KƏDƏR QARIŞIQ TƏBƏSSÜM  

 

Dahilər, görkəmli simalar, parlaq şəxsiyyətlər nə qədər böyük, nə qədər müstəsna, nə qədər nadir olsalar da, hər halda hər kəs kimi insandırlar. Onlar da hər kəs kimi bir ömür yaşayır, bu həyatın içərisindən keçib gedir və başqa Allah bəndələri kimi, bir gün onların da ailə qurmaq növbəti yetişir.

Doğurduqları incilərlə onlar nə qədər qeyri-adi olsalar, gendən nə qədər cazibəli görünsələr də, onların həyat yoldaşı taleyini yaşamaq həmişə çox çətin olur. İlahi də sanki dühaların hamı kimi olmadığını, yaradıcılıqlarında üstün, adi həyatda digər insanlardan çox vaxt daha köməksiz, daha gücsüz olduqlarını nəzərə alaraq bəxtlərinə onların həyat yoldaşı olmaq yükünü çəkə bilən mələk xislətli xanımlar yazır. Bir çox nadirlərin ömrünə o qadınlar sadəcə zövcə kimi yox, qoruyucu pərilər kimi gəlir.

Qələmi ilə, zəkasıyla millətin taleyində büsbütün yeni bir yol açan Həsən bəy Zərdabinin həyatı heç də asan deyildi. Enişli-yoxuşluydu, məşəqqətli idi. Onun ömür-gün yoldaşı olmaq həm də bir çox məşəqqətləri bölüşmək deməkdi. Həsən bəy Zərdabi nə xoşbəxt idi ki, tale ona Hənifə xanımı bağışlamışdı. Hüseyn Cavid nə bəxtiyardı ki, onun Mişkinaz xanım kimi vəfalı ömür-gün yoldaşı vardı. Həsən bəy Ağayev məsud idi ki, tale ona kişi qeyrətli Xədicə xanımı nəsib etmişdi. Xudadat bəy Rəfibəylinin Cəvahir xanımı, Üzeyir Hacıbəylinin Məleykə xanımı, Müslüm bəy Maqomayevin Badigülcamalı vardı. Bu gözəl varlıqlar təkcə bir evin xanımı, yalnız övladlar böyüdən analar deyildilər. Onların hər biri BÖYÜK ərlərinin məsləkdaşı, amal yoldaşı, əqidə dostu idilər. O seçilmiş kişilərdən bu millətə qalan işıqlı nə varsa, hamısında o gözəl xanımların nur payı var.

Və tale Cəlil Məmmədquluzadəyə də Həmidə xanımı ürcah etdi.

Həmidə xanımla Cəlil Məmmədquluzadə qovuşanacan ayrı-ayrı yollarla irəliləmişdilər.

Cəlil Məmmədquluzadənin iki evliliyi olmuş, Həmidə xanım da ərə getmiş, ömür yoldaşının vəfatından sonra dul qalmışdı, hər ikisinin əvvəlki nikahlardan uşaqları vardı. Üzdən baxanda, elə bil ki, qovuşma imkanları da münasib deyildi -məkanca da bir-birindən xeyli aralıydılar. Mirzə Cəlil Tiflisdə, Həmidə xanım Qarabağda yaşayırdı. Ancaq vaxtın, taleyin də öz izahsız çəkiciliyi olur. Həmin cazibə bu iki insanı bir-birinə doğru çəkir, gələcək vüsalı hazırlayırmış.

Üstündən zamanlar keçəndən sonra olub-keçmişlərə bugünün hündürlüyündən baxarkən düşünürsən ki, Həmidə Cavanşirsiz Cəlil Məmmədquluzadənin ömrünü təsəvvür etmək mümkün deyil. Ağla gətirə bilmirsən ki, o dəyanətli qadın olmasaydı, Cəlil Məmmədquluzadənin fırtınalı illərin axarındakı həyatı necə keçərdi? Bəlkə elə günlərin birində yarımçıq da qırılardı. Həmidə xanım ona sədaqətli xanım, hayan olmağı bacardı, Cəlilə sonsuz sevinclər gətirən, ömrünə yeni rəng və məna qatan övladlar bağışladı. Lakin Həmidə xanım həm də mübarizələrdən, yüz cür sıxıntılardan adlaya-adlaya "Molla Nəsrəddin"i dünyaya gətirən Cəlil Məmmədquluzadənin yanındakı qələm yoldaşı, mollanəsrəddinçilər sırasında rəsmən adı çəkilməsə də, əməldə onların ən fəallarından biri sayılası silahdaş, məsləkdaş idi.

