Söz azadlığı və jurnalist ləyaqəti  

 

 

Ölkəmizdə hələ də diffamasiya barədə hüquqi akt olmadığından, uydurma vasitələrlə adamları biabır etmək, şəxsiyyətin ləyaqətini alçaltmaq metodu sayılan böhtan bilavasitə cinayət əməli hesab olunur və onun müəllifi qanunla cəzalandırılır. Ona münasibətdən asılı olmayaraq qanunun sərtliyi öz varlığını yaddan çıxarmağa qoymur, onun ruhuna və hərfinə qeyd-şərtsiz riayət etmək zərurəti yaranır. Qədim yunan filosoflarından biri iddia edirdi ki, qanun bizə korluq bəxş edir. Korluq deyəndə, yəqin, onu nəzərdə tuturdu ki, qanun hadisələrə qiymət verdikdə, bizim görmə, baxış bucağımızı daraldır, onlara yalnız özünün tətbiq etdiyi kiçik prizmadan yanaşmağı tələb edir.

Jurnalist şərə, qüsurlara, anaxronizmə, cəmiyyətin məsamələrinə nüfuz edən bəlalara qarşı biganə qalmamalıdır. Lakin onun bu mövqeyi şəxsi ədavət, kin, qəzəb müstəvisinə keçməməlidir. Bu barədə jurnalist üçün lakonik deviz böyük tarixçi Tatsitin sözlərində öz əksini tapmışdır: "Sine ira et studio" - "Qəzəbsiz və qərəzsiz". Yəni qabaqcadan hasil olan yanlış qənaətə əsaslanmamaq, əvvəlcədən səhv istiqamətlənmiş rəyə uymamaq. Lakin bu o demək deyildir ki, həmin müddəa qələm əhlini ətalətə, eybəcərliklərə qarşı biganəliyə, ümumən, laqeydliyə səsləyir, "mənim komam kənardadır" prinsipi ilə yaşamağı təlqin edir. İti söz, qüsurları qamçılayan məqalə cəmiyyəti mürgüləməyə qoymur, adamları qüsurlara qarşı həssas olmağa, dözümsüzlüyə çağırır. Sokrat deyirdi ki, mozalan sancması ilə atları qaçmağa məcbur etməklə, onları kökəlməyə, tənbəlləşməyə qoymur. O, afinalıları da belə harınlaşmaqdan uzaqlaşdırmaq üçün sözlə onların sancdırılmasını məqsədəuyğun hesab edirdi. Jurnalistlər də məhz belə nəcib məqsədlərə xidmət edən əsgərlər hesab edilməlidir. Axı qüsurların tənqidi onların böyüməsinin, metastaz verməsinin və daha ağır fəsadlara yol açmasının qarşısını alır, bu baxımdan ictimai sözün, qələm məhsulunun olduqca faydalı bir fəaliyyət növünə çevrilməsindən xəbər verir, ən azı mənəvi saflaşma prosesində onun fəal iştirakını danılmaz edir.

Jurnalist, qələm əhli öz yaradıcı fəaliyyətindən ilham almalıdır, onun məhsuluna narazı qalan seqmentin necə qiymət verməsindən asılı olmayaraq, bütün enerjisini bu işə həsr etməlidir. O, qələmindən çıxan məhsulla uzun müddət sönməyən şamı yandırmağı ilə fərqlənməlidir. Amerikan yazıçısı Cek Londonun dediyi, darıxdırıcı planet olmaqdansa, parlaq meteor olmaq yaxşıdır, insan heç də sadə mövcudluğu ilə razılaşmamalı, yaşamalıdır, sözlərini, daim axtarışda olan jurnalistlərə aid etmək istərdim. Jurnalist qələminin yetişdirdiyi bəhrə ilə, uçanda işıq saçan meteor təəssüratı yaratmalıdır, bu, onun həyatını, çox arzusunda olduğu kimi, daha maraqlı edə bilər. Buna sadəcə olaraq can atmaq, çalışmaq lazımdır.

