Ailə dəyərlərinin qorunması: dövlət siyasətində prioritet istiqamət

 

Müstəqil Azərbaycanda sosial sahədə dövlət siyasətinin prioritet istiqamətlərindən birini məhz ailə siyasəti təşkil edir. Bu gerçəkliyi daim nəzərə alan Ulu öndər Heydər Əliyev ölkədə ailə siyasətinin formalaşdırılması məsələlərinə böyük diqqət yetirib, həmin sahədə mövcud olan problemlərin həlli istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət göstərib. Müstəqil Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illərdə Ümummilli lider ailə siyasəti ilə bağlı məsələlərin normativ-hüquqi tənzimini və əməli həllini prioritet vəzifələrdən biri kimi qarşıya qoyub.

Müstəqil Azərbaycanda həyata keçirilən dövlət ailə siyasəti milli-mənəvi dəyərlərdən qaynaqlanır və bilavasitə onun təcəssümüdür. Bu da ölkədə ailəyə verilən qiymətin bariz ifadəsidir.

Prezidenti İlham Əliyev bildirib ki, Azərbaycan cəmiyyəti ənənəvi dəyərlər, ailə dəyərləri üzərində qurulub. Bu ənənələr dərin köklərə malikdir: "Vacib haldır ki, 30 il müstəqil ölkə olaraq qlobal mühitdə yaşamağımıza baxmayaraq, bu ailə dəyərlərimizi və böyüklərə hörməti qoruya bilmişik. Bu, bizim cəmiyyətimizin təməlidir".

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyir ki, ailə bizim varlığımızı hədəfə alan qlobal hücumlara qarşı qorunmalı olan ən müqəddəs ictimai strukturdur. Bütün alternativlərə qarşı hörmət, sevgi, anlayış kimi ən gözəl davranışların sərgiləndiyi ailə nümunələrinin, obrazlarının ictimailəşdirməsi, qalib Azərbaycan ailələrinin kütləvi təbliği, bizi zirvələrə ucaldan qəhrəmanları yetirən valideynlərin, ailə tərbiyəsinin, mühitinin və təliminin ideallaşdırılması mühüm milli vəzifədir: "Möhkəm təməllərlə qurulan ailələr bir qayda olaraq dövlətin güclü əsası rolunu oynayır. Ailə institutu dəyişən dünyanın lokal, qlobal təsirlərindən özünü qorumalıdır. Dünyada inkişafın və tənəzzülün səbəbi insan amili ilə bağlıdır. Bütün bunların faydası və ziyanları da insana birbaşa təsir edir. Demokratik dövlətlərin formalaşdırdığı modellər ailəni dünyanın regional və qlobal təsirlərindən qorumalıdır. Biz də bu yöndə inkişaf edən ailə modelləri üzərində işləməliyik ki, dəyişən dünyanın problemlərinin təsirini minimuma endirmək mümkün olsun".

Ailədə əxlaqi dəyərlərin təbliği də böyük əhəmiyyət daşıyır. Belə ki, ata-ananın davranışı birbaşa uşağa təsir edir. Bu gün dünyanın istənilən yerində övladların təlim-tərbiyəsinə təsir göstərən başlıca amil ailə daxili münasibətlərdir, fikrimizi daha dəqiq ifadə etsək, ailə böyüklərinin, valideynlərin bir-birləri ilə qurduğu təməl əlaqələrdir. Mütəxəssislərin fikrincə, səmimi, intellektli ailədə böyüyən hər bir uşaq, gələcəkdə hər bir sahədə özünü doğrulda bilir. Bu baxımdan ailə böyükləri, ələlxüsus da valideynlər kiçik dövlət hesab etdiyimiz ailədə nümunəvi mədəniyyət formalaşdırmaqla ideal ailə dəyəri yaratmış olar. Övladlarına düzgün tərbiyə verməli, qeyri-əxlaqi davranışların düzgün olmadığını onlara başa salmalı, ailə daxilində paxıllığı, riyakarlığı, yalan danışmaq və pis vərdişlərdən uzaq tutmağı bacarmalıdırlar. Hər bir valideyn öz davranışları ilə bunu övladlarına aşılamalıdır.

Millət vəkili Hicran Hüseynovanın fikrincə, tarixən ailə xalqımızın yüksək mənəvi dəyərlərinin qoruyucusu, genofondumuzun daşıyıcısı kimi milli inkişafımızda mühüm rol oynayıb. Azərbaycan xalqının tarixi köklərinə, mənəvi dəyərlərinə bağlılığı böyük amildir. Bu qiymətli sərvət yad təsirlərdən qorunmaqla yanaşı, dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edilməklə zənginləşdirilir. Buna görə də hazırda Azərbaycan ailəsi dünyada ən yaxşı ailə modellərindən hesab olunur: "Azərbaycanda dövlət ailə siyasətinin formalaşması Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Milli-mənəvi dəyərləri xalqımızın ən böyük sərvəti hesab edən Ulu öndər bu dəyərlərin qorunmasının vacib olduğunu bütün çıxışlarında dəfələrlə qeyd edirdi. Ulu öndər Heydər Əliyevin ailə siyasəti Azərbaycanda bu gün də məqsədyönlü şəkildə həyata keçirilir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva milli-mənəvi dəyərlərin qorunmasına böyük diqqət və qayğı göstərirlər. Prezident İlham Əliyev hər zaman qeyd edir ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun maraqları, rifahı durur. Bunun bariz nümunəsi hər il dövlətimizin başçısının imzaladığı fərman və sərəncamların 65 faizinin məhz sosialyönümlü olmasıdır. Dövlətimiz daim öz vətəndaşına qayğı ilə yanaşır və onun sosial problemlərinin həllini prioritet vəzifə kimi görür, bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirilir. Ölkəmizdə aparılan bu sosial və iqtisadi quruculuq işləri ailə institutunun möhkəmlənməsinə öz töhfəsini verir".