Həmidə xanımın nə "Molla Nəsrəddin"də, nə də Cəlil Məmmədquluzadənin qələmə aldığı bir-birindən qiymətli əsərlərinin hansındasa adı keçir. Ancaq əslində o əsərlərin hər birini oxuyanda, "Molla Nəsrəddin"in köhnə nömrələrini vərəqləyəndə gözünüzün önünə daim o xanımın nurani camalını gətirin, onun haqqında zəhmət şəriki, həmmüəllif kimi düşünün. Həmidə xanım olmasaydı, üzdən sakit görünsə də, içərisi həmişə gərginliklə dolu Mirzə Cəlil adladığı aşırımlı yolları rahat keçə bilməzdi. Həmidə xanımın ən narahat günlərində də Cəlil Məmmədquluzadə onun üçün təsəlli adası idi. İlk görüşdükləri, yaxınlaşdıqları, qovuşduqları günlərdən tutmuş əbədi ayrılığın gəldiyi anlaracan Həmidə xanımla Mirzə Cəlil ruhca birgə oldular. Həmidə xanım bu illərin və günlərin hamısında Mirzə Cəlilə ən etibarlı söykənəcək idi. Cəlilin böyüklüyünü bəlkə də hər kəsdən daha artıq və sonacan onu yalnız yaxın məsafədən deyil, həm də daxildən müşahidə edə bilən Həmidə xanım anlayırdı. Bu səbəbdən də gücü, təpəri çatdıqca illərcə Böyük Ərini qorumağa, ona dayaq olmağa çalışdı. Və Həmidə xanımın Cəlilə (gerçəkdə isə hamımıza, bütün millətə) axırıncı yaxşılığı və son töhfəsi də qələmə aldığı "Xatirələr"i oldu.

Artıq Mirzə Cəlilin həyatda olmadığı günlərdən birində keçdi masa arxasına, və birgə günlərinin yaddaşlarını ürəyindən və beynindən kağıza köçürməyə başladı. O xatirələrin aynasında Mirzə Cəlil indiyəcən çoxumuza bəlli olmamış bir qatartək ona xas cizgiləriylə büsbütün ayrı bir cilvədə göründü və həmişə də o xatirələr oxunduqca bizə daha yaxın gələcək. Həmidə xanım bu xatirələri qələmə almaqla həm Mirzə Cəlilin, həm özünün taleyini yazdı, həm millətə ibrətli bir sevgi tarixçəsini yadigar qoydu.

...Həmidə xanımla Mirzə Cəlilin qovuşmasının əsas səbəbkarı atası Əhməd bəy Cavanşir oldu. Hərçənd Cəlillə Həmidənin ilk təması baş tutanda artıq Əhməd bəy Cavanşir həyatda deyildi. O, şərəfli bir nəslin övladı idi, Pənah xanın uruğundan, Cavanşirlər soyundan idi.

Əhməd bəy dünyadan köçəndə qızına vəsiyyət etmişdi ki, ondan qalan əlyazmaları qorusun və üzə çıxarsın. Əhməd bəy dünya görmüş, yaxşı savad almışinsandı, hökumət qulluğunda olmuşdu. Bir müddət Azərbaycandan kənarda - Rusiyada yaşayıb xidmət etmişdi və ana dilindən savayı ruscanı və farscanı da yaxşı bilməsi öz yerində, fransızcada sərbəst danışır, yazıb-oxuyurdu. Mütaliəsi genişdi, ədəbi qələmi də vardı. Öz bədii əsərləri bir yana, gözəl tərcümələri də az deyildi. Rus şairləri Vasili Jukovskidən (1783-1852), Mixail Lermontovdan (1814-1841) silsilə şeirləri Azərbaycan dilinə çevirmişdi. Ürəyindən keçirmiş ki, onları kitablaşdırsın, ayrıca nəşr etsin. Ancaq ömür möhləti çatmır.

Əhməd bəyin Qarabağın məşhur kəndlərindən olan Kəhrizlidə mülkləri vardı. Özündən sonra orada qızı Həmidə yaşayır, təsərrüfatı idarə edirdi və 1905-ci ilin payızında ata vəsiyyətinə əməl etmək qərarına gəlir. Qızı Tiflisdə oxuyurdu, oradakı Qızlar İnstitutunda pansioner idi. Növbəti dərs ili başlanan ərəfədə - 1905-ci il avqustun sonlarında gəlir Tiflisə. Burada üz tutacağı ünvan İsasultan Şahtaxtlının dul zövcəsi, köhnə rəfiqəsi Sofya xanımın evi idi. Axşamlardan birində Həmidə xanım Sofya xanıma elə Tiflisə gəlmişkən başqa bir mühüm işi də yerinə yetirmək istədiyini bildirir. Deyir ki, atamın əlyazmaları qalır, istəyirəm onları kitab şəklində buraxaq. Həmidə xanım hələ Qarabağda olanda soraq-soraq eşitmişdi ki, Tiflisdə Cəlil Məmmədquluzadə ilə Ömər Faiq Nemanzadənin "Qeyrət" mətbəəsi var və atasının artıq senzordan keçmiş, çapına icazə verilmiş əlyazmasını nəşr olunmaqdan ötrü onlara təqdim etmək fikrində idi. Sofya xanım Mirzə Cəlillə Ömər Faiqi yaxşı tanıdığını deyərək kitabla bağlı söhbət aparmaqçün onları evə dəvət edəcəyini bildirir və həmin günlərdən 30 ildən artıq bir müddət keçərkən Həmidə xanım xatirələrində Cəlillə o ilk görüşü də anırdı. İlk görüşdə Ömər Faiq Həmidə xanıma söhbətcil, təmaslara açıq, daha səmimi, Mirzə Cəlil isə qaradinməz, içərisinə qapılmış adam kimi görünmüşdü. O qədər ki, hətta onun niyə belə davranmasının səbəbini Sofya xanımdan da soruşmuşdu, o da qayıtmışdı ki, elə bu ilin içərisində atasını da, anasını da, üstəlik, qaynını da itirib, qayğıları çoxdur, həyatın zərbələri ard-arda gələrək onu tıncıxdırıb. Ancaq qovuşandan, bir-birinə gün-gün, il-il daha artıq yaxınlaşandan sonra Həmidə xanım illər ötdükcə buna da şahid olacaq ki, həmin qaraqabaqlıq, içərisinə qapılmaqlıq elə Mirzə Cəlilin təbiətindən gəlirmiş, lap xoş, qayğısız günlərində də həmin təhərdir.