Nöqsanların tənqidi, həm də onlardan vəcdə gəlmək, neqativ halların daim mövcud olmasını arzulamaq eybəcərliyi deyildir. Jurnalisti heç vaxt vampir keyfiyyətləri cəzb etməməlidir, cəmiyyətin bədəni üçün zəlinin olması isə vacibdir, çünki o, pis qanı, qanın tərkibini zibilləyənləri sorub, təmizləməklə, orqanizmin sağalmasına kömək edir. Vampir, qaniçən, qansoran isə lap qədimdən indiyədək mənfur əməlin təcəssümü kimi nəzərdə tutulur.

Jurnalist öz istəyindən asılı olub-olmayaraq, yazılarında həm də öz şəxsiyyətini, fərdi düşüncələrini, daxili aləmini əks etdirir. Yazıda, məqalədə nəzərə çarpan kin, nifrət çox hallarda zəiflikdən, gücsüzlükdən, natamamlıqdan xəbər verir. Müəllif hücum edəndə özünü cəngavər qiyafəsində gördüyü halda, iddialarını, ittihamlarını müdafiə etmək anı gələndə bu zahiri igidlikdən əsər-əlamət qalmır. Ona görə də bir çox hallarda irəli sürülən fikirlərin, ideyaların bütövlüyünə, davamlılığına, sarsılmazlığına şübhələr yaranmağa başlayır. Xətaya yol verildikdən sonra, suda boğulan adam kimi çabalamaq, əsassız olaraq kömək, aman diləmək fayda vermir. Böyük natiq Siseron Milonun məhkəməsində vəkil kimi iştirak edərkən, buradakı məşhur nitqində müdafiə etdiyi şəxsin özünü necə ləyaqətlə apardığını, güzəşt barədə xahişi dilə gətirməkdən uzaq olduğunu vurğulayaraq, məhz belə mərdanə davranışına görə ona mərhəmətlə yanaşmasını israr edir və belə bir müqayisəni yada salırdı ki, döyüşdə uduzan qladiator nəzərləri, yalvarışı ilə adamlardan aman dilədikdə, bir qayda olaraq tamaşaçılar ona rəhm etmək istəmir və barmağının aşağı yönəlmiş işarəsi ilə ölümünə razı olduqlarını bildirdikləri halda, məğlubiyyətdən sonrakı ölüm ərəfəsində belə, öz ləyaqətini qoruyub saxlayan, mərhəmət ummayan qladiatorun sağ qalması hökmünü verirlər. İnsanın sifətini, bəzən həyatını da heç də yalvarış, aman diləmək deyil, ləyaqət, mərdlik müdafiə edir. Səhvin etirafının özü də ləyaqətə şübhə yaratmır.

Ölkənin müxalifət mətbuatının diqqətindən düşməyən və təqdir olunmalı ən aktual mövzulardan biri korrupsiya və ona qarşı mübarizə məsələsidir. Korrupsiya, rüşvətxorluq dəhşətli bəladır və onların zərərsizləşdirilməsi, bu hidranın çox saydakı başlarının kəsilməsinə cəhd edilməsi sahəsində hər bir kəsin və ya institutun xidməti, töhfəsi ümumi rəğbət mükafatını almalıdır. Hər bir korrupsiyalaşmış məmurun ifşasına xalqın, dövlətin mənafeyi baxımından yanaşılmalı, onların haqqında rəy formalaşdırılanda kastalar məsələsi ortaya atılmamalıdır, ona qələm vasitəsilə Qay Yuli Sezarın tətbiq etdiyi qalxanlardan qurulan "tısbağa" müdafiə çanağı düzəldilməməlidir. Dəlillər bu zirehi bir andaca deşib, sıradan çıxara bilir. Korrupsiyaya görə cəzalandırılanları "quzu" libasına geyindirmək, ümumən bu yaramaz ünsürlərə qarşı mübarizənin effektini azaltmağa xidmət edir. Axı şəri cəzalandırmaq vacib olduğu kimi, yalnız xeyiri mükafatlandırmaq lazımdır. Bu məsələdə buraxılan səhv sağlam cəmiyyətə xələl gətirir. Şərə qarşı hər bir hücum, həm də xeyiri müdafiə etmək vəzifəsini yerinə yetirir.