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun sözlərinə görə, İslam dini ailə dəyərlərinin qorunmasına böyük önəm verir: "Bu gün xarici təsirlər nəticəsində gəncləri milli dəyərlərimizdən uzaqlaşdırmağa çalışırlar. Belə cəhdlər heç bir nəticə verə bilməz. Çünki gənclərimiz milli-mənəvi dəyərlərimizə sadiqdirlər. İbadətlə yanaşı, birliyə və həmrəyliyə böyük önəm verən İslamın vəhdət və qardaşlıq dini kimi xarakterizə olunması təsadüfi deyil. Çünki dinimizin əsas məqsədi həm də cəmiyyət, dövlət və ailə üçün faydalı olan, həmrəylik naminə toplumun ayrılmaz hissəsinə çevrilən nümunəvi vətəndaş formalaşdırmaqdır. Ailə institutunun möhkəmləndirilməsi məqsədilə milli-mənəvi dəyərlərin əhali arasında düzgün təbliğinin, qadın və uşaq hüquqları sahəsində maarifləndirmənin təşkilində dini qurumlarla və icmalarla əməkdaşlıq xüsusi əhəmiyyətə malikdir. Ailə modeli, əxlaq normaları, İslam və ümumbəşəri dəyərlər məişətimizdə, adət-ənənələrimizdə mühafizə edilir və gələcək nəsillərə ötürülür. Ailədaxili münasibətlərin formalaşmasında, uşaqların tərbiyəsində dini dəyərlərin mühüm rolu var. Din özündə həm əxlaqi və mənəvi, həm də tərbiyəvi xüsusiyyətləri birləşdirir. Azərbaycandakı dini durum, dini tolerantlıq yalnız bölgə üçün yox, dünya miqyasında bir nümunədir. Ölkədə insanların dini azadlığının qorunması beynəlxalq təşkilatların da diqqətini cəlb edir. Azərbaycanda tolerantlıq mühiti getdikcə daha da güclənir və inkişaf edir. Bütün bunlar dövlət siyasətinin tərkib hissəsidir".

G.İsmayılov qeyd edib ki, Azərbaycan dövləti, Azərbaycan cəmiyyəti üçün həmişə müqəddəs hesab olunan, tarixən formalaşmış milli-əxlaqi dəyərlər üzərində qurulan, eyni zamanda bu dəyərləri özündə yaşadaraq gələcək nəsillərə çatdıran Azərbaycan ailəsi öz möhkəmliyi ilə bu gün də müstəsna modeli ilə digər ölkələrlə müqayisədə fərqlənir: "Biz həmişə Azərbaycan ailələrinin möhkəmliyi ilə fəxr etmişik. Bu, əsasən milli dəyərlər sistemimizin möhkəmliyindən irəli gəlir. Ailə üzvləri arasında səmimi, mədəni münasibət, böyük-kiçik yerinin bilinməsi, valideyn-övlad münasibətlərinin düzgün qurulması bizim ailələrə xas olan keyfiyyətlərdir. Əgər ölkəmizdə yüzlərlə, minlərlə qurulan ailə brilyant, qızıl, gümüş yubileylərini keçirirlərsə, bu o deməkdir ki, Azərbaycanda ailə modeli qorunur və nəsildən-nəslə yaşadılır".

Millət vəkili Tamam Cəfərova qeyd edib ki, ailələrin üzərinə bir sıra vacib funksiyaları yerinə yetirmək düşür. Onlardan biri tərbiyə funksiyasıdır. Ailə böyükləri nümunəvi davranışları ilə həm öz övladlarına, həm də ətrafdakı digər gənclərə nümunə olmalıdırlar. Gənc nəsillər ailənin qurulması və idarə olunması haqqında maariflənməlidirlər ki, gələcəkdə övladını tərbiyə edəcək və inkişaf etdirəcək biliklərə sahib olsunlar. Ailə həyatlarını düzgün şəkildə planlaşdırsınlar ki, ailə mühiti içərisində özlərini xoşbəxt hiss etsinlər.

Millət vəkilinin sözlərinə görə, gənc nəslin nümayəndələri adət-ənənələrdən örnək götürərək bəhrələnməlidirlər: "Bu gün bəzi gənc ailələrdə problemlər yaşanır. Gənc ailələr arasında daha çox xarakter uyğunsuzluğu, dünyagörüşün fərqliliyi, maddiyyat problemləri ön sırada dayanır. Cəmiyyətin inkişaf etməsinin tək yolu sağlam təməllər üzərində qurulan ailələr yetişdirməkdir. Bunun mənbəyində isə sevgi və hörmət dayanır. İslam dinində də ailə dəyərləri müqəddəs sayılır. Bəzən gənclərimiz yad mədəniyyətlərə uyğun dəyərləri götürərək cəmiyyətimizə uyğunlaşdırmağa çalışırlar. Bu da bizim adət-ənənələrə zidd bir hal alır: "Biz xalqımızın gələcəyini düşünərək, öz dəyərlərimizi dərindən mənimsəyərək onları qoruyub saxlamalıyıq. Bugünkü ailələr öz səadətlərini və xoşbəxtliklərini düşünərək çıxdıqları bu yolda bir-birlərini sevib, güvənib, sədaqətli olsalar və ən əsası, bir-birlərinə arxa-dayaq olsalar, onların ailə dünyası cənnətə çevrilər".

 

Sevinc QARAYEVA

525-ci qəzet .- 2024.- 25 iyul,№(130).-S.15.