 Həmidə xanım xatırlayırdı ki, Mirzə Cəlil Əhməd bəyin əlyazmalarını vərəqləyib tanış olandan sonra razılaşırlar ki, 240 manata 1.000 nüsxə kitab nəşr edilsin. Həmin görüşdəcə bəsirətli Mirzə Cəlil qarşısındakı qadınların yetərincə yetkin, müasir düşüncəli, fəal olduqlarını hiss edərək deyir ki, nə əcəb siz qadınların bir xeyriyyə cəmiyyətini yaratmırsınız? Əslində Mirzə Cəlilin bu sözləri sualdan daha çox təklif idi və özü artıq həmin çağlarda Tiflisdə fəaliyyət göstərən xeyriyyə cəmiyyətinin katibi imiş. Həmidə xanım yada salırdı ki, Cəlilin bu sözü ürəyimizə yatdı, elə həmin axşam Sofya xanımla qərara aldıq ki, Tiflisdə qadın xeyriyyə cəmiyyəti təşkil edək.

Ertəsi günü saathesabı fayton tuturlar, Sofya Şahtaxtı Tiflisdəki müsəlman qadınlarının hamısını yaxşı tanıdığından gecə ilə 45 nəfərdən ibarət siyahı tərtib edibmiş və faytona minərək bircə-bircə həmin ünvanları gəzməyə, o qadınlarla görüşüb razılıqlarını almağa başlayırlar. Görüşdüklərindən, yeni yaradacaqları xeyriyyə cəmiyyətinə üzv qəbul etdiklərinin ilklərindən biri Mirzə Fətəli Axundzadənin nəvəsi Mələksima xanım olmuşdu. Mələksima xanımla görüşəndə həmin evdə Mirzə Fətəli Axundzadənin qızı Nisə xanımla da rastlaşmışdılar, onun da adını siyahıya əlavə etmişdilər. Həmidə xanımın qızı Minayla Sofya xanımın qızları Tiflis Qızlar İnstitutunda təhsil aldıqlarından ora faytonun gəlib çatdığı daha bir ünvan olmuşdu. İnstitutun rəhbərliyi ilə görüşən Həmidə xanım iradını bildirmişdi ki, anlaya bilmirəm, niyə bu institutda bizim qızlara öz ana dilində dərs keçilmir? Cavab alırlar ki, bizi təmin edən yaxşı müəllim olsa, həmin fənni proqrama salarıq. Həmidə xanım da dərhal boyun olur ki, həmin müəllim tapılsın, məvacibini mən ödəyəcəyəm. Məsləhət görürlər ki, şeyxülislama müraciət etsin, hər halda o, münasib bir müəllim adı çəkə bilər. İşi isti-isti həll etməyə çalışan təşəbbüskar Həmidə xanım faytonu sürdürür şeyxülislamın hüzuruna. Şeyxülislam Həmidə xanımın təvəqqesini eşidincə məmnun qalır, onu tərifləyir.

(Minanın sonralar Həmidə xanıma Tiflisdən göndərdiyi məktubda yazmasınca, şeyxülislam hətta gəlib Qızlar İnstitutunda özü bir neçə dəfə türk dili dərslərini aparır, lakin vaxtının azlığından müəyyən müddət ötüncə həmin işi ruhani dairəsindəki yaşlı bir adama tapşırır.

Bu təfərrüatların hamısını elə Həmidə xanım özü bizə "Xatirat"ında çatdırır.

Həmin səhifələri riqqətsiz oxumaq mümkün feyil. Bunlar duyğulandıran tarixçələrdir. Həmidə xanım yazmazsa bilinməyəcək, dünənin dumanlarına əriyib-itəcək bu əhvalatlar bir tərəfdən bu vətənpərvər xanımın özünün vətənpərvərliyindən, işgüzarlığından deyirsə, o biri baxımdan da çarlıq dönəmində ana dilimizin tədris şəbəkəsində asta-asta özünə necə yol açmasının daha bir unudulmuş macəralı hekayətini söyləyir: "Şeyxülislamın - belə bir yüksək şəxsiyyətin instituta gəlməsi çox böyük vəlvələ yaratmış, bütün rəhbər heyət onun pişvazına çıxmış və təntənəli şəkildə müəllimlər otağına kimi müşayiət etmişdilər").

...Həmidə xanım Kəhrizli kəndindəki təsərrüfatına bağlı olduğundan Tiflisdə çox qala bilməzdi və işlərini yekunlaşdırınca Qarabağa qayıdır. Ancaq qismət onu Mirzə Cəlillə yaxınlaşdırmaq üçün yeni tədbirlər tökürmüş. Həmidə xanım xatırlayırdı ki, 1906-cı ilin yazında bir gün Qasım bəy Zakirin bacısı oğlu Mustafa bəy Behbudov bizə qonaq gəldi və əlində də təzə nəşrə başlayan "Molla Nəsrəddin" dərgisinin ilk sayı.