Yaxşı məlumdur ki, rüşvətxorluq cəmiyyət üçün şər nümunəsidir, bəladır. Rüşvətxor məmurun "xidmətində" olmaq, cəzalandırılanda onu müxtəlif yollarla müdafiə etməyə girişmək, həmin bəla üçün şərait yaratmaqdan başqa bir şey deyildir. Həbs olunmuş məmurların mühakiməsi, onların qanunsuz yolla əldə edilmiş iri mülkiyyətə, ağlasığmayan var-dövlətə sahib olduqlarını, çox sayda evlərə, bahalı avtomobillərə malik olduqlarını aşkara çıxarır. Onlardan heç biri böyük imkanları müqabilində heç vaxt cüzi bir xeyriyyəçiliklə də məşğul olmur, imkansız hansısa ağır xəstənin müalicəsinə maddi yardım göstərmir, yoxsul ailələrə, xəstə uşaqların valideynlərinə və qocalara kömək əli uzatmır. Nadir bir misal odur ki, Türliyədə yaşayan azərbayacanlı varlı iş adamı ağır xəstəliyə tutulmuş öz yerlisi olan müğəninin böyük müalicə xərclərini öz üzərinə götürmüşdü. İfşa olunmuş rüşvətxor məmurların isə kiməsə maddi yardım göstərməsi faktı məhkəmə proseslərində üzə çıxmamışdır. Dünyada isə başqa nümunələrə rast gəlmək mümkündür. İndiki dövrün ən böyük mafiya təşkilatı olan Yaponiyadakı Yakudza, ölkə 2011-ci ildə ağır sunami zərbəsinə məruz qalmaqla, görünməmiş dağıntılarla üzləşdikdə, öz büdcəsindən zərər çəkmiş ailələlərə maddi kömək şəklində və uçmuş binaların bərpasına böyük məbləğdə vəsait ayırdı. Yaponlar bir qayda olaraq, itirilmiş pulları, hətta onlar iri məbləğdə olanda da polis idarəsi vasitəsilə hökmən yiyəsinə qaytarmağa çalışır, hətta ehtiyacı olanlar da, təsadüfən meydana gələn belə asan qazanc qazanmaq variantını rədd edirlər. Rüşvətxor isə, hətta o, xırda bir məbləğdə ziyana düşəndə, şübhələndiklərinin hamısını dar ağacına çəkməyə hazır olur. Xeyriyyəçilik filantropiya, insana məhəbbət nümunəsidir, varlı amerikan iş adamları öz qanuni gəlirlərindən imkansız vətəndaşlara maddi kömək üçün xeyli miqdarda pul xərcləyirlər, başçılıq etdikləri şirkətlər vasitəsi ilə xeyriyyəçilik tədbirlərində fəal iştirak edirlər. Rüşvətxorlar isə xalqın qanını sorduqlarından, onlar qanunsuz əldə etdikləri vəsait hesabına  xeyriyyəçilikdə iştirak etsələr belə, əslində o, təqdir deyil, məhkum edilməlidir, saxta, haram xarakter daşıdığından, onu hətta heç də  müsbət hal kimi qiymətləndirmək olmaz. Vaxtilə ağır bəla olan vəba, taun kimi pandemiyaların, traxoma, vərəm epidemiyalarının kökü kəsildiyi kimi, getdikcə iqtisadi uğurlara imza atan ölkəmizdə, həm də mübarizə tədbirlərinin güclənməsi hesabına korrupsiya da iyrənc bir xəstəlik kimi yoxa çıxacaq, ona qarşı mübarizə də zəfərlə nəticələnəcəkdir.

