəmməlliyi, fikirlərinin dərinliyi, mülahizələrinin
sərrastlığı və söyləyişlərinin cəsarəti
ilə möhtəşəm idi.
Seyr etdikcə, dinlədikcə, izlədikcə, həmişəki
kimi, bu parlaqlıqdan sevinənə, iftixar edənə yenə
işıq və gözəl sabahlara artan ümid və inam
payı düşürdü; bu parlaqlıq kimlərinsə
gözünü qamaşdırır, canına vicvicə
salır, ovqatını təlx edirdi; o parlaqlıq kimlərəsə
bir ismarış, xəbərçatdırma idi ki, biz buyuq,
yolumuz bu, sözümüz bu, sifətimiz bu,
gücümüz budur - bizimlə hesablaşmaqda, bizimlə əl-ələ
olmaqda, bizimlə bihudə yerə qarşı-qarşıya
durmayıb birgə addımlamaqda daha çox fayda var.
O gün Prezident İlham Əliyev Şuşanın
ucalığından sözünü yalnız içərisində
olduğu məclisə və yaxın coğrafiyaya deyil,
dünyaya, dünyanın güclərinə deyirdi, hökmən
ünvanına çatası mətləblərini arxayın
müdriklik və sarsılmaz əzmlə dəqiq hədəflərə
yönəldirdi və çox parlaq idi.
Onun parlaqlığı ilə Azərbaycan bu gün
olduğundan da böyük və qüdrətli
görünürdü.
Daim bizimlə olması arzulanan bu parlaqlıqla iftixar
edilməzmi?!
21 iyul 2024
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet .- 2024.- 23 iyul,№(128).-S.6-7;8.