Həmidə xanım oxuyub heyran qalır, bu jurnalın baş mühərririni tanıdığını, Tiflisdə görüşdüklərini, Əhməd bəyin əlyazmalarını nəşr etməkçün ona verdiyini söyləyir və "Molla Nəsrəddin"ə abunə yazılmaqçün lazım olan məbləği də verərək Mustafa bəydən bunu Tiflisə çatdırmasını xahiş edir: "Bundan sonra jurnal hər həftə bizə də gəldi. "Molla Nəsrəddin"in hər nömrəsi bizim evdə tufan qoparardı".

Elə bircə bu "tufan qoparardı" deyimi o evin nə ev, o evdəkilərin necə adam olmaları haqqında təsəvvür yaradır.

Həmin ilin mayında Həmidə xanım Tiflisə yenidən gedəsi olur və Cəlil Məmmədquluzadə ilə bir də görüşürlər. Həmidə xanım o görüşdə "Molla Nəsrəddin"i çox tərifləyir və onillər sonra həmin anları xatırlayaraq yazırdı ki, Cəlil təvazökarlıqla başını aşağı salıb susurdu.

Əlbəttə ki, onların görüşündəki əsas məqsəd Əhməd bəy Cavanşirin kitabının nəşri məsələsi idi. Həmidə xanım Mirzə Cəlildən xahiş edir ki, atasının nəşr ediləcək kitabının üz qabığında satışdan toplanacaq pulun Tiflisdəki Müsəlman Qadın Xeyriyyə Cəmiyyətinə keçiriləcəyi yazılsın. Həmidə xanım söhbət əsnasında Mirzə Cəlilə bunu da xəbər verir ki, danışmışam, Tiflis Qızlar İnstitutunda türk dili də tədris olunacaq, yaxşı bir müəllimə ehtiyac var, bəlkə həmin dərsi siz deyəsiniz?

Mirzə Cəlil bu işi görməyə vaxtı olmadığını desə də, hər halda namizədini verir, "Şərq-i Rus" qəzetinin redaktoru Məhəmməd ağa Şahtaxtının həmin dərsi yaxşı tədris edə biləcəyini söyləyir. Məhəmməd ağa geniş dünyagörüşlü, mükəmməl savadlı, əli qələmli, xeyli müddət Parisdə yaşadığından fransızcanı da gözəl bilən ziyalı idi.

Ona təklif edincə razılaşır və Tiflis Qızlar İnstitutunda ana dili dərslərini aparmağa başlayır.

1906-cı il dekabrın axırlarında Sofya xanım Qarabağa məktub yollamış, rəfiqəsinə Mirzə Cəlilin onunla evlənmək istəyini yetirmişdi. Həmidə xanım nəzakətlə Mirzə Cəlilin ona yüksək dəyər verdiyinə görə razılığını bildirsə də, yazmışdı ki, bizim yollarımız ayrıdır, mən atamın vəsiyyətini yerinə yetirməli, onun kənddəki mədəni quruculuq işlərini davam etdirməliyəm.

Mirzə Cəlillə Həmidə xanımın yolları zahirən, doğrudan da, ayrı idi. Ancaq ilk görüşlərindən sonra onun da, bunun da ürəyinə artıq qığılcım düşmüşdü, onun ürəyindən bununkuna, bunun könlündən onunkuna yollar artıq uzanmağa başlamışdı.

Həmidə xanım xatırlayırdı ki, 1907-ci il Qarabağa ağır ayaqlı gəldi. Çəyirtkə sürüləri peyda oldu. Nə qədər çalışılırsa da, zəruri qabaqlayıcı tədbirlər bir az gec görüldüyündən fəlakətin qarşısını almaq mümkün olmur. Qalın qara bulud kimi hərəkət eləyən çəyirtkə sürüləri yolunun üstündə nə varsa silib-süpürür, əkin-biçinin əvəzində çılpaq yer qalırdı. Qarabağda aclıq başlayır, ardınca da yatalaq gəlir. Ancaq Həmidə xanımın yaratdığı Müsəlman Qadın Xeyriyyə Cəmiyyəti artıq fəaliyyətdə idi, xəzinəyə müəyyən məbləğlər də daxil olurdu. Qarabağda camaatı düçar olduğu bəladan qurtarmaqçün Həmidə xanım bacardığını edirdi. Göstərdiyi digər köməklər azmış kimi, hər gün evdə çörək bişirtdirirmiş və hər gün özü məntəqələrə paylayırmış.

1907-ci ilin mayında ürəyi qəm-qüssə ilə dolu, xəstə, yorğun Həmidə xanım yenə Tiflisə gəlib Sofya xanımgildə yerləşir. Gəlincə də elə Sofya xanımgildə artıq həm də Xeyriyyə Cəmiyyətinin katibi Mirzə Cəlillə təzədən görüşürlər vəHəmidə xanım ona kəndlilərə, muzdlu işçilərə vəsaitin paylanması ilə əlaqədar qəbzləri təhvil verir. Və o gün Sofya xanım bir müddət əvvəl Həmidəyə göndərdiyi məktubunda müsbət cavab almadığı mətləbə yenidən qayıdır: "Sofya xanım yenə Cəlilin elçiliyini edərək söhbəti təzələdi".

Həmidə xanım bunu da xatırlayırdı ki, 1907-ci ilin 19 mayında "Molla Nəsrəddin"in 20-ci nömrəsində Mirzə Cəlilin çox böyük hay-küy qoparmış və az qala özünün məhvinə səbəb olacaq "Erməni və müsəlman qadınları" başlıqlı məqaləsi dərc edilmişdi.

