Ərazi
bütövlüyünü və suverenliyini tam bərpa
etmiş Azərbaycanda ilk parlament seçkiləri
Ölkəmizin müstəqillik tarixində ilk dəfə
olaraq ərazi bütövlüyü və suverenliyimizin tam bərpa
edildiyi şəraitdə Azərbaycan Respublikasının
Milli Məclisinə növbədənkənar seçkilərin
keçirilməsi yeni tarixi dövrdə cəmiyyətin yeniləşdirilməsinə
və daha genişmiqyaslı islahatların həyata
keçirilməsinə xidmət edir. Cəmiyyətin
aparıcı qüvvəsini təşkil edən Yeni Azərbaycan
Partiyasının ilk dəfə olaraq bütün dairələrdən
- 125 seçki dairəsindən öz namizədlərini irəli
sürməsi zəngin ənənələri olan bu
güclü və mütəşəkkil partiyanın
böyük siyasi potensiala, etibarlı ehtiyat kadr bazasına
malik olduğunu göstərir. Bu, həm də Yeni Azərbaycan
Partiyasının növbəti dəfə qalib gəlmək əzmini,
qələbə qazanmaq inamını aydın şəkildə
nümayiş etdirir.
Bundan başqa, Yeni Azərbaycan Partiyasından olan namizədlərin
tərkibində tanınmış ziyalıların, zəngin
təcrübəyə malik mütəxəssislərin, cəmiyyət
tərəfindən qəbul edilən adlı-sanlı
simaların olması da partiyamızın yenidən parlamentdə
səsçoxluğunu qazanacağına böyük inam
yaradır. Yeni Azərbaycan Partiyasının namizədləri
sırasında çoxillik parlament təcrübəsinə
malik deputatların yer alması da partiyanın qızıl
fondunu daha da möhkəmləndirmək, onların bilik və
bacarıqlarından müasir cəmiyyətin inkişafı
naminə yaradıcı şəkildə istifadə etmək
prinsipinə sadiqliyinin ifadəsidir. Müşahidələr
göstərir ki, partiyamızın namizədlər
siyahısı, eyni zamanda gənc qüvvələrlə də
zənginləşdirilmişdir. Bu isə Yeni Azərbaycan
Partiyasının yeni tarixi dövrdəki yeniləşmə
proseslərinə həm də yeni qüvvələrlə
getmək iradəsinin real göstəricisidir. Həmçinin,
seçkilərdə Yeni Azərbaycan Partiyasından olan
qadın namizədlərin çoxalması isə ölkəmizdə
dərinləşməkdə və genişlənməkdə
davam edən demokratikləşdirmə və gender bərabərliyi
təşəbbüslərinin daha da inkişaf etdirilməsinə
təkan vermək məqsədi daşıyır. Fikrimcə,
Yeni Azərbaycan Partiyası ərazi təşkilatlarının
bir çox sədrlərinin deputatlığa namizəd
göstərilməsi də məqsədyönlü addım
olub, parlamentdə iqtidar partiyasının mövqelərinin
daha da gücləndirilməsinə xidmət edən əhəmiyyətli
gedişdir.
Bir sözlə, atılmış ilkin məqsədyönlü
addımların təhlili onu göstərir ki, Yeni Azərbaycan
Partiyasının namizədləri seçkiqabağı
siyasi mübarizədə yüksək səviyyədə və
fəal şəkildə iştirak etmək üçün
bütün imkanlara malikdirlər. Bunlar isə öz növbəsində
Milli Məclisə seçkilərdə cəmiyyətin
bütün təbəqələrindən olan seçicilərin
fəallığının artmasına da ciddi şəkildə
təsir göstərəcəkdir.
İnanırıq ki, Azərbaycan Respublikasının
Milli Məclisinə VII çağırış üzrə
seçkilər hər zaman olduğu kimi demokratik mübarizə
şəraitində keçəcək, ölkəmizdə
müasir inkişafın yeni mərhələsinə
çatmaq üçün siyasi-ideoloji zəmin
hazırlayacaq, ali qanunverici orqanımızın irəliyə
doğru inkişafına daha yüksək səviyyədə
xidmət edəcəkdir. Bütövlükdə VII
çağırış üzrə Milli Məclisə
keçiriləcək seçkilər müstəqil dövlətimizin
daha da inkişaf etdirilməsi yollarında dönmədən və
qətiyyətlə mübarizə aparan Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin həyata
keçirdiyi çoxşaxəli və məqsədyönlü
siyasətin gerçəkləşməsinə
özünün layiqli töhfəsini verəcəkdir.
Yeni Azərbaycan Partiyasına və onun namizədlərinə
qarşıdan gələn növbədənkənar parlament
seçkilərində uğurlar arzulayıram.
İsa HƏBİBBƏYLİ
Azərbaycan Milli Elmlər Akademiyasının
prezidenti, Milli Məclisin deputatı, akademik,
525-ci qəzet .- 2024.- 24 iyul,№(129).-S.6.