 Korrupsiyaya nifrət edən qələm əhli başqalarını atəşə tutmaqla yanaşı, öz ləyaqətinin ləkələnməməsi qayğısına da qalmalıdır. Jurnalistin, əldə olunmuş haram vəsaitdən şantaj yolu ilə pay umması faktları, az da olsa mövcuddursa, bu, biabırçı hal hesab olunmalıdır. Belə hadisə təkcə dələduzluq, qanunsuz yolla pul qoparmaq cəhdi olmayıb, həm də "ovladığı" rüşvətxora, jurnalistin özünün sirdaş, həmkar olmasıdır. Tarixdə ilk dəfə türklər atın yəhərinə iki üzəngi qoymağı icad etdilər, bu, atı sürətlə çapanda ayaqları üzəngiyə möhkəm söykəyib, düşməni məhv etmək üçün, ona hədəf  kimi sərrast ox atmağa imkan verirdi. Türk süvarisinə bu ixtira böyük üstünlük verirdi, bundan əvvəl isə çinlilər bir üzəngidən istifadəni tətbiq etmişdilər. Jurnalist də döyüş səhnəsindəki oxatan süvariyə bənzəyir, çünki köçəri xalqlar, yürüşə çıxan ordu kimi o da rahatlıq bilmir, onun da atəşinin hədəfə dəyməsi üçün qərəzsizlik və təmənnasızlıq adlanan dayaq nöqtəsinə ehtiyacı vardır. Əks halda, jurnalistin özünü müdafiəsi çətinləşəcək, ifşa obyektindən rüşvət şəklində pul alması, özünə sipər hesab etdiyi söz azadlığı adlanan qalanın divarlarının bu vaxt uçması baş verəcəkdir.

Qəzet oxucuya ona məlum olan və olmayan hadisələr, xalqlar, insanlar barədə məlumatlar təqdim etməklə, onun biliyi ilə yanaşı, bütünlükdə dünyagörüşünü də zənginləşdirir. Xarici aləmlə oxucu arasında əlaqə yaradan körpü rolunu oynayır, burada oxucu kütləsinin zövqü, onu yaxşılaşdırmaq ehtiyacı da nəzərə alınmaqla, əsas götürülməlidir. Onun səhifələrinin əksər yerini, əlbəttə ki, yeni xəbərlər, məlumatlar, ölkədə və dünyada baş verən mühüm hadisələr tutmalıdır. Mətbuat təbliğat ruporu olmaqdan uzaqlaşıb, daha çox informasiya daşıyıcısı olmalıdır. Təsadüfi deyil ki, "qəzet" sözü də XVI əsrdə Venetsiyada çap olunan məlumatları almaq üçün verilən "gazzetta" adlı xırda pulun adından götürülmüşdür. Bu məlumatların təzə olmasını isə fransız dilindəki "journal" (jurnal) sözü daha yaxşı ifadə edir, həmin anlayışın kökü "gün" mənasını verir və ifadə isə "gündəlik" sözünə bənzər tələffüz olunur. Fars dilində də qəzet "ruznamə" adlanır, bu da "günün xəbəri" mənasını verir. İngilis dilindəki "newspaper" kəlməsi isə hərfi mənada "yenilik, xəbər kağızı" mənasını verir, başqa sözlə, "qəzet" deməkdir. Oxucunu hər gün yeniləşən, təzələnən məlumat daha çox cəlb edir, iki-üç gündən sonra qəzetdə gedən məlumat istehlaka yaramayan məhsula çevrilir, bir qayda olaraq, tarixi tədqiq edənlərdən başqa heç kəsi köhnə qəzetlərdəki məlumatlar maraqlandırmır.

Gündəlik məlumatın prioritetliyi qəzetin mövzu rəngarəngliyinə xələl gətirməməlidir. Burada mövzuların çeşidinə sərt bölgü qoymaq da təşəbbüsü buxovlamaq effekti verir. Məlumatlar seçimində toxunulmaz hədlərin mövcudluğu da fayda vermir. Viktoriya epoxası İngiltərəsinin puritan əxlaqı qaydalarını təqlid etmək də ağılsızlıq olardı. İngilislər o vaxtlar bunu əsas götürərək qadınlar və kişilər üçün kitabları çeşidləyib, ayrıca düzdülər ki, onları oxumaqda səhvə yol verilməsin, çünki guya bu, əxlaqa ciddi ziyan vura bilər. Digər tərəfdən vay o günə ki, çap məhsullarında tənqid qadağaya məruz qala, tərif isə bezdirci mantra səviyyəsinə qaldırıla. Ölkəmiz təkamül qaydasında demokratik islahatlara uğradıqca, yəqin ki, belə təhlükə birdəfəlik yoxa çıxacaqdır.

 

(Ardı var)

Telman ORUCOV

525-ci qəzet .- 2024.- 24 iyul, №(129).- S.14.