"Molla Nəsrəddin"in həmin yazının dərc edildiyi sayı da, o nömrənin işıq üzü gördüyü gün də Həmidə xanımın yadında möhkəmcə qalmışdı. Çünki həmin yazının, həmin günün onun Mirzə Cəlillə qovuşmasında həlledici yeri olmuşdu. Etiraf edirdi: "Bu məqalə mənim ona verəcəyim cavaba öz təsirini göstərdi".

Bu məqalə mümkün izdivac söhbətinin müsbət həllinə bünövrəni hazırlayır, ancaq elə həmin ayda Mirzə Cəlilin yazdığı daha iki məqalə Həmidənin ürəyinin qapılarını onun üzünə taybatay açır.

 

1907-ci ilin 27 mayında Qızlar İnstitutunda keçirilən buraxılış mərasimində qızı da məzunlar sırasında olan Həmidə xanım xəstə olduğundan iştirak edə bilmir. Mirzə Cəlil o tədbirə qatılır və həmingünkü müşahidələrinə əsasən az öncə "Molla Nəsrəddin"də çıxan və aləmi bir-birinə qatan məqaləsindən də artıq həyəcan oyadan digər yazısını qələmə alır, onun "Molla Nəsrəddin"in 22-ci sayında şeyxülislama açıq məktubu ruhaniləri bərk hiddətləndirir.

Mirzə Cəlilin mərdanə yazıları kimlərinsə qəzəbini şiddətləndirirdisə də, Həmidə xanımın qəlbində tam əks duyğular oyadırdı: "Qərara gəldim ki, kənddəki işlərimi buraxaraq şəhərə köçüm. Mirzə Cəlilin ona "yoldaş və arxa" olmağım fikirləri ilə razılaşıb evlənmək təklifini qəbul etdim".

Ancaq qərara alırlar ki, kəbin kəsdirməyi payıza saxlasınlar. Həmidə xanım Mirzə Cəlilə yayda dincəlmək üçün Qarabağa getməyi təklif edir. Mirzə Cəlil razılıq verir, amma xahiş edir ki, orada kim olduğumu açıq söyləmə, de ki, sənin qızının türk dili müəllimiyəm, adım da Məhəmməd Həsənovdur.

Beləcə, 1907-ci ilin yayında "Məhəmməd Həsənov" Qarabağa gəlmişdi, bircə-bircə Həmidə xanımın qohum-əqrəbasıyla tanış olurdu. Doğrudur, söhbətlərində, davranışlarında, mülahizələrində Həmidə xanımın bəzi ayıq qohumları bu qonağın - Məhəmməd Həsənovun "Molla Nəsrəddin"ə nə şəkildəsə aidliyini hiss edirdilər. Özündən soruşmuşdular da. Təsdiqləmişdi ki, bəli, o dərgiylə az-çox əlaqəm var.

 

Tiflisdən Qarabağa iyunun başlanğıcında gəlmişdilər və 15 gün ərzində Mirzə Cəlil Məhəmməd Həsənov olmuşdu. Ancaq iyun ayının 15-də qərara alırlar ki, artıq məsələni hər kəsə açsınlar. Həmidə xanım dəqiqləşdirirdi ki, 1907-ci il iyun ayının 15-də Quzanlı kəndindən bir molla gətirdilər ki, kəbinimizi kəssin.

Bu, onların daha heç vaxt ayrılmayacaq yollarının qovuşduğu gün idi.

Həmidə xanımın xatirələrinin o çağların tarixi mənzərəsini aydın görmək baxımından çox əhəmiyyətli olması öz yerində, ancaq bu yaddaşların bir başqa faydası da Mirzə Cəlilin həyatının, yaradıcılığının elə səhifələrinə işıq tutmasıdır ki, onlar barədə ayrı bir qaynaqdan bu cür dəqiqlikdə məlumat almaq mümkün deyil. Elə bircə "Ölülər"lə bağlı bu sorağı götürün. Həmidə xanım xəbər verir ki, Cəlil əsərin baş qəhrəmanı İsgəndərin adını bizim yaxın bir adamın adından götürüb qoymuşdu. Sən demə, Həmidə xanımın atasının tanışlarından olan İsgəndər Hacı Həsən oğlu adlı o savadlı, mərifətli, farscanı da yaxşı bilən şəxs Hüsülü kəndində yaşayırmış, geniş üzüm bağları varmış, məhsul toplanandan sonra şampana oxşayan bir şərab düzəldər, özü də içərmiş, ona görə də camaat arasında "Kefli İsgəndər" kimi məşhurlaşıbmış.

Həmidə xanımın xatirələrində belə bir xəbər də var və bunu da ona Mirzə Cəlil özü deyibmiş ki, Şeyx Nəsrullahın ölü diriltməsi məsələsi yazıçı uydurması, təxəyyül məhsulu deyil. Belə bir hadisə, həqiqətən, olubmuş.

 

Həmidə xanım belə bir səmti də nişan verir ki, bəlkə sabah kimlərsə o əlyazmanın da izinə düşə - 1907-ci ilin iyununda Mirzə Cəlil ilk dəfə Qarabağa Kəhrizliyə gələndə Əhməd bəyin kitabxanası ilə tanış olanda buradakı zənginliyə valeh olubmuş, söyləyibmiş ki, mən burada sahman yaradacağam və həmin kitabxanada Əhməd bəy Cavanşirin düzəltdiyi, artıq çapa hazır olan dördhissəli bir əlyazmanı - rusca-azərbaycanca qarşılıqlı atalar sözləri lüğətini aşkarlayaraq Tiflisə qayıdan təki ayrıca kitab kimi buraxacağını qət edibmiş. Həmidə xanım heyifsilənir ki, necə oldusa həmin əlyazma yoxa çıxdı və əlyazmanı Tiflisdə jandarmların növbəti axtarışlardan birində götürdüklərini ehtimal edir.

Artıq birgəydilər, ancaq həyatlarının gərdişi, işlərinin gedişi elə idi ki, mütəmadi bir yerdə olmaları çətindi. Həmidə xanım təsərrüfatla bağlı idi, ona görə də daha çox Kəhrizlidə olmalı idi, Mirzə Cəlilsə "Molla Nəsrəddin"in çıxdığı Tiflissiz qala bilməzdi.

Və Həmidə xanımın özünün Qarabağda, Mirzə Cəlilin Tiflisdə keçirdiyi günlərdəki yazışmaları ilə bağlı xəbərləri də onların sevda nağılının bir ayrı səhifəsidir. Həmidə xanım təsdiqləyir ki, Mirzə Cəlillə mütəmadi məktublaşırdıq, onun hər məktubu elə bir hekayə kimi oxunaqlıydı.

Bunu ayrıca vurğulayır ki, bir-birimizə məktubları rusca yazırdıq.

Bu məqam məni həmişə düşündürür. Üzeyir bəylə dost-doğma qardaşı Ceyhun Hacıbəylinin də məktublaşmalarını oxumuşam. O kağızların da əksəri rus dilindədir. Mirzə Cəlil də, Həmidə xanım da, Üzeyir bəy də, Ceyhun bəy də, o çağın bir çox belə görkəmli ziyalıları da təpədən-dırnağa milli, vətənsevər, ziyalı insanlardılar. Yaxşı təhsil görmüşdülər - kimisi rus dilini, bəziləri fransızcanı ana dili kimi bilirdi, hələ ərəb-fars dillərini bir qırağa qoyuram. O ziyalılar bir-biri ilə rusca da, fransızca da danışırdılar, yazışmalarında, elə ana dili sərbəstliyində başqa əcnəbi dillərdən də istifadə edirdilər, ancaq bununla yanaşı, iliklərinə qədər millilikləri onlarla bərabər qalırdı. Sonra vaxtın qasırğaları qopdu, 1920-1930-cu illərin siyasi qırğınları törədildi, Azərbaycan ziyalılığının qaymaqlarını yox etdilər və bir sıra başqa ənənəviləşən vərdişlər kimi, bu milli şakər də tədricən aradan getdi. Sonralar gedib başqa dildə, başqa yerdə təhsil alanlar daha onlar kimi sona qədər azərbaycanlı, sona qədər milli olub qala bilmədilər, təmasa girdikləri mədəniyyətin, dilin, mühitin yoluxucu təsirinə uğradılar. Ülgüsə var axı! Elə Mirzə Cəlillə Həmidə xanımın örnəyi - ər-arvadın, bir-birini sevən iki insanın, iki amal yoldaşının, iki vətənpərvərin hətta şəxsi məktublarını başqa dildə yaza-yaza, hətta evdə öz aralarında rusca danışa-danışa da təpədən-dırnağa milli olaraq qalmaq nümunəsi də uzaq tarix deyil axı!

...1907-ci ilin payızı. Həmidə xanım da Tiflisə gəlib və oktyabrın son günlərində Mirzə Cəlilin Davudov küçəsi 24-dəki evinə köçüb.

Həmin geniş mülkdə həm yaşayırdılar, həm də "Molla Nəsrəddin"in redaksiyası burada idi. Qonaq-qara, müntəzəm gəlib-gedənlər öz yerində, ancaq Həmidə xanım və Mirzə Cəlillə bərabər, o mülkdə elə ailə üzvü kimi yaşayan başqaları da vardı. Həmidə xanım sadalayır ki, Ömər Faiqin bacısı oğlu Əhməd Pepinov-Ömərbəyov da, Qurbanəli Şərifovun oğlu Əziz də, Mirzə Cəlilin bacısı Səkinə və onun uşaqları da burada sakin idilər.

 

Bu təfərrüatları həyat yoldaşından dəqiq kim xəbər verə bilər ki? Həmidə xanım yazır ki, Mirzə Cəlil adətən gecələr işləyərdi, ta səhər saat dördə qədər yazardı, o səbəbdən yuxudan da gec durardı. Əgər səhər hansı səbəbdənsə erkən oyanmasaydı, əhvalı yaxşı olardı, deyib-gülərdi, zarafatlaşardı. Ancaq gecəni işləyib gündüz nəyə görəsə yataqdan tez qalxanda qanı qaralardı, bütün günü əsəbi olardı. Xəbər verir ki, Mirzə Cəlil sakitliyi çox xoşlar, uzun söhbəti sevməzdi. Hətta evdə, yəni həm də gedib-gələni az olmayan redaksiyada divarda bir elan yazıb yapışdırmışdı ki, salamlaşanda əllə görüşməyin, çox danışıb vaxt almayın.

 

Həmidə xanım mənzilin-redaksiyanın ovaxtkı mənzərəsindən bu çizgini də açır ki, "Molla Nəsrəddin"ə ilk dəfə gələn nabələd adam həmin elanı oxuyanda istər-istəməz özünü yığışdırırdı, bir qədər narahat olurdu.

Bu əllə görüşməmək söhbəti də Mirzə Cəlilin vasvasılığından irəli gəlirmiş. İstənilən adamla əllə görüşəndən sonra hökmən gedib əllərini yuyurmuş. İfrat təmizkar, el arasında "sofı" deyilən bu qəbil vasvasılar az olmursa da, Mirzə Cəlili düşünərkən onun bu şakərində də bir rəmz duyulur.

Vücud paklığı və təmizliyinə riayətlə daxili saflıq və mənəvi duruluq Mirzə Cəlilin şəxsiyyətinin də, düşüncəsinin də, yaradıcılığının da cövhəri idi və Ustad ömrü boyu əlinin də, qələminin də paklıq və təmizliyini qorudu.

Həmidə görüb hiss etdiyini yazırdı ki, Mirzə Cəlil Qarabağı çox sevirmiş. Yəqin, onun Qarabağ sevgisinin ardında dayanan ən ümdə səbəblərdən biri də musiqiymiş. Mirzə Cəlil musiqiyə ömrü boyu aşiq oldu, bica deyil ki, günlərin birində dizinin üstə kamança da qondu.

Həmidə xanım 1909-cu ili xatırlayır. O yayda Mirzə Cəlil də, qardaşı Mirzə Ələkbər də Qarabağda, Kəhrizli kəndindəymişlər. Kəndin hörmətli adamlarından Kərbəlayı Cəfərin qızlığının toyu imiş. Yaxın olduqlarından Həmidə xanımgilin bütün qohum-əqrəbası məclisdə imiş. Camaatdan Mirzə Cəlilin qardaşı Ələkbərin gözəl səsi olmasını eşidib-bilənlər varmış. Di gəl, o gün nə qədər xahiş eləsələr də, Mirzə Ələkbər oxumaq istəmir. Mirzə Cəlil israrlı xahişlərə baxmayaraq Ələkbərin oxumaq istəməməsindən camaatın inciyən kimi olduğunu hiss edincə musiqiçilər dəstəsinə yaxınlaşır, balabançıdan balabanını istəyir və Həmidə xanımın şahidliyincə, əyləşir, ovurdlarını gülməli bir şəkildə şişirdərək çalmağa başlayır, bunu görüncə Ələkbər əvvəlcə könülsüz-könülsüz başlasa da, sonra həvəsə gəlir, çox gözəl oxuyur, hamı da valeh olur.

Ancaq Həmidə xanımın xatirələri Mirzə Cəlilli başqa bir musiqi məclisini də təsvir edir. 1911-ci ilin martında Həmidə xanım universitetin üçüncü kursunda oxuyan qızı Minanın toyuna hazırlıqlar üçün Qarabağdan Tiflisə gedibmiş. Elə Mirzə Cəlil kimi çox təmtəraq həvəskarı olmayan Həmidə xanım düşünürmüş ki, məclisi təntənəsiz, musiqisiz-filansız yola versinlər. Amma bir də görürlər ki, toy xəbərini eşidən Gülablı aşıqları Aşıq Nəcəfqulu və Aşıq Abbasqulu durub gəliblər Tiflisə, birbaşa onların evinə.

Həmin günlərdə Tiflisdəki Müsəlman Xeyriyyə Cəmiyyəti Mirzə Fətəlinin yubileyini keçirəcəkmiş, Mirzə Cəlil də o işə çox fəallıqla qatılıbmış və evinə gələn məşhur aşıqlara toy əvəzinə Dvorsovı küçəsindəki Bankovski Teatrda təşkil olanacaq tədbirdə çıxış etmələrinin daha münasib olduğunu söyləyir.

"Mirzə Cəlilin təklifi ilə bizim aşıqlar yubiley təntənəsində iştirak edib mahir ustalıqlarını göstərdilər. Tamaşaçılar onları çox bəyəndilər, hədsiz alqışladılar və yaxşı bəxşiş verdilər. Həmin sənətkarlar yalnız bircə gecə redaksiyamızda ailəmizə məxsusi konsert verdikdən sonra evlərinə geri döndülər".

Musiqidən söz düşmüşkən, Həmidə xanımın xatirələrində Mirzə Cəlillə Üzeyir bəyin xudmani görüşlərinin də çoxlarına bəlli olmayan sevimli səhnələri qalır. Səhhətində nasazlıqlar olan Həmidə xanıma həkimlər tövsiyə edibmiş ki, isti ayları Gürcüstanın qalın şamlıqları, sərin havalı Bakuriani yaylaqlarında keçirsin.

"Cəlil burada özünü çox yaxşı hiss edirdi, kefi kök idi və daim uşaqlarla zarafatlaşırdı. O, şehli çəmənlikdə ayaqyalın gəzməyi xoşlayırdı. Bir dəfə bağımızın yaxınlığından şırıltı ilə axan arxın qırağında gəzirdi. 3 yaşlı balaca oğlu Midhət özü stolun üstünə dırmaşıb qrammofonu işə saldı və valda müsəlman milli rəqsi çalınmağa başladı. Mirzə Cəlil musiqinin şən səslərini eşidən kimi qol götürüb oynadı".

Qısa müddətə yaylağa müalicəyə, istirahətə getmişdilər. Adətən belə səfərə çıxanlar özü ilə bacardıqca az şey - ən zəruri olanları götürür ki, artıq yük olmasın. Mirzə Cəlil qrammofonu və bir qalaq valı da götürmüşdü ki, orada da qəlbən bağlı olduğu musiqidən ayrı qalmasın. O dövrün "Molla Nəsrəddin"lərini vərəqlədikcə hər nömrədə ayrı-ayrı Azərbaycan xanəndə və sazəndələrinin təzə qrammofon vallarının buraxılması və satışa çıxması haqqında elanlara tuş düşürük. Belə görünür ki, Mirzə Cəlil özü həmin valların ilk alıcılarından olurmuş.

Ancaq 1911-ci ilin o xoşbəxt yayında Mirzə Cəlilin bir başqa cəhətdən də bəxti gətiribmiş. Üzeyir bəy də Məleykə xanımla, qardaşı ilə birlikdə Bakurianiyə dincəlməyə gəlibmiş.

"Cəlil Üzeyiri çox sevirdi. Onlar bir-biri ilə zarafatlaşır, uşaqlarla qaçışıb-oynaşırdılar".

İki dahinin ömründən Həmidə xanımın bizlərə ərməğan etdiyi bu yarpaq nə gözəldir. Yazmasaydı, haradan biləcəkdik! O zirvələrin acılı-şirinli ömrünün başqa minlərlə anı kimi bilinməz qalacaqdı. Ancaq Həmidə xanım yazıb, o anlar tarixləşib, oxuduqca həmin anları bütün aydınlığı ilə görən kimi oluruq.

Günlərdən birində Mirzə Cəlillə Üzeyir bəy ikilikdə bozbaş da bişirməyi qərara alırlar. Əvvəlcə qalayacaqları ocaqçün meşəyə odun dalınca gedirlər. İki daşı üst-üstə qoyaraq sacayaq kimi ocaq düzəldirlər, əti doğranmış iri qazanı bu ocağın üstündən asırlar.

"Mirzə Cəlillə Üzeyir bəy pərvanə kimi qazanın başına dolanırdılar, gah ocağa odun qoyur, gah bozbaşın dadına baxırdılar. Cəlil bişirdikləri bozbaşın tərifini göylərə qaldırmışdı, deyirdi ki, bu ləzzətdə bozbaşa hələ heç kəs heç yerdə rast gəlməyib".

Əlbəttə haqlı idi, əlbəttə ki, bu, sadəcə aşpazlara xas özünü öymə deyildi.

Azərbaycan musiqisinin ən ləzzətli incilərini doğurmuş, Azərbaycan ədəbiyyatının ləziz örnəklərini yaratmış Üzeyir bəylə Mirzə Cəlilin sevgilərini qataraq doğmaları üçün bişirdikləri xörəyin müstəsna dadına kim şəkk edər?! Hər bir azərbaycanlı hansısa möcüzəylə iki dahinin əlindən çıxmış o bərəkətdən dada bilsəydi, özünü dünyanın ən məsud adamı saymazdımı?!

Həmidə xanımın ruhu şad olsun ki, bizə, sabahın azərbaycanlılarına o əziz tarix anlarının şəklini göndərib.

Dağlar zərif duman örpəkli, ocağın üstündə qazan pıqqapıqla qaynayır, yaratdıqları ilə insanları heyran etməyə qadir və doğurduqlarının bənzərsizliyini dilə gətirməyi heç vaxt özlərinə sığışdırmayan Mirzə Cəlillə Üzeyir bəy o qazandan qalxan ətirli buxara məftunluqla baxır, o qazandan gələn pıqqıltını ən şirin musiqi kimi hayıl-mayıllıqla dinləyirlər, həm də belə bir gözəlliyi yaratdıqları ilə fəxr edirlər, səbirsizliklə dəqiqələri sayırlar ki, yemək hazır olsun, süfrəyə gəlsin və onlarda bəxtiyarların bəxtiyarıdırlar.

Ancaq o səadətli, sevinci köksə sığmayan anda bir pərtlik də baş verəcək: "Nəhayət, bişmiş hazır oldu. Qadınlar şam ağaclarının altında, çəmənliyin üstündə süfrə qurmuş, süfrəyə müxtəlif xuruşlar düzmüşdülər. Hay salıb uşaqları yeməyə çağırdılar. Hamı möhkəm acmışdı və həsrətlə yeməyi gözləyirdik. Birdən kimsə ayağı ilə ocağın altındakı kösövə toxundu və həmin an ətirli bozbaş qazanı böyrü üstə yerə çevridi".

Aşmış qazan nə dərd olası idi! Bunu da gülüşlə qarşılayırlar, sonralar aylarca, illərcə də məsud ömür günlərinin qayğısız dəqiqələri kimi dəfə-dəfə yada salaraq qəhqəhə çəkəcəklər.

 

Ancaq sonralar ömrün ən sevincli, ən ümidli günlərində də Mirzə Cəlil də, Üzeyir bəy də dönə-dönə elə qəfil sarsıntılarla qarşılaşacaqlar ki, istər-istəməz xatirlərinə o yay, o dağlar, o aşan qazan, o qəhqəhələr düşəcək.

Gülümsəmək istəyəcəklər, bacarmayacaqlar, o təbəssümə kədər qarışacaq...

 

18 iyul 2024

Rafael HÜSEYNOV

Akademik

525-ci qəzet .- 2024.- 24 iyul,№(129).-S.